Yol hərəkəti qaydaları Ümumtəhsil məktəbləri müəllimləri üçün metodik vəsait Müəllif: Ərəstun Məcidov Buraxılış


Piyadaların küçə və yollarda davranma qaydaları. Küçə və yolları keçərkən təhlükəsizlik tədbirləri



Yüklə 166,43 Kb.
səhifə3/7
tarix26.11.2017
ölçüsü166,43 Kb.
#12922
növüQaydalar
1   2   3   4   5   6   7

Piyadaların küçə və yollarda davranma qaydaları. Küçə və yolları keçərkən təhlükəsizlik tədbirləri





          Küçə  və yollarda, gecə və gündüz, istidə və  soyuqda nəqliyyat  vasitələri fasiləsiz hərəkət edir. İlbəil ölkəmizdə nəqliyyat vasitələrinin sayının artdığı kimi hərəkətin intensivliyi də artır. İndi yollarda yeni, yüksək sürətlə hərəkət edən Mersedes, BMW, Auidi, Toyota, Ford, Pejo və s.  markalı avtomobillər mövcuddur.
          Yolun hərəkət hissəsində avtomobil, motosikl, traktor, velosiped, at arabası hərəkət edirsə, onların qarşısına çıxmaq çox təhlükəlidir. 20 km/saatdan yüksək sürətlə  hərəkət edən nəqliyyat vasitəsi insana ciddi bədən xəsarəti yetirə bilər. Bunun səbəbi nəqliyyat vasitəsinin qarşısına çıxan maneənin vurmamaq üçün, onu saxlayarkən tormoz sistemindən istifadə edənədək müəyyən məsafəni qət etməsidir. Bu məsafə sürücünün maneəni gördüyü andan  baş verə biləcək təhlükəni qavrayaraq müəyyən tədbir görməyə başladığı ana qədər keçən vaxta barəbərdir.  Sürücü təhlükəni görüb ayağını akselerator pedalından çəkərək tormoz pedalını (əyləci)  sıxmağa başladığı ana qədər keçən vaxta sürücünün dərketmə vaxtı deyilir. Sürcünün dərketmə vaxtı onun ümumi psixi-fizioloji vəziyyətindən, əhatə edən mühitindən yolun şəraitindən, hərəkətin sürətindən və intensivliyindən, həmçinin başqa amillərdən asılı olub 0,7-1,5 saniyə təşkil edir. Sürücü əyləci basdıqdan sonra avtomobilin yolda sürüşməsi baş verir ki, bu da  avtomobilin sürətindən asılı olaraq ətalət  hesabına hərəkətini davam etməsidir. Bu hərəkət sürətindən asılı olaraq tam dayanma 80 m məsafəyə qədər ola bilər. Ona görə uşaqlara hərəkətdə olan nəqliyyat vasitəsinin təhlükə mənbəyi olmasının aşılanması çox vacibdir.
          Şəhər və qəsəbələr inkişaf edib genişləndikcə piyadaların da sayı artır. Küçə və yollarda  hərəkət şəraiti günü-gündən mürəkkəbləşir. Xüsusilə pik saatlarında, səhərlər böyüklər işə tələsir, uşaqlar isə  məktəbə gedirlər, axşamlar isə hamı işdən və məktəbdən qayıdır. Bu saatlarda piyadalar və sürücülər xüsusilə diqqətli və ehtiyatlı olmalıdırlar. Nəqliyyatın və  piyadaların hərəkətini tənzimləmək və onların təhlükəsizliyini təmin etmək məqsədi ilə şəhərlərin küçələrində və prospektlərdə, yollarda yol məlumatverici və göstəricilər, nişanlar quraşdırılır.
          Hərəkətin təhlükəsizliyinin təmin edilməsinin əsas şərti hərəkət iştirakçıları tərəfindən yol hərəkəti qaydalarını bilmək və onlara dəqiq əməl etməkdir. Yol hərəkəti qaydalarını sürücülərin  bilməsi ilə iş bitmir, piyadalar, böyüklər və uşaqlar öz növbəsində onu bilməli və hər zaman ona əməl etməlidirlər.
          Küçə və yollarda nəqliyyat vasitələrinin və piyadaların eyni zamanda hərəkət etməsi hərəkətin mürəkkəbləşməsinə  səbəb olur. Odur ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi piyadaların diqqətli olmalarından, onların yolda davranış qaydalarını bilmələrindən və bu qaydalara əməl etmələrindən asılıdır. Əks təqdirdə  bu bədbəxt hadisələrin baş verməsinə  səbəb ola bilər.
          Piyadalar küçələrdə səki ilə və ya piyadalar üçün ayrılmış yol ilə, şəhərdənkənar yollarda isə,  yolun sol kənarı ilə hərəkət etməlidirlər.
          Əşya daşıyan və ya aparan piyadaların, habelə əlil arabalarında gedən şəxslərin səki və ya yolun kənarı ilə getməsinə icazə verilir. Əgər onların  belə hərəkəti başqa piyadalar üçün maneə  yaradırsa, onlar yolun  hərəkət hissəsinin kənarı ilə hərəkət edə bilərlər.
          Səki olmadıqda mütəşəkkil piyada dəstələrinə yalnız nəqliyyat vasitələrinin hərəkəti istiqamətində, yolun hərəkət hissəsinin sağ tərəfi ilə, bir cərgədə  dörd nəfərdən çox olmamaq şərti ilə getməyə icazə verilir. Dəstənin qabağında və arxasında sol tərəfdə müşayiətçilər getməlidir. Müşayiətçilərin əlində sutkanın işıqlı vaxtı qırmızı bayraqcıqlar, qaranlıq və məhdudiyyətli görünmə şəratində isə yandırılmış fənərlər olmalıdır. Qabaqda gedən müşayiətçi ağ rəngli, arxada gedən müşayiətçi isə qırmızı rəngli fənəri yandırılmış vəziyyətdə sürücülərin görməsi üçün əlində tutmalıdır.
          Uşaqların isə dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yolun çiyni ilə aparmağa icazə verilir.
          Yaşayış məntəqələrində səkisi və piyadalar üçün yolu olmayan küçələrdə, həmçinin şəhər ətrafında kənarları olmayan yollarda  piyadalar küçənin (yolun) sol tərəfi ilə hərəkət etməlidirlər.
          Piyadalar belə hərəkət etdikdə onlar qarşıdan gələn nəqliyyatı görər və  təhlükəsizliyin təmin edilməsi üçün vaxtında lazımi tədbirlər görə bilərlər.
          Əl arabaları və velosipedlərlə ancaq yolun sağ kənarı ilə hərəkət etmək lazımdır. Uşaq kolyaskalarını isə səki ilə ya da yolun sağ kənarı ilə aparmağa icazə verilir.
          Səkinin üzərində hər hansı bir maneə olduqda, ya da orada piyadalar toplandıqda piyada, hərəkətin təhlükəsizliyini yəqin etdikdən sonra  səkidən yolun hərəkət hissəsinə düşməli, maneəni keçdikdən sonra  isə  yenidən səkiyə çıxaraq hərəkəti davam etdirməlidir.
          Piyadalar küçəni, yaxud yolu keçmək üçün yalnız bu məqsədlə ayrılmış xüsusi yerlərdən, körpülərdən, yaxud yeraltı və yerüstü keçidlərdən, göstəricilər, yol nişanları və ya xətlərlə ayrılmış piyada keçidlərindən keçməlidirlər.
          Əgər görünmə zonasında piyada keçidi və ya yol ayrıcı olmadıqda yolun hərəkət hissəsini ayırıcı zolaq olmayan və sədd çəkilməyən hər iki tərəfdən yaxşı görünən sahələrdə  çəpinə deyil, düzünə keçmək lazımdır.
          Küçəni belə keçdikdə piyada ancaq hərəkət hissəsinin eni qədər yol qət etmiş olur. Hərəkət hissəsini çəpinə keçdikdə isə piyadanın yolu və bu yolu keçməyə sərf etdiyi vaxt artıq olur. Bundan başqa yolu çəpinə keçdikdə piyadanın arxası  müəyyən dərəcədə nəqliyyatın hərəkəti istiqamətinə tərəf çevrilir ki, bu da həyat üçün təhlükəlidir.
          Əgər piyada keçidlərində nizamlayıcı yoxdursa, yalnız yaxınlaşmaqda olan nəqliyyat vasitələrinə qədər olan məsafəni, onların sürətini qiymətləndirdikdən və bu halda yolu keçməyin onun üçün təhlükəsiz olduğunu yəqin etdikdən sonra piyada yolun hərəkəti hissəsinə çıxaraq  yolu keçə bilər.
          Yolun hərəkət hissəsinə çıxmazdan əvvəl piyada sol tərəfə baxıb nəqliyyatın yaxınlaşmadığını yəqin etməli, yalnız bundan sonra yolun hərəkət hissəsinə çıxaraq yolu ortaya qədər keçməli, sonra sağ tərəfə baxmalıdır. Əgər nəqliyyat yaxınlaşarsa piyada ox xəttinin (və ya təhlükəsizlik adacığının) üzərində dayanaraq nəqliyyatın keçməsini  gözlədikdən sonra ləngimədən yolu keçməyi davam etdirməlidir.
          Piyadalar bütün hallarda qırmızı və ya göy sayrışan və xüsusi səs siqnalı  qoşulmuş nəqliyyat vasitələrinə  yol verməlidirlər. Hərəkət hissəsində olduqda isə bu nəqliyyat vasitələrinə yol verərək hərəkət hissəsini dərhal boşaltmalıdırlar. 
          Eyni ilə nizamlanmayan keçidlərdə, yaxud yanıb-sönən sarı işıqlı svetofor qoyulmuş yerlərdə  piyadalar bütün hallarda yaxınlaşmaqda olan nəqliyyata yol verməlidirlər. 
          Küçənin, yolun hərəkət hissəsini yaxınlaşmaqda olan nəqliyyatın qabağından keçmək piyada üçün təhlükəlidir. Bu qaydalara riayət edilmədiyindən Bakı şəhərində çoxlu sayda  yol nəqliyyat qəzaları baş verir ki, nəticədə insanlar həlak olur, əksər hallarda isə şikəst qalırlar. Yadda saxlamaq lazımdır ki,  hərəkətdə olan nəqliyyatı  birdən-birə dayandırmaq mümkün deyil.
          Yolun sürücülərə çətin görünən yerlərində (döngələrdə, yoxuşlarda və s.) piyadaların dayanmasına və yolu keçməsinə icazə verilmir. Yolu yalnız hər iki tərəfdən aydın görünən yerlərdən keçmək olar.
          Piyadalar küçəni hərəkət nizamlanan yerlərdə küçənin (yolun) keçid hissələrində svetoforun yaşıl işığı, yaxud nizamlayıcının müvafiq icazəverici siqnalında keçməlidirlər. Yadda saxlamaq lazımdır ki, əgər nizamlayıcının sinə və arxa tərəfləri piyadaya çevrilibsə, onda yol ayrıcını keçmək olmaz. Nizamlayıcının sinəsi və kürəyi  (arxası) svetoforun qırmızı işığına müvafiqdir. Həmin istiqamətdə nəqliyyatın və  piyadaların hərəkəti qadağandır. Nizamlayıcının yan tərəfi (çiyni)  piyadaya tərəf çevrilməsi yolu keçməyə icazə verir. Nizamlayıcının sağ əlini yuxarı qaldırması svetoforun sarı işığına  müvafiq olduğu üçün piyadalara yol ayrıcına girməyə icazə verilmir.
          Svetoforla nizamlanan keçidlərdə piyadalar üçün qoyulmuş «keçin», «dayanın» işıq göstəricilərinə ciddi əməl edilməlidir.
          Sutkanın qaranlıq vaxtı piyadalar xüsusilə diqqətli olmalıdırlar. Piyada bilməlidir ki, qarşıdan gələn nəqliyyat vasitəsinin işığı sürücünün gözünə düşdüyünə görə o, yolun işıqlanmayan hissəsində  yolu keçən piyadanı görmür. Buna  görə də  sutkanın qaranlıq vaxtı  yolun işıqlanmayan  hissələrində yalnız görünüş dairəsində nəqliyyat vasitəsi olmadıqda yolu keçmək olar.
          İşıq göstəriciləri əksər hallarda dönən nəqliyyatın hərəkətini nizamlamaq üçün əlavə bölmələri olan svetoforlarla birlikdə  tətbiq edilir. Belə svetoforlar qoyulan yolayrıclarında nəqliyyat  vasitəsi onun əsas işarəsindən asılı olmayaraq əlavə bölmədəki yaşıl işıq yandığı vaxt ox işarəsinin istiqamətində dönə bilər. Deməli, əlavə bölmələrdə işıq yanmasa, piyadalar küçənin hərəkət hissəsini  təhlükəsiz keçə bilərlər.   
          İnzibati Xətalar Məcəlləsində piyadaların yol hərəkəti qaydalarını pozmalarına görə məsuliyyət nəzərdə tutulur.
          Belə ki, piyadalar:
          - piyada svetoforlarına və nizamlayıcının işarələrinə riayət etməməyə görə;
          - yolun hərəkət hissəsini, dəmir yolunu müəyyən olunmayan yerdən keçməyə görə;
          - küçə və yolda yaxınlaşmaqda olan nəqliyyat vasitələrinin qarşısına qəflətən çıxmağa  görə;
          - qırmızı və ya sayrışan işıq və xüsusi səs siqnalı qoşulmuş nəqliyyat  vasitəsi yaxınlaşan zaman yolun hərəkət hissəsini tərk etməməyə görə;
          şərti maliyyə vahidinin 3 misli miqdarında cərimə edilirlər.

Yüklə 166,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə