Xocali qəTLİaminda öz rolundan ehtiramsizliqla iMTİna etməSİ erməNİstana qarabağda məQSƏDİNƏ



Yüklə 30,42 Kb.
tarix21.06.2018
ölçüsü30,42 Kb.
#50186




XOCALI QƏTLİAMINDA ÖZ ROLUNDAN EHTİRAMSIZLIQLA

İMTİNA ETMƏSİ ERMƏNİSTANA QARABAĞDA MƏQSƏDİNƏ

ÇATMAĞA KÖMƏK EDƏCƏKMİ?
Berlin, 16 yanvar (AzərTAc). REQNUM informasiya agentliyinin saytında Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması perspektivləri ətrafında genişlənən diskussiya əlavə sürət götürməkdədir: yeni məsələlərə toxunulur, təzə dəlillər gətirilir. Erməni müəllifi Viktor Yakubyanın “Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarətinin bərpasına “albanlar” kömək edəcəklərmi?” sərlövhəli məqaləsi nəzərdən keçirilən məsələlərin diapazonunun genişləndirilməsi cəhdidir. Müəllifi, xüsusən regionun tarixinə səyahət təəccübləndirmişdir və o, bununla əlaqədar düzgün qeyd etmişdir ki, kimin harada və nə vaxt yaşaması müasir siyasi vəziyyəti dəyişməyəcəkdir. Biz bununla tamamilə razıyıq və bu mövqeni dəfələrlə öz çıxışlarımızda səsləndirmişik – münaqişəni tarixi arayışlar əsasında həll etmək ciddi iş deyildir. Tarix tarixçilərin, münaqişə münaqişəşünasların işidir. Lakin öz təəccübünü ifadə edən Yakubyan ümumiyyətlə, görməli idi ki, tarixi arayış guya Qarabağ Moskvanın iradəsi ilə SSRİ vaxtından başqa dövrdə Azərbaycanın bir hissəsi ola bilməz barədə onun şəxsi iddiasına cavabdır. Bu iddia ilə əlaqədar belə bir sual ortaya çıxır ki, bəs Qarabağ bu halda nəyin bir hissəsi idi? Bəlkə Ermənistanın? Əgər buna işarə vurulursa, həmin suala tarixə müraciətin haradan qaynaqlandığı cavabını veririk. Hesab edirik ki, Yakubyan ümumilikdə və həm də akademiya divarlarından kənarda bu mövzuya toxunmamalı idi.

Lakin artıq suallar verildiyinə görə, onlara bir abzasda qısaca cavab vermək, onu informasiya agentliyindən elmi foruma çıxarmaq və bununla da tarix hissəsini yekunlaşdırmaq istəyirik.

Albanlar və ya albanlılar? Hərçənd ki, rus dilində də abxazlar və abxazlılar, qırğızlar və qırğızlılar və s. ilə əlaqədar ümumi məxrəc yoxdur, antik və ilkin orta əsrlərin tarixi üzrə ingilisdilli ədəbiyyatda bəzi müəlliflər Albanias əvəzinə Albans (bəzən Aghvans) terminindən istifadə edirlər. Hesab edirik ki, məqsəd onları Balkan albanlarından fərqləndirməkdir. Albanların (və ya albanlıların) müasir azərbaycanlılara hansı aidiyyəti vardır? Hesab edirik ki, etnogenes məsələlərini öyrənən tarixçilərin elmi işlərində buna əhatəli cavab tapmaq mümkündür. Erməni tarixçisi İosif Orbelinin rəyi ilə də tanış olmaq yerinə düşər. Bizi isə hər şeydən əvvəl Qarabağın “Qədim erməni torpağı” olması barədə erməni tarixçilərinin iddiaları fövqündə onların Arsax-Xaçenə bilavasitə ərazi münasibətləri maraqlandırır. Əgər bu fikirlə razılaşsaq ki, Yakubyanın kinayə ilə yazdığı kimi, albanlar bütün Ermənistan yaylasını öz məbədləri və xaçqarları ilə doldurmuşlar, bu düzgün olmazdı. Çünki, onlar bunu etməmişlər. Albanlar bu işlə, yalnız məskunlaşdıqları ərazilərdə, məsələn, Arsax, Qəbələ, Qandzaqda məşğul olmuşlar. Ayaqların Sevan (Göyçə) gölündə yuyulması planının albanlarla nə əlaqəsi vardır? Bu sual mənə aid deyildir. Yalnız şübhə edə bilərəm ki, eyni məqsədi Bakını “Bakurakert”, Laçını “Berdzor”, Ağdamı “Tiqranakert” və azərbaycanlıların Yerevandakı Göy məscidini “fars” məscidi adlandıranlar güdürlər... Culfadakı qəbiristanlığı dağıtmaq kimə lazım idi? Mənim üçün maraqlıdır ki, Ermənistanın bütün ərazisindəki yüzlərlə Azərbaycan qəbiristanlığı hara yox olmuşdur və Şuşadakı Azərbaycan qəbiristanlığı mərhumların qohumlarının təəccübünə rəğmən niyə “fars qəbiristanlığı elan edilmişdir”? Mənim üçün də maraqlıdır ki, əgər bütün bu yaşayış məntəqələri “azad olmuş ərazilər” və “DQR”-in “konstitusiyasına” inansaq həmin bədnam qurumun bir hissəsi sayılırsa, niyə bütöv şəhərlər və kəndlər, hətta kanalizasiya boruları və pəncərə çərçivələrinə qədər vəhşicəsinə sökülmüşdür? Məskunlaşın, yaşayın. Axı, siz onları özünüzünkü hesab edirsiniz? Bəs onların daşını daş üstə qoymamaq nəyinizə gərəkdir? Bu aksiya kimin əleyhinədir – azərbaycanlıların və yaxud münasib olmayan albanların?

Yakubyan, eyni vaxtda öz opponentinə onun demədiyini və sağlam düşüncəyə malik insanın deyə bilmədiyini sırıyır. Yakubyan opponentini ... “erməni etnosunun mövcudluğunu” və ermənilərin regionda yaşaması hüququnu inkar etməkdə ittiham edir. Bunu opponentinin məqalələri ilə başdansovdu tanışlığın ayağına yazırıq.

Yakubyan bu dəfə də faktları və beynəlxalq sənədləri öz bildiyi kimi şərh edir. O xüsusən yazır ki, Azərbaycan dövlətinin başçısı İtaliya jurnalistlərinə verdiyi müsahibəsində münaqişənin hərbi yolla həll olunması hüququnun saxlandığını təsdiq etməklə yanaşı, artıq bundan bir həftə sonra imzaladığı Mayndorf bəyannaməsini “pozmuşdur”. Yakubyanın fikrincə, guya həmin bəyannamədə “münaqişənin sırf (fərqləndirmə - VS) siyasi metodlarla nizama salınması vacibliyi” qeyd olunmuşdur. Prinsipcə, hərbi metodlara əl atmadan sülhə nail olunmasını (yeri gəlmişkən, Bakının 18 il sürən danışıqlarda iştirakı elə bununla izah olunur!) yalnız alqışlamaq olar. Lakin sənədin öz istəyinə uyğun şəkildə şərh olunması və həmin sənəddə olmayanın axtarılması nəyə lazımdır? Bəyannamədə isə tamamilə başqa cür yazılmışdır. Sənəddə deyilir ki, üç ölkənin liderləri (ixtisarla sitat gətiririk) “münaqişənin siyasi vasitələrlə nizamlanması perspektivlərini müzakirə etmiş, münaqişənin siyasi yolla nizama salınması ilə sabitliyin və təhlükəsizliyin təmin olunmasına kömək göstərəcəklərini bildirmiş, siyasi nizamlanmanın razılaşdırılması üzərində işin davam etdirilməsi barədə razılığa gəlmişlər”. Məsələnin belə qoyuluşu (xüsusən seçilmiş sözlər) əgər münaqişənin nizamlanmasının “beynəlxalq hüquq prinsipləri və normaları, habelə həmin çərçivələrdə qəbul edilmiş qərarlar və sənədlər əsasında” nəticə verməzsə, özünün ərazi bütövlüyünü başqa vasitələrlə bərpa etməsi hüququndan Azərbaycanın məhrum (və ya könüllü surətdə imtina etməsi) olunmasını nəzərdə tuturmu? Birmənalı şəkildə yox. Bəs onda sənədlərin təhrif olunması nəyə gərəkdir?!

Yakubyanın faktları təhrif etməsi, həmçinin mövcud olmayan planların Bakıya aid edilməsində də özünü göstərir. Məsələn, Yakubyan əmindir ki, danışıqların uğursuzluqla nəticələnəcəyi və müzakirələrin hərbi mərhələyə qayıdacağı təqdirdə Azərbaycan özünün ərazi bütövlüyünü yalnız ilkin olaraq... soyqırımı törətmək yolu ilə bərpa edə biləcəkdir. Cənablar, gəlin nəhayət, bu paranoyyadan xilas olun. Bakıda heç kimin soyqırımı törətmək planı yoxdur. Qarabağ ermənilərinin təhlükəsizliyi onların Azərbaycan vətəndaşları kimi tanınmasını təmin edəcəkdir. Belə tanınma olmadan təhlükəsizlik heç vaxt təmin edilməyəcəkdir. Ermənistan üçün ən yaxşı təhlükəsizlik zəmanəti isə ilk növbədə ordunun mövcudluğunda deyil, qonşuları ilə yaxşı münasibətlər yaratmağındadır. Ordunuza da, zəhmət olmasa malik olun, onu möhkəmlədin. Lakin təkcə ordu təhlükəsizliyi tam təmin edə bilməyəcəkdir. “Qarabağ Sumqayıt və Bakı hadisələrinə görə Bakıya tabe olmamışdır və heç vaxt olmayacaqdır” barədə iddialar da yersizdir. Bəs bu halda necə olur ki, Azərbaycanda işğal olunmuş zonadan kənarda azərbaycanlılar arasında təqribən 20 min erməni yaşayır, onların bir çoxu öz soyadını daşıyır? Bu da deyəcəksiniz ki, təbliğat uydurmasıdır?.

Heydər Əliyevin çıxışlarından sitat gətirən Yakubyan mərhum Prezidentin sözlərini özünün arzuladığı rakursdan şərh edir. Heydər Əliyev bu fikirləri söyləyərkən Dağlıq Qarabağ artıq həqiqətən itirilmişdi. Bu mənada Heydər Əliyevin sözləri faktın təsdiqi idi. Dağlıq Qarabağ elə bu gün də itirilmişdir. Lakin Heydər Əliyev “həmişəlik” sözünü söyləmişdirmi?! Bir müddət Ağdərə də ermənilər üçün “artıq itirilmişdi”, Moskva da 1812-ci ildə “artıq itirilmişdi”. Bunlar həmin konkret anlarda həqiqət idi. Bu, heç də dəqiq misal deyildir.

Lakin Yakubyanın həmvətənləri tərəfindən Xocalının yüzlərlə dinc sakininə qarşı törədilmiş cinayətlərin inkar olunmasında A.Mütəllibovun sözlərindən istifadə etməsi həqiqətən həyasızlığın zirvəsidir. Ədalət mühakiməsindən gizlənən Mütəllibov Moskvada yaşayır və REQNUM redaksiyasının onunla əlaqə saxlayaraq, Xocalı mövzusunda müsahibə alması o qədər də çətin deyildir. Biz isə o vaxtkı prezidentin Yakubyan və digər təftişçilər tərəfindən tamamilə təhrif olunmuş sözlərini yaxşı xatırlayırıq. Törədilmiş amansız cinayətə görə məsuliyyət (mənəvi, hələ cinayət məsuliyyətini demirik) qarşısında qalan Ermənistan hakimiyyəti A.Mütəllibovun sözlərindən suda boğulan saman çöpündən yapışan kimi yapışmış, onları təhrif edilmiş və törədilmiş vəhşilikdən yaxasını kənara çəkməyə çalışaraq özlərinə sərf edən formada təqdim etmişlər. Bu zaman onlar Mütəllibovun elə həmin REQNUM informasiya agentliyinə bu məsələyə aydınlıq gətirən müsahibəsini nəzərə almamışlar. Hamıya məlumdur ki, A.Mütəllibov Xocalı faciəsindən dərhal sonra Xalq Cəbhəsi tərəfindən devrilmişdir. O, ən çox kimə nifrət edirdi – erməni separatçılarına və yaxud AXC-yə, bu, bizlik deyildir. Həmin suala Mütəllibov özü cavab verə bilər. A.Mütəllibov o zaman demişdi ki, Xocalı faciəsində günahkar AXC-dir. Bu sözlər o mənada səslənmişdir ki, müxalifət hakimiyyətə qarşı təzyiqləri günbəgün artırırdı və Mütəllibovun fikrincə, rəhbərliyin Dağlıq Qarabağda mülki əhalinin təhlükəsizliyinin təmin olunması məsələsinin həllinə diqqətini yönəltməyə mane olurdu. O, bu barədə REQNUM İA-ya müsahibəsində demişdir: “Xocalı hadisələrinin humanitar cəhətləri “Memorial”ın adı çəkilən məruzəsində çox müfəssəl şəkildə verilmişdir. Elə oradaca göstərilmişdir ki, Ermənistanın, özünü müstəqil elan etmiş bədnam “DQR”-ın silahlı birləşmələrinin döyüş əməliyyatları zamanı dinc sakinlərə qarşı münasibətləri nizamlayan beynəlxalq norma və qaydalara riayət olunmamışdır. Xocalılılara münasibətdə həmin normaların pozulmasını bəşəriyyət əleyhinə törədilmiş cinayətdən başqa bir şey adlandırmaq mümkün deyildir. “Memorial”in hadisələri ümumiləşdirməsi nəticələri belədir. Azərbaycan Xalq Cəbhəsinin ünvanına dediklərimə istinadən mən yenə də heç yerdə və heç vaxt onları təsvir olunan hadisələrin mahiyyəti ilə əlaqələndirməmişəm. Mən yalnız onu demişəm ki, Azərbaycan Xalq Cəbhəsi baş vermiş Xocalı faciəsindən riyakarlıqla istifadə etmiş və öz hərəkətləri ilə bütün ictimai narazılığı mənə qarşı yönəltmişdir”.

Dinc əhalinin “Ağdam yaxınlığında Bakıda hakimiyyəti dəyişmək məqsədi ilə azərbaycanlıların özləri tərəfindən” məhv edildiyi və guya Mütəllibovun bunu “etiraf etdiyi” (seçilmiş ifadəyə diqqət yetirin) barədə iddialara gəldikdə isə, bu, rəzilliyin zirvəsidir və Yakubyanın bir çox digər məsələlər üzrə mövqeyini aydın göstərir. Cinayətin hətta Ağdam yaxınlığında deyil, Əskəran rayonunda ermənilərin yaşadıqları Naxiçevanik kəndindəki donuzçuluq fermasının yanında qurulmuş pusqudan törədildiyi faktını da kənara qoyaq. Yakubyan görəsən kimə çox inanır: öz dövlətinin başçısına, yaxud ölkədən qovulmuş Azərbaycan prezidentinin erməni təbliğatı tərəfindən təhrif olunmuş sözlərinə?! Bu, yalnız onun özünə məlumdur. Görünür, Serj Sarkisyanın Britaniya jurnalisti Tomas de Vaala etirafı Yakubyanı çox narahat edir. Serj Sarkisyan demişdir: “Xocalı hadisəsinə qədər azərbaycanlılar hesab edirdilər ki, bizimlə zarafat etmək mümkündür. Onlar fikirləşirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bunu [stereotipi] qırmağı bacardıq”. S.Sarkisyan elə o anda utancaqlıqla qeyd etmişdir ki, bu barədə ermənilərin hakim dairələrində “danışmamağa üstünlük verirlər” (bax: Tomas de Vaal, “Qara Bağ”,

http://pews.bbc.co.uk|hi|russian|in depth|newsid 4673000|4673953.stm).

Ermənistan prezidenti bu açıqlaması ilə öz vətəndaşı Yakubyanın anoloji stereotipini qıra bilmişdirmi, bunu bilmirik. Bizə hətta məlum deyildir ki, 1915-ci ildə “erməni soyqırımı” törədilməsində ittihamları qəbul etməyən Ankaranın tənqidi mövqeyi Yakubyanın həmvətənləri tərəfindən bu yaxınlarda törədilmiş qətliamdan imtina etməsi ilə necə əlaqələndirilə bilər? Yakubyan və onun həmvətənləri KİV-lərdə Sumqayıtda və Bakıda ermənilərin əslində “Krunk” və ASALA üzvləri tərəfindən öldürülməsi, azərbaycanlıların isə Abşerondan Yerevana qədər təhlükəsizlik dəhlizi yaratması və bütün yolboyu doğma yerləri tərk edib qaçanlar üçün İsveç üslubunda süfrələr açması, bütün dəhliz boyu mobil tualet kabinələri (aydınlıq üçün bildirək ki, erməni KİV-lərində erməni kəşfiyyatına “məlum olan” və ermənilərin “humanitar missiya” şəklində dünənki qonşularının “köməyinə” tələsmələri, “yerli sakinlərin AXC planları üzrə məhv olunmaqdan xilas edilməsi” məqsədi ilə əməliyyat keçirməsi; əsir götürülmüş azərbaycanlılara (“xilas edilmiş” və yaxud “əsir götürülmüş”?) qarşı insanpərvərlik göstərilməsi; əsirlərin haram ət yeməkdən imtina etməsi və buna görə ermənilərin Xocalıdan qoyun sürüsünü gətirməsi, habelə sonu çatmış degeneratların digər uydurmaları barədə məqalələr dərc olunmuşdur) qoyulması barədə KİV-lərdə yayılan ehtimalları necə qarşılayardılar? O, Sumqayıtda və Bakıda törədilmiş faciəli hadisələrin belə izahını riyakarlıq hesab edirmi? Biz buna şübhə etmirik. Ona da şübhə etmirik ki, Yakubyan Xocalı əməliyyatı barədə səfeh şəkildə uydurulmuş əfsanənin 1915-ci ilin “xilaskarlıq missiyası” ilə bərabər səviyyədə tutulmasından və analoji ruhda (Sibir çöllərinə qədər humanitar dəhliz açılması, menyusuna kompot da daxil edilməklə gündə 3 dəfə qidalanma, bütün dəhliz boyu erməni xörəklərinin hazırlanması üçün səhra mətbəxləri və s.) izah edilməsindən vəcdə gəlsin.



Yakubyandan onun həmvətənləri tərəfindən törədilmiş cinayətlərlə əlaqədar üzrxahlığı və həmin cinayətlərin pislənilməsini gözləmirik. Utancaqlıq gətirən və ölkə prezidentinin də ucadan deməkdən çəkindiyi törədilən əməllərdən gur səslə imtina edilməsi isə günahdır.

Vüqar Seyidov

AzərTAc-ın xüsusi müxbiri

Berlin






Yüklə 30,42 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə