Xəbər bülleteni №30



Yüklə 448,43 Kb.
səhifə6/7
tarix20.10.2017
ölçüsü448,43 Kb.
#5560
1   2   3   4   5   6   7

Neft Fondu valyuta hərracında 42,4 milyon dollar satdı

28.04.2016



dnf 01Aprelin 28-də Azərbaycan Dövlət Neft Fondu Mərkəzi Bankın valyuta hərracına 50 milyon ABŞ dolları məbləğində vəsait çıxarıb. Bu vəsaitdən 32,4 milyon dollar 14 banka, 10 milyon dollar isə Mərkəzi Banka satılıb.

Transparency.az bildirir ki, bununla Neft Fondunun il ərzində keçirilən hərraclarda satdığı valyutanın həcmi 1 milyard 556,8 milyon dollara çatıb.

2016-cı ilin hərraclarında Mərkəzi Bankın özündən 685,4 milyon ABŞ dolları alınıb.

Vətəndaşları qəbul siyahısı

28.04.2016

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin mayında vətəndaşları hansı gün və harada qəbul edəcəyi açıqlanıb. Transparency.az siyahını təqdim edir:

Məleykə Abbaszadə, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri – 4 may, Göygöl (Göygöl, Gəncə, Samux, Daşkəsən, Gədəbəy sakinləri)

Ramin Quluzadə, rabitə və yüksək texnologiyalar naziri – 5  may, Şamaxı (Şamaxı, Qobustan, Ağsu, İsmayıllı sakinləri)

Elçin Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi – 19 may, Şəmkir (Şəmkir, Samux, Ağstafa, Qazax sakinləri)

Arzu Rəhimov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi – 19 may, Lənkəran (Lənkəran, Astara, Lerik, Yardımlı sakinləri)

Zakir Qaralov, baş prokuror – 20 may, Goranboy (Goranboy, Gəncə, Samux, Göygöl, Daşkəsən, Kəlbəcər, Xocalı sakinləri)

Fikrət Məmmədov, ədliyyə naziri – 20 may, Şirvan (Şirvan, Hacıqabul, Saatlı sakinləri)

Səlim Müslümov, əmək və əhalinin sosial müdafiəsi naziri – 20 may, Qazax (Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir sakinləri)

Azad Rəhimov, gənclər və idman naziri – 20 may, Cəlilabad (Cəlilabad, Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı sakinləri)

Şahin Mustafayev, iqtisadiyyat naziri – 20 may, Beyləqan (Beyləqan, Ağcabədi, Füzuli sakinləri)

Əbülfəs Qarayev, mədəniyyət və turizm naziri – 20 may, Ağstafa (Ağstafa, Qazax, Tovuz, Şəmkir, Gədəbəy sakinləri)

Ziya Məmmədov, nəqliyyat naziri – 20 may, Sabirabad (Sabirabad, Saatlı, Hacıqabul sakinləri)

Oqtay Şirəliyev, səhiyyə naziri – 20 may, Astara (Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı sakinləri)

Fazil Məmmədov, vergilər naziri – 20 may, Yardımlı (Yardımlı, Masallı, Astara, Lerik sakinləri)

Mübariz Qurbanlı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri – 24 may, Ağdaş (Ağdaş, Mingəçevir, Yevlax sakinləri)

Hicran Hüseynova, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri – 26 may, Hacıqabul (Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, Salyan, Neftçala, Biləsuvar, Cəbrayıl sakinləri)

Hüseynqulu Bağırov, ekologiya və təbii sərvətlər naziri – 27 may, Ağsu (Ağsu, Şamaxı, Qobustan, Kürdəmir, Göyçay sakinləri)

Kəmaləddin Heydərov, fövqəladə hallar naziri – 27 may, Saatlı (Saatlı, Sabirabad, Hacıqabul, İmişli sakinləri)

Heydər Əsədov, kənd təsərrüfatı naziri – 27 may, Beyləqan (Beyləqan, İmişli, Füzuli, Xocavənd sakinləri)

Aydın Əliyev, Dövlət Gömrük Komitəsinin sədri – 27 may, Qobustan (Qobustan, Şamaxı, Ağsu, İsmayıllı sakinləri)

Kərəm Həsənov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri – 27 may, Yardımlı (Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar sakinləri)

Ramil Usubov, daxili işlər naziri – 30 may, Bərdə (Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı sakinləri)

Mikayıl Cabbarov, təhsil naziri – 30 may Abşeron (Abşeron, Sumqayıt, Qubadlı, Zəngilan sakinləri).

“Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər layihəsi geri qaytarıldı

28.04.2016



mm - yeni
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 28 aprel iclasında müzakirəyə çıxarılan “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər layihəsi narazılığa səbəb olub.

APA-nın məlumatına görə, deputat Çingiz Qənizadə deyib ki, dövlət qulluğuna qəbulda müsahibə ləğv olunmalıdır: “Müsahibə mərhələsi subyektivliyə gətirib çıxarır, bunun da nəticəsində bir çox savadlı kadr dövlət qulluğuna keçə bilmir. Namizəd test mərhələsində uğurlu nəticə göstəribsə, daha müsahibəyə nə ehtiyac var? Yeni layihədə dövlət qulluğuna qəbul asanlaşdırılmaq əvəzinə daha da çətinləşdirilib. Hesab edirəm ki, layihə yenidən işlənməlidir”.

Deputatlar Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Vüsal Hüseynov, Rafael Cəbrayılov, Tahir Kərimli də layihəyə etiraz ediblər.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov isə müsahibə mərhələsinin vacibliyini vurğulayıb, ancaq layihə üzərində işləməyin lazım olduğunu bildirib.

Komitə sədri Əli Hüseynli deyib ki, layihənin tərəfdarı olsa da, səsləndirilən iradların nəzərə alınması məqsədəuyğundur. Layihənin yenidən baxılmaq üçün mütəxəssislərə qaytarılması qərara alınıb.

AZƏRTAC xəbər verir ki, “Dövlət qulluğu haqqında” qanunun dövlət qulluğuna qəbul maddəsinə dəyişikliklər edilməsi, eləcə də qanuna dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi barədə yeni maddənin əlavə edilməsi təklif olunur.

Layihəyə əsasən, dövlət qulluğuna qəbul test imtahanı və müsahibədən ibarət müsabiqə əsasında aparılacaq. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün rübdə bir dəfədən az olmayaraq test imtahanları təşkil ediləcək. Test imtahanından keçən şəxslərə qüvvədə olma müddəti 5 il olan sertifikat veriləcək. Qanuna uyğun olaraq şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala biləcək. Müsahibəni isə dövlət qulluğu vəzifəsinin aid olduğu orqan keçirəcək.

Cəbrayılın yeni icra başçısı

28.04.2016

kamal hesenovTransparency.az Cəbrayıl Rayon İcra Hakimiyyətinin yeni başçısı Kamal Həsənovun ömür yolunu təqdim edir.

Kamal İltifat oğlu Həsənov 2 oktyabr 1957-ci ildə Cəbrayıl şəhərində anadan olub. 1978-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib, “Azərrabitətikinti” Trestində iqtisadçı fəaliyyətinə başlayıb.

1978-1980-ci illərdə hərbi xidmətdə olub.

1980-1981-ci illərdə Cəbrayılın Aqrar İstehsalat Birliyində təftişçi-mühasib, 1981-1989-cu illərdə Komsomol Komitəsində təlimatçı, şöbə müdiri, 1989-1991-ci illərdə İcraiyyə Komitəsində sosial-hüquq şöbəsinin müdiri, 1991-1993-cü illərdə icra hakimiyyəti başçısı aparatında baş məsləhətçi vəzifələrində çalışıb.

1993-1996-cı illərdə “Çinar” Kommersiya Bankında İdarə Heyətinin sədr müavini, sədr, şuranın məsul katibi postlarını tutub. 1996-cı ildən Azərbaycan Mərkəzi Bankında baş müfəttiş, şöbə müdiri vəzifələrində işləyib.

18 aprel 2016-cı ildə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin əvvəlki başçısı Mahmud Quliyev 2016-cı il martın 3-də vəzifədən çıxarılıb. Mahmud Quliyev Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə 2000-ci il dekabrın 18-də təyin olunmuşdu.

Rusiyalılar sosioloji sorğulara nə dərəcədə inanır?

28.04.2016

sorguÜmumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi əhalinin sosioloji sorğulara nə dərəcədə inandığını öyrənmək üçün tədqiqat aparıb. Tədqiqatın nəticələrinə görə, rusiyalıların əksəriyyəti hesab edir ki, sosioloji sorğular onların rəyini düzgün əks etdirir.

Novator.az xəbər verir ki, sorğu Rusiyanın 46 bölgəsinin 130 yaşayış məntəqəsində 1600 nəfər arasında aparılıb. Respondentlərin 70%-i bildirib ki, ictimai rəy sorğularının nəticələri vətəndaşların fikrini tam əks etdirir. 23% isə sosioloji sorğuların əhalinin fikirlərini əks etdirmədiyi qənaətindədir.

Sorğuya cəlb olunanların 7%-i suala cavab verməkdə çətinlik çəkib.

Əli Həsənov: “Azərbaycan qətiyyətli tədbirlər görməyə məcbur olacaq”

28.04.2016

eli hesenovAzərbaycanla Ermənistan arasında atəşkəsin bərpa olunması razılığı əldə edilməsinə baxmayaraq aprelin 26-dan Ermənistan silahlı birləşmələri Azərbaycan ordusunun mövqelərini və qoşunların təmas xəttinin yaxınlığında yerləşən yaşayış məntəqələrini iriçaplı silahlardan – “Qrad” qurğularından, toplardan intensiv şəkildə atəşə tutub. Nəticədə Ağdam rayonunun 1 sakini həlak olub, 4-ü ağır olmaqla 8 nəfər yaralanıb. Üç gün ərzində 100-dən artıq evə ziyan dəyib, onlarla ev dağıdılıb və yaşayış üçün yararsız vəziyyətə düşüb, əhalinin mülkiyyətinə, təsərrüfatına, habelə inzibati binalara, kommunal infrastruktura ciddi ziyan vurulub.

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov yaranmış vəziyyətlə bağlı AZƏRTAC-a danışıb: “Təəssüflə qeyd etmək olar ki, bu günlər ərzində beynəlxalq təşkilatlar, o cümlədən də bilavasitə münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu, bu quruma daxil olan dövlətlər Ermənistan silahlı birləşmələrinin Azərbaycanın işğal altında olan ərazilərindən yaşayış məntəqələrini ağır silahlarla intensiv şəkildə atəşə tutmasına və bunun nəticəsində dinc sakinlərin həlak olmasına heç bir münasibət bildirməyiblər. Halbuki aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusunun ardıcıl təxribatlarına layiqli cavabı və bunun nəticəsi olaraq işğal altındakı bəzi əraziləri azad etməsi əksər beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin çevik reaksiyasına səbəb oldu. Bütün müraciətlər və bəyanatlarda hərbi əməliyyatların dayandırılması, atəşkəsin bərpa olunması ilə bağlı fikirlər səsləndirildi.

Hazırkı vəziyyətdə bu qurumların susqunluğu belə bir qənaətə gəlməyə əsas verir ki, beynəlxalq təşkilatlar, ələlxüsus da ATƏT-in Minsk qrupu bütün səylərini Dağlıq Qarabağdakı separatçı qurumun və ona rəhbərlik edən hərbi cinayətkarların təhlükəsizliyinin təmin edilməsinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində mövcud status-kvonun qorunub saxlanmasına yönəldiblər. Hesab edirik ki, bununla Azərbaycana qarşı ikili standartların ən açıq forması tətbiq olunur, Azərbaycan xalqına, beynəlxalq hüquqa və ədalət prinsipinə hörmətsizlik nümayiş etdirilir. Beynəlxalq birlik, ATƏT və digər təşkilatlar işğalçı Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı yönəlmiş bu addımlarına son qoyulması üçün qətiyyətli tədbirlər görməlidirlər.

Azərbaycan Ermənistan rəhbərliyinin və bu ölkənin silahlı qüvvələrinin növbəti təxribatlarına, yaşayış məntəqələrinin dağıdılmasına, dinc sakinlərin qətlə yetirilməsinə dözmək niyyətində deyil. Beynəlxalq ictimaiyyət bundan sonra da susqunluğunu davam etdirəcəyi təqdirdə Azərbaycan dinc əhalini müdafiə etmək və təxribatlara son qoymaq üçün qətiyyətli tədbirlər görməyə məcbur olacaq. Bundan sonra yaranmış vəziyyətin məsuliyyəti bilavasitə Ermənistanın və onun təxribatlarını susqunluqla qarşılayanların üzərinə düşəcək”.

Dağıntılar və itkilər haqqında məlumat

28.04.2016



daginti
Aprelin 27-si saat 23-dən aprelin 28-i saat 4-dək Ermənistan silahlı qüvvələri cəbhə boyu bütün istiqamətlərdən iriçaplı silahlardan yaşayış məntəqələrini şiddətli atəşə tutub. Nəticədə Tərtər rayonunun 10 yaşayış məntəqəsində 58 evə, iki kənd məktəbinə və digər qeyri-yaşayış obyektlərinə ciddi ziyan dəyib.

Ağdam rayonunun 4 yaşayış məntəqəsində 10 ev tamamilə dağıdılıb, 40 evə ziyan dəyib. Bəzi qeyri-yaşayış obyektləri, əhalinin mülkiyyəti yararsız hala düşüb, fərdi təsərrüfatlara ciddi ziyan vurulub.

Ağcabədi rayonunda 1 ev yanıb, 2 evə, 1 yardımçı tikiliyə, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan dəyib.

APA-nın yaydığı məlumata görə, Ağdam rayonunun Çəmənli kəndinin 2 sakini həlak olub. 7 yaralıdan 3-nün vəziyyəti ağırdır.

AZƏRTAC bildirir ki, aprelin 2-dən başlayaraq Ermənistan silahlı birləşmələrinin iriçaplı silahlardan intensiv atəşləri nəticəsində çoxlu sayda yaşayış məntəqəsinə, əhalinin mülkiyyətinə və təsərrüfatına ciddi ziyan vurulub, dinc sakinlər həlak olub və ya yaralanıb. Ümumilikdə 34 yaşayış məntəqəsinə 97 mərmi düşüb. Tərtər rayonunda 3, Ağdamda 2 mülki şəxs öldürülüb, 34 nəfər isə xəsarət alıb. Onların 18-i Ağdam, 8-i Tərtər, 6-sı Goranboy, 1-i Füzuli, 1-i isə Ağcabədi rayonlarının sakinləridir. O cümlədən 16 nəfər aprelin 5-də atəşkəs barədə razılaşma əldə olunduqdan sonra Ermənistan silahlı birləşmələrinin açdığı atəşlər nəticəsində yaralanıb.

Ağdamda 109, Tərtərdə 259, Goranboyda 85 olmaqla ümumilikdə 457 tikiliyə ziyan dəyib, onlardan da 412-si evdir. Ziyan dəymiş evlərin 82-si Ağdam, 248-i Tərtər, 79-u Goranboy, 3-ü isə Ağcabədi rayonlarının ərazisində yerləşir. Həmçinin 26 ev tamamilə dağıdılıb, digərlərinə isə ciddi ziyan dəyib. Atəşkəs barədə razılaşmadan sonra 98 evə ziyan vurulub, 12 ev tamamilə dağıdılıb.

Müəyyən edilib ki, ermənilərin atəşləri nəticəsində məktəblər, səhiyyə müəssisələri, uşaq bağçaları, mədəniyyət evləri və s. daxil olmaqla, 18 qeyri-yaşayış obyektinə, həmçinin 27 yardımçı tikiliyə ciddi ziyan vurulub. Əhaliyə məxsus 309 baş mal-qara tələf olub.

Ağdam, Tərtər, Goranboy, Füzuli və Ağcabədi rayonlarının qoşunların təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələri istiqamətində əkin sahələrinə, həmçinin elektrik, su, yol, rabitə təsərrüfatına, qaz xətlərinə ciddi zərər vurulub.

Transparency.az xatırladır ki, 1988-ci ildə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini ələ keçirmək üçün yeni təcavüzə başlayıb. 1994-cü ildə elan olunan atəşkəsə qədər Ermənistan Azərbaycanın cənub-qərb regionunu və Qazax rayonunun 7, Naxçıvan Muxtar Respublikasının 1 kəndini işğal edib.

Hazırda Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhəri, Şuşa və Xocalı rayonları bütünlüklə işğal altındadır. Ağdərə və Xocavənd rayonlarının kiçik bir hissəsi Azərbaycanın nəzarətindədir.

Dağlıq Qarabağ bölgəsindən kənarda yerləşən Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan rayonları tam işğal edilib.

Cəbrayılın yalnız Cocuq Mərcanlı kəndi, Ağdamın Quzanlı qəsəbəsi və 10 kəndi, Füzulinin Horadiz şəhəri və 22 kəndi Azərbaycanın əlindədir.

Qazax rayonunun Bağanıs-Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı, Qızıl Hacılı, Sofulu, Barxudarlı kəndləri, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Kərki kəndi işğal altındadır.

Sülh danışıqları heç bir nəticə vermir.

Azərbaycanın Silahlı Qüvvələri bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib. Aprelin 5-də Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılığına gəlinib.

Vilayət Eyvazov səfirlərlə görüşüb

28.04.2016

Aprelin 28-i Daxili İşlər Nazirliyinin “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində xarici dövlətlərin fövqəladə və səlahiyyətli səfirlərinin, diplomatik korpusun digər nümayəndələrinin xahişi ilə onlarla görüş keçirilib. Daxili işlər nazirinin birinci müavini general-leytenant Vilayət Eyvazov qeyd edib ki, son 3 ildə xarici dövlətlərin diplomatik missiyalarının, habelə beynəlxalq təşkilatların rəhbərləri ilə Daxili İşlər Nazirliyində 268 görüş olub: “Görüşlər zamanı ikitərəfli münasibətlərlə yanaşı diplomatik korpusun mühafizəsi ilə əlaqədar məsələlər də müzakirə olunub. Hazırda DİN-in diplomatik nümayəndəliklərin mühafizəsi üzrə Əlahiddə Polis Taboru və Baş Mühafizə İdarəsi 50-dən çox diplomatik nümayəndəliyin mühafizəsini həyata keçirir və müvafiq işə cəlb olunmuş polis əməkdaşlarının xidməti ciddi nəzarətdə saxlanır. Onlar son 3 ildə 61 şəxsin qanunsuz hərəkətlərinin qarşısını alıb”.

Vilayət Eyvazov deyib ki, Azərbaycan Respublikası terrorçuluqdan əziyyət çəkən dövlətlər sırasındadır: “Ötən əsrin 80-ci illərindən ölkəmiz və onun vətəndaşları erməni terrorçuluğunun hədəfinə çevrilib. Təkcə 1989-1994-cü illərdə erməni terrorçu qrupların Azərbaycana qarşı törətdiyi 32 terror aktı nəticəsində 2 min insan həlak olub, yüzlərlə vətəndaşımız yaralanıb.

Azərbaycanın torpaqlarının 20 faizindən çoxunun, o cümlədən Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayonun işğal edilməsi nəticəsində İran İslam Respublikası ilə 132 kilometrlik sərhəd zolağına nəzarət imkanlarımızın itirilməsi də ciddi problemlərdəndir. Nəticə etibarı ilə narkotiklərin, odlu silahların qanunsuz dövriyyəsinə, həmin ərazilərdə beynəlxalq terrorçu təşkilatların gizli təlim bazalarının maneəsiz fəaliyyətinə əlverişli şərait yaranıb. Bu faktın özü nəinki Azərbaycanın, bütövlükdə regionun təhlükəsizliyi üçün əsas təhdidlərdən biri olaraq qalır”.

Nazirin birinci müavini bildirib ki, ötən 12 ildə cinayətkarlığa qarşı mübarizə, ictimai asayişin təmini sahəsində fəaliyyət davamlı olub, əməliyyat şəraiti bütövlükdə nəzarətdə saxlanıb: “Məqsədyönlü profilaktik tədbirlər sayəsində qeydə alınan hüquqazidd əməllərin təxminən 90 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 10 faizini ağır və xüsusilə ağır cinayətlər təşkil edir. Eyni zamanda mütəşəkkil cinayətkarlığa qarşı aparılan mübarizə sistemli xarakter daşıyıb, ağır və xüsusilə ağır cinayətlər törətmiş 3 mindən çox qrup və dəstə zərərsizləşdirilib”.

Xəbəri Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.



gorush 1

gorush 2

Yeni dövlət xidmətinin əsasnaməsi təsdiq edilib

29.04.2016

prezident
Prezident İlham Əliyev aprelin 28-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyətini təkmilləşdirməyə fərman verib. Qurumun əsasnaməsi və strukturu təsdiq edilib.

Transparency.az bildirir ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin işçilərinin say həddi 199 ştat vahidi, o cümlədən aparat üzrə 147 ştat vahidi, regional bölmələr üzrə 52 ştat vahidi müəyyən edilib.

Nazirlər Kabinetinə qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla “Dövlət satınalmaları haqqında” yeni qanun layihəsini beş ay müddətində hazırlamaq tapşırılıb.

Əsasnaməyə görə, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti antiinhisar (rəqabət), dövlət satınalmaları, reklam və istehlakçıların hüquqlarının müdafiəsi sahələrində dövlət siyasətinin və dövlət nəzarətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.

Xidmətin fəaliyyət istiqamətləri belə müəyyənləşib:

- müvafiq sahələrdə dövlət siyasətinin hazırlanması ilə bağlı nazirliyə təkliflər vermək və bu sahələrdə müəyyən olunmuş siyasətin həyata keçirilməsini təmin etmək;

- antiinhisar (rəqabət), dövlət satınalmaları, reklam və istehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə, o cümlədən ticarət, ictimai iaşə, məişət və digər növ xidmət qaydalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirmək;

- inhisarçılıq fəaliyyətinin, haqsız rəqabətin və istehlakçıların hüquqlarının və qanuni maraqlarının pozulması hallarının qarşısının alınması və belə pozuntuların aradan qaldırılması üçün tədbirlər görmək;

- dövlət satınalmaları zamanı dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, dövlət satınalmalarının müsabiqə və aşkarlıq əsasında həyata keçirilməsi, dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasının qarşısının alınması üçün tədbirlər görmək.

Xidmətə iqtisadiyyat nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi rəis rəhbərlik edir. Rəisin üç müavini var.

Xidmətin regional bölmələrini müəyyən olunmuş əməkhaqqı və işçilərin say həddi daxilində nazirlik yaradır və ləğv edir.

Bu ilin yanvarında Satınalmalar üzrə Dövlət Agentliyi ləğv olunub. Agentliyin vəzifə və funksiyaları, habelə istifadəsində olan dövlət əmlakı İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə verilib.

Mərkəzi Bank əksər xarici valyutanı bahalaşdırıb

29.04.2016



valyutaAzərbaycan Mərkəzi Bankı aprelin 29-da ABŞ dolları, avro və Rusiya rublu daxil olmaqla əksər xarici valyutanı bahalaşdırıb. Transparency.az xəbər verir ki, 1 dolların rəsmi kursu 1,5072 manat olub. Ötən gün məzənnə 1,5056 manat idi.

1 avronun rəsmi məzənnəsi 1,7067 manatdan 1,7174 manata qalxıb.

Bir gün öncə 0,0231 manata satılan 1 rublu isə Mərkəzi Bank 0,0233 manata təklif edir.

Digər xarici valyutaların rəsmi məzənnəsi belədir:

1 gürcü larisi – 0,6753 manat

1 ingilis funt sterlinqi – 2,2083 manat

1 İsveçrə frankı – 1,5646 manat

1 türk lirəsi – 0,5363 manat.

“Amnesty İnternational” Xədicə İsmayılla bağlı kampaniyaya başlayır

29.04.2016



xedice ismayil“Amnesty İnternational” beynəlxalq hüquq müdafiə təşkilatı məhbus jurnalist Xədicə İsmayılla bağlı kampaniyaya başlayır. Xəbəri Azadliq.org yayıb.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsi ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası kəsib. İttihama görə, jurnalist “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri kimi qulluq səlahiyyətlərindən sui-istifadə edib, vergi ödəməkdən yayınıb, xidməti müqavilələr bağlatmaqla digərlərinin də az vergi ödəməsinə səbəb olub.

Xədicə İsmayıl 2008-ci ildən “Azadlıq” radiosunda işləyib, 2010-cu ilədək Bakı bürosuna rəhbərlik edib.

“Amnesty İnternational” bildirir ki, Xədicə korrupsiyanı üzə çıxardığına görə həbsə atılıb, vicdan məhbusudur və dərhal azadlığa buraxılmalıdır: “Hakimiyyət jurnalistə qarşı dövlətin nəzarətində olan mediada çirkin kampaniya aparıb, daha sonra qondarma ittihamlarla onu həbs edib”.

Təşkilat vurğulayır ki, Azərbaycan hakimiyyəti insan haqları ilə bağlı tənqidə çox həssas yanaşır: “Rejimə siyasi məhbusların azadlığa buraxılmasından ötrü təzyiq göstərməyin vacib yolu medianın bu məsələyə diqqət ayırmasıdır”.

İyun ayında Bakıda Formula 1 Avropa Qran Pri yarışları keçiriləcəyini qeyd edən “Amnesty İnternational” həmin tədbiri diqqəti Xədicə İsmayıla yönəltmək üçün böyük imkan sayır. Hüquq müdafiə təşkilatı təşəbbüsə qoşulanları prezident İlham Əliyevə məktub yazaraq Xədicə İsmayılı dərhal azadlığa buraxmağa çağırmağa, Formula 1 Avropa Qran Pri yarışları zamanı jurnalistin məsələsini ictimailəşdirməyə, həmrəylik göstərib ona və anasına yazmağa səsləyir.

Formula 1 Avropa Qran Pri yarışı iyunun 17-dən 19-dək keçiriləcək.

Azərbaycan nefti ilin ən yüksək qiymətinə təklif olunur

29.04.2016

neft1
Dünya birjalarında neftin qiyməti yenə artıb. Nyu-Yorkun NYMEX birjasında “Layt” markalı neftin bir barreli 1,04 dollar bahalaşaraq 46,01 dollar, Londonun İCE birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,34 dollar artaraq 48,11 dollar olub.

AZƏRTAC xəbər verir ki, “AzəriLayt” markalı neftin bir barreli 1,53 dollar bahalaşaraq 48,09 dollara satılır.

Transparency.az bildirir ki, hazırda Azərbaycan nefti 2016-cı ilin ən yüksək qiymətinə təklif olunur. Yanvarın 5-də “AzəriLayt” markalı neftin bir barreli 37,64 dollara satılıb. Yanvarın 11-də “AzəriLayt”ın bir barreli 34 dollara, yanvarın 15-də 31,54 dollara təklif olunub. Yanvarın 21-də “AzəriLayt” 28,82 dollara satılıb, ayın 26-da isə qiymət 32,90 dollara qalxıb.

Azərbaycan nefti fevral ayına bir barrel üçün 35,78 dollarla başlayıb. Fevralın 5-də “AzəriLayt” 35,40 dollara, ayın 10-da 32,61dollara, 16-da 34,08 dollara, 22-də 33,26 dollara gedib. Fevral 27-də isə Azərbaycan neftinin qiyməti 37,22 dollara yüksəlib.

Mart ayında qiymətlər belə dəyişib: 4 mart – 37,24 dollar; 10 mart – 41,45 dollar, 18 mart – 42,63 dollar, 28 mart – 41,19 dollar.


Yüklə 448,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə