İctimai-siyasi mövzularda yazılar, müxtəlif sənədlər
Tərtib edənlər:
Əmin Əfəndiyev, Zakirə Əliyeva
Üz cildində Anarın portretini
Tahir Salahov çəkmişdir.
KİTABIN İMİNDƏKİLƏR:
Yazıçı Anar haqqında payız düşüncələri
(Cəmil Həsənli)
Moskvada Anarın 70 illiyində çıxışından
(Əhməd İsgəndərov)
Ankarada Anarın 70 illiyində çıxışından
(Namik Kamal Zeybək)
Mövqe
İctimai-siyasi çıxışlar
Unudulmazlar
Doğma yerlərdə
Qarabağ faciəsi və siyasi olaylar
Vicdan borcu
Bəyanatlar, təkliflər, məktublar
Qurama
Bu - xalq yazıçısı Anara aid tərtib etdiyimiz ikinci kitabdır. «Anar. Ömür yolu.
Yaradıcılığı» adlı iki cildlik bio-biblioqrafik soraq kitabında yazıçının ömrünün
məqamları, ona aid geniş biblioqrafiya, filmoqrafiya, teatr tamaşaları haqqında
məlumatlar, veblioqrafiya, ölkəmizdə və xaricdə Anar haqqında deyilmiş və yazılimış
fikirlər, ona ünvanlanmış təbriklər və məktublar toplanmışdır. Bu kitabda isə yazıçının
ictimai-siyasi fəaliyyətiylə bağlı yazıları, çıxışları, məktubları, müraciətləri və başqa
sənədlər vasitəsilə onun vətəndaşlıq mövqeyiylə tanış oluruq. Şərhlər yazıçının özü
tərəfindən tərtib edilmişdir. Bölümlərin sistemləşdirilməsi, materialların ardıcıllığının
müəyyənləşdirilməsi, düzümü də Anarın təklifləri nəzərə alınaraq və onun fəal
iştirakıyla edilmişdir. Kitabın «Qarabağ faciəsi» bölümündə Anarın ölkəmizə erməni
təcavüzüylə bağlı yorulmaz fəaliyyəti, «Vicdan borcu» bölümündə yazıçının həbs
olunmuş adamların taleləriylə bağlı qayğıları və hərəkətləri sənədlər vasitəsiylə əks
edilmişdir. «Qurama» bölümü Anar şəxsiyyətini ən müxtəlif bucaqlardan işıqlandırır.
Zənnimizcə bu kitab Xalq yazıçısının vətənpərvər və humanist şəxsiyyətini ən geniş
şəkildə əks etdirən zəngin bir məxəz kimi qəbul edilə bilər.
Tərtibçilər
MƏN
Əsrimin əsiriyəm
Mən əsrimin əsəriyəm
Yaxşım, pisim,
Duyğularım, fikrim, hissim,
Əsəblərim, əsərlərim,
Qəlbimdə qalan sirrlərim,
Ağlı-qaralı aylarım,
Fərəhlərim, bayramlarım,
Ümudlarım, ağrılarım
İtkilərim, ağılarım,
Baş daşlarım, göz yaşlarım,
Durmadan artan yaşlarım,
Döyüşlərim,
Görüşlərim,
Gülüşlərim
Nəyim yoxdur,
Nəyim vardır,
XX-dən yadigardır.
Tərk edirəm iyirmini,
Tərk edirəm iki mini,
Tərk edirəm vətən kimi
Həsrətimi, umudumu
Yeni əsrə daşıyıram.
Düşmənlərin acığına
Yaşamışam, yaşayıram.
İyirmi bir -
Yeni vətən.
Min illərin sərhəddini
YAZIÇI ANAR HAQQINDA PAYIZ DÜŞÜNCƏLƏRİ
Anar haqqında bu yazını mən çoxdan yazmaq istəyirdim. Lakin hər dəfə yazıya
başlamaq istəyəndə nədənsə bu böyük yazıçı və təkrarsız ziyalı haqqında söz deməyə
özümü hazır hesab etmirdim. Daha döğrusu, deyəcəyim sözlərin milli taleyimizdə və
ədəbi tariximizdə müstəsna rol oynayan bu nəhəng fikir adamına layiq olmayacağından
ehtiyatlanırdım. Son vaxtlar özümün-özümlə xeyli müzakirələrimdən sonra ürəyimdə,
fikrimdə və düşüncəmdə Azərbaycan ədəbiyyatının bir mərhələsini təşkil edən, milli
diriliyimizin etibarlı dirəyi olan yazıçı Anar, ziyalı Anar və vətəndaş Anar haqqında bu
mülahizələrimi oxucularla bölüşməyə qərar verdim.
Yeri gəlmişkən, bu nə yubiley yazısıdır, nə də ədəbi-tənqidi dəyərləndirmə, bu
kiçik risalə olsa-olsa gənclik illərindən yaradıcılığının, «Uzun ömrün akkordları»ndan
və «Qəm pəncərəsi»ndən keçən əməllərinin, siyasi sarsıntıların gedişində kamilləşən
şəxsiyyətinin cazibəsinə düşdüyüm yazıçı, sənətkar, ziyalı Anar haqqında zaman-zaman
içimdə zərrə-zərrə toplanan düşüncələrin qısa təqdimatıdır. Bəri başdan deyim ki, Anar
adından sonra nə «müəllim» nə «bəy», nə də başqa bir tamamlayıcı ifadəni mən qəsdən
işlətmirəm. Bu ad millətimizi «Anlamaq dərdi»ndən keçərək ədəbiyyatımıza, ictimai
fikrimizə, mədəniyyət tariximizə elə bitkin şəkildə daxil olub ki, indi ondan sonra hər
hansı bir tamamlayıcı ifadənin işlədilməsi dörd hərfdən ibarət olan bu adın mənəvi
tutumunu kiçildir və qəribə də olsa, natamamlıq təsiri bağışlayır.
ANAR - MİLLƏTİ DİRİ SAXLAYAN, ƏMƏL ADAMI
Son iki onillikdə Anar haqqında mətbuatda çox yazılar gedib. Onun yaradıcılığını
yüksək qiymətləndirənlər, əlbəttə, az olmayıb, amma haqsız tənqid edənlər də olub, heç
bir etik çərçivəyə sığmayan təhqir edənlər də. Bu yazılarda ona «mənəviyyat dərsi»
vermək istəyənlər də, Azərbaycan ziyalısının «əxlaq kodeksi»nin konturlarını cızanlar
da bir həqiqəti görmək istəmirlər ki, Anar millətimizin mənəvi yükünü öz çiyinlərində
aparan, öz tarixi missiyasına görə milləti diri saxlayan, heç kəsin cızdığı çərçivəyə
sığmayan söz, fikir və əməl adamıdır. Anarın yaradıcılığını, onun keçdiyi həyat yolunu