3
... Düşmənə dörd-beş güllə vurandan sonra az-çox ürəyi soyusa da, indi sandıqdakı
otuziki güllənin otuzikisini də qarşısında dayanmış bu At Belində Olan Adamın qarnına
doldurardı, uf da deməzdi, bu adamın qarnı ölürdü otuziki güllədən ötrü. Düşmən düşmən olanda
nə olar, onun da öz bir gözəlliyi vardı, heç olmasa bilirdin ki, qarşındakı düşməndi, sənin qanını
içməkdən sərxoş olan bir düşmən. İndi bu qarşısındakında o gözəllik də yox idi. Bu düşməndən
də daha dəhşətliydi. Bu insanın məcburən öz içində gəzdirdiyi, müalicəsi olmayan xəstəlik kimi
bir şey idi. Bu xəstəliklə birgə yaşamaq zorundaydılar. Eyni göyü, eyni torpağı, eyni qanı, eyni
şəhəri paylaşırdılar. Amma eyni göyü, eyni torpağı, eyni qanı bərabər paylaşsalar da, amma bu
eyni şəhəri eyni paylaşmamışdılar.
Birinin payına Dünyanın Ən Varlı Şəhərinin bazarında balaca bir ət dükanı düşmüşdü.
Amma bu qarşısındakı At Belində Olan Adamın payına bu şəhərin az qala yarısı düşmüşdü,
dədəsindən, babasından qalmış miras kimi. Katiblərin, rəislərin, day hansı kərtənkələlərin
quşunu götürə-götürə özü də çoxlarına quş götürdə bilmişdi. Atını sağa da səyritmişdi, sola da.
Həmişə at belində olmuşdu. İndi də at belindəydi, amma atını day əvvəlki kimi səyridə bilmirdi.
Təkcə o yox, hətta onun quşunu götürdüyü katiblər də, rəislər də day atlarını istədikləri kimi
səyridə bilmirdilər.
Dünya öz məhvərindən çıxmışdı, baş alıb gedirdi. Hara gedirdi, heç kim, hətta öz
yaratdıqlarının məhvərindən çıxartdıqları bu Dünyanın hara getdiyini Tanrının özü də bilmirdi.
Və indi onu məhvərindən çıxaran insanlardan qurtulmaq üçün başını götürüb hara gəldi qaçan bu
Dünyada insanlar elə bir duruma düşmüşdülər ki, içlərində nifrətdən başqa heç nə qalmamışdı.
Bu nifrət vurub çıxmışdı sir-sifətlərinə və sir-sifətlərindən zəhər-zəhrimar yağırdı. Bu
məhvərindən çıxmış və həm Tanrıdan, həm də özündən baş götürüb qaçan Dünyada həm bu
şəhər, həm də bu şəhərin adamları qəflətən elə qocalmışdılar ki, elə bil vurğun vurmuşdu. Və bu
vurğun da ən çox cavanları vurmuşdu. Dünənədək müharibəni kinolarda görən bu vurğun
vurmuş cavanlar qəflətən bir müharibə Kinosunun düz ortasına düşmüşdülər. Özü də öz
xoşlarına yox, onları bu müharibə Kinosunun içinə zorla itələyib salmışdılar.
Bu dəhşətli Kinonun ssenarisini dünyanın Böyük Dövlətlərinin Böyük Saraylarında
yazmışdılar. Çəkilişini də Tarkovskinin də, Tofiq Tağızadənin də həsəd aparacaqları rejissorlara
tapşırmışdılar. Və həmin rejissorları da Böyük Dövlətlərin Böyük Saraylarında oturub çəkməkdə
olduqları kinonun gündəlik kadrlarına ləzzətlə tamaşa edirdilər. Bu Kinonun iştirakçılarının isə
nə ssenaridən, nə də rejissor işindən xəbərləri yox idi. Və bu Kino əvvəllər gördükləri kinodan
təkcə onunla fərqlənirdi ki, burda partlayan bombalar həqiqi bombalar idi, insanlar doğrudan
güllələnir, uşaqların başı doğrudan kəsilir, qadınlar doğrudan zorlanırdı. Bu kino əvvəllər
gördükləri kinodan bir də onunla fərqlənirdi ki, bu Kino sona çatmırdı və bu Kinonun sonu heç
üfüqdə də görünmürdü.
Fazil Müəllimin Kinoteatrında baxdıqları bütün kinolarda bizimkilərin atdığı (onda ruslar
da bizimkilər idi, xaxollar da, latışlar da, elə ermənilərin özləri də) hər gülləyə bir alman qarnını
tuturdusa, bədbəxt almanların güllələri həmişə boşa çıxırdı. Ona görə yox ki, almanlar güllə
atmağı bacarmırdılar, ona görə ki, ssenarini yazanlar da, rejissorlar da bizimkilərin qohum-
əqrəbalarıydı. Bu Kinoda isə bizimkilər, ruslar, xaxollar, latışlar, ermənilər deyil, bizimkilər elə
bizimkilər idi. “Hollivud”un və “Mosfilm”in birgə istehsalı olan bu Kinoda ssenariçilər də,
rejissorla da ermənilərin qohum-əqrəbalarıydı. Və keçmiş bizimkilər ermənilərə dünyanın ən
bahalı, ən müasir silahlarını versələr də, indi bizim bizimkiləri özününkülərinin qarşısında
əliyalın buraxmışdılar. Və bu Kinoda atılan bombalar bizim başımıza tökülürdü, yandırılan evlər
bizim evləriydi, başı kəsilən uşaqlar bizim uşaqlarıydı, zorlanan qadınlar bizim qadınlarıydı. Bu
Kinoda nemes biziydik.
Döyüşlərin birində əllərinə bir erməni qızı düşmüşdü. İntiqam eşqindən gözlərini qan
tutmuş uşaqlar qızı zorlamaq istəmişdilər. Amma tir-tir titrəyən qızın insanın iliyinə işləyən
yalvarışlı baxışları hələ insanlığını tam itirmədiyindən onun qanını dondurmuşdu. Yaralı ac
qurdların əlinə düşmüş çarəsiz, ümidi Tanrıdan üzülmüş bu qızın zorlanmasına biganə qala
bilməmişdi. Dəxli yox idi ki, bəlkə də günün birində bu qız onu vuracaqdı, amma indi onun
Lit.az
4
qarşısında sabah onu vuracaq bir düşməni görmürdü, Tanrının ondan imdad diləyən yaratdığı bir
varlığı görürdü. Bəlkə də uşaqlar bu qızı güllələsəydilər fərqinə varmazdı, amma zorlanmasını
qəbul edə bilməmişdi. Və qızcığazı kolluğa basmaq istəyən uşaqları saxlamışdı:
- Dəyməyin!
Araya mübahisə düşmüşdü.
- Bəs onlar bizimkiləri zorlaya bilər?!
- Biz erməni deyilik!
Onu yaxşı tanımayanlardan biri:
- Ə, nə lotuluq eləyirsən?- deyib qızın üstünə yeriyəndə o, gülləni lüləyə verib
bağırmışdı:
- Kimin kişiliyi çatır, buyursun! Cırıq-cırıq eləyərəm! Dedim ki, biz erməni deyilik.
Onun hədəqəsindən çıxmış gözlərindən qorxub geri çəkilmişdilər. Sonra qızın əynindən
çıxarılmış pal-paltarı avtomatın lüləsi ilə yerdən qaldırıb atmışdı üstünə.
- Geyin! Sürük burdan!
Soyulmuş kənd yumurtası kimi qəşəng və yeməli olan qızcığac bayaqdan ayıb yerlərini
örtmək istədiyi əlləri əsə-əsə paltarlarını götürüb tələm-tələsik geyinmişdi, amma sonra yerindən
tərpənməmişdi.
- Sürük dedim sənə!
Qulaqlarına inanmayan qız ehmal-ehmal geri çəkilməyə başlamışdı və qorxa-qorxa
soruşmuşdu:
- Qardaş, adın nədi?
- Sənin qardaşıyın... Sürük dedim.
- Sən Həzrət Abbas, adın nədi?
Qarabağ erməniləri bizimkilərə and verəndə Həzrəti-Abbasa and verərdilər. Və onlar da
çox yaxşı bilirdilər ki, qarabağlılar Tanrıdan çox Həzrəti-Abbasdan qorxurlar.
Qızın belə bir ağır and verməsi onu əsəbləşdirmişdi:
- Səni zorlayıb güllələmədiyimə görə adım eşşək oğlu eşşəkdi! Sürük dedim, qəhbə!
Qız daha heç nə soruşmamışdı, çevrilib üzü erməni kəndinə doğru qaçmağa başlamışdı,
heç dala da baxmamışdı.
Axşam Komandir erməni qızını burax
dığına görə onu danlayanda demişdi:
- Komandir, mən arvad davası eləmirəm, torpaq davası eliyirəm.
İndi O və onlar torpaq davası eləyəndə bu qarşısındakı At belində Olan Adam heç nə
olmamış kimi öz kefindəydi. Və onun vecinə deyildi ki, torpaq davası eləyən və torpaq
davasında qırılan bu cavanlar hər şeylərini, hətta nişan üzüklərini belə satıb onun da evini-
eşiyini, yurdunu-yuvasını, ailəsini, namusunu qoruyurlar. Və indi əyinlərinə əsgər paltarı deyil
kəfən geyinmiş bu vurğun vurmuş cavanlar döyüş dostları Musanın Bakıda qılçaları kəsilmiş
anasının həkiminə verməyə min manat pul tapa bilmirlər.
At Belində Olan Adam bu cavanlara həmişə yuxarıdan-aşağı baxmışdı, heç onları adam
yerinə qoymamışdı. Salamlarını hərdən ağızucu alsa da, çoxuna özü salam verməmişdi. Bazar
uşağı kimi, küçə uşağı kimi baxmışdı onlara. Tək o yox, at belində olanların hamısı günlərini
pavilyonlarda, ya da Xankəndində erməni qızlarının qucağında keçirən, “sən niyə mənə belə
baxdın” deyə heç nəyin üstündə dava-dalaş salan, kinoteatrın arxasındakı bulvarı qladiator
meydanına çevirən bu cavanların bu dünyadan nə istədiklərini başa düşə bilmirdilər. Əslində elə
cavanlar özləri də bu dünyadan nə istədiklərini bilmirdilər. Bu dünya çox böyük idi və bu böyük
dünyada bilmədikləri çox şeylər vardı. Və bu böyük dünyada bilmədikləri o çox şeyləri
öyrənmək həvəsində olmadıqlarından öz bildikləri kimi yaşayırdılar. Cəmiyyət onlara necə
baxırdı - veclərinə deyildi. Çünki onlar çoxdan tüpürmüşdülər bu cəmiyyətə də, onun
qanunlarına da! Hərdən o tüpürdükləri qanunların cənginə keçib gəzdikləri həbsxanalar da
onların gözünü qıra bilməmişdi. Onlar qorxularını analarının bətnində qoyub çıxmışdılar.
Çoxunun da iki adı vardı: biri atalarının qoyduğu, sənəddə yazılan ad, birinin də Dədə