Zorakı cəmiyyətin humanist qanunları



Yüklə 56 Kb.
tarix12.10.2018
ölçüsü56 Kb.
#73477

Zorakı cəmiyyətin humanist qanunları...
Gülər Mehdizadə
Tahir Məmmədov“ Evə pul gətirməyəndən ata olmaz”
“...24 illik evlilik, hörmət, sədaqət, sən demə, bir illik işsizlikdən asılı imiş. Bir il əvvələ qədər xarici şirkətdə sürücü idim. Şirkət bağlandıqdan sonra bir müddət iş axtardım. Tapmadım. Bundan sonra isə hörmətsizlik, həyat yoldaşımın tikanlı sözləri başladı. Danışmaq utanc verir. Neyləyim? Həyat yoldaşımın bütün günü deyinməsindən, evdən qovulmaqdan, biyabır olmaqdan bezmişəm. Hazırda hörmətsiz bir insanam. Keçən dəfə anasının oğluma “ona ata demə, evə pul gətirməyən insandan ata olmaz”,- dediyini eşitdim. Hələ bu nədir ki? Evdə məndən məsləhət alan, sayan, fikrimi öyrənən yoxdur. Maşınımı taksi kimi işlədirəm. Düzü, rayon yerində taksiyə pul verən yoxdur. Günə 3-5 manatım olur. Bu isə evdəkiləri qane etmir. Düşürlər üstümə. Mənə təsir edən indiyə qədər bir insan, həyat yoldaşı, ata kimi onların ürəyində sevgi yarada bilməməyimdir”. Bu sözləri İmişli rayon sakini 44 yaşlı Tahir Məmmədov deyir.
Onun fikrincə, həyatda hər şey puldan asılı imiş: “Bütün əsəblərim korlanıb. Neylədiyimi bilmirəm. Az qalıram baş götürüb birdəfəlik gedim. Amma hara? Bax, onu bilmirəm. Hara gedim, kimə müraciət edim? Adamı qınamazlarmı?”
Vətəndaş psixoloji zorakılığa məruz qaldığını necə sübut etsin?
Psixoloq Azad İsizadə bu halı psixoloji zorakılıq faktı kimi dəyərləndirir. Onun fikrincə, insanı alçaltmaq, şəxsiyyətinə, mənliyinə toxunmaq, sözlə hədələmək psixoloji zorakılıq hesab olunur: “Ailədə olan zorakılıq hamıya təsir edib. Zorakılıq göstərənin özünə də, qurbana da, uşaqlara da. Burada uşaqlar həm qurban, həm də zorakılıq törədəndir. Hazırda, belə problemlərlə rastlaşan insanlar çoxdur. Məsələ burasındadır ki, şəxs bununla bağlı harasa müraciət etmək istəsə, psixoloji zorakılığa məruz qaldığını sübut edə bilməyəcək. Heç bir iz yoxdur axı. Ona görə hər hansı qanun çərçivəsində həmin insanlara yardım göstərmək çətindir. Bunun üçün müstəqil ekspertiza və ya ekspert qrupu yoxdur”. Bununla belə, psixoloq çıxış yolu görür: “Ancaq ayrı-ayrı psixoloqlar o insanları qəbul edə, həmin simptomları aşkarlaya bilərlər. Məhkəmədə sübut etmək lazım olsa, həmin psixoloqlar şahid qismində fikir bildirə bilərlər”.
Evliliyin cəzası - qanunun təminatıMəişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunu 22 iyun 2010-cu ildə qəbul olunub. Bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir. Qanunun maddə 1, 1.0.4. bəndində məişət zəminində psixi zorakılıq - bu, Qanunun şamil edildiyi şəxslərin birinin digərinə qəsdən psixi təzyiq göstərməsi və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətləri zorakılıq kimi əsaslandırılıb.
Bundan əlavə, Nazirlər Kabineti məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma qaydası müəyyənləşdirib. Əgər şikayətdə cinayət tərkibi yoxdursa, yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırmalıdır.

Qanundan gözləntilər özünü doğrultdumu?
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın fikrincə, qanunun qəbulu statistikadan başqa heç nəyi dəyişməyib: “Qanunun qəbulundan 2 il keçir. Düzü, gözləntilər çox idi. Düşünürdüm ki, hardasa bir ajiotaj formasında olacaq. Çünki ailə problemləri ilə hansısa bir dövlət strukturuna müraciət edəndə məmurlar “qanun yoxdur, biz kömək edə bilmirik”-deyirdilər. Çox təəssüf ki, qanunun qəbulu heç nəyi dəyişmədi. Sadəcə statistika dəyişəcək. Müraciətlər çoxalır və artıq bu termin var. Qanun qəbul edilib, ancaq vacib olan addımlar atılmır”.
Uşaqlar da zorakılığa məruz qalır
“Əslən Yevlaxlıyam. Uzun zamandır ki, Bakıda onun-bunun yanında, küçələrdə qalıram. Kiçik yaşlarımda anam dünyasını dəyişib. Atam ağdaşlı bir qaraçı ilə yenidən evlənib. Ögey anam məni incidir, döyür, bütün günü işlədirdi. Sonra uşağı oldu. Onu da üstümə atdı ki, nə günə durursan, baxmalısan. Bütün günü uşağa baxır, evin, həyətin bütün işlərini görür, su daşıyırdım. Üstəlik hər Solmaz Kərimovaaxşam da döyülürdüm. Bir müddət sonra ikinci uşaqları oldu. Bu vaxt mənə qapını göstərdi ki, səni doydura bilmirik. Evdən çıxanda atam heç nə deyə bilmədi, çarəsizliklə seyr etdi”, - deyir 18 yaşlı Solmaz Kərimova.
Evdən çıxandan sonra Bakıya gələn Solmaz bir müddət təkər qaraltmaqla məşğul olub. Daha sonra kafelərin birində ofisiant işləyib. Hazırda Azərbaycan Uşaqlar Birliyinin nəzdində fəaliyyət göstərən Küçə Uşaqlarının Reabilitasiya Mərkəzində qalır.
Solmaz Kərimova kimilərin az olmadığını deyir Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağayeva: “Solmaz mərkəzin sakinlərindəndir. Ailə münaqişəsi zəminində evdən ayrı düşüb. Atası evlənib, ögey anası yaxşı davranmayıb və nəticədə küçədə qalıb. Belə hallar yüzlərlədi. Bu yaxınlarda mərkəzə bir ailə də yerləşmişdi. Ailə zorakılığı zəminində evdən qaçmışdılar. Dünən evə qayıtdılar. Uşaq anasında deyirdi ki, mən burda rahatlıq tapmışam, evə getmək istəmirəm. Ata ilə ananın münaqişəsi uşağa o qədər təsir edib ki, dəfələrlə özünə sui-qəsd eləmişdi, evdən qaçmışdı. Ailələrdə baş verən münaqişə, zorakılıq uşağın evdən qaçmasına, küçə həyatı seçməsinə səbəb olur. Bundan sonra da başlarına nələr gəlir. Evdə olan iqtisadi təzyiq uşağın psixoloji problemlərinin yaranmasına gətirib çıxarır”.
Qanunda uşaqlarla bağlı bənd varKəmalə Ağayeva: Qanunun uşaqlarla bağlı hissəsi tam olaraq nəyin nəzərdə tutulduğunu açıqlamır
Məişət zorakılığı haqqında Azərbaycan Respublikasının qanununun 15-ci, “Məişət zorakılığının qarşısının alınması sahəsində sosial tədbirlər” adlı maddənin 15.0.7. bəndində zərər çəkmiş uşaqların sosial qayğı ilə təmin edilməsi üçün tədbirlərin görülməsi yazılsa da, bu gün yüzlərlə uşaq ailə münaqişəsi, zorakılıq ücbatından küçə həyatı yaşayır.
Sosial qayğı deyəndə nə nəzərdə tutulur?
K.Ağayeva deyir ki, qanunda sosial qayğı deyəndə nəyin nəzərdə tutulduğunu bilmir: “Əgər uşaq ailədə qala bilmirsə, baş götürüb gedirsə və ya incidilir, döyülürsə, valideynlərə qarşı cəza tətbiq olunmalıdır. Bu hadisələr onun psixologiyasının posulmasına və gələcəkdə vətəndaş kimi formalaşmasına mənfi təsir edəcək. Əgər sosial qayğıdan söhbət gedirsə, yəqin hansısa psixoloji yardımlar edilməsi nəzərdə tutulub. Ancaq hələ bu yoxdur. Ümumiyyətlə, heç qanunda da həmin bənd tam olaraq nəyin nəzərdə tutulduğunu açıqlamır”.
Zorakılıq - qadına qarşı…
“Onunla 2001-ci ildə təsadüf nəticəsində tanış oldum. Valideynlərim razılıq vermədikləri üçün məni qaçırdı. Onlara gedəndə atası ağır xəstə idi. Bir aydan sonra rəhmətə getdi. Mübahisə də bundan sonra başladı. Qaynanam və baldızlarım bizdən evdən çıxmağımızı istədilər. Kirayə ev tapıb çıxdıq. Kirayədə yaşadığımız vaxt qızımız dünyaya gəldi. Baldızım uşağı bizdən övladlıq istədi. Yoldaşımı razı saldılar. Mən razılaşmayanda yoldaşım məni döyməyə başladı. Deyirdi “ya uşağı öldürəcəm, ya da verəcəyik bacıma”. Düz iki yaşına qədər uşağı apardılar, mən getdim gətirdim. Oğlum dünyaya gələndən bir neçə gün sonra baldızım Qubadan olan bir kişi ilə ailə həyatı qurdu. Qərar qəbul olundu ki, qızım da onlarla gedəcək. Razılıq vermədim. Məni döydülər. Günlərlə evə buraxmadılar, ac saxladılar. Nəhayət, dedilər ki, razılaşmırsansa, boşanmalısan. Uşağımı apardılar”, - deyir 36 yaşlı Şölə Balakişiyeva.
Qızının Qubada baldızının əri tərəfindən döyüldüyünü, çox dəhşətli həyat yaşadığını deyən Şölə dəfələrlə onun arxasınca getsə də, qapıdan qovulub: “Balam məndən uzaq qala bilmirdi. Yoldaşımı məhkəməyə verəcəyimi dedim. Əksinə oldu. Yoldaşım məni boşanmaq üçün Abşeron Rayon Məhkəməsinə verdi. Razı olmayanda, qaynım məni vəhşicəsinə döyərək, balaca oğlumu da qucağıma verib ayaqyalın evin pilləkənindən itələdi. Yıxıldım. Oğlumun qucağımda qolu sındı. İndi müvəqqəti olaraq evimdə qalıram. Amma qaynım bizi evdən çıxarmaq üçün məhkəməyə verib. Buna görə məni qorxudurlar. Üstümə maşın sürürlər, gecələr qapımızı döyürlər, daş atırlar. Uşağımı məktəbə güclə aparıb gətirirəm. Psixologiyası pozulub, durduğu yerdə qışqırır, ağlayır, yalvarır ki, məktəbdə onunla qalım. Bütün bunlara bir gün qızıma qovuşmaq ümidi ilə dözürəm”.

Qanun deyir ki...
Şölə Balakişiyeva qızının baldızının əri tərəfindən döyüldüyünü, çox dəhşətli həyat yaşadığını deyir
Qanunvericiliyə görə, məişət zorakılığına məruz qalmış şəxs ilkin olaraq müvafiq yerli icra hakimiyyətinə müraciət etməlidir. Yerli icra hakimiyyəti orqanı 5 gün içində zorakılığın növünü (fiziki, psixoloji, iqtisadi, cinsi) müəyyən etməli, tədbir görməlidir. Maddə 5: “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”. Maddə 11.1: “Məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərərçəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxsə həmin və ya ona oxşar hərəkətlərin təkrarlanmaması barədə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər”.
Əslində necədir?
Sədaqət Paşayeva Başına gələnlərlə bağlı Şölə Balakişiyeva dəfələrlə polisə, sahə müvəkkilinə, Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edib. Polisdən “get, sübutun olanda gəl” deyilib, İcra Hakimiyyətindən isə bildiriblər ki, bu məsələnin onlara aidiyyatı yoxdur.
Zərərçəkənin nümayəndəsi Sədaqət Paşayeva deyir ki, Şölə Balakişiyeva onun təmsil etdiyi D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətinə 2011-ci ilin qışında müraciət edib: “O vaxt onun işi uşaq tələbi ilə bağlı Abşeron Rayon Məhkəməsində idi. Xanımı çox qınayırdılar ki, sən çox dillisən, ailəni dolandırmaq gücündə deyilsən. Mən məhkəməyə onun vəziyyəti ilə bağlı məlumat versəm də, hakim qərar qəbul etdi ki, uşağın biri anada, biri atada qalsın”.
S.Paşayevanın sözlərinə görə, bu zorakılığın cinayət əməli kimi tanınmasının vaxtı çoxdan çatıb: “Məişət Zorakılığı ilə bağlı qanunun qəbulu hər şeyin həlli demək deyil. Bu gün cəmiyyətdə belə məsələlər açıq qalır, bunların qarşısını qanun ala bilmir. Çünki hüquq norması yoxdur. Prosesin ortasında hakim çox rahatca “sən heç arvad olmamısan ki. Hamının ailəsində olur də söz-söhbət, dözməlisən”, - sözünü deyə bilir. Məhkəmə səlahiyyətlisi belə deyirsə, gör indi cəmiyyətdə vəziyyət necədir. Qanun iki ilə yaxındır ki, qəbul olunub. Amma onun işləmə mexanizmi sıfra bərabərdir. İndiyə qədər hər hansı bir məhkəmə prosesində məişət zorakılığı ilə bağlı qanunun hər hansı bir müddəasını irəli gətirən bir iddia sənədi, prosesi tənzimləyəcək hüquqi akt olmayıb. Qanunda icra hakimiyyətinin, bələdiyyələrin, yerli özünüidarə orqanlarının vəzifələri var. Amma gerçəkdə bunların heç biri yoxdur. Qanuna görə icra hakimiyyətində bu məsələlərə baxan xüsusi şöbə olmalıdır. Şikayətimiz qarşısında Abşeron Rayon İcra Hakimiyyəti bizi həmin şöbəyə yönləndirməli idi. Etmədi, çünki struktur yoxdur. Dəfələrlə sahə müvəkkilinə müraciət etmişik. Xeyri yoxdur. Vətəndaşların taleyi havadan asılıdır”.
Şifahi xəbərdarlıq edilib
Şölə Balakişiyevanın yaşadığı ərazi üzrə sahə müvəkkili Alqayıt Mikayılov da xanımın ailədaxili zorakılıq zəminində onlara müraciət etdiyini təsdiqlədi: “Həmin xanım bir neçə dəfə bizə müraciət edib. Həyat yoldaşı və qaynından şikayət edib. Biz isə öz vəzifəmizi yerinə yetirmişik. Şəxslərin hər ikisinin bölməyə çağırıb şifahi xəbərdarlıq etmişik”.
Zərərçəkənin həyat yoldaşı Əlihüseyn Balakişiyev isə “Mən onun namusuna artıq-əskik söz deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, çox dillidir, yola gedə bilmədik” - dedi. Onun sözlərinə görə, 31-ci dəfədir ki, boşanırlar: “Saymışam, düz 31 dəfə uşaqları üstümə atıb anasıgilə gedib. Sonra da bəhanə edir ki, guya uşağı ondan oğurlayıb Qubaya aparıblar. Elə şey olar? Hansı dövrdə yaşayırıq? Yalan danışır. Uşaq hal-hazırda mənim yanımda qalır”.
Əlihüseyn Balakişiyev görüşmək, uşaqla bağlı hər hansı məlumat vermək, hətta uşağı göstərmək istəmədi.
Qanun var, işləmə mexanizmi yoxdur
“Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova Azərbaycan kimi ciddi stereotipləri olan ölkədə məişət zorakılığından danışmağın çətin olduğunu deyir: “Mənim evimin sirri, mənim sirrimdir. Heç kim bilməməlidir. Bu sahədə vəziyyət həmişə ağır olub, əsasən də qadınların vəziyyəti. Qadınlar döyülüb, söyülüb. Son zamanlar isə daha çox ailələrdə qadınların öldürülməsi halları artıb. 2010-cu ildə qanun qəbul edilib. Qanunun mexanizmləri 4 ay ərzində işlənib qurtarmalı idi, artıq 2012-ci ildir və hələ də hazır deyil. Digər problem isə həmin qanunda polisin rolunun müəyyənləşdirilməməsidir. Qanun sadəcə profilaktik tədbirlərin görülməsini nəzərdə tutub”.
Zorakılığa qarşı 100-300 manat cərimə...
Milli Məclis iyunun 29-da Cinayət Məcəlləsinə əlavə və dəyişiklikləri qəbul edib. Adam döyməklə bağlı maddə (132-ci maddə) Məcəllədən çıxarılıb və İnzibati Xətalar Məcəlləsinə əlavə edilib. Yəni, bundan sonra adam döymüş şəxs inzibati həbs alacaq və ya cərimə ödəyəcək. Buna görə 100 manatdan 300 manata qədər cərimə nəzərdə tutulub.

Pulu olan cəriməsini ödəyib, həyat yoldaşına yenə əl qaldıracaq”


“Biz buna etirazımızı bildirməli idik. Çünki burada zorakılıq edən şəxsə 100-300 manatlıq cərimə nəzərdə tutulub. Belə olan halda döyülmələrin sayı artacaq. Pulu olan adam cəriməsini ödəyib yenidən həyat yoldaşına əl qaldıracaq. Ya da pul ödədiyinə görə ona psixoloji zorakılıq göstərəcək. Bizdə isə hələ elə meyarlar yoxdu ki, psixoloji cəhətdən məhv edildiyini sübut edəsən. Bunun İnzibati Xətalar Məcəlləsinə aid edilməsi “Məişət Zorakılığı ilə bağlı qanun”un tətbiqinə əngəllər törədəcək”.
Zorakılığın statistikası...
Ötən illərin müqayisəli statistikası göstərir ki, qanunun qəbulu cinayət faktlarının ortaya çıxmasına kömək edib. Məsələn, Dövlət Statistika Komitəsinin 2008-ci ildə keçirdiyi sorğuya görə, əhalinin 77 faizi cəmiyyətdə daha çox qadınların və uşaqların zorakılığa məruz qaldığı fikrindədir. Daxili İşlər Nazirliyinin gətirdiyi rəqəmlərə görə, 2007-ci ilin əvvəlindən 2009-cu ilin oktyabrınadək olan müddətdə Azərbaycanda qadınlara qarşı 17 min 354 cinayət hadisəsi qeydə alınıb. Qadınlara qarşı cinayətlərin 11 min 389-u şəxsiyyət əleyhinə olub.
2011-ci ilin 6 ayı ərzində isə məişət zorakılığı ilə bağlı qeydə alınmış 847 cinayət hadisəsi zamanı 854 qadın zərər çəkib və onların 19-u 18 yaşadək qızlar, biri isə hamilə qadındır.
Əgər qanunun qəbulu faktları üzə çıxarırsa, mexanizmin işlənməsi problemin qarşısını ala bilər. Təəssüf ki, bu sahədə heç bir irəliləyiş görünmür.
Yüklə 56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə