Xoşbəxt ailənin sirləri



Yüklə 473,99 Kb.
səhifə4/9
tarix17.09.2017
ölçüsü473,99 Kb.
#580
1   2   3   4   5   6   7   8   9

Ata uşaq kimi yalnız coşqunluqla hərəkət etməməlidir. "Mən körpə ikən, - həvari Pavel deyir, - körpə kimi danışır, körpə kimi düşünür, körpə kimi dərk edərdim; boya-başa çatdıqda isə, körpəliyi tərk etdim" (1 Kor. 13:11). Ata özünün ailə başçısı rolunu lazımınca oynamağı bacarmalı, möhkəm xarakterə malik olmalı və özünü ələ almağı bacarmalıdır. Onun ailə həyatındakı davranışı əxlaqi prinsiplərlə idarə olunmalıdır. Ailəsini saxlamaq üçün əlindən gələni edərək, əməksevərliyi özündə inkişaf etdirməlidir. Bu, qadının da ona qarşı hörmət hissini artırar.
Kişi öz kişiliyini ailə başçısı mövqeyini möhkəmlətməklə sübuta yetirmir. öz avtoritetini saxlamaq üçün daim Müqəddəs Kitabdan sitat gətirməsi ona qarşı hörməti heç də artırmır. öz qadınından, uşaqlarının anasından onun planlarına uyğun hərəkət etməyi tələb etmək, öz planlarının səhvsiz olduğunu düşünmək heç də onun kişiliyinin səviyyəsini yüksəltmir. Allah kişini qadına başçı təyin etmişdir ki, hər zaman onun müdafiəsində dursun. Lakin Allah öz avtoritetini müdriklik və mərhəmətdə izhar edir. Kişi də öz mövqeyini bu şəkildə saxlamalıdır.

16. Bir-birinə kömək edərək


Ata və ana yalnız birlikdə işləməklə Allahın tapşırdığı işi yerinə yetirə bilərlər.
Uşaqlara münasibətdə atanın üzərinə düşən vəzifələri ananın boynuna qoymaq olmaz. Əgər ana öz vəzifələrini ləyaqətlə yerinə yetirirsə, bu, onun üçün kifayətdir. Ata və ana yalnız birlikdə işləməklə Allahın tapşırdığı işi yerinə yetirə bilərlər.
Ata özünü uşaqların həyat və əbədiyyət üçün tərbiyəsi işindən kənarda tutmamalıdır. O, bu məsuliyyəti ana ilə bölüşdürməlidir. Həm atanın, həm də ananın üzərinə düşən bir sıra vəzifələr vardır. Əgər valideynlər uşaqlarının məhəbbət və hörmət kimi keyfiyyətlərə malik olmasını istəyirlərsə, bir-birlərinə bu cür münasibət bəsləməlidirlər.
Kişi öz ruhlandırıcı baxışı və nəvazişli sözlərinə qadını iş və qayğılarında həvəsləndirməli və dəstəkləməlidir. Qadınınızın düşdüyü ziddiyətli vəziyyətlərdən çıxmaq üçün kömək edin. Sözlərinizi seçərkən ehtiyatlı davranın, özünüzdə gözəl davranış, nəzakət, xeyirxahlıq kimi cəhətləri inkişaf etdirin, zaman keçdikcə əvəzini layiqincə alacaqsınız.
İşdəki xoşagəlməz halların ailə həyatınızı tutqunlaşdırmasına yol verməyin. Ata nə ilə məşğul olursa olsun, işdə hansı çətinliklərlə qarşılaşırsa qarşılaşsın, evə özündə təbəssümlə gəlməli, bütün gün ərzində başqaları ilə danışdığı kimi mülayim səslə danışmalıdır. Qadın kişinin dəstəyinə ümid bəsləyə bilirsə, bu, çox yaxşıdır, kişinin mülayim münasibəti ona güc verəcəkdir.
Həyat yoldaşları bir-birinin qayğısına qalmalıdırlar. Belə bir tendensiya mövcuddur ki, kişi özünü ailə ocağının idarəçisi kimi deyil, daha çox kirayənişin kimi apararaq, istədiyi vaxt evdən gedə, istədiyi vaxt gələ bilər. Ailə vəzifələri müqəddəs və vacibdirlər; lakin bununla belə ona etinasız yanaşaraq, adəti monotonluqla barışırlar. Əgər heç bir müxtəliflik, dəyişiklik və istirahət yoxdursa, çoxsaylı qayğı və çətinliklər narahatçılıq yaratmağa başlayır. Ümumi mövqeyi heç də çox yüksək olmayan ananın həyatı tükənməz fədakarlıqlarla doludur və əgər ər arvadın payına düşən çətinlikləri başa düşmür və ona dəstək vermirsə, qadının yükü daha da ağırlaşır.
Kişi öz ailəsinə böyük maraq göstərməlidir. Nəvazişli, sevincli, ruhlandırıcı sözlər ən güclü dərmanlardan daha təsirlidir. Xeyirxah işlərlə və həvəsləndirici sözlərlə ailəyə gətirilmiş xoşbəxtlik və nur sərf olunmuş əməyin yüz qat artığını ödəyir. Ər yadda saxlamalıdır ki, uşaqların tərbiyəsinin əsas hissəsi qadının üzərinə düşür, onların təfəkkürünün formalaşması qadından əhəmiyyətli dərəcədə asılıdır. Bu fikir kişidə ən xeyirxah hissləri oyatmalıdır və o, qadının işinin yüngülləşdirilməsi qayğısına qalmalıdır. O, evə əzgin vəziyyətdə gəlməli deyil, əksinə, öz gəlişi ilə evə nur gətirməlidir və qadınının ona güvənməsi üçün şərait yaratmalıdır.

Sərt olmayın


Bir çox ərlər və atalar Yaqubun hekayətindən yaxşı dərs götürə bilərlər. Təcili və çətin səyahətə çıxmaq məcburiyyətində qalmış Yaqub dedi: "Uşaqlar zəifdirlər, yanımda olan qoyun-keçi və mal-qara da sağmaldır. Sürüləri daha bir gün sürsələr, hamısı tələf olar. Mən qabağımda olan qoyun-keçinin və uşaqların yerişinə görə yavaş gedəcəyəm" (Yar. 33:13, 14).
Qoy ağır həyat yolunda ata və ər onunla yola çıxan yaxınının gedə bildiyi şəkildə, "yavaş-yavaş getsin". Pul və hakimiyyət dalınca qaçan dünyada yaşayaraq, o, onunla bərabər getməyə çağırılmış şəxsə təsəlli vermək və dəstəkləmək üçün dayanmağı bacarmalıdır.
Kişi qadınına mehribanlıq və tükənməz rəğbət göstərərək, kömək etməlidir. Əgər kişi qadınının həmişə gümrah və şən olmasını, evdə parlayan günəş şüalarına bənzəməsini istəyirsə, ona kömək etməlidir. Onun məhəbbətlə izhar olunmuş xeyirxahlığı və nəzakəti qadın üçün qiymətli ruhlandırma olacaq, qadına bəxş etdiyi xoşbəxtlik isə onun öz ürəyinə sevinc və sülh gətirəcək.

Əməkdaşlıq ruhubu necə tərbiyə edirsiniz?


Fikrinizə daha çox uyğun gələn cavabı qeyd edin.

1. Uşaqların tərbiyəsi ilə bağlı fikirləriniz üst-üstə düşürmü? (Bəli, xeyr, hərdən).

2. İntizamın yaradılması metodları ilə bağlı fikirləriniz üst-üstə düşürmü? (Bəli, xeyr, hərdən).

3. Hər ikiniz uşaqların tərbiyəsi üçün daşıdığınız cavabdehliyi dərk edirsinizmi? (Bəli, xeyr, hərdən).< br> 4. Uşaqların üstünə qışqırmamaq üçün özünüzü ələ almağa çalışırsınızmı? (Bəli, xeyr, hərdən).

5. Uşaqların yanında mübahisə etməməyə və savaşmamağa çalışırsınızmı? (Bəli, xeyr, hərdən).

6. Müəyyən işlərdə uşaqlarınızın sizə kömək etmələrinə icazə verirsinizmi? (Bəli, xeyr, hərdən).

7. Hansısa işi başa çatdırmaqda uşaqlarınıza kömək edirsinizmi? (Bəli, xeyr, hərdən).

8. Uşaqlarınızın işə vərdiş etməsindən ötrü cəlbedici, oyun formasından istifadə edirsinizmi? (Bəli, xeyr, hərdən).

9. Uşaqlarınızın gücü çatmayan işlərin yerinə yetirilməsini onlardan tələb edirsinizmi? (Bəli, xeyr, hərdən).

10. Yaxşı yerinə yetirdikləri işin əvəzində uşaqlarınızı tərifləyirsinizmi? (Bəli, xeyr, hərdən).

17. Kişi necə olmamalıdır
Bir çox ailələrdə müxtəlif yaşlı uşaqlar böyüyür, onların bəziləri ananın diqqətindən və müdrik nəsihətlərindən əlavə, atanın daha tələbkar, eyni zamanda da dostcasına münasibətinə də ehtiyacı var. çox az atalar buna əhəmiyyət verirlər. Onlar öz borclarını yerinə yetirməkdən boyun qaçıraraq, bu yükü anaların üzərinə qoyurlar. Bununla belə, özlərinin verdikləri qiymətə əsaslanaraq, qadınları tənqid etmək hüququna malik olduqlarını iddia edirlər. Ağır cavabdehlik hissi və daimi məzəmmətlərdən yorğun düşmüş bədbəxt qadın və ana, hətta həmin şəraitdə ən doğru hərəkət etsə belə, təsadüfi hərəkətləri üçün özünü günahkar hiss edir və peşmançılıq çəkir. Hətta qadının böyük səyləri layiqincə qiymətləndirilməli və təriflənməli olduğu halda, qəm-qüssə və töhmət hədəfinə çevrilir. çünki ər qadının iki nəfərin işinin öhdəsindən gələcəyini fikirləşərək, öz vəzifəsini yerinə yetirməkdən boyun qaçırır.
Bir çox ərlər bütün günü çaş-baş vəziyyətdə, bitib-tükənməz ev işlərinin yükü altında qalan qadının qayğı və çətinliklərini kifayət qədər başa düşmür və qiymətləndirmirlər.
çox vaxt ərlər evə narazı halda gəlirlər. Xörək vaxtında süfrəyə verilməyən zaman, qənaətcil, dayə, aşbaz və xadimə vəzifələrini təkbaşına yerinə yetirən qadın ərinin danlaqlarına qulaq asmalı olur. Tələbkar ər o dərəcəyə qədər güzəştə gedə bilər ki, uşağı əldən düşmüş qadının əlindən ala və ailəni tez yedirtməsi üçün ona şərait yarada bilər, lakin əgər uşaq atanın qucağında özünü narahat aparırsa, o, onun nazıyla oynamağı, sakitləşdirməyi özünə borc bilmir. Uşağın şıltaqlıqlarına dözməyin ana üçün necə baha başa gəldiyi haqda düşünməyərək, səbirsizliklə çağırır: "Ey, ana, gəl uşağını götür". Məgər bu uşaq həm də onunku deyilmi? Məgər atalıq borcu uşaqlarının tərbiyəsi işində yükün bir hissəsini öz boynuna götürməyi ondan tələb etmirmi?

Evdə kölgə


Qaşqabaqlı, özündən razı və hökmranlığı sevən ər və ata yalnız özünü bədbəxt etmir, həm də bütün ailə üzvlərinin həyatına qaranlıq çökdürür. Onun arvadı qəmli və naxoşdur, uşaqlar isə atalarının pis xasiyyəti özündən əsəbi böyüyürlər. Gec ya tez o, ailəyə bu cür münasibətin bəhrəsini görəcək.
Əgər xeyirxahlığı, diqqətliliyi və ürəyiyananlığı zəiflik hesab edirsinizsə, qadınla nəvazişli, mülayim və məhəbbətlə davranarkən ləyaqətinizi itirəcəyinizdən qorxursunuzsa, onda siz həqiqi kişilik və ləyaqət haqqında yanlış təsəvvürə maliksiniz.
Xeyirxah işləri yarımçıq qoymaq vərdişi zəifliyin və xarakter çatışmazlığının göstəricisidir.
Sizin zəiflik kimi qiymətləndirdiyiniz şeylər Allahın gözündə həqiqi nəzakət kimi qiymətləndirilir.
Ey ərlər, qadınlarınızın ruhani həyat yaşaması üçün onlara şərait yaradın. öz həyat yoldaşınızdan və uşaqlarınızdan həddindən artıq şeyləri tələb etməyin. Onları mühakimə etməyin. Əgər gümrah, şən ab-havanı saxlayaraq, onlarla dostcasına və nəvazişli danışsanız, evinizin üstünü almış kədər və bədbəxtlik buludlarını dağıdaraq, əvəzində nur bəxş etmiş olarsınız. Qadınınıza münasibətiniz haqqında düşünün. Siz ifratçılığa vararaq, öz fikrinizə uyğun hərəkət edirsiniz və arvadınızın fikrinin sizinkini üstələməsini istəmirsiniz? Qadınınıza hörmət etmirsiniz və uşaqlarınıza ona hörmət etməyi öyrətmirsiniz? Ona sizinlə bərabərhüquqlu şəxs kimi yanaşmırsınız, lakin idarəetməni öz əlinizə almağa çalışırsınız və bu işdən möhkəm-möhkəm yapışırsınız? Onda siz hökmən özünüzdə nəvazişlilik və ürəyi yananlıq kimi keyfiyyətləri inkişaf etdirməlisiniz.
Əgər ər arvadına qarşı despot, tələbkar və tənqidi münasibət bəsləyirsə, heç vaxt onun hörmət və bağlılığını qazana bilməyəcək və ər arvad münasibətləri qadında ikrah doğuracaq. Ər arvadının xeyirxah dostuna çevrilmək istəmədiyi üçün onun sevgisini qazana bilməyəcək.
Ərlər qayğıkeş, diqqətli, vicdanlı, sadiq, ürəyiyanan olmalıdırlar. Məhəbbət və rəğbət bəsləməlidirlər. Əgər ər müsbət xarakterə, təmiz qəlbə, yüksək əqli səviyyəyə malikdirsə, o, ailəsini xoşbəxt edəcəkdir.

18. Ata və övladları


"Bir-birinizin yüklərini daşıyın və Məsihin qanununu bu yolla icra edin". Qal. 6:2.
Əksər atalar uşaqlarını özlərinə cəlb etmək və onlarla sıx əlaqə yaratmaq imkanlarını əldən buraxırlar. Onlar vaciblik hissindən azad olmalı, bəzi az əhəmiyyətli işlərdə və boş vaxtlarında özünə qapılmadan imtina etməli və uşaqları ilə birləşməlidirlər, onların ürəklərini möhkəm məhəbbət telləri ilə özlərinə bağlayaraq, kiçik xoşagəlməz anlarda onlara dəstək verməlidirlər. İşdən sonra bir müddət vaxtını uşaqlarla keçirmək ata üçün faydalı və xoş olar.

Övladlarının dostu


Oğlan övladı olan ata onları özünə bağlamaq üçün onlarla sıx əlaqədə olmalı, öz həyat təcrübələrini onlarla bölüşməli, onlarla sadə dildə və dostcasına danışmalıdır. Göstərməlidir ki, hər şeyi onlar üçün, onların xoşbəxtliyi üçün edir. Hansı işdə işləməyindən asılı olmayaraq, vaxtını uşaqlarından əsirgəməməlidir. O, onlara həyat verib və onlar üçün Allah qarşısında cavabdehlik daşıyır. öz nadinc uşaqlarını bütünlüklə ananın nəzarəti altına buraxmağa onun haqqı yoxdur. Uşaqlarını tərbiyə edərkən, təmkinli olmaq və onları müdrikliklə idarə etmək ana üçün böyük çətinlik yaradır. Bu halda ata öz üzərinə böyük cavabdehlik gütürməlidir.
Ailə başçısı kimi ata, övladlarının cəmiyyətin faydalı üzvləri olmaları və öz borclarını lazımınca yerinə yetirmələri üçün onları necə tərbiyə etmək lazım gəldiyini bilməlidir. Bu, onun bütün işlərindən daha vacib bir işdir. Uşağın həyatının ilk bir neçə ilində onun xarakterinin formalaşması işi anaya etibar edilmişdir, lakin ana həmişə yadda saxlamalıdır ki, tərbiyə işində ata ilə əməkdaşlıq etməsi vacibdir. Atanın başı iş həyatı və digər məşğuliyyətlərə o dərəcədə qarışmamalıdır ki, öz övladlarının xarakterlərini və ehtiyaclarını öyrənməyə vaxtı qalmasın. O, övladlarına yanaşmağı və hərəsinin öz qabiliyyəti və marağına uyğun məşğuliyyət tapmağa borcludur.
Atalar, bacardığınız qədər çox vaxtınızı uşaqlarınızla keçirin. Qoy sizin ağzınızdan heç vaxt onların etimadını qıra biləcək sözlər çıxmasın. Evinizə qaranlıq gətirməyin. Uşaqlarınızla xeyirxah və nəvazişli davranın, lakin həddindən artıq güzəştə getməyin. Qoy onlar da başqaları kimi kiçik məyusluqların öhdəsindən gəlməyi öyrənsinlər. Onlara bir-birinə hövsələli yanaşmağı, qarşılıqlı etibar və hörməti saxlamağı öyrədin. Nəvazişlə sərtliyi, xeyirxahlıq və rəğbəti qəti məhdudiyyətlə ahəngdar vəziyyətə salın. Boş vaxtlarınızın bir neçə saatını uşaqlarınıza sərf edin və onları daha yaxşı öyrənməyə çalışın; onlarla birlikdə əməklə və idmanla məşğul olun, onların etibarını qazanın. Onlarla, xüsusilə də oğlan övladlarınızla dostluğunuzun qayğısına qalın. Bu yolla siz güclü faydalı təsir göstərmiş olacaqsınız.

Ata
Məndən öndə getmə, sənə çata bilmirəm

Arxamda da gəlmə, səni apara bilmirəm

Sadəcə olaraq yanımda get və dostum ol

19. Ananin vəzifəsi
Ananın işi taxtda oturmuş padşahın işi qədər vacibdir.
Qadın Allahın başlanğıcdan onun üçün təyin etdiyi mövqeni tutmalıdır - o, əri ilə bərabər səviyyədədir. Yalnız sözdə deyil, həyatda da bu cür olan analara dünyanın böyük ehtiyacı var. Əminliklə deyə bilərik ki, qadının vəzifələri ərin vəzifələrindən daha müqəddəsdir. Qoy qadın öz işinin müqəddəsliyini dərk etsin və uşaqlarını elə tərbiyə etsin ki, bu dünyada fayda versinlər və daha gözəl həyatdakı ailənin üzvləri olsunlar.
Uşaqlara öyrətmək lazımdır ki, öz analarına qulluq etməyə məhkum olunmuş qul kimi deyil, kraliça kimi münasibət bəsləsinlər. O, öz ana ləyaqətini qoruyaraq, evini müdrikliklə idarə etməlidir. Onun ailədəki təsiri birinci yerdə durmalıdır; ananın sözü - qanundur.
Qadın çox vaxt öz əməyini lazımınca qiymətləndirmir və onu ağır və darıxdırıcı ev işi hesab edir. O, hər gün, hər həftə eyni işləri görməkdə davam edir və heç bir xüsusi nəticə görmür. Günün sonunda o, edə bildiyi çoxsaylı kiçik işləri yada sala bilmir. Ərinin nailiyyətərini görərək düşünür ki, yada salmağa layiq heç nə etməmişdir.
Kişi isə evə gələrkən, özündən razı və məğrur halda gün ərzində gördüyü işlərini sadalayır. O, qadının ona qulluq etməli olduğuna işarə vurur, axı qadın uşaqlara nəzarət etməkdən, xörək bişirməkdən və evi yığışdırmaqdan başqa bir işlə məşğul olmayıb, deməli, bir o qədər yorulmayıb. Ər ali hökmdar kimi tənqid edir, mühakimə edir, əmr edir. Bütün bunlar qadını və ananı daha da əldən salır, çünki o, gün ərzində öz vəzifələrini yerinə yetirərək çox yorulmuşdur, lakin heç bir nəticə görünmür. Bu da onun ruhdan düşməsinə səbəb olur.
Əgər insanlar Allahın onların gün ərzində gördükləri işlərini nə qədər qiymətləndirdiyini, Onun tükənməz diqqətinin bu və ya digər adamın etdiklərini necə müqayisə etdiyini görə bilsəydilər, səmanın bu həqiqətindən heyrətə gələrdilər. O zaman ata öz əməyini bir qədər təvazökarlıqla qiymətləndirməyi öyrənərdi, ana isə öz işini müdrikliklə, səylə və təmkinlə yerinə yetirmək üçün cəsarət və güc toplaya bilərdi.
Ata ötəri, gəldi-gedər şeylərin qayğısına qalmaqla məşğul olduğu bir vaxtda, ana isə uşaqların ağıl və xarakterinin nəinki bu həyat üçün, həm də əbədiyyət üçün kamilləşməsindən ötrü çalışır.

Allahın tapşırığı


Qadının bütün həyati işləri içərisində ən müqəddəsi uşaqlarına münasibətdə daşıdığı borcudur. Lakin tez-tez eqoist arzuların həyata keçirilməsi xatirinə bu borca göz yumulur. Uşaqların yer həyatı və əbədiyyət üçün maraqları valideynlərə etibar olunmuşdur.
Dəb və ənənələr hətta pis olsa belə gənclər üzərində böyük hökmranlığa malikdir. Əgər ana uşaqlara nəsihət vermək, onlara rəhbərlik etmək və pis yoldan çəkindirmək borcunu unudursa, uşaqlar təbii ki şəri qəbul edir və xeyirdən öz döndərirlər. öz dualarınızla Allaha bu sözlə müraciət edin: "Uşaqlarımızı necə tərbiyə etməyi və onlarla necə davranmağı bizə öyrət". Allahın öz Kəlamı vasitəsilə sizə verdiyi məsləhətlərə əməl edin və ehtiyacında olduğunuz müdrikliyi əldə edəcəksiniz.
Göylərdə olan müqəddəs Allah var, Onun nuru və izzəti öz övladlarına şərə qarşı durmağı öyrədən sadiq anaların üzərinə yağır. Heç bir başqa iş ananın işi qədər böyük əhəmiyyət kəsb edə bilməz.
Ana, rəssam kimi kətan üzərində gözəl rəsm əsəri çəkməyə, yaxud heykəltaraş kimi mərmərdən heyrətamiz bir heykəl yaratmağa çağırılmamışdır. O, yazıçı kimi öz dərin düşüncələrini sözün gücü ilə ifadə etməyə, yaxud musiqiçi kimi gözəl hissləri melodiyalarda açıqlamaq üçün çağırılmamışdır. Ona tapşırılmış iş - Allahın köməyilə Onun surətini insan qəlbində yaratmaqdır.
Bu tapşırığa əməl etməyə çalışan qadın onun üçün yaradılmış imkanları hədsiz dərəcədə qiymətli hesab edəcək. O, tərbiyənin ən yaxşı metodlarından istifadə edərək, öz şəxsi xarakterində uşaqları üçün ən yüksək idealı yaratmağa çalışacaq. öz qabiliyyətlərini kamilləşdirmək üçün səbir və cəsarətlə səy göstərəcək ki, ağlının yüksək imkanlarından övladlarının tərbiyəsi üçün düzgün istifadə etsin.
Qoy hər bir ana başa düşsün ki, onun həyatının hər bir anı hədsiz qiymətə malikdir və hər kəsin öz əməllərinə görə cavab verəcəyi həmin təntənəli gündə onun işləri böyük imtahana məruz qalacaq. O zaman aydın olacaq ki, insanların bir çox uğursuzluqlarının və cinayətlərinin səbəbi uşaqlarını doğru yola yönəltməyə borclu olanların cəhaləti və etinasızlığıdır. O zaman aydın olacaq ki, ruh, həqiqət və müqəddəsliklərilə, prinsipləri, təsirləri və uğurları ilə dünyaya xeyir-dua gətirənlərin çoxu hər şeyə görə dua edən məsihçi-analarına borcludurlar.
Qadın və ana başını daim ağır ev işlərilə qatmaq əvəzinə, kitab oxumağa, lazımi informasiyanı əldə etməyə, əriylə ünsiyyətə və uşaqlarının əqli qabiliyyətlərinin inkişaf etdirilməsinə vaxt ayırmalıdır. Əlinizdə olan imkanlardan istifadə edin ki, sizin üçün qiymətli olan insanlara təsir edərək, onların həyat səviyyəsini daha da yüksəldəsiniz. Allahı özünüz üçün dəyişməz Yoldaşa və yaxın Dosta çevirmək üçün vaxt ayırın. Allahın kəlamlarını öyrənmək üçün vaxt ayırın və Onun əl işlərinin gözəlliyinə baxaraq, Ondan öyrənmək üçün uşaqlarınızla təbiətin qoynuna çıxın.
Xeyirxah və şən olun. Bütün vaxtınızı tükənməz ev işlərinə sərf etmək əvəzinə, həmin axşamı bütün ailənizin ağır iş günündən sonra bir-birilə görüşə biləcəyi dostcasına ünsiyyət saatlarına çevirin. O zaman bir çox ərlər üstünlüyü dostlarına deyil, öz evlərinə verərdilər. Bir çox oğlan uşaqları küçələrdən və qapıların ağzından əl çəkərdilər. Bir çox qız uşaqları isə düşüncəsiz tanışlıqlardan xilas olmuş olardılar. Ailənin təsiri həm valideynlər üçün, həm də övladlar üçün Allahın fikirləşdiyi kimi, bütün həyatın xeyir-duasına çevrilərdi.

20. Ananın təsiri


Ananın qüvvəsi - Allahın qüvvəsindən sonra dünyada ən böyük qüvvədir.
Ananın fəaliyyət sahəsi məhdud ola bilər, lakin onun atanın təsiri ilə birləşmiş təsiri əbədiyyət kimi dəyişməzdir. Xeyirxah təsir bağışlayan ananın qüvvəsi Allahın qüvvəsindən sonra dünyada ən böyük qüvvədir. O, həyatın çətinliklərindən və fəlakətlərindən keçərək, gələcəyə, əbədi həyata doğru can atır.
Ana və övladları incə həyat bağları ilə bir-birinə bağlıdırlar. Övlad atasının deyil, anasının həyatını və nümunəsini daha asanlıqla qəbul edir, çünki onları güclü hisslər birləşdirir.
Ananın düşüncələri və hissləri çox güclü şəkildə irsən uşaqlara keçir. Əgər ana yalnız öz fikirləri üzərində cəmləşirsə, eqoizmə qapılırsa, deyingən və tələbkardırsa, bu, onun uşağının xarakterində də özünü büruzə verəcəkdir. Beləliklə, bir çoxları düzəltmək mümkün olmayan şəkildə şərə meylli böyüyürlər. Ananın yeganə ümidi - Allahdır. O, güc və xeyir-dua üçün Allaha müraciət edə bilər; onun səyləri boşa çıxmayacaq.

Səbir
Gün ərzində bir neçə dəfə həyəcanlanmış uşağın qışqırıq səsi eşidilir: "Ana, ana!" Bu səsə cavab vermək üçün ana hər yerdə hazır vəziyyətdə olmalıdır. Əgər uşaq çətin vəziyyətə düşübsə, müdrik ana ona bu vəziyyətdən çıxmaqda kömək etməlidir. Əgər uşaq özünün hansısa yeni kəşfindən razı qalıbsa, istəyir ki, anası da bunu görsün və ümid edir ki, o da buna sevinəcək. Ananın təqdiredici sözləri uzun müddət uşağın ürəyini qızdıracaq.


Ana böyük səxavətlə uşaqlarının üzərinə qiymətli işıq və sevinc yağdıra bilər. O, uşaqlarının ürəklərini özünə o qədər cəlb edə bilər ki, onunla ünsiyyət uşaqlar üçün ən arzuolunan hadisəyə çevrilər.
Lakin çox vaxt əhəmiyyətsiz hadisələr ananın səbrini tükəndirir. Körpələrin nadincliyi ana üçün çox böyük narahatçılıq və çətinlik törədir. Ana özünü ələ almağı yaxşı bacarmalıdır, əks halda onun ağzından əsəbi kəlmələr çıxa bilər. Ana əsəbi vəziyyətdə olan zaman sakitcə Allaha müraciət etsə çox yaxşı olar. Bu, onun əsəblərini sakitləşdirər, özünü ələ almaqda, sakitliyi və şəxsi ləyaqət hissini saxlamaqda kömək edər. Kobud sözlərdən uzaq durmaq, hirsi yatırtmaq üçün müəyyən cəhdlər etmək lazımdır, lakin əgər boş-boşuna buraxsan, o, sizin təsirinizin bəhrəsini məhv edə bilər. Yenidən uğur qazanmaq üçünsə uzun vaxt lazım olacaq.
Uşaqlar hər şeyi kəskin surətdə qəbul edirlər və səbirli, sevən səs ahəngini, uşaq qəlbindəki məhəbbəti və bağlılığı yaralaya biləcək acıqlı, sərt əmrdən ayırmağı bacarırlar. Əsəbiliklə, anlama və məhəbbət azlığı ilə uşaqlarınızın sizdən ayrılmasına yol verməyin.
Analar öz ciddi vəzifələrini diqqətdən yayındırmayaraq, aydın şəkildə başa düşməlidirlər ki, onların təsir və nümunələri uşaqların xarakterində və gələcək taleyində əks olunur. Onlar özlərində həqiqi, xeyirxah və gözəl xarakter inkişaf etdirməlidirlər.

Ananın əməyinin həqiqi qiyməti


Hətta qadınlar özləri əməklərini həmişə layiqincə qiymətləndirmirlər. Evdə yerinə yetirilməli olan vəzifələr səbirli cəhdlər, özünüidarə, nəzakət, müdriklik və fədakar məhəbbət tələb edir; lakin yenə də qadın əksər hallarda öz nailiyyətlərilə öyünə bilməz. O, yalnız evin normal intizamını qoruyur. Bəzən o, yorğun və çaşqın halda uşaqlarla mehriban danışmağa, başların qatmağa, onları xoşbəxt etməyə və doğru yola yönəltməyə çalışır. Ona elə gəlir ki, elə də əhəmiyyətli bir işlə məşğul olmur. Lakin bu, belə deyil. Səma mələkləri hər günün qayğılarını çiyinlərində daşıyan yorğun ananın hər addımın izləyirlər. Bu dünyada onun adı yadda qalmaya bilər, lakin Allahın həyat kitabına yazılmışdır.
öz vəzifələrinizi ləyaqət və sevinclə yerinə yetirin. Yaxşı qurulmuş evdə edilməsi vacib olan işləri alçaldıcı hesab etməyin.
Hansısa başqa işin daha vacib olduğunu düşünə bilərsiniz, lakin Allah istəmir ki, siz ərinizi və övladlarınızı diqqətdən məhrum edəsiniz. Uşaqlarınızın nalayiq insanlarla ünsiyyət etməsinə və ürəklərini sizə, analarına qarşı sərtləşdirmələrinə yol verməyin. Bu, hər şeydən əvvəl onları səhv yola aparır. Uşaqlığın ilk illəri əmək, sayıqlıq, dua və hər hansı yaxşı hərəkətin təqdir olunmasını tələb edir. Hansısa digər işə daha çox diqqət yetirərək, siz uşaqlarınızı Allahın görmək istədiyi şəkildə, əbədi həyat üçün tərbiyə edib böyüdə bilməzsiniz. Allah onların qayğısına qalır; siz də bu cür hərəkət etməlisiniz.

21. Çətinlikləri dəf edərkən


Bir çox ailələr ona görə bədbəxt olurlar ki, qadın sadə ailə həyatının adi ev işlərindən ikrahla öz çevirir. İş və qayğılar onun xoşuna gəlmir, sevinc, məmnunluq və maraqla yerinə yetirmək mümkün olan və onun özü üçün də faydalı olan şeylər ağır və darıxdırıcı yük kimi görünür.
Əlbəttə, ev həyatı həmişə yaxşı olmur. Gün ərzində bir çox şeylər bizim səbrimizi imtahana çəkir və güc tələb edir. Bəzi vəziyyətləri dəyişmək iqtidarında deyilik, lakin insanın şəraitə münasibəti onu xarakterizə edir. öz prinsiplərinin idarə olunmasını və məhvə sürüklənməsini şəraitin ixtiyarına verənlər üzərlərinə düşən vəzifələri unudurlar.
Başqalarının səbirsizlik və dözümsüzlük özündən əllərini yana saldıqları çətinliklərə mərdliklə sinə gərərək, işinizi səylə davam etdirməyə çalışırsınızsa, həm iradəniz möhkəmlənir, həm də maneələri dəf etmək təcrübəniz başqalarına da öz sözləriniz və nümunənizlə kömək etməyiniz üçün imkan yaradır. Əlverişli şəraitdə işinin öhdəsindən müvəffəqiyyətlə gələn bir çox insanların bədbəxtlik və imtahanlara düçar olan zaman xarakterləri dəyişilir; çətinliklərin sayı artdıqca, xarakter də bir o qədər korlanır. Allah istəmir ki, biz şəraitin qurbanlarına çevrilək.
Çox ərlər və uşaqlar öz evlərində cəlbedici heç nə tapmırlar və daim narazılıq kəlmələri eşidirlər, ona görə də rahatlıq və sevinci evdən kənarda axtarmağa başlayırlar. Ev qayğıları ilə məşğul qadın və ana isə hətta öz çətinlikləri və problemləri haqqında danışmasa da belə, get-gedə diqqətsiz və məhəbbət xəsisinə çevrilir. Halbuki, bu məhəbbət evi həm ər, həm də uşaqlar üçün xoş məkana çevirir. Onun başı biş-düşə, yır-yığışa qatışan müddətdə, ər və uşaqlar yad adamlar kimi gəlib gedirlər.

Yüklə 473,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə