Yeni Yazarlar vɎ SɎnɎtçilɎf Qurumu mayın 26-da M



Yüklə 69,56 Kb.
Pdf görüntüsü
tarix01.11.2017
ölçüsü69,56 Kb.
#7739


«AMEA.Elmi əsərlər.Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu».–2010.-№1.–S.19-24.

QLOBALLAŞMA ŞƏRAİTİNDƏ MİLLİ ŞÜUR VƏ MİLLİ 

DİL MÜNASİBƏTLƏRİNİN BƏZİ MƏSƏLƏLƏRİ

*

Adil QURBANOV

Son  zamanlar  Azərbaycanda  baş  verən  sosial-mədəni  inkişaf  proseslərinin  fonunda  milli  özünüdərk

problemlərinə  marağın  artması müşahidə  olunur.  Milli  özünüdərk  ruhani  dəyər  kəsb  edərək,  cəmiyyət  həyatına

əhəmiyyətli dərəcədə təsirə malikdir. Bu məqam təkcə fərdlərin deyil, bütöv xalqların tarixi taleyində rol oynayan,

onların  təfəkkür  və  davranış  tərzlərində  dəyişikliklər  yaradan  məqamdır.  Milli  şüurun  dərki  məsələlərinin  fəlsəfi

aspekti  bu  fenomenin  aksioloji  mənalandırmasını,  onun,  etnosun  mənəvi  mədəniyyətinin  məzmununda  obyektiv

əhəmiyyətə  malik  bir  dəyər  kimi  tədqiqini  nəzərdə  tutur.  Mədəniyyətin  ruhani  fenomeni  olmaq  etibarı ilə  milli

özünüdərk  etnosun  ictimai-tarixi  təcrübəsi  prosesində  özünü  gerçəkləşdirir.  Bu  səbəbdən  də  milli  şüur  konkret

etnoruhani tamlıq kimi nəzərdən keçirilməlidir.

Məsələnin aktuallığını həm də o məqam şərtləndirir ki, insanın milli  şüura  daxil  olması, onu  axtarması son

nəticədə  etnosun  tarixi  prosesdə  öz  yeri  və  rolunu  müəyyənləşdirməsi  məsələsinə  gətirib  çıxarır.  Bu  şüurun

öyrənilməsindən  bu  və  ya  digər  millətin  digər  millətlərlə  münasibətlərinin  perspektivlərini  proqnozlaşdırmaq

mümkündür [1]. Məsələn, məlumdur ki, bu günkü beynəlxalq siyasi münasibətlər çox halda tarixi münasibətlərin

davamı, bu günkü müharibələrin çoxu isə mental səviyyədə mövcud ziddiyyətlərin aşkarlanmasıdır.

Qloballaşmanın  iqtisadiyyat,  siyasət,  mədəniyyət  sahələrindəki  getdikcə  sürətlənən  prosesləri  fonunda  milli

şüur məsələsinə maraq kifayət  qədər əsaslı görünür. Azərbaycan xalqının özünüdərk şüurunun nəzəri  öyrənilməsi

zərurəti yenicə dərk olunmaqdadır. Bu sahədə artıq xeyli işlər görülsə də, əslində hələlik məsələ "əlləşdirmə" üsulu

ilə öyrənilir (əgər belə demək caizdirsə). Hər tədqiqatçı ona görünən tərəfin açımını verməklə kifayətlənir. Bu da

problemin  öyrənilməsinin  əslində  özünün  ilkin  mərhələsində  olduğunun  göstəricisidir.  Milli  şüurun  kompleks

tədqiq olunacağı və onun strukturunun tam nəzəri açıqlanacağı gün isə təbii ki, hələ irəlidədir.

Milli  şüur  probleminin  fəlsəfi  mənalandırılması  onu  səciyyələndirən  iki  aspektin  hərtərəfli  öyrənilməsini

həyata keçirmədən mümkün deyil. Bir tərəfdən, o özündə, məsələn, əhvallar, motivasiyalar, təlqinlər, ustanovkalar,

təqlidlər,  stereotiplər,  mifologemlər  kimi  spesifik  insani,  psixoloji  prosesləri  ehtiva  edir;  ikinci  tərəfdən,  özündə

milli  "mən"  barədə  nəzəriləşdirilmiş  təsəvvürlər  daşıyır.  Xalqın  mənəvi-psixoloji  və  intellektual  özəllikləri  isə

məcmu halda etnosun milli xarakterini təşkil edir.

Milli şüur probleminin fəlsəfı təhlilinə ilk cəhdlər hələ R. Dekart, G. Leybnits, T. Hobbs, C.Lokk və başqaları

tərəfindən  atılmışdı.  Bu  problem  özünün  sonrakı  inkişafını  İ. Kant,  F. Şellinq,  G. Hegelin  əsərlərində  tapdı.

F. Şellinq "Transedental idealizm sistemi" əsərində qeyd edirdi ki, şüurun daşıyıcısı kimi "mən" çıxış edir və o, bu

fenomenin  təbiətini  şəxsiyyətin  ruhani  fəallığından  açmağa  çalışırdı.  Hegel  milli  şüuru  xalqın  tarixinin,  dünya

tarixinin  təzahürü  kimi  anlamağa  çalışır,  problemin  daha  çox  ruhani  tərəfini  təhlil  edirdi.  Milli  şüur,  milli

özünüdərk problemi X. Q. Qadamer və LP. Karsavinin əsərlərində də öz əksini tapmışdır.

Azərbaycan  milli  şüurunun  öyrənilməsi  publisistik  janrda  başlamış,  ən  çox  ədəbiyyat  formasında

aparılmışdır.  Ü. Hacıbəylinin,  M. Ə. Rəsulzadənin,  Ə. Hüseynzadənin,  C. Məmmədquluzadənin,  M. Ə. Sabirin

əsərlərində  azərbaycanlıların  kimliyinin  ayrı-ayrı tərəflərinin  göstərilməsinə,  dərkinə  kifayət  qədər  ciddi  cəhdlər

vardır. Lakin sovet dönəmində Azərbaycan "mən"inin öyrənilməsinə stimul yox idi. Sistem daha çox amorf "sovet

xalqının"  "mən"inin  aşkarlanmasında  maraqlı idi.  Milli  şüur  isə  keçmişin qalığı kimi  tarixin  annallarına  atılacağı

günü  gözləyirdi.  Bu  səbəbdən  də  onun  tədqiqi  aktual  deyildi.  Lakin  B. Vahabzadə,  A. Əfəndiyev,  Z. Göyüşovun

əsərlərində xalqın sevə-sevə oxuduğu məqamlar vardı ki, burada milli mənəviyyatın, milli şüurun dərki məqamları

üstünlük  təşkil  edirdi.  Nəzəri  baxımdan  azərbaycanlıların  milli  şüurunun  öyrənilməsi  problemi  öz  əksini

H. Quliyev, A. Şükürov, S. Xəlilov, R. Mehdiyev, R. Aslanova və digərlərinin əsərlərində tapmağa başlamışdır.

Azərbaycan  dilli  fəlsəfi  ədəbiyyatda  "milli  şüur"  və  "milli  özünüdərk"  anlayışları  paralel  işlədilir.  Lakin

hesab  edirik  ki,  "milli  şüur"  anlayışı  "milli  özünüdərk"dən  daha  konkret  spesifik  məzmuna  malikdir.  Fikrimizcə,

əgər "milli şüur" millətin özü barədə biliklərini səciyyələndirirsə, "milli özünüdərk"də daha çox bu millətin özünü

başqa etnoslarla müqayisəsi nəticəsində aktuallaşan  bilikəri nəzərdə tutur. Lakin hər halda bu anlayışlar bir-birini

tamamlayan  anlayışlardır.  Və  onların  funksiyalarına  aşağıdakıları  daxıl  etmək  olar  ki,  bu  təsnifat  əslində  "milli

şüur" fenomeninin təbiətini daha aşkar dərk olunmasına xidmət edir: idraki, emosional-dəyərli, requlyativ, adaptiv,

mühafizə, dünyagörüşü, proqnostik, praqmatik, özününəzarət.

Milli  şüurun  mahiyyəti  onun  milli  ekzistensiyanın  ifadə  formaları  kimi  səciyyələndirilməsi  ilə  bağlıdır.

Milli şüur etnosun həyatında məna daşıyan, nizamlayıcı, ruhi başlanğıcdır.

*

 Məqalə fəlsəfə elmləri doktoru LMövsümova tərəfindən çapa məsləhət bilinib.




Milli şüur həm də  etnosun  varlığı əksetdirmə  formasıdır.  Varlıq isə  məlum  olduğu kimi  maddi  və  mənəvi

gerçəkliklərin  vəhdətindən  ibarətdir.  Ruhani  varlığı  iki  elementdən  ibarət  göstərmək  olar.  Birincisi,  ruhaniliyin

fərdiləşmiş  təzahürüdür  və  tək  bir  insanın  həyatında  lokallaşmışdır.  İkincisi  isə  obyektivləşmiş  mənəviliyin

varlığıdır  ki,  ruhun  obyektiv  məhsulları  şəklində  mövcuddur.  Mənəviyyat  sahəsində  milli  varlıq  çoxsəviyyəli,

mürəkkəb  dinamik  sistemdir  ki,  bu  sistem  etnosun  kimliyinin  dərkinə  yönəlmişdir.  Hər  bir  millət  varlığın  vahid

quruluşunu, ətraf mühiti və sosial gerçəkliyi öz xüsusi proyeksiyasından görür, özəl milli məntiq formalaşdırır ki,

bu  da  həmin  millətin  dünyanı qavrama  modeli  şəklində  çıxış  edir.  Bu  səbəbdən  də  bir  millətin  milli  varlığının

tamlığını  digər  millətin  milli  varlığı  ilə  müqayisə  etmək  lazım  gəlir  ki,  onların  milli  şüurlarındakı  spesifiklik

aşkara çıxarıla bilsin [2, s.236].

Milli  varlıq  özünün  mövcudluq,  inkişaf  məntiqinə  malikdir  və  daima  dəyişikliklərə  məruz  qalır.  Bu

dəyişikliklər də milli şüurda fiksasiya olunurlar. Odur ki, milli şüur xalqın həm də ruhani bioqrafiyasıdır. Burada

təbii və sosial hadisələr, mədəniyyət amilləri, etnosun təsərrüfatçılıq fəlsəfəsinin izlərinə rast gəlmək mümkündür.

Milli şüur millətin istər fərdi, istərsə də kollektiv mövcudluq səviyyələrində özünü aşkarlayır.

Azərbaycan  xalqının  etnik  və  milli  şüurunun  formalaşmasına  onun  dünya  duyumunun  özəllikləri  təsir

etmişdir.  Xalqın  özünəməxsus  dəyərlər  sistemi  onun  real  tarixi  gedişində  formalaşmışdır.  Bu  sistem  onun  milli

vərdişləri  (məsələn,  köçəriliklə  bağlı),  sosial  davranış  qaydaları,  taleyi,  qələbə  və  məğlubiyyətləri,  xalqı  əhatə

edən  təbii  və  sosial  mühitlə  şərtlənmişdir.  Milli  şüur  formalaşmasa  idi,  azərbaycanlılar  müəyyən  məkanda

yaşayan  əhali  səviyyəsindən  yuxarı  yüksələ  bilməzdilər  və  tezliklə  digər  böyük  etnosların  daxilində  əriyib

gedərdilər. Milli şüur əhalini mənəvi tamlığa çevirir və onu ayrıca taleyə malik sosial orqanizm şəklinə salır.

Nəzərə alsaq ki, milli şüur müəyyən psixoloji gerçəkliyi təmsil edir, onda tədqiqatın məntiqi öz növbəsində

baxılan problemə sosial psixologiyanın kateqorial aparatının tətbiqini də zəruri edir. Etnik şüur etnik psixologiya

əsasında formalaşır. Bu şüur psixoloji baxımdan həmişə konkretdir və "xalqın qəlbi", "milli ruh", "milli xarakter"

barədə müəyyən bilikləri ehtiva edir. Milli şüuru psixoloji səviyyəsi xalqın "ruhi mənliyi"ndə, onun temperamenti,

tanış situasiyalara reaksiyaları hiss və əhvalları şəklində aşkarlanır. Bura kollektiv emosional şablonları, canatma

və meyilləri, zövqləri, adətləri və ustanovkaları aid etmək olar.

Etnosun  şüurunun  bir  vacib  xüsusiyyətini  də  onun  istiqaməti  təşkil  edir  ki,  bu  da  özün  ustanovka  və

tendensiyaların, tələbat və motivlərin, maraq və idealların dinamik sistemində bildirir İnsanların milli şüurunun və

fəaliyyətinin xarakterinə canatmalar və təqlidlər təsir göstərir. Sosial normalar, mənəvi dəyərlər, mədəni arxetiplər

və s. - bütün bunlar təqlidin təzahürləridir. Təqlid yolu ilə fərd öz xalqının və ya başqa xalqların (bu cəhət xüsusi

ilə xalqın ziyalı təbəqəsinə aiddir) ictimai şərtilikləri və adətləri, kollektiv təcrübəsi mənimsənilir.

Milli  şüurun  strukturunda  təlqinlər  də  böyük  rol  oynayır.  Təlqinlərin  köməyi  ilə  insanlar  bir-birlərinə  təsir

edir, öz təcrübələri ilə bölüşür və öz birgə fəaliyyətlərini təşkil edirlər. Təlqinin gücü ilə insanların psixikasında və

həyat tərzlərində milli adətlər və əxlaq kök salır. Təlqinin verbal və qeyri-verbal formaları ola bilir. İctimai qınaq

amili də təlqində xüsusi çəkiyə malikdir.

Etnosun şüuruna daxil olan hadisələrdən biri də stereotiplərdir. Mənəvi-psixoloji qurumlar milli şüurda əks

olunaraq  etnosun  psixoloji  tipini  formalaşdırır.  O  isə  öz  növbəsində  tərkrarlanan  olduğundan  buradan  vərdiş  və

qabiliyyətlər sistemi yaranır.

Məlumdur ki, insan mədəniyyəti, sosial davranış və təfəkkür dilsiz və dildən kənar gerçəkləşə bilməz. İnsani

kommunikasiya  vasitəsi  kimi  (və  bu  səbəbdən  də  eyni  zamanda  həm  sosial,  həm  də  milli  səciyyə  daşımaqla)  dil

zəruri olaraq özündə dünyagörüşü, etnik və mədəni dəyərlərin özəlliklərini və həmçinin bu və ya digər dil icmasına

xas davranış normalarının izlərini əks etdirir. Bütün bunlar öz əksini dilin leksikasında tapir ki, bu barədə tez-tez və

çox danışırlar.

Lakin  qeyd  etmək  lazımdır  ki,  milli  mentaliteti  daha  çox  dilin  qrammatik  quruluşu  əks  etdirir.  "Dildəki

sözlərin sayı onun dünyasının tutumunu göstərdiyi halda, dilin qrammatik quruluşu bizdə təfəkkürün daxili təşkili

barədə təsəvvür yaradır" [3, s.15]. Məhz V. fon Humbolt ilk dəfə olaraq "xalqın dil şüuru" kimi vacib anlayışı elmi

dövriyyəyə  daxil  etmişdir  [yenə  orada:  s.47].  B. Serebrennikov  isə  yazir:"Müəyyən  münasibətlərin  çoxsaylı

təkrarlanması insanın ağlında məlum təcrübə kateqoriyasını formal asdırır. Mahiyyət etibarı ilə bu, dildə ifadəsini

tapa  bilən  anlayış  kateqoriyasıdır.  Bu  kateqoriyanın  hansı  şəkildə  dildə  öz  ifadəsini  tapacağı  isə  linqvokreativ

təfəkkürdən asılıdır. Linqvokreativ təfəkkür ifadə vasitələrinin seçimini həyata keçirə bilər, kateqoriyanın semantik

tutumunu,  başqa  anlayışlarla  uyarlıq  özəlliklərini  və  s.  müəyyən  edə  bilər"  [4,  s.8].  Məhz  anlayış  kateqoriyaları

dilin morfoloji kateqoriyalarının əsasını təşkil edirlər. Onlar sistemyaradıcı vahidlər olub, hər hansı bir dilin baza

atributlarını təşkil edirlər. Bu kateqoriyalar ilk növbədə bu və ya digər dilin daşıyıcısının dil şüurunda oturmuşlar.

Məsələn,  morfoloji  kateqoriya  kimi  cinsi  götürmək  olar.  Hind-Avropa  dillərində  cisimlər  adətən  üç  cinsə

bölünürlər,  lakin  türk  dillərində  (o  cümlədən  Azərbaycan  dilində)  belə  bir  ayrılıq  yoxdur.  Bu  səbəbdən  də

azərbaycanlıya, məsələn, rus dilini öyrənmək,  hansı isimin  hansı cinsdə  olmasını yadda  saxlamaq,  sonra  da  bunu

təyin  və  xəbərlə  uzlaşdırmaq  böyük  çətinliklər  yaradır.  Halbuki,  ruslar  üçün  bu  heç  bir  çətinlik  törətmir.  Zira  bu




biliklər onların dil şüurunun təməlində olur. Lakin eyni zamanda türk dilində cinslərin olmaması dünyagörüşünün

fərqliliyində,  gender  münasibətlərində  ("Aslanın  erkəyi-dişisi  olmaz"),  təbiətə,  heyvanat  aləminə  münasibətdə

spesifik fərqlər yaradır.

Qrammatik (morfoloji) kateqoriyalar hər bir dildə konkret leksik materialın uzunmüddətli ümumiləşdirmələri

və  müəyyən  semantik  ideyanın  sonrakı mücərrədləşməsi  nəticəsində  formalaşırlar.  Beləcə  bütün  türk  və  slavyan

dilləri


 üçün

 kəmiyyət

 semantik

 anlayışı

 dominantlıq

 kəsb


 edir,

 isimlərin

 xarakteristikasının

müəyyənləşdirilməsində  vacib  şərtlərdəndir.  Lakin  kəmiyyət  anlayışı  (tək-cəm)  bir  çox  dillər  üçün  semantik

universal rolunda çixiş edir. Bununla belə, bu əsasda biz iddia edə bilmərik ki, bu kateqoriya bütün dil daşıyıcıları

üçün  aktualdır.  Dil  faktları -  səbəb  deyil,  nəticədirlər;  kollektiv  təfəkkürün  heç  də  bütün  kateqoriyaları məhz  dil

kateqoriyaları  vasitəsi  ilə  ifadə  olunmurlar,  digər  tərəfdən  isə  dillə  ifadə  olunan  heç  də  hər  şey  şüur  faktına

çevrilmir  və  sosial  əhəmiyyət  kəsb  etmir.  Bu  və  ya  digər  dilin  ayrılmaz  xüsusiyyətinə  çevrilmək  üçün  iki  şərtin

gözlənilməsi gərəkdir: birincisi, o, böyük leksik tərkibin zəruri xarakteristikası olmalıdır  ki, dildə daima işlənsin;

ikincisi,  bu  semantik  dominant  bir  neçə  "porsiyaya"  bölünərək  nitq  hissəsinin  bütün  sözlərinə  paylanmalıdır  ki,

onları bu əsasda bir-birinə qarşı qoyulmuş formalar sırasına bölsün. Bu forma sıralarının qarşı qoyulması insanların

dil  təfəkküründə  məntiqi  yaxud  məna  kompozisiyaları  şəklində  mövcud  olur.  Məsələn,  Azərbaycan  dilində

"tək-cəm"  qrammatik  qarşıqoyulması  xarakterik  olduğundan  bu  dilin  daşıyıcıları  əşyanın  kəmiyyət

xarakteristikasını  müvafiq  qrammatik  göstəricilərlə  daima  dəqiqləşdirirlər  (məsələn,  qələm-qələmlər,

adam-adamlar və s.).

Müxtəlif  dillər  üçün  qrammatik  kateqoriyaların  tərkibi  müxtəlif  olur,  zira  hər  bir  dil  lüğət  sinfi  üçün

mahiyyətli atributları uzun tarixi zaman kəsiyində özü "seçir". Hər bir dilin qrammatik sistemi dil quruluşunun ən

dayanıqlı  və  ən  çətin  dəyişikliyə  uğrayan  hissəsini  təşkil  edir.  Onun  formalaşmasına  yüz  illər,  min  illər  sərf

olunduğundan onda bu və ya digər xalqa xas mədəni-etik dəyərlər və sosio-siyasi iqlimlə şərtlənən milli mentalitet

və təfəkkürün özəllikləri əks olunmaya bilməz.

Dillə  bağlı  narahatlıqların  digər  aspektlərinə  də  nəzər  salmağa  çalışaq.  Rus  alimi  N. N. Bolışeva

"Qloballaşma şəraitində dilin inkişafı (sosial-fəlsəfi aspekt)" adlı əsərində haqlı olaraq göstərir ki, qloballaşma  bu

gün  məhz  dil  sferasındakı manipulyasiyalar  vasitəsi  ilə  milli  mentalitetlərə  müdaxilə  edir  və  onları unifikasiyaya

məruz  qoyaraq,  Qərbin  "standartlarına" uyğunlaşdırır  [5,  s.3].  Və  bu  prosesin  gerçəkləşdirilməsində  bütün  media

vasitələri,  xüsusilə  də  son  illər  xüsusi  çəkisi  artmaqda  olan  internet  fəal  surətdə  iştirak  edir.  Faktiki  olaraq

özünəməxsus  dil  ekspansiyası həyata  keçirilir.  Dünyada  bu  gün  həyata  keçməkdə  olan  arzuolunmaz  perspektivli

təmayülləri  təsirsizləşdirəcək  konsepsiyanın  axtarışları  da  bu  səbəbdən  böyük  aktuallıq  kəsb  edir.  Bəzən  bu

axtarışlar yalnış olaraq antiqlobalist addımlarla qarışıq da salınır.

Milli dil bu və ya digər xalqın milli mədəniyyətinin vacib komponenti olub, etnosun yaranması ilə formalaşır

və  sonradan  onun  sosial-siyasi  mövcudluğunun  zəruri  şərti  rolunda  çıxış  edir.  Mütəxəssislər  hesab  edirlər  ki,

müasir "elektronlaşmış" mədəniyyət - kobud ünsiyyət və cəhalət nişanı altında milli dillərin qlobal kommunikasiya

sistemi dolayısı ilə zibillənməsi, aşındırılması xətti  üzrə inkişaf  etməkdədir [6]. Dünyada mövcud dil müxtəlifliyi

dünyanın  zənginliyini  təşkil  edir.  Və  hər  "gərəksizləşdirilən"  dillə  dünya  özünü  bənzərsiz  təfəkkür  tərzindən

məhrum etmiş olur. Bu filosoflar belə etiraf edirlər ki, fəlsəfə heç də qeyri- milli (və ya fövqəlmilli) şüur forması

deyildir. Onu kosmopolit hesab eləmək səhvdir. Bu isə o deməkdir ki, hər bir dil özünün fəlsəfi imkanlarına, qlobal

problemlərin həlli baxımından bənzərsiz sayıla bilən açara, yanaşmaya malikdir və itirilən hər bir milli dillə bəşərin

nələrdən məhrum olduğunun hesabını aparmaq belə çətindir.

Sepir-Uorfun  linqvistik  konsepsiyasına  görə,  insanlar  dünyanı  məhz  ana  dilinin  prizmasından  müxtəlif

anlayırlar. Reallıq insana məhz ana dilinin məna pəncərəsindən göründüyü kimi aşkarlanır.  Məsələn, Azərbaycan,

rus, ingilis və alman dillərinin semantikasının hətta səthi müqayisəsi belə bu dillərdə bir çox subyektiv yaşantıların

qarşılıqlarını  tapmağın  çətin  olduğunu  aşkara  çıxarır.  Alman  dilində  olan  mənalar  ingilis  dilində  yoxdur,

Azərbaycan dilində olanlar rus dilində və əksinə. Ona görə də hesab olunur ki, hər hansı xalqın mentalitet və şüur

özəlliklərini anlamaq üçün onun dilini öyrənmək lazımdır.

Əslində  yeni  texnologiyaların  tətbiq  edilməsi  bayrağı altında  eyni  zamanda  xalqın  şüuruna  da  müdaxilələr

edilir və bu məsələnin həllinə sadə qadağalar yolu ilə nail olmaq mümkün deyildir. Qloballaşma elə bir prosesdir

ki,  ona  müqavimətsiz  təslim  olmaq  təhlükəli  olduğu kimi,  onunla  ayaqlaşmamaq da  xalqın  inkişafı və  dünyadakı

mövqeyinin qorunması baxımından təhlükəli ola bilər.

Bəli, bu gün istifadə olunma genişliyi və praktikliyi baxımından Azərbaycan dilinin müəyyən mənada ingilis

dili  vasitəsi  ilə  sıxışdırıldığını  müşahidə  etmək  olar.  Və  unutmaq  lazım  deyil  ki,  qlobal  kommunikasiya

şəbəkələrində  "istehsal  olunan"  danışıq  forması təkcə  həmin  şəbəkələrin  virtual  sərhədləri  çərçivələrində  qalmır,

insanların  emosiyalarına,  davranışına,  fəaliyyətinə  sirayət  edir.  Tomas  Fridman  adlı  tədqiqatçı  özünün  "Dünya

yastıdır"  kitabında  bu  sürətli  dəyişiklikiərin  təsvirini  verməyə  çalışmışdır.  Lakin  o  da  baş  verənlərin  yetərli

mənzərəsinin mümkünsüzlüyünü etiraf edir [7, p.50].

Təbii  ki,  internetdə  ən  işlək  dil  ingilis  dilidir.  Ən  böyük  informasiya  resursları  bu  dildədir  və  saytların




infrastrukturu  da  (proqram  təminatı,  bölmələr,  linklər,  naviqasiya  və  s.)  ingiliscədir.  İngilis  dilini  müəyyən

səviyyədə bilmədən internetdə özünü sərbəst  hiss eləmək çox çətindir. Lakin bu  dilin  öz  qrammatik  strukturu  və

deməli  öz  mental  kateqoriyaları mövcuddur.  Insan  isə  spesifik  mental  məzmun  üstdə  köklənərsə,  vaxtaşırı onu

yenidən təkrar istehlak etməkdə maraqlı olur. Beləcə, milli şüur transformasiya zərurəti ilə üzləşir [8].

Bir  çox  antiqlobalist  tədqiqatçılar  bu  proseslərin  məqsədyönlü  şəkildə,  dəqiq  ssenari  üzrə  baş  verdiyi

əminliyindədirlər. Onların fikrincə, mentalitetin dəyişdirilməsi üçün iki məqsədli məsələ öz həllini tapmalıdır: 1)

ingilis dilinin əhəmiyyətinin fəal surətdə artırılması və 2) milli dilin diskreditasiyası. Biz ssenari üzrə təşkil olunan

tarix  konsepsiyasından  uzaq  olsaq  da,  faktiki  olaraq  gedən  proseslərdə  digər  bir  dilin  milli  dil  üzərində  total

dominantlıq  kəsb  etməsi  səbəbiylə  milli  dilin  mental  təməlinə  olan  müdaxiləni  konstatasiya  etmək

məcburiyyətindəyik.  Əgər  bu  gün  bu  tendensiya  o  qədər  də  aydın  görünmürsə,  sürətlə  elektronlaşan

cəmiyyətimizdə sabah qarşısıalınmaz problemlərlə üz-üzə qala bilərik.

Qloballaşma  dövründə  dil  kapitala  çevrilmişdir.  Dünyəvi  informasiya  mübadiləsi  əsasında  gerçəkləşdirilən

yeni dünya nizamında dilin rolunu azaltmaq heç cürə mümkün deyil. Bir çox əvvəllər əlçatmaz olan proseslər bu

gün internet vasitəsi ilə real zaman rejimində izlənilə bilir. Virtuallaşma zaman və məkanı sıxaraq, qlobal vəhdət

hissinin formalaşdırılmasına nail olur. Milli dövlətin sərhədlərinin əhəmiyyəti "şəffaflaşır".

Sonda  Q. Lassuelin  bir  fikrini  xatırladaq.  O  hesab  edir  ki,  əslində  qlobal  kommunikasiyanın  aşağıdakı

funksiyaları mövcuddur [2, s.240]:

a)

dünyanı müşahidə etmək (məlumatın yığılması və yayılması);



b)

"redaktə etmək" (məlumatın seçilməsi və şərh edilməsi);

c)

ictimai rəyin formalaşdırılması;



e) mədəniyyətin yayılması.

Göründüyü kimi, şərhə ehtiyac yoxdur.

Beləliklə, dünən milli dövlətin nəzarətində olan kommunikasiya bu gün qlobal şəbəkənin əlindədir və buna görə də

xalqın  şüurunun  idarə  edilməsi  də  artıq  daha  çox  dünyəvi  proseslərə  nəzarət  edən  qüvvələrin  əlindədir.  Bu  isə

təhlükəli  vəziyyətdir.  Mürəkkəb  zamanda  öz  müstəqil  yolunu  başlayan  Azərbaycan  milli  varlığına  qarşı  yönələ

bilən hər bir təhlükəyə qarşı preventiv tədbirlər hazırlamalıdır.



İstifadə olunmuş ədəbiyyat

1. Randy


 Kluver.

 Globalization,

 Informatization,

 and


 Intercultural

 Communication

 //

 -

http://www.acjournal.org/holdings/vol3/Iss3/specl/lduver.htm



2. Кузнецов П. В. Самосознание этноса как способ выражения духовной жизни народа /П. В. Кузнецов

//Инновации  в  теории  и  преподавании  гуманитарных  дисциплин:  материалы  Республиканской

научно-практ. конф. - Чебоксары, 2008, с.235-248.

3. Вильгельм фон Гумбольдт. Избранные труды по языкознанию. М.. "Прогресс", 1984, с.345

4. Серебренников  Б. А. Роль  человеческого  фактора  в  языке.  Язык  и  мышление.  "Наука",  М„  1988,

с.33.


5. Больпнева  Н. Н. Развитие  языка  в  условиях  глобализации  (социально-философский  аспект),

Автореферат диссертации на соискание ученой степени кандидата философских наук, Красноярск, 2006.

6. Ангархаев А. А. Проблема национатьной идентичности в контексте глобализации//

http://rbnli 1 .burinfo.ru.faculty/unesco/konfl/essyas/Angarhaev A. A. doc

7. Tomas L. Friedman. The World is flat (a brief history of the twenty-first century), New York, 2006, 600 p.

8. Владимиров А.

 О

 технологии



 «формирования

 национального

 сознания»

 //


-http://www.kadet.ru/lichno/vlad_v/otfc.doc

Адиль ГУРБАНОВ

НЕКОТОРЫЕ ВОПРОСЫ ВЗАИМООТНОШЕНИЙ МЕЖДУ

НАЦИОНАЛЬНЫМ СОЗНАНИЕМ И НАЦИОНАЛЬНЫМ

ЯЗЫКОМ В УСЛОВИЯХ ГЛОБАЛИЗАЦИИ

Резюме

В представленной статье рассмотрены некоторые аспекты соотношений между национальным языком

и сознанием в условиях современой глобализации.  Автор старается раскрыть глубокие связи между этими

двумя понятиями. В современных условиях, когда мир ускоренными темпами глобализируется, происходят

скрытые  изменения  в  сознаниях  обществ,  направленные  на  унификацию  сознаний.  Глобализация



заинтересована  в  унификациях,  но  мир  не  сможет  выжить,  потеряв  многообразие.  Это  является  главным

философским  противоречием  современности.  Автор  пытается  показать  механизмы  этой  унифицирующей

деятельности, которые осуществляются главным образом в сетях глобальной коммуникации.

Adil QURBANOV

SOME PROBLEMS OF THE RELATIONSHIP BETWEEN THE

NATIONAL CONSCIOUSNESS AND NATIONAL LANGUAGES

IN THE CONTEXT OF GLOBALIZATION

Summary

In  the  present  article  some  aspects  of  the  relationship  between  language  and  national  con sciousness  in

conditions  of  contemporary  globalization  arediscussed.  The  author  tries  to  reveal  the  deep  connection  between

these  two  concepts.  In  modern  conditions,  when  the  world  is  globalizing  rapidly,  some  hidden  changes  in  the

consciousness  of  the  society  aimed  at  the  unification  of  con sciousness  occur.  Globalization  is  interested  in

unification, but the world can not survive losing di versity. This is a major philosophical contradiction of our time.

The author tries to show the mechanisms of this unifying activities that are carried out mainly in the networks of

global communication.



Yüklə 69,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə