Yazılmışdır: 1936 1937 İlk nəşri: 1985 Səhnələşdirilməmişdir. ƏŞxas



Yüklə 283,97 Kb.
səhifə1/3
tarix01.11.2017
ölçüsü283,97 Kb.
#7614
növüYazı
  1   2   3

İBLİSİN İNTİQAMI 

Dram - 5 pərdə 


Yazılmışdır: 1936 - 1937 
İlk nəşri: 1985 
Səhnələşdirilməmişdir. 

ƏŞXAS 


İblis 
Arif — sülh aşiqi. 
Rəna — onun rəfiqəsi. 
Sima — sülh pərisi, zərif bir qız. 
Tuncər — tunc geyimli qəhrəman (Spartak qiyafətli). 
Ema — şəfqət bacısı, şən və oynaq qız (ispaniyalı). 
Kastilyo — Emanın nişanlısı (ispaniyalı). 
Natella — gənc, həssas qadın (ispaniyalı). 
Xalid — mərakeşli ərəb dəliqanlısı. 
General Miaxa — xalq komandanı (ispaniyalı). 
General Franko — faşist komandanı (ispaniyalı). 
Sovet nümayəndəsi — ... 

Fransız, ingilis, italyan, yapon, alman nümayəndələri... Şeytanlar, qaraçılar, könüllü işçilər, şəfqət bacıları, yaralılar, İspaniya, Mərakeş, İtaliya, Almaniya zabitləri və əsgərləri... 


Dürlü qiyafətli əməkçilər, rəqs edənlər, qara geyimlilər və başqaları... 

İLK PƏRDƏ 

Yanda bir köşk... Qarşıda gül, yasəmən fidanları, sərv ağacları... Ortada fəvvarəli bir hovuz... Arif bir masa yanında əli alnında uyquya dalmış. Gecə aydınlığı... Coşğun musiqi... Şən və oynaq parçalar çalınır. Qızıl qiyafəli şeytanlar ağaclar arasından ortaya fırlar. Arifin çevrəsində gülüşərək, itələşərək, çığırışıb bağırışaraq rəqs edərlər. Bir az sonra ətrafda qorxunc gumbultular eşidilməyə başlar. 

Birinci şeytan (şaşqın və meymunca hoplayışla). Aman, bu nə gurultudur? Sanki yanar dağ partlayır. Görünür İblis oyandı. Yenə hər yanı atəşlər, alovlar saracaqdır. (Hava tutulur, göy gurlar, şimşəklər çaxar.) 

İblis (atəşli qiyafətlə qarşıdakı təpəcikdən dışarı fırlar. Çılğın və qorxunc ahəng ilə). Eyvah, alovlar içində tutuşub yandım. Yenə ərzin mərkəzində yeni tufanlar, yeni yanğınlar var. Aman durmayın! Ürəyim, beynim dəmirçi kürəsinə dönmüş. Şərab gətirin! Şərab!.. Şərab!.. Öylə şərab ki, könlümə yeni alovlar saçsın, qarşımda yeni-yeni pəncərələr açsın. (Şeytanlar altun piyalələrdə şərab gətirirlər. İblis içib piyalələri atar. Ətrafdakılar havada tutarlar.) Mənə Epikürləri, Xəyyamları coşduran şərab lazım deyil. Yalnız Atillaları, Neronları tutuşduran kəskin şərablardan istərəm. Əvət, öylə şərab istərəm ki, onu içərkən şair Dantenin sönməz cəhənnəmi gözlərimdə canlansın. Və o cəhənnəmdə yanıb qıvrılan böyük başlar, böyüklük düşgünü ulu dahilər yenidən qarşıma çıxsın. Həm də cümləsi alovlar içində çırpınaraq mənə sığınsın. Öylə şərab istərəm ki, insan qanilə bəslənmiş olsun. Hər dalğasında yeni bir zəfər, yeni bir qalibiyyət şöləsi parlasın və bütün cahanı qanlı tufanlara ğərq etsin. (Bir piyalə də içər.) Afərin! Afərin!.. Bu şərab daha meyxoş, daha kəskindir. (Piyaləni havaya fırladaraq.) Haydı, əski yunan və Roma ilahələri, Şərq pəriləri gəlsin. Rəqs edərək gözləri, könülləri oxşasın. Bəlkə dəhşət püskürən beynimdəki hisslər, dumanlar silinsin. 
Birinci şeytan (əyilərək). Şanlı və qüdrətli rəhbərimiz! Əsrimizdə pərilər və ilahələr yaşamayır. Könlünüzü açmaq üçün yalnız gözəl aktrisalar və rəqqasələr var. 

Bu sırada oynaq şərqi və çalğı səsləri eşidilir. 

İblis. Söylənib durma, bax gör o nə səsdir? 
Birinci şeytan (irəliləyib yola baxaraq). Şən və gözəl qaraçılar! Bu tərəfə gəlirlər. 
İblis. Gəlsinlər, bir az dinləyəlim. (Gəlib keçmək istəyən əlvan geyimli qaraçılara.) Durun, keçməyin, çalın, oynayın. Bizi əyləndirin! 
Bir qaraçı. Göz üstə, ba...ş üstə! (Yoldaşlarına.) Haydı baxalım. 

Hamısı bir yerdə şərqi söylər, rəqs edərlər. 

Şərqi 

İnsan ömrü dalğa kimi keçər, gedər. 


Hər gələn bir sevgi yolu seçər, gedər. 
Dərdi burax, zövqünə bax, unutma ki, 
Hər kəs əcəl badəsini içər, gedər. 

Biz sevdalı quşlar kimi güldən-gülə 


Uçub qaçar, əylənərik sevinc ilə. 
Əyilmədik heç bir qanun qarşısında, 
Bağlanmadıq heç bir yurda, heç bir elə. 

İblis. Nə şaqraq və sevimli qızlar!.. Nə çevik dəliqanlılar!.. Onların qara gözlərində mənim atəşimdən alınmış alov dalğacıqları parlayır. O süzgün baxışlar, o ədalı gülüşlər könlümün incə tellərini oynatdı. Alqış təbiətin şən yavrularına!.. Haydı, azadsınız. 

Bir ovuc altun atar, qaraçılar yerdən toplar. Sevinc ilə çalıb-oxuyaraq uzaqlaşırlar. Gəliş musiqisi. 

İblis. Kimdir bu gələn? 


Birinci şeytan. Yaponiya sularına gedən yoldaşlarımızdan biri! 
İkinci şeytan (yapon siyasi qılığında gəlir). Salam böyük rəisə, qocaman İblisə!.. 
İblis. Xoş gəldin, hardaydın? 
İkinci şeytan. Uzaq Şərqə vardım, imperatorlar və generallar mühitində dolaşdım, bütün gözlərə və beyinlərə kin və intiqam alovları saçdım. 
İblis. Nə gördünsə açıq söylə! 
İkinci şeytan. Yapon diplomatları hər gün yeni fitnələr uydurub, qonşu hökumətlərə rahatlıq verməyir. Bir yandan Mancuriya ilə Moğolstana soxulur, bir yandan Çini parça-parça bölməyə çalışırlar. Minlərcə, yüz minlərcə insan qanı axır, kimsə səsini çıxarmayır. Xalqın var-yoxu yanıb kül olur da, tüstüsü, dumanı çıxmayır. 
İblis. Nə demək!? Heç dumansız yanğın olurmu? Buna başqa hökumətlər nə deyir? 
İkinci şeytan. Nə deyəcək, oğru oğrunun ayağını basarmı? Hamısı paylaşmaqda, ov bölüşməkdə şərikdirlər. Yalnız ayaq altında əzilənlər, çörək yerinə torpaq yeyənlər, əlsiz-ayaqsız qadınlar və çocuqlar ara yerdə məhv olub gedirlər. 
İblis. Onun zərəri yox, daha nələr var? 
İkinci şeytan. Mənim tədbirlərim baş tutarsa, o yerləri daha qorxunc yanğınlar və tufanlar saracaqdır. 
İblis. Afərin, sən hər mükafata layiqsən. 

Gəliş musiqisi... 



O kimdir? 
Birinci şeytan. İtaliya və həbəş diyarına gedən yoldaşımız!.. 
Üçüncü şeytan (İtaliya qiyafətində gəlir, əyilir). Salam şanlı komandana! 
İblis. Anlat səndə nə xəbərlər var? 
Üçüncü şeytan. Mən sosializm qabığından çıxmış faşizm beşiyinə vardım, Roma generallarına qoşuldum, pərəstişkarınız Mussolini ilə görüşdüm. Müqəddəs Papa ilə kral beynində yuva yapdım, bir kibritlə bütün başları alovlandırdım. Hamısı qan-qan deyə cahangirlik xülyasilə, əzəmət sevdasilə müharibəyə girişdilər, atəşli makinalarilə yerdən-göydən həbəş ölkəsini yaxıb yıxdılar. Zəhərli qazlar ilə hər tərəfi dəhşətlər içində buraxdılar. Yalnız insanlar deyil, böcəklər, quşlar, nəhrlərdəki timsahlar belə zəhərlənmiş, havalarda və sularda tələf oldular. 
İblis. Həbəşlər nə etdilər? Durub baxdılarmı? 
Üçüncü şeytan. Xeyr, bütün qadın-ərkək silaha sarıldılar, İtaliyanın azğın ordusu ilə qəhrəmanca vuruşdular. Lakin... çox sürmədi ki... 
İblis. Nələr oldu? Söylə! 
Üçüncü şeytan. Son texnikaya qarşı bütün cəsarətlər qırıldı, bütün cəbhələr yarıldı. Ərəb mücahidləri al qanlar içində can çəkişirkən, həbəş hökmüdarı ölkəni buraxıb qaçdı. 
İblis. Çox gözəl, sonra? 
Üçüncü şeytan. Əlimdən gələn budur. Zəhmətim az olsa da, tökülən qanlar çoxdur. 
İblis. Afərin! Hər ikinizdən məmnun oldum. (İkinci ilə üçüncünün çiyinlərinə əl çəkər, birinci ilə ətrafdakılara.) Əcəba, sizlər nə etdiniz? (Qızışaraq.) Uh, içi boş dəyənəklər!.. Arsız köpəklər!.. Burada əsnəyə-əsnəyə yatıb uyquyamı qaldınız? Yeyib-içərək cünbüşəmi daldınız? 
Birinci şeytan. Nə etməli? Bizdə günah yox, bugünkü diplomatlar heç də köhnələrə bənzəməyir. Keçmişdə ufaq bir qığılcım, kiçik bir cinayət bütün cahanı bir-birinə qatardı, indi isə əksinədir. Hökumətlər hər söz ilə yerindən oynamaz. Hər kəs boş tüfəng daşıyan adamlar kimi həm özündən, həm özgəsindən qorxur. Diplomatlar bazar dəllalları kimi söz güləşdirməkdən zövq alırlar. Hər ölkə öz başını qorumaq istəyir, hər dövlət öz gələcəyindən şübhə edir. 
İblis (qızıb bağırır). Yetər, başımı ağrıtma! Bir yığın bacarıqsız hoppalarsınız. Böylə boş laqqırtılardansa iş görməli, hər gün yeni fitnələr düşünüb, yeni fırtınalar qoparmalı!.. Yoxsa cümləniz xain köpəklər kimi işdən qovulacaqsınız. Mənim səltənətim qansız yaramaz. Haydı, rədd olun, dağılın! Kimsəyə aman verməyin! Yıxın, yaxın! Yer üzünü başdan-başa yanğın yerinə çevirin!
Şeytanlar. İtaət (Deyə əyilib dağılmaq istərlər. Gəliş musiqisi.) 
İblis. Bu kimdir? 
Birinci şeytan (yola baxır). Yeni bir yolçu! 
İblis. Baxalım bu nə deyir? 
Dördüncü şeytan (İspaniya faşistləri qılığında gəlir, əyilir). Böyük ustaya müjdələr! 
İblis. Söylə nə var, nə xəbər? 
Dördüncü şeytan. İspaniya getdikcə qarışır. Hər könüldə kin və dəhşət, hər ağızda qan qoxusu var. Ölkə və xalq ikiyə bölünmüş. Bir yanda cumhuriyyətçilər ilə inqilabçılar, bir yanda faşizm generalları ilə qiyamçılar!.. (Öskürdükdən sonra.) Lakin... 
İblis (qızğın). Lakin!.. Lakin!.. O nə deməkdir? 
Dördüncü şeytan. Biz faşistlərə yardım etməsək, yanğın tez sönəcək. Getdikcə artan xalq ordusu üstün gələcəkdir. 
İblis. Sus, bacarıqsız yaramaz! Ona bir çarə bulunmadımı? 

Dördüncü şeytan. Əlimdən gələni əsircəmədim. Tək əldən səs çıxmaz. 


İblis (şat! - deyə üzünə bir sillə vurur). Al iştə bax, çıxarmı? Çıxmazmı? 
Dördüncü şeytan. Uf, üzüm yandı, gözlərim alovlandı. Sanki bu da bir mükafatmı? 
İblis. Mükafat ancaq yenilməz və dönməzlər üçündür. 
Dördüncü şeytan (titrək səslə). Əvət, haqlısınız. 
İblis (birinci şeytanın qulağından çəkərək). Bəhey! Sərsəm! 
Birinci şeytan (bağırıb hoplar). Vay aman! 
İblis. Məni dinlə! Böylə boş-boşuna baxıb durmaq yaramaz. Haydı, sən alman torpağına var. (Üçüncüyə.) Sən də İtaliyaya dön! Hər ikiniz siyasi dairələri ayaqlandırın. (Dördüncü şeytanı göstərir.) Həm də bu şaşqın tənbələ yardım edin. 
Hər ikisi. İtaət! (Deyə yoldaşları ilə bərabər uzaqlaşırlar.) 
İblis. Unutmayın ki, yaramaz və gevşəklərin yeri cəhənnəmin dib bucağıdır. 
Arif (ayılır. Əlini alnından çəkər. Ağaclar arxasında saxlanan İblisi görməyərək, həyəcanlar içində yerindən qalxar). Uf, ey mənim alovlu beynim! Sən vulkanlar içindəmi bəsləndin? Ey yaralı quş kimi çırpınan qəlbim! Sən qızıl mərmərdənmi yapıldın? Ey mənim həssas sinirlərim! Ey həyatımın incə telləri! Siz nə qədər qatı və duyğusuzsunuz. Əcəba, sizi dəmirdənmi, poladdanmı yaratdılar? Uuf, bilməm ki mən bu cahana neçin gəldim? 
Göz yaşlarını silmək üçünmü? Yanğınları söndürmək üçünmü? Yoxsa yer üzünü qaplayan ağır faciələrə şahid olmaq üçünmü? 
Oh, nə alçaq mühit, nə qorxunc əsr!.. Əcəba, mədəniyyət maskasında gizlənən vəhşilər nə zaman qan içməkdən doyacaqlar? Çin və Həbəşistan fəlakətləri bitməmişkən İspaniya dəhşətləri başlayır. Diplomatlar zəhər püskürən ilanlar kimi ölkədən-ölkəyə soxulur. İnsan qanı axıtmaq üçün hər gün yeni bəhanələr, yeni fitnələr uydurulur. Daimi sülhü özləyə-özləyə hər gün hərbi zavodlar tikilir. Suçsuz və dinc əhalini qırmaq üçün hər gün yeni planlar çəkilir. 
İblis. (ağaclıqdan çıxar. Kinayəli qəhqəhə ilə). Arif! Zavallı Arif! Sən yenəmi uslanmadın?! Yenəmi hissiyyata qapıldın? Unutma ki, insanları yeniləşdirib canlandıran ancaq müharibədir. 
Arif. Yalan!.. Bu vəsvəsələr faşizm düşüncələrində parlayan qara şimşəklərdir. 
İblis. Saqın, coşub-daşma! Daimi sülh arzusu yaldızlı xülyadan başqa bir şey deyil. İsa dövrü çoxdan keçmiş. Mərhəmət fəlsəfəsi bu gün üçün büsbütün yıpranmış və çürümüşdür. 
Arif. Mən qan içənlərə nifrət bəslərəm. 
İblis. Halbuki, qan axması hər zaman insanlara zərər verməz. Bəzən də səhhət və şəfa vasitəsi olur. 
Arif. Çəkil önümdən! Sən xain və alçaq bir məxluqsan. 
İblis. Sən də mühakiməsiz və şaşqın bir filosofsan. 
Arif. Öylə isə al, bu qurşunun axıdacağı qan sənə də şəfa versin. (Revolverlə ona atəş açarsa da dəyməz.) 
İblis. Zavallı!.. Bax, cılız bir qurşun da sənə itaət etməyir. Həm də nə çocuqca sayğısızlıq!?. Sən vulkanı qığılcımlamı söndürmək istəyirsən? (Qoltuğundan çıxardığı ufaq bir makinadan Arifin üzərinə dumanlı alov püskürür.) Al, bu məndən sənə bir dərs olsun. 
Arif. Ah, nə dəhşət!.. (Bayılıb hovuz kənarındakı sıra üzərinə yıxılır.) 
İblis. Saqın, bir də həddini aşma! İndi bayılsan, bir də qiyamətdə ayılacaqsan. (Uzaqlaşır.) 

Köşkdə həzin və şikayətli musiqi çalınır. Bu halda gözəl qiyafətli, munis baxışlı Sima izindən ayrılmayan tunc geyimli, yağız çöhrəli Tuncərlə bərabər ağaclıqdan çıxar. Təlaş ilə yaxlaşır. 



Sima. O nə?.. Aman, Tuncər! Durma, su ver! Adamcığaz bayılmışdır. (Arifin burnuna dərman qoxladıb su səpərlər.) 
Arif (gözlərini açaraq). Ah, mənə nə oldu? Röyamı görürəm? 
Sima (onun qolundan tutub qaldırır). Əvət, həyat bir röya, insanlar da röyada parlayıb sönən kölgələrdir. 
Arif. Sənin kim olduğunu bilmək maraqsız deyildir. 
Sima. Mən məhtablı mayıs gecələrinin ilıq busələrindən yaradılmış bir qızcığazam!.. 
Arif. Əvət, üzündəki saflıq mayıs səhərindən dadlı və sevimlidir. Gözlərindəki süzgünlük və cazibə sevdalı gecələr kimi munisdir. Səsindəki lətif ahəng hər musiqidən gözəldir. Səndəki bu vüqar və əzəmət, bu incəlik və şətarət ən böyük sənətkarların ilhamını süsləyə bilir. Rica edirəm, sən kimsən? 
Sima. Mən bir çox şairlərin, filosofların könlünü ovlayan, ən yüksək və dərin düşüncələrdə qanad çalan bir dilək pərisiyəm. 
Arif. Adın nədir? 
Sima. Sima! 
Arif. Sən əski zamanlarda gəlsəydin, sevgi və gözəllik tanrıları qarşında dix çökərlərdi. 
Sima. İndi insanlar tanrılara ininmadıqları üçün səcdə etmək də istəməzlər. 
Arif. Səni dünyada ən çox maraqlandıran nədir? 
Sima. Yalnız sülh və məhəbbət!.. Mən bəşəriyyət üçün çırpınan, qan izlərini silməyə çalışan sülh pərisiyəm. (Munis və gülümsər baxışla uzaqlaşmaq istər.) 
Arif. Aman, dur! Ta çocuqluqdan bəri könlüm sənin həsrətinlə çırpınır. Yalnız ayıqlıqda deyil, röyalarımda belə səndən ilham almaqdayam. 
Sima. Təşəkkür edirəm. (Yanındakı cəngavərə.) Tuncər, gedəlim. 
Arif (heyrətlə). Gerçəkdən Tuncərmi? Mən onu çoxdan tanıyıram. (Tuncərin əlini sıxar.) Söylə, indiyə qədər haralarda idin? 
Tuncər. Başıma gələnlər uzundur. Bir zaman tarlalarda, fabrikalarda çalışan əməkçilərə qoşuldum, bir zaman da cahangirlərə qarşı duran inqilabçılara yardımçı oldum. Lakin bu cəsarətim əfv olunmadı. İstibdad jandarmaları məni zəncirlədilər, kirli zindanlara atdılar. Nəhayət, qarşındakı parlaq sima məni ağır üzüntülərdən qurtardı. İndi izlədiyim yalnız bu gözəl pərinin gözəl diləkləridir. 
Arif. Nə böyük səadət!.. Nə uğurlu inqilab!.. 
Sima (Tuncərə). Gedəlim. 
Arif. Xeyr, getmə, sənin eşqinlə çarpan könlümü öksüz buraxma! 
Sima. Məni sevən izimdən ayrılmaz. (Uzaqlaşır.) 
Arif (heyrətli baxışlardan sonra). Ah, o bir yıldız kimi axıb getdi. Bir xəyal kimi, bir röya kimi süzülüb getdi. Xayır, mən onsuz yaşamam, onsuz yaşamam. (Simanı izləmək istər.) 
Rəna (uzun saçları omuzlarına dağılmış olduğu halda gecə köynəyində gəlir). Arif! Sənə nə olmuş? Bu sözlər kimin üçündür? 
Arif. Heç sorma. 
Rəna. Gecə yarıdan keçmiş, neçin gəlib uyumayırsan? 
Arif. Məni yalnız burax! 
Rəna. Rənaya qarşı bu soyuqluq nədir? Yenə gözlərinə kimlər göründü? Söylə, könlünü çalan hankı afətdir? Söylə! 
Arif. O yosma bir qız, sevimli bir idealdır. Mən ona heyran oldum, ondakı yüksəkliyə vuruldum. (Sürətli addımlarla gedər.) 
Rəna (həyəcanlı). Nə sayğısızlıq!.. Məni yalnız buraxdı, öksüz və kimsəsiz buraxdı. Xeyr, o məni atsa da, mən onu təkbaşına buraxmaram. (İzlər). 
İblis (yandan çıxaraq). Şaşırma, dur! Sən gecə köynəyilə onu izləyəməzsən. Yolda soyuq alıb məhv olarsan. 
Rəna. Zərər yox, onlar da məhv olmalıdır, mən də. 
İblis. Bu həyəcanlar yersizdir. 
Rəna. Xeyr, bu sayğısızlıq, xəyanət intiqamsız qalmaz. 
İblis. Əvət, intiqam ən müqəddəs bir vəzifədir. Gəl, mən bu yolda heç bir yardımı səndən əsirgəmərəm. (Rənanı ridasının qanadları altına alır, qaranlıq çökər.) 

PƏRDƏ 

İKİNCİ PƏRDƏ 

Madriddə yüksək və möhtəşəm bir yapı... Sağda başqa evlər, solda güzlük ağacları... İkinci çağı, buludlu hava... Göy gurlar, şimşəklər çaxar... İblis ixtiyar professor qiyafətində - yağmurluğa bürünmüş olduğu halda - Rəna ilə bərabər gəlir. 


Ara-sıra silahlı qadın, erkəklər yoldan keçər. 

Rəna. Aman, nə dəhşətli səfər!? Biz haraya gəldik, bura hansı şəhərdir? 


İblis. Biz Madriddəyik, İspaniya paytaxtındayıq. Bax, bu qocaman, möhtəşəm yapı ən böyük universitet, ən parlaq mədəniyyət ocağıdır. 
Rəna. Xeyr, baxsana, orada yataqlar və şəfqət bacıları var. 
İblis. Görünür, müharibədə yaralı düşənlər çox olduğundan universiteti xəstəxanaya çevirmişlər. 

Hava aydınlaşır. Bir yığın silahlı-silahsız ispanyol qızları və dəliqanlıları şaqraq və oynaq bir çalğı ilə gəlib keçərlər. İki qızla iki dəliqanlı da rəqs edər. Bu sırada uzun, ağ köynəkdə şux, gözəl bir ispanyol qızı Ema şəfqət bacıları ilə bərabər xəstəxanədən çıxar, tamaşa edərlər. Sonra Ema yoldan keçən tüfəngli, patrondaşlı bir dəliqanlını yumşaq və zərif ahənglə səslər. 

Ema. Kastilyo!.. Kastilyo!.. (Qapı arxasında gizlənir.) 
Kastilyo (dönüb baxar, heyrətlə). Kim o? Mənimi çağırdılar!? Bu, gözəl Emanın səsinə bənzəyir. (Bir az düşündükdən sonra.) Xeyr, onun burada nə işi? (Uzaqlaşmaq istər.) 
Ema (çıxar, yenə səslər). Kastilyo!.. Kastilyo!.. 
Kastilyo (dönər, sevinc ilə). Ema, Ema, sən burdamısan? 
Ema. Əvət, xəstələrə baxıram. Sən haraya? 
Kastilyo. Aşağıda körpü başında gecə növbətçisiyəm. 
Ema. Sənidəmi əsgərliyə aldılar? 
Kastilyo. Xeyr, könüllü yazıldım. 
Ema. Yaşa, var ol! Bilsən nə qədər sevindim. Gəl!.. Gəl!.. Səni... (Qucaqlayıb öpər.) Bax böylə!.. 
Kastilyo. Qız! Şaşırdınmı? Kənardan baxıb görürlər. 
Ema (incə qəhqəhəylə). Görsünlər, nə olur? (Bir daha öpər.) 
Rəna (İblisə). Aman, nə sayğısızlıq, nə utanmazlıq!? 
İblis. Bunlar sizə bənzəməz. Avropalıların sevişib-öpüşmələri daha azaddır. 

Bu sırada tüfəngli Xalid, mərakeşli ərəb yoldan keçir. Onların 


öpüşdüklərini görür. 

Xalid. Kastilyo! Kastilyo! Gecikmiyəlim. 


Ema. (diksinərək). Uf, əsmər ilan! Bu haradan çıxdı? 
Kastilyo. Saqın, Xaliddən ürkmə, o çox namuslu adamdır. Başqa ərəblər yurdumuzu taladıqları halda, o, faşistləri buraxdı, bizim tərəfə keçdi. Həm də bu saat mənimlə bərabər növbədə duracaq. 
Ema. İnanma, yabançılar xain olur. 
Kastilyo. Xeyr, onun könlü bizimlədir. (Dönərək.) Xalid, gedəlimmi? 
Xalid. Gedəlim. (Kastilyonun qulağına.) Ee gördüm, öpüşdüyünüzü gördüm. 

Kastilyo. Necədir? Bəyəndinmi? 


Xalid. Barakallah! Maşallah! Oynaqdır, şaqraqdır. 
Kastilyo. Başqası deyil, nişanlımdır. Bu yaxınlarda evlənəcəyik. 
Xalid (Emaya gülümsəyərək). Çox mübarək, gözəl qızdır. İşvəlidir, nəşəlidir. 
Kastilyo. Öz aramızdır, Emanı bir az diksindirdin. 
Xalid. Neçin? Mən adam yeyən deyiləm. 
Ema. Necə? Adam yeyənmi? (Şaqraq gülüşlə...) 
Xalid. Sözlərim tühafmı göründü? Bütün dünya bir-birini yeməyirmi? 
Ema. Əvət həqsiz deyilsiniz. 
Kastilyo. Xalid çox incə adam!.. O gözəl ud çalar, gözəl şərqi də söylər. 
Ema. Hanıya, mən görmədim. 
Kastilyo. Haydı, bir-iki ağız söyləsənə! 
Xalid. Baş üstünə. (Ərəb ahəngilə oxur.) 

Səni ürkütdümü halım, çiçəyim! 


Öylə yan baxma, aman, sevdiciyim! 
O baxışlar, o duruşlar, o əda 
Qoparır fırtınalar ruhumda. 

Gözlərin qoymadı taqət məndə, 


Bir daş olsam da, gözüm var səndə. 
Edəməm könlümü əsla məcbur, 
Səni kim görsə, xəbərsiz vurulur. 

Kastilyo (əlilə onun omuzunu oxşayaraq). Bravo!.. Bravo!.. Haydı, sən yavaş-yavaş yürü, mən də gəlirəm. 


Xalid (başını oynadıb gülümsər). Əvət, məsələ məlum! (Qulağına.) İş vaxtı öpüş yasaqdır. Gecikmə, tez gəl! (Uzaqlaşır). 
Kastilyo. Bu saat, əzizim, bu saat. 
Ema (əlilə nişanlısını itələr, darğın). Get, get, sən də bərabər get! 
Kastilyo. Ema! Yetər, aradan nələr keçdi? Nə oldu sənə? 
Ema. Nə olacaq? Qaranı gördün də ağı unutdun. Anlat görüm, üç gündür haradasan? 
Kastilyo. Gecə-gündüz qışlada məşq edirik. 
Ema. Olsun, bir gəlib aramaq, sormaq yoxmu? 
Kastilyo. Sən bilirsən ki, vətən eşqi və vətən qurtuluşu hər şeydən yüksək və müqəddəsdir. 
Ema. Olsun, mən də vətənin bir üzvü, bir parçası, bir yavrusu deyilmiyim? 
Kastilyo. Vətən anadır. Bütün sevgilər ana məhəbbəti qarşısında sönük qalır. 
Ema. Bilirəm, məndən soyumusan. (Əlilə itələr.) Get, get, yolundan qalma! 
Rəna. Nə tühaf!.. Həm sevişir, həm çəkişirlər. 
İblis. Baxma, çəkişmək də sevişmənin bir növüdür. (Ağac dibindəki sıra üzərində otururlar.) 
Kastilyo (xəstəxanəyə girmək istəyən Emaya). Getmə, dur! 
Ema (nazlanır). İstəməm, xeyr. 
Kastilyo (qolundan tutaraq). Bəri gəl! Çocuqluq, dəlilik yetər! 
Ema (cibindən kiçik bir revolver çıxarır). Sus, bir də böylə təhqir etsən, özümü öldürərəm. Bilirsən ki, indi insanların bir qurşun qədər dəyəri yoxdur. 
Kastilyo. Anladım, əvət, anladım. Çocuq da mənəm, dəli də, oldumu? 
Ema (şən və oynaq). Bax böylə!.. Bu cavab xoşuma getdi. 
Kastilyo (onun əlini sıxaraq). Bağışla, çox gecikdim. (Getmək istər.) 
Ema. Dur, sözüm daha bitmədi. Növbədən sonra anamın yanına uğrarsan, saqın unutma! 
Kastilyo. Neçin? Gərəkli bir işmi var? 
Ema. Səninlə toy haqqında danışacaqdır. 
Kastilyo. Bilirsən ki, yerimiz dardır, geniş bulayım da sonra. 
Ema. Lazım deyil, bizə köçərsən, bu günlərdə evlənməliyik, vəssalam! 
Kastilyo. Nə olmuş canım, dünya dağılmadı ki!? 
Ema (ayağını yerə vuraraq). Mən öylə istərəm, eşitdinmi? Anam kimsəsizdir, tək başına buraxmaq olmaz. 
Kastilyo. Çox gözəl, haydı, gəl səni bir daha qollarım arasına alım. (Qucaqlayıb öpür. Xızlı addımlarla uzaqlaşır.) 

Bu sırada qucaqları - kağızlara sarılmış konserv, şəkər, çay, biskvit və başqa şeylərlə dolu bir yığın qadın, erkək qarşıdakı evdən çıxırlar. 

Ema. Natella!.. Natella!.. (Deyə, onların arasındakı gənc qadına doğru qoşur, öpüşürlər.) 
Natella. Ema! Necəsən, gülüm? 
Ema. Yaxşıyam, sənin keyfin? 
Natella. Çox şükür. 
Ema (uzaqlaşan nişanlısını çağırır). Kastilyo, Kastilyo! 
Kastilyo (geri dönər). Nə var, Ema? 
Ema. Yolunuz birdir, Natellaya yardım et! 
Natella. İstəməz, zəhmət çəkməyin. 
Kastilyo. Ver, ver! Heç bir zəhməti yox. (Şeylərin yarısını alır.) Ee...e nə bolluq canım!? Bunları sizə kim paylayır? 
Ema. Kim paylayacaq?.. Bizimkilər! 
Kastilyo. Yenə müəmma söyləyirsən. 
Natella. Xeyr, müəmma deyil. Bu şeylər cahan proletarları tərəfindən bizə hədiyyədir. Həm də çox qismi böyük Sovetlər İttifaqından göndərilmiş. 
Ema (şən və öyünürcəsinə). Əvət, biz yardımsız və kimsəsiz deyilik. (Natellaya.) Bağışla, unutdum. Çocuq hanı? Evdə yalnızmı buraxdın? 
Natella. Xeyr, yalnız deyil, anamla xəstə qardaşım bizdədir. 
Kastilyo. Ərin harda? 
Natella. Madrid altında pulemyot başında. 
İblis. Acıyın bizə, allah eşqinə, yardım edin. 
Ema. Siz kimsiniz? 
İblis. Talesiz bir professor!.. Gözlərim zəhərli qaz və başqa kimya təcrübələrində kor olmuş. 
Natella. Uf, bilməm bu alimlər zəhərli qazlarilə, yaxıcı makinalarıyla insanlardan nə istəyirlər. 
Kastilyo. Onların bir çox kəşfiyyatı bəşəriyyəti umulmaz vəhşiliyə, qorxunc fəlakətlərə sürükləyir. 
İblis (dərindən ah çəkərək). Əvət, yavrum, bizim elmimiz cəhalət qədər iyrənc və uğursuzdur. Ona görə də Allah məni öz əlimlə cəzalandırdı. Uf, lənət olsun mənim taleyimə! 
Natella. Keçmiş artıq, üzülmək yersizdir. (Rənanı göstərir). Bu kimdir? 
İblis. Qızımdır. Bizə sığınacaq yer verin. 
Kastilyo (gülərək). Yerimiz olsaydı, toyumuzu beş gün əvvəl edərdik. 
Ema (sinirli). Sözü çeynəmə, dedim a, bizə köçərsən, vəssalam! 
Natella. Gedəlim, çocuq acdır. 
Kastilyo. Haydı, haydı! (Sürətli addımlarla uzaqlaşırlar.) 
Ema. Uğurlar olsun! (Əlini dodaqlarına götürür.) Natella! Unutma, körpəciyəzi mənim yerimə də öpərsən. 
Natella. Yaxşı, gülüm, yaxşı. 
Rəna. Uf, səbrim tükəndi, Arif harda? 
İblis. Üzülmə, bu saat gəlib çıxar. 
Ema (beş-altı addım yürür, yana). Bəlkə bunlar acdır. (Dönüb yaxlaşır.) Professor! Yeyib-içməyə ehtiyacınız yoxmu? 
İblis. Xeyr. (Rənaya.) Bəlkə sən bir şey istərsən. 
Rəna. Bir parça əkmək olsaydı... 
Ema (onu xəstəxanəyə götürür). Gəliniz, yaxşıca makaron şorbası da var. 
İblis. Get, qızım, mən burdayam. (Gedərlər.) 

Birinci, ikinci, üçüncü və dördüncü şeytan ortaya fırlayaraq İblisə 


qarşı əyilirlər. 

Hamı birdən. Salam böyük ustamıza! 


Yüklə 283,97 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə