46
BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ
№1
Humanitar elmlər seriyası
2011
ƏDƏBİYYATŞÜNASLIQ
UOT 82:801.6; 82-1/-9
BÖYÜK İDEALLAR ŞAİRİ
İ.S.ƏLİYEVA
Bakı Dövlət Universiteti
Ifrataliyeva@gmail.com
Rəsul Rza 30-cu illər poeziyamızın ilk nəslinə mənsub olan şairlərdəndir. Şairin poetik
istiqamətinin formalaşmasında ilk əsərlərinin böyük əhəmiyyəti olmuşdur. R.Rzanın yaradıcı-
lığı özünün aktuallığı, orijinallığı ilə seçilmiş, xarakter əsərləri ilə poeziyamızı zəngin-
ləşdirmişdir.
Açar sözlər: lirika, poeziya, problematika, poema, forma
XX əsrin 30-cu illərində təşəkkül tapmağa başlayan yeni Azərbaycan
poeziyasının ilk nəslinə mənsub olan dünya şöhrətli görkəmli sənətkarlardan
biri də xalq şairi Rəsul Rzadır. 1920-ci illərin sonlarından etibarən fasiləsiz
poeziyamızın yetkinləşməsində və zənginləşməsində görkəmli xidmətləri
vardır.
Bir sənətkar kimi R.Rzanın ədəbiyyatımızda həmişə öz sözü, öz səsi, öz
yeri olmuş, fərdi yaradıcılıq siması və orijinal yazı manerası onu başqa qələm
yoldaşlarından fərqləndirmişdir. R.Rza sənətinin ayrılmaz qolunu onun qələmə
aldığı əsərlərindəki xəlqilik, yüksək vətəndaşlıq idealları, bəşəri duyğuların
tərənnümüdür. Akademik Bəkir Nəbiyevin yazdığı kimi “bu keyfiyyətləri
şairin təqribən 50 il ərzində yazdığı ən yaxşı əsərlərdən üzü bəri ardıcıl surətdə
görmək mümkündür” (4).
Poetik istiqamətin formalaşmasında inadkar axtarışlar aparan R.Rzanın
ilk mətbu şeiri 1927-ci ildə “Qığılcım” almanaxında çap etdirdiyi “Bir gün”
şeiri olmuşdur.
R.Rzanın yaradıcılığı və ictimai fəaliyyəti çoxsahəli, çoxqatlıdır. “R.Rza
müasir həyatın, bugünkü ictimai varlığın pafosunu, əsas aparıcı meyllərini
duyan və ona əsərlərində əks-səda verən, əsərlərinin məna, ifadə və forma
gözəlliyinə xüsusi diqqət yetirən, sözün həqiqi mənasında, sənətin, bədii
yaradıcılığın əzablarından zövq alan şairlərimizdən biridir” (1, 439).
47
Gənc Rəsul ilk şeirlərinin birində öz məramını belə ifadə edir:
-Rza, durma
-Rza, yaz,
Qarşı gülümsəyən yaraşıqlı yaza yaz.
Mübarizə bu gün də var, yarında
Mən də onun ən ön sıralarında (5, 89)
Şairin poetik “mən”i bu əsərdə böyük fəallığa, cavabdehliyə, vətəndaşlıq
məsuliyyətinə malik olmaqla, həm də bir səmimiyyət, öz daxili hiss və
duyğuları ilə sərbəst həsb-hal hakimdir:
Mənim şeirim bu günüm,
Bu gündür mənim şeirim (5, 44)
Deməli, təzadlıq, ziddiyyətli, kəşməkəşli illər, günlər şeirə çevrilməməli-
dir, bu çevrilmə - mübarizələrlə dolu həmin günlər məhz mənim şeirimin
məğzi, mahiyyətidir.
Rəsul Rza çoxəsrlik milli poeziyanın böyük ənənələri üzərində yetişən,
xalq yaradıcılığından, canlı danışıq dilindən faydalanan bir şairdir.
R.Rza bədii ədəbiyyata gəldiyi gündən şeirin, sənətin məna və mahiyyə-
tini, vəzifəsini dərindən duymuş, onun həyatı dəyişdirici rolunu gözəl dərk et-
miş, tam yarım əsr öz qələmini bu amal uğrunda vətəndaş bir şair kimi
sədaqətlə işlətmişdir.
Şair sənətinin məqsədini xalqa, vətənə xidmətdə görərək ilk ədəbi təcrü-
bələrindən tutmuş son əsərlərinə kimi qələmini həmişə bu uğurda işlətmiş və
bir-birindən gözəl şərqilər, şeirlər, poemalar yaratmışdır. Müəllif tamamilə tə-
rəddüdsüz olaraq belə qənaətdədir ki, “şeir xalq üçün yazılır, onu təqdir etmək
isə ən nüfuzlu tənqidçidən daha çox ondan – şeirin, sənətin həqiqi qədirşünas
xalqdan asılıdır” (2, 440).
Hansı şeirim,
Hansı sözüm
Yaşayacaq məndən sonra
Mən bilmirəm
Eldən soruş (5, 31)
Onun ən böyük dərdi, ən ağır möhnəti də elin qəmi, elin kədəridir:
Mən kölgəsiz bağ görmədim
El dərdi tək-dərd görmədim
Gözlərimi yumub açdım
Neçə dostu sağ görmədim (5, 56)
Onun otuzuncu illərdəki poetik uğurları ictimai həyatın təzadlı, təlatüm-
lü mübarizələr dövrünün tələbləri ilə bağlı idi. Ona görə də, R.Rza həmin illər-
dən novator şair kimi yüksək qiymətləndirilir, onun poeziyasında məzmun,
mətləb, məna və problematika təzəliyi ilə yanaşı, həm də forma, bədii sənət-
karlıq yeniliyi hamının diqqətini cəlb edirdi.
Müharibə illəri R.Rzanın şeiri üçün mənəvi və sənətkarlıq cəhətdən sınaq
mərhələsi oldu. Vətən müharibəsi illərində şair bir silsilə şeirlər, oçerklər,
48
publisistik əsərlər, habelə “Vəfa” pyesini yazmışdır. Onun “Bakı danışır”, “Və-
tən”, “Leninqrad”, “Yurdunun qəhrəmanı”, “And”, “İntiqam”, “Pilot qardaş”, “Üç
oğul”, “Əsgər anasının sözləri”, “Bəxtiyar” və digər şeirlərində müharibə
dövrünün acılı-şirinli xatirələri, dramatik lövhələri, təəssüratları, ciddi-dü-
şündürücü sosial-siyasi situasiyaları əks etdirilmişdir. Qəhrəmanlıq və vətən-
daşlıq, iradə və dözüm, doğma yurd, ocaq hissi, böyük insanı iztirab və itkilər bu
şeirin mənən, fikri möhkəmləndirdi, ona bir sadəlik və aydınlıq gətirdi” (6, 100).
R.Rza lirikası hansı mövzuda yazılmasından asılı olmayaraq öz dərin
nikbinliyi, insan hərarətliliyi ilə oxucusunu ələ alırdı, isindirici mübarizə
həvəsini alovlandırırdı.
Sabah qışsız, boransız
Bir həyat qurulanda,
O girdabın suları aynatək durulanda
Qalib çıxan xalqların
Böyük təntənəsində
Pərdə-pərdə qoy axsın
Sənin məğrur səsin də… (5, 73)
deyə azərbaycanlı əsgərə müraciətlə deyilən misraların ahəngi, mühari-
bənin ürək dağlayan səhnələrini canlandıran “İntiqam” şeirinin ifadə etdiyi
sərt, göynədici fəryad, yollar ayrıcında dayanaraq cəbhədəki döyüşçü sevgili-
sinin xəyalı ilə yaşayan qadının kövrək daxili nitqi (“Vəfa”), düşmənlə qeyri-
bərabər döyüşdə həlak olan əsgərin (“Bəxtiyar”) şərəfinə bəslənən ölümsüzlük
himni R.Rza lirikasının tükənməz fikri başlanğıcından xəbər verirdi.
Müharibədən əvvəl və sonrakı illərdə Rəsul Rzanın bir sənətkar kimi əxz
etdiyi mənəvi və yaradıcılıq təcrübəsi onun “Lenin” kimi əzəmətli bir poemanı
yazması ilə nəticələndi. Məhz bu poemada R.Rza poeziyada axtarışlarına
əsaslı yekun vurdu və öz yaradıcılığının yeni, daha məhsuldar mərhələsini
hazırladı. Məhz buna görə də R.Rzanın əllinci illərin ortalarından yaradıcı-
lığında yeni mərhələ başladı. Bu mərhələdə şairin daha çox inkişaf edən,
zənginləşən lirikasını onun bütün yaradıcılığının nəticəsi kimi izah etmək daha
doğrudur. Asfalt döşəməni yarıb yaşıl alov kimi qalxan nərgiz topası
(“Nərgiz”), qışın hələ tamam çəkilmədiyi bir vaxtda şaxtadan qorxmayıb
torpaqdan baş qaldırıb xoş xəbərli bir elçi kimi yazın yaxınlaşmasını insanlara
bildirən novruzgülü (“Novruzgülü”), birəm-birəm qar yağsa da, açıq
pəncərədən yazın yaxınlaşmasını duyan şairin işıqlı, xeyirxah daxili aləmi
(“Yaz gəlir”), bir sözlə bütün obrazlar, lirik ovqatlar şairin poetik fəaliyyətinin
yeni bir istiqamətindən xəbər verirdi.
Yaradıcılığının bu mərhələsində R.Rza lirikası insan haqqında fikir və
hisslərlə, düşüncələrlə və həyəcanlarla aşılanır. Onun poeziyasının lirik
“mən”in humanist insan konsepsiyasının daşıyıcısı kimi yüksəlir.
Mən işığam
Qaranlığın qənimi
Mən insanam
49
Daşıyıram qəlbimdə
Dünyaların sevincini, qəmini (5, 28)
Bu şairin poeziyasında fəal humanizmin poetik təsdiq forması idi.
“Qızılgül olmayaydı”, “Bir gün insan ömrüdür” kimi poemalar və silsilələrdə
bu poetik insan konsepsiyası özünün dolğun ifadəsini tapırdı.
R.Rzanın istedadının ikinci doğuluşu altmışıncı illərə aiddir. Onun
möcüzəli poetik təbi parlamağa, cilalanmağa başladı. Bu dövrdə qələmə aldığı
əsərlərdə fəlsəfi dərinlik, sözün həqiqi mənasında fikir bir qədər də çoxalır.
Bunun əsas səbəbi odur ki, Rəsul Rzanın poeziyası öz şirəsini canlı həyatdan
alır, şeirlərinin bədii sözün ecazkar qüvvəsi ilə bəzəməyi, yüksək sənət
nümunəsi kimi təqdim etməyi bacarır.
Biz şairin məşhur “Rənglər” silsiləsini də məhz xalqın vətənin, insanın
dərdini, taleyini düşünən və düşündükcə də mənəvi intibahlar prosesində
filosoflaşan bir sənətkarın yaradıcılıq axtarışlarının nəticəsi əsas etibarilə
poetik qələbəsi kimi qiymətləndiririk:
Ağ, qara, sarı, yaşıl, qırmızı
Hərəsi bir sınaqla bağlıdır.
Biri həsrətimizi xatırladır,
Biri dərdimizi, biri arzumuzu.
Hərəsində bir məna arayıb,
Bir səbəb görən var.
Kim bilir, kim sınamış,
Kim bunu ilk dəfə demiş (5, 75)
Silsilənin “Üvertüra”sından gətirdiyimiz bu misraların məna, məzmun
və fəlsəfi yükü, assosiativ düşündürmə siqləti göz önündədir.
Rəsul Rza 70-ci illərdə də çox gərgin, fasiləsiz, yorulmadan ideallarının
yolunda poetik qələmini uğurla işlətdi. Onun zəngin yaradıcılığında satirik-
yumoristik şeir nümunələrinə “Vəfa”, “Qardaşlar” kimi orijinal pyeslərə ədə-
bi-tənqidi məqalə və esselərə, yol xəritələrinə, külli miqdarda bədii tərcümələ-
rə rast gəlmək olar.
Rəsul Rza novator şairdir. Prof. C.Abdullayev bu münasibətlə yazır ki,
“Rəsul Rzanın novator, orijinal, bədii yaradıcılığı həm daxili, həm zahiri, həm
məzmunu, həm forması ilə bərabər Azərbaycanın zəngin xalq şeiri klassik
poeziyasının gözəl ənənələrinin davamlı və inkişafıdır” (1, 452).
Rəsul Rza poeziyası bir də daxilən narahatçılıq və həssaslığı ilə seçilir.
Belə ki, şairin yaradıcılığında ötən əsrin 30-80-ci illərində Azərbaycan ədəbi-
mədəni həyatı ictimai siyasi mühiti, başlıcası isə insanlar onların daxili aləmi,
qayğı və həyəcanları öz əksini tapmışdır. Yazıçı Anarın söylədiyi kimi
“ədəbiyyata gəlişindən ölüm gününə qədər Azərbaycan həyatının elə bir
problemi çətin tapılar ki, Rəsul Rza yaradıcılığında əks edilməmiş olsun”.
Doğrudan da 1930-cu illərin birinci yarısında ilhamlı quruculuq həvəsi, 37-ci
il faciələri, Azərbaycanın milli azadlıq hərəkatı, əzəli torpaqlarımızın-Qaraba-
ğa, Naxçıvana erməni tamahının fəsadları, saxta “beynəlmiləlçilik” adı altında
50
dilimizə yuxarıların etinasızlığı, didərginlərimizin acı taleyi-bütün bu sadala-
nan mövzular Rəsul Rza yaradıcılığının mətləbləri, fərəhi və ağrı-acılarıdır.
Əlbəttə, bu yazılara görə Rəsul Rzaya qarşı hücumlar olmuş, özlərinin çirkin
çıxışları ilə şairi öz yolundan döndərməyə çalışanlar yanılırdılar. Hörmətli
şairimiz ömrü boyu ittihamlardan qorxub geri çəkilməmişdir - öz sozünün
ağası olmuşdur. O illəri xatırlayan akademik Bəkir Nəbiyev şair Rəsul Rzanın
100 illiyi münasibətilə dərin məzmunlu məqaləsində yazır: “Sovetlərin o
zamankı bədnam rəhbərliyi Rəsul Rza və A.Zamanovu gözümçıxdıya salmaq-
dansa, onların duyduqları həyəcan təbilinə siyasi qiymət versəydilər, 80-cı illə-
rin sonları, 90-cı illərin əvvəllərində bütün Qafqazın məruz qaldığı faciələrin
miqyası bu qədər geniş olmazdı” (4).
1980-cı ildə yazdığı “Şuşam mənim” şeiri çox baha-başa gəlmişdi, onu
millətçi kimi damğalamış, Azərbaycan Ali sovetinin deputatlığından kənar
etmişdilər. Azərbaycan ensiklopediyasının sədri kimi də şairin mövqeyi
sarsıdılmışdır.
Rəsul Rzanın çox zəngin poetik yaradıcılığı mühüm bədii hadisələrdən
biridir. Ümumilikdə şairin yaradıcılığı Azərbaycan Sovet dövrü poeziyasının
keçdiyi inkişaf mərhələlərini, onun ümumi spesifik cəhətlərini əks etdirmək
baxımından səciyyəvidir.
Rəsul Rza dünya şöhrəti qazanmış şairlərdəndir. Onun adı nəinki ölkə-
mizdə, hətta onun sərhədlərindən çox uzaqlarda məşhurdur. Kanadalı yazıçı və
ictimai xadim D. Karter “Sovetskaya literatura” jurnalının redaksiyasına yazır:
“Sizə Rəsul Rzanın 3 şeirini göndərirəm. Nəşriyyatımız onları təqribən 1 il
bundan əvvəl çap etdirmişdir. Bizə təəccüblü gəldi ki, həmin əsərləri 2-ci dəfə,
indi isə 3-cü dəfə çap etməli oluruq. Ancaq Kanadada poeziyanı az oxuyur və
şeiri çox nadir hallarda təkrar nəşr edirlər. Amma Rəsul Rzanın şeirləri elə
yüksək humanizmə malikdir ki, Kanadada və ABŞ-da minlərlə oxucu onları
cəmi bir neçə ay ərzində alıb oxudu” (3).
Rəsul Rzanın lirikası böyük insani hisslərin, gərgin insani fikirlərin dün-
yasıdır. Xarakterik cəhətdir ki, Rəsul Rzanın tərənnüm etdiyi insan mücərrəd
varlığı deyil, sosial tərəqqini, sosial sarsıntıların əzablı yollarını keçmiş müasiri-
miz idi. Rəsul Rzanın təmkinlə, düşünə-düşünə vəsf etdiyi insan böyük əhatəli
zaman kontekstində, yəni keçmiş, indi və gələcək kontekstində dərk olunur.
Rəsul Rza lirikası yaddaş lirikasıdır. Dünən, bu gün, gələcək haqqında
yaddaş bu lirikanın sətrlərinə həkk olunub qalmışdır. “Gələcəyə səyahət”
şeirində o öz müasirində gələcəyə inam hissi oyadırdı:
İnan bu sabaha,
Oğlum, qızım,
Bacım, qardaşım,
İnsan
Yaşamaq olarmı inanmasan! (5, 21)
51
ƏDƏBİYYAT
1. Abdullayev C. Müasir Azərbaycan ədəbiyyatı. Dərslik. 2 cilddə. I c. Bakı: BDU, 2007,
504 s.
2. Abdullayev C. Dərin düşüncələr poeziyası. “Bakı”qəz., 1980, 19 may.
3. “Ədəbiyyat və incəsənət” qəz., 1964, 16 oktyabr.
4. Nəbiyev B. Şeirimizin klassiki və müasiri. “Ədəbiyyat” qəz., 2010, 10 may.
5. R.Rza. Seçilmiş əsərləri. 5 cilddə, I c., Öndər, 2005, 304 s.
6. Salmanov Ş. Poeziya və tənqid. Bakı: Yazıçı, 1987, 208 s.
ПОЭТ ВЕЛИКИХ ИДЕАЛОВ
И.C.АЛИЕВА
РЕЗЮМЕ
Один из первых создателей современного азербайджанского стиха народный
поэт Расул Рза прошел долгий творческий путь. Поэт, посвятивший 73 года своей
жизни миру поэзии, начал литературную деятельность в 1927 г. Он был одним из
мастеров слова, тонко чувствовавший в своих произведениях пафос современной
жизни, нынешнее общественного бытия и получавший особое наслаждение от красоты
формы и содержания своих произведений.
В статье речь идет о творчестве Расула Рзы, о своеобразии его поэзии, о форме,
содержании языковых и стилистических особенностях его лирических – эпических
произведений.
Народный поэт, создатель современного азербайджанского стиха, мастер слова, в
творчестве которого пафос современной жизни, своеобразие поэзии, лирические –
эпические произведения.
Ключевые слова: лирика, поэзия, проблематика, поэма, форма
THE POET OF GREAT IDEALS
I.S.ALIYEVA
SUMMARY
One of the creators of modern Azerbaijani verse, the national poet Rasul Rza passed a
long creative way. The poet who devoted 73 years of his life to poetry began his literary
activity in 1927. He was one of the skilled reciters who felt pathos of contemporary life and
social being in his works and enjoyed the beauty of the form and content of his works. The
article deals with Rasul Rza’s creativity, originality of his poetry, the form, content, language
and stylistic peculiarities of his lyric epic works.
Key words: National poet, creator of modern Azerbaijani verse, skilled reciter, pathos
of contemporary life, originality of poetry, lyric epic works.
Dostları ilə paylaş: |