Xəbər bülleteni №33



Yüklə 402,03 Kb.
səhifə1/7
tarix04.02.2018
ölçüsü402,03 Kb.
#23719
növüQaydalar
  1   2   3   4   5   6   7

Xəbər bülleteni № 33

http://transparency.az/cnews/



Ünvan: AZ1001, Bakı, Cəfər Cabbarlı, 16, mən. 7
Tel: (+994 12) 497 81 70; 497 68 15; Fax: (+994 12) 596 20 38
E-mail: info©transparency.az

May 2016

Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi qaydaları təsdiqlənib

23.05.2016



prezident - ferman
Prezident İlham Əliyev “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları”nı təsdiq edib. Bu il martın 4-də gömrük sistemində islahatlar yönündə verilmiş sərəncamın davamı olan fərmanla təsdiqlənən qaydalar 2016-cı il avqustun 1-dən qüvvəyə minir.

Transparency.az-ın məlumatına görə, “Yaşıl dəhliz” buraxılış sistemindən istifadənin şərtləri belədir:

— “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi göndərilir.

— Qısa idxal bəyannaməsini malları gömrük ərazisinə gətirən və ya onların daşınmasına cavabdeh olan şəxslər, həmin şəxslərin nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs göndərə bilər.

— Qısa idxal bəyannaməsi daxil olduqdan sonra elektron sistemdə avtomatik olaraq qeydiyyata alınır və qeydiyyatın nəticəsi barədə idxalatçıya real vaxt rejimində elektron bildiriş göndərilir.

— Qısa idxal bəyannaməsinin qeydiyyatı aparıldıqdan sonra elektron sistem vasitəsilə aşağıdakılar yoxlanılaraq təhlil edilir:

qısa idxal bəyannaməsində gömrük nəzarətinin həyata keçirilməsi üçün zəruri olan məlumatlar;

malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodları göstərilməklə, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilmiş ekvivalentlik prinsipinə uyğun olaraq ixracatçı ölkədən əvvəlcədən verilən baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlara (şəhadətnamələrə), sənədlərə, habelə mülki dövriyyəsi məhdudlaşdırılmış malların dövriyyəsinə verilən xüsusi icazəyə dair məlumatlar;

xarici ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə həyata keçirilən elektron informasiya mübadiləsi nəticəsində əldə olunan məlumatlar;

ərazisində xüsusi təhlükəli xəstəliklərin qeydə alındığı xarici ölkələr və eləcə də karantin nəticəsində idxalı qadağan olunmuş mallar barədə məlumatlar;

beynəlxalq yükdaşıma fəaliyyətini həyata keçirən rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər barədə məlumatlar;

gömrük məqsədləri üçün lazım olan digər məlumatlar.



“Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları

Dolların kursu enib, avro bahalaşıb

23.05.2016

dollar_avro_001Mayın 23-də ABŞ dolları yenə ucuzlaşıb. 1 dolların rəsmi kursu 1,4987 manatdan 1,4957 manata düşüb.

Transparency.az-ın məlumatına görə, avroda bahalaşma var. Ötən həftənin son iş günü 1,6787 manata təklif olunan 1 avronun rəsmi məzənnəsi 1,6798 manata yüksəlib.

Mərkəzi Bank mayın 23-də digər valyutalara belə qiymət qoyub:

1 gürcü larisi – 0,6997 manat

1 ingilis funt sterlinqi – 2,1716 manat

1 İsveçrə frankı – 1,5111 manat

1 Rusiya rublu – 0,0224 manat

1 türk lirəsi – 0,5029 manat.

Binəli Yıldırıma hökumət qurmaq səlahiyyəti verilib

23.05.2016



turkiye - hokumet 1
Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan dünən axşam hakim Ədalət və İnkişaf Partiyasının yeni sədri Binəli Yıldırıma hökumət qurmaq səlahiyyəti verib. Transparency.az bildirir ki, indiki hökumətdə nəqliyyat, dənizçilik və kommunikasiya naziri olan Binəli Yıldırım mayın 22-də keçirilən növbədənkənar qurultayda Ədalət və İnkişaf Partiyasının sədri seçilib.

Ədalət və İnkişaf Partiyasının əvvəlki sədri baş nazir Əhməd Davudoğlu idi. 2014-cü ilin avqust ayından Ədalət və İnkişaf Partiyasının sədri və baş nazir olan Əhməd Davudoğlu qurultaydan sonra istefa verib. Yeni hökumət formalaşana kimi Əhməd Davudoğlu baş nazir səlahiyyətlərini yerinə yetirəcək.

Binəli Yıldırım 1955-ci ildə Ərzincanda anadan olub. İstanbul Texniki Universitetini bitirib. Ədalət və İnkişaf Partiyasının qurucularındandır. 2002-ci ildən bəri bütün hökumətlərdə təmsil olunub.

Avstriya: prezident seçkisində millətçi önə çıxdı

23.05.2016

hofer 1
Mayın 22-si Avstriyada prezident seçkisinin ikinci turu keçirilib. İlkin nəticələrə görə, radikal millətçi, Azadlıq Partiyasının namizədi Norbert Hofer 51,9% səslə önə çıxıb. Onun rəqibi, Yaşıllar Partiyasının sabiq sədri Aleksandr Van der Bellen 48,1% səs toplayıb.

Transparency.az bildirir ki, 45 yaşlı Norbert Hofer aviasiya mütəxəssisidir. 2006-cı ildən parlamentin üzvü olan Norbert Hofer 2013-cü ildən spikerin müavini postunu tutub.

Avstriyada səlahiyyətləri məhdud olan prezident 6 il müddətinə seçilir. Eyni şəxs dalbadal iki dəfədən artıq prezident ola bilməz.

Yeni tarif içkilərin qiymətinə necə təsir edə bilər?

23.05.2016

İqtisadiyyat Nazirliyi sudan xammal kimi istifadə edən istehlakçılar üzrə su təchizatı tarifi barədə açıqlama yayıb. Açıqlamada xatırladılır ki, mayın 13-də Tarif (qiymət) Şurasının qərarı ilə sudan xammal kimi istifadə edənlər üzrə su təchizatının tarifi istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) ƏDV ilə birlikdə 8 manat müəyyən edilib: “Bəzi kütləvi informasiya vasitələrində 1 litr pivə istehsalı üçün 5 litr sudan istifadə olunduğu, nəticədə son tarif dəyişikliyindən sonra pivənin qiymətinin ciddi şəkildə artırılması zərurətinin yarandığına dair məlumatlar yer alır. Bildiririk ki, tarif dəyişikliyi bu halda yarım litrlik pivənin qiymətinə təqribən 1 qəpik təsir edir. Kolalı içkilərdə isə bu göstərici orta hesabla 0,08 qəpikdir.

“Azərsu” ASC-nin sudan xammal kimi istifadə edən istehlakçı qrupu üzrə su təchizatı xidməti (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) tarifi 1 litr su üzrə 0,8 qəpikdir. Son tarif dəyişikliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada içməli sudan texniki məqsədlər üçün istifadə edən müəssisələrin təkrar və dövr edən su təchizatı sisteminə keçmələrini stimullaşdıracaq. Göründüyü kimi, emal edilmiş sudan xammal kimi istifadə etməklə bir litr içkinin sənaye üsulu ilə istehsalının maya dəyərində suyun xüsusi çəkisi minimal səviyyədə olduğundan tarif dəyişikliyinin qiymətlərə təsiri hiss olunmayacaq dərəcədə aşağıdır”.

Tarif (qiymət) Şurası mayın 13-də “Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatı üçün ƏDV daxil olmaqla yeni qiymətlər müəyyən edib. Yeni tariflə əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik, digər inzibati ərazi vahidləri üzrə 30 qəpik, qeyri-əhali üzrə əvvəlki səviyyədə — bir kubmetr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kubmetr üçün 8 manat müəyyən edilib. Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetrə 15 qəpik, qeyri-əhali üzrə 1 manat olub.

Tacikistan sülalə hakimiyyətinə doğru gedir

23.05.2016



rahman ve oglu rustam 1Tacikistanda mayın 22-də keçirilmiş konstitusiyaya əlavə və dəyişikliklər referendumunun nəticələri açıqlanıb. Novator.az-ın məlumatına görə, seçicilərin 94,5%-i konstitusiya yeniliyinin lehinə, 3,3%-i əleyhinə səs verib.

Referendumda ümumilikdə seçici siyahısına salınmış əhalinin 92%-i (4 milyon nəfərdən çox) iştirak edib.

Ana qanunda 41 dəyişikliyi nəzərdə tutan layihə dövlət başçısı İmaməli Rəhmana qeyri-məhdud sayda prezident seçilmək imkanı yaradır. İmaməli Rəhman 2020-ci ildə keçiriləcək prezident seçkisində öz namizədliyini irəli sürə biləcək. O, Tacikistana 1992-ci ildən rəhbərlik edir, əvvəl parlamentin sədri olub, 1994-cü ildən prezident postunu tutur.

Əsas dəyişikliklərdən biri də prezidentliyə namizədlərin yaş həddinin 35-dən 30-a qədər azaldılmasıdır. Bu yeniliyin prezidentin oğlu Rüstəm İmaməli üçün tətbiq olunduğu bildirilir. 2020-ci ilin prezident seçkisində Rüstəm İmaməlinin 33 yaşı olacaq.

Ana yasaya düzəlişlər milli və dini əsaslarla partiya yaradılmasını və onların xaricdən maliyyələşdirilməsini qadağan edir.

İstanbulda Dünya Humanitar Sammiti başlayıb

23.05.2016

dunya insani zirvesi sammit 1
Mayın 23-ü İstanbulda Dünya Humanitar Sammiti başlayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev sammitdə iştirak edir.

Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən sammitdə dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışlar ediləcək. Sammitə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 5 mindən çox nümayəndə qatılıb.

AZƏRTAC-ın arayışına görə, hazırda dünyada 130 milyondan çox insanın humanitar yardıma və sosial müdafiəyə ehtiyacı var. Bu qəbildən olan insanların sayı ildən-ilə artmaqdadır. Bu isə humanitar yardım üçün xərclərin məbləğini böyük dərəcədə artırıb. BMT-nin məqsədi bu problemlərin aradan qaldırılması üçün nəzərdə vəsaitin məbləğini 2003-cü ildəki 3,4 milyard dollardan 21 milyard dollara çatdırmaqdır. Sammitin əsas hədəfi münaqişələrin həlli və onların baş verməsinin qarşısının alınmasına, humanitar fəlakətlərə yol verilməməsi üçün güclü norma və prinsiplərin bərqərar edilməsinə, fəlakət zonalarındakı insanlara humanitar yardımlar çatdıraraq onların ehtiyaclarının ödənilməsinə, humanitar sahəyə böyük sərmayələrin yatırılmasına nail olmaqdır.

Ekspert: “Mərkəzi Bank maliyyə intizamının pozulmasına imkan yaratdı”

23.05.2016

vuqar bayramov“Mərkəzi Bank xarici valyutada kreditlərə kompensasiya ödəməməklə maliyyə intizamının pozulmasına imkan yaratdı”. İqtisadçı ekspert Vüqar Bayramov belə yazır.

Transparency.az-ın məlumatına görə, ekspert Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərinin “10 min dollaradək kreditlərə kompensasiyanın ödənilməsi müzakirə edilə bilər” açıqlamasını xatırladaraq Mərkəzi Bankın hələ də real addım atmadığını vurğulayır: “Bu açıqlamadan sonra parlamentdə də məsələyə münasibət bildirildi. Hələ ilk devalvasiyadan sonra Qazaxıstan, hətta ABŞ kimi aparıcı ölkələrin də təcrübəsini nəzərə alaraq kreditlərə kompensasiya verilməsi gündəmə gətirilsə də, təəssüf ki, Mərkəzi Bank bu məsələdə yenə də tərəddüd edir. Amma bu tərəddüd bank sektoru üçün ciddi çətinliklər yaradır. Uzun müddət yüksək faizlərdən bəhrələnən banklar isə faizləri endirmək əvəzinə daha çox inzibati metodlardan istifadə etməyə çalışırlar. Bununla problem daha da dərinləşir, getdikcə borcluların banka kreditlərini ödəməməsi adiləşir.

Mərkəzi Bank kreditlərə kompensasiya ödəməklə deyil, ödəməməklə maliyyə intizamının pozulmasına imkan yaratdı. Vaxtında kompensasiya mexanizmi tətbiq olunsaydı, problemli kreditlərin həcmi bu qədər artmazdı və ödənişləri yubatmaq adiləşməzdi. Qurum bank sektorunda maliyyə intizamının daha da pisləşməsini arzulamırsa, qısa zamanda kreditlərə kompensasiya verilməlidir. Əks halda iqtisadiyyatın mühərriki hesab edilən bankları gözləyəcək problemləri proqnozlaşdırmaq çətin olmayacaq”.

Ötən il Azərbaycan manatı iki dəfə devalvasiyaya uğrayıb. Əvvəl manatın dollara rəsmi məzənnəsi 78 qəpikdən 1 manat 5 qəpiyə qaldırılıb, sonra Mərkəzi Bankın qərarı ilə manat üzən məzənnə rejiminə keçirilib və dollar qarşısında rəsmi kurs 1 manat 55 qəpik olub. Devalvasiyalardan sonra bank sektoru kreditlərlə bağlı ciddi böhran yaşayır. 2016-cı il aprelin 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 326,5 milyon manat olub. Vaxtı keçmiş kreditlərin 635 milyon manatı xarici valyutada olan kreditlərdir. Mərkəzi Bankın kredit təşkilatlarının müddətlər üzrə kredit qoyuluşları hesabatında belə göstərilir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı mayın 10-da jurnalistlərə açıqlamasında deyib ki, 10 min dollara qədər olan kreditlərə güzəştlər edilməsi məsələsinə baxıla bilər.

Ermənistanın iqtisadi göstəriciləri açıqlanıb

23.05.2016

maliyye2015-ci ilin sonuna Ermənistanın dövlət borcu 5 milyard 79 milyon ABŞ dolları olub. Maliyyə nazirinin müavini Atom Cancuqazyan mayın 23-də belə açıqlama verib.

Maliyyə nazirinin müavini Ermənistanın xarici borcunun 4 milyard 317 milyon dollar təşkil etdiyini vurğulayıb. Dövlət borcunun 761 milyon dolları isə daxili borcdur. Onun sözlərinə görə, dövlət borcunun 4 milyard 601 milyon dolları hökumətin payına düşür.

Transparency.az-ın məlumatına görə, parlament komissiyalarının birgə iclasında 2015-ci ilin büdcəsi üzrə hesabat təqdim edən Atom Cancuqazyan deyib ki, ötən il Ermənistanda 3 faiz iqtisadi artım qeydə alınıb, kənd təsərrüfatında 2,1 faiz, sənayedə 1 faiz, xidmət sektorunda 0,8 faiz artım olub.

Maliyyə nazirinin müavini deyib ki, ötən il Ermənistanın dövlət büdcəsinin gəlirlərinin 91,4 faizi vergilər və dövlət rüsumları hesabına təmin olunub.

Milli Şura Vyana razılaşmalarına etiraz edir

23.05.2016



vyana-1
Müxalifətin bir qismini birləşdirən Demokratik Qüvvələrin Milli Şurası Vyanadakı Dağlıq Qarabağ danışıqlarının yekunları ilə bağlı bəyanat yayıb. Bəyanatda deyilir: “16 may 2016-cı ildə Vyana şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. Bu görüşdən bir müddət əvvəl Ermənistan prezidenti Serj Sərkisyan ölkəsinin danışıqlarda iştirakının əsas şərti kimi Azərbaycanın işğal altında olan torpaqlarını öz gücü ilə azad etməyəcəyinə və işğal olunmuş ərazilərdə status-kvonun dəyişməyəcəyinə dair təminat tələbini irəli sürmüşdü. Görüşdən bilavasitə öncə Ermənistan Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, qarşı tərəfin bu görüşdən gözləntisi 1994-cü il atəşkəs razılaşmasının möhkəmləndirilməsi idi. Azərbaycan prezidentinin mətbuat katibinin verdiyi məlumata görə, görüşdə söhbətin ilk növbədə atəşin dayandırılması və erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması prosesinin perspektivi barədə olacağı gözlənirdi.

Təəssüf ki, Azərbaycan hakimiyyəti həmişə olduğu kimi bu dəfə də görüşün nəticələri barədə Azərbaycan cəmiyyətini məlumatlandırmamağı üstün tutdu. Həmsədrlərin görüşün nəticələri haqqında yaydığı yekin bəyanatda deyilir ki, prezidentlər 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs rejiminə dair razılaşmaya riayət etməklə bağlı razılığa gəlib, atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər. Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud rəhbərliyinin səlahiyyətlərini genişləndirməsi barədə razılığa gəliblər”.

Bəyanatdan göründüyü kimi, danışıqlar nəticəsində Ermənistan tərəfinin 1994-cü il atəşkəsinin möhkəmləndirilməsi ilə bağlı bütün tələbləri qəbul olunduğu halda Azərbaycanın tərəfinin heç bir gözləntisi özünü doğrultmayıb, yekun bəyanatda “erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması prosesinin perspektivi” barədə məlumat və ya ölkəmizin həyati maraqlarına cavab verən bir ifadə və ya bir eyham belə yer almayıb. Bu isə Azərbaycan siyasi hakimiyyətinin milli maraqlarımızdan edilən növbəti yolverilməz güzəşti kimi qiymətləndirilməlidir və qəbuledilməzdir”.

Bəyanatda qeyd olunur ki, Azərbaycan rəhbərliyi aprel ayında xalqın yüksək vətənpərvərlik ruhu, əsgər və zabitlərin şücaəti və şəhidlərin qanı hesabına əldə olunmuş hərbi üstünlüyü Vyanada danışıqlar masasına yatıra bilməyib. Milli Şura bildirir ki, işğal altında olan torpaqların öz gücü ilə azad etməyəcəyinə dair öhdəlik götürmək Azərbaycan rəhbərliyinin üzərinə təkcə siyasi yox, həm də ağır mənəvi məsuliyyət qoyur: “Azərbaycan ərazilərinə atəşkəsə riayət edilməsinə nəzarət məqsədilə kameraların quraşdırılması haqqında yayılan məlumatlar isə xüsusilə alçaldıcıdır və milli ləyaqət hissindən məhrum olmayan heç bir dövlət bu tələbi qəbul edə bilməz.

Qarabağ münaqişəsinin yekun həllinə dair danışıqların iyun ayında keçirilməsi ilə bağlı məlumat bizdə xüsusi narahatlıq doğurur. Azərbaycan üçün bu qədər əlverişsiz şərtlər altında, Azərbaycan xalqından gizli şəkildə aparılan danışıqlar və əldə edilən razılaşmalar Qarabağın yekun statusu ilə bağlı ciddi şübhələrimizi və narahatlığımızı daha da artırmaqdadır.

Milli Şura olaraq biz Azərbaycan siyasi hakimiyyətinin özünü Azərbaycan xalqından və demokratik dünyadan təcrid etmək siyasətinin kökündən yanlış olduğunu və məhz bu məsuliyyətsiz və səriştəsiz siyasətin Azərbaycanın Qarabağ danışıqlarındakı haqlı və ədalətli mövqelərinə ağır zərbə vurduğunu bəyan edirik. Əminliklə bildiririk ki, Azərbaycan cəmiyyəti və xalqı hakimiyyətin repressiv və antixalq mahiyyətli daxili, yarıtmaz və perspektivsiz xarici siyasətinin, milli maraqları hakimiyyət maraqlarına qurban verməsinin bədəlinin Qarabağ müstəvisində alçaldıcı kompromislərlə ödənilməsi gerçəyi ilə heç vaxt və heç bir şərtlər altında barışmayacaq, ölkəmizin ərazi bütövlüyü bərpa, torpaqlarımızın son qarışı işğaldan azad olunanadək mübarizə və döyüş əzmindən imtina etməyəcək”.

Milli Şura 2013-cü ilin yayında yaradılıb. Qurumun sədri tarixçi professor Cəmil Həsənli, öncül şəxsləri AXCP lideri Əli Kərimli, sabiq deputatlar Gültəkin Hacıbəyli, İbrahim İbrahimli, jurnalist Mehman Əliyev və başqalarıdır.

Mayın 16-da Avstriyanın paytaxtı Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ABŞ-ın dövlət katibi Con Kerri, dövlət katibinin müavini Viktoriya Nuland, Rusiya xarici işlər naziri Sergey Lavrov, Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desir, ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriyo (Fransa), ATƏT sədrinin xüsusi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi ilə baş tutub.

Con Kerri, Sergey Lavrov və Harlem Desir görüşün yekunlarına dair birgə bəyanat yayıblar. Bəyanatda Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüz olduğu vurğulanır. Minsk qrupunun həmsədrləri tərəfləri 1994-cü və 1995-ci illərdə imzalanmış atəşkəs sazişlərinə hörmət etməyə çağırır. Sənəddə qeyd edilir ki, Azərbaycan və Ermənistan prezidentləri atəşkəsə əməl edilməsinə və münaqişənin sülh yolu ilə həlli nizamlanmasına sadiq olduqlarını vurğulayıblar. Gələcəkdə güc tətbiqi riskini azaltmaq üçün tərəflər arasında qısa zamanda ATƏT-in araşdırıcı mexanizmi üzərində işin başa çatdırılması, eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsinin mövcud ofisinin səlahiyyətlərinin genişləndirilməsi barədə razılıq əldə edilib.

Əhalinin qənaətinin həcmi 23,7% azalıb

23.05.2016

hesablama_palatasi 1Hesablama Palatası “Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata rəy verib. APA-Economics-in məlumatına görə, rəydə bildirilir ki, 2015-ci ilin büdcə zərfində əhalinin xərclərinin həcmi 31 milyard 964,6 milyon manat, real artım tempi isə 5,2% proqnozlaşdırılıb, ilin sonuna isə əhalinin xərcləri proqnozdan həm həcm, həm də faiz ifadəsində yüksək olub.

Rəydə qeyd olunur ki, 2015-ci ildə əhalinin qənaətinin həcmi əvvəlki illə müqayisədə 23,7% azalıb: “2013-2014-cü illərdə qənaətin strukturunda maliyyə aktivləri üzrə azalma, qeyri-maliyyə aktivləri üzrə artım müşahidə edilirdi, 2015-ci ildə isə sonuncu istiqamətdə də 13% azalma var. Əhalinin qənaətinin azalmasını əsasən hesabat ilində son istehlak xərclərinin artması ilə də əlaqələndirmək olar. İstehlak qiymətləri üzrə artım, o cümlədən ərzaq məhsulları üzrə müşahidə edilmiş qiymət artımı əhalinin qənaətinin azalmasını şərtləndirib”.

Rəyə əsasən, hesabat ilində əhalinin adambaşına düşən gəlirləri orta hesabla 4380,1 manat və ya ayda 365 manat təşkil edərək 4,5% artıb: “Əhali gəlirlərinin artımı pərakəndə ticarət dövriyyəsinə də öz təsirini göstərib. 2015-ci ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 2014-cü illə müqayisədə 10,9% artaraq 25,7 milyard manat olub. Hesabat ilində pərakəndə ticarət şəbəkəsindən hər bir istehlakçı orta hesabla ayda 224,9 manatlıq və ya 2014-cü ilin eyni göstəricisi ilə müqayisədə 30,2 manat çox əmtəə alıb”.

Məlumata görə, 2015-ci ildə istehlakçıların pərakəndə ticarət şəbəkələrində xərclədiyi vəsaitin 50%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 17,8%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,7%-i avtomobil yanacağının, 6%-i elektrik malları və mebelin, 1,2%-i əczaçılıq və təbabət mallarının, 0,8%-i kompüterlər, telekommunikasiya avadanlıqları və digər məmulatların, 17,5%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub. Başqa sözlə, ötən il istehlakçılar ərzaq məhsulları, içkilər və tütün məmulatlarına 12 milyard 850 milyon manat, avtomobil yanacağına 1 milyard 722 milyon manat, əczaçılıq və təbabət mallarına 308,4 milyon manat xərcləyib.

İstanbul sammitindən yeni məlumat

23.05.2016



sammit 1
AZƏRTAC mayın 23-ü İstanbulda keçirilən Dünya Humanitar Sammiti ilə bağlı yeni məlumat yayıb. Qeyd olunur ki, BMT-nin baş katibi Pan Gi Mun çıxışında dünyada münaqişələrin qarşısının alınmasının vacibliyini diqqətə çatdırıb. O, humanitar böhranların səbəbinə çevrilən siyasi sabitsizliyin qarşısının alınmasının və mülki şəxslərin daha çox qorunmasının zəruriliyini qeyd edib. Qaçqın probleminin qarşısının alınmasında yeni forma və ideyaların yaradılmasının vacibliyini qeyd edən BMT-nin baş katibi böhran içərisində olan milyonlarla insanın problemlərinin həllində bütün dövlətləri və cəmiyyətləri həmrəy olmağa çağırıb.

Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğan sammitin dünyada ehtiyac içində yaşayan milyonlarla insanın problemlərinin həlli baxımından mühüm imkan olduğunu bildirib. Müharibələrin, təbii fəlakətlərin, iqlim dəyişikliyinin bütün bəşəriyyətin təhlükəsizliyini və gələcəyini ciddi təhdid etdiyini deyən Ərdoğan Türkiyənin humanitar problemlərin həllində fəal rol oynadığını qeyd edib.

Prezident Türkiyənin bu gün dünyanın 140-dan çox ölkəsində humanitar yardım və sosial inkişaf sahəsində müxtəlif layihələr reallaşdırdığını diqqətə çatdırıb. Hazırda qlobal humanitar yardım sisteminin mövcud problemlərin həlli baxımından səmərəsiz olduğunu qeyd edən Ərdoğan bildirib ki, bu sistemin yükünü sadəcə bəzi ölkələr öz çiynində daşıyır: “Buna görə də bütün dünya ölkələri bu məsuliyyəti bərabər şəkildə bölüşməli, liderlər və beynəlxalq ictimaiyyətin nüfuzlu şəxsləri səylərini birləşdirməlidirlər”.

Almaniya kansleri Angela Merkel silahlı münaqişələrdə mülki şəxslərin həlak olmasının qarşısının alınması üçün səylərin artırılmasının vacibliyini bildirib. O, Almaniyanın bundan sonra da humanitar yardımların dəstəklənməsi və müvafiq vəsaitin daha da artırılması istiqamətində fəaliyyətini gücləndirəcəyini vurğulayıb. Bu sahədə mövcud fəaliyyətlərin əlaqələndirilməsinin əhəmiyyətini qeyd edən kansler bununla bağlı daha səmərəli qlobal sistemin yaradılmasının vacibliyini diqqətə çatdırıb.


Yüklə 402,03 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə