Xəlilova Lyudmila Qoca qızı



Yüklə 19,1 Kb.
tarix03.10.2017
ölçüsü19,1 Kb.
#3045

Qadınlar Seçkilərdə - Təcrübə, Problemlər və Perspektivlər.

Xəlilova Lyudmila

Bakı şəhər Suraxanı rayon Qaraçuxur Bələdiyyəsinin üzvü,

“Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” Assosiasiyasının sədri.

Hörmətli toplantı iştirakçıları, hörmətli qonaqlar!

Hər birinizi ürəkdən Sizi salamlayır və konfransın işinə uğurlar diləyirəm!

Bu gün bizim bir araya gəlməyimiz bir daha sübut edir ki, Azərbaycan müasir dünyaya inteqrasiya olunur və biz qadınların qlobal proseslərin fonunda seçdiyi mövqe, həm milli mentalitetin, həm də ölkədə gender münasibətlərinin inkişafına güclü təsir göstərərək qadının cəmiyyətdəki rolunu artırır.

Öncə çıxış edən natıqlər kifayət qədər qanunvericilik aspektlərindən, mövcud reallıqdan, statistikaya söykənən faktlardan və onları narahat edən problemlərdən danışdılar. Mən isə çıxışımı praktik məsələlər üzərində qurmaq, seçki proseslerində keçdiyim yollar, əldə etdiyim ugurlar, üzləşdiyim problemlər və gələcək planlarım haqda sizinlə bölüşəcəyəm. Qeyd edim ki, bu gün yerli səviyyədə qərarların qəbuletmə proseslərində iştirak, böyük əmək və məqsədyönlü fəaliyyət tələb edir. Bu da nəticə etibarılə məhz seçkilərdən keçir.

Bakı şəhər Xətai rayon Bələdiyyəsində hüquqşünas olaraq fəaliyyət göstərdiyim dövrdə, mən, təkcə bələdiyyə qanunvericiliyinin öyrənilməsi yox, eyni zamanda onun səmərəli tədbiqi və burada təmsil olunan insanların cəmiyyətimiz üçün verə biləcəyi töhfəsi haqqında düşünürdüm. Bütün çətinliklərə rəgmən bilik və bacarıqlarıma güvənərək 2004-cü il Bələdiyyə seçkilərinə qatılacağımı qarşıma məqsəd qoymuşdum.

Namizədliyim irəli sürülən andan “Etimadınız fəaliyyətimin stimulu olacaq” süarı altında təbligat kampaniyası keçirdim. Dərk edirdim ki, qarşıda gələn seçki öncəsi gercəkləşən imza toplama aksiyasında da çox aktiv və məsuliyyət hissilə iştirak etməliyəm. Ev-ev gəzərək insanlarla birbaşa təmas zamanı qazana biləcəyim imza və səsvermənin vacibliyini əsaslandırmalıyam. Bu proses çətin oldugu qədər də namizədin tanıması, məqsədləri, proqram haqqında dolğun təsəvvürün yaranması və xeyrinə səsverəcək potensial seçici qrupunun tanıması qədər də böyük əhəmiyyət kəsb edən addımdır.

Etiraf edim ki, qadın olaraq özümə qarşı çox fərqli münasibət gördüm. Əksər kişilər mənə evimdə borş bişirməyi tövsiyə edir, gənclər və yaşlı insanlar bir yenilik kimi qəbul edir, qadınlar isə böyük maraqla yanaşırdılar. Deyərdim ki, onlar hətta mənə ümid bağlayır, problemləri və narahat edən digər məsələlər barədə rahatlıqla bölüşür, maraqlarını təmsil etməyimi arzulayırdılar. Lakin bir çox kişi namizədlərlə rəqabət aparmaq həm böyük enerji, biliklərə söykənən hazırlıqı, həm də bərabər imkanlar tələb edir. Nə qədər acı gülüş, qısqanclıq və təəssüf doguracaq hal olsa da rəqiblərim mənim plakatlarımın üzərinə öz şəkillərini yapışdırır, qadını dinləməməyi təbliğ edirdilər. Ancaq qeyri-saglam rəqabətə cavab olaraq mən öz sözümü dedim və seçkilərdə qalib gəldim.

2005-ci idə mən, seçildiyim dairədən Parlament seçkilərinə qatıldım. Bu addım bir daha seçki üzrə təcrübəmi artırdı, daha geniş kütlə arasında tanınmağıma imkan yaratdı və tutduğum mövgeyi möhkəmləndirdi.

Ancaq bunlar, görülən işin hələ yarısı idi. Belə ki, bələdiyyə üzvü olaraq fəaliyyətə başlayarkən yenidən problemlərlə üzləşdim. Kişilərin çoxluq təşkil etdiyi yerdə, mənim onlarla bərabər statuslu olmağımı təsdiqləməli, məsələlərin müzakirəsində aktivlik göstərməli, əhalini narahat edən problemlərə dair təklifləri irəli sürməli, nəzarətdə və hesabatlarda iştirak etməli idim. Bu isə o qədər də asan bir iş deyildi.

Bu və ya digər problemlərin aradan qaldırılması , həmçinin Bələdiyyə institutunun və yerli demokratik idarəetmənin inkişafında daha aktıv iştirak məqsədilə (o zaman bələdiyyələrdə qadınlar cəmi 4% təmsil olunurdu) “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” Assosiasiyası yaradıldı. Burada təmsil olunan ölkə üzrə bələdiyyə seçkilərində iştirak edərək seçilmiş bələdiyyə üzvləri olan qadınlardır. Assosiasiyasının məqsədi yerli özünüidarəetmədə qadın potensialın aktivləşdirilməsi, yerli qərarların qəbulunda daha fəal iştirakın və təmsilçiliyin keyfiyyət baxımından fərqlənməsidir. Çünki, seçildikdən sonra ən vacib məqam qazandığın etimadı doğrultmaqdır. Bunun üçün insanların hər zaman yanında olmalı, problem və qayğıları ilə maraqlanmalı və onların aradan qaldırılması üçün bütün gücünü səfərbər etməlisən. Eyni zamanda daim öz üzərində çalışmaq, yeni biliklərə yiyələnmək, beynəlxalq təcrübəni öyrənmək, qanunvericilikdə olan dəyişiklikləri diqqətdə saxlamalı, seminarlarda, konfranslarda və təcrübə mübadilələrində aktiv iştirak etməlisən. Bu amillər qadına, kişi həmkarlarından prinsipiallıq, keyfiyyət, bacarıgı ilə fərqlənmək imkanı yaradır və daha çox etimad qazandırır. Məsələn, Amerikada, İcma Əlaqələri Proqramı çərcivəsində “Qadın və Seçki”mövzusunda keçirilmiş təcrübə mübadiləsində iştirakın mənim həyatımda, ictimai fəaliyyətimdə böyük əhəmiyyət kəsb etdi. Konqresdə, Numayəndələr Palatasında, meriyalarda, dövlət departamentində, dövlət seçki strukturlarında, beynəlxalq Təşkilatların baş ofislərində, KİV-də Amerika Universitetində və “Lidership” İnstitutunda, burada aldığım bilik və öyrənilən təcrübə bu günki nailiyyətlərimin əsasını təşkil edir.

2006-cı ildən Sosial Müdafiə Nazirliyinin Bakı şəhər Suraxanı rayon üzrə Ünvanlı Sosial Yardım Komissiyasının üzvü seçilmişdim. Bir qadın olaraq mən, ilk növbədə həmcinslılərimin çiyinlərinə düşən ağırlığı hiss edirəm, məsləhətə və ehtiyaca olan qadınların problemlərinə diqqət yönəldirəm, onların maraqlarını müdafiə edirəm. Ona görə də qadınlar mənə daha çox etibar edir, öz dərdləri, habelə onları maraqlandıran məsələləri ilk növbədə mənimlə bölüşürlər. Etibar və səmimiyyət üzərində qazanılmış münasibətlər bu günədək davam edir. 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərindəki uğurum məhz qazanılmış etimad və səmimiyyətin nəticəsi idi.

Seçkilərdən danışarkan, biz, qadın namizədlərlə yanaşı qadın seçicilər və qadın müşahidəcilər barədə də söhbət aparmalıyıq. Bu sahədə də mənim müəyyən təcrübəm var. Belə ki, son illər ölkədə keçirilən seçki və referendumda rəhbərlik etdiyim təşkilat tərəfindən qadın müşahidəçı qrupları yaradılaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qeydiyyata alınmışdır. Xüsusilə qeyd etməliyəm ki, 2008-ci ildə keçirilmiş prezident seçkilərində QHT Koalisiyasının tərkibində Suraxanı rayon üzrə koordinator seçilmişdim. Burada mən, müşahidəçilik hüququ və mədəniyyəti üzrə treninqlər keçirərək 29 məntəqə üzrə 30 nəfər müşahidəçi hazırlamışdım. Özüm isə 31/2 dairədə müşahidəçi qismində təmsil olunurdum.

Gördüyünüz kimi, seçkilərdən keçən uzun yol, bu gün məni Sizin qarşınıza çıxarıb və bu yolda tək olmadığım üçün çox şadam. Bu gün bələdiyyələrdə qadınların sayı qat-qat artıqdır. 23 dekabr 2009-cu il bələdiyyə seçkilərində 1.718 bələdiyyə üzrə qadın təmsilçiliyi 26,5%-ə çatdırıldı. Bu isə 4.243 nəfər qadının yerli səviyyədə qərarların qəbuletmə proseslərində təmsilçiliyi deməkdir. Bunlardan 302 nəfəri qadın bələdiyyə sədri və 1000-dən artıq nəfəri isə sədr müavini vəzifəsinə seçilib. Bu kimi nailiyyətləri qadın təşəbbüskarlığının, seçki prosesində və demokratik islahatların inkişafında, əhəmiyyətli qərarların qəbuledilməsində təmsilçiliyi və qadınların rolu, ümumilikdə, gender hüquq və bərabərliyinin inkişafı uğrunda böyük atdım kimi qiymətləndirmək olar.

Diqqətinizi daha bir məsələyə yönəltmək istəyirəm. Seçkilərə qatılarkən qadın, oz potensialını qiymətləndirməklə yanaşı, məqsədini anlamalı, duran məsuliyyəti dərk etməli, bu sahədə hüquq və vəzifələrini bilməlidir. Yalnız bu halda o, istədiklərinə nail olar, özünü həyatda realizə edə və hər kəsə nümünə ola bilər.

Bu tədbirin qadınlarımızın inkişafında, ölkənin, cəmiyyətin, yaşadığı bölgənin ictimai-siyasi, sosial-iqtisadi həyatında daha aktiv, fəal və yaxından iştirak etməsi baxımından böyük əhəmiyyət kəsb edir. Hesab edirəm ki, qadınlar daha da fəallaşmalı, qarşıdan gələn Parlament seçkilərində aktiv iştirak etməli və uğur qazanmalıdırlar. Bir sözlə, Azərbaycan qadını ümumilikdə ölkənin fəal vətəndaşına çevrilməli və öz taleyində rolunun mahiyyətini ortaya qoymalıdır.



Sizlərə cansağlığı və bir daha uğurlar arzulayıram! Diqqətinizə görə təşəkkür edirəm!
Yüklə 19,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə