Xoşbəxt ailənin sirləri



Yüklə 473,99 Kb.
səhifə2/9
tarix17.09.2017
ölçüsü473,99 Kb.
#580
1   2   3   4   5   6   7   8   9

5. Məhəbbət və əməkdaşlıq

Rəbbin Ruhunun olduğu yerdə nikah münasibətlərinin uyğunsuzluğundan söhbət gedə bilməz.

Həyat maraqlarını birləşdirən iki şəxs tamamilə fərqli xarakterə malikdirlər. Toydan sonra onlar əvvəllər etmədikləri vəzifələri yerinə yetirməlidirlər.

Müqəddəs Kitab göstərir ki, ailənin başçısı kişidir: "Qadınlar, ərlərinizə tabe olun". Əgər verilmiş əmr yalnız bu sözlərlə qurtarsa idi, onda qadınların vəziyyətinə həsəd aparmağa dəyməzdi. Lakin əmrdə bu sözlər də verilmişdir: "...Rəbbə tabe olur kimi..."

Allah insana şüur bəxş etmişdir və qadının fərdiyyəti kişinin fərdiyyətinin kölgəsində qala bilməz. Ərinin söylədiklərinin onun bədəni və ruhuna zərər toxunduracağını bilə-bilə, qadının gözüyumulu və məcburi şəkildə onları yerinə yetirməli olduğunu düşünmək böyük səhvdir. Ərdən ölçüsüz dərəcədə yüksəkdə duran Biri vardır. Qadın öz ərinə hörmət etməlidir. Ər isə öz növbəsində arvadını sevməli və qorumalıdır. Belə oxuyuruq: "Ey ərlər, öz arvadlarınızı sevin və onlarla sərt davranmayın".

Nə ər, nə də arvad üstünlük qazanmağa çalışmalıdırlar. Hər iki tərəf bir-birini incitmədən və qəlbinə toxunmadan, səmimilik ruhunu saxlamalıdır.

Yoldaşınızı hər şeyi sizin istədiyiniz şəkildə etməyə və sizin arzularınıza tabe olmağa məcbur etməyin. Bu cür rəftar etsəniz, bir-birinizə qarşı məhəbbəti qoruya bilməyəcəksiniz. Şəxsi iradəni yeritmək ailədəki sülh və xoşbəxtliyi aradan qaldırır. Qoy sizin ailə həyatınız ucsuz-bucaqsız qarşıdurmalardan azad olsun. Düşünmədən hərəkət edərək, heç biriniz xoşbəxtliyi dada bilməyəcəksiniz. Xeyirxah, səbirli, təmkinli və diqqətli olun.

Güzəştə gedin

Ailə həyatında kişilər də, qadınlar da çox vaxt özlərini intizamsız, inadkar uşaqlar kimi aparırlar. Hər kəs öz dediyinin üstündə durur və heç biri güzəştə getmək istəmir. Bu, böyük bədbəxtliyə gətirib çıxara bilər. Ər və arvad qarşı tərəfin rəyi və nöqteyi-nəzərilə razılaşmağa hazır olmalıdırlar. Nə qədər ki hər iki tərəf öz fikrində inadkarlıq göstərir, ailədə hansısa xoşbəxtlikdən söhbət gedə bilməz.

Ailə həyatı ilə bağlı ayrı-ayrı fikirlərə malik ər və arvad, eyni zamanda möhkəm məhəbbət telləri ilə necə birləşə bilərlər? Onlar ailəyə aid olan hər bir məsələdə fikir birliyinə gəlməlidirlər. Ailə ocağının istisi ölçüyəgəlməz var-dövlətdir. Əgər bir tərəf səhv edərsə, qoy o biri tərəf səbirli olsun və incik halda öz çevirməsin.

Ailədəki sülh və birliyi zəiflədə biləcək hər bir problemi qəti şəkildə aradan qaldırmaq, bunun əvəzində xeyirxahlıq və məhəbbət bəsləmək lazımdır. Nəvaziş, səbir və məhəbbət bəsləyən kəs ən sonda görəcəkdir ki, elə həmin münasibət onun özünə qarşı da yönəlmişdir.



Düşünmək üçün suallar "Sözdə və dildə deyil, əməldə və həqiqətdə sevək" (1 Yəh. 3:18).
1. Hansı səbəbdən özünüzü sevimli insan hiss edirsiniz?

2. Həyat yoldaşımın özünü sevimli insan hiss etməsi üçün nə edirəm?

3. Həyat yoldaşınızın özünü sevimli insan hiss etməsi üçün bu həftə edə biləcəyiniz şeyləri sadalayın.

4. Öz həyat yoldaşınıza sevginizi bəyan etmək üçün istifadə edə biləcəyiniz bir neçə yeni söz yazın.

Əgər mümkünsə, bu suallara həyat yoldaşınızla birlikdə cavab verin, sonra isə bu sualları müzakirə edin.

Ailə həyatında uğur qazanmaq üçün əlimdən gələni etmək üçün nə dərəcədə hazıram.



6. Ev
Bizim evimiz - bizim qalamız və sığınacağımızdır, zor hücumlardan müdafiəmiz və istirahət yerimizdir. Edvard Kok
İlk valideynlərimizin yaşadıqları ilk ev onların uşaqları hər tərəfə yayılan və yer Üzərini dolduran zaman onlar üçün nümunə olmalı idi. Allahın öz əli bəzədiyi bu ev təmtəraqlı saraya bənzəmirdi. İnsanlar təmtəraqlı və bahalı əşyaları görəndə sevinirlər və öz əllərinin işləri ilə fəxr edirlər; lakin Allah Adəmi bağda yerləşdirdi. Bura onun evi idi. Mavi səma onun evinin örtüyü idi; ətirli çiçəklər və yaşıl otlarla örtülmüş yer döşəməsi idi; gözəl ağacların sıx yarpaqları onun çadırı idi. Cənnətdəki evin divarları gözəl, dəbdədəli idi və böyük Ustanın əllərilə gözəl bəzədilmişdi. Bu, bütün dövrlərdə insanlar üçün bir dərs olmalıdır ki, xoşbəxtlik qürur və ya dəbdəbə sayəsində deyil, Allahın öz yaratdığı vasitəsilə Onunla ünsiyyətdən əldə edilə bilər.

İsa yer üzünə gəldi ki, insanların nə vaxtsa edə bildikləri işlərdən daha böyük bir işi yerinə yetirsin. O, Allahın Elçisi kimi gəldi ki, bizə düzgün yaşamağın yolunu göstərsin. Qadir Ata öz Oğlu üçün hansı şəraiti yaratmışdı? Qalileya dağlarında yalqız bir ev; namuslu, öz zəhmətləri ilə şəxsi ləyaqətlərini nümayiş etdirən ailə: çətinlik və bədbəxtliklərlə daimi mübarizə: özünü qurban vermə, qənaətcillik və inadkar sevincli xidmət; ananın dizi kənarında bükülmüş kağızlardakı Müqəddəs Yazıların saatlarla öyrənilməsi; günəşin sükut içində doğması və yaşıl çəmənin alatoranı; təbiətə müqəddəs xidmət; yaradılış və peyğəmbərliklər haqqında düşüncələr və Allahla ünsiyyət - həyatının ilk illərində İsa Məsihin həyat tərzi bu cür idi.



Təbiətə yaxınlıq

Şəhər həyatı yalançı dəyərlər və süni yaradılmış müvəqqəti şeylərlə doludur. Böyük qarışıqlığa səbəb olan ehtiraslı yüngül qazanc arzusu, özünü nümayiş yanğısı, dəbdəbə və düşüncəsiz hərəkətlər böyük insan kütlələrini öz əlinə alaraq, onları həqiqi həyat məqsədlərindən uzaqlaşdırır. Bu, gənclərə qarşısıalınmaz dərəcədə təsir göstərir. Şəhərlərdə yaşayan uşaq və gənclərin qarşısında duran ən cazibəli və ən qorxulu imtahanlardan biri eyş-işrətə qurşanmaqdır.

Şəhər mühiti çox vaxt sağlamlıq üçün təhlükəlidir. Daim xəstə insanlarla ünsiyyətdə olmaq məcburiyyəti, müxtəlif mikroblarla çirklənmiş hava və su, sıxıntılı, natəmiz həyat şəraiti şəhər sakinin qarşılaşdığı problemlərin bir neçəsidir.

İnsanların şəhərlərə axışması, evlərdə və icarəyə götürülmüş yaşayış yerlərində sıxlaşmış şəkildə yaşaması Allahın planlarına daxil deyildi. O, ilk valideynlərimizi gözəl təbiət mənzərələri, səsləri arasında yerləşdirmişdi, bu halın bu gün də davam etməsini çox istəyir. Allahın ilkin planına nə qədər yaxın şəkildə həyat sürsək, bir o qədər sağlam bədən, ağıl və qəlb sahibi olmaq imkanı qazana bilərik.

Evin qarşısında kiçik bağ sahəsinin olması və onun qayğısına qalmaqda uşaqların da köməyindən istifadə etmək çox yaxşı olardı. Bu, onlar üçün həm əyləncə, həm də faydalı əmək olardı. Bitkilərlə və çiçəklərlə məşğul olmaq incə zövqün tərbiyəsinə və əqlin inkişafına kömək edir. Allahın yaratdığı faydalı və gözəl ətraf aləmlə tanışlıq isə təfəkkürə təmizləyici və təkmilləşdirici təsir göstərir.

Bitkilərlə bağlı qanunları bilmədən, heç bir kəs əkinçilik yaxud bağçılıqda uğur qazana bilməz. Xüsusi qulluq tələb edən hər bir bitki növünün özünəməxsus xüsusiyyətlərini öyrənmək vacibdir. Cavan pöhrələrin şitillənməsinə, budanmasına və suvarılmasına, onların axşam soyuqdan, gündüz isə günəşdən qorunmasına, alaq otlarının təmizlənməsinə, bitki xəstəlikləri və zərərli həşəratlarla mübarizəyə, meyvə ağaclarının becərdilməsi və bağ sahəsinin qaydaya salınmasına ayrılan diqqət - bu diqqət xarakterimizin inkişafı üçün vacib olan dərsləri öyrədir, bundan əlavə, zəhmət özü şəxsiyyətin kamilləşməsi üçün gözəl vasitədir. özündə səy, səbir, xırdalıqlara diqqət, qanuna itaət kimi xüsusiyyətləri inkişaf etdirərək, insan çox vacib hazırlıq əldə etmiş olur. Həyatın sirləri və təbiətin möcüzələri ilə daimi ünsiyyət, bundan əlavə, Allahın bu gözəl yaratdıqlarına qulluq edərkən, yaranan xeyirxahlıq hissi təfəkkürü canlandırır, xasiyyəti təmizləyir və ucaldır.

Bizim diqqətimizi və marağımızı cəlb etmək üçün Allah bizi təbiətin gözəllikləri ilə əhatələmişdir. O, çox istəyir ki, təbiətin gözəllikləri Onun xarakterini bizim üçün açsın. Əgər təbiət kitabını səylə oxusaq, dərhal bu fikrə gələrik ki, o, Allahın sonsuz məhəbbəti və qüdrəti haqqında düşünmək üçün tükənməz qida bəxş edir.

Qəlbin bağçası

Qoy uşaqlar təbiətdə İlahi məhəbbətin və hikmətin təzahürünü görməyi öyrənsinlər; qoy onların Allah haqqında düşüncələri quşlarla, çiçəklərlə və ağaclarla bağlı olsun; qoy gözlə görünən hər bir şey görünməyənə maraq oyatsın və bütün həyat hadisələri İlahi həqiqəti öyrənmək üçün vasitə olsun.

Hadisələrin müxtəlifliyi ilə bağlı saysız-hesabsız məsəllərin arasında bir neçə ən qiymətlisi Xilaskarın cücərən toxum haqqındakı məsəlində verilmişdir.

Toxumun ilk cücərtiləri ruhani həyatın ilk dövrlərini təsvir edir, bitkinin sonrakı inkişafı isə xasiyyətin inkişafının obrazlı təsviridir. Bu dərsləri uşaqlara öyrətməyə çalışan valideynlər və müəllimlər bunu praktik şəkildə də göstərməlidirlər. Qoy uşaqlar özləri torpağı hazırlasınlar və toxumları əksinlər. İşin gedişi zamanı valideynlər və müəllimlər onlara izah edə bilərlər ki, ürək xeyir və şər toxumlarının əkildiyi bağdır, bağı bəhrəli toxumlar üçün hazırlamaq lazım olduğu kimi, ürəyi də həqiqət toxumları üçün hazırlamaq lazımdır. Heç kim məhsul verəcəyinə ümid edərək, bellənib hazırlanmamış torpağa toxum səpmir. Torpağı hazırlamaq, toxum səpmək və məhsul yetişdirmək üçün gərgin və diqqətli əmək sərf etmək lazımdır. Ruhi toxumları səpərkən də bu cür hərəkət etmək lazımdır.

Uşaqların torpağı becərə bilməsi üçün, yaxşı olar ki, şəhərdən kənar yerdə yerləşən ev seçəsiniz. Qoy hər bir uşağın ayrıca torpaq sahəsi olsun; onlara ağac əkməyi, toxumlar üçün torpaq hazırlamağı və alaq otlarını təmizləməyi öyrədərkən, öz həyatlarından mənfi vərdişləri təmizləməyin vacibliyini də öyrədin. Bostandakı alaq otları ilə mübarizə aparmağı öyrətdiyiniz kimi, lazımsız meyllərlə də mübarizə aparmağı öyrədin. Bütün bunları onlara öyrətmək üçün vaxt lazım olacaq, lakin bunun əvəzi səxavətlə ödəniləcək.

Təbiətdə mövcud olanlar Rəbbin dilsiz xidmətçiləridir, ruhi həqiqətləri bizə açıqlamaq üçün verilmişdir. Onlar bizə Allahın məhəbbətindən söz açır və böyük Rəssamın hikmətini bəyan edir.

Öz evimi uşaqlarım üçün necə cazibəli edə bilərəm ki, onlar burada olmaqdan zövq ala bilsinlər?

7. Evin quruluşu

"İnsanın dünyada milyonlarla dolanbac yolları ola bilər, lakin onun bircə yuvası var". Con Raskin



Allah gözəlliyi sevir. O, səmanı və yeri gözəlliklərlə əhatələmişdir və böyük Ata məhəbbətilə Onun yaratdıqlarından aldığımız zövqü izləyir. O istəyir ki, bizim evlərimiz təbiətin gözəllikləri ilə əhatələnsin.

Evinizi sadə, istifadə etmək üçün çətinlik törətməyən, təmiziliyini saxlamaq və heç bir itkiyə yol vermədən dəyişmək mümkün olan əşyalarla təchiz edin. Zövqünüzü nümayiş etdirərək, siz ən sadə evi cazibəli edə bilərsiniz. Bunun üçün əsas şərt orada məhəbbətin və sevincin mövcud olmasıdır. Yaxşı təşkil edilmiş evin quruluşu nə qədər sadə olsa, ailə bir o qədər xoşbəxt olar.



Həyat sevincini itirmək olarmı?

Bir çox insanlar dünya ilə ayaqlaşmaq üçün özlərini lazımsız işlərlə yükləyirlər, ona görə də həyat onlara məyusluq və yorğunluq gətirir. Müasir dəbə uyğunlaşmaq problemi onları daim narahat edir. Gözlə görünən zərəri olmasa da, lakin artıq hesab edilən şeylərə çoxlu pul, qayğı və qüvvə sərf edilir. İnsanlar dəbdəbəli həyat avadanlıqlarına daha çox can atırlar və onları əldə etmək üçün öz sağlamlıqlarını, qüvvələrini və vəsaitlərini qurban verirlər. Evin sakinləri həyatın müxtəlif sferalarının moda tələbatıyla ayaqlaşmağa çalışaraq, daim gərginlik vəziyyətində olan zaman, "ev" sözü artıq təhrif olunmuş şəkildə səslənir, onun mənası "dörd divarla məhdudlaşan, nəfis mebel və bəzək əşyaları ilə dolu yer" kimi şərh edilir.

Bütün diqqətlərini yalnız xarici görünüşə yönəldən insanlar ailə həyatında xoşbəxt ola bilmirlər. Onlar tanışlarında xoş təəssürat yaratmaq və onların tərifinə layiq olmaq üçün çoxlu pul xərcləyir və səylə çalışırlar, əslində isə tanışlar nə onların özləri, nə də xoş güzəranları ilə maraqlanırlar. Ev üçün vacib avadanlıq adı altında bir-birinin ardınca çoxlu əşyalar alırlar, gözə xoş, qürur və şöhrət aclığını doyura biləcək çoxlu dəbdəbəli bəzək əşyaları və mebellər peyda olur, lakin onların heç biri evə cüzi də olsa, rahatlıq gətirə bilmir.

Bu dünyada çoxları, bəlkə də öz-özlüyündə yaxşı olan şeylərə bağlılıq göstərirlər, lakin bununla məhdudlaşaraq, insanlar Allahın onlara vermək istədiyi daha yüksək və böyük nemətlərə çatmaq istəmirlər.

Maddi şeylərə aludə olanlar həyat sevincini itirirlər. Belə bir nəticəyə gəlirlər ki, malik olduqları var-dövlət onları ümid etdikləri kimi razı sala bilmir. Gələn qonaqların və yad adamların xoşuna gəlməsi üçün evi daha necə bəzəmək lazım olduğu haqqında daimi narahatçılıqlar və bitib-tükənməyən qayğılar - boş yerə sərf olunmuş vaxt və vəsait deməkdir. Daşımaq üçün çox ağır olan qul boyunduruğunu insan özü könüllü surətdə boynuna keçirir.

Rahatlığın yaradılması üçün təmizlik və intizam vacibdir, lakin bu işləri elə səviyyəyə çatdırmaq lazım deyil ki, həyat bitib-tükənməyən və darıxdırıcı əməyə çevrilsin və ailə üzvləri də yazıq görkəm alsınlar. İntizamsızlıq kimi, mebel və əşyaların yerləşdirilməsindəki məcburi dəqiqlik də xoşagəlməzdir. Evdəki təmizlik və intizamla bağlı həddindən artıq xırdaçılıq, həqiqətən xoşbəxt ailə yaratmaq istəyən insanı onun üçün lazım olan istirahətdən məhrum edir.

Yaxın dostlarımızın evinə qonaq gedərkən, ev yiyəsini əlində süpürgə və ya əsgi ilə görsək, yəqin ki, xoşumuza gəlməz. Yaxud da dostlarımız bizimlə ünsiyyət əvəzinə, elə gözümüz ünündəcə dərindən yır-yığış etmək və ya künc-bucaqdakı toz və hörümçək torlarını axtarmaq fikrinə düşsələr, narazı qalarıq. Bu, onların bizə qarşı hörmətindən irəli gəlsə də, dostlarımızın öz evlərindəki təmizliyi bizimlə ünsiyyətdən daha çox qiymətləndirdiyini düşünmək çox ağrılıdır.

Evdəki şəraitin sadəliyi

Rahat ev heç də çoxlu əşyalarla dolu olmalı deyil. Yaxşı işıqlandırılmış və təmiz havası olan otaqlar bahalı bəzək əşyalarından daha vacibdir. Qoy evdəki əşyaların yerləşdirilməsindəki cansıxıcı tələbkarlıq xoşagələn müxtəlifliklə əvəz edilsin. Kreslo və stullar ailə üzvlərinin hər birinin rahatlığı üçün nəzərdə tutulmalıdır. Hər şey səliqəli və cazibəli olmalıdır, lakin "heç nəyə əl vurma" xəbərdarlığı kimi görünən tələbkarlıqdan uzaq durmaq lazımdır.

Bir çox evlərin xoşagəlməz xüsusiyyəti olan həddindən artıq tələbkarlıq və intizam böyük təbiət planı ilə uyğun gəlmir. Allah çəmənlikdəki güllərə əmr etməmişdi ki, onlar düzgün formaya salınmış ləklərdə bitsinlər, əksinə O, onları qiymətli daşlar kimi yaşıl otların arasına səpələmişdir və onlar forma və rəng müxtəlifliyi ilə yeri bəzəyirlər. Meşədə bitən ağaclar düzgün sıra ilə dözülməmişdir. Sevinc və sakitlik üçün hər şeydən yaxşısı təbiət mənzərələrini, meşələri, təpələri və vadiləri, düzənlikləri və çayları seyr etmək; ağacları, kolları və çiçəkləri təbii bağa çevirərək, gözəl mənzərə yaradan tükənməz forma, cizgi və rəng müxtəlifliyindən həzz almaq lazımdır. Uşaqlar, gənclər və yaşlı nəsil burada rahatlıq əldə edə və məmnun qala bilərlər.

Bu cür rəngarənglik qanununa ailədə də müəyyən dərəcədə əməl etmək olar. Evin dəhlizində çiçəklərin harmoniyası və əşyaların uyğunluğu yaradılmalıdır; lakin otaqdakı əşyaların dizaynı, hazırlandığı material və özlüyünün eyni olması heç də yaxşı zövqün olmasından xəbər vermir; əksinə, ahəngdar rəngarənglik gözə daha xoş görünür.

Ev nə qədər gözəl və ya sadə olsa içindəki avadanlıqlar bahalı və ya ucuz olsa əgər onun sakinləri Allahın iradəsinə uyğun yaşamırlarsa, onun divarları arasında xoşbəxtlik mövcud olmayacaq. Hər bir evdə sevinc hökm sürməlidir. Uşaqların evdə özlərini məmnun və xoşbəxt hiss etmələri üçün dəbdəbəli və bahalı avadanlıqların olması vacib deyil, ən əsası valideynlərin öz övladlarını sevmələri və onların qayğısına qalmalarıdır. Əgər ailədə qarşılıqlı anlaşma və məhəbbət yoxdursa, dörd divar və içindəki mebel onu "ev" edə bilməz.

Sadəlik, xeyirxahlıq və həqiqi bağlılıq ən adi evi cənnətə çevirir. Sülh və sevincdən məhrum olmaqdansa, yaşayış şəraitinin çətinliklərinə mətinliklə dözmək yaxşıdır.



İki nəfər üçün dua Ya Rəbb, Sənin Evin bizimki olmazdan qabaq, bizim evimizi Səninki et. Amin.

8. Valideyn olmaq
"Uşaqların tərbiyəsini və təhsilini öhdəsinə götürmək istəməyənlər onları dünyaya gətirməməlidirlər". Platon
Uşaqsız ev - boş evdir. Onun sakinlərinin qarşısında eqoistləşmək, şəxsi asudəliklərinin qayğısına daha çox qalmaq və yalnız öz arzuları və mənfəətləri üçün çalışmaq kimi qorxulu təhlükələr durur. Onlar ətrafdakılara az, özlərinə isə çox diqqət yetirirlər.

Şəraitdən və xasiyyətdən asılı olaraq müxtəlif şəkildə baş qaldıran eqoizm hər vəchlə aradan qaldırılmalıdır. Ailədə uşaqlar dünyaya gələrkən, büyüklərin şüuru onları özlərindən imtina edərək, uşaqların qayğısına qalmağa, onları doğru yola yönəltməyə və onlar üçün nümunə olmağa təhrik edir. İki ailə quran şəxsin övladı yoxdursa, səbir, təmkin və həqiqi məhəbbəti inkişaf etdirmək bir qədər çətindir. Ona görə də onlar daim ayıq olmalıdırlar ki, eqoizm onları üstələməsin və yalnız üzərlərində cəmləşərək, başqalarına yetirməli olduqları diqqəti, qayğını və marağı özləri üçün tələb etməsinlər. Bir çoxlarının fiziki və əqli cəhətdən xəstə, mənəvi cəhətdən zəif olması diqqətlərini yalnız öz üzərlərində cəmləşdirməkdən irəli gəlir. Sağlam həyat eşqi və uşaqların tükənməz enerjisi sayəsində onları bu süstlük vəziyyətindən azad etmək mümkündür.

Uşaqlarla ünsiyyət üçün vacib olan mehribanlıq, səbir və məhəbbət hər bir evə xeyir-dua gətirir. Bu xüsusiyyətlər daha şən və sakit olmağa ehtiyacı olan hər kəsin xarakterini yumşalda və ram edə bilər. Evdə uşağın olması evin ab-havasını xoşagələn və saf edir. Bizdən asılı olan uşaqlara qayğı və bağlılıq, təbiətimizdəki kobudluğu aradan qaldırır və bizi məhəbbətli və mehriban edir.

Uşaqlar bahalı mülk kimi valideynlərinə etibar edilmişdirlər və bir gün Allah onları valideynlərin əlindən təhvil alacaqdır. Biz uşaqlarımızı vaxtımızın çoxunu onlara ayıraraq və onların qayğısına qalaraq tərbiyə etməliyik və onları düzgün yola yönəltməliyik.



Sizin oğul və qızlarınız Rəbb ailəsinin kiçik üzvləridirlər. O, onları sizin himayənizə etibar etmişdir ki, onları tərbiyə edərək, səma üçün hazırlayasınız. öz müqəddəs borcunuzu necə yerinə yetirdiyiniz barədə Ona hesabat verməlisiniz.

Ailə üzvlərinin sayı

Valideynlər övladlarının gələcəyinin qayğısına qalmalı olurlar. Onların xatirinə və ailəni lazım olan hər şeylə təmin etmək üçün işləməli olurlar.

Valideynlərin üzərinə qoyulmuş məsuliyyəti nəzərə alaraq, əvvəlcədən düşünmək lazımdır ki, uşaqların qayğısına qalmaq üçün ananın kifayət qədər gücü varmı, yaxud ata onlara düzgün tərbiyə və təhsil verə biləcəkmi? Hərdən valideynlər övladlarının taleyi haqqında çox az düşünürlər. Allah istəyir ki, valideynlər şüurla hərəkət etsinlər və elə həyat tərzi keçirsinlər ki, hər bir uşaq lazımınca tərbiyə ala bilsin. Ər və ata elə etməldir ki, qadın və ana həddindən artıq yük altında həm fiziki, həm də mənəvi cəhətdən əyilməsin və ruhdan düşməsin.

Maddi imkanlar

Valideynlər uşaqların yaxşı qayğı və tərbiyə alacaqlarına əmindirlərsə, onda ailəni genişləndirmək haqqında fikirləşə bilərlər. Övladları üçün nə edə biləcəklərini əvvəlcədən düşünüb-daşınmalıdırlar. Heç kimin cəmiyyət üçün yükə çevriləcək övladları dünyaya gətirməyə ixtiyarı yoxdur. Valideynlərin başqalarına zəhmət vermədən öz ailələrini saxlamaq imkanı varmı? Əgər yoxdursa, onda uşaqlarına qayğı, yemək və paltar kasadlığından əziyyət verərək, cinayət işlədirlər. Ailəsinin qayğısına qala bilməyən kəs uşaq dünyaya gətirməməlidir.



İrsilik
Valideynlərin fiziki və əqli vəziyyəti onların övladlarına da ötürülür. Bu hala lazımi diqqət yetirilmir. Əgər valideynlər sağlamlıq qanununa zidd vərdişlərə malikdirlərsə, onların öz orqanizmlərinə vurduqları ziyan gələcək nəsillərdə özünü büruzə verir. Valideynlərdən asılı olan şey çoxdur. Övladlarının həyatının xeyir-duaya və ya lənətə çevrilməsi valideynlərin sürdükləri həyat tərzindən asılıdır.

Valideynlərin xeyirxah məqsədləri, əqli və ruhi qabiliyyətləri nə qədər yüksək olsa, fiziki inkişafları nə qədər yaxşı getsə, öz övladlarına ötürəcəkləri həyati biliklər bir o qədər zəngin olacaqdır. Malik olduqları bütün yaxşı cəhətləri kamilliyə yüksəldərək, valideynlər cəmiyyətin formalaşmasına və gələcək nəsillərin inkişafına böyük təsir göstərirlər. Minlərlə insanın fiziki və əxlaqi sağlamlığını pozan dövrün əxlaqsızlıqlarına qarşı göz yummayan valideynlər qəti istehkamlar qurmalıdırlar. Əgər hər gün baş verən cinayətlərin əsl səbəbini axtarsaq görərik ki, bu, hər şeyə qarşı bağışlanılmaz dərəcədə etinasız yanaşan ata-anaların cəhalətindən irəli gəlir.

Həm sözlə, həm də şəxsi nümunələrilə uşaqlara lazımi tərbiyə verməyən valideynlər acı nəticələr üçün Allah qarşısında cavab verməli olacaqlar.

Bu acı nəticələr yalnız onların övladlarında əks olunmayacaqdır. Onlar nəsildən-nəsliyə ötürüləcəkdir. Səhrada bitmiş qanqal çoxalaraq ətrafa necə yayılırsa, eləcə də sizin etinasızlığınız təsirinə məruz qalan insanların hamısında fəlakətli izlər buraxacaq.



İrsilik qanununu üstələyərək

Ata-analar çox vaxt övladlarında şəxsi xarakter cəhətlərini aşkar edə bilərlər. Əgər öz mənfi cəhətlərini oğul və qızlarında görürlərsə, bu dərslər onlar üçün dözülməz dərəcədə ağır olur. Övladlarına irsən keçmiş şərə meyli aradan qaldırmaq və doğru yola yönəltməyə çalışarkən, valideynlər xüsusi təmkin, inadkarlıq və məhəbbət izhar etməlidirlər.

Əgər uşaqda valideynlərindən irsən keçmiş mənfi cəhətlər özünü büruzə verirsə, valideynlər öz çatışmazlıqlarının nəsildə əks olunduğuna görə məyus olmalıdırlarmı? Qətiyyən yox! Valideynlər hər cür kobudluq və sərtlikdən uzaq duraraq özlərinə qarşı diqqətli olmalıdırlar ki, bu çatışmazlıqlar bir daha uşaqlarda üzə çıxmasın.

Ərköyünlük edən uşaqlarla ünsiyyət edərkən xeyirxah olun. Həmişə yadda saxlayın ki, bu inadkarlıq onlara valideynlərindən keçmişdir. Sizin xarakter cəhətlərinizi mənimsəmiş uşaqlara qarşı güzəştə getməyi öyrənin. Övladlarınıza ötürülmüş mənfi meylləri aradan qaldırmaqda bütünlüklə Allaha güvənin.

Atalar və analar, övladlarınıza təmkinlə yanaşın! çox vaxt sizin əvvəlki laqeydliyiniz uşaqlarınızın tərbiyəsi işini çətinləşdirir. Lakin Allaha güvənsəniz, O, sizə güc verəcəkdir. Uşaqlarla ünsiyyətdə müdrik və ehtiyatlı davranın.

9. Ailədə birliyi necə qorumalı

Ailə çərçivəsini müqəddəs yer, səmanın simvolu kimi qiymətləndirmək vacibdir.

Hər bir ailə yad həmlələrdən qorunması lazım olan müqəddəs yer, qaladır. Ər və arvad bir-birləri üçün hər şey olmalıdırlar. Qadın başqaları ilə bölüşdüyü sirləri ərindən gizli saxlamalı deyil, eləcə də kişinin yad adamlara danışdığı, lakin arvadından gizli saxladığı sirri olmamalıdır. Ərinin çatışmayan cəhətləri qadının, qadının çatışmayan cəhətləri isə ərinin ürəyində dəfn olunmalıdır. Həyat yoldaşları heç vaxt qarşı tərəfin qəlbinə toxuna biləcək zarafatlara yol verməməlidirlər. Ər və arvad hətta zarafatla da olsa, bir-biri haqqında tanışlara şikayətlənməməlidirlər, çünki bu, tamamilə zarafatyana görünsə də, hər iki tərəf üçün xoşagəlməz hal yarada, hətta onları yadlaşdıra bilər.

Ailəni müqəddəs yer, səmanın simvolu, öz əksimizi gördüyümüz güzgü kimi qiymətləndirməliyik. Dostlar və tanışlar ailə həyatına qarışmamalıdırlar. Həyat yoldaşları əmin olmalıdırlar ki, bütünlüklə bir-birinə aiddirlər. Bu, onlara sərbəstlik, rahatlıq və etibar kimi hisslər bəxş edir.

Ayıq olun ki, fikir ayrılığı ailənizə yol tapmasın. Əgər siz birliyə can atsanız, fikir ayrılığı aradan qalxacaq və yenidən ailədə məhəbbət hökm sürəcək. Ər və arvad yadda saxlamalıdırlar ki, yaranmış münaqişələrə görə həyatlarını korlamadan daim irəliyə getməlidirlər. Hətta əhəmiyyətsiz fikir ayrıntısına yol verənlər, şər qüvvələrini evə buraxır.

Birliyin sirri Ailədə və cəmiyyətdə münaqişə və çəkişmələrin səbəbi Allahdan uzaqlaşmaqdadır. Allaha yaxınlaşmaq - bir-birinə yaxınlaşmaq deməkdir. Həqiqi birliyin sirri nə diplomatiyada, nə problemlərin öhdəsindən gəlmək bacarığında, nə də çətinlikləri üstələməyə yönəlmiş qeyri-insani qüvvələrin böyüklüyündədir yalnız, Məsihlə birləşməkdədir.

Günəş şəkli təsvir olunmuş rəsmlərə diqqət yetirin. Mərkəzdən kənarlara doğru çoxlu sayda şüalar axır. Mərkəzə yaxınlaşdıqca şüalar bir-birinə daha yaxınlaşır. Məsihçinin həyatında da bu cür baş verir. Məsihə nə qədər çox yaxınlaşsaq, bir-birimizə də bir o qədər çox yaxınlaşırıq.

Ailənin daxili işləri müxtəlif çoxsaylı detallardan ibarət yaxşı nizamlanmış mexanizm kimi səssiz həyata keçirilməlidir.

Ailənin hər bir üzvü bilməlidir ki, o, rahatlıq, səliqə və intizam yaratmaq üçün cavabdehlik daşıyır.

Heç kəs başqasının qarşısında maneə yaratmamalıdır. Hamı bir-birini ruhlandıraraq, xeyirxah işdə birlikdə iştirak etməlidir. Mülayim, təmkinli və hövsələli olmaq, astadan, sakit səslə danışmaq, anlaşılmazlıqlardan uzaq durmaq lazımdır. Ailənin hər bir üzvü bilməlidir ki, ailədə çiyin-çiyinə hərəkət etmək lazımdır. Altı yaşlı uşaqlardan başlayaraq hamı bilməlidir ki, onlardan ailənin ümumi işində yardımçı olmaq tələb olunur.


Yüklə 473,99 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə