Xoşbəxt ailənin sirləri



Yüklə 473,99 Kb.
səhifə3/9
tarix17.09.2017
ölçüsü473,99 Kb.
#580
1   2   3   4   5   6   7   8   9

10. Ilk məktəb
Ailənin tərbiyəvi təsiri xeyirə və şərə yol açan əsas qüvvədir.

Rəbb öz müdrikliyi ilə ailəni ən böyük tərbiyələndirici qüvvə kimi təyin etmişdi. Uşağın təhsili ailədən başlamalıdır. Bu, onun ilk məktəbidir. Burada valideyn-müəllimləri birgə əməyilə o, bütün gələcək həyatını idarə edəcək dərsləri - diqqət, itaət, hörmət, təmkin kimi dərsləri öyrənməlidir. Ailənin tərbiyəvi təsiri xeyirə və şərə yol açan əsas qüvvədir. Bir çox hallarda o, gizli aramla, lakin düzgün istiqamətdə gedir və həqiqətin təsdiqində əsaslı qüvvəyə çevrilir. Əgər uşaq evdə lazımi tərbiyəni almırsa, şər onu özünə sərfəli istiqamətdə tərbiyə edəcək. Buna görə də ailə məktəbi nə qədər vacibdir!

Ailəni məktəb kimi qəbul edin, elə bir məktəb ki, burada siz öz uşaqlarınıza ailə və cəmiyyət qarşısındakı vəzifələrini yerinə yetirməyi öyrədirsiniz.

Ümum cəmiyyət tərəfindən qəbul olunmuş, təəssüf doğuran kədərli fakt göstərir ki, ailə tərbiyəsi bu gün acınacaqlı vəziyyətdədir. Ailəni quran və rəhbərlik edən şəxslərin üzərinə düşən vəzifədən daha vacibi yoxdur. İnsanlara tapşırılmış işlərdən heç biri, ata-anaların gördüyü iş kimi ciddi və böyük iz qoyan nəticələr vermir.

Bugünkü gənclər və uşaqlar gələcək cəmiyyətin göstəriciləridir və bu uşaqların tutacaqları yol böyüdükləri ailədən asılıdır. Cəmiyyətdəki xəstəliklərin, bəşəriyyət üçün lənətə çevrilmiş bəlaların və cinayətlərin əsas səbəbi lazımi tərbiyənin verilməməsidir. Əgər həyat tərzi düzgün qurulsaydı və ata-ana himayəsindən ayrılmış uşaqlar həyat qayğılarına və təhlükələrinə lazımınca hazırlansaydılar, dünyada necə böyük dəyişikliklər baş verərdi!

Uşaqlarınıza qarşı diqqətli olun

Valideynlər işlə bağlı problemlərinə, təxirəsalınmaz işlərinə, adət və vərdişlərinə, dəb ardınca qaçmağa aludə olaraq, uşaqlarını lazımi diqqətdən məhrum etməməlidirlər. Bu cür diqqətsizlik uşaqlar böyüyərkən onları tərbiyə etmək işini qeyri-mümkün edir.

Bu gün şərin dünyada baş alıb getməsinin əsas səbəbi odur ki, valideynlər, uşaqlarına Rəbbin yolu ilə getməyi öyrətməyin ən vacib məsələ olduğu haqqında hər şeydən az düşünürlər. Əgər gözlə görünməyən şeylər insan qarşısında açılsaydı, aydın şəkildə görərdik ki, düz yoldan azmış uşaqların əksər hissəsi valideynlərin laqeydliyi özündən diqqətdən məhrum olanlardır. Nə qədər vacib olursa olsun, heç bir iş uşaqlarınızı tərbiyə etməkdə sizə maneçilik törədə bilməz.

Öz səylərinizə görə hansı mükafatı alacaqsınız? Görəcəksiniz ki, uşaqlar sizin tərəfinizdədirlər, təklif etdiyiniz bütün sahələrdə sizi dəstəkləyəcək və əməkdaşlıq edəcəklər.

Valideynlər vaxtlarının çox hissəsini evdə keçirməyə çalışmalıdırlar. öz nəsihətləri və nümunələrinin köməyilə onlar uşaqlarına ağıllı, ünsiyyətli və məhəbbətli olmağı öyrətməlidirlər. Uşaqlarda əməksevərlik, qənaətcillik və səxavətlilik ruhu tərbiyə edərək və onlara ailədə dəstək verərək, valideynlər övladlarını bir çox çətinliklərdən qoruyan təhlükəsiz və arzuolunan sığınacaqla təmin edə bilərlər.

Xüsusilə uşaqların kiçik yaşlarında ana onlarla fasiləsiz ünsiyyətdə olur. O, həmişə övladları üçün bələdçi və dost olmalıdır, vərdiş və zövqlərini düzgün formalaşdırmaq üçün onları səliqə və intizama alışdırmalıdırlar; onları əməksevər, öz qüvvələrinə arxalanmağa qadir və başqaları üçün faydalı tərbiyə etməlidirlər ki, sanki Allahın gözü qarşısındaymışlar kimi yaşasınlar, hərəkət etsinlər və işləsinlər.

Müqəddəs Kitab qanunları ona görə verilmişdir ki, hamı, həm valideynlər, həm də uşaqlar onlara uyğun yaşasınlar. Allahın əmrləri bizim üçün birinci yerdə durmalıdır. Allahın Kəlamını açın və səmimi soruşun: "Allah nə deyir?"

Valideynlərin üzərinə heç kəsə verə bilməyəcəkləri cavabdehlik düşür. Nə qədər ki sağdırlar, onlar Allahın yolunu saxlamaq üçün Onun qarşısında cavab verirlər. Ata və analar öz övladlarının sağlamlığı və onların fiziki və əxlaqi xüsusiyyətlərinin ahəngdar inkişafına görə cavabdehlik daşıyırlar. Onlardan başqa heç kəs bu işlə məşğul olmalı deyil. Allahın Kəlamını özlərinə bələdçi seçən və övladlarının xarakterinin formalaşmasının onlardan nə qədər asılı olduğunu dərk edən valideynlər, uşaqlarına tərəddüd etmədən izləmək mümkün olan bir nümunə göstərirlər.

Çox təəssüflər olsun ki, bir çox ata və analar övladları ilə bağlı Allahın onların üzərinə qoyduğu vəzifələrdən imtina edirlər və bu işi onların əvəzinə başqalarının görməsini istəyirlər. Onlar istəyirlər ki, övladları üçün başqaları zəhmət çəksinlər və onları bu yükdən azad etsinlər. Uşaqların itaətsizliyindən göz yaşı axıtmaq dərəcəsinə gələnlərin çoxu buna görə özlərini günahlandırmalıdırlar.

Mənim üçün hansı daha vacibdir: maddi vəsait əldə etmək, yoxsa uşaqlarımın xarakterinin formalaşmasında onlara kömək etmək?

11. Ailədə dostluq

"Uşaqları qorxu ilə deyil, hörmət və nəvaziş bağları ilə özünə bağlamaq daha yaxşıdır". Terensi

Bəzi valideynlər öz övladlarını başa düşmürlər və onları, sözün əsl mənasında, tanımırlar. Valideynlərlə uşaqlar arasında münaqişələr az-az baş vermir. Əgər böyüklər uşaqlarının keçirdikləri hissləri və onların ürəklərindəkiləri daha yaxşı başa düşməyə çalışsaydılar, bu, onlara müsbət təsir edərdi. Ata və ana övladları üçün dost olmalıdırlar. Uşaqların məhəbbətini və etibarını qazanmaq və onları doğru yola yönəltmək üçün bütün imkanlardan istifadə etmək lazımdır.



Valideynlərə etibar

Körpə yaşlı uşaqlar dostcasına münasibəti çox xoşlayırlar və tək qalmaqdan nadir hallarda razı qalırlar. Onlar mehribanlıq və xeyirxahlığı çox sevirlər. Mənim üçün xoş olan şey anam üçün də xoş olacaq, - deyə düşünürlər və öz kiçik sevinclərini onunla bölüşməyə tələsirlər. Sizin üçün əhəmiyyətsiz görünən, lakin körpəniz üçün çox vacib olan şeylərə etinasız yanaşaraq onun kövrək ürəyini yaralamayın. Sizin rəğbətiniz və mehribanlığınız onun üçün əvəzolunmaz qiymətə malikdir. Təqdiredici baxış, ruhlandırıcı sözlər və təriflər onun ürəyini günəş şüaları kimi işıqlandırar və evdəkilərin hamısını xoşbəxt edər.

Uşaqları sizə etibar etməyə, öz dərdlərini, gündəlik qayğılarını və narahatçılıqlarını sizinlə bölüşməyə ruhlandırın. Onlarla mülayimcəsinə davranaraq öyüd verin və öz ürəyinizi də onlar üçün açın. Bu dövr uşaqlar üçün böhranlı dövrdür. Onlar öz üzərlərində sizdən ayrılmaq qorxusu yaradan təsirlər hiss edirlər, siz buna qarşı mübarizə aparmalısınız. Onlar üçün etibarlı şəxs olmağa çalışın.

Uşaqlar valideynlərlə yaxın münasibətlərdə olsaydılar, bir çox təhlükələrdən uzaq olardılar. Valideynlər övladlarını ruhlandırmalıdırlar ki, onlar açıq və səmimi olsunlar, öz çətinlikləri haqqında valideynlərə danışsınlar və onlardan kömək istəsinlər, yaxud hansısa məsələ onları narahat edirsə və çıxış yolu tapmağa çalışırlarsa, valideynlərdən məsləhət alsınlar. Sevən valideynləri kimi başqa kim övladını gözləyən təhlükələri bu dərəcədə duya və onu xəbərdar edə bilər? Başqa kim uşağın xarakterinin xüsusi cəhətlərini bu dərəcədə görə bilər? Hələ körpə yaşlarından uşağın inkişafının hər bir addımını izləyən ana onun təbii meylləri ilə tanışdır, məhz buna görə də o, öz övladına hamıdan yaxşı məsləhət verə bilər.



Əgər vaxtınız azdırsa

"Mənim vaxtım yoxdur, - ata deyir, - mənim öz uşaqlarımı tərbiyə etməyə, ümumi və ailə şənliklərinə vaxtım yoxdur. Əgər belədirsə, onda ailə qurmaq və onun üçün cavabdehliyi öz üzərinə götürməyə dəyməz. Əslində uşaqlarınıza məxsus olan vaxtı onlara ayırmaqdan imtina edərkən, siz onları almalı olduqları tərbiyədən məhrum edirsiniz. Ata da ana ilə bərabər uşağın xarakterinin düzgün formalaşması üzərində çalışmalıdır.

Bir çox analar şikayətlənirlər: "Mənim övladlarımla keçirməyə vaxtım olmur". Onda Allah xatirinə, özünüzə az vaxt sərf edin. Paltar, kosmetika, qonaq getmək, müxtəlif xörəkləri bişirmək kimi işləri ixtisara salmaq olar. Lakin heç vaxt uşaqlarınızla ünsiyyəti ixtisara salmayın. Qoy sizinlə uşaqlarınız arasında heç bir maneə olmasın.

çoxsaylı qayğılarla yüklənmiş analar hərdən dərk edirlər ki, öz uşaqlarına hövsələ ilə yol göstərmək üçün vaxt tapa, onlara məhəbbət və rəğbətlərini izhar edə bilmirlər. Lakin onlar yadda saxlamalıdırlar ki, əgər uşaqlar öz evlərində və valideynlərində lazımi mehribanlığı və ünsiyyəti tapa bilmirlərsə, bunun üçün başqa mənbələrə müraciət edə bilərlər. Bu da onları çox böyük təhlükələrə məruz qoya bilər.

Boş vaxtlarınızın bir neçə saatını uşaqlarınıza ayırın, işlərində və əyləncələrində yanlarında olun, etibarlarını qazanın və dost olmağa çalışın. Ütən günün qayğılarını, anlaşılmazlıqlarını və dərdlərini bir kənara qoyun və bu axşamı öz ailənizə həsr edin.

Gənclərlə yaşlılar arasında konfliktlər

Həddindən çox tələbkarlıq və hökm irəli sürən valideynlər və müəllimlər böyük təhlükə qarşısında dururlar. çünki öz uşaqları və şagirdləri ilə dost münasibəti qurmaq onlar üçün çox çətin olur. çox vaxt böyüklər özlərini çox təmkinli aparır və acıqlı və ikrah doğuran davranışları ilə öz avtoritetlərini büruzə verirlər. Bu isə uşaqların və şagirdlərin ürəklərini ələ almağa mane olur.

Əgər böyüklər uşaqlarla sıx yaxınlaşsaydılar, öz sevgilərini onlara göstərsəydilər, onların atdıqları bütün yeni addımlarda yaxından iştirak etsəydilər, hətta bəzən özləri də uşaqlara bənzəsəydilər, bu yolla uşaqların məhəbbətini və etibarını qazana bilər və onları xoşbəxtliyə doğru aparardılar. Onda onların uşaqları könüllü surətdə öz valideynlərinin və müəllimlərinin avtoritetinə hörmət edər və onları sevərdilər.

Valideynlərlə uşaqlar arasında heç bir sərhədə, soyuqluğa və qapalılığa yol verilməməlidir. Valideynlər öz uşaqlarının daxili aləminə girməyə, onların zövqlərini və meyllərini, hisslərini və arzularını başa düşməyə can atmalıdırlar. Qoy uşaqlarınız görsünlər ki, siz onları sevirsiniz və onların xoşbəxtliyi üçün əlinizdən gələni əsirgəmirsiniz. Əgər bu cür hərəkət etsəniz, sizin tələbləriniz onlar üçün böyük əhəmiyyət daşıyacaqdır. öz uşaqlarınızla nəvazişli davranın və hər işdə onların yanında olmağa çalışın.

Müdrik və sevən rəhbərlik altında böyüyən uşaqlar əyləncə və ünsiyyət axtarışıyla heç vaxt evi tərk etməyəcəklər. Evdə hökm sürən ab-hava onların xarakterini formalaşdıracaq; onlar elə vərdiş və prinsiplər qazanacaqlar ki, ata ocağını tərk edərək dünyada öz yerlərini tutan zaman onların dayağı və müdafiəsi olacaqdır.^

Uşaqlarınızla ünsiyyətinizi qiymətləndirin

Sizin fikrinizlə daha çox üst-üstə düşən cavaba uyğun rəqəmi seçin.

1 - tez-tez, 2 - hərdən, 3 - heç vaxt.

1. Ailəmizdə mövcud problemləri həll etmək üçün vaxt ayırırıq.

2. Uşaqlarımın fikrilə razılaşmasam da, hörmətlə yanaşıram.

3. öz fikrimi bildirməzdən qabaq onların fikrini dinləyirəm.

4. Uşaqlar mənimlə danışarkən onların gözlərinə baxıram.

5. Mənimlə sərbəst söhbət etmələri və sual vermələri üçün uşaqlarıma şərait yaradıram.


Öz həyat yoldaşınızla bu suallara cavab verin və nəyi daha da yaxşılaşdırmağın mümkün olduğunu müzakirə edin. Uşaqlarımın etibarını, rəğbətini və dostluğunu qazanmaq və ya yenidən əldə etmək üçün nə edə bilərəm.

12. Məhəbbətin gücü
Məhəbbət - ailə xoşbəxtliyinin açarıdır.
Məhəbbət qüdrətlidir, çünki İlahi köklərə malikdir. "Hirsi yatıran" həlim cavab (Məs. 15:1), "səbirli, xeyirxah" (1 Kor. 13:4), "bir çox günahın üstünü örtən" məhəbbət (1 Pet. 4:8) - bu cür ənamlar bizim həyatımızda izhar olunsaydı, belə şəfaverici qüvvə sayəsində necə dərslər öyrənərdik! Həyat necə dəyişik olardı! Bu qiymətli dərslər o qədər sadədirlər ki, hətta uşaqlar da öyrənə bilərlər.

Ümumi nöqteyi-nəzərdən pul hakimiyyətdir, lakin məsihçi nöqteyi-nəzərindən məhəbbət hakimiyyətdir. Bu prinsipdə həm əqli, həm də ruhi qüvvə fəaliyyət göstərir. Saf məhəbbət yaxşılıq etmək qüvvəsinə malikdir və yaxşılıqdan başqa heç nə edə bilməz. O, münaqişə və ağrıları aradan qaldırır və həqiqi xoşbəxtlik bəxş edir. Var-dövlət çox vaxt insanları korlayır və onları uçuruma aparır; güc ziyan gətirmək iqtidarındadır; lakin həqiqət və yaxşılıq saf məhəbbətin əlamətləridir.

Sülh, əməkdaşlıq, məhəbbət və xoşbəxtliyi gündən-günə böyütmək lazımdır. Məhəbbət cücərtisi qayğı tələb edir, əks təqdirdə məhv ola bilər. Hər hansı yaxşı cəhətin ürəyimizdə çiçəklənməsini istəyiriksə, onu qorumalıyıq. Paxıllıq, qısqanclıq, pisniyyətli fikirlər, acıdillik, hövsələsizlik, mənfi fikirlər, eqoizm, acgözlük və şöhrətpərəstlik kimi keyfiyyətləri aradan qaldırmaq lazımdır.

Uşaqlar, sadəcə olaraq, uşaqdırlar

Öz uşaqlığınızı unutmayaraq, uşaqlarınızla sərt davranmayın. Unutmayın ki, onlar sadəcə olaraq uşaqdırlar. Onların dərhal kamilləşəcəyinə ümid etməyin, uşaqlarınızı böyüklər kimi davranmağa məcbur etməyin. Valideynlər öz uşaqlıq illərini unutmamalıdırlar, mehribanlıq və məhəbbət yanğısı ilə necə alışırdılar, valideynlər əsəbiləşən zaman onları danlayanda və cəzalandıranda özlərini necə bədbəxt hiss edirdilər. Onlar öz uşaqlıq hisslərini ürəklərində yenidən canlandırmalı və uşaq düşüncəsi səviyyəsinə enməyi bacarmalıdırlar ki, uşaqların təlabatlarını başa düşə bilsinlər.

Uşaqların xeyirxah, ruhlandırıcı sözlərə böyük ehtiyacları var. Körpələrin ürəklərinə günəşin şüaları kimi işıq saçacaq və bütün çətinlikləri onlara unutduracaq səmimi, ürəkdən gələn sözləri söyləmək nə qədər sadə bir işdir!

Valideynlər, sizə səslənirik! Uşaqlarınızı sevin: onları körpə yaşlarında sevin, onları uşaq yaşlarında sevin, onları gənc yaşlarında sevin. Onların yanında heç vaxt qaşlarınızı düyünləməyin, əksinə həmişə şən olmağa çalışın.

Məhəbbətlə intizam arasındakı tarazlıq

Qələbə çalmaqda uşaqlarınıza kömək edin. Onları məhəbbət ab-havasında böyüdün. Bu yolla siz onların inadını və ərköyünlüyünü aradan qaldıra bilərsiniz. Siz elə şərait yaratmalısınız ki, uşaqlarınız onları sevdiyinizi, onlar üçün çalışdığınızı, onların xoşbəxtliyinin sizin üçün vacib olduğunu, hər bir şeyi onların xeyri üçün etmək istədiyinizi başa düşə bilsinlər. Mümkün saydığınız hər bir şəraitdə onların kiçik arzularını həyata keçirə bilərsiniz.



Uşaqlarla ünsiyyət zamanı heç vaxt hiddətlənməyin. Qoy sizin avtoritetiniz və yaxınlığınız bir-birilə uyuşsun. Uşaqlarınızdakı bütün yaxşı və xoş cəhətləri qoruyun və dəstəkləyin. Onlara zərər gətirə biləcək şeyləri etməyə etiraz etdiyiniz zaman başa salmağa çalışın ki, onları sevirsiniz və hər şeyi onların xoşbəxtliyi üçün edirsiniz.

Uşaq nə qədər az cazibəlidirsə, onun nəvaziş və məhəbbətə bir o qədər çox ehtiyacı var. Uşağınız onun xoşbəxtliyi üçün çalışdığınıza əmin olan zaman, məhəbbət aranızdakı bütün maneələri dəf edəcəkdir. Məsih insanlarla ünsiyyətində bu prinsipə əsaslanırdı: biz də bu prinsipə uyğun hərəkət etməliyik.


Bir çox ailələrdə yaxın adamlar bir-birlərinə olan hisslərini heç cür açıqlamırlar. Sentimentallığa ehtiyac yoxdur, lakin hər kəsin kiçik iltifata, ürəkdən gələn sözlərə, qayğıkeş diqqətdə ifadə olunmuş məhəbbət və nəvazişə böyük ehtiyacı var. Ərlə arvad, valideynlərlə uşaqlar, bacılarla qardaşlar arasındakı bağlılıq möhkəm qorunmalıdır. Düşünülməmiş sözlərdən uzaq durun; kiminsə digərini xoşlamadığına, hətta ən kiçik işarə belə vurmayın. Başqaları üçün xoşagələn olmaq, mehriban danışmaq daha yaxşıdır.

Səmimi olaraq uşaqlarının qayğısına qalan və onları düzgün tərbiyə edən zaman valideynlərin nümayiş etdirdiyi məhəbbət müəyyən dərəcədə Allahın bizə olan məhəbbətini əks etdirir.


Mən uşaqlarıma olan məhəbbətimi necə büruzə verirəm?

Dəstəkləmə
Aşağıda qeyd olunmuş halları nəzərdən keçirin və öz uşaqlarınıza münasibətdə mövqeyinizi aydınlaşdırmağa çalışın. Yaxşı davranışı dəstəkləmək lazımdır, bu yolla onu möhkəmləndiririk. Pis davranışla da bu cür baş verir. Ona görə də onu görməyə çalışmayın, yaxud da yüngülcə düzəliş verin.
1. Qardaşı ilə kiçik mübahisəni nəzərə almasaq, oğlunuz bütün gün ərzində özünü yaxşı aparıb.

2. Oğlunuz könüllü surətdə çirkli qabları yuyub, lakin yuyucu tozu yerinə qoymağı unudub.

3. On yaşlı oğlunuz öz qiymət cədvəlini gətirib: dörd beş, üç dörd, iki üç.

4. Oğlunuz mağazadan aldığınız şeyləri daşımaqda sizə kömək edir, lakin bağlamalardan birini əlindən yerə salır.

5. Oğlunuz salatdan başqa bütün naharını axıracan yeyib.
13. Ürəklərin tarlasi
Bizim ev - zəhmət çəkməyə çağırıldığımız əsas tarladır.
Allah valideynlərə təntənəli və müqəddəs bir işi etibar edib. Onlar ürəklərin tarlasında işləməlidirlər. Allah onlardan öz uşaqlarının qəlbində böyük səy və qayğı ilə bağ salmalarını, xeyir toxumları səpmələrini və hər cür alaq otunu qətiyyətlə təmizləmələrini gözləyir. Xarakterdəki hər hansı çatışmazlıqları və nöqsanları düzəltmək lazımdır, çünki xarakterin gözəlliyinə ləkə vururlar.
Dünyada belə bir tendensiya mövcuddur ki, gənclərə öz təbii meyllərinə uyğun hərəkət etməyə icazə verilir. Onların həddindən artıq tərbiyəsizliyi özünü büruzə verəndə isə valideynlər deyirlər ki, bu, qorxulu deyil - onlar bir müddətdən sonra nizamlı davranacaqlar və on altı-on səkkiz yaşlarına çatanda özlərilə bağlı düzgün nəticəyə gələcək, köhnə meyllərini arxada buraxacaq və nəhayət insanlar üçün fayda verəcəklər. Necə də səhv düşüncədir! Valideynlər yalan prinsiplərin inkişafına illərlə şərait yaratmışlar və hər dəfə bu cür böyümüş uşaqların düzgün yola qaytarılması üçün olunan cəhdlər boşa çıxır. Onlar valideynlərinin icazəsiylə formalaşmış xarakterlərini nümayiş etdirirlər.
Gənclər heç nəyə fərq qoymadan hər şeyi öyrənməli deyillər. Qoy valideynlər xeyirin nə vaxtsa üstün gələcəyinə və şərin gücdən düşəcəyinə arxayın olmasınlar. Şər xeyirdən daha sürətli inkişaf edəcək. Ola bilsin ki, uzun illərdən sonra əyriliklər həqiqətən də aradan qalxsın, lakin kim buna zəmanət verə bilər? Uşaqların ürəklərində təmiz, xeyirxah toxumlar səpmək, alaq otları ilə mübarizə aparmaqdan daha asan və təhlükəsizdir. Gənclərin düşüncəsində kök salmış fikirləri məhv etmək çox çətindir. Buna görə də gənclərin düşüncələrinin düzgün olması və zərif qabiliyyətlərinin düzgün istiqamətə yönəldilməsi çox vacibdir.

Əkmək və becərmək


Hələ ilk yaşlarından uşağın ürəyinin torpağını hazırlamaq, sonra isə ehtiyatla həqiqət toxumlarını səpmək və onlara qulluq etmək lazımdır. Onun üçün edilmiş hər bir işi qiymətləndirən Allah isə bu toxuma həyat verəcəkdir; Əvvəlcə yaşıl cücərti baş qaldıracaq, sonra sünbülə çevriləcək, ən sonda isə sünbülün içi buğda ilə dolacaq.
Tarlanı baxımsız qoysaq, çox tezliklə alaq otları baş qaldırar və onları məhv etmək çox çətin olar. Ona görə də yeri yaxşıca belləmək və alaq otlarına cücərmək imkanı vermədən təmizləmək lazımdır. Əgər valideynlər qiymətli toxumlar səpmək qayğısına qalmır, lakin qiymətli buğda əldə etməyə ümid edirlərsə, məyusluğa düçar olacaqlar, çünki onların yığdıqları tikan və qanqal olacaq.
Uşaqlarımıza münasibətdə yorulmaz diqqət və qayğı göstərməliyik. Hələ ilk yaşlarından şər onların xarakterləri və iradələri üzərində işləməyə başlayır və bunun üçün müxtəlif yollara əl atır. Uşaqların təhlükəsizliyi valideynlərin müdrikliyindən və daimi qayğısından asılıdır.

14. Valideynlər üçün əhdlər


Əgər valideynlər uşaqlarının tərbiyəsində İlahi göstərişlərə uyğun hərəkət edirlərsə, köməyi yuxarıdan alırlar.
Allah məhəbbət və anlayışla sizin hərəkətlərinizi izləyir, sizin dualarınızı eşitməyə və ehtiyacınız olduğu şeylərdə sizə kömək etməyə hazırdır. O, hər bir ürəyin dərdlərini bilir və bütün fövqəladə anlarda ən yaxşı Dost kimi özünü göstərir. Onun əbədi əlləri bizə dəstək verir. İsa yer özündə yaşayan zaman Onun çoxsaylı həyəcan, qayğı və çətinliklərdən keçərək, kasıbçılıqla mübarizə aparan anası var idi. Bu gün də O, hər bir ananın qayğı və çətinliklərinə kömək əlini uzatmağa hazırdır. Qızı cinə tutulmuş qadının narahat ürəyini sakitləşdirmək üçün uzun yol qət etmiş Xilaskar hər bir ananın dualarını eşidəcək və uşaqlarını xeyir-dualayacaq.
Basdırılmağa aparılan yeganə oğlunu anasına qaytaran Kəs bu gün də yaxınlarını itirmiş anaların ağrılarını başa düşür. Lazarın qəbri üstündə kədərli göz yaşları axıdan və ölmüş qardaşlarını yenidən Marta və Məryəmə qaytaran, Məcdəlli Məryəmi bağışlayan, çarmıxda əzab çəkən zaman anasını xatırlayan, ağlayan qadınlara görünən, dirilmiş Xilaskar haqqında xoş müjdəni birinci olaraq çatdırmaları üçün onları öz elçisi edən - həmin Kəs bu gün də qadınların ən yaxşı Dostudur və bütün həyat şəraitlərində onlara kömək etməyə hazırdır.
Qadın öz yükünü Onun ayaqları yanına qoya və Ondan güc ala bilər. Bu güc ən çətin anlarda onu dəstəkləyəcək, ona gümrahlıq, ümid, cəsarət və müdriklik bəxş edəcək. Qayğılardan əziyyət çəkən ananın bütün həyat çətinliklərində ona kömək etməyə hazır olan bu cür Dostunun olmasını dərk etmək necə də şirindir! Əgər analar tez-tez Məsihə can atsaydılar və Ona daha çox etibar etsəydilər, onların həyatı daha rahat olar və qəlbləri dinclik tapardı.
Allahın köməyi olmadan uşaqlarınızı düzgün tərbiyə edə bilməzsiniz.
Valideynlər uşaqlarının tərbiyəsində İlahi göstərişlərə əsaslanan zaman köməyi yuxarıdan alırlar. Uşaqları öyrədə-öyrədə özləri də öyrənirlər. Onların uşaqları Allahın iradəsini dərk etməklə qələbə çalacaqlar.
Ey valideynlər, öz uşaqlarınız üçün tükənməz enerji ilə çalışırsınızmı? Səmavi Ata sizin qayğıkeşliyinizi, səylərinizi və daimi diqqətinizi nəzərdən qaçırmır. O, sizin dualarınızı eşidir. öz uşaqlarınızı hövsələ və nəvazişlə Allah üçün böyüdün. Bütün Səma sizin işinizlə maraqlanır. Allah səylərinizi müvəffəqiyyətlə qiymətləndirərək, sizinlə birləşəcək.
Müjdənin həqiqətlərini uşaqlarınıza açıqlayan və onları Məsihə yönəldən zaman mələklər sizin yanınızda olacaqlar. Rəbbimiz ata-analara lütf bəxş edir ki, öz uşaqlarını həqiqətən də dünyanın ümidi olan Beytlehemli Körpə haqqında qeyri-adi əhvalatla maraqlandıra bilsinlər.
öz vacib işlərini həyata keçirərkən, valideynlər Allahdan kömək istəməlidirlər və onu alacaqlar.
Hətta əgər valideynlərin adət və vərdişləri doğru nümunəyə əsasən formalaşmamışdırsa, əgər uşaqlıqda və gənc yaşlarında aldıqları dərslər xarakterin yanlış inkişafına gətirib çıxarmışdırsa, yenə də məyusluğa qapılmamalıdırlar. Rəbbin dəyişdirici qüvvəsi irsi və sonradan qazanılmış meylləri dəyişdirməyə qadirdir, zira Məsihin dini insanı yüksəldir.
Əgər Rəbbə səslənsəniz, cavab verəcək. O deyəcək: "Budur Mənəm; səninçün nə etməyimi istəyirsən?" Səma yerlə elə bağlıdır ki, hər bir ürək öz işini həyata keçirə bilər. Rəbb uşaqları sevir və istəyir ki, onlar öz yüksək vəzifələrini dərk edərək tərbiyə olunsunlar.

Birləşmiş səylər


İnsanın səyləri olmadan İlahi səylər mənasızdır. Allah o vaxt gücünü işə salacaq ki, valideynlər öz üzərlərinə düşən cavabdehliyi dərk edəcək və uşaqlarını düzgün tərbiyə etməyə çalışacaqlar. Rəbb o valideynlərlə əməkdaşlıq edəcək ki, Ondan asılılıqlarını dərk edərək, uşaqlarını qayğı və dua ilə böyüdürlər.
Yalnız insani cəhdlər uşaqlarınızın səma üçün kamil xarakter qazanmasına kömək edə bilməyəcək, lakin Allahın köməyilə böyük və müqəddəs iş yerinə yetirilə bilər.
Ata və analar üçün ən vacib iş uşaqlarının xarakterinin kamilləşməsinə yönəlmiş iş olmalıdır. Bu iş İlahinin köməyinə arxalanaraq, insanın bütün qüvvəsini sərf etməklə həyata keçirilməlidir.

15. Atanın mövqeyi və vəzifələri


belə fikirləşib ki, ailə - ata, ana və uşaqlar - bu dünyada ayrılmaz tam kimi mövcud olsunlar.
Ailəni xoşbəxt etmək təkcə ananın işi deyil. Ataların da yerinə yetirməli olduqları bəzi vəzifələr var. Kişi ailə münasibətlərinin birləşdirici halqasıdır, o, öz güclü, səmimi, nəvazişli bağlılığı ilə möhkəm ittifaq yaradaraq, ailə üzvlərini, ananı və uşaqları birləşdirir.
Kişi və ata ailənin başçısıdır. Qadın ondan məhəbbət, uşaqların tərbiyəsində iştirak və kömək gözləyir; bu ədalətli tələbdir. Uşaqlar anaya məxsus olduqları kimi, ataya da məxsusdurlar, ata da eyni dərəcədə onların yaxşı yaşaması ilə maraqlanmalıdır. Uşaqlar dəstək və rəhbərlik üçün atalarına müraciət edirlər; o həyat haqqında düzgün təsəvvürə malik olmalı və ailəsi üçün hansı şəkildə ünsiyyətin yararlı olduğunu bilməlidir. Lakin hər şeydən əvvəl Allaha və Onun sözünə məhəbbət və hörmət onlara başçılıq etməlidir ki, övladlarını doğru yolla apara bilsinlər.
Ata ailənin xoşbəxtliyi üçün öz əməyini əsirgəməməlidir. Qayğı və işlər nə qədər ağır olsa belə, ailənin sevincinə maneçilik türətməməlidirlər; o, evə təbəssümlə və xoş sözlərlə gəlməlidir.

Əsl kişilik


Yüklə 473,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə