Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyası (afsea) «Fəlsəfə» jurnalına əlavə



Yüklə 1,34 Mb.
Pdf görüntüsü
səhifə42/47
tarix11.07.2018
ölçüsü1,34 Mb.
#55037
1   ...   39   40   41   42   43   44   45   46   47

 
- 90 - 
dövlət ilə müqayisədə həmişə əqlə, kamala, mənəviyyata üstünlük verilmişdir. Aşıq 
Ələsgər belə deyir: « Min batman zərin olunca, bir misqal kamalın ola».  
Həmişə  ictimai  mühitin  ən  böyük  nöqsanlarından  biri  zər  ilə  kərəm 
arasındakı  əksliyi  aradan  qaldıra  bilməməsi  olmuşdur.    Mütərəqqi  cəmiyyətlərdə 
isə  kamal  özü  var-dövlət  üçün  açar  hesab  olunur.  Başqa  sözlə,  cəmiyyət  elə  ona 
görə mütərəqqi hesab olunur ki, burada rəyasət, var-dövlət, imkan ağılsızların yox, 
ağıllıların  əlində  olur.  Yəni  ağlı  olan,  biliyi  olan,  müəyyən  bir  ixtisasa  yiyələnən 
insan  üçün  özünü  maddi  cəhətdən  təmin  etmək  mütərəqqi  cəmiyyətdə  problemə 
çevrilə bilməz.    
Digər tərəfdən, hətta qabaqcadan varlı olan adam da əgər ağıllı deyilsə, özü 
mütəxəssis  deyilsə  və  mütəxəssislərə  arxalanmırsa,  var-dövlətini  və  rəyasətini 
itirməyə məhkumdur. Çünki pulla çox şeyi satın almaq olar; amma əql-kamal, bilik 
və əməli vərdişlər pulla alına bilmir. Düzdür, naqis cəmiyyətdə belə cəhd göstərilir, 
amma onların pulla aldıqları əslində bilik yox, biliyi təsdiq edən formal sənəddir. İş 
o  yerə  çatır  ki,  vəzifəsi  və  pulu  olan  adam  heç  yalançı  ali  təhsil  diplomu  ilə  də 
kifayətlənməyərək, elmi dərəcə də alır və rəsmən «alim» olur. Pulun yeganə meyar 
sayıldığı cəmiyyətdə belə təşəbbüslər təbiidir. Pul və rəyasətlə qazanılmış alimlik 
vəzifə  tutmağa,  yenə  pul  qazanmağa  xidmət  edir.  Bu,  əslində  qanunauyğundur. 
Cəmiyyət bundan, əlbəttə, ziyan çəkir; amma ən böyük ziyan bu rəsmi «alimlərin» 
sonradan  həqiqi  elm  adamları  qarşısında  maneəyə  çevrilməsidir.  Başqa  sözlə,  zər 
özünü artırmaqla kifayətlənməyərək, dönüb kərəmi də yeməyə başladıqda, misilsiz 
bir disbalans yaranır. Bu isə tsiklin tamamlanması deməkdir.   
 
Bütün  cəmiyyətlərdə  zənginlər  və  kasıblar  vardır.  Kapitalizm  quruluşunun 
əsas ideyası da insanları kor-koranə bərabərləşdirməmək, onların öz əqli və fiziki 
potensialını  reallaşdırmasına,  hər  kəsin  cəmiyyətdə  öz  səriştəsinə  uyğun  mövqe 
tutmasına imkan verməkdir. Bəli, kapitalizm cəmiyyətinin gücü, ilk baxışda onun 
qüsuru  kimi  görünən  bu  cəhətdədir.  Yəni  daha  qabiliyyətli  olanların  cəmiyyətdə 
mövqeyi, var-dövləti və fəaliyyət imkanları böyük olduğundan, cəmiyyətin inkişaf 
potensialı artmış olur. Var-dövlətin ağıllı adamda, kamal əhlində çox olmasının heç 
bir ziyanı yoxdur. Çünki bu pul, bu dövlət hansı yolla isə mütləq cəmiyyətə qayta-
rılacaqdır.  Təsadüfi  deyildir  ki,  kapitalizm  cəmiyyətində  kapital  ilk  növbədə 
istehsalın; sənayenin, təsərrüfatın inkişafına qoyulur. Böyük sənaye isə ancaq bö-
yük  elm  müqabilində  inkişaf  edə  bildiyindən,  kapital  dolayası  ilə  elm  və  təhsilə 
sərf  olunur.  Vay  o  gündən  ki,  ictimai  sərvətin,  var-dövlətin  arxasına  keçməyin 
başqa  yolları  peyda  olur.  Ağılla,  fərasətlə  qazanılmayan  pul  da  təbii  ki, 
iqtisadiyyatın,  elmin,  təhsilin  inkişafına  yox,  əyləncəyə,  narkotikaya  və  s.  sərf 
olunur ki, bu da ictimai inkişafa ləngidici təsir göstərir.   


 
- 91 - 
Lakin  problem  bununla  da  bitmir.  Korrupsiya  vasitəsilə  pul  qa-zanan 
adamların əksəriyyəti savadlı adamlardır. Onlar özləri bəlkə də bu pulu pis bir işə 
xərcləməzlər.  Buna  heç  vaxtları  da  qalmaz.  Lakin  onlar  öz  bisnesi  ilə  bilavasitə 
məşğul ola bilmədiyindən, bu varlı elitanın ətrafında yeni bir təbəqə formalaşır və 
kapital  onların  əlindən  keçir.  Buna  görə  də  optimal  ictimai  təşkilatlanmanın  ən 
mühüm şərtlərindən biri korrupsiya ilə mübarizə və yaradıcı əməyə, qanuni sahib-
karlıq fəaliyyətinə maneələrin aradan qaldırılmasıdır.   
Kamal  əhli  olmadan  əli  böyük  pula  çatanların  fəallaşması  cəmiyyət  üçün, 
mədəniyyət və mənəviyyat üçün yaxşı heç nə vəd etmir. Bu problemin həlli üçün 
ilk növbədə zər-kamal dilemması aradan götürülməlidir.   
Görünür, məhz  kapitalizmin hələ bərqərar olmadığı Şərq ölkələrində zər və 
kamal problemi həll edilə bilmədiyindəndir ki, mənəvi ilə maddi arasındakı fərqin 
qarşıdurma səviyyəsinə qaldırılması, biri artarkən o birinin mütləq azalacağı, yəni 
tərs-mütənasibliyi,  hətta  bunların  cəminin  sabitliyi  haqqında  fikirlər  də  ortaya 
çıxmışdır. Atalar da belə deyir: «Zər əhlində kərəm yoxdur, kərəm əhlində zər».  
Bu  məsələnin bədii təhlili öz əksini Əbu Turxanın məşhur qıfılbəndində və 
onun açmasında da tapmışdır:  
 
Həyatda saxlanma qanunu varmı, 
Pak admı üstündür, dövlətmi, varmı? 
Biri azalanda o biri artsa,  
Məcmuyu bunların sabit qalarmı?  
 
Cavabında Əbu Turxan yeni saxlanma qanununun kəşf edilməməsini mənəvi 
sərvətin ölçülə bilməməsi və müqayisənin adekvat olmaması ilə izah edir:  
 
İsməti qismətə satanlar çoxdur, 
Kamil adamınsa, gözləri toxdur. 
Böyük kəşf olardı, amma nə yaxşı, 
Mənəvi sərvətin ölçüsü yoxdur. 
 
Beləliklə, mənəvi kamillik yolunun ancaq dərvişlikdən, kasıblıqdan keçməsi 
haqqında fikir inkar olunur. Qurani-Kərimdə də məsələ «ya bu dünya, ya o dünya» 
kimi  qoyulmur.  Allah  istədiyi  bəndələrinə  hər  ikisini  verir.  Və  hər  ikisinin  yolu 
bilikdən,  elmdən  keçir.  Həzrəti  Məhəmməd  demişdir:  «Dünyanı  istəyən  elmə 
sarılsın, axirəti istəyən yenə elmə sarılsın».
1
 
Kasıblığın  az  qala  dindar  adamın  qisməti  kimi  qələmə  verilməsi,  bu 
                                                 
1
 Bax: Jemil Sena. Hz. Məhəmmədin fəlsəfəsi. İstanbul, 1993, səh, 311. 


 
- 92 - 
məqsədlə  dini  amildən  sui-istifadə  edilməsi  isə,  heç  şübhəsiz,  ya  subyektiv 
mülahizələrlə  əlaqədardır,  ya  da  onun  mahiyyəti  düzgün  təsəvvür  olunmur.  Bəli, 
doğrudur ki, din bir həyat tərzi kimi, səxavəti təlqin edir. Amma səxavətli olmaq, 
yardım etmək, xums-zəkat vermək üçün əvvəlcə müəyyən var-dövlət sahibi olmaq 
lazımdır.  Məlum  olduğu  kimi,  peyğəmbər  özü  ticarətlə  məşğul  olub,  yəni  burada 
ayıblı bir şey yoxdur. Ayıb olan əyri yolla pul qazanmaqdır. Lakin təəssüf ki, Şərq 
fəlsəfi fikrində var-dövlətə ancaq mənfi planda baxmaq ənənəsi geniş yayılmışdır. 
Hətta Qərbdə yaşayan ərəb şairi və filosofu Cübran Xəlil Cübran da bu mövqedən 
çıxış  edir:  «Var-dövlət  insan  müsibətlərinin  mənbəyidir,  sevgi  isə  səadət  və 
sevincin.»
1
 Halbuki var-dövlət ancaq haram yolla qazanıldıqda və ağılla idarə edilə 
bilmədikdə müsibət törədə bilər. Onun sevgi ilə qarşılaşdırılması  üçün də heç bir 
əsas yoxdur.  
Şərqdə  gözəllik  və  sevgi  maddiyatla  qarşılaşdırıldığı  kimi,  mənəviyyat 
müstəvisində  də  qütbləşmə  gedir.  Məsələn,  belə  bir  fikir  vardır  ki,  kiminsə 
qismətinə  zahiri  gözəllik  düşürsə,  başqasının  qismətinə  mənəvi  saflıq,  daxili 
gözəllik  düşür;  və  müdriklər  həmişə  ikinciyə  üstünlük  verirlər.  Lakin  zahiri 
gözəllik  dalınca  qaçanlar  daha  çox  olur.  Bu  qarşılaşdırma,  görünür,  hər  iki 
gözəlliyin  eyni  adamda  olması  ehtimalının  azlığından  irəli  gəlir.  Əlbəttə,  idealda 
zahiri  ilə  batininin  vəhdəti  tərənnüm  olunur.  Amma  bu  vəhdət  eyni  tərtibli  tərəf-
lərin  vəhdəti  deyil.  Zahiri gözəllik  olsa-olsa  əsas  gözəlliyin  daha  tez  üzə  çıxması 
üçün  stimul  ola  bilər.  Əbu  Turxan  yazır:  «Zahiri  və  daxili  gözəllik  eyni  vaxda 
parlaya  bilməz.  Əvvəlcə  birincinin  parıltısından  ikinci  gözə  görünmür,  amma  elə 
ki, göründü, onda birincini kölgədə qoyur». Bir fərq də nəzərə alınmalıdır ki, daxili 
aləmin hüdudu olmadığından, onun tnktşaf potensialı da sonsuzdur. Digər tərəfdən 
sifət gözəlliyi mənəviyyata təsir etmədiyi halda, ruhun kamilləşməsi, xoşbəxtlik və 
sevgi  duyğusu  sifətdə  də  ifadə  olunur.  Sevən  adamın,  xeyirxah  adamın,  dindar 
adamın «sifətindən nur tökülür», o daha səmimi olur, daha nəcib görünür.  
Dini  tərbiyə  universal  əqli  keyfiyyətlərdən  daha  çox,  duyğu  ilə  bağlıdır  və 
insan  Mən-inin  daha  dərin  qatlarını  ifadə  etməklə  yanaşı,  lokal  mədəni-mənəvi 
mühitlə,  hətta  fərdi  mövcudluqla  əlaqədardır.  Digər  dinlərdən  fərqli  olaraq,  islam 
dini eyni zamanda bir şəriət kimi də çıxış edir və insanlara ictimai münasibətlərdə 
də bələdçi olur.    
Dini  duyğu  isə  insani  mahiyyətlə  bağlı  olduğu  üçün  daha  dərin  və  qədim 
köklərə  malikdir.  C.Əfqaninin  yazdığına  görə,  «İnsanın  ilk  tərbiyəsi  onun  dini 
tərbiyəsidir,  fəlsəfi  dünyagörüşü  sonra  yaranır».
2
  Lakin  fəlsəfi  düşüncənin 
formalaşmasında dini hissin böyük rolu vardır.  
                                                 
1
 Aforizmlər və hikmətli sözlər. B., Azərnəşr, 1981, səh. 125.  
2
  C.Əfqani.  Seçilmiş  əsərləri.  (Tərtib  edəni  –  professor  Şamil  Qurbanov),  Bakı,  1998, 
səh. 33.  


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə