Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,89 Mb.
səhifə5/14
tarix17.10.2017
ölçüsü2,89 Mb.
#5156
1   2   3   4   5   6   7   8   9   ...   14

Osmanlı imperiyasında ticarətə ciddi dövlət nəzarəti var idi. Hələ Sultan II Məhəmməd Fatehin dövründə duz, sabun, şam mumu ticarəti dövlət inhisarına alındı. Geniş tələbat məhsullarının qiymətləri isə qanunnamə əsasında nizamlandı. Osmanlı imperiyasında hazırlanan qanunnamələr Ağqoyunlu imperiyasının qanunnamələri əsasında hazırlanmışdı. Uzun Həsən nəinki özünün misilsiz hərbi qələbələri, habelə mütərəqqi daxili siyasəti və islahatçılığı ilə də seçilirdi. Onun həyata keçirdiyi islahatlar Ağqoyunlu imperiyasının ərazilərində yaşayan xalqların həyatında dərin və silinməz izlər qoymuşdur. Ağqoyunlu sultanları tərəfindən xeyli qanun işlənib hazırlanmışdı. Bir çox ərəbdilli və farsdilli mənbələrdə bununla bağlı qeyd olunur ki, Ağqoyunlu imperiyasının məşhur rəhbəri Uzun Həsən «Qanunlar külliyyatı»nı hazırlamışdı. Bu qanunlar vasitəsi ilə torpaq vergiləri, köçəri heyvandarlıq, sənətkarlıq və imperiyanın ayrı–ayrı vilayətlərində ticarət məsələləri nizama salınırdı. Lakin həmin külliyyatın mətni hələ də aşkar olunmamışdır. Toplanan vergilər bu külliyyat əsasında müəyyən olunurdu. Ağqoynlu imperyiasınının tərkibində olan Şərqi Anadoluda əhalidən alınan vergilərin növünü, tranzit və daxili ticarətdən alınan vergilərin həcmini müəyyən edən qanunnamə də bu külliyyat əsasında hazırlanmışdı. Həmin qanunlar müsəlman Şərqində «Həsən padişahın qanunları» və ya «Dəstur–Həsən padişah» adlanırdı. Bu qanunlarla tənzim olunan vergilərin normaları sonrakı dövlətlərin zamanında da həyata keçirilirdi. Məsələn, XVI əsrin əvvəlində Ağqoynlu sülaləsini əvəz etmiş səfəvilər Ağqoyunlu qanunlarını qoruyub saxladılar. Şərəf xan Bidlisi bununla bağlı XVI əsrin sonlarında qeyd edirdi ki, «O, (Uzun Həsən–D.Ə.) vergi sahəsində elə üsullar tətbiq etmişdi ki, ondan İraqın, Farsın və Azərbaycanın hakimləri hal-hazırda da istifadə edirlər» (286, 203; 261, 149-185; 252, 8-12). Tədqiqatçılar belə bir fikirdə həmrəydirlər ki, hətta XVIII əsrin əvvəllərində İsfahanda səfəvilərin xəzinəsinə daxil olan vergilərin müəyyən edilməsi əski sistemlə - Uzun Həsənin təyin etdiyi qanunlarla həyata keçirilirdi. Məlumdur ki, XV əsrin 50-ci illərindən sonra Təbrizdən Diyarbəkrə qədər Anadolunun şərq qisminə Ağqoyunlu sultanları nəzarət etmişlər. Sultan Məhəmməd Fatehin Uzun Həsənlə Otluqbelidəki döyüşlərindən sonra osmanlıların əlinə keçmiş yerlərdə adətləri və rəsmi işləri anlamaq üçün İstanbuldan heyətlər göndərilmişdi. Bu heyətlər hər şəhərin adətlərini və ağqoyunlular zamanında orada tətbiq edilmiş qanunların mahiyyətini, xalqın fikirlərini, dünyagörüşünü öyrənərək nəticələr çıxarmışlar. Diyarbəkr, Urfa, Mardin, Ərzincan və Ərzurum kimi böyük şəhərlər üçün tətbiq olunmuş qanunlarda şərqdən gətirilən bütün ipəklərdən alınan vergilərdən, qərbdən gətirilən atlas parçalardan alınan rüsumlardan bəhs olunur. Bu qanunlarda ipək və atlasdan hazırlanmış parçaların tranzit əmtəə kimi daşındığına da işarə olunmuşdur. Ağqoyunlular zamanında tətbiq olunmuş qanunlara görə, ipəyin daşındığı hər şəhərdə bir rüsum alınmış, beləcə onların qərb ölkələrinə aparılmasına icazə verilmişdir. Keçirilən hər şəhərdə ipəyin hər kiloqramından iki ağça alınır, qərbə doğru bu məhsulun qiymətləri tədricən artırdı. Uzun Həsənin Qanunnaməsinə görə, ipəklərdən rüsum pulla alınırdı. Ağçanın yerinə ipək alınması üçün tacirlərin yükləri açılmırdı. 1514–16-cı illərdə isə Şərqi Anadolu Osmanlı imperyası ərazilərinə qatıldı. Osmanlı imperiyası da özünün vergi sistemində Şərqi Anadolu vilayətlərində bu qanunlardan istifadə etməyə başladı. Ümumiyyətlə, Şərqi Anadoluda ictimai-iqtisadi, ticari münasibətləri həmin qanunlardan kənar idarə etmək mümkün deyildi. Məsələn, Uzun Həsənin Türkiyə Respublikasının Başvəkalət arxivində saxlanılan Qanunnaməsi əsasında hazırlanmış Şərqi Anadolu vilayətləri Qanunnaməsində Mardin sancağı ilə bağlı olaraq birbaşa göstərilir ki, bu sancaqda vergilər Həsən padişahın qanunları əsasında müəyyən olunmuşdur. Sultan Süleyman Qanuninin dövründə (1520-1566) Ərzurum vilayətinə dair verilən qanunnamədən (1540) də aydın olur ki, Bayburt və Ərzurum sancaqlarında bu zamana qədər Həsən padişah dövründə müəyyənləşdirilmiş Qanunnamədən istifadə olunurdu. Sultan Süleyman Qanuni tərəfindən verilmiş bu qanunnamədən aydın olur ki, Ərzurum vilayətinin sakinləri onlardan alınan vergilərin həcminə etiraz edərək həmin ərazini tərk etmişdilər. Buna görə də onlardan alınan vergilərdə sadələşdirmələr edilirdi. Bu qanunnamədə ticarətin bütün sahələri əhatə olunur, müxtəlif məhsullar üzrə dəqiq gömrük rüsumları müəyyən edilir, yerli və xarici tacirlər arasında fərqlər qoyulurdu. Qanunnamə Şərqi Anadolunun bütün vilayətləri üzrə alınan vergiləri müəyyən edir və yerli xüsusiyyətləri nəzərə alırdı. Osmanlı sultanları da bu qanunnamələrdən istifadə edir, dövlətin iqtisadi həyatını təkmilləşdirirdilər. Aparılmış islahatlar nəticəsində ayrı–ayrı ticarət məhsullarının gətirilməsi işi də nizama salındı, ticarət sahəsində, vergilərdə güzəştlər tətbiq edildi. Qazı və onun köməkçiləri ərzağın və əhalinin geniş tələbatı sırasında olan məhsulların qiymətlərini müəyyən edirdilər. Bu zaman mövsüm, nəqliyyat xərcləri və tacirlərin gəlirləri nəzərə alınırdı. Tacirlərin gəlirləri 10%-i keçməməli idi. Ölçü, tərəzi qaydalarını, ərzaq məhsullarının qiymətlərini pozmuş tacirlər öz dükanlarının qapısına qulağından mıxlanır və yaxud digər cəzalara məruz qalırdılar (286, 203; 261, 149–185; 252, 8–12; 165; 253, 135; 361, 96; 191, 52; 49, 91-106; 50, 184-197; 44, 321; 10, 118; 63, 126-127; 210, 100-110). Osmanlı sultanları «Ticarət və iqtisadiyyat» adı altında həyata keçirdikləri islahatlarla həm avropalıların siyasi hakimiyyətinə son qoymaq, həm də onların iqtisadi üstünlüklərini heçə endirmək istəyirdilər. Buna görə də Bizans (Trabzon) süqut edəndə (1461) venesiyalıların və genuyalıların malik olduqları güzəştli gömrük rüsumları dərhal ləğv edildi. Gömrük tariflərində dəyişikliklər edildi (145, 84). Fateh II Məhəmmədin (1451-1481) iqtisadi və siyasi sahələrdə hücum siyasəti Qərb hökmdarlarını həm Asiya, həm də Avropa qitəsində eyni dərəcədə narahat edirdi. Bu siyasətin ən böyük zərbəsi isə Venesiyaya dəydi. Venesiya həm Aralıq dənizi hövzəsindəki əraziləri, həm də beynəlxalq ticarətdəki hökmran rolunu itirdi (150, 48). Osmanlı imperiyasında müsəlman və xristian tacirlərə münasibətdə fərqlər tətbiq edildi. Sultanın müsəlman təbəələri apardıqları ticarət əməliyyatları zamanı sahib olduqları əmtəənin 3%-i, müsəlman olmayanlar 4%-i, əcnəbilər isə 5%-i həcmində (83, 158) vergi verməli idilər. Müsəlmana və qeyri-müsəlmana mənsub olmasından asılı olmayaraq «quru yolla gətirilmiş, Trabzonda satılması nəzərdə tutulan əmtəənin hər yüz ağçasından 3 ağça tutulurdu. Əgər əmtəə Trabzonda satılmayıb dənizlə başqa yerə aparılırdısa, hər yüz ağçadan 4 ağça alınırdı. Trabzon limanlarına yüklə daxil olan gəmi yoxlanıldıqdan sonra hər yüz ağçadan 4 ağça ödənilməli idi» (224, 30,31; 74, 298). Qanunnamədə habelə göstərilirdi ki, «əgər gəmi dənizdə baş verən qasırğa zamanı Trabzon limanlarının birinə yaxınlaşırsa və bu zaman gəmi boşaldırılmırsa, qasırğadan sonra yoluna davam edirsə, həmin gəmidən vergi tutulmurdu. Məhsul gəmidən boşaldılırdısa, həmin gəmidən vergi tutulurdu» (224, 30,31; 74, 298). Beləliklə, dəniz vasitəsilə ticarət edənlər əmtəənin dəyərinin 4%-ni, quru yolla ticarət edənlər isə 3%-ni vergi şəklində ödəyirdilər. Bəzi mütəxəssislərin fikrincə, bu, onunla izah olunur ki, quru ticarətlə əsasən müsəlman tacirlər, dəniz ticarəti ilə isə xristianlar məşğul idilər. Dəniz və ya quru yollarından istifadə etməsindən asılı olmayaraq əcnəbi tacirlər hər yüz ağça üçün 5 ağça ödəməli idilər. Maraqlıdır ki, I Süleyman Qanuninin dövründə Azovda müsəlman və qeyri-müsəlman tacirlər üçün vergi rüsumu eyni idi. 4,2% məbləğ də müəyyən edilmişdi. Bununla da həmin bölgə Osmanlı imperiyasının digər əyalətlərindən fərqlənirdi. Trabzon üçün səciyyəvi xüsusiyyət isə ondan ibarət idi ki, dəniz yolu ilə əmtəə gətirən Osmanlı imperiyası təbəələri quru yola nisbətən 1% artıq gömrük rüsumu ödəyirdilər. Bu dövrdə idxalda və ixracda başlıca yer xam ipəyə məxsus idi. Onu İrandan və Azərbaycandan indiki Gürcüstan yolu ilə gətirir, Azova çatdırırdılar. İpək ticarəti 1258–ci ildə Bağdadın və Suriyanın bir sıra şəhərlərinin monqollar tərəfindən ələ keçirilməsindən sonra Trabzonda xüsusilə artdı. Trabzon beynəlxalq ipək ticarətində aparıcı mövqeyə çıxdı. Gətirilən xam ipəyin bir hissəsi emal olunur, böyük qismi isə dənizlə Avropaya aparılırdı (224, 30,31; 74, 298). Trabzonun osmanlılar tərəfindən fəthi Avropa ipək ticarətinə ciddi zərbə vurdu. Beynəlxalq ipək ticarətinin səviyyəsi aşağı düşdü (286, 205; 87, c.1, 77–79). Osmanlı sultanlarının siyasəti o zaman Levant bazarları hesabına zənginləşmiş avropalı tacirlər tərəfindən fəlakət kimi qarşılandı.

Xarici və daxili ticarətə mühüm əhəmiyyət verən Osmanlı sultanları bu sahədə mühüm tədbirlər görməyə başladılar. Fateh Sultan Məhəmməd böyük dağıntılara məruz qalmış İstanbul şəhərində ciddi bərpa işlərinə başlamış, imperiyanın ticarət həyatını inkişaf etdirmək üçün şəhərə bir sıra xalqlara mənsub olan tacirləri cəlb etmişdi. Sultan bu tacirləri şəhərin ayrı-ayrı yerlərində məskunlaşdırmışdı. Şəhərin əski zamanlardan Avropa ilə ticarətin mərkəzi mövqeyində olan Qalata qismi Osmanlı fəthindən sonra daha da inkişaf etdi, zəngin bir ticarət bölgəsinə çevrildi. Bu həm də ondan irəli gəlirdi ki, Osmanlı imperiyasının rəsmi dairələri çalışırdılar ki, dövlətin ərazisində ərzaq və ticarət məhsullarının bolluğu təmin olunsun, imperiyanın gəlirləri artımı təmin edilsin. Ticarət Osmanlı imperiyası üçün də böyük əhəmiyyət kəsb etmişdir. Osmanlı dövləti yarandığı zamandan etibarən bölgənin ticari həyatında mühüm mövqe qazanmışdı. Xüsusilə böyük ticarət yolları üzərində yerləşməsi Osmanlı dövlətinin bu üstünlüyünün başlıca səbəblərindən idi (313, 150; 128, c.10, 736; 54, c.10, 764-770). Osmanlı rəsmi dairələri ticarətin bütün sahələrinə ciddi nəzarət edirdilər. Məsələn, həmin dövrdə ipək ticarəti ilə bağlı olan xüsusi Qanunnamə buraxıldı. Xam ipək üzərinə böyük həcmdə vergi qoyuldu. Satıcı və alıcıdan hər yükün kütləsinə görə 65 ağça haqq alınırdı. Yalnız Trabzonda ipəkdən əldə olunan illik gəlir 47712 ağça idi və sultanın xassəsi sayılırdı. Osmanlı dövlətinin xarici və daxili ticarətə ciddi əhəmiyyət verməsinin əyani sübutu fəthdən sonra İstanbula diqqət və qayğının artırılması idi. İstanbul yalnız ticarət yollarının kəsişdiyi şəhər kimi deyil, həm də iqtisadi, mədəni mərkəz, mühüm ticarət məhsullarının emal olunduğu məkan kimi tanınmağa başlandı (110, c.1, 242). Türk, müsəlman, rumlu (yunan), yəhudi tacirləri bölgələrarası ticarətdə italyanların yerini tutmağa başladılar. Qeyd edək ki, hələ Fateh Məhəmməd (Mehmet) dövründə Qərbi Anadoluda inkişaf etmiş pambıq emalı, Ankarada və Tosyada yun emalı, Bursada və İstanbulda ipək emalı sahəsində mühüm uğurlar əldə olunmuşdu. İstanbulda və Selanikdə hazırlanan çuxalar, Ədirnədə emal olunan dəri məmulatı və digər dəri əşyalar, ayaqqabılar xarici bazara çıxarılırdı. 1479–cu ilə doğru Bursa gömrüyünün il ərzində ipəkdən əldə etdiyi gəlir 15 min dukata yüksəlmişdi. Bu dövrdə ağac, taxta və dəmir ixracında da böyük irəliləyişlər baş verdi (148, 84-85; 65, 5). Osmanlı imperiyasının iqtisadi həyatında baş verən sürətli inkişafının səbəbi onun şərq və qərb iqtisadiyyatını bir–birinə bağlayan ipək və ədviyyat yollarının Aralıq dənizinə çıxdığı ərazilərə hakim olması idi. Qızılın və gümüşün, o cümlədən bəzi strateji məhsulların Osmanlı imperiyası ərazilərindən çıxarılması qadağan edilmişdi. Avropa hökmdarları Osmanlı güdrətini dənizlərdə də hiss edirdilər. Mərmərə dənizi, Qırmızı dəniz və Qara dəniz osmanlıların əlində idi. Osmanlı dövləti Aralıq dənizində, Hind okeanında və Bəsrə körfəzində əhəmiyyətli hakimiyyət əldə etmişdi. Bu dövrdə Osmanlı sultanları Aralıq dənizini Qırmızı dənizlə, Qara dənizi Xəzər dənizi ilə birləşdirmək sahəsində bəzi tədbirlər gördülər. Əcnəbi tacirlər, o cümlədən italyan tacirləri dənizlərdə osmanlı iradəsinə uyğun ticarət etməyə məcbur oldular. Qeyd edək ki, osmanlılardan əvvəl Qara dənizdə Sinop, Aralıq dənizində isə Antalya və Alanya limanlarına sahib olmuş Səlcuqlar imperiyası dəniz imperiyası mövqeyini qazana bilməmişdi. Lakin Aydınoğulları və Məntəşəoğulları bəyliklərinin dənizçilik təcrübəsinin varisi olan Osmanlı imperiyası XVI yüzillikdə dəniz imperiyası mövqeyini qazana bildi. Ona görə də Anadolunun böyük ticari əhəmiyyəti var idi. Əslində, Anadolunun qədim çağlardan etibarən tranzit ticarət bölgəsi olması burada dəniz ticarətinin əhəmiyyətini artırırdı (129, c.3, 17–19; 138, c.2, 199–201).

Osmanlı sultanları Anadolunun məhz tranzit ticarət bölgəsi olmasına böyük önəm verdiklərinə görə gömrük vergilərini 3%-5% məbləğində etmişdilər. Bununla da Osmanlı rəsmi dairələri ticarətin inkişafına təhlükə törədən gömrük rüsumlarının enməsinə təsir edə biləcək bəzi dövlətlər arasında diplomatik vasitələrlə ziddiyyətlər yaradır, onları bir–biri ilə toqquşdurmağa cəhd göstərirdilər. Təbiidir ki, bu tədbirlər Osmanlı imperiyasının ticarət maraqlarından irəli gəlirdi (129, c.3, 20; 105, 12). Bütün bu məsələlər qərb müəlliflərindən birinin qeydlərində öz əksini belə tapmışdı: «Ticarət baxımından Avropanı ən çox narahat edən və əhəmiyyət daşıyan o idi ki, «Ədviyyat yolu» Osmanlı imperiyasının əlinə keçmişdi. Asiyanın ipək parçaları və digər dəyərli məmulatı ədviyyat qədər əhəmiyyətli deyildi. Buna görə də ədviyyatın qiyməti ağlasığmaz dərəcədə yüksəlmişdi. İstanbulun, İsgəndəriyyənin və Venesiyanın zənginliyi bu şəhərlərin ədviyyat ticarəti mərkəzləri olmasında idi. Orta əsr Avropasında ədviyyatın çox mühüm bir mövqeyi vardı» (66, c.2, 143-144). Venesiyalılar XIV-XV əsrlər boyunca ədviyyat bazarını əllərində saxlamış, Avropanı bu məhsulla bütünlüklə təmin etmişdilər. Onlar ədviyyatı əsasən Misirdən alırdılar. Misir həmin dövrdə Məmlük sultanlarının hakimiyyəti altında idi. Məmlüklərlə Osmanlı türkləri arasında islam aləmində birincilik ucbatından soyuq münasibətlər hökm süsürdü. Venesiyalılarla osmanlılar arasında islam dünyasında ticarətə üstünlük uğrunda çəkişmələr olduğundan qarşılıqlı münasibətlər çox kəskin idi. Bu isə ona gətirib çıxarmışdı ki, venesiyalılar bu zidiyyətlərdən istifadə edir, ədviyyatı öz inhisarlarında saxlayırdılar. Həmin dövrdə baş vermiş çoxsaylı müharibələrin başlıca səbəbi ədviyyat bazarlarına nəzarət etmək istəyi olmuşdur. Ədviyyat ticarətinin Avropa üçün əhəmiyyətini nəzərə çatdırmaq üçün bir misal göstərək: «Venesiyada ticarətlə məşğul olan almaniyalı tacirlər 1540-cı ildə ədviyyat əldə etmək üçün Venesiya Respublikasına 18 min altun (altun–qızıl pul) dukat, 1561–1562–ci illərdə isə 40 min altun dukat ödəmişdilər» (295, 408; 66, c.2, 143-144). Ədviyyatın beynəlxalq ticarətdəki mövqeyini bir daha təsəvvür etmək üçün onun müəyyən ərazilər üzrə qiymət fərqinə fikir vermək kifayətdir. Məsələn, Malakka adalarında iki dukata alınan bir kiloqram mixəyin dəyəri Malakkada 14, Kəlküttədə 50, Londonda 213 dukata yüksəlirdi (295, 408; 66, c.2, 143-144). Venesiya Respublikasına ədviyyatla bağlı dəymiş iqtisadi ziyan barədə 1501–ci ildə Cirolamo Priuli özünün gündəlik dəftərinə bunları yazmışdı: «Əziz Marko Polonun şəhəri üçün ədviyyat ticarətinin süqutu yeni doğulmuş bir uşağın bəslənəcək süddən məhrum olması deməkdir» (47, 643 (3). Ədviyyatdan bütün sənətkarlıq sahələrində istifadə olunurdu: silah hazırlanması işindən əczaçılığa və ayaqqabı istehsalına qədər. Buna görə də XV əsr boyunca Qərbi Avropanın aldığı əsas məhsullar ədviyyat və müalicəvi vasitələr (daha doğrusu əczaçılıq məhsulları) olmuşdur. İstiot, zəncəfil, mixək, cövüz boyası, cövüz, darçın, hil və digər ədviyyatlardan Avropada müalicəvi dərmanlar, qızıdırıcı və yeyinti məhsullarını uzun müddət saxlama vasitələri kimi istifadə olunurdu. Orta əsrlərdə istiot ədviyyat məhsulları içərisində ən mühüm yeri tuturdu. Ümumiyyətlə, istiot torpaq alqı-satqılarında, əmtəə mübadiləsində pul (ödəniş vasitəsi, ekvivalent) rolunu oynayırdı. Bu sahəyə nəzarət də birbaşa Osmanlı imperiyasının əlində idi. Xüsusilə Hindistandan və Cənubi Asiyadan daşınan ədviyyat Orta (Mərkəzi) Asiyadan keçir, Anadoludan Avropaya yönəlirdi. Bu, hal-hazırda "ipək yolu" adlandırdığımız ticarət yolu idi (144, 145; 264, 181). Ədviyyat Avropaya bütün ticarət yollarına nəzarət edən osmanlıların icazə verdikləri miqdarda daşınırdı. Bu, tam mənada Avropa iqtisadiyyatına nəzarət demək idi. Hal-hazırda dünya neft bazarında ağalıq edən beynəlxalq şirkətlər dünya ölkələrinin iqtisadi həyatına necə nəzarət edirlərsə, həmin dövrdə beynəlxalq ticarət yollarını ələ keçirmiş Osmanlı türkləri də ədviyyat bazarını ələ keçirməklə Avropa dövlətlərinin iqtisadi həyatına istədikləri məqamda müdaxilə edə bilirdilər. Ədviyyat karvanları Osmanlı türklərinin nəzarət etdikləri limanlara daxil olur və bu limanlardan yeni qiymətlərlə Avropa bazarlarına üz tuturdular. Bununla bağlı olaraq Avropada əmtəələrin qiymətləri artır və buna müvafiq şəkildə pul dəyərdən düşürdü (66, c.2, 140–142). Digər tərəfdən, Osmanlı sultanlarının Avropa ölkələrinə qarşı «xarici ticarət siyasəti» də Avropa ölkələrinin vəziyyətini çətinləşdirirdi. Avropada ədviyyat satışına nəzarət edən Venesiya ilə digər Avropa dövlətləri arasında kəskin ziddiyyətlər yaranmışdı. Bütün bunlar Avropa dövlətlərini vəziyyətdən çıxış yolları axtarmağa vadar etdi. Avropada öncə portuqallar daha çevik tədbirlərə əl atdılar. XV əsr boyunca onlar ədviyyat bazarına daxil olmaq üçün yeni dəniz yolu tapmağa çalışırdılar (295, 408). Həmin çıxış yollarının tapılması isə Avropada ciddi dəyişikliklərə səbəb oldu, müstəmləkəçiliyin yeni formada inkişafına rəvac verdi. Venesiyanın iqtisadi, siyasi, ticari süqutu labüdləşdi. Bəzi tədqiqatçılar Osmanlı imperiyasının artan qüdrətini Venesiyanın süqutunda həlledici amiil kimi qiymətləndirirlər. Lakin bu məsələyə daha geniş toxunmuş F.Brodel göstərirdi ki, XVI əsrin əvvəllərində Venesiyanın süqutu onun Osmanlı imperiyası ilə ixtilafları ilə bağlı deyildi. Məsələn, 1500–cü ildən başlayaraq dünyanın mühüm ticarət mərkəzi məntəqəsi rolunu artıq Antverpen şəhəri alırdı. Venesiyada şəhər iqtisadiyyatını təşkil edən qədim və hakim təşkilat və təsisatlar hələ dağılmamışdı, lakin o, Avropa sərvətlərinin mərkəzi rolunu artıq itirməkdə idi. Bu is tarixdə «Böyük coğrafi kəşflər» adı altında təqdim olunan yeni ticarət yollarının açılması, Atlantik okeanı boyu ticarətin inkişafı və Portuqaliyanın gözlənilməz uğurları ilə bağlı idi (181, c.3, 135–136). Hindistana dəniz yolunun portuqalların əlinə keçməsi vəziyyəti daha da gərginləşdirdi. 1504–cü ildə Portuqaliya kralı I Manuel ədviyyatın onun inhisarında olduğunu elan etdi, yeni qiymətlər tətbiq olunduqdan sonra Venesiya gəmiləri daim yan aldıqları İsgəndəriyyə və Beyrut limanlarında ədviyyat ala bilmədən geri qayıdırdılar. Sonralar Portuqaliya-Osmanlı münasibətlərinin kəskinləşməsində məhz beynəlxalq ədviyyat bazarında baş vermiş dəyişikliklər əsas rol oynadı. Orta və Uzaq Şərq ticarətinə nəzarəti ələ keçirmək istəyən portuqallarla osmanlıların döyüşləri labüd idi (47, 643 (3)).

Osmanlı imperiyasının qüdrətinə baxmayaraq, iqtisadi siyasət sahəsində yol verilmiş bəzi nöqsanlar imperiyanın gələcək inkişafında əngəllər yaratdı. Ərazicə genişlənən imperiyaların yenicə fəth olunmuş torpaqlarda məcburən özlərinin əski idarə üsulunu tətbiq etməsi həmin uğursuzluqların səbəblərindən biri idi. Tədqiqatçıların fikrincə, Osmanlı imperiyasının zəifləməsində və süqutunda məhz bu amil müəyyən rol oynamışdır (143, 152; 366, 221–237). Baş vermiş siyasi dəyişikliklər Osmanlı sultanları qarşısında şərq və qərb arasındakı ticarəti xüsusi olaraq dəyərləndirməyə vadar edirdi. Yeni şəraitdə gerçəkliklərə uyğun gələn «Xarici ticarət siyasətinə» ehtiyac var idi. Məhz buna görə də Osmanlı sultanları «kapitulyasiyanı (təslimetməni, zəbtetməni, razılaşmanı, əhdnaməni)» xarici siyasətin başlıca xəttinə çevirdilər. Tarixi hüquqi mənada «kapitulyasiya» bir dövlət təbəəsinin digər bir dövlət torpaqlarında əldə etdyi hüquqlar deməkdir. X.İnalcıkın fikrincə, Osmanlı sultanları kapitulyasiyalarla ticari və siyasi məqsədlər güdmüşlər. Birincisi, Osmanlı torpaqlarından tranzit olaraq keçən və ölkədən ixrac olunan əmtəələrdən vergi almaq… Bu, Osmanlı imperiyasının iqtisadi mənfəətinə xidmət edirdi. Sultanların ikinci niyyəti isə Osmanlı imperiyasında sabitliyi və xarici ticarətin təhlükəsizliyini təmin etmək məqsədilə qərb dövlətlərindən bəzilərinə imtiyazlar vermək və bu yola onları bir-birinə qarşı qoymaq olmuşdur. Məsələn, Osmanlı sultanları venesiyalılara qarşı genuyalılara və fransızlara, fransızlara qarşı isə ingilislərə kapitulyasiyalar vermişdilər. Kapitulyasiyaların verildiyi ilk dövrdə əcnəbilər osmanlılar üçün təhlükəli deyildilər. Digər tərəfdən, əcnəbilər yerli əhalidən ayrı - kiçik koloniyalar halında yaşayırdılar. Əcnəbilər yerli əhali ilə yalnız ticari əlaqələr zamanı görüşürdülər. 1352–ci ildə genuyalılara ilk ticari imtiyaz hüququnu vermiş osmanlılar sonralar bu cür imtiyazları digər Avropa dövlətlərinə də vermişdilər. Məsələn, Fransaya (1536), İngiltərəyə (1580), Hollandiyaya (1612), iki Siciliya krallığına (1737), Danimarkaya (1756), Prussiyaya (1761), İspaniyaya (1738) verilmiş ticarət imtiyazları Osmanlı sultanlarının ticarətə verdikləri əhəmyyətin göstəricilərindən idi və ticari-iqtisadi gəlirlər Osmanlı maliyyəsinin gücünün artmasında, dövlətin qüdrətinin yüksəlməsində mühüm rol oynamışdı (62, 156-159; 96, 75). Bu məsələ çox geniş əraziyə malik olan Osmanlı imperiyası üçün böyük əhəmiyyət kəsb edirdi. Osmanlı iqtisadiyyatı əsasən tranzit ticarətindən əldə edilən gəlirlərə istinadlanırdı. 1512–ci ildə yalnız Bursada ipək ticarətindən əldə edilmiş və mərkəzi xəzinəyə keçirilmiş gömrük gəliri 43.000, 1562–ci ildə Şama gətirilmiş ədviyyatdan əldə olunan gömrük haqqı isə 110.000 altun idi. 1527–ci ildə Osmanlı dövlətinin büdcəsi 277 milyon ağça miqdarında idi. Bu məbləğin 7,5 milyon ağçasını Bursadan və Şamdan daxil olmuş gömrük vergiləri təşkil edirdi, bu isə büdcə gəlirlərinin 2,7%-i idi. Həmin göstəricilər tranzit ticarətinin osmanlı maliyyə sistemindəki çəkisini əyani şəkildə əks etdirir. Osmanlı hökmdarlarının ticarətə göstərdikləri qayğının göstəricilərindən biri də onların müxtəlif şəhərlərdə ticarət şəbəkələrinə sərmayə (kapital) qoymaları və həmin şəbəkələri inkişaf etdirmələri idi. Orxan Qazi Bursanı fəth etdiyi zaman gördüyü ilk tədbirlərdən biri böyük, örtülü bazar inşa etdirməsi oldu. Fateh Sultan Məhəmməd İstanbulu fəth etdikdən sonra 118 böyük dükandan və ətrafındakı 984 ticarətxanadan ibarət olan «Kapalıçarşını» inşa etdirdi. Bu əzəmətli bazar hal-hazırda da qalmaqdadır. Balkan yarımadasında Filibe, Saraybosna, Üskür və Selanik kimi Osmanlı şəhərlərinin hamısında böyük, örtülü bazarlar var idi. Övliya Çələbi Sivasdan bəhs edərkən burada 1000 dükanlı, böyük bir örtülü bazarın olduğunu qeyd etmişdir. O, Konyada 1900 dükanın, Kayseridə iki böyük örtülü bazarın olduğunu bildirmişdir. Osmanlı sultanlarının ölkədə ticarəti inkişaf etdirmək üçün gördüyü digər tədbirlərdən biri də tacir və sənətkar təbəqəsini başda İstanbul olmaqla böyük Osmanlı şəhərlərində cəmləşdirməsi olmuşdur. İstanbulun fəthindən sonra varlı tacirlərin Bursadan gəlib İstanbulda yerləşməsi təmin edildi. 1477–ci ildə Kəfədən 267 zəngin tacir ailəsi İstanbula gətirilmişdi (41, 453–454).

Osmanlı qüdrətinin artmasında xarici ticarətdən əldə olunmuş gəlirlərin rolu danılmazdır. Qərb müəlliflərindən olmuş Nevageronun hesablamalarına görə, 1553–cü ildə 7.04.6000 dukat altunu olan bu imperiyanın gəlirlərinin 1.200.000 dukatı gömrük rüsumlarından və ticarətdən əldə edilmişdi. Və bu məbləğ ümumi gəlirlərin 18-%-ni təşkil edirdi. 1362–ci ildən etibarən Osmanlı dövlətinin əhəmiyyətli sayda hərbi qüvvə toplaması və döyüşdən başqa bir işi olmayan «peşəkar ordu»nu saxlaya bilməsi məhz bu zənginlik sayəsində mümkün olmuşdur. Şanlı fəthlərin nəticəsi olan Osmanlı imperiyasının hərbi və iqtisadi qüdrətinin təməlində böyük bir siyasət dururdu. İstanbulun fəthi, Bosfor və Dardanel boğazlarının osmanlı xanədanına daxil olması ilə mühüm ticarət yollarından məhrum olmuş Avropa dövlətləri isə varlıqlarını qorumaq üçün ehtimal olunan iki yoldan birini seçmək zərurəti qarşısında qalmışdılar:

1) Hərbi yolla osmanlıları Avropadan və hətta Anadoludan çıxararaq, dənizlərdə osmanlı hakimiyyətinə son qoymaq, beynəlxalq ticarət yollarını Avropa dövlətləri qarşısında açmaq;

2) İqtisadi yolla Avropa hüdudlarından xaricə çıxmaq və Osmanlı imperiyasının iqtisadi nəzarətindən qurtulmaq. Avropa dövlətləri birinci istiqamətdə bəzi cəhdlər etdilər, lakin uğurlu nəticə hasil olunmadı. Avropa dövlətləri önündə yalnız bir yol qalmışdı: Amerika qitəsinin varlığına güvənmək və Afrikanın cənub istiqamətində «türklərin gözlərinə görünmədən Hindistana yönəlmək». İkinci yolun seçilməsi Avropa dövlətləri üçün labüd, məcburi və həyati bir qərar idi. İqtisadi cəhətdən kasıb olan Avropa bu addımı atmağa məcbur və məhkum idi (96, 142–143).


Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə