Yazırdı. Radio «Nəhəng tikinti»



Yüklə 43,27 Kb.
Pdf görüntüsü
tarix01.02.2018
ölçüsü43,27 Kb.
#23404
növüYazı


  

 MƏNİM SSENARİ MACƏRAM, YAXUD SARA XANIMI BİRİNCİ DƏFƏ EŞİDƏNDƏ

 

1939-cu  ildə  Samur  çayından  Dəvəçiyə  doğru  böyük  bir  kanal  çəkilməyə  başlanmışdı.  Bütün 



qəzetlər  onun  haqqında  yazırdı.  Radio  «Nəhəng  tikinti»  adı  ilə  aramsız  olaraq  cürbəcür 

informasiyalar, oçerklər verirdi. 

O zaman mən «Kənddən məktublar» adlı ilk hekayələr məcmuəsinin çıxması ilə əlaqədar olaraq, 

Füzuli  şəhərindəki  orta  məktəbdə  coğrafiya  müəllimliyindən  çıxıb  Bakıya  gələrək,  unudulmaz 

bir  şəxsiyyət  olan  rəhmətlik  yazıçımız  Əli  Vəliyevin  köməyi  ilə  «Yeni  yol»  qəzetində  işə 

girmişdim. 

Ədəbi dairələrdə məni tanımağa başlamışdılar. Bir gün məni Bakı kinostudiyasına dəvət edərək, 

«Samur-Dəvəçi»  kanalının  çəkilişi  haqqında  bədii  kinossenari  yazmağı  təklif  elədilər.  Mənim 

tərəddüd  etdiyimi  görəndə,  direktor  ürək  verib  dedi  ki:  «Qorxmayın,  yazarsınız. 

Hekayələrinizdən  görünür  ki,  kənd  həyatını  hiss  edirsiniz.  Gənc  yazıçısıınz...  Biz  də  kömək 

edəcəyik». 

Mən  ssenari  yazmasam  da,  əlimə  keçən  xarici  kinossenariləri  oxumuşdum.  Özümə  də  çox 

maraqlı görünürdü. Qərəz, razılıq verdim. Mənimlə müqavilə bağlayıb avans da verdilər. Getdim 

«Samur-Dəvəçi» kanalı tikintisinə. Kanalın qərargahı Quba şəhərində idi. 

O zaman Azərbaycanda KP MK-nın birinci katibi Mircəfər Bağırov idi. Onun göstərişinə görə, 

son illərdə respublikanın ən böyük nailiyyətlərindən olacaq bu kanal Stalinin adını daşımalı idi. 

Ona görə də, kanal xəttinə on minlərlə kolxozçu kəndlilərdən ibarət işçi, mühəndislər, texniklər, 

cürbəcür maşınlar, texniki vasitələr gətirilmişdi. Neçə-neçə nazir, Mərkəzi Komitə işçisi, katiblər 

tikintinin  rəisinə  müavin  göndərilmişdi.  Tikintidə  bilavasitə  Mərkəzi  Komitənin  orqanı  kimi 

xüsusi qəzet nəşr edilirdi. Gecələr səhərə qədər projektorlarla işıqlandırılmış sahələrdə qızğın iş 

gedirdi.  Briqadalar,  adamlar  arasında  yarışlar  təşkil  edilirdi.  Hər  gün  Bakıdan  yeni-yeni 

incəsənət dəstələri,  müğənnilər, artistlər gəlib  işçilər üçün konsertlər, tamaşalar verirdi. İşçilər, 

mühəndislər,  texniklər,  meşədə,  çöldə  açıq  havada  yatırdı.  Havalar  isə  soyumağa  başlayırdı. 

Gecələr Şahdağından buz kimi soyuq küləklər əsirdi. 

Mən  «Azərbaycan  gəncləri»  (o  zaman  «Gənc  işçi»  deyirdilər)  qəzetinin  redaktoru,  gənc, 

yaraşıqlı,  zarafatcıl  bir  oğlan  olan  Bağır  Seyidzadə  və  «Kommunist»  qəzetinin  məsul  katibi 

Neman adlı ləyaqətli bir oğlanla «Quba» mehmanxanasında eyni nömrədə olurduq. Mən onlarla 

Bakıda tanış olmuşdum. Dediyim kimi, ikisi də gənc və xoşsifət idi. 

Bağır  Seyidzadə  sonra  Azərbaycan  kinematoqrafıya  naziri  olmuşdu.  Neman  isə,  heyf  ki, 

müharibədə həlak oldu. Gündüzlər iş üstünə gedib, hərə öz işi, öz müşahidəsi ilə məşğul olurdu. 

Gecələr isə, mehmanxananın restoranında oturub alma ilə Şirvan şərabı içir, gecə-yarısına qədər 

cürbəcür söhbətlər edirdik. Böyük kanal tikintisini çəkmək üçün kinostudiyadan gənc, istedadlı 

operator  Muxtar  Dadaşovun  başçılığı  ilə  kiçik  briqada  gəlmişdi.  Onlar  da  «Quba» 

mehmanxanasında bizimlə qonşu nömrədə olurdular. Gecələr onlarla bir yerdə yeyib-içir, söhbət 

edirdik.  Hal-hazırda  Allahın  köməyilə  sağlam,  gümrah,  ömrü  yüzə  çatmaqda  olan  hörmətli 

dostumuz,  sənət  fədaisi  Əlili  də  Muxtarın  briqadasında  bizim  gecə  məclisimizin  zarafatcıl 

sevinci  idi.  Əlili  hədsiz  gülməli  lətifələr  bilicisi  olmaqla  bərabər,  çox  maraqlı  bir  istedada  da 

malik  idi.  İstədiyin  əşya  haqqında  dərhal,  necə  deyərlər,  ekspromt  bir  novella  quraşdırıb  deyə 

bilirdi.  Məsələn,  deyirdin:  «Təzə  evlənmiş  gənc  oğlan  gəlib  qonaq  otağında  külqabıda  bahalı 

papiros  kötüyü  gördü».  On  beş-iyirmi  dəqiqədən  sonra  Əlilinin  novellası  hazırdır!  Doğrusunu 

deyim ki, Əlilinin bu cüx bədahətən söylədiyi novellalar çox zaman maraqlı, hətta, inandırıcı da 

çıxardı. Orası da qəribə idi ki, biz bütün günü qazılmaqda olan kanal boyu gəzib hər kəs öz işi ilə 

məşğul olduğumuz  halda, gecə  mehmanxanada  bu barədə  söhbət eləmirdik. Elə  bil ki, zahirən 

coşğun  həyat  birdən-birə  tamam  unudularaq  arxada  qalırdı.  Bir  yerdə  əyləşib  çay  içib,  söhbət 

etdikdə,  sanki  biz  birdən-birə  əsl  canlı,  cazibədar  həyata  daxil  olub  ürəyimizdə  anlaşılmaz  bir 

sevinc,  ruhi  bir  rahatlıq  hiss  edirdik.  Zarafatlaşırdıq,  deyirdik,  gülürdük,  Əlili  bədahətən 

novellalarını deyirdi. Elə bil ki, biz, birdən-birə əsl azadlığa çıxırdıq. 

Dediyim kimi, mən burada bədii kinossenari yazmaq üçün, necə   deyərlər, «bu coşğun sosialist 

əməyindən,  kollektiv  qəhrəmanlıqdan»  ilham  almağa,  maraqlı  «əmək  səhnələri»ni  müşahido 

edib, materiallar toplamağa gəlmişdim. Lakin gəlib bu qan-tər içində külüng vuranları, qəzetlərin 




coşqun  pafosla  yazdığı  «Fərhad  kimi  külüng  vurub  dərin  qayaları  çapan  qəhrəmanları» 

gördükdə, elə bil ki, nə isə, bədii bir süjet düşünmək həvəsim məni tərk edib gedirdi. Elə bil ki, 

qəlbimə  ağır,  qüssəli  bir  tutqunluq  çökürdü.  Tamam  qeyri-iradi  olaraq  fıkrim,  xəyalım  gəzib 

tamaşa  etdiyim  və  qəzetlərin,  sovet  şairlərinin  təmtəraqla  təsvir-tərif  etdikləri  «qəhrəmanlıq» 

mənzərələrindən  dərhal  uzaqlaşıb  atamgilin  kəndində  indi  məhz  ilin  bu  vaxtı  öz  xüsusi 

bağlarında  üzüm,  ərik,  alma  dərən,  tutdan  bəhməz  bişirən,  dan  yeri  sökülər-sökülməz  qalxıb 

xüsusi  tarlalarında  cütün  qulpundan  yapışıb,  sarı  buğda  əkən  doğma  adamları,  rayon 

mərkəzindən  kəndə  qonaq  gəlib  sapandla  tarladakı  qarğalara  daş  atan  özümü  xatırlayırdım. 

Özüm özümü məcbur etdiyimə baxmayaraq, fıkrim-xəyalım bu nəhəng işin üzərində dayanmırdı 

ki, dayanmırdı. Adamların vurhavur işləmələrinə diqqətlə tamaşa edərək ssenari ilə əlaqədar bir 

əhvalat uydurmağa çalışdığım zaman, birdən ayılıb görürdüm ki, xəyalım yenə də kanaldan çox 

uzaqlara,  insanların  öz  əli,  öz  başı  olan  o  rəngarəng  azadlıq  dünyasına  uçub.  Belə  olanda, 

özümün  özümə  acığım  tuturdu:  «Nə  var?  -  deyirdim.  -  Özün  döşü  atlanan,  hər  şeyi  qırmızı 

çərçivəyə  salan  sovet  yazıçılarını  süni  uydurmalarda  təqsirləndirib  demirdin  ki,  sənət  əsərində 

hər şey təbii olmalıdır?» 

Beləliklə, mən Samur-Dəvəçi kanalında əməllicə yaradıcılıq böhranı keçirirdim. Ancaq yazmaq 

lazım idi. Müqavilə bağlamışdım. Pul almışdım. 

Bir gün də Bağır Seyidzadə ilə tikintidə gəzdiyim zaman xeyli aralıda cavan qız  səsilə oxunan 

bir  «Qatar»  muğamı  eşitdik.  Kanal  boyu  bir  qədər  irəliləyib  gördük  ki,  tarın,  kamançanın 

müşayiətilə  o  muğamı  oxuyan  on  səkkiz-on  doqquz  yaşlarında  yaraşıqlı  bir  qızdır.  Səsin 

diapozonu, lirik zənginliyi ikimizə də bərk təsir etmişdi. Mən dərindən nəfəs alıb dedim: 

- Bu qız yəqin qarabağlıdır. 

- Nədən bildin? - deyə Bağır soruşdu.  

Mən dedim: 

-  Əlbəttə, Azərbaycanın Şəki, Şirvan, Təbriz kimi  başqa  yerlərindən də gözəl  xanəndələr çıxır. 

Ancaq bu Qarabağ xanəndələrinin səsində, ifadə tərzində, nə isə, məhz Qarabağa məxsus elə bir 

şey var ki, onları fərqləndirir. Bu səs rənglərlə, nüanslarla çox zəngindir. 

Doğrudan da, bu rəng, bu nüans təəccüblü dərəcədə təsirli təravətə malikdir. Məsələn, yüz səsin 

içində  dərhal  tanıyırsan  ki,  bu  Xanın,  ya  Zülfü  Adıgözəlovun  səsidi,  Qarabağın  son  dərəcə 

zəngin, rəngarəng təbiətinin təsiri, məhsuludur. Arazqırağı Qarabağın yayda günəşdən od tutub 

yanan  Gəyən  düzü,  Haramı,  Ağcabədi  çöllərindən  dünyanın  ən  nadir  çiçəkləri  ilə,  qırmızı 

lalələrlə  əhatə  olunmuş  dağ  yolları  ilə  Şuşaya  və  Kirs,  Ziyarət,  Salvartı  dağlarına  qalxanda, 

hədsiz  dərəcədə  əlvan  mənzərələrə  rast  gəlirsən.  Qarabağ  təbiətinin  bu  nağıllardakı  pərilər 

dünyası  kimi  gözəlliyi  və  hər  gözəlliyin  öz  şeriyyəti  sənət  adamının  dühasına  məxsusi  təsir 

etməyə bilməzdi. Qarabağda Şıışanın, Kirs dağlarının, İsa bulağının, Səkili bulağının öz gözəlliyi 

olduğu kimi, qızğın günəş şüaları altında ilğım çalan Ağcabədi, Haramı, Gəyən düzlərinin də öz 

gözəlliyi, öz şeriyyəti var. 

Biz  kanal  tikintisində  işçilər  üçün  konsert  zamanı  o  gənc  qızın  oxuduğu  muğamlara,  müasir 

mahnılara qulaq asdıqda, mən Qarabağ xanəndələrinin səsindəki, sözlə ifadəsi çətin olunan incə, 

zərif çalarları və onların ilahi zənginliyini təkrar hiss edirdim. Təzə zühur etmiş Sara Qədimova 

adlı  o  gənc  xanəndənin  səsinin  nəhayətsiz  diapazonunda  bu  zənginlik  son  dərəcə  təbii  bir 

koloritlə  insanı  heyran  edirdi.  Ona  qulaq  asdıqca,  mənə  elə  gəlirdi  ki,  bu  muğamı  «misilsiz 

sosialist tikintisində» yox, Şuşa dağlarında, İsa bulağında, o meşələrin dərinliklərində eşidirəm. 

Yeri gəlmişkən, yazıçılıq yaddaşıının təsirilə kiçik bir əhvalat danışmaq istəyirəm. Əllinci illərin 

bir  yayında  məni  dostum  Firudin  Şuşinski  ilə  Şuşanın  bazarında  dayanıb  söhbət  edirdik.  Bu 

zaman  otuz-otuz  beş  yaşlarında  ortaboylu,  yaraşıqlı  bir  oğlan  asta  addımlarla  gəlib  keçərkən 

Firudinə salam verdi. Firudin onun salamını alıb: 

- Gəl, İlyas müəllimlə də tanış ol, İsgəndər, - dedi. Oğlan yaxınlaşıb mənimlə görüşdü. 

Firudin mənə dedi: 

-  Sənin çox  sevdiyin «Qarabağın maralı» mahnısının müəllifi, bax, bu oğlandır! Musiqisini də, 

sözlərini də özü yazıb. 

Dedim: 



- Sara Qədimova bayaq həmin mahnını gözəl oxuyurdu.  

O, təbii bir ifadə ilə: 

- Bəli, Sara o mahnını hiss edir, - dedi.  

Mən dedim: 

- Yəqin ona görə ki, Sara özü də o yerlərdəndi. 0: 

-    Ola  bilər, dedi,  -  bəzi  xanəndələr  nəinki  hiss etmirlər,  heç sözləri də düz demirlər. Məsələn, 

«bu dağlarda  maral gəzər, ayaqların daşlar əzər...» əvəzinə, «əl-ayağını daşlar əzər...» deyirlər, 

ya da  mənim qoşduğum o «Qarabağın  maralı»  mahnısının  adını dəyişib,  «Azərbaycan  maralı» 

eləyirlər. Bəyəm, Qarabağ Azərbaycan deyil?! 

Mən dedim: 



Sənin mahnının adını, oxuyanlar dəyişməyiblər, rəislər dəyişiblər!.. Orası da çox maraqlıdır ki, 

məsələn, Qazax - Tovuz tərəfin adamları aşıq musiqisinə bənd olduğu kimi, Qarabağ camaatı da 

muğam musiqisinə aşiqdir. Elə bir qarabağlı tapılmaz ki, muğamdan, az da olsa, başı çıxmasın! 

Muğamı hiss eləməsin! 

O  böyük  kanaıən  çəkilişində  oxuyan  Saranı  dinlədikcə,  mənə  elə  qəribə,  elə  təravətli  təsir 

bağışlayırdı ki, elə bil, oxuduğu muğam bu gənc qızın öz məhəbbətidir. Öz məhəbbətinin kədərli 

hekayətidir. Hərdən elə bil ki, yaşıl otlar, əlvan çiçəklər arasından keçən şəffaf bulaq suyu kimi 

səssiz  bir  hüznlə  axan,  bəzən  də  yosunlu  qayalardan  tökülən  şəlalə  kimi  çağlayan  muğam  bu 

gənc qızın hekayətindən deyil, onun cəfalar çəkmiş, döyüşlər, müharibələr görmüş igid xalqının 

uzaq keçmişlərdəki həyatı haqqında qəmli və mərdanə bir dastandan xəbər verirdi. 

Gənc  xanəndə  qızın  oxuduğu  o  muğamları,  mahnıları  eşitməyim,  elə  bil  ki,  kanal  üstünə 

gələndən bəri keçirdiyim anlaşılmaz yaradıcılıq böhranını birdən-birə aydınlaşdırdı. Sanki gərgin 

fikirlərim,  hisslərim  birdən-birə azadlığa çıxaraq,  istədikləri geniş, uzaq  üfüqlərə  yol aça  bildi. 

Hər  şeydən  əvvəl,  onu  başa  düşdüm  ki,  ucuz  müxbirlərin  hey  təriflədiyi,  yeni-yeni 

«qəhrəmanlar» meydana çıxartdıqları bu minlərlə günahsız zəhmət adamlarının ən ağır əməyi nə 

üçün mənə gələcək ssenari müəllifi kimi təsir etmir? Mən hiss edirdim, bilirdim ki, bu adamlar 

bura  öz  ilhamları  ilə  gəlməyiblər.  Raykom  katiblərinin  əmrilə  hər  kolxoz  sədri  onları,  məcbur 

olaraq, maşınlara doldurub buraya göndəriblər. Onlar bu kanalın gələcəyindən öz şəxsi həyatları 

üçün heç nə gözləmirdilər. Torbasına üç-dörd quru yavan çörək qoyub bura gələn kəndli onu da 

bilirdi  ki,  gündə  on  altı  saat  beləcə  yavan  çörəklə  əlləşib-becərdiyi  kolxoz  tarlaları  ona 

yoxsulluqdan,  ehtiyacdan  başqa  heç  nə  verməyib.  Bu  kanalın  suyu  ilə  əkilənlər  nə  verəcək?! 

1920-ci  ildən  indiyə  qədər  qazandıqlarını  hökumət  əllərindən  alıb,  az-maz  qalanını  da  yerli 

kommunistlər  bölüşüblər.  Bu  dəhşətli  həqiqət  onlara  çoxdan  məlum  idi.  Ona  görə  də,  indi  bu 

kölə  əməyinə  tabe  olmaqdan  başqa  ayrı  əlacları  yox  idi!  Kanal  boyu  hər  yer  adi  vətəndaş 

paltarında olan enkevede casusları ilə dolu idi. Kimin ixtiyarı var idi ki, gündəlik normanı iki-üç 

dəfə artıqlamasilə doldurmasın?! Kimin ixtiyarı var idi ki, çay, xorək adı tutsun? Kimin ixtiyarı 

var  idi  ki,  nəzarətçilərdən  icazəsiz  beş  dəqiqə  işə  geciksin?  O  adamların  qaşqabağı,  tutqun, 

dinməz sifətləri indi də gözümün qabağındadır. Kölə əməyi dəhşətdir! 

Gənc Sara isə, bizi məlahətli, şirin səsi ilə İsa bulağına, Qırxqız yaylağına çağırırdı. Kölə əməyi 

ilə  başı qarışan  bu günahsız zəhmət adamları  həyatın  işıqlı,  sevincli  səadətindən  bəhs edən  bu 

mahnını  eşidəndə,  görəsən,  nə  düşünürdülər?!  Kimi,  nəyi  lənətləyirdilər?  Məhkum  ürəklərində 

kimə qarşı qiyam edirdilər?! 

Mən  bu  sualların  cavabını təhtəlşüur hiss  edirdim. Ona görə də, çox sonralar, günlərin  birində 

Bakı camaatının coşğun sel kimi məşhur dənizkənarı meydana axışaraq, «Azadlıq!», «İstiqlal!» 

deyə  qəzəblə  qışqırdıqlarını  eşidəndə,  ürəyimdən  bir  fəryad  qopdu:  «Ey  böyük  Allah! 

Azərbaycan  türklərinin  əsrlərdən  bəri  həsrətində  olduqları  bu  müqəddəs  arzularına  çatmağına 

kömək elə! Azərbaycan türklərinin müstəqil, azad dövlət qurub, onu yaşatmağa haqqı var! Bütün 

türk  xalqları  sırasında  azərbaycanlılar  da  qüvvətlidir!  İgiddir!  Ağıllıdır!  O  sənin  yardımını 

gözləyir!» 

1993

                                                                                                                                                                                                                                                                                                                



 

Yüklə 43,27 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə