Yusif Şükürlü



Yüklə 1,13 Mb.
səhifə2/7
tarix26.09.2017
ölçüsü1,13 Mb.
#1659
1   2   3   4   5   6   7
* * *

Hava bürkü idi. Göy şabalıdların yanına çatanda dağ sərinliyi hiss olunmağa başlamışdı. Tərxan çay termosu və çörək olan çantanı çiyninə taxmışdı, qabaqda gedirdi. Ata ov tüfəngini lüləsi aşağı vəziyyətdə çiyninə keçirtmiş, o biri əlinə də bükülmüş kilim parçası aparırdı.



  • Ata, milçək dərmanını götürmədik. Milçək bizi yatmağa qoymayacaq.

  • Növbə ilə yatarıq. Sonra da ki, niyə yatırıq, axı?

Yetti ilə söhbətimiz olacaq.

  • Ata, Yetti evdə qalmadı?

  • Yox, o yəqin indi də bizimlədir. Amma biz onu görmürük.

  • Mən görürəm. O gəlsə, mən onu görərəm.

  • Darıxma, görəcəksən!

  • Ata, sən haradan bilirsən ki, o gələcək?

  • Biz onu daha çox maraqlandırırıq!

  • Niyə?

  • Onu mən səndən də az bilirəm. Görək nə olur?

  • Ata, sən qorxmursan?

  • Niyə qorxum ki?

  • O, iri, tüklü və qorxuncdur?

  • Onun bütün bədəni tüklüdür?

  • Yox, ata. Üzü, saqqalı...

- O qorxunc olsa, səni sudan çıxartmazdı ki? Sənin sudan çıxarılmağına görə mən ona borcluyam!....

- Elə mən də.

- Onda bəs biz nədən qorxuruq?

- Heç nədən!... Getdik, ata!

Tərxan atası ilə qoruğa çatanda, artıq gün günortadan əyilmişdi. Onlar iri, qollu-budaqlı alma ağacının kölgəsini özlərinə düşərgə etdilər. Ağacın altında bir-iki əvəlik bitmişdi ki, bunlar da kilimin yerə sərilməsinə mane olmurdu. Tərxan çantadan süfrəni çıxarıb, kilimin ortasına açdı. Nəlbəki, fincan, qənd qabını süfrənin üstünə düzüb, termosdan çay süzdü. Ata gördü ki, Tərxan üç fincana çay süzür:


  • Bu çayın biri kimindir?- soruşdu.

  • Yettinin.

  • Yetti də çay içir ki?

  • Niyə içməsin. axı?-dedi, -onun ürəyi yanmır?

  • Yaxşı...

Ata bu gün Yetti ilə görüşəcəklərinə inanmırdı. Amma bu görüşü çox səbirsizlik ilə gözləyirdi. Elə hey Tərxana:

  • Tərxan, bir ətrafa bax. Gör, dostun görünmür ki?- deyirdi.

Elə bil Tərxanın da Yetti ilə çay içmək istəyi bu günə qalmışdı. Atasından soruşurdu:

  • Ata, gördün? Çay soyudu, Yetti gəlib çıxmadı. Buna nə oldu görəsən?

  • Ona heç nə olmaz!-deyə ata onu arxayınlaşdırdı.

- Yəqin görüşlərin yerini və vaxtını özü təyin edir və bizim onu xəbərdar etmədən bura gəlməyimiz bu görüşün baş tutmamasına səbəbdir.

- Ata, mənə elə gəlir ki, Yetti bura gələcək. Axı, o özü mənə söz verdi ki, bu gün görüşəcəyik.

- Hələ axşama çox var,-deyə yenə ata Tərxanı sakitləşdirməyə çalışdı.- O söz veribsə deməli gələcək!

Birdən “Bağ” adlanan fındıq sahəsinin çəpərindən çöp sınan səs gəldi. Tərxan sevincək ayağa qalxdı və əli ilə çəpəri göstərib pıçıltı ilə dedi:



  • Gəlir!

  • Sən onu görürsən?

- Yox,- dedi və diqqətlə ora doğru baxdı. – Görürəm! Amma Yetti deyil, iki nəfər tüfəngli ovçulardır. Yəqin dağa gedirlər.

-Sən sakit ol! Onları mən də görürəm,-deyə ata Tərxanın çiynindən tutub aşağı çökməsini işarə etdi.

Tərxan kilimin üstə dizi üstə oturdu və atasına pıçıltı ilə:


  • Ata, onları tanıyırsan?-dedi.

- Bəli. Rasimlə Rəşiddir. Sakit dur, qoy getsinlər! Onlar bizim görüşümüzə mane olacaqlar!-deyə ata əli ilə işarə etdi.- Yasaqlığa icazəsiz girmələrinə görə, onlarla sonra danışarıq!

- Yaxşı ki, onlar Yettini görmədilər !-deyə Tərxan belə bir görüşün Yetti üçün qorxulu olacağı fikrini bildirdi.

- Yəqin ki, onlar da mənim kimi Yettini görə bilməzlər!- deyə ata Tərxanı arxayınlaşdırdı.- Onu yalnız sən görürsən, sən eşidirsən.

- Hə də!- deyə Tərxan qürrələndi.

Ata da kilimin üstündə dirsəklənib uzandı. Sonra qolunu başının altına qoyub üzü aşağı çevrildi və Tərxana:


  • Sən postda dur, mən də bir az yatım!-dedi.

  • Yaxşı, yat! Mən Yettini gözləyirəm, - deyə ayağa qalxdı və tüfəngə doğru baxdı.

Ata Tərxana tapşırdı ki, tüfəngə toxunmasın. Tərxan da bir az gözləyəndən sonra atanın yanında uzanıb ona söykəndi və tez də yuxuya getdi. Ata yavaş-yavaş dikəlib oturdu və kilimin bir küncünü qaldırıb Tərxanın üstünü örtdü. O biri ucunu büküb başının altına qoydu və özü ayağa qalxdı. Bir az gəzişmişdi ki, Məyəl tərəfdən gələn yolda baba göründü. O çiynində dəryaz, qoltuğunda kisə, ot biçməyə gəlirdi və atanı görən kimi səsləndi:

  • Ədə! Tərxan hanı?

  • Yatıb.

- Necə yatıb? – deyə baba təəccüblə soruşdu. -Sən bilmirsən ki, onu belə yerdə, çöldə, bayırda yatdırmaq olmaz?!

- Niyə?


- Çünki yuxuda qorxur, gözünə cürbəcür şeylər görünür! Baba əlindəki kisələri alça ağacının dibinə atdı və dəryazı budaqdan asdı. Sonra yaxına gəlib Tərxana baxdı.

- Hə, yaxşı! Sən bir az ot çal, mən də Tərxanın yanında uzanım. İsti məni bərk karıxdırıb,-deyə baba da kilimin üstündə uzandı. Sonra atadan soruşdu:-Çay qalmayıb ki?

- Məncə qalıb,-deyə ata cavab verdi.-Hərəmiz bir fincan içmişik. Ata “Yettinin fincanından” soyumuş çayı atıb, babaya termosdan çay süzdü və fincanı babanın qabağına qoyub dedi:

- Bir az bundan əvvəl Rəşidlə Rasim dağa getdilər.

- Hansı dağa?

- Bu dağa!- deyə ata əli ilə dərəni göstərdi.

- Soruşmadınız nəyə gedirlər?

- Tüfənglə adam nəyə gedər?- deyə ata gülümsədi.

Baba hirslə:

- Bəs siz də durub baxdınız? Niyə buraxmısınız onları? Dünən bir təkə qışqırırdı. Fincandakı çayı şəkərsiz başına çəkib, ayağa qalxdı və tüfəngi götürüb ataya:

- Patronları ver!-dedi. -Sonra əlavə etdi,-iki kişi burda ola-ola uşaq-muşaq yasaqlığa keçir, gedir cüyür vurmağa! Ay vurdular ha! Onların ovlarını burunlarından tökərəm, məni tanıyarlar!...-deyə ovçuların ünvanına bir neçə yağlı söyüş də göndərdi.

Ata çantadan patron bükülmüş sellofan torbanı çıxarıb babaya verdi. Baba onları götürüb ataya dedi:



  • Siz otu hazır edin! Mən onları düşürüb, otu da yükləyəcəyəm bellərinə!

  • Ata, ehtiyatlı ol! Uşaqların ikisi də silahlıdır.

  • Nə olsun silahlıdırlar? Deyirsən bir darıya girəcəklər, bir də üstəlik xoruldayacaqlar?

  • Nə bilim, mən ehtiyat üçün...

  • Siz ehtiyat üçün onları yuxarı buraxdınız?

  • Yox. Başqa səbəb var idi.

  • Nə səbəb?

- Ata! Sonra danışarıq! İndi heyvanın tərpənən vaxtıdır. Sonra gec olacaq. Gedirsənsə, özün get, yox getmirsən, qoy mən gedib onları düşürüm!

- Yox! Mən indi onların harada olduqlarını ovcumun içindəki kimi bilirəm. Sən işində ol! Biz gəlincə otu hazır elə!

Baba getdi. Ata da dəryazı götürüb ot biçməyə başladı və aradan beş-on dəqiqə keçməmişdi ki, dərədə güllə səsi eşidildi. Ata tüfəngin səsindən bildi ki, bu babadır. Tərxan da ayıldı. Durub atanın dəryazla ot biçdiyini görüb təəccüblə soruşdu:


  • Ata, babanın dəryazını bura kim gətirdi?

  • Özü.

  • Özü?!- Tərxan heyrətləndi. –Bəs baba hanı?

  • Ovçuları tutmağa getdi.

  • Ata, bəs Yetti gəlmədi?

  • Mən onu görmürəm ki! Nə bilim, gəlib ya yox?

  • Ata, orada çiyələk var?

- Görünmür. Çiyələk meşənin içərilərində,-kölgə yerlərdə olar. Burada çiyələk iyunda olur.

- Mən çiyələk axtarmağa gedirəm!

- Hələ gəl, otun tikanlarını seç! Sonra onu kisələrə dolduraq ki, baba qayıdana kimi çiyələk də axtara bilək.

Tərxan biçilmiş otun içərisindəki qanqal və böyürtkən kollarını həvəslə seçib kənara yığırdı. Birdən əlində olan kolu yerə atıb ataya tərəf qaçdı və pıçıldadı:



  • Ata, ata! Yetti gəlib...

Ata dəryazı saxladı və çevrilmədən soruşdu:

  • İndi o haradadır?

  • Kilimin üstə oturub.

  • Deyəcəksən ki, çay içir?

  • Yox, heç bizim tərəfə baxmır.

  • Bəs nə edir?

  • Fincana, termosa bir də çantaya baxır.

  • Əlinə götürüb baxır?

  • Yox. Heç nəyə toxunmadan tamaşa edir.

  • Onda onunla salamlaş!... Bəs niyə qaçıb, mənim yanıma gəlirsən?

  • Ata, mən onun yanına gedim?

- Yox! Ona müəyyən məsafəyə qədər yaxınlaş! Bilirəm, o sənin dostundur, amma çox da yaxına getmək məsləhət deyil...

- Yaxşı!- deyə Tərxan alma ağacına doğru bir-iki addım atıb, dayandı və sağ əlini qaldırıb, bərkdən:

- Yetti, salam!-dedi.

Ata çevrilib alma ağacının dibinə baxdı. Orada əşyalardan qeyri heç nə yox idi.

- Ata! – deyə Tərxan atasına tərəf çevrildi,-ata, bizim ona “Yetti” adı verməyimizə görə bizə yenə təşəkkür edir. Deyir bu ad çox xoşuna gəlir. Bir də deyir ki, istəyirsinizsə söhbətimizi davam etdirək.

- Olar!...-deyə ata razılaşdı.- Amma, ondan soruş görüm biz burada, elə ayaq üstə dayanacağıq?

- Ata, Yetti deyir ki, əslində biz ona harada oturmağını təklif etməliyik. Deyir, xahiş edirəm siz özünüzə rahat yer seçəsiniz.

Atanın kürəyi gizildəyirdi. Bilmirdi qorxur, yoxsa ehtiyat edir. Əslində nə Yettini görür, nə də səsini eşidirdi. Yalnız Tərxan onun üçün gözəgörünməz bir varlıqla əlaqələndirici rolu oynayırdı. Kənardan baxan elə bilərdi ki, bunlar hansısa bir tamaşanın məşqini keçirdirlər.

Ata dəryazı budaqdan asıb, almanın dinibə tərəf yollandı və Tərxandan soruşdu:


  • Tərxan! Mən hansı tərəfə gedim ki, onun üstünə çıxmayım?!

- Ata, Yetti artıq bizim kilimimizin üstündən çəkilib, kənarda dayanıb bizi gözləyir.

- Mənim adımdan da ona salam söylə. Öyrən, gör nə qədər vaxtımız var? Baba gəlincəyə qədər söyləsin, görək o kimdir?! Haradan gəlib? Səndən nə istəyir? Bizim ona nə köməyimiz ola bilər?..

Ata özünü toplaya bilmir, dili topuq çalırdı.


  • Ata, sənə nə olub? Səsin niyə titrəyir? Ata, sən qorxursan?

- Yox Tərxan! Mən çox həyəcanlanmışam. Bu görüş məni bir təhər etməsə yaxşıdır!

- Ata, Yetti deyir ki, əgər sənin üçün münasib vaxt deyilsə, görüşü təxirə salmaq olar. O, xahiş edir ki, həyəcanlanmayasan.

- Yox, yox!... Lazım deyil. De ki, elə indi danışaq! Sən ondan soruş ki, birbaşa mənim özümlə danışa bilməz?

- Yetti deyir ki, bu mümkün deyil. Belə əlaqə yalnız mərkəzdə müəyyən fərd üçün planlaşdırılır.- Tərxan bir az duruxdu və davam etdi,-ata, o deyir ki, “Günəş” ulduz adlanan sisteminin “Yer” adlanan planetinin “insan” adlanan canlıları ilə yalnız mənim vasitəmlə danışığa girə bilər. Yetti deyir sən hesab elə ki, o da Tərxanın başqa bir ulduz sisteminin planetindəki inikasıdır...

Tərxan yenə duruxdu və atasından soruşdu:

- Ata, inikas nədir?

- Onu sonra başa salaram. Sən Yettiyə qulaq as!

- Ata, o deyir ki, sizin “Yer” adlandırdığınız “Qapro” planetinə, yəni Runo (Günəş) sisteminin Qapro planetinə, Yer astronomik kataloqlarında “Tovuz bürcü” adlandırdığınız bürcün Siqma ( ) adlandırdığınız ulduzun sistemindəki pi ( ) planetindən göndərilib. Yerdə yalnız Tərxanın vasitəsi ilə müəyyən suallara cavab aldıqdan sonra qayıdıb gedəcəklər. O, tək deyil. Çaxıl dağının üstündə uçan aparatları və idarəedici sistemləri var. Yerdə qalma vaxtları məhduddur.

- Sən ondan soruş ki, niyə sənin gözünə neandertal şəklində görünür?

- Ata, Yetti deyir ki, o neandertal adam şəklində yox, Yerə saç və saqqallı yaşlı adam şəklində göndərilib və Tərxan onu elə görür. Tərxan heç vaxt deməyib ki, Yetti neandertala oxşayır. O sizin fərziyyənizdir.

- Yetti! Mən sizinlə birbaşa əlaqə saxlaya bilsəm bu bizim hamımız üçün çox əlverişli olardı,-deyə ata yenə öz təkidini bildirdi.

- Ata, o söz verir ki, nə mümkündürsə, onu etməyə çalışacaqdır.

- Yettiyə de ki, biz bu cür görüş keçirə biləcəyimizə o qədər də inanmırdıq. Ona görə də bu görüşə hazır deyilik. Yaxşı olardı ki, biz əməlli-başlı hazırlaşaq ki, görüşümüz səmərəli keçsin...

- Yetti ona olan münasibətimizə görə bizə, təkrar, öz minnətdarlığını bildirir. Deyir ki, aramızda olan məsafə fərqinəmi, yoxsa kainatın özündə olan cüzi dəyişikliklərin zamana təsirinin nəzərə alınmaması üzündənmi, görüşümüz Tərxanın kiçik yaşına təsadüf edib. Bizim bu çətinliyimizin aradan qaldırılmasında sənin köməyin çox yerinə düşüb. Bu fürsətdən istifadə edərək, gələcək söhbətimizin gedişini qurmaq üçün, yerdənkənar sivilin yer planetinə gəlməsi haqqında nə qədər məlumata malik olduğunuzu bilməyimiz lazımdır.

- Bizim məlumatlarımız ümumi şəkildədir.

- Yetti soruşur ki, ümumi şəkildə olmaq nə deməkdir?

- Yəni əlimizdə tutarlı və elmi izahı olan dəlil yoxdur ki, ona əsaslana bilək. Amma elə faktlar da var ki, yerdənkənar sivilin hələ qədim zamanlardan Yer planetinə gəlmələrindən xəbər verdiyini güman etmək olar.

- Ata, Yetti deyir, başa düşülmədi. Sən əvvəlcə deyirsən ki, “dəlil yoxdur”, sonra da deyirsən “xəbər var”. Bu nə deməkdir?

- Yerdənkənar sivilin Yerə gəlmələrinə qədim hind abidələri, Pasxi adasındakı daş heykəllər, Misir ehramları, Müqəddəs kitablardakı deyimlər şahidlik edir. Bizi həmişə düşündürür ki, Atlantida və Lemuriya adlı kontinentlər doğrudanmı olub?... Bermud üçbucağının sirri nədədir? Görəsən Hilhameş haqqında əfsanə birinci kosmik reportaj deyil ki?! Dəlilin olmamasını onunla izah edirəm ki, hal-hazırda alimlər bir çox “sirli” və izaholunmaz sualların cavabını tapırlar və çox vaxt da sübut edirlər ki, kosmik paleokontakt və katastrof nəzəriyyəsi tərəfdarları ya sadəcə olaraq elementar faktları bilmirlər, ya o barədə danışmamağı üstün tuturlar, ya da artıq məlum olan mətləbləri də qəsdən saxtalaşdırırlar.

- Bəs hal-hazırda Yer planetində “Yerdənkənar sivil” mövzusuna münasibət necədir?

- Bizdə “ufologiya” adlanan elm sahəsi var ki, bu da Yerə başqa planetlərdən gələn “naməlum uçan əşyaları” öyrənməklə məşğul olur. Müəyyən faktların saxtalaşdırılmasını nəzərə almasaq, Yerdə hal-hazırda işlədilən Milad təqviminin 1972-ci ilində Erix fon Denikenin “Gələcək haqqında xatirələr” filmi insanlarda yerdənkənar varlığı öyrənmək üçün kifayət qədər həvəs yaratmışdı. Yfologiyaya olan maraq təkcə bu son dövrlərin hadisələri deyil. Hələ bir polyak jurnalında ABŞ NASA-sının mühəndisi Jozef F.Blümrix peyğəmbər İzegiilin dediklərinə əsasən kosmik gəminin sxemini də çəkmişdir......

- Ata, Yettini yerdənkənar sivilin Yer planeti sakinləri ilə qarşılıqlı əlaqəsi maraqlandırır...

- Hə!... Kosmopaleokontakt hipotezi!...

- O nə olan şeydir? Ata, Yetti xahiş edir bu anlayışı daha ətraflı izah edəsən.

- Yəni insan kosmosdan gəlmiş Yerdənkənar sivilin yaratdıqları varlıq olmasını müdafiə edən nəzəriyyədir.

- Ata, Yetti insanların həmin məsələyə olan münasibətini bilmək istəyir.

- Fəlsəfə dərsliklərindən məlumdur ki, qədim Roma şair-filosofu Lukretsi Kar özünün “Şeylərin təbiəti haqqında” poemasında deyir ki, “Təbiətdə gördüyümüz hər nə var bunlar tək deyil və bütün bunlara görə biz inanmalıyıq ki, başqa məkanlarda başqa yerlər də var. Oralarda başqa adamlar və başqa heyvanlar yaşayırlar”.

- Ata, Yetti xahiş edir sənə çatdırım ki, bu fikir paleokontakt barəsində heç nə demir!...

- Paleokontakt nəzəriyyəsinin əsasını amarikalı Çarlz Hoy Fort qoyub. Bu adam ömrü boyu işləyib və sübut etməyə çalışıb ki, onun topladığı məlumatlar insan təkamülü haqda qəbul olunmuş elmi nəzəriyyələrin üstünə kölgə salır. Onun belə bir şüarı da var ki, “elmi alimlərdən qorumaq lazımdır”.

- Ata, Yetti deyir ki, ümumi fikirlərdənsə bir neçə konkret fakt deyə bilsəniz çox faydalı olardı...

- Yaxşı! 1919-cu ildə Ford “lənətlənmişlərin kitabı” adlı əsərində yazır ki, “biz kimlərinsəyik!”, kimlərsə gəlib burada tədqiqat aparıb, özlərinə kaloniya düzəldiblər”, ...”bizi bizdən daha yüksək şüura malik varlıqlar idarə edir”, “biz və bizim dünyamız kimlər üçünsə təcrübə sahəsi və ya laboratoriyadır”...-dedi və fikrə gedərək, susdu.

- Ata! Yetti xahiş edir ki, davam edəsən!

- Fordun ardıcıllarından olan Jak Bertye və Luis Pauels əllinci illərdə Parisdə bu mövzuya həsr olunmuş “Planet” jurnalını buraxmağa başladılar. 1953-cü ildə C.Lesli və C.Adamski “Uçan boşqablar yerə endilər” adlı kitab nəşr etdirdilər. Artıq 1960-cı ildə onlar deyirdilər ki, “biz yerdənkənar sivilin Yer planetinə gəlməsini və bizdən əvvəl də bu planetdə daha yüksək şüura malik sivilin- atom sivilinin yaşaması və onların izsiz-tozsuz yoxa çıxması fikirlərini inkar etmirik... Deyirlər ki, biz inkar etmirik ki, bizdən əvvəl Yerdə bizim səviyyəmizdən də yüksək bilik və texnikaya malik olan sivil yaşayıb...

- Ata, Yetti xahiş edir davam edəsən.

- Hə! 1964-cü ildə italiyalı Pyerto Kolosimonun “Sirli Yer planeti” və ingilis yazıçısı Uolter Reymond Dreyk ”Allahmı, yoxsa kosmonavtlar” adlı kitablarını bu mövzuya həsr etdilər. Bütün bunlar arasında ən şah əsəri Erix fon Deniken yaratdı. O, 1968-ci ildə nəşr etdirdiyi “Gələcək haqqında xatirələr” kitabında paleokontakt haqqında nəzəriyyəni ümumi şəkildə şərh etdi. Həmin kitabda müəllif arxeologiya, mifologiya və tarix sahələrindəki çoxsaylı dəlillərdən istifadə edib....

- Ata, Yetti yenə xahiş edib, soruşur ki, paleokontakt haqqında nəzəriyyə barəsində konkret bir şey bilirsinizmi?

- Mən yadımda olanları sayıram. Erix fon Deniken deyir ki, mənim nəzəriyyəm belədir: birincisi- hələ qədim zamanlardan bir neçə dəfə kosmosdan yerə təşrif buyurublar; ikincisi – o naməlum gəlmələr o zamanlar Yerdə yaşayan homonoidləri süni və məqsədyönlü şəkildə, mutasiya yolu ilə şüurlu varlıqlara- insanlara çevriliblər; üçüncüsü- kosmosdan olan gəlmələrin Yerdə olmasını əks etdirən qədim adət-ənənələr , deyim, əfsanə və nağıllar, müxtəlif əşya və tikintilər üzərində istənilər qədər izlər tapmaq mümkündür....

- Ata, Yetti sənin yaddaşına heyran olduğunu bildirir, məlumatların üçün minnətdarlıq edir.

- Tərxan! Mənə də təəccüblü gələn odur ki, Yetti ilə olan söhbətimiz zamanı başım saat kimi işləyir!-deyə ata sol əlinin şəhadət barmağı ilə qulağının dibini göstərdi.

- Ata, Yetti deyir ki, yəqin siz də bizim görüşlərimiz haqqında nə isə bir şey yazacaqsınız. Eləmi?

-Əgər məsləhətdirsə, yazmaq olar...

-Deyir o işin bizə dəxli yoxdur və heç bir məsləhət də verə bilmərik. İstəsəniz yazarsınız, istəməsəniz yox!

-Əslində belə yazılarin sahibləri elm adamları tərəfindən agır başadüşülməzliklə qarşılanırlar. Onlar bizi tənqid edəcəklər və başlayacaqlar sonsuz sayda suallar verməyə ki, harada? nə vaxt? niyə?...Lakin elə elm adamları da var ki, onlar paleokosmonavtikanın keçirdiyi bu agırlıqları hiss edir və onu müəyyən mənada müdafiə edirlər.

-Ata! Yetti deyir ki, belə bir yazının sahibi olacaq sən kainat haqqında nələri bilirsən?

-Şəxsən mənim kainat haqqında bildiklərim çox azdır. Əgər Yettini maraqlandırırsa, bizə lazım olacaq ədəbiyyatları taparıq.

-Ata, Yetti deyir ki, onu yalnız gələcək yazılarımıza görə bizim bilik dairəmiz maraqlandırır. Çünki gələcək söhbətlərimizi də bu çərçivədə qura bilsək çox səmərəli olar.

-Yaxşı... Ona de ki,bizə kainatın sonsuz ölçüyə malik olması məlumdur. Planetlər müəyyən ulduzların ətrafında qruplaşmaları ilə planet sistemlərini təşkil edirlər, ulduzlar qruplaşaraq qalaktikaları, qalaktikaların qruplaşması isə meqaqalaktikaları əmələ gətirir...

-Yetti deyir ki, dünya daha mürəkkəb və mükəmməl sistemlə qurulub! Xahiş edir davam edəsən.

-Bəli! Albert Eynşteynin dünya quruculuguna baxışı bizi də belə nəticəyə gətirib ki, fəzanın xüsusiyyətləri onu təşkil edən materiyadan asılıdır və materiya fəzanı əyir. Bu əyilmə cisimlər arasında cazibəni yaradır. Biz isə cazibəni agırlıq qüvvəsi kimi hiss edirik.

-Ata,Yetti soruşur ki, materiyanin işıq şüalarına təsiri barəsində məlumatımız nə qədərdir?

-Mənim bildlyimə görə materiya işıq şüalarının yolunu əyə bilər. Astronomlar Günəşin kənarı yaxından keçən ulduzların işıgını müşahidə edərkən bunu yəqin ediblər.

- Ata, Yetti razılaşır və deyir ki, deməli, əgər materiya çox olsa və güclü sıxlaşma baş versə, işıq şüalarının uc-uca qapanma dərəcəsinə qədər əyilməsi mümkündür.

- Bəli.

- Deyir elədirsə, onda işıq şüaları həmin sıxlaşma həndəvərindən kənara çıxa bilməyəcək və kənar müşahidəçi bu qapalı oblastı tamamilə qaranlıq hesab edəcək,- deyə Tərxan davam etdi:- Yetti soruşur ki, bu hadisə barəsində bizim məlumatımız varmı?



- Var! Biz elə oblasta “qara kaha” deyirik....

- Ata, Yetti deyir o özünün gözəgörünməzliyini izah etmək istəyirdi, amma deyir, bizim biliyimiz ilə bu hadisəni izah edə bilməyəcək.

- Bizim biliyimiz deyəndə Yetti nəyi nəzərdə tutur?

- Ata, Yetti kainatın ölçüləri barəsində bizim təsəvvürümüzün nəyə əsaslandığını soruşur....

- Eynşteynin tənliklərinə!- deyə ata cavab verdi.

- Onlar necə tənliklərdir?

- Eynşteynin tənlikləri, fəzanın xassələrinin onu dolduran materiyanın xassələrindən asılı olduğunu göstərən, çox mürəkkəb tənliklər sistemidir ki, bu tənliklərə maddə sıxlığı və fəzanın əyrilik radiusu daxildir. Onlar haqqında...

- Ata, Yetti belə mürəkkəb şeyləri yazılarımıza daxil etməyimizi məsləhət görmür.

- Mən belə başa düşdüm ki, Yetti doğrudan da, bizim görüşlərimiz haqqında nə isə yazmağımızı istəyir! Əgər elədirsə qoy təklif etsin görək nəyi yazsaq daha yaxşı olar?!

- Ata, Yetti deyir sən bizim apardığımız müzakirələrimizdən istifadə edə bilərsən. Ancaq hələ bizə məlum deyil ki, söhbətlərimizi hansı istiqamətdə davam etdirəcəyik...

- Tərxan, Yettiyə de ki, biz mövzunu seçməyi də ona tapşırırıq. Qoy elə mövzu seçsin ki, həm öz suallarına cüzi də olsa cavab ala bilsin, həm də bizi məlumatlandırsın!

- Ata, Yetti bu etimad üçün sənə öz minnətdarlığını bildirir. Deyir ki, birinci söhbətə başlayanda dedin ki, müqəddəs kitablarda yerdənkənar sivilin Yer planetinə gəlməsi haqqında deyimlər var. O deyimlərdən hansılar yadınızdadır?

- Düzü, mən o müqəddəs kitablardan Quranın tərcüməsindən qeyri, başqa kitabların özünü yox, onlar haqqında olan qəzet və jurnal məlumatlarını oxumuşam... Bilmirəm sizə məlumdur ya yox, bizim məktəblərdə ilahiyyat dərsi keçmirlər. Ateizmdən başqa....

- Yetti deyir ki, biz əvvəldən şərtləşmişik ki, nəyi biliriksə, onu müzakirə edəcəyik!...

- Yaxşı...Onda gəlin İncilin bir hissəsi olan “Yenoxun kitabında” yazılmış deyimlərdən danışaq!

- ...


Tərxan susurdu. Ata davam etdi.

- Moiseyin (Musanın) dediyinə görə sonuncu suya qərq olunma dövrünə qədərki dövrün patriarxı olan Yenox öz oğlu Mafusailə yazıb ki, göydən (yəni kosmosdan) “Allahın övladları” və ya “Göyn qoruyucuları” (yəni kosmonavtlar) Yerə gəldilər. Onlar Yenoxa tapşırıqlar verdilər ki, onlarla olan görüşləri barədə məlumatları yazıb insan övladına çatdırsın. Yenox özünü kosmosdan gələnlərin bir tədqiqat obyekti hesab edir...

- Ata, Yetti xahiş edir ki, vaxtın məhdudluğunu nəzərə alıb, söhbətimizi dayandıraq,-deyə Tərxan atanın sözünü kəsdi. – Deyir ardını sonrakı görüşlərdə davam etdirərik. Xudahafizləşir və yox olur!

- Daha bəsdir. Mən də yorulmuşam. Sən necə? – deyə ata Tərxanın da fikrini bilmək istədi.

- Ata, mən hələ yorulmamışdım. Yettinin nə üçün belə etdiyini başa düşmədim. Ata istəyirəm baba gəlincə otu yığaq! Gəlib görsə ki, ot da hazır deyil, başlayacaq danlamağa...

Ata həyəcandan nə edəcəyini bilmədiyini Tərxana bildirməmək üçün:

- Mən özüm yığaram! Sən bir stəkan çay iç!... Əgər varsa?!- dedi və dəryaz asılmış alma ağacına tərəf getdi. Bu zaman yuxarı tərəfdən babanın səsi gəldi:


  • Tərxan!...

  • Bəli!- deyə Tərxan ona hay verdi və qalxıb babanın qabağına yüyürdü.

Ata indi başa düşdü ki, Yetti babanın gəlməsinə görə tələsik salamatlaşırmış. Deyəsən baba yasaqlığa icazəsiz daxil olmuş “ovçuları” tapa bilməmişdi. Ona görə də elə uzaqdan deyinə-deyinə gəlirdi:

- Yekə kişilərsiniz! Gözünüzün qabağında, əllərində silah yasaqlığa girirlər, siz səsinizi çıxarmırsınız! Mən başa düşə bilmirəm, niyə axı?!

Tərxan nə qədər çalışsa da ki, özünün və atanın təqsiri olmadığını sübut etsin, heç bir nəticəsi olmadı. Baba bərk hirslənmişdi. Onlar biçilmiş otu kisələrə doldurdular. Sonra baba tüfəngi və kisələrdən birini, ata isə dəryazla o biri kisəni, Tərxan da kilimi və qab-qacaq çantasını götürüb evə yollandılar.

* * *


Yetti ilə növbəti görüş o biri gün axşam tərəfi yuxarı bağda, Tərxanın Yettini gördüyü şabalıd ağacının yanında oldu. Sakit və heç kimin mane olmadığı bu görüş Tərxan üçün maraqsız olsa da ata üçün “səmərəli” keçirdi.

Yetti bildirdi ki, Yerdə insanların əllərində nüvə enerjisi mənbəyinin olması onları çox narahat edir. Nüvə reaksiyalarını lazımi səviyyədə idarəetmə üsulları və vasitələrinin olmadığı bir şəraitdə bu enerji mənbəyinin kəşf edilməsi bir yana, ondan dağıdıcı silah kimi istifadə olunması Günəş sistemi üçün böyük təhlükə yaradır. Yer planetində bu silahların böyük ehtiyatı yığılıb və müəyyən konflikt nəticəsində belə silahlar işə salınsa, planeti dəhşətli aqibət gözləyir. Belə fəlakət təkcə Yerə aid olmayıb, onun öz trayektoriyasını dəyişə bilməsi nəticəsində Günəş sisteminin tarazlığını poza bilər ki, bu hadisənin də qalaktikanın ümumi hərəkət balansına təsir edəcəyi ehtimalı var. Digər tərəfdən əgər insanların nüvə ziyankarlığı fəaliyyəti nəticəsində Yer kürəsinin dağılması hadisəsi baş verərsə və bu dağılmış planetin qəlpələrinin Günəş sisteminin tərk edə bilməyəcəyi şəraitdə belə kainata səpələnməli olan radiaktiv qaz və toz kütləsi qalaktikanın yaxın ulduz sistemlərində yaşayan başqa sivillərin gələcəyi üçün təhlükəyə çevriləcək....

- Yəni o hadisənin təsiri sizə də çata bilər? – deyə ata Tərxana işarə etdi ki, cavab versin.

- Ata Yetti deyir ki, həmin problem təkcə Tovuzun α-sı üçün deyil, qalaktikanın başqa sistemləri üçün də böyük narahatçılığa səbəb olub! Ona görə də bu təhlükəni aradan qaldırmaq üçün yollar axtarılır.

- Yollar?...Onlar nə yollardır elə?!

- Yetti deyir ki, onlar əsasən iki yolu məqbul sayırlar. Bunlardan biri insanların şüurlarına təsir etməklə belə bir dəhşətli nüvə təcrübələrinə son qoymaqdır ki, onlar reaksiya sürətini idarə edə bilmədikləri nüvə silahlarının sökülməsinə başlasınlar. Əgər bu yol ilə insanların fəaliyyətinin onların özlərinin yaratdıqları nüvə silahlarının ləğvinə yönəldə bilməsək, onda ikinci yol qalır ki, bu da Yer kimi gözəl bir planetdə xəlq olunan insanları məhv etməyə məcbur olacağıq...

Bütün bu məlumatlar Tərxan vasitəsilə ataya çatdırılanda o, doğrudan da kənar sivil ilə kontaktda olduqlarına bir daha inanıb, dünənkindən daha artıq təşviş hissi keçirməyə başladı.

- Sənin də qulaqların cingildəyir?- deyə ata Tərxanın qolundan tutdu.

Tərxan:

- Yox, - dedi və əlavə etdi ki,- Yetti sənin bu görüşdəki passiv iştirakının səbəbini başa düşmür. Deyir dünənki kimi fəal mübahisə etmirsən...



- Tərxan, sən Yettiyə de ki, milyon illərlə təşəkkül yolu keçmiş İnsan kimi sivilin son nəticəsinə əhəmiyyət vermədən, yaratdıqları nüvə silahlarına görə məhv edilməsi bütün kainat üçün böyük itki olmazmı? Elə yol seçmək olmazmı ki, insana, insanlığa xətər toxunmasın? Sonrası da ki,insanların da kənar sivilə qarşı müqavimət hərəkatı başlasa, onda necə olacaq?

- Ata, Yetti deyir ki, ikinci yolun seçilməsi bizim üçün də münasib deyil. Lakin bu yolu seçmək məcburiyyətində olsaq insanın əks təsiri çox cüzi olacaq!

- Əgər sirr deyilsə, sizlər hansı üsullarla Yer planetində insanların kökünü kəsə bilərsiniz? Onu siz yaratmamısınız ki, siz də məhv edəsiniz?!

Ata cavab üçün Tərxanın üzünə baxdı. Tərxan dedi:

- Ata, Yetti deyir ki, layihələr çoxdur. Məsələn: ozon təbəqəsinin götürülməsi, uzun müddətli quraqlıqlar, yoluxucu xəstəliklərin yayılması, buzlaqların ekvatora doğru hərəkətə başlaması və sair.

- Siz nə dəhşətli varlıqlarsınız!-deyə ata heyrətlə Tərxanın üzünə baxdı.

Tərxan dedi:

- Ata! Yetti deyir ki, indi nüvə enerjisindən kor-koranə istifadə etməklə ətraf mühiti- təbiəti korlamaqla insan özü dəhşətli varlığa çevrilib, özünü məhv etmə ərəfəsini yaşayır.

- Mən xahiş edirəm, Yetti bu sonuncu fikrini daha aydın şərh etsin. Necə yəni insan özünü məhv etmə dövrünü yaşayır?

- Ata, Yetti deyir ki, XX əsr əvvəlki zamanlara bənzəmədi. İndi siz elə bir imkan əldə etmisiniz ki, planetinizdə olan bütün canlıları məhv edə bilərsiniz. İnsanın Yerdə mövcud olduğu bütün tarixi dövr ərzində sizin əlinizdə belə imkan olmayıb. Elm və texnikanızın intensiv inkişafı Yer planetində ekoloji böhranın yaxınlaşmasını daha da sürətləndirir. Bir də təkrar edirəm: texniki inkişaf imkanlarınız çox böyükdür. Amma yaddan çıxarmayın ki, biosferin imkanları məhduddur!

- Biz nə etməliyik?-deyə ata yenə həyəcanla Tərxana tərəf əyildi.

- Deyir, çox da vacib olmayan təcrübə və sınaqlarınızı dayandırın! Həddindən artıq acgöz olmayın! Siz bilməlisiniz ki, hər bir fəaliyyətinizin təbiətdə izi qalır! Çalışın həmin izlər bir dəstə insanın yox, təbiətin xeyrinə olsun!

- Mən sizin haqlı narahatçılığınızı və məsləhətlərinizi insanlara çatdırmağa çalışacağam, Yetti! Allaha çox şükür ki, siz varsınız! Yaxşı ki, “Folksştimmedəki” fikirlər doğru çıxmadı...

- Ata, orada nə yazılmışdı?-deyə Tərxan maraqla atasına baxdı.

- “Folksştimme” adlı Avstriya qəzetində yazılmışdı ki, əfsanəvi “uçan boşqablar” haqqındakı məlumatları diqqətlə öyrənmiş alimlər belə qərara gəliblər ki, “uçan boşqablar” haqqında gedən söz-söhbət həqiqi hadisəyə əsaslanır.Lakin bu “uçan boşqablar” təsəvvür olunduğu kimi kənar sivilin Yer planetinə təşrifi deyil, adicə həşərat dəstəsidir.Həşəratlar elektrik sahəsindən keçəndə özləri də elektriklənir və açıq mavi rəngdə işıq saçırlar. Bu fikir bir kəpənəyin labaratoriya şəraitində elektrik sahəsinin təsirinə məruz qalaraq işıq saçması və qaranlıqda onun altı metr məsafədən görünməsi ilə isbat edilmişdir.

Tərxan dedi:

- Ata, Yetti deyir ki, bu cəfəngiyyatdır! Deyir ki, siz insanlar hələ də yerdənkənar sivilin olmasına şübhə ilə yanaşırsınız. Biz isə güman edirik ki, insanların çoxunun bu haqda məlumatları var və bu məlumatların alınma tarixi çox qədimdir.

- Mən sözgəlişi dedim!-deyə ata Yettinin könlünü alırmış kimi səsini yumşaltdı. – Dünən danışdıqlarımızın təkrarı olsa da, yenə deyim ki, kainatın başqa sahələrində həyatın olması haqqında fikrin yaranması təzə deyil, təqribən 2500 il əvvəl də mövcud idi. Bu fikrin Anaksaqor, Sokrat kimi tərəfdarları olub. Bizim eradan əvvəl IV əsrdə Metrodor Xioseki yazmışdı ki, “bircə Yer planetində həyatın olmasını təkid etmək, taxıl əkilmiş sahədə təkcə bir dənin göyərə biləcəyi təkidi qədər cəfəngdir”. O vaxtkı alimlər belə fikirlər üstündə çox təqibə məruz qalıblar. Misal üçün Anaksaqor öz şəhərindən qovulub, Sokrat üçün ölüm cəzası kəsən məhkəmə prosesində bu fikri söyləməsi faktı bir maddə kimi işə daxil edilib. Yer adamları bütün dövrlərdə gözləyib ki, elm və texnikanın inkişafı nəticəsində biz tezliklə başqa planetlərdən olan sivil ilə görüşəcəyik. Amma , əfsus ki, əsrlər keçir, ümidlər isə doğrulmur... İndi Allaha çox şükür! Yetti, biz səninlə oturub fikir mübadiləsi edirik!

- Ata, Yetti soruşur ki, insanlar, öz imkanları daxilində, buna cəhd göstəribmi?

Ata dedi:

- İnsanlar Veneranı Marsı öyrənib belə qərara gəliblər ki, onlarda həyat yoxdur. Lap olsa da primitiv olar. Ümumiyyətlə, belə qərara gəlinib ki, sivil yalnız Günəş sistemindən kənarda mövcud ola bilər. Biz çalışırıq ki, onlarla əlaqə yaradaq. 1972-ci ilin 3 martında ABŞ-dan buraxılmış “Pioner-10” kosmik cihazı vasitəsi ilə Yer planetində həyatın olmasına şahidlik edən məktub üstündə kişi və qadın, Günəş və planetlər, hidrogen molekulu və məktubu aparan qurğunun

şəkilləri olan alümimium lövhə- başqa dünyanın sakinlərinə göndərilib.

- Ata, Yetti soruşur ki, siz yerdən-kənar sivil axtaranda konkret nəyi axtardığınızı müəyyənləşdirmisinizmi?

- 1972-ci ildə Moskvanın “Nauka” nəşriyyatı “Kosmosun sakinləri” haqda kutab buraxmışdı. Onun elə birinci bölməsində həyatın özünün nə olması sualı aydınlaşdırılır...

- Yetti soruşur ki, insanlar Yerdə həyatı nə ilə bağlayırlar?-deyə Tərxan Yettinin sualını ataya çatdırdı.

- Əsasən üzvi maddələr və onların mübadiləsi ilə!....

- Ata, Yetti bilmək istəyir ki, bəs həyatın nə olduğunu aydınlaşdırarkən dini fikirlərdən necə istifadə edirsiniz?

- İndi bizdə ateizm hökm sürür. Belə fikri heç bir alim öz kitabında yazıb, SSRİ-də çap etdirə bilməz!

- Yetti təəssüf edir ki, Yerdəki elm adamlarından öz fikirlərini dövlətin mənafeyinə uyğun gələn tərzdə izah etmələrinin tələb olunması hələ də sizin sivilin inkişafına mane olur!

- Acı da olsa, bu həqiqətdir!

- Ata, Yetti maraqlanır ki, sən özün öz işlərini necə qurursan?

- Mən hər bir mühüm hesab etdiyim nəticə alına bilməsi üçün Allahdan kömək istəmişəm. Amma heç bir məqaləmdə o böyük yaradanın adını çəkə bilməmişəm.

- Ata, yetti soruşur ki, Yerdə həyatın yaranması üçün elmi konsepsiyanın əsası necədir?

- Mən bu barədə konkret bir fikir söyləyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, təsəvvür edirik ki, Yerdə həyat sudan başlayıb və bizə məlum olan həyat növü ancaq su mühitində olan üzvi maddələrin fəaliyyətləri ilə mümkündür.

- Bəs kənar sivil rolu araşdırılırmı?

- Bu fikir hələ hipotez şəklindədir.

- İnsanın Yerdə təşəkkülünə dair hansı məlumatlarınız var?

- Bu məsələ haqda Darvinin təkamül nəzəriyyəsi mövcuddur. İnsan uzun bir təkamülün son nəticəsidir. Başqa fikirlər də mövcuddur. Bunların hər biri bir elmi nöqteyi-nəzəri əks etdirir. Dini nöqteyi-nəzər isə tamamilə başqadır. Bu yaxın günlərdə bir qəzet məqaləsinə rast gəlmişdim. Orada yazılır ki, biz heyvanların qardaşları deyilik. Bəzi heyvanlar bizə nə qədər bənzəsələr də , bizim onlarla ümumi qohumluğumuz yoxdur. Yerdəki hər hansı canlı məxluq özünün bioloji yaddaşında həyatın gündəlik ritmlərini qoruyub saxlayır. Qaranlıq qəfəsdə belə o, günəşin çıxmasını və ya qürubunu hiss edir. İnsan bu keyfiyyətlərə malik deyil. Fransa speleoqu Mişel Siffr 1972–ci ildə, Texasda yarım ilə qədər vaxtda Yerin təkinə enmişdi. O, xarici aləmdən tamamilə təcrid olunmuş şəkildə hissiyyatın müfəssəl gündəliyini tutmuşdu. Lakin onun mağarada qalması düz yarım il yox 179 gün çəkmişdi. Bu, bir daha onu sübut edir ki, bu aləm bizdən ötrü yaddır. Biz burada yaranmamış və təşəkkül tapmamışıq. Mənim fikrimcə, bu hadisə inandırıcı şəkildə sübut edir ki, biz, Çarlz Darvinin qərara gəldiyi kimi meymunlardan törənməmişik!

- Ata! Yetti Yerdə Mişel Siffr kimi ağıllı və cəsarətli adamların olmasını yüksək qiymətləndirir və gələcəkdə onlar ilə müəyyən əlaqələrin qurulmasının mümkün olacağına ümid bəslədiyini bildirir. Deyir ki, insanlar onları başa düşəcəklər!

-Yettidən soruş görüm, Yer kürəsini, bu dəqiqə, radio-televiziya stansiyalarının verilişlərini daşıyan elektromaqnit dalğaları bürüdüyünü bilirmi? O bilirmi ki, indi onunla bizim aramızda olan bu kiçik fəza insanlar tərəfindən göndərilən müxtəlif uzunluqlu radio dalğaları ilə doludur?! Bunların köməyi ilə istənilən infiormasiyanı almaq mümkündür və əslində adamlar ilə təmasda olmğa da bir elə ehtiyac yoxdur...

- Ata, Yetti çox təəssüf edir ki, biz onu lazımınca başa düşməmişik. O deyir ki, radio və televiziya verilişlərinə yalnız Tərxanın – yəni mənim, - deyə Tərxan qımışdı,-vasitəsilə qulaq asa və yaxud baxa bilərlər və bu imkandan istifadə edirlər. Bu işləri onlar məni heç narahat etmədən də görə bilirlər. Onların məlumatları qəbul etmələri və mərkəzə göndərmələri yalnız qravitasiya sahəsi ilə mümkündür və onlara elektromaqnit dalğaları ilə işləmək əlverişli deyil.

- Niyə? Onlar ki, belə yüksək səviyyədə texnikaya malikdirlər, onların əlində elektromaqnit dalğaları ilə verilən informasiyanı qravitasiya dalğalarına çevirən qurğu hazırlamağa nə var?!

- Ata! Yetti deyir ki, belə çeviricilər üçün Yerdə ətalət kütləli sistemlər, yəni naqil və s. lazımdır ki, onları Yerə gətirmək, yəni cisim kimi gətirmək qeyri-mümkündür. İnsanlar özləri belə bir sistem qurmalıdırlar! Ondan sonra əlaqələrimiz asanlaşar.

- İndi yadıma düşür!- deyə ata nə isə tapıbmış kimi Tərxanın üzünə baxdı. -1971-ci ildə Bürakan astrofizika rəsədxanasında keçirilmiş konfransda bu məsələyə toxunulmuşdu. Orada Amerika alimi Ç.Veber bildirdi ki, onlar qalaktikanın mərkəzindən gələn güclü qravitasiya şüalanması qeyd ediblər. Bununla da orada, Yettinin qeyd etdiyi kimi, yerdənkənar sivil ilə əlaqə üçün qravitasiya qurğuları düzəltmək fikirləri ortaya atıldı. Bu isə alimlər arasında kəskin mübahisəyə səbəb oldu. Bəzi alimlər yerdənkənar sivil ilə əlaqənin ancaq elektromaqnit dalğaları ilə mümkün olacağını təkid edirdilər. Bəziləri də bildirdilər ki, yerdənkənar sivil bizdən çox irəli gedib və onlar qravitasiya dalğalarının üstünlüklərindən bacarıqla istifadə edirlər.

- Ata! Yetti soruşur ki, sizlər- Yer sakinləri, o üstünlüklərin nə olduğunu bilirsinizmi?

- Mən elektromaqnit dalğaları üçün uzaq məsafələrə informasiya göndərərkən ortaya çıxan çətinliklərin bəzilərini saya bilərəm. Məsələn, sönmənin mütləq baş verəcəyini, küyü....

- Ata, Yetti deyir ki, qravitasiya dalğaları elektromaqnit dalğaları üçün xarakterik olan belə çatışmamazlıqlardan azaddır. Onlar maneəsiz nüfuz edir və maddi obyektlərdən keçəndə sönmürlər. Lakin qravitasiya dalğaları ilə işləməyin də öz çətinlikləri var. Belə çətinliklərdən biri və ən əsası kənar kütlələrin yaratdığı parazit qravitasiya sahələri - küydür. Əgər qravitasiya dalğasının daşıdığı siqnallar zəif olsa, bu küy daha kəskin hiss olunur. Ona görə də Yerdə kənar sivil ilə əlaqə saxlamaq üçün güclü qravitasiya ayırdedici qurğuları işləyib hazırlamaq lazımdır. Belə olsa külli miqdarda parazit siqnallar arasından, kənardan göndərilmiş siqnalı ayırd etmək mümkün olacaq.

- Yetti, mən söz verirəm ki, sizin bu təklifinizi də mətbuat vasitəsilə Yer sakinlərinin nəzərinə çatdıracağam. Amma bir sualı aydınlaşdırın! Kənar sivil qravitasiya siqnallarını hansı tezliklə və hansı kodla göndərir? Xahiş edirəm, bu suala cavab verin ki, biz harada nə axtardığımızı bilək! - deyə ata Tərxana işarə etdi ki, qulaq assın görək Yetti nə deyir.

- Ata, Yetti deyir ki, sizin özünüz bunları kənar sivilə təqdim etməlisiniz. Onlar sizinlə dil taparlar.

- Tərxan! Yettidən soruş görüm, onlarda bizim Yer kürəsinin insandan əvvəlki tarixi haqda məlimatları varmı?

- Ata, Yetti deyir ki, bizdə məlumat çoxdur. Biz bura gəlməmişdən əvvəl Yer haqqında məlumat bankı yaratmışıq.

- Xahiş edirəm bir neçə misal çəkəsiniz.

- Yetti deyir ki, bizdə olan məlumata əsasən mezozoy dövrünə qədər Yer indi olduğu ölçülərdən çox kiçik olub və o vaxt onun bütün səthi kontinental qabıq ilə örtülü idi. Elə mezozoydan paleozoya keçid zamanlarından başlayıb bu günə qədər Yer kürəsi böyüyür (şişir). Belə şişmənin nəticəsində kontinental qabıq cırılıb. Əgər nəzərə alsaq ki, Yer kürəsi səthinin üçdə ikisini okean qabığı tutur, onda demək olar Yerin radiusu paleozoydan bu yana 1,5-1,7 dəfə, həcmi isə 3,5-5 dəfə böyüyüb....

Ata etiraz etdi:

- Bizə də məlumdur ki, Yer kürəsinin radiusu sizin söylədiyiniz qədər yox, haradasa bir neçə yüz kilometr dəyişib. Yerin şişməsi, sıxılması ilə növbələşir. Ya təmiz genişlənmə, ya da ki, sıxılma yoxdur. Həmişə belə hadisələr Yerin müxtəlif bölgələrində eyni zamanla baş verir.

- Ata, Yetti deyir ki, o bizimlə mübahisə etmək istəmir və sadəcə olaraq bizim sualımıza cavab verir. Deyir ki, o yalnız onların əlində olan məlumat necədirsə, eləcə də bizə çatdırdı.

- Yaxşı! Tərxan, Yettiyə təşəkkürümüzü bildir. Deyəsən biz bir-birimizi başa düşmədik!

- Ata, Yetti mənim yorulmağımı nəzərə alıb bu günkü görüşümüzü yekunlaşdırmaq istəyir. Bir də ata, səndən xahiş edir ki, bu bir neçə gündə daha diqqətli olasan. Çünki mənim hər bir səhv hərəkətimi düzəltmək üçün Yetti fiziki iş görməli olur ki, bu da əlavə enerji məsrəfi deməkdir. Səmərəsiz yerə sərf edilən enerji isə onların Yerdə qalıb işləmə müddətlərini azaldır...

- Tərxan! Onu niyə mənə deyirsən? Özün elə hərəkət et ki, Yettini, ya da məni işə salma! Yettidən soruş görüm bizimlə görüşümüz bitəndən sonra o nə işlə məşğul olur?

- Ata, Yetti deyir ki, bizim iş və istirahət rejimimiz sizinki kimi deyil. Tapşırığı yerinə yetirəndən sonra fəaliyyətimizi dayandırırıq.

- Tərxan! Ondan soruş görüm səni daha əvvəlkilər kimi izləmir?

- Ata, Yetti deyir, mən Tərxanı izləmirəm. Mən Tərxanla işləyən informasiya toplusuyam. Çox güman ki, məni başa düşürsünüz. Mən- yəni Tərxan,- çox yorulmuşam, deyə xahiş edir, qalan izahatı sonraya saxlayaq. Xudafafizləşir!

- Xudahafiz,-deyə ata əlini qaldıraraq kənara- Tərxanın baxdığı yerə baxır və sonra əlini aşağı salıb Tərxana işarə edir ki, durub getsinlər.

Onlar evə çatanda artıq qaş qaralmışdı.

* * *

O gün axşam yeməyindən sonra nənə yerə salınmış kilimin üstündə oturub, babanın arı yastıqlarının sökülmüş yerlərini tikirdi. Tərxan ona iynə saplamaqda kömək edir, tez-tez də nənədən xahiş edirdi ki, keçmişdən danışsın. Nənə də öz uşaqlıq illərində başına gələn qəribə hadisələrdən ona nəql edirdi. Danışırdı ki, bəs o vaxtlar avtomobil yox idi. Nefti, düyünü satmaq üçün dəvələrə yükləyib gətirərmişlər. Nənə də dəvədən yaman qorxarmış. Bir gün də məktəbə gedəndə örüşə buraxılmış dəvəyə rast gəlir. Qorxub, qışqıra-qışqıra evə qayıdır. Sən demə, onların yola da dəvəçilər gəlibmiş. Bunu görən nənə daha bərkdən qışqırıb, ağlamağa başlayır. Qohum-qonşu yığılır ki, bəs nə olub? Hadisəni bilib, nənəyə ürək-dirək verirlər ki, qorxmasın dəvə adam yemir! Nənə qayıdıb onlara deyi ki, mən də bilirəm dəvə adam yemir. Uşaqları ki, yeyir! Deyir, onun bu sözünə camaat güldü və dedilər ki, dəvə heç ət yemir, bəs uşağı necə yeyə bilər? Nənə də boynunu qabağa uzadıb, başlayır kövşək çalan dəvə kimi gəvələməyə ki, “baxın belə yeyir”. Camaat yenə gülüşür və onu aparıb məktəbə ötürürlər.



Tərxan nənəsindən soruşdu:

- O adamlardan heç sağ qalanı var?

- Yox. Demək olar hamısı rəhmətə gedib,- deyə nənə cavab verdi.

- Niyə, ay nənə?

- Bala! Çoxu müharibəyə gedib, gəlmədi. Çoxu da müharibə illərində acından qırıldı. Qalanı da ki, qocalıb öldü.

- Nənə, sən qocalma!

- Bu məndən asılı deyi! Allahın işidir, bala!

Nazlı bibi söhbətə qarışdı:

- Ana! Deyirlər adamlar daha qocalmayacaqlar.

-Kim deyir a bala? Heç elə şey olar?!

Bizə dərs deyən həkimlər deyir ki, immortologiya adlı təzə elm var ki, alimlər gələcək insanların 150-200 il ömür sürəcəklərinə və ən nəhayət ölümsüz olacaqlarına zəmanət verirlər.

- Belə iş ola bilməz!- deyə nənə etiraz etdi. –Əgər adamların yaşı çatanda ölməsələr yerə-göyə adam sığmaz! İkincisi də insan qocalanda elə əziyyətlərə düçar olur ki, Allahdan özünə ölüm diləyir. İndi sizin o imtoloqlardır , nədir o?...

- İmmortoloqlar!

- Hə onlar! Onlar deyirlər ki, insanlar elə əzab-əziyyətlə, zülümlə yaşamalıdırlar?

- Ana Niyə zülüm olur? Adi qaydada yaşayacaqlar. Misal üçün qədim dövrlərdə 30 yaşa kimi yaşamaq, indinin 150 yaş yaşaması kimi nadir hadisə olub. XVIII əsrdə orta yaş həddi 35 yaşa çatıb. Hələ indi-indi adam orta hesabla 70-75 yaş yaşaya bilir.

Ata Nazlıya etiraz edib dedi:

- Sənin sözündən belə çıxır ki, illər ötdükcə insanın qocalma sürəti dəyişir. Bizi də elə o dövrlərə aparsalar, 30 yaşdan yuxarı yaşaya bilmərik. İndi elm və texnikanın tərəqqisi sayəsində orta ömür süni olaraq uzadılıb.

- Mən də elə onu demək istəyirdim!-deyə nənə də atanın sözünü təsdiqlədi.

- Elə mən də siz deyəni deyirəm! Amma başqa sözlə, həkimlər deyirlər ki, o vaxt insanların ölümdən müdafiələri olmayıb. İnsanların çoxu ekzogen- yəni əlverişli mühitin olmaması üzündən qırılıblar...

- Hə! Bu başqa məsələ!- deyə ata başının hərəkəti ilə Nazlı bibinin dediyini təsdiqlədi. - Epidemiyalar, quraqlıqlar, müharibələr, təbii fəlakətlər qısa bir müddətdə, böyük bir ərazidə milyonlarla insanın məhv olmasına gətirib.

- Ata, sən Yetti deyənləri deyirsən?-deyə Tərxan təəccüblə atasının üzünə baxdı.

Ata ona göz ağardıb, “danışma” işarəsi verdi və dedi:

- Tərxan, elə bilirdim sən yatmısan!

- Nazlı Tərxanın söhbətə qarışmağına fikir vermədən nənəyə xitabən:

- Ana!- dedi, - bədənin təmiz saxlanması, rahat paltar, lazımi qab-qacaq, dava-dərmanın əldə edilməsi bit-birə, siçan-milçəklə mübarizə demək olar ki, insanın yenicə öyrəndiyi şeylərdir və bunların sayəsində ömür uzanıb...

- Sənə əməlli-başlı dərs keçirlərmiş ki!- deyə ata Nazlı bibini təriflədi.

Nənə isə öz işini davam etdirə-etdirə bu söhbəti belə yekunlaşdırdı:

- Adama havayı demirlər ki, “Saqqalın ağarsın!”. Saqqal ağardıb ölmək böyük qoçaqlıq olub. Ona görə ağsaqqala hamı hörmət edib. İndi zaman dəyişib. Az adam olur, saqqalı ağarmasın. Allaha çox şükür ki, insana bu imkanı verib!

- Nənə! Qəzetdə yazılıb ki, indi camaat qocalmasın deyə qədim Tibet tibbinin üsullarından istifadə edirlər, - deyə Zərintac söhbətə qarışdı.- Sarımsaq və etil spirtindən hazırlanan həmin eliksir adamı cavan saxlayır.

- Elə şey ola bilməz? Ay bala! – deyə nənə etiraz etdi. – Bu Allahın işinə qarışmaq olardı! Heç qocalmamaq da olar!

- Yox! Ay nənə! Mən demək istəmədim ki, onlar qocalmırlar. Qocalırlar! Lakin, cavan qaırlar....

Hamı gülüşdü. Zərintac lap qızışdı:



  • Niyə gülürsünüz? Bu saat qəzeti gətirib sizə göstərəcəyəm!

Bayaqdan sakitcə qulaq asan baba:

- Orada yazılanlar hökumətin xeyrinə gopdan başqa bir şey deyil! - dedi.

- Elə eliksir var!- deyə Nazlı Zərintacı müdafiə etdi.

- Onlardan birinin resepti məndə olmalıdır, - dedi və Tərxana müraciətlə:- Dur, get, evdən mənim əl çantamı bura gətir!

Tərxan Nazlı bibinin əl çantasını gətirdi. Nazlı oradan qara cib dəftərini çıxartdı, vərəqlədi və hamının diqqətini ona cəmləndiyini görüb, boğazını arıtladı və mühazirə oxuyurmuş kimi görkəm alıb oxumağa başladı:

- Gənclik eliksiri”! Eliksiri hər kəs hazırlaya bilər! Bunun üçün diqqətlə təmizlənmiş və xırda doğranmış, sonra da əzilmiş 350 qram sarımsaqdan taxta və ya saxsı qaşıqla şirəli yerindən 200 q ayırıb götürülür və çəkicə eyni qədər 96%-li etil spirti ilə qarışdırılır. Bu qarışıq ağzı kip şüşə və ya saxsı qabda, qaranlıq və sərin yerdə 10 gün saxlanılır. 10 gündən sonra hazırlanmış qarışıq tənzifdən süzülür və alınmış cövhər yenidən üç gün saxlanılır. Daha sonra cövhər bir neçə qat tənzifdən hazırlanmış süzgəcdən keçirilir. Süzgəcdən keçən maye həmin eliksirdir!

- Elə onu içirsən, vəssalam?!- deyə baba maraqla soruşu.

- Yox. Müalicə effektinin əsas şərti gündəlik dozadır. Müalicə 21 gün davam edir və hər 6 ildən bir təkrar olunur. Eliksir hər dəfə 50 q soyuq süd ilə qəbul edilir. Bunun üçün gündə üç dəfə , yeməkdən 15-20 dəqiqə qabaq lazım olan doza - yəni neçə damcı eliksir içilməlidirsə, o qədər südə damcıladırlar və içirlər.

- Tərxan, ondan nənən üçün hazırla!- deyə baba Tərxana göz vurdu.

- Mən hələ qocalmamışam! Sənə lazımdır! - deyə nənə babaya cavab verdi.

- Burada söhbət qocalardan getmir! - deyə Nazlı sözünə davam etdi. -Eliksir, infarkt, mikrokardiamin, orqanizmin qocalığının, sklerozun, stenokardiyanın, şişin əmələ gəlməsinin qarşısını alır.

Ata da söhbətə qarışdı:



  • De ki, “dirilik suyudur” də!..

  • Bəli! - deyə Nazlı təsdiq etdi.

Ata soruşdu:

  • Bəs hər dəfə neçə damcı içilir?

- Müalicə dozası cədvəllə təyin olunur. Birinci və iyirmi birinci gün səhər, günorta, axşam, iki, iki və iki; ikinci və iyirmincu gün –dörd, beş, altı; üçüncü və on doqquzuncu günlər- yeddi, səkkiz, doqquz, dördüncü və on səkkizinci günlər-on, on bir və on iki; beş və 17-ci günlər- on üç, on dörd və on beş; altı və on altıncı günlər səhər, günorta və axşam uyğun olaraq, on beş, on dörd, on üç damcı; yeddi və 15-ci günlər üçün-on iki, on bir və on; səkkiz və on dördüncü günlər üçün doqquz, səkkiz və yeddi; doqquz və on üçüncü günlər üçün- altı, beş, dörd damcı; on və on ikinci günlər üçün isə üç, iki və bir damcı. Qalır on birinci gün! O gün səhər, günorta və axşam hər dəfə iyirmi beş damcı qəbul edilməlidir!

Ata:


- Bu lap çox olmadımı? - dedi və nəyi isə dəqiqləşdirimiş kimi Nazlının cib dəftərçəsinə baxdı.

- Yox,çox deyil! Ona “zərbə” dozası deyilir, - deyə Nazlı cavab verdi.

- O ki, çox xəstəliklərin qarşısını alır, ondan niyə hazırlamırsınız?- deyə baba Hazlıya müraciət etdi.

- Əslində hər kəs iyirmi bir gün, gündə üç dəfə yeməkdən on beş dəqiqə qabaq əlli qram soyuq süd içsə, onun özü də sağlamlıq üçün az iş deyil. Elə deyilmi? - deyə ata babaya müraciət etdi və eliksir hazırlamaq arzusunda olub-olmadığını dəqiqləşdirmək istədi.

Nənə qayıtdı ki:

- Ay bala! Məni işə salmayın! Hər dəfə yadından çıxıb, başlayacaq məni danlamağa. Havayı səsə-küyə düşəcəyik.

- Niyə havayı olur? Cavanlaşacağıq da! Cavan oğlan və qız olacağıq!- deyə baba zarafatla nənəyə işarə etdi.

Nazlı narazı halda:

- Bu eliksiri belə hörmətsiz etməyin!-dedi.-Onun təsiri əsrlərlə sınanıb və heç kəs demir ki, bu eliksir qocanı cavanlaşdırır! Yalnız orqanizmin qocalmasının qarşısını alır. Belə ki, bədəni piydən təmizləyir, maddələr mübadiləsini yaxşılaşdırır, qan damarlarının elastikliyini artırır, infaktdan , stenokardiyadan, sklerozdan, iflic olmadan, yaman şişlərdən qoruyur, görməni yaxşılaşdırır...

Nazlının pərt olduğunu görən nənə ataya:

- Ay bala! Evdə sarımsaq var. Sən də bir az spirt tap, qoy Nazlı o cövhərdən hazırlasın! Heç kim içməsə də mən özüm içəcəyəm,-dedi.

- Bəs, babaya verməyəcəksən?-deyə Tərxan nənənin qolundan tutub silkələdi.

Baba:

- Mənə onun spirtindən verin, qalanı özüm bilirəm! – deyə çırtma ilə boğazını vurdu. – Yaxşısı budur siz mənə deyin görüm mədə xorası- qastriti balla necə müalicə edirlər? Dünən bir nəfər gəlmişdi, məndən xahiş etdi ki, onun üçün üç-dörd kq təmiz bal tapım. Deyir atam qastritdir, onun müalicəsi üçün lazımdır. Soruşdum ki, qastriti balla necə müalicə edirlər? Dedi mən bilmirəm, həkim özü müəyyən edəcək.



- Əgər məndən soruşursansa, mən özüm də qastritin müalicəsi üçün baldan necə istifadə edildiyini bilmirəm, - deyə ata cavab verdi və Nazlıdan soruşdu:

- Sən də bilmirsən?

- Məndə qastritin balla müalicəsi barəsində qeydlər olmalıdır!- deyə Nazlı evə getdi və əlində qara meşin üzlüklü dəftərlə qayıdıb gəldi. Oturub dəftəri vərəqləməyə başladı. Nəhayət ki, axtardığını tapdı və boğazını arıtlayıb oxumağa başladı.- Mədə şirəsi turşuluğunun artması ilə müşahidə olunan qastriti müalicə etmək üçün 30-35 qram balı əvvəldən qaynadılmış isti suda həll etmək, sonra da gündə 3 dəfə yeməkdən bir yarım və ya iki saat əvvəl içmək lazımdır. Gnüdəlik doza 120-150 qram baldan artıq olmamalıdır. Müalicə kursu 1,5-2 ay davam etdirilməlidir. Əgər bal həll edilmiş su içərkən xəstənin mədəsi götürməsə, yəni qıcqırma və s. olsa , bala qatıq və ya süd qatmaq olar.

Əşşi bunu mən də bilirəm! Dedim bəlkə mənim bilmədiyim bir üsul var?- deyə baba əlini yellədi.

- Bəs sən bilirsənmi ki, mədə və ya 12 barmaq bağırsaq xorasının müalicə etmək üçün 10 gün dalbadal ¾ stəkan kartof şirəsi içmək lazımdır? Nazlı özünü doğrultmağa çalışdı.

- Elə onunla iş bitir?

- Xeyr! Müalicə kursunu 10 gün ara verdikdən sonra bir də, daha doğrusu, sağalıncaya qədər davam etdirmək lazımdır.

- Amma mən eşitmişdim ki, hər yeməyə oturmamışdan 20 dəqiqə əvvəl, yarım stəkan təzə kələm yarpağından hazırlanmış şirə içmək lazımdır,- deyə ata da söhbətə qarışdı.

- O resept də var!- deyə Nazlı atanın dediyini təsdiq etdi. - Gündə üç dəfə, hər dəfə də yarım stəkan isti kələm şirəsi içmək mədəni yara və xora xəstəliklərindən qoruyur! Amma gərək hər kursu 2-3 həftə davam etdirəsən!

- Ay bala, daha gecdir! Siz sarımsaqdan başlayıb, elə hər şeyi sadaladınız. Belə getsə, səhərəcən söhbət qurtarmayacaq. Durun yerinizə!...- deyə nənə ayağa qalxdı.

Baba da bərkdən əsnəyərək yumruğunu sinəsinə vurdu, dodağının altında “əstafürullah” dedi və ayağa qalxdı. Ona söykənib oturmuş Tərxana:

- Dur, ə! Dur gedək yerimizə!-dedi və qolundan tutub ayağa qaldırdı.


Yüklə 1,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə