«Xəbərlər» İctimai və humanitar elmlər seriyası



Yüklə 151,45 Kb.
Pdf görüntüsü
tarix23.08.2018
ölçüsü151,45 Kb.
#63821


«Xəbərlər» - İctimai və humanitar elmlər seriyası.-2009.-№1.-S.20-26.

NAXÇIVAN MƏTBUATININ YARANMA TARİXİNƏ 

DAİR BƏZİ MÜLAHİZƏLƏR 

(1920-1940-cı illər)

MƏMMƏD MƏMMƏDOV

AMEA Naxçıvan Bölməsi

Naxçıvan diyarında ilk dəfə qəzet çıxarmaq ideyası hələ XIX əsrin 90-cı illərində dövrün mütərəqqi ziyalıları

tərəfindən  irəli  sürülüb.  Bu  zaman  artıq  böyük  maarifpərvər  Məhəmmədtağı  Sidqinin  yenicə  açmış  olduğu

"Məktəbi-tərbiyə"  təhsil  ocağı  xalqın  savadlanması,  təhsil  alması  yolunda  fəaliyyətə  başlamış,  Cəlil

Məmmədquluzadə,  Eynəli  Sultanov,  Məhəmmədağa  Şahtaxtlı  kimi  milli  demokratik  düşüncəli  ziyalılar

mədəniyyətimizin inkişafı istiqamətində artıq bir sıra addımlar atmışdılar.

Filologiya  elmləri  namizədi,  Prezident  təqaüdçüsü  Lətif  Hüseynzadənin  fikrincə  hələ  1894-cü  ildən  yerli

ziyalılar  qəzet  nəşrinə  icazə  almaq  üçün  Peterburqa,  ərizə  və  məktublarla  müraciət  etmiş,  lakin  bu  müraciətlərə

cavab  verilməmişdi.  Bu  məsələ  yalnız  1918-ci  ildə  ölkəmiz  müstəqillik  əldə  etdikdən  sonra  qəzet  nəşri  yenidən

gündəmə  gəldi.  O  dövrdə  Naxçıvanda  Araz-Türk  Respublikası deyilən  bir  qurum  mövcud  idi.  Məhz  bu  dövrdə  -

Naxçıvanın düçar olduğu olduqca ağır və gərgin ictimai-siyasi dövrdə yenidən  qəzet  çıxarmağa  cəhdlər  göstərildi

(1, 2006, 3 noyabr). Nəhayət, Naxçıvanda ilk qəzet  sovet  hakimiyyətinin  ilk  illərində,  daha  doğrusu,  1921-ci  ildə

işıq  üzü  gördü  (3,  1  noyabr,  1921).  O  da  bolşevik  rejiminə  məxsus  mətbuat  nümunəsi  oldu.  Müxtəlif  dövrlərdə

mövcud  olan  ideoloji,  iqtisadi  çətinliklər,  bəzi  hallarda  yaradılan süni  maneələr  isə  qəzetin  fəaliyyətini  dayandıra

bilmədi.


Naxçıvanda  ilk  əvvəl  rus  dilində  "Naxrespublika"  adlı  qəzet  çıxıb,  lakin,  onun  cəmi  2-3  nömrəsi  işıq  üzü

görüb. Sonra isə türk dilində "Cavanlar həyatı" adı ilə gənclər ittifaqının "Cümlə cahan füqərayi-kasibəsi toplantı"

şüarı ilə ərəb əlifbası ilə bir vərəqə şəklində qəzet çap olunub. Qəzetin ilk sətrində isə "1921-ci il 1 noyabr, həm də

hicri  tarix  1340"  sözləri  yazılmışdı ki,  bu  tarix  də  Naxçıvanda  mətbuatın  yaradılış  günü  kimi  qəbul  olunmuşdur.

Nömrənin baş  məqaləsi olan " 1 noyabr" adlı yazıda isə onun məramı açıqlanır: "Bu gündən etibarən Naxçıvanda

Azərbaycan  Gənclər  İttifaqının Naxçıvan Ölkə  Komitəsi  tərəfindən  bu  ruznamənin  (qəzetin-M.M.)  nəşrinə  iqdam

olundu.  Bu  ruznamə  gələcəkdə  cavanlar  ittifaqının  nə  olduğunu,  cavanların  gələcəkdə  ümumdünya  sahəsində  nə

kimi rol oynamalı olduqlarını fəhlə və kəndli cavanlarına bəqədri imkan bildirəcək. Əminik ki, qeyrətli və məharətli

cavanlarımızın məhəbbət və məvəddətindən tutduğu yol, boynumuza aldığımız vəzifə gələcəkdə ifa olunar".

Bu qəzet Naxçıvan Ölkə Gənclər İttifaqının orqanı olduğundan həmin ictimai təşkilatın  rəhbəri  olan Həmid

Mahmudov o dövrdə həm də qəzetin redaktoru olmuşdu. Onu da deyək ki, Naxçıvanda gənclər ittifaqı, o dövrkü ad

ilə  desək,  Naxçıvan Kommunist  Gənclər  İttifaqı Qəza  Komitəsi  1921-ci  il  martın 27-də  yaradılmış, onun  təşkilat

bürosuna H. Mahmudovla yanaşı, Əkbər Rzayev və Səməd Allahverdiyev də rəhbərlik etmişlər.

Əyalətdə  1921-ci  ilin  sonunda  nəşr  olunan  qəzetlərdən  biri  də  "Füqəra  səsi"  adlanıb.  Bu  qəzetin  başında

Azərbaycan  K(b)P  Naxçıvan  Ölkə  Komitəsinin,  Naxçıvan  İctimai  Şura  Cümhuriyyətinin,  Mərkəzi  İcraiyyə

Komitəsinin  və  Naxçıvan Həmkarlar  İttifaqları Şurasının naşiri-əfkarı olan,  həftədə  bir  dəfə  çıxan  türk  qəzetidir"

sözləri  yazılmışdı.  1925-ci ildən sonra isə o,  Naxçıvan Vilayət  K(b)P-nın orqanı kimi  nəşr  olunmağa  başlayıb (9,

1925, 31 mart).

"Şərq qapısı" qəzeti heç də "Cavanlar həyatı"nın varisi olmayıb. Çünki bu qəzetlərdən birisi ictimai təşkilatın

- Gənclər ittifaqının orqanı hesab olunsa da, digəri yerli hakimiyyət orqanlarının rəsmi mətbu nömrəsi olub. 1921-ci

ilin  payızından  nəşr  olunan  və  4-5  ay  ərzində  fəaliyyət  göstərən  "Füqəra  səsi"  adlı qəzetin  bir  nüsxəsi  də  bu  gün

arxivlərdə qalmadığından onun yaranış günü barədə dəqiq mühakimə yürütmək çətindir. Mətbuatda dərc olunan bir

çox  yazılarda  "Füqəra  səsi"nin  "Şərq  qapısı"  üçün  təməl  daşı  rolu  oynadığı  bildirilib.  Məsələn,  qəzetin  ilk

müxbirlərindən  biri  olan  Qasım Tağıyev  qəzetin  50  illik  yubileyinə  həsr  olunmuş  məqaləsində  yazırdı: "Əvvəllər

vərəqə  şəklində  buraxılan "Füqəra  səsi"  bu  gün  50  illiyini  qeyd  etdiyimiz  "Şərq  qapısı"nın  ilk  rüşeymi oldu".  (9,

1972, 14 iyul)

Qocaman alim Lətif Hüseynzadə isə "Cavanlar həyatı" ilə həyata vəsiqə almasından danışanda xatirələrinin

birində belə bir fikir də işlədib: "Cavanlar həyatı" bir müddət fəaliyyət göstərəndən sonra maddi və mənəvi səbəblər

üzündən qapanmağa məcbur oldu" (9, 1981, 26 dekabr). Təbii ki, qapanmağa məcbur olan qəzet "Şərq qapısı" üçün

təməl daşı ola bilməzdi. Qəzetin ilk müxbirlərindən biri olan Müzəffər Nəsirli "Şərq qapısı"nın 50 illik yubileyinə

həsr etdiyi "Mübarək" şeirində onun "Füqəra səsi" adı altında meydana gəldiyinə işarə vuraraq yazır:

Şərqin qapısında günəş doğanda,

Əridib zülməti, nurla boğanda,

Ucaldı göylərə "Füqəra səsi"...

1922-ci  ilin  aprelindən  «Füqəra  səsi»  qəzeti  "Şərq  qapısı"  adı  ilə  çıxmağa  başladı.  Qəzet  öz  səhifələrində

müntəzəm  olaraq  partiyanın,  hökumətin,  komsomolun  və  həmkarlar  ittifaqları  təşkilatlarının  qarşıya  qoyduqları




vəzifələri hərtərəfli işıqlandırır, sovet hökumətinin həyata keçirdiyi tədbirləri qızğın müdafiə edirdi. Qəzet o dövrün

rəsmi mətbu orqanı olduğundan orqanlar - Azərbaycan K (b)P Naxçıvan Ölkə Komitəsi və Naxçıvan İctimai Şura

Cümhuriyyəti Mərkəzi İcraiyyə Komitəsi onun maddi-texniki  bazasının möhkəmləndirilməsi ilə məşğul olurdular.

Qəzetin  mətbəə  və  onun  avadanlıq məsələsi  1922-ci  il  dekabr  ayının  9-da  Naxçıvan  Xalq  Komissarları Sovetinin

iclasında müzakirə olunmuş  və  müvafiq  qərar  qəbul  edilmişdir.  Bu  barədə  qəbul  edilmiş  qərarın  birinci  bəndində

göstərilir  ki,  köhnə  mətbəə  maşınlarını  saz,  işlək  hala  salmaq  üçün  mətbəənin  məsrəflərinə  70  manat  qızıl  pul

ayrılsın.  İkinci  bənddə  isə  mətbəə  binasının  təmirinə  60  manat  qızıl  pul  buraxılması  qət  edilmişdi  (1,  2006,  3

noyabr).


1923-cü ildə Bakı şəhərindən Naxçıvana daha mükəmməl mətbəə avadanlıqları gətirildi. O vaxta qədər qəzet

"Amerikanka"  adlı ayaqla  işləyən  çap  maşını ilə  vurulurdu  (9,  1931,  25  iyul).  Yeni  avadanlıqların əldə  olunması

qəzetin müntəzəm nəşrinə imkan yaratdı. Əvvəllər 100-150 nüsxədən çox olmayan qəzet bu dövrdən 600-700 nüsxə

tirajla çap olunmağa başladı.

1924-cü  ildə  qısa  dövr  ərzində  «Şərq  qapısı»  qəzeti  «Qızıl Şərq»  adı altında  nəşr  edilsə  də  bu  müddətdən

sonra qəzetin əvvəlki adı bərpa edilirdi. 1925-ci ilin mart ayında qəzetin 100-cü nömrəsi işıq üzü görürdü. Qəzetin

bu  yubiley  nömrəsi  böyük  təntənə  ilə  qeyd  edilirdi.  Həmin  nömrədə  dərc  olunan  baş  yazıda  deyilirdi:  "Əsrlərdən

bəri maarif və mədəniyyətin parlaq ziyasından məhrum olaraq cəngavərlər, cəlladlar pəncəsində inləyən Naxçıvan

torpağında bu gün göstərilməmiş bir bayram, gələcək nəslə şərəfli bir yadigar buraxacaq həmin bir yadigar, şərqin

qapısında  yaşayan  Naxçıvan  ölkəsinin  türk  əməkçiləri  tərəfindən  mövhumat  və  cəhalətə  qarşı  vuraraq  100  ədəd

maarif qurşunu və 100 nömrəyə varmış olan bir türk qəzetəsidir". Yubileylə bağlı "Şərq qapısı" qəzetinə Naxçıvan

Mərkəzi  İcraiyyə  Komitəsi  və  Xalq  Komissarları  Şurası  tərəfindən  təbrik  məktubları  göndərilmişdi.  Xalq

Komissarları  Şurasının  sədri  Həmid  Sultanovun  və  Mərkəzi  İcraiyyə  Komitəsinin  katibi  Ələkbər  Quliyevin

imzaladığı  məktubda  deyilirdi:  "Mətbuat  insanların  həyatında  həmişə  böyük  rol  oynamışdır.  Qırmızı  mətbuat

zəhmətkeşlərin könlünü açmağa, onlara səadət yolunu göstərməyə çalışmaqdadır. Həqiqətdə "Şərq qapısı" qəzetəsi

şurədar şərqinin əhəmiyyətli qəzetlərindən olub, gələcəkdə bütün şərq zəhmətkeşlərinin öz tutduğu doğru yola cəlb

edəcəyinə əminiz". Dərc olunan yazılarda qəzetin keçdiyi kəşməkeşli və mübariz yol öz əksini tapırdı (9, 2006, 4

noyabr).


Qəzetin  ilk  mühərrirlərindən,  korrektorlarından  biri  olan  Lətif  Hüseynzadənin  "Naxçıvanda  mətbuat"  adlı

yazısı  da  qəzetin  həmin  sayında  dərc  olunub.  Onun  sözlərinə  görə  də  "Füqəra  səsi"nin  nəşri  o  qədər  də  asan

olmayıb. Mətbəədə iri şriftlər olmadığından qəzetin adı üçün ayrıca klişe hazırlanmışdır. Qəzet üçün avadanlıqların

alınması, mətbəəyə işçi qüvvəsinin toplanması, onların əmək haqları və sair məsələlər Naxçıvan Ölkə Xalq Maarif

Komissarlığı tərəfindən ödənilirdi.

20-ci illərin ikinci yarısından "Şərq qapısı" Azərbaycan Kommunist (bolşevik) Partiyasının Naxçıvan Vilayət

Komitəsinin orqanı kimi çıxmağa başlayır.

1931-ci ildə "Şərq qapısı" qəzeti özünün 10 illik yubileyini qeyd etdi. Qəzetin 25 iyul 1931-ci il tarixli sayı

bu  yubileyə  həsr  olunub.  Bu  münasibətlə  Bakıda  çıxan  "Kommunist",  Tbilisidə  çıxan  "Zarya  Vostoka",  İrəvanda

çıxan "Qızıl şəfəq" qəzetləri yubilyarı təbrik etmiş və ona uğurlar arzulamışdılar. "Kommunist" qəzeti onu "Şərqin

üfüqlərində parlayan bir qızıl ulduz" adlandırmışdı.

1933-cü  il  dekabrın  30-u  qəzet  üçün  yaddaqalan  günlərdən  birinə  çevrildi.  Həmin  gün  qəzetin  1000-ci

nömrəsi  rəngli  formatda  çapdan  çıxır.  Yubiley  nömrəsi  nəşr  olundu.  Həmin  nömrənin  birinci  səhifəsində

Azərbaycan  Mərkəzi  İnqilab  Komitəsinin  sədr  müavini  Məmmədxanovun  və  Naxçıvan  Əyalət  Firqə  Komitəsinin

katibi Əli Məhəmmədovun redaksiya kollektivinə təbrik məktubları da dərc olunmuşdu.

Təbii ki, ötən əsrin ziddiyyətlərlə dolu olan 20-30-cu illərində qəzet çıxarmağın olduqca çətin tərəfləri də var

idi.  Bu  illərdə  müxbirlik  etmək  olduqca  ağır  və  məsuliyyətli  bir  iş  idi.  Bu  dövrdə  qəzetlə  əməkdaşlıq  edən

fəhlə-kəndli  müxbirlər,  ziyalılar  arasında  Məhəmməd  Rəsizadə,  Tofiq  Fikrət,  Fərəməz  Mahmudbəyov,  Əli

Həsənzadə kimi dövrün tanınmış ziyalıları da var idi.

XX  əsrin  otuzuncu  illəri  məmləkətimizdə  kollektivləşmə,  kolxoz  quruculuğu  və  sovet  hakimiyyətinin

qolçomaqlarla mübarizə dövrü kimi xarakterizə olunur. Ölkədə kollektivləşmə siyasətinin həyata keçirilməsi, birgə

ictimai  və  dövlət  təsərrüfatlarının  yaradılması,  onların  iqtisadi  cəhətdən  möhkəmləndirilməsi,  texnika  ilə  təchiz

edilməsi başlıca  məsələlərdən birinə çevrilir. Belə bir dövrdə mətbuatın üzərinə xüsusi missiya düşürdü. Məhz bu

illərdə  bir  çox  rayonlarda  da  yerli  mətbuatın  təməli  qoyuldu.  Muxtar  respublikanın  Şərur,  Şahbuz,  Ordubad

rayonlarında da yerli qəzetlər nəşrə başladı. 1932-ci ildə AK(b)P Noraşen PK və PZD İK-nin orqanı olan «Noraşen

kolxozçusu» qəzeti nəşr edilməyə başladı. Qəzet 1944-54-cü illərdə «Pambığa doğru», 1966-cı ildən isə «İşıqlı yol»

adı altında çap edilmişdi (1, 2006, 3 noyabr).

Otuzuncu  ilin  əvvəllərindən  "Şərq  qapısı"  qəzeti  öz  fəaliyyətini  daha  da  genişləndirirdi.  Qəzetə  qüdrətli

qələm sahibi, sonralar Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin redaktorluğu böyük şöhrət gətirdi (7, II c, s. 304).

Məhz  bu  dövrdə  Naxçıvan  MTS  siyasi  şöbəsində  "Sürət"  adlı  qəzet  də  nəşrə  başlanır.  Mirzə  İbrahimov  kimi

istedadlı və qüdrətli qələm sahibinin Bakı şəhərindən "Sürət" qəzetinə redaktor göndərilməsi də regionda mətbuat

mühitinin canlanmasına xidmət etdi.

Əli Vəliyevlə Mirzə İbrahimovun yaxın dostluqları, birgə əməkdaşlıqları bu qəzetlərin ideya-siyasi və mədəni

səviyyəsinin  yüksəldilməsində  də  mühüm  rol  oynadı.  O,  Naxçıvanda  gənc  yazıçı  və  şairlərin  ilk  ədəbi  ocağına




çevrildi.

"Şərq  qapısı"  qəzetinə  məxsus  müsbət  ənənələrin  formalaşmasında  da  bu  dövr  əhəmiyyətli  rol  oynadı.

Qəzetin  "Ədəbiyyat  səhifəsi"  gənc  yazıçılar  üçün  sınaq  meydanına  çevrilmişdi.  Yazıçı Ə. Şəkilinin,  Ə. Lahutinin

şeir  kitabları da  bu  dövrdə  qəzetin  mətbəəsi  tərəfindən  işıq  üzü  görmüşdü,  Qəzetin  mətbəəsində  ilk  dəfə  olaraq

müstəqil "Ədəbiyyat" qəzeti də nəşr olunmuşdu, onun 2-3 nömrəsi işıq üzü görmüşdür (9, 1981, 26 dekabr).

Azərbaycanın  xalq  yazıçısı  Əli  Vəliyev  sonralar  xatirələrində  yazırdı:  "Mənim  redaktor  olduğum  30-cu

illərdə  qəzetin  səhifələrində  Mirzə  İbrahimov,  Abbas  Gülməmmədov,  Qurban  Yusifzadə,  Əyyub  Abbasov,

Məmmədəli Tarverdiyev, Lətif Hüseynzadə kimi qabaqcıl ziyalılar yeni həyatı təqdir və tərənnüm edən, nöqsanları

cəsarətlə açıb göstərən yazılarla müntəzəm olaraq çıxış edirdilər" (9, 1972, 14 yanvar).

Ədəbiyyata  qaynar  yaradıcılıq  istedadı  ilə  gələn  Mirzə  İbrahimov  üçün  də  Naxçıvan  sözün  əsl  mənasında

ciddi  həyat  məktəbi  və  tükənməz  ilham  mənbəyi  oldu.  O,  burada  təkcə  qəzetçilik  fəaliyyəti  ilə  məşğul  olmamış,

ədəbi yaradıcılığında xüsusi rol oynayan "Həyat" pyesinin mövzusunu da yerli həyatdan alaraq onu bitkin formada

tamamlaya bilmişdir (9, 1971, 16 noyabr).

Əli  Vəliyevdən  sonra  qəzetə  Məsudə  Nuriyeva  adlı  bir  qadın  rəhbərlik  etmişdir.  Düzdür,  ondan  əvvəlki

illərdə  də  qəzetlə  əməkdaşlıq  edənlər  arasında  qadın  ziyalılar  az  olmamışdır.  Buna  misal  olaraq  Səkinə  Rzalının,

Səlbi  İsgəndərovanın  və  başqalarının  adlarını  göstərmək  olar.  Məsudə  Nuriyeva  isə  qəzetin  ilk  qadın  redaktoru

oldu. Məsudə xanım xatirələrinin birində yazır: "Məndən soruşsalar ki, redaktorluq necə vəzifədir, dərhal deyərəm:

narahat  və  olduqca  çətin  bir  vəzifədir.  Axı,  "qəzetin  çapma  icazə  verirəm"  sözlərini  yazıb  altından  qol  çəkən

redaktor  hər  gün,  həm  də  minlərlə,  on  minlərlə  oxucu  qarşısında  hesabat  verir.  Yanlış  bir  faktın,  yerində

deyilməyən bir sözün qəzet səhifəsinə düşməməsi üçün redaktor həmişə narahat, həmişə həyəcanlıdır. Mən bunu öz

təcrübəmdə görmüşəm; 1934-35-ci illərdə "Şərq qapısı"nın redaktoru  olduğum zaman.  O  vaxt  "Şərq  qapısı" kiçik

formatda  buraxılırdı.  Bununla  belə  işimiz  olduqca  ağır  idi.  Redaksiyada  və  mətbəədə  ixtisaslı  kadrlar  yox  idi.

Elektrik olmadığından qəzet səhifələrini çox vaxt şam işığında oxuyurduq..." (9, 1972, 14 yanvar).

1936-cı ildə Naxçıvanda məktəbin yaradılması mətbuatın inkişafında mühüm yer tutur.

"Şərq qapısı" ilə bağlı öyrəniləsi, hələ də qaranlıq qalan məqamlardan biri də 1937-38-ci illərlə bağlıdır.  Bu

dövrdə ölkədə baş qaldıran repressiya dalğası bu qəzetin redaksiyasından yan ötmədi. Qəzetin o dövrə aid «Əmrlər

kitabı»  ilə  tanışlıq  bunu  aydın  göstərir.  Məsələn,  1937-ci  il  19  fevral  tarixdən  ilin  sonunadək  qəzetə  5  nəfər

redaktorluq edib: Hüseyn Mahmudov, Şirəli Şirəliyev, Ə. Hacızadə, Musa İsmayılov, Xəlil Əmirov. Ə. Hacızadənin

redaktorluq fəaliyyəti cəmi 13 gün çəkib. Xəlil Əmirovun redaktorluq fəaliyyəti isə bir qədər uzun çəksə də, sonu

yaxşılıqla  bitməyib.  01  dekabr  1938-ci  il  tarixində  o,  Naxçıvan  Vilayət  Partiya  Komitəsinin  qərarı  ilə  tutduğu

vəzifədən  azad  olunub.  Həmin  tarixdən  redaktor  təyin  olunan  şəxs  isə  1939-cu  ilin  5  fevralında  öz  vəzifəsi  ilə

vidalaşıb (6, s. 347).

Qəzetin  Böyük  Vətən  müharibəsi  dövründəki  fəaliyyəti  də  maraqlıdır.  Müharibənin  yaratdığı  mürəkkəb

şəraitdə  "Şərq  qapısı" qəzeti  cəbhə  ilə  xalq  arasında  körpü  yaradan  mətbu  orqan  kimi  regionda  hər  evin  qapısını

açmış,  döyüş  cəbhələrinə  belə  gedib  çata  bilmişdir.  Qəzet  müharibə  illərində  partiya  və  hökumətin  göstəriş  və

qərarlarının  kütlələrə  çatdırılmasında,  ön  və  arxa  cəbhədə  igidlik  göstərən  həmyerlilərimizin  fəaliyyətinin

işıqlandırılmasında  böyük  rol  oynamışdır.  Maraqlıdır  ki,  müharibə  başlanandan  iki  gün  sonra,  1941-ci  ilin  iyun

ayının  24-də  qəzetin  redaktoru  Hüseyn  Ağrılı  vətənpərvərlik  nümunəsi  göstərərək  belə  bir  əmr  imzalayıb:  "Bu

gündən  etibarən  ordu  sıralarına  getdiyimdən  məsul  redaktorluq  vəzifəsindən  azad  olunub,  məsul  redaktorluq

vəzifəsini Mirzəliyev yoldaşa tapşırıram" (9, 2006, 22 iyul).

Müharibə başlanmazdan bir neçə il əvvəl qəzetə redaktorluq edən Xəlil Əmirov və Musa İsmayılov, eləcə də

bir neçə nəfər əməkdaş da alman işğalçılarına qarşı mübarizədə qəhrəmancasına döyüşərək həlak olmuşlar (9,2006,

4 noyabr).

Bu  faktı  da  qeyd  edək  ki,  Böyük  Vətən  müharibəsinə  Naxçıvan  diyarından  29024  nəfər  oğul  və  qız

yollanmışdır  ki,  onların  da  tən  yarısı odlu-alovlu  döyüşlərdən  geri  qayıtmamışdır.  Sovet  İttifaqı Qəhrəmanı fəxri

adını alan soydaşlarımız arasında isə Muxtar Respublikamızın üç oğlu olmuşdur.

Böyük  Vətən  müharibəsi  qalibiyyətlə  başa  çatdıqdan  sonra  ölkə  miqyasında  müharibənin  gətirdiyi  ağır

bəlaların  aradan  qaldırılması  istiqamətində  bərpa  işlərinə  başlanıldı.  Bu  dövrdə  də  sovet  hökuməti  mətbuatın

səfərbəredici  gücündən  ideoloji  təbliğat  vasitəsi  kimi  istifadə  etməyə  çalışdı.  Bu  mənada,  1946-1947-ci  illərdə

qəzetin fəaliyyətində böyük canlanma duyuldu. Bu dövrdə kiçik formatda həftədə 3 dəfə dörd səhifə həcmində nəşr

olunan  qəzetdə  yeni  imzalar  da  görünməyə  başladı: İslam  Səfərli,  Seyid  Səbri,  Müzəffər  Nəsirli,  Abbas  Rəcəbli,

Hüseyn  Razi,  Hüseyn  İbrahimov,  Hüseyn  Əzim,  Əhməd  Mahmudov,  Rəşid  Qazıbəyov  kimi  qələm  sahibləri  bu

dövrdə  mətbuat  səhifələrində  tez-tez  çıxışlar  edirdi.  O  dövri  mətbuat  üçün  ən  üstün  cəhətlərdən  biri  də  qəzetdə

tez-tez mənzum felyetonların dərc olunması, eybəcərliklərə və nöqsanlara qarşı cəsarətlə mübarizə aparılması idi (9,

2006, 4 noyabr).

Onu  da  qeyd  edək  ki,  qəzet  1930-cu  ilə  qədər  ərəb,  1930-cu  ildən  1940-cı  ilə  qədər  latın,  1940-cı  ildən

2001-ci  ilin  iyul  ayınadək  kiril  əlifbası  ilə  çap  olunub.  Ondan  sonra  isə  yenidən  latın  əlifbası  ilə  nəşrini  davam

etdirir (7, s. 304).



ƏDƏBİYYAT


1. "Azərbaycan" qəz.

2. "Azərbaycan gəncləri" qəz.

3. "Cavanlar həyatı" qəz.

4. Məmmədov M. Azərbaycan basının dünü ve bu günü / IX yerel mediya egitim semineri / Ankara, 2002, s.

45-50.

5. Məmmədov M. Mənim qəzetli dünyam, Bakı: Nurlan, 2006, 384 s.



6. Naxçıvan ensiklopediyası, 2 cilddə, Naxçıvan, 2005.

7. "Sovet Naxçıvanı" qəz.



8. "Şərq qapısı" qəz.

Yüklə 151,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə