Yazıçı-publisist Akif Əlinin "Öncə Vətəndir"



Yüklə 21,3 Kb.
tarix17.09.2017
ölçüsü21,3 Kb.
#412
növüYazı

Akif Əli


yazıçı-publisist

Dövlət ideologiyası labüddür
Yazıçı-publisist Akif Əlinin “Öncə - Vətəndir” adlı kitabında əsasən respublika mətbuatında dərc olunmuş məqalələri toplanmışdır. Dövlət müstəqilliyi bərpa edilən ölkəmizin tarixində ən mürəkkəb dövürlərdən olan 1988-1995-ci illər ərzində baş verən ictimai-siyasi, sosial-mədəni və iqtisadi proseslərə vaxtında operativ münasibət bildirməyə çalışan müəllifin o dövrdə qələmə aldığı elmi-publisistik məqalələri istər tarixilik, istərsə də bədiilik baxımından bu gün də maraq doğurur. Bu səbəbdən “Dövlət ideologiyası labüddür” başlıqlı aşağdakı yazını nöqtəsinə və vergülünə toxunmadan təkrar çap edərək ictimaiyyətin diqqətinə çatdırmağı özümüzə borc bildik.

Dialoq – XXI əsr” jurnalı
Son illər Azərbaycanda sıralanan böyük uğursuzluqlar, acı məğlubiyyətlər və aramsız çaxnaşmalar həm də əsas etibarilə əksəriyyət tərəfindən qəbul edilən böyük bir ideyanın yoxluğu, onun şüarlara, ruhlara hakim kəsilməməsi ucbatından baş verib. “DQMV problemi”nin həllində lap başlanğıcdan dalbadal siyasi-hərbi mövqelərin əldən verilməsi də, müstəqil Azərbaycan dövlətinin çox çətin dayaqlana bilməsi də, sosial-iqtisadi sahələrdə törənən fantastik hərc-mərclik də, iqtidar-müxalifət münasibətlərinin bütün dövrlərdə antoqonist və lağlağı düşmənçilikləri də, stabilliyi bu cəmiyyətdən mütəmadi qovub uzaqlaşdıran mənəvi-psixoloji düşkünlük də, satqınlıq, fərarilik, laqeyidlik, qorxaqlıq, qeyrətsizlik kimi miskin əlamətlərin görünməmiş artımı da - bütün bunlar Azərbaycanın bu çətin tarixi mərhələsində xalqı çulğamalı, ruhlandırmalı və birləşdirməli olan o böyük səfərbəredici Ali İdeyanın yoxluğundan irəli gəlib.

Bütün bəlalarımız üst-üstə ona görə mümkün olub ki, Azərbaycan Respublikasında son 5-6 ildə dövlət idarəçiliyi əvvəlcə laxlanıb, sonra uçurdulub və yenisi tam qurulmayıb. Dediyimiz səfərbəredici ideyanı isə ya yaradan, ya da qoruyan dövlət olmalıdır. İki yüz illik mütəmadi imperiya taranlarına məruz qalan ölkədə, təbii ki, “dövlətçilik” formal olaraq saxlanıb, o mərkəzdən tənzimlənər və idarə olunardı. Belə olan halda müstəqil fəaliyyət göstərə biləcək həqiqi dövlət aparatından, onun milli maraqlara xidmət edəcək möhkəm, sarsılmaz mexanizmindən söhbət gedə bilməzdi. Burası məlum. Lakin söhbət həmin yaxşı-pis aparat işçilərinin bacarıq, qeyrət, təpər, milli təəssübkeşlik və vətənpərvərliyindən gedə bilərdi ki, məhz bəlaların son ucu da bu subyektiv amillərə bağlanır. Əğər dövlət aparatı, onun işlək mexanizmi “imperiya” layihələri üzrə qurulmuşdusa, “onun kletkalarında” yerləşdirilənlər yerli kadrlardan ibarət idi və respublikada dövlət siyasəti də məhz bu milli kadrların əli ilə həyata keçrilirdi. Müstəqilliymizi elan etdikdən sonra isə, ümumiyyətlə, bütün məsulliyyət özümüzünkülərin üstündədir. Nadan məmur da, fərari əsgər də, satqın başçı da, tamahkar nazir də özmüzünküdür və özümüzünkülər tərəfindən müstəqil şəkildə müstəqil dövlətin “kletka” – kreslolarına əyləşdiriliblər.

...Əlbəttə, dünyanın heç bir yerində “distillə” olunmuş xalq yoxdur və bütün xalqların, bütün irili-xırdalı millətlərin nadanı da var, fərarisi də, satqını da, tamahkarı da. Lakin bütün normal xalqlarda Xeyir-Şər anlayışları mövcuddur və əsas məsələ də hansının nə qədər üzdə olmasındadır. Yəni Xeyirin təqdir, Şərin tənqid dərəcəsindədir.

Son illər bizdə məhz Şər Xeyri üstələyib, küncə qısıb, cəmiyyətdən qaçırıb. Bununla da cəmiyyətmizdə dəyərlərin yeri tay-dəyişik düşüb. Adamları ruhdan salan, əl-qolunu soyudan, inamsızlaşdıran... və nəticədə cəmiyyətin, dövlətin dayağını sarsıdan da elə budur.

...Vəziyyətdən çıxış yolları müxtəlif ola bilər. Onlardan biri də dediyimi Ali İdeyanın müəyyənləşdirilməsi və geniş xalq kütlələri arasında yayılmasından ibarətdir. Bu istiqamətdə isə dövlət, məhz dövlət böyük ideoloji iş aparmalıdır.

Son illər bir sıra “kəşfləri” ilə xalqı xeyli “zənginləşdirmiş” bəzi-para “polit-filosofların” belə bir “nəzəriyyəsi” də vardı ki, guya ideologiya ancaq sovet sisteminə xas istilahdır və ideologiyadan danışmaq köhnəlik əlaməti kimi ayıbdır. Belə təsəvvür, əlbəttə, diletantlıq əlamətidir. Və əlamətdardır ki, bir zamanlar məhz bu cür mövqedə dayanaraq, həmin məqalələri gen-bol çap edən “ötkəm” qəzetlər, indi bunun əksini, - “milli ideoloğiyamız” haqda nəzəri materialları həvəslə yayır: və indi düz eləyirlər!

Elmə isə məlumdur ki, “ideologiya” (yunan sözləri: idea – “ideya”, “anlayış” və loqos – “təlim”) termini olaraq hələ... XVIII əsrdə Avropada işlənirdi. “Dünyanı ideyalar idarə edir” – formulu da uzaq dövrlərdə yaşamış fransız filosoflarına məxsusdur. Müxtəlif ideyaların doğulması, onların cəmiyyətdə rolu haqqında fikirlər hələ lap çox-çox qabaqlar da bəşəri düşüncə sahiblərini, filosofları, sənətkarları maraqlandırmışdır. Dünyaya əbədi ideyaların gəlməsi, əxlaq, mənəviyyat, din, incəsənət prinsiplərinin sabitliyi uzun əsirlərdir ki, bəşəriyyətə məlumdur. Döyülən “marksizm” isə sadəcə olaraq “ideologiyanı” öz dar sinifi məqsədlərinə qulluğa yönəltmişdi. “Kommunist ideologiyası” varlı təbəqəyə - “burjuaziyaya” qarşı silah kimi işlədilirdi. Buna qarşı uzun müddət dünyanın inkişaf etmiş dövlətləri bütöv bir “şüar sənayesi” ilə əks – ideoloji mübarizə aparmış və nəhayət qalib gəlmişlər. “Kommunist ideologiyası” təslim olmuşdur...

Qərbdə ideologiya problemləri üzrə xüsusi inistitutlar çalışmış, müasir filosoflar, politoloqlar, sosioloqlar bu sahədə külli miqdarda elmi ədəbiyyat yaratmışlar. Hər bir dövlətin təbii ki, öz inkişaf perespektivlərınə, xalqının amalına uyğun da ideologiyası var və dövlət əhalini bu cür milli, xəlqi ideyalar ətrafında birləşdirərək öz siyasətini həyata keçirir.

Dövlətin ideologiyası əsasən elə dəyərlər və normalar sistemidir ki, onlar həm ayrı-ayrı fərdlərə, həm müxtəlif sosial quruplara, təbəqələrə, həm də bütün cəmiyyətə ahəngdarlıqla fəaliyyət göstərmək imkanları yaradır. Xüsusən, yeni qurulan, yaxud düşmənlə çarpışan, müharibə aparan dövlətlər üçün belə ümumiliyi həm də vacib səfərbəredici amildir.

Bu baxımdan bizim də hansı model üzrə quruluş yaratmağımızdan asılı olmayaraq, real təhlükə ilə üzləşmiş müstəqil respublikamızın hərbi, siyasi, iqtisadi sahələrlə yanaşı, dövlət ideologiyası konsepsiyasının da yaradılması vacibdir. Müharibə dövrü üçün məxsusi ideoloji təminat proqramı əslində çoxdan hazırlanıb həyata keçrilməliydi. (Son illər bu barədə mətbuatda bir neçə dəfə yazdığımızdan təkrar etmək istəmirik).

Bu ona görə vacibdir ki, əski kommunist ideologiyasından qurtulmuş xalqa yeni müstəqil ideoloji məram təqdim edilmədiyinə görə, cəmiyyətdə ideya boşluğu yaranmış, bu boşluğu isə müxtəlif təmənnalı qüvvələr dolduraraq özlərinin təfəkkür və mənəviyyat səviyyələrincə, əsasən də Şər “ideyalarını” yaymışlar. Şərə isə əvvəldə dediyimiz nadanlıq, satqınlıq, fərarilik, tamahkarlıq, laqeyidlik, qeyrətsizlik elementləri daxildir. Nəticə göz qabağındadır.

Onu da xüsusi deyək ki, indiyəcən bütün iqtidarlar əvvəlcə məhz ideya baxmından iflasa uğrayıb, ideologiyada uduzub, sonra isə yıxılıblar.

Bu gün artıq nə Azərbaycanın, nə də Azərbaycan Türklərinin geriyə yolu yoxdur. Belə bir şəraitdə dövləti və xalqı xilas etmək üçün o böyük Ali İdeya tapılaraq yayılmalı, hər bir vətəndaşın gündəlik amalına çevrilməlidir. Bəlkə də bu Ali İdeya hamının bildiyi çox sadə bir həqiqətin arxasında gizlənib; tapılıb üzə çıxarılmalıdır... Və xüsusi bir (səlahiyyətli) qurum tərəfindən elmi əsaslarla işlənib hazırlanmalı, həyata keçrilməli olan qlobal ideoloji konsepsiyamızın özülünü də məhz həmin sadə, lakin Ali ideya təşkil etməlidir. Bu özülün üzərinə də onu həyata keçirməyin üsulları və vasitələri, həmçinin, bu işə ciddi nəzarət mexanizmi də qurulmalıdır. Bütün bunlar nə qəqdər ağır, gərgin işlər olsa da, müstəqil dövlətçiliyin möhkəmlənməsinə yönəldilmiş şərtlərdən biri kimi mütləqdir. Həm də özfəaliyyət səviyyəsində yox, yüksək dövlət səviyyəsində. Həmin qlobal dövlət ideologiyasını həyata keçirməklə respublikada mənəvi-psixoloji iqlim dəyişdirilməlidir. Söhbət Vətənin, Xalqın, Torpağın taleyindən gedirsə, söhbət şərəfsizlik ləkəsinin təmizlənməsindən gedirsə, hamıdan ciddilik tələb olunur!

...Düşmən üzərində əvvəlcə məhz mənəvi-psixoloji üstünlük qazanılmalı, hücuma texnikadan qabaq döyüşçünün ruhu hazır olmalıdır. Şərəfini, torpağını, millətini qorumaq ruhunda köklənmiş və kütləvi qeyrətsiz ölüm aqibətinin mümkünlüyü ideyasından sarsılaraq qəzəblənmiş “sel gücünün” qarşısında heç kəs dayana bilməz. Bu cür “köklənmə” və “qəzəblənmə” isə dövlətin çox güclü ideoloji mexanizminin ardıcıl işləməsi sayəsində mümkündür.



İstər qlobal milli dövlətçilik ideologiyasının, istər çağdaş “Qələbə ideologiyamızın” necə, nə cür qurulması, konkret hansı istiqamətlər üzrə və nə kimi vasitələr, hansı mexanizim və “rıçaqların” köməyi ilə aparılması isə ayrıca söhbətin mövzusudur.

( 2010 il )
Yüklə 21,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə