Xəbər bülleteni №12


İqtisadiyyat və Sənaye Nazirliyi lisenziya verilən ünvanları açıqlayıb



Yüklə 0,53 Mb.
səhifə3/5
tarix08.10.2017
ölçüsü0,53 Mb.
#4033
1   2   3   4   5

İqtisadiyyat və Sənaye Nazirliyi lisenziya verilən ünvanları açıqlayıb


26.10.2015

İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Elçin İbrahimov Economy.gov.az-a lisenziyaların verilməsi ilə yeniliklərdən danışıb. O deyib ki, dövlət başçısının 19 oktyabr 2015-ci ildə imzaladığı “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanına əsaslanan İqtisadiyyat və Sənaye Nazirliyi lisenziya tələb olunan fəaliyyət növlərinin sayının minimuma endirilməsi və dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin müəyyən olunması ilə bağlı təkliflər hazırlayır: “Qüvvədə olan qanunvericiliyə əsasən lisenziyalaşdırılan fəaliyyətə yeni başlamaq istəyən sahibkarlara əlavə xərc çəkməmək üçün yeni siyahının təsdiq olunmasını gözləməyi tövsiyə edirik. Yeni siyahı və qaydalar təsdiq olunanadək lisenziyaların verilməsi prosesinə gəlincə, həm normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həm də texniki-təşkilati istiqamətlər üzrə işlər aparılır, “ASAN xidmət” mərkəzlərində sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarına müvafiq treninqlər keçirilir.

Noyabrın 2-dən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbulu prosesinə başlanacaq. Növbəti mərhələdə isə qısa müddət ərzində yeni fəaliyyətə başlamaq istəyən sahibkarlara lisenziyaların (ilk dəfə) verilməsi ilə bağlı müraciətlərin qəbuluna start verilməsi nəzərdə tutulur”.

Bakıda lisenziyalar 5 saylı “ASAN xidmət” mərkəzində (Nizami rayonu, Heydər Əliyev prospekti 115) veriləcək. Regionlardakı “ASAN xidmət” mərkəzlərinin ünvanları da Economy.gov.az-da yerləşdirlib. Qaçqın və məcburi köçkün olan sahibkarlar fəaliyyət göstərdikləri ərazi üzrə “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.


Lisenziya verilən ünvanlar

Seçkiqabağı təşviqatı 767 namizəd davam etdirir

26.10.2015



sechki yeniMilli Məclisə noyabrın 1-də keçiriləcək seçki ilə bağlı yeni rəqəmlər açıqlanıb. AZƏRTAC xəbər verir ki, seçkiqabağı təşviqatı qeydə alınan 767 namizəd davam etdirir. Təşviqat səsverməyə 24 saat qalmış başa çatacaq.

Seçkiyə çağırış bildirişlərinin paylanması işləri yekunlaşıb. Ölkə üzrə 5 milyon 200 minə yaxın vətəndaş seçici siyahılarında qeydiyyatdadır.

Seçkini izləmək istəyən 500-ə yaxın beynəlxalq müşahidəçi qeydiyyatdan keçib. Onlar 37 beynəlxalq təşkilatın nümayəndələridir. Yerli müşahidəçilərin sayı isə 60 minə yaxındır.

Sahibkarlıq sahəsində yoxlamaları dayandıran qanun imzalandı, siyahı təsdiqləndi

27.10.2015

prezident-ferman
Prezident İlham Əliyev sahibkarlıq sahəsində aparılan yoxlamaları dayandıran qanunu imzalayıb. Transparency.az bildirir ki, qanun 4 maddədən ibarətdir:

Maddə 1. Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması

Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 (iki) il müddətinə dayandırılır.



Maddə 2. Qanunun tətbiq dairəsi

2.1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır.

2.2. Bu Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aparılan yoxlamalara şamil edilmir.

2.3. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi ilə bağlı digər məsələlər bu Qanunun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların müddəaları nəzərə alınmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.



Maddə 3. Qanunun tələbləri pozulmaqla aparılan yoxlamaların nəticələri

3.1. Bu Qanun və onun əsasında qəbul edilmiş normativ hüquqi aktların tələblərinin pozulması ilə aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur.

3.2. Sahibkar bu Qanunun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan müvafiq icra hakimiyyəti orqanına, prokurorluq orqanlarına, habelə inzibati və məhkəmə qaydasında şikayət verə bilər.

Maddə 4. Qanunun qüvvəyə minməsi

Bu Qanun 2015-ci il noyabrın 1-dən qüvvəyə minir.

Dövlət başçısı İlham Əliyev qanunun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə fərman da imzalayıb. Həmin sənədlə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların siyahısı” təsdiqlənib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində bu yoxlamalar aparıla bilər:

- dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması;

- fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması;

- təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması;

- sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yoxlanılması;

- kredit təşkilatlarının, habelə onların törəmə təsərrüfat cəmiyyətlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yoxlanılması;

- radioaktiv, partlayıcı və digər xüsusi təhlükəli maddələrin və ya avadanlıqların saxlanılması və dövriyyəsi, dağ-mədən işlərinin, hidrotexniki qurğularda, neft və qazçıxarma sənaye obyektlərində və xüsusi təhlükəli digər sahələrdə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, aparılan işlərin və istismarda olan obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılması.

Siyahıda nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti dövlət orqanının əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlamaya həmin nazirliyin əməkdaşı da qatılır.

Hakimlər və məhkəmə sədrləri təyin olunub

27.10.2015

Prezident İlham Əliyev Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq hakimlər təyin edib. Rəcəbov İlkin Əbülfəz oğlu 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin, Hüseynov Fikrət Cilingir oğlu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin, Nəsirov Vidadi Mikayıl oğlu Tərtər Hərbi Məhkəməsinin hakimi postuna təyinat alıb. Əliyev İlqar Yadulla oğlu Ağstafa Rayon Məhkəməsinin hakimi və həmin məhkəmənin sədri olub.

Bu şəxslər Bakı şəhəri rayon məhkəmələrinin hakimləri təyin edilib:



Binəqədi Rayon Məhkəməsi

Ələkbərov Bəylər Ramiz oğlu

Əliyev Emin Zöhrab oğlu

Əliyev Rəşad Şəmşir oğlu

Məhərrəmova Şeyda Ədalət qızı

Xətai Rayon Məhkəməsi

Abbasova İlahə Namiq Kamal qızı

İbrahimli İbrahim Adil oğlu

Qaradağ Rayon Məhkəməsi

Mustafayev Rəşad Rafiq oğlu



Nərimanov Rayon Məhkəməsi

Əliyev Abbas Baba oğlu

Əsədova Gültəkin Akif qızı

Məmmədov Samir Əlibala oğlu



Nəsimi Rayon Məhkəməsi

Həsənova Şəlalə Akif qızı

Mərdanova Xumar Afət qızı

Paşayev Azər İslah oğlu



Nizami Rayon Məhkəməsi

Əhmədov Rauf Tağı oğlu

Mirzəyev Fikrət Xasay oğlu

Sadıqov Məzahir Qafar oğlu



Sabunçu Rayon Məhkəməsi

Burcayev İmran Ramazan oğlu

Kazımov Elşən Cələddin oğlu

Rzayev Anar Zahid oğlu



Səbail Rayon Məhkəməsi

Rəhimov Elmar Eldar oğlu



Suraxanı Rayon Məhkəməsi

Həsənov Ramil Yaqub oğlu



Yasamal Rayon Məhkəməsi

Əliyev Rəfayil Əfraddin oğlu

Quliyev Zəfər Arif oğlu

Məmmədov Ayaz Süleyman oğlu

Səfərov Hüseyn Akif oğlu

Şamayev Elşad Yaquboviç

Rayon (şəhər) məhkəmələrinin hakimləri təyin edilən şəxslər bunlardır:

Abşeron Rayon Məhkəməsi

Kərimli İlham Əziz oğlu

Quliyeva Sevinc Məhəmməd qızı

Cəlilabad Rayon Məhkəməsi

Paşayev Qalib Hidayət oğlu



Kəpəz Rayon Məhkəməsi (Gəncə)

Həşimov Yaşar Xanoğlan oğlu

Quliyev Nuru Nadir oğlu

Nizami Rayon Məhkəməsi (Gəncə)

Axundov Emin Tahir oğlu

Şirinov Gündüz Əhməd oğlu

Lerik Rayon Məhkəməsi

Əliyev Firdovsi Zülfü oğlu



Lənkəran Rayon Məhkəməsi

Soltanov Fuad Kamil oğlu



Sabirabad Rayon Məhkəməsi

Abbaslı Təyyar Bəhrəm oğlu



Salyan Rayon Məhkəməsi

Qasımov Muradağa Əhmədağa oğlu



Şəki Rayon Məhkəməsi

Mehdiyev Elçin Məhəmməd oğlu

Süleymanov Kamran Şakir oğlu

Şəmkir Rayon Məhkəməsi

Mustafayev Mustafa Əli oğlu



Tovuz Rayon Məhkəməsi

Mustafayev Nofəl Qara oğlu

İki şəxs isə Naxçıvan Muxtar Respublikası məhkəmələrinin hakimləri olub:

Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsi

İbrahimov İlham Sadət oğlu



Naxçıvan Şəhər Məhkəməsi

Allahverdiyev Mehman Dünyamalı oğlu.

Professor: “Bu, monopoliyanın tədricən aradan qalxmasına gətirib çıxaracaq”

27.10.2015



fikret-yusifovİqtisad elmləri doktoru, professor Fikrət Yusifov prezident İlham Əliyevin gömrük sahəsində yoxlamaların sadələşdirilməsi haqqında fərmanını şərh edib. O, AZƏRTAC-a deyib ki, prezidentin oktyabrın 22-də imzaladığı fərmanla fiziki şəxslərin ölkənin gömrük ərazisinə gətirdiyi və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 min ABŞ dolları ekvivalenti məbləğindən (müşayiət edilən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə 2 min ABŞ dolları ekvivalenti məbləğindən) artıq olmayan mallar gömrük ödənişi ödənilmədən gömrük sərhədindən keçiriləcək: “Bu günə qədər mövcud olan qaydalara əsasən, vətəndaşlar ölkədən 10 min dollara qədər vəsait apara bilsələr də, ölkəyə cəmisi hər bir nəfər üçün 1500 dollar (müşayiət edən hər bir həddi buluğa çatmayan üçün isə 500 dollar) ekvivalentində mal-məhsul gətirə bilərdilər. Məsələnin bu qaydada qoyuluşunda yanlışlıq var idi. Hər dəfə ortaya sual çıxırdı ki, ölkədən 10 min dollar aparan vətəndaş bu pulun cəmi 1500 dollarına mal-məhsul alıb gətirə bilərsə, onda o həmin pulun yerdə qalan hissəsindən necə istifadə etməlidir?

Prezidentin imzaladığı fərman təkcə bu uyğunsuzluğu aradan qaldırmadı. Hər bir vətəndaşın ölkəyə 10 min dollar, onu müşayiət edən həddi buluğa çatmayanların hər birinin isə 2 min dollar məbləğində mal-məhsul gətirmək şansının olması o deməkdir ki, idxal edilən analoji məhsulların ölkə daxilində qiymətləri avtomatik aşağı düşəcək. Buna qədər vətəndaş həmin malları və məhsulları ölkəyə özünə lazım olan miqdarda gətirə bilmədiyindən onları xaricdən topdan ticarət yolu ilə gətirib daxili bazarda satan monopolistlərin diktə etdikləri qiymətlərlə — yəni bəzən öz real dəyərindən bir neçə dəfə baha almaq məcburiyyətində qalırdılar. İndi isə vətəndaş həmin malı gömrük vergisi ödəmədən xaricdən real qiymətlə alıb gətirə biləcək. Bu isə ölkədə monopoliyanın tədricən aradan qalxmasına gətirib çıxaracaq. Prezidentin fərmanı bu problemin həllinə yönələn çox mühüm addımdır.

Fərmanda aksizli malların, avtonəqliyyat vasitələrinin və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalar istisna olunur. Aksizli malların gömrük vergisi ödəməkdən azad olunacaq 10 min ABŞ dolları məbləğindəki mal və məhsulların sırasına aid edilməməsini sosial şəbəkələrdə şişirdib insanlara yanlış izahat verənlər bilməlidirlər ki, bizdə yalnız pivə və spirtli içkilərin bütün növləri, tütün məmulatları, neft məhsulları, minik avtomobilləri (xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı avtonəqliyyat vasitələri istisna olmaqla), istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələr aksiz vergilərinə cəlb olunur. Göründüyü kimi, bu sırada insanları narahat edə biləcək əsas istehlak malları yoxdur”.

Ekspert: “Milli təhlükəsizlik siyasi fəaliyyətdən ayrılmalıdır”

27.10.2015

cesur sumerinli“Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyində baş verən olaylar ölkənin milli təhlükəsizlik durumuna cavabdeh qurumların işində ciddi böhranın yarandığını göstərir və bu, milli təhlükəsizliyin heç də bəyan edildiyi qədər güclü əllərdə olmadığının əlamətidir”. Minval.az saytına danışan “Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun direktoru, hərbi ekspert Cəsur Sümərinli belə deyib.

Cəsur Sümərinli bildirib ki, adətən milli təhlükəsizlik strukturlarının fəaliyyəti ilə bağlı təlatümlər iki halda ortaya çıxa bilər: “Birincisi rəngli inqilabların baş verdiyi ölkələrdə ordu və digər güc strukturlarının mövcud siyasi hakimiyyətə dəstək verməkdən imtina etməsinə bağlıdır. Demokratik dəyişikliklərə səbəb olan faktor kimi bunu Gürcüstanda, Ukraynada və bir sıra ərəb ölkələrində müşahidə etdik.

İkinci məqam isə totalitar cəmiyyətlərində hüquq mühafizə orqanlarının, milli təhlükəsizliyə cavabdeh qurumların faktiki olaraq “reketçilik”lə məşğul olmasıyla əlaqəlidir. Belə ölkələrdə milli təhlükəsizlik qurumlarında çalışanların sahibkarları, jurnalistləri, siyasi fəalları, QHT təmsilçilərini, siyasi vəzifə tutanları qorxutmaq, nəzarətdə saxlamaq, şantaj etmək, öldürmək üçün çoxsaylı vasitə, silah və istinad edəcəyi silsilə qanunvericilik bazası var.

Avtoritar ölkələrdə milli təhlükəsizlik orqanları iqtidarın sədaqətli arxası rolundadır. Hakimiyyətin siyasətini bəyənməyən bu və digər qüvvələrə qarşı məhz milli təhlükəsizlik qurumları çıxış edir, onları “düzgün yola” istiqamətləndirirlər. Azərbaycanda da siyasi hakimiyyət təhlükəsizlik orqanlarına arxalanıb, amma son 12 ildə icraedici və qanunverici qurumların güc strukturlarından kəskin asılılığı problemi ortaya çıxıb. MTN faktiki Azərbaycanda əsas söz sahibi olub. İndiyədək minlərlə sahibkar, jurnalist, siyasi fəal, QHT fəalını MTN qorxudub, onlara təzyiq edilib, həbsə atılıb və ya külli miqdarda pul ödəməyə vadar olublar”.

Ekspertin fikrincə, dünyada hüquq mühafizə orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində ortaya çıxan yeniliklər Azərbaycanda cəmiyyəti təzyiq altında saxlamağa yönəldilib: “Məsələn, Anti-Terror Mərkəzinin (ATM) fəaliyyətə başlaması Azərbaycanın NATO və ABŞ-la əməkdaşlığı nəticəsində mümkün olub. 2001-ci ilin 11 sentyabr hadisəsindən, yəni Nyu-York və Vaşinqtonda terror törədiləndən sonra Azərbaycanda, MTN-in tərkibində yaradılan Anti-Terror Mərkəzinin formalaşmasına texniki və nəzəri dəstək NATO və ABŞ-dan gəlmişdi. Məqsəd regionda mövcud və ehtimal olunan təhlükələrə qarşı Azərbaycanın müdafiə imkanlarını gücləndirmək idi. Amma Azərbaycanın siyasi rəhbərliyi ATM-i öz cəmiyyətinə qarşı yönəltdi. ATM-də vəzifə tutanların əsas hədəfi mövcud və mümkün terrorçular deyil, siyasi partiyalar, jurnalistlər, siyasi fəallar, QHT fəalları və sahibkarlar oldu. Minlərlə şəxsi məhz ATM sorğu-sual edib, onlar şantaj, zorakılıq, təzyiq, təhdid və təhqirlərə məruz qalıblar.

İndi Azərbaycan Qərblə təhlükəsizlik sahəsində informasiyaların bölüşdürülməsi üzrə əməkdaşlığı qeyri-müəyyən müddətədək dayandırıb. Bunu çox ciddi problem hesab edirəm. Qərbdən informasiyaların alınmasına son verilməsi Azərbaycanda ciddi neqativ hadisələrin baş verməsinə gətirib çıxarda bilər”.

Cəsur Sümərinlinin sözlərinə görə, Azərbaycanın NATO və Qərblə əməkdaşlığı nəticəsində ortaya çıxmalı olan, xalqa xeyir verməli olan bir sıra proseslər reallaşmadı və buna səbəb iqtidarın yanlış siyasətidir: “Bu dövrdə Azərbaycan hakimiyyəti Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirdi. Bunun da anti-demokratik bir əməkdaşlıq olduğunu söyləmək çətin deyil.

Qərbdə, NATO-da hüquq mühafizə orqanları, xüsusilə də təhlükəsizlik qurumlarının fəaliyyəti xalqın, dövlətin təhlükəsizliyini təmin etməyə, terroru qabaqlamağa hədəflənir. Azərbaycan, Rusiya, Belarus kimi ölkələrdə isə bu fəaliyyət siyasi elitanın qeyri-qanuni əməllərini təmin etməyə, xalqdan gələn demokratiya qığılcımlarını zərərsizləşdirməyə yönəlib”.

Cəsur Sümərinlinin fikrincə, demokratik sistem bərqərar olunmayınca güc strukturlarının — Silahlı Qüvvələrin və hüquq mühafizə orqanlarının fəaliyyətində hər zaman böhran olacaq: “Məsələnin kökü korrupsiya və qeyri-humanitar fəaliyyətdə, eyni zamanda qeyri-hesabatlılıqdadır. Azərbaycanda güc strukturlarının tam yenidən qurulması vacibdir. Hakimiyyət xalqdan qorxmamalı, xalq qarşısına üzüaçıq çıxmalı, etimad yiyəsi olmalıdır.

Güc strukturlarının parlament qarşısında hesabatlılığı lazımdır. Amma necə parlament qarşısında? Sözsüz, demokratik qaydada seçilmiş parlament qarşısında. Amma Azərbaycanda bu da yoxdursa, onda hər hansı bir müsbət perspektivi cızmaq mümkünsüz görünür.

Azərbaycanda güc strukturlarının yenidən qurulması, fəaliyyətlərinin müasirləşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı üzvü olduğum Respublikaçı Alternativ Hərəkatının proqramında konkret müddəalar əksini tapıb. Təhlükəsizlik sahəsində islahatlar hüquq mühafizə orqanlarının fəaliyyətinin effektivləşdirilməsi və ictimai etimadın bərpa edilməsi məqsədilə həyata keçirilməlidir. Geniş struktur dəyişikliyi, funksiyaların yenidən bölüşdürülməsi və iş prinsiplərinin yenilənməsi hədəfi var. Bu qurumların əhali arasında yaranmış güvənilməyən, zora dayanan və effektiv işi olmayan obrazının dəyişdirilməsi islahatın əsas məqsədidir. İslahat hüquq mühafizə orqanlarının fəaliyyətinin hər dörd istiqamətinə (ictimai asayiş, əməliyyat-axtarış, təhqiqat və ibtidai istintaq) aiddir”.

Üzvü olduğu hərəkatın islahatlar proqramından danışarkən Cəsur Sümərinli onu da deyib ki, milli təhlükəsizlik siyasi fəaliyyətdən ayrılmalı, bu sahədə fəaliyyət göstərəcək qurum nazirlik statusu daşımamalıdır: “Milli Təhlükəsizlik Nazirliyinin bazasında Əks-Kəşfiyyat İdarəsi və Baş Kəşfiyyat İdarəsi yaradılmalıdır. Bu qurumlar birbaşa ölkə prezidentinə tabe olmalıdır. Lakin bu qurumlar hökumətlə işgüzar əməkdaşlıq etməli və Milli Məclis qarşısında hesabat verməlidir. Bütün bunlardan sonra Azərbaycanda xalqın etimad bəsləyəcəyi həqiqi milli təhlükəsizlik qurumlarının yaranacağına inanırıq.

Bizim istinad etdiyimiz təcrübə NATO ölkələrinin modern təcrübəsidir. Düşünürük, bu və digər islahatlar reallaşdıqdan sonra Azərbaycanda həqiqi milli təhlükəsizliyin real möhkəm əllərdə olduğunu bəyan etmək olacaq”.

Sağlamlıq imkanları məhdud hesab edilən uşaqlarla bağlı statistika açıqlanıb

27.10.2015

nazirlikƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Transparency.az-a verilən məlumata görə, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətində şəffaflığın təmin olunmasına nəzarətin gücləndirilməsi uşaqlar arasında sağlamlıq imkanları məhdud hesab edilənlərin sayının azalması ilə müşahidə olunur. Açıqlamada bildirilir ki, bu ilin yanvar-sentyabr aylarında nazirliyin Tibbi-Sosial Ekspert Komissiyalarında ilkin olaraq sağlamlıq imkanları məhdud hesab edilən 18 yaşadək uşaqların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 min nəfərə yaxın və ya 35 faizədək azalıb: “Bu dövrdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilənlər sırasında ilkin olaraq sağlamlıq imkanları məhdud hesab edilənlərin xüsusi çəkisi 35,7 faizdən 23,7 faizə enib.

Uşaqların bərpa-müalicəsi istiqamətində də müvafiq işlər aparılır. 9 ayda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ötən illə müqayisədə 52,1 faiz çox şəxsin, yəni 245 nəfərin xaricdə bərpa müalicəsini təşkil edib, onlardan 130 nəfəri (53%) sağlamlıq imkanları məhdud uşaqlar olub. Bu da ötən illə müqayisədə 52,9 faiz çoxdur. Həmin uşaqlar valideynlərindən birinin müşayiəti ilə Türkiyə Respublikasının Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzinə göndərilərək ixtisaslaşmış bərpa müalicəsi kursu keçiblər.

Cari ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bərpa-müalicə müəssisələrində müvafiq xidmətlərlə təmin olunan 5 min nəfərə yaxın və protez-ortopedik bərpa xidməti göstərilən 7,2 min nəfərə yaxın şəxslərin bir hissəsini də sağlamlıq imkanları məhdud uşaqlar təşkil edib”.

Qaydalar işləmir, qadağalar gəlir

27.10.2015

bekir-nerimanoglu21
      Bəkir Nərimanoğlu

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev “Azərbaycan” qəzetinin 9 oktyabr sayında yazırdı ki, sahibkarlıq fəaliyyətinə əsassız müdaxilələrin aradan qaldırılması istiqamətində ciddi tədbirlər həyata keçirilib, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” yaradılıb, reyestr sahibkarlıq sahəsində yoxlamaların aparılması ilə əlaqədar sahibkarların hüquqlarının müdafiəsinə, sui-istifadə hallarının qarşısının alınmasına və bu sahədə şəffaflığın artırılmasına xidmət edir.

Bu məqalənin dərcindən 3 gün keçəndən sonra hökumətin iclasında danışan prezident İlham Əliyev sahibkarlıq sahəsində yoxlamaları tənqid etdi: “Yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıblar. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin, hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar? Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır – kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər. Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq”.

2 illik qadağa

Prezident bu çıxışından sonra Milli Məclisə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanun layihəsi göndərdi. Oktyabrın 20-si parlamentdə qəbul edilən həmin qanun artıq imzalanıb. Qanuna görə, yoxlamalar bu il noyabrın 1-dən 2 il müddətinə dayandırılır. Bu müddətdə yalnız vergi yoxlamaları, insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanında müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq.

Qanunun müddəaları korrupsiya cinayətlərinin araşdırılması ilə əlaqədar Baş Prokurorluğun apardığı yoxlamalara şamil edilmir.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində bu yoxlamalar aparıla bilər:

- dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması;

- fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması;

- təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması;

- sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yoxlanılması;

- kredit təşkilatlarının, habelə onların törəmə təsərrüfat cəmiyyətlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yoxlanılması;

- radioaktiv, partlayıcı və digər xüsusi təhlükəli maddələrin və ya avadanlıqların saxlanılması və dövriyyəsi, dağ-mədən işlərinin, hidrotexniki qurğularda, neft və qazçıxarma sənaye obyektlərində və xüsusi təhlükəli digər sahələrdə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, aparılan işlərin və istismarda olan obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılması.

Siyahıda nəzərdə tutulmamış, lakin insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan təxirəsalınmaz hallarda yoxlamalar müstəsna qaydada aidiyyəti dövlət orqanının əsaslandırılmış müraciəti əsasında Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır. Bu halda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi sahibkarların hüquqlarının müdafiəsi üçün zəruri hesab etdikdə yoxlamaya həmin nazirliyin əməkdaşı da qatılır.

Vahid reyestr işə yaramadı?

Yoxlamalar sahəsində vahid reyestri əsas gətirən hökumət rəsmiləri hər şeyin qaydasında olduğunu deyirdilər. Yoxlamalar 1 may 2011-ci ildən fəaliyyətə başlamış “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınmaqla həyata keçirilirdi. Həmçinin 2 iyul 2013-cü ildə qəbul olunmuş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun qəbul ediləndə bu sahədə problemlərin olmayacağı bildirilirdi. Ancaq görünən odur ki, bu qanun da işləməyib.

10 fəsil və 38 maddədən ibarət olan bu qanunda sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlayıcı orqanların və vəzifəli şəxslərin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələlər öz əksini tapıb. Qanunun əsas məqsədi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasıdır. Sənəddə qeyd edilir ki, müəyyən olunmuş tələblərə uyğun olmayaraq aparılan, eləcə də vahid məlumat reyestrində qeydə alınmadan həyata keçirilən yoxlamaların heç bir hüquqi qüvvəsi yoxdur. Yəni ölkə ərazisində aparılan bütün növ yoxlama tədbirləri (araşdırma, müayinə, monitorinq, müşahidə, nəzarət, reyd və s.) yalnız bu qanunda nəzərdə tutulmuş hallarda və qaydada, əvvəlcədən vahid məlumat reyestrində qeydiyyatdan keçirilməklə aparılmalıdır.

İqtisadçı ekspert Natiq Cəfərli deyir ki, maraqların toqquşmasına görə yoxlamalarda vahid reyestr işləmədi: “Reyestr işləsəydi, yoxlamalarda ardıcıllıq olmalı idi”.

REAL seçkidən sonra təkrar seçki tələb edir

27.10.2015



realRespublikaçı Alternativ (REAL) Hərəkatı noyabrın 1-də keçiriləcək parlament seçkisi ilə bağlı bəyanat yayıb. Transparency.az-ın məlumatına görə, bəyanatda deyilir ki, REAL Hərəkatı seçkidə iştiraka qərar verəndə ölkədə seçki mühitinin olmadığını, seçki institutunun sıradan çıxarıldığını, xalqın öz iradəsini azad şəkildə ifadə etməsinin mümkünsüz olduğunu vurğulamış, əsas hədəfinin, məqsədinin vətəndaşlarla təmas qurmaq olduğunu açıqlamışdı: “REAL Hərəkatının adından 17 nəfər namizədlik üçün müraciət etdi, kampaniyada 10 minə yaxın imza alındı, hər bir imza üçün 12-15 nəfərlə görüş keçirildi, 100 mindən çox vətəndaşımıza REAL haqqında əlavə məlumat verməyə nail olundu.

Qeydə alınmış namizədlərimizin dairələrində ümumilikdə 450-500 min seçici yaşayır. Cəmi 23 günlük təbliğat-təşviqat dönəmində namizədlərimiz bütün gücünü vətəndaşlarla görüşlərə, qapı-qapı gəzərək seçicilərə REAL, qeyri-qanuni həbs edilmiş sədrimiz İlqar Məmmədov, proqramımız, hədəflərimiz, ölkədə yaşanan problemlərin həlli yolları haqqında məlumat verdi. Seçki kampaniyası dövründə vətəndaşlara 120 min nüsxədən artıq çap materialı paylandı, bu da təşkilatımızın daha yaxşı tanıdılmasında mühüm rol oynadı.

Hakimiyyət məhz REAL Hərəkatından olan namizədlərin canlı yayımda fərqli üslub, dil, yanaşma ortaya qoya biləcəyini, REAL-ın daha çox tanınacağını nəzərə alaraq pulsuz efir vaxtının verilməsindən imtina etdi.

REAL Hərəkatı seçkidə iştirakla bağlı verdiyi qərarda qarşısına qoyduğu məqsədlərə çatdığını, ölkədə seçki mühitinin, seçki institutuna vətəndaşların inamının olmadığını, indiki şərtlərlə formalaşacaq parlamentin xalqın iradəsini əks etdirməyəcəyini bəyan edir”.

1 noyabrda keçiriləcək seçkinin nəticələrini tanımayacağını bəyan edən REAL siyasi məhbusları azadlığa buraxmağa, ölkədə azad və rəqabətli siyasi mühit yaradılmasına, qeydə alınmış hər bir namizədə pulsuz efir vaxtının verilməsi üçün qanunvericilikdə dəyişikliklər edilməsinə, bütün bunlardan sonra 2016-cı ildə Azərbaycanda təkrar parlament seçkisi keçirməyə çağırır.

REAL Hərəkatı 2008-ci ildə yaradılıb. Təşkilatın lideri İlqar Məmmədov 2013-cü ildə İsmayıllıda hökumət əleyhinə iğtişaşlar təşkil etmək ittihamı ilə tutulub, 7 il azadlıqdan məhrum edilib.

1 noyabr seçkisində REAL-dan 10 şəxsin deputatlığa namizədliyi qeydə alınıb. Onların arşında iqtisadçılar Natiq Cəfərli, Hafiz Babalı, siyasi elmlər üzrə fəlsəfə doktoru Azər Qasımlı, hüquqşünaslar Vəfa Rüstəm, Ramil Süleymanov,  informasiya texnologiyaları mütəxəssisi Şadiman İsmayılov və başqaları var.

Polşada hakimiyyətə gələnlər nə vəd edir?

27.10.2015

shidlo 1
Polşanın Dövlət Seçki Komissiyası oktyabrın 25-də keçirilmiş parlament seçkisinin nəticələrini açıqlayıb. Transparency.az xəbər verir ki, millətçi mühafizəkarların Hüquq və Ədalət Partiyasının 37,6% səslə Seymdə yerlərin çoxuna sahib çıxdığı, hökumət qurmaq səlahiyyəti qazandığı bəyan olunub.

Hüquq və Ədalət Partiyasına 2010-cu ilin aprelində təyyarə qəzasında həlak olmuş mərhum prezident Lex Kaçinskinin əkiz qardaşı Yaroslav Kaçinski rəhbərlik edir. Qurumun baş nazirliyə namizədi xanım Beata Şidlodur.

Beata Şidlo 1963-cü ildə Osvensim şəhərində doğulub. Krakovdakı Yaqellon Universitetini etnoqrafiya ixtisası üzrə bitirib, daha sonra fəlsəfə, tarix, mədəniyyət meneceri, ərazi idarəetmə üzrə aspirantura təhsilləri alıb. 2005-ci ildən Hüquq və Ədalət Partiyasının üzvüdür, sədrin müavinidir.

Hüquq və Ədalət Partiyasının əsas hədəfləri ölkədə pensiya yaşının endirilməsi (hazırda 67-dir), hər uşağa görə ayda 120 avro əlavə ödəniş verilməsi, vergi tutulmayan minimum maaş məbləğinin artırılmasıdır.

Dünya Səhiyyə Təşkilatı əti alkoqol və siqaretlə bir tutan məruzə yayıb

27.10.2015



kolbasaDünya Səhiyyə Təşkilatı emal olunmuş ətləri – bekon, vetçina, kolbasa və sosiskaları ürək-damar və onkoloji xəstəliklər yarada biləcək potensial təhlükəli ərzaqların siyahısına daxil edib. Təşkilatın iddiasına görə, ətdən hazırlanmış bu məmulatların insan orqanizminə vurduğu zərər alkoqol, siqaret və asbestlə müqayisə oluna bilər.

Risk qrupunda ikinci yeri qırmızı ətdən – mal, qoyun və donuz ətindən hazırlanan yeməklər tutur. Quş və balıq əti bura aid deyil.

Dünya Səhiyyə Təşkilatı əməkdaşlarının 34 mindən çox xəstəlik tarixçəsini tədqiq edərək hazırladıqları məruzədə qeyd olunur ki, gündə qəbul edilən 50 qram qırmızı və ya emal edilmiş ət bağırsaq xərçənginin inkişafı riskini 18 faizədək artırır.

Xəbəri AZƏRTAC “Euronews” telekanalına istinadla yayıb.

Sahibkarlar prezidentə təşəkkür etdi

27.10.2015



konfransOktyabrın 27-si Bakı Biznes Mərkəzində “Sahibkarlığın inkişafında yeni mərhələ: hədəflər və imkanlar” mövzulu konfrans keçirilib. Economy.gov.az-ın məlumatına görə, tədbirdə çıxış edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev prezident İlham Əliyevin son zamanlar imzaladığı sənədlərin, qəbul edilmiş qərarların sahibkarlığın inkişafına verilən böyük dəstəyin göstəricisi olduğunu vurğulayıb.

İqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov çıxışında prezidentin bu günlərdə imzaladığı “Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında” fərmanından söz açıb. O deyib ki, fərmanla bütün xüsusi razılıqları İqtisadiyyat və Sənaye Nazirliyi “ASAN xidmət” mərkəzlərində verəcək: “İqtisadiyyat və Sənaye Nazirliyi lisenziyaların sayının azaldılmasına və prosedurların sadələşdirilməsinə dair təkliflər hazırlayır. Eyni zamanda həm normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həm də texniki-təşkilati istiqamətlər üzrə işlər aparılır, “ASAN xidmət” mərkəzlərində sahibkarlara xidmətin yüksək səviyyədə göstərilməsi üçün İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşlarına müvafiq treninqlər keçirilir.

Noyabrın 2-dən müddəti bitən lisenziyaların yenisi ilə əvəz edilməsi üçün sənədlərin qəbuluna başlanacaq. Növbəti mərhələdə isə yeni fəaliyyətə başlamaq istəyən sahibkarlara lisenziyaların verilməsi ilə bağlı müraciətlərin qəbulu nəzərdə tutulur. Yaxın aylarda həmçinin “Elektron lisenziya” portalı işə düşəcək və bununla da sahibkarlara lisenziyaların və digər sənədlərin verilməsi prosesi tamamilə elektronlaşdırılacaq”.

Sahib Məmmədov sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi kimi tədbirlərin özəl bölməyə dövlət dəstəyi tədbirlərindən olduğunu və ölkədə sahibkarlıq mühitinin daha da yaxşılaşmasına xidmət edəcəyini vurğulayıb.

Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, ki, 2015-ci il noyabrın 1-dən sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il müddətinə dayandırılmasına dair qanun ölkədə sahibkarlığın, o cümlədən kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək, qanunsuz müdaxilələrin aradan qaldırılmasına xidmət edəcək.

Konfransa qatılan sahibkarlar prezident İlham Əliyevə müraciət qəbul ediblər. Müraciətdə dövlət başçısının təşəbbüsü ilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, eləcə də gömrük və lisenziyalaşdırma sahələrində inzibati prosedurların sadələşdirilməsi barədə fərmanlar sahibkarlığın inkişafı baxımından inqilabi addım kimi qiymətləndirilir, prezidentə minnətdarlıq bildirilir.

Küveyt gəlirinin 60%-ni itirdi

27.10.2015



sheikh_sabah_foto 1Dünya bazarında neftin qiyməti düşdüyünə görə Küveytin dövlət büdcəsinə daxilolmalar 60% azalıb. Novator.az xəbər verir ki, bunu Küveyt əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah oktyabrın 27-də parlamentdə açıqlayıb.

Küveyt əmiri bildirib ki, belə bir vəziyyətdə iqtisadi islahatlar aparılmalı, dövlət xərcləri azaldılmalı, qısa vaxtda fövqəladə tədbirlər görülməlidir.

2015-ci ilin iyulunda Küveyt parlamenti son 16 ildə ilk dəfə olaraq 2016-cı ilin dövlət büdcə layihəsini 23 milyard 200 milyon dollar kəsirlə qəbul edib. Buna səbəb neftin ucuzlaşmasıdır.

Küveytin əsas gəliri neft ixracatındandır. Amma 548 milyard dollar ehtiyatı olduğuna görə neftin ucuzlaşması bu ölkədə kəskin böhran təhlükəsi yaratmır.

Türkiyə seçki ərəfəsində: kimin səsi nə qədərdir?

27.10.2015



secim-anketiTürkiyənin nüfuzlu KONDA araşdırma şirkəti 1 noyabr parlament seçkisi ərəfəsində son rəy sorğusunun nəticələrini açıqlayıb. Transparency.az xəbər verir ki, respondentlərin rəyi ilə seçki yarışının əsas iştirakçıları belə sıralanıb:

Ədalət və İnkişaf Partiyası — 40,9%,

Cümhuriyyət Xalq Partiyası — 30,4%,

Milliyyətçi Hərəkat Partiyası — 14,3%

Xalqların Demokratik Partiyası — 11,8%.

Bu il iyunun 7-si Türkiyədə yeni parlament seçilib. Hakim Ədalət və İnkişaf Partiyası bu dəfə 550 yerlik parlamentə 258 deputat keçirib. Partiya 40,9% faiz səs toplayıb.

7 iyun seçkisində Cümhuriyyət Xalq Partiyası 25% səslə 132 deputat yeri götürüb, Milliyyətçi Hərəkat Partiyası (16,3%) və Xalqların Demokratik Partiyası (13,1%) hərəyə 80 mandat alıblar.

Hökumət qurmaq mümkün olmadığına görə Türkiyə yeni seçkiyə getməli olub.

Prezident ipoteka kreditləşməsi ilə bağlı fərman verib

28.10.2015



prezident-ilham-aliyev1Prezident İlham Əliyev oktyabrın 27-də “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılmasına fərman verib. Transparency.az-ın məlumatına görə, fərmanın preambulasında qeyd olunur ki, son illər ipoteka kreditlərinə çıxış artıb, 17 mindən artıq ailəyə 700 milyon manata yaxın ipoteka krediti, o cümlədən dövlət büdcəsindən ayrılan vəsait hesabına 5 minə yaxın ailəyə 190 milyon manat güzəştli ipoteka krediti verilib, amma əhalinin, xüsusilə də gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatı hələ də tam ödənilmir.

Dövlət başçısı “Azərbaycan İpoteka Fondu” ASC-nin yaradılmasını gənc və aztəminatlı ailələrin əlverişli maliyyələşdirmə vasitələrinə, o cümlədən ipoteka kreditlərinə çıxış imkanlarını asanlaşdırmaq, ipoteka kreditləşməsi sistemini təkmilləşdirmək, sosial qayğıya ehtiyacı olan əhali qruplarının mənzil təminatının yaxşılaşdırılması ilə bağlı işləri sürətləndirmək və bu sahədə şəffaflığı təmin etmək zərurəti ilə əsaslandırıb.

Mərkəzi Bank nəzdində Azərbaycan İpoteka Fondunun yenidən təşkili yolu ilə yaradılan ASC-nin səhmləri dövlətə məxsusdur. ASC Azərbaycan İpoteka Fondunun hüquqi varisidir və onun bütün hüquq və öhdəliklərinə, habelə əmlakına sahib durur.

“Azərbaycan İpoteka Fondu” ASC Azərbaycan Respublikasında əhalinin yaşayış sahəsi ilə uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə təmin edilməsi mexanizminin yaradılması, ipoteka kreditləşməsinə yerli və xarici maliyyə resurslarının cəlb olunmasına köməklik göstərilməsi ilə bağlı işləri yerinə yetirir.

Cəmiyyətdə müşahidə şurası, idarə heyəti və təftiş komissiyası yaradılır. İdarə heyəti sədrinin və onun müavininin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan prezidenti həyata keçirir.

ASC-nin ipoteka kreditləşməsinə cəlb etdiyi vəsait yaşayış sahəsinin 1 kvadratmetri üçün hesablanan qiyməti ipoteka kreditinin verilmə tarixinə ölkənin şəhər və rayon ərazilərinin müvafiq zonalarında orta bazar qiymətindən artıq olmayan, təmir edilmiş, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun istismarına icazə verilmiş çoxmənzilli binalardakı mənzillərin və məlumatlandırma icraatı qaydasında inşa edilmiş, tikintisinin başa çatması barədə məlumat verilmiş yaşayış evlərinin alınmasına yönəldilir.

2005-2015-ci illər ərzində dövlət büdcəsindən Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fonduna ayrılmış vəsaitlər cəmiyyətin nizamnamə kapitalına aid edilir.

Nazirlər Kabineti ASC-də səhmdarların ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən qurumlar barədə təkliflərini bir ay müddətində hazırlayıb prezidentə təqdim etməlidir.

Hökumətə çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi, həmin binaların istismarına icazə verilməsi, habelə yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlamaq da tapşırılıb.

Bir ay ərzində ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaka tələbin yönəldilməsi mexanizminin, o cümlədən hərracların keçirilməsi qaydalarının təkmilləşdirilməsi ilə bağlı təkliflər də hazırlanıb prezidentə təqdim olunmalıdır.

Nazirlər Kabineti ASC-nin nizamnaməsini və müşahidə şurasının tərkibini bir ay müddətində prezidentlə razılaşdıraraq təsdiqləməlidir.

ASC-nin vəsaiti hesabına ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi, orta bazar qiymətinin müəyyən edilməsi qaydaları da bir ay müddətində təsdiq olunmalıdır.

8 il əvvəl yaradılmış dövlət agentliyinə rəhbər təyin edilib

28.10.2015



zaur eliyev 1Prezident İlham Əliyev Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə direktor təyin edib. Oktyabrın 27-də imzalanmış sərəncamla bu post Zaur Əliyevə verilib.

Transparency.az bildirir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin yaradılması haqqında prezident sərəncamı 27 dekabr 2007-ci ildə imzalanıb. Sərəncamda bu qurumun yaradılması səhiyyə sisteminin idarə olunmasını təkmilləşdirmək, əhaliyə tibbi yardım göstərilməsi mexanizmini müasir tələblərə uyğunlaşdırmaqla səhiyyə xidmətinin keyfiyyətini daha da yaxşılaşdırmaq, icbari tibbi sığorta sisteminin tətbiqinə başlamaq məqsədilə əsaslandırılıb.

“Marja” xəbər verir ki, Zaur Əliyevin 34 yaşı var, Böyük Britaniyada mühasibat və maliyyə üzrə bakalavr təhsili alıb, həmin ölkədə, Azərbaycanda, Qazaxıstanda audit mütəxəssisi kimi çalışıb, “PAŞA Sığorta” şirkətində idarə heyəti sədrinin birinci müavini olub.

Dünya Bankı Qrupu biznes reytinqini açıqladı: Azərbaycan neçənci yerdədir?

28.10.2015

biznes 1Dünya Bankı Qrupu biznes mühitini qiymətləndirən “Doing Business-2016” hesabatını açıqlayıb. Transparency.az xəbər verir ki, Azərbaycan 189 ölkə arasında 63-cü yerdədir.

Ötən ilki hesabatla müqayisədə Azərbaycan islahat indikatorunda bir bal irəliləyib. Azərbaycanın mövqeyinin yaxşılaşması əsasən biznesə başlama, tikinti üçün icazələrin alınması və kiçik investorların müdafiəsi kimi üç sahədə aparılan islahatlarla izah olunur. Hesabata görə, il ərzində Azərbaycan dünyada üç və daha artıq islahatı həyata keçirmiş 26 ölkə arasında yer alır.

Qeyd olunur ki, Azərbaycan korporativ möhürlərin istifadəsi ilə bağlı tələbi ləğv etməklə biznesə başlamanı asanlaşdırıb. Biznesə başlama müddəti 5 gündən 3 günə qədər azalıb.

Hesabata görə, Azərbaycan layihə sənədlərinin ilkin təsdiqlənməsini həyata keçirmək üçün “bir pəncərə” sistemini formalaşdırmaqla tikintiyə icazələrin verilməsini daha da asanlaşdırıb, anbarların tikintisi üzrə prosedurların sayı isə 24-dən 18-ə endirilib.

O da bildirilir ki, Azərbaycan əlaqəli tərəflərlə əməliyyatların xarici qiymətləndirilməsinin aparılması və bitərəf səhmdarlar tərəfindən təsdiqlənməsi ilə bağlı tələbləri tətbiq etməklə kiçik investorların müdafiəsini gücləndirib.

Hesabatda Azərbaycan biznesə başlama indikatoru üzrə 189 ölkə arasında 7-ci yerdə qərarlaşır. Hesabata görə, Azərbaycan əmlakın qeydiyyatı sahəsində də qabaqcıl təcrübəni tətbiq edir. Əmlakın ötürülməsinin qeydiyyatı orta hesabla 8,5 gün çəkir. Dünyada bunun orta göstəricisi 48 gündür.

Tikinti üçün icazələrin alınması (114-cü yer) və elektrik enerjisinə çıxış (110-cu yer) indikatorlarında isə Azərbaycan geridədir. Qlobal göstərici (160 gün) ilə müqayisədə ölkədə anbar tikintisi üçün icazə 203 gün vaxt aparır.

Azərbaycan ədliyyə infrastrukturun qiymətləndirilməsi, məhkəmə sistemində avtomatlaşdırmanın səviyyəsi, mübahisələrin alternativ həlli mexanizmləri və hüquqi işlərin idarə olunması indikatorlarında da geridə qalır.

Biznes mühitinin ümumi reytinq cədvəlində ilk üçlükdə Sinqapur, Yeni Zelandiya, Danimarka qərarlaşır. Siyahını Cənubi Sudan, Liviya və Eritreya qapadır.

Reytinq cədvəlində Azərbaycana qonşu dövlətlərdən Gürcüstan 24-cü, Ermənistan 35-ci, Rusiya 51-ci, Türkiyə 55-ci, İran 118-cidir (Reytinq).

İnternet azadlığı indeksi bəlli olub

28.10.2015



cebit 2015 technology trade fair
“Freedom House” beynəlxalq hüquq müdafiə təşkilatı 2015-ci il üzrə internet azadlığı indeksini (Hesabat) açıqlayıb.

Novator.az xəbər verir ki, təşkilatın hesabatında internet azadlığının qiymətləndirilməsi zamanı ölkələr 3 qrupa bölünüb: internetin azad olduğu ölkələr, qismən azad olduğu ölkələr, azad olmadığı ölkələr.

Azərbaycan internetin qismən azad olduğu ölkələr sırasındadır. Qiymətləndirmədə Azərbaycanla Zimbabveyə eyni bal (56 bal) verilib. İnternetin qismən azad olduğu ölkələrdən Liviya 54, Venesuela 57, Türkiyə 58 bal toplayıb.

İnternetin azad olmadığı ölkələr sırasında Qazaxıstan (61 bal), Rusiya (62 bal), Belarus (64 bal), Özbəkistan (78 bal) da var. Bu sırada ən pis bal toplayanlardan biri Çindir – 88 bal.

İnternetin azad olduğu ölkələr arasında keçmiş SSRİ məkanından Estoniya (7 bal), Gürcüstan (24 bal) və Ermənistanın (28) adları var.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi açılıb

28.10.2015

kompleks
AZƏRTAC xəbər verir ki, oktyabrın 28-də Abşeron rayonunda “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılış mərasimi olub. Prezident İlham Əliyev mərasimdə iştirak edib.

Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi Ceyranbatan gölündən suyun götürülməsi məqsədilə tikilmiş hidrotexniki qurğular, sutəmizləyici qurğunun özü və onun köməkçi infrastrukturu, emal olunmuş suyun optimal paylanması məqsədilə relyef baxımından hündürlükdə yerləşən anbarlardan və qurğudan anbara qədər magistral kəmərdən ibarətdir.

Kompleksdə emal olunan su istehlakçılara Ceyranbatan-Zirə magistral kəməri ilə ötürülür. Kəmərin 61 kilometrlik Ceyranbatan-Balaxanı-Ramana-Qala hissəsinin tikintisi 2013-cü ildə, 22,5 kilometrlik Qala-Zirə hissəsinin tikintisi isə 2014-cü ildə başa çatdırılıb. Əsasən Abşeron yarımadasının qəsəbə və kəndlərinin su təchizatına hesablanmış Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə kəməri ilə ötürülən suyun səmərəli paylanması, bu ərazilərdə əhalinin fasiləsiz su təminatına nail olunması üçün kəmərin marşrutu boyunca tutumu 90 min kubmetr olan Saray, Balaxanı, Ramana, Qala və Zirə anbarları tikilib. Gələcəkdə Masazır və Binəqədidə yeni anbarların tikilməsi, eləcə də mövcud anbarların genişləndirilməsi nəzərdə tutulur, bunun nəticəsində 200 min kubmetrdən artıq su ehtiyatı yaradılacaq.

Dövlət başçısı kompleksi işə salıb, açılış mərasimində çıxış edib.

Vergi Apellyasiya Şurasında şikayətlərə baxılıb

28.10.2015



vergiler-nazirliyi-3Vergi Apellyasiya Şurasında fiziki şəxs Rüstəmov Tofiq Qaçay oğlunun gəlir vergisi üzrə kameral qaydada hesablanmış əlavə verginin ləğv edilməsi barədə təkrar şikayətinə baxılıb. Xəbəri Vergilər Nazirliyinin analitik-informasiya şöbəsi yayıb.

Araşdırma zamanı məlum olub ki, Bakı Vergilər Departamentində qeydiyyatda olan Rüstəmov 21 fevral 2013-cü ilə 78370 manata əldə etdiyi mənzili həmin ilin oktyabr ayının 31-də 117 675 manata satıb, lakin 2013-cü ilin müvafiq dövrü üzrə vergi bəyannaməsini vergi orqanlarına təqdim etməyib. Hesabat dövrü üzrə vergilərin hesablanmasında kənarlaşma yarandığından departament müvafiq vergi hesablayıb.

Rüstəmovun əlavə vergi məbləğinin ləğv edilməsi barədə şikayətləri Bakı Vergilər Departamenti və Vergilər Nazirliyində təmin edilməyib.

Apellyasiya Şurasında aparılmış araşdırmalara əsasən, vergi ödəyicisinin təkrar şikayətində və vergi orqanına təqdim edilən izahatında, həmçinin şuranın iclasında öz mövqeyini sübut etmək üçün heç bir tutarlı əsas gətirmədiyi, notariat kontorundan əldə edilən məlumatlara əsasən alğı-satqı sənədində rəsmi olaraq daşınmaz əmlakın 78370 manata alındığı, həmin əmlakın 117675 manata təqdim edildiyi, mənzili alarkən 22000 manat beh olaraq verməsi ilə bağlı hər hansı təsdiqedici sənədlərin araşdırmaya təqdim edilmədiyi, habelə bu cür gəlirin fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirlərə aid olduğu təsdiqlənib. Beləliklə, təkrar şikayət təmin olunmayıb.

Rəsmi məlumata görə, Vergi Apellyasiya Şurasında fiziki şəxs Sadıqov Anar Telman oğlunun Vergilər Nazirliyinə ünvanlanmış ödəmə mənbəyində tutulan vergi üzrə kameral qaydada hesablanmış əlavə verginin ləğv edilməsi barədə təkrar şikayətinə də baxılıb. Şikayət haqlı hesab edilib, əlavə hesablanmış verginin ləğv edilməsi barədə qərar çıxarılıb.

Evlərində sosial-məişət xidməti ilə təmin olunan şəxslərin sayı açıqlanıb

28.10.2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatına görə, rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzlərinin sosial işçiləri 12 350 nəfər tənha ahıl və əlil vətəndaşı evlərində (səyyar) sosial-məişət xidməti ilə təmin edir. Onlardan 9974 nəfəri qadınlar, habelə 1007 nəfəri 70 yaşdan yuxarı olan tənha ahıl vətəndaşlardır.

Hazırda sosial məişət xidməti göstərilənlərin 7851 nəfəri şəhər və qəsəbələrdə, digərləri kənd yerlərində yaşayan şəxslərdir. Sosial işçilər həftədə iki dəfədən az olmayaraq tənha ahıl və əlil şəxslərin evlərinə gedir, ev təsərrüfatlarında təmizlik və abadlıq işlərinin aparılması, yemək hazırlanması, zəruri ərzaq, sənaye və məişət əşyalarının alınması və s. işlərdə onlara xidmətlər göstərirlər.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Cakartada çıxış edib

28.10.2015

cakarta
İndoneziyanın paytaxtı Cakartada İslam Əməkdaşlıq Təşkilatının əmək nazirlərinin üçüncü konfransı keçirilir. Tədbirə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun başçılıq etdiyi nümayəndə heyəti də qatılıb.

Nazirliyin 28 oktyabr məlumatına görə, əmək nazirlərinin üçüncü konfransına hazırlıq mərhələsi kimi yüksək səviyyəli rəsmilərin iclası olub. Azərbaycan nümayəndə heyətinin üzvü, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadə iclasda çıxış edib. Qlobal əmək bazarında vəziyyətin kifayət qədər kövrək olaraq qaldığını qeyd edən Əlizadə Beynəlxalq Əmək Təşkilatının hələ 2013-cü ilə dair statistikasına görə, dünyada 202 milyon nəfər işsiz insan, o cümlədən 74,5 milyon nəfər işsiz gənc olduğunu, gənclər arasında işsizlik səviyyəsinin 13,1% təşkil etdiyini bildirib: “İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə həm ümumi əhali, həm də gənclər arasında məşğulluq səviyyəsi dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə xeyli aşağıdır. Hələ 2012-ci ildə gənclər arasında işsizlik səviyyəsi dünya üzrə 12,6 faiz olduğu halda İƏT ölkələri üzrə 15,6 faiz təşkil edib”.

Azərbaycan əhalisinin 28%-nin gənclərdən ibarət olduğunu qeyd edən Əlizadə gənclərin məşğulluğunun ölkə üçün aktual olduğunu diqqətə çatdırıb: “Aparılan uğurlu siyasət ümumi işsizlik səviyyəsinin Azərbaycanda 4,9 faizə enməsinə səbəb olub. Bu göstərici 15-29 yaşda gənclər arasında 9,9 faiz, 15-24 yaşda olan şəxslər arasında isə 13,5 faiz təşkil edir, bu da dünya üzrə müvafiq göstəricilərdən aşağıdır”.

İstehsalatda bədbəxt hadisələrin, peşə xəstəliklərinin dövlətlərin davamlı iqtisadi artımına mənfi təsir göstərdiyini nəzərə çatdıran Əlizadə qeyd edib ki, görülən tədbirlər nəticəsində 2015-ci ilin 9 ayı ərzində Azərbaycanda istehsalatda bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,5% azalıb.

Norveçin neft-qaz nəhəngi 330 milyon dollar ziyana düşüb

28.10.2015



statoilNorveçin “Statoil ASA” neft-qaz şirkəti öz investisiyalarını ixtisar edib və cari layihələrini dondurub. Novator.az xəbər verir ki, buna dünyada neftin ucuzlaşması ilə əlaqədar üçüncü rübün yekunlarına dair bədbin proqnozlar səbəb olub.

Norveçin neft paytaxtı Stavenger şəhərində yerləşən “Statoil ASA” şirkəti 2015-ci il üçün planlaşdırılmış investisiyaları 1 milyard dollar azaldaraq 16 milyard yarıma endirib. Şirkət “Aasta Hansteen” və “Mariner” platformalarında neft hasilatına başlama vaxtını da 2017-ci ildən 2018-ci ilin ikinci yarısına keçirib.

Məlumatlara görə, şirkətə bu ilin üçüncü rübündə 330 milyon dollar ziyan dəyib.

Müsavat Partiyası 1 noyabr seçkisindən çıxdı

28.10.2015

musavatMüsavat Partiyasının Divanı oktyabrın 28-də növbədənkənar iclas keçirərək 1 noyabr parlament seçkisi ilə bağlı yekun qərar verib. Transparency.az-ın məlumatına görə, Divanın qərarı barədə rəsmi açıqlamada deyilir:

- Müsavat Partiyasının Məclisi 29 avqust 2015-ci il toplantısında demokratiya uğrunda siyasi mübarizənin davamlılığının təmin edilməsi, seçki kampaniyasının verdiyi minimum imkanlardan istifadə edərək xalqla təmasların artırılması, cəmiyyətin avtoritarizmə qarşı müqavimət gücünün qorunub saxlanması və artırılması, bu dövrdə yol verilən qanun pozuntuları və saxtakarlıqların miqyasının yerli və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması məqsədi ilə 1 noyabr parlament seçkisində iştirak barədə qərar qəbul etdi. Bu qərar qəbul edilərkən seçki kampaniyasının müxtəlif mərhələlərində seçkilərdə iştirak məsələsinin yenidən müzakirə edilməsi tövsiyə olunmuşdu.

Müsavat Partiyasının Divanı 10 oktyabr növbədənkənar iclasında bu məsələni bir daha müzakirəyə çıxararaq hakimiyyət qarşısında azad və ədalətli seçkilərin keçirilməsi prinsiplərinin pozulması hallarının aradan qaldırılması üçün təkliflər vermiş, siyasi məhbusların azadlığa buraxılması, namizədlərə pulsuz efir vaxtının ayrılması kimi zəruri tələblər irəli sürmüş, seçkidə iştirakla bağlı məsələyə bilavasitə seçki ərəfəsində yenidən baxılması haqda qərar qəbul etmişdi.

Divan 28 oktyabr növbədənkənar iclasında qeyd edilənləri açıq toplantısında müzakirə edərək siyasi məhbusların həbsdən azad edilmədiyini; seçki qanunvericiliyində demokratik islahatların aparılmadığını; seçki komissiyalarının hakimiyyətin tam nəzarəti altında olduğunu; namizədlər arasında ayrı-seçkiliyə yol verildiyini; Müsavat Partiyasının çox sayda namizədinin qeydiyyatından əsassız imtina edildiyini, namizədliyin irəli sürülməsi, imza toplanması, namizədlərin qeydə alınması dövründə namizədlərə, imza toplayan şəxslərə və müxalifət namizədlərinin xeyrinə imza verən seçicilərə qarşı qanunsuzluqlar və zorakılıqların törədildiyini; bərabərhüquqlu təbliğat imkanlarının yaradılmadığını; müstəqillik tariximizdə ilk dəfə olaraq namizədlərə və siyasi partiyalara pulsuz efir vaxtının verilməməsi səbəbindən ictimai debatların olmadığını; ATƏT-in müşahidə missiyasının ölkəyə buraxılmadığını; müxalifətdən olan namizədlərin seçki məntəqələrinə məşvərətçi səs hüquqlu komissiya üzvü və müşahidəçilər təyin etməsinin qarşısının qeyri-qanuni alındığını; seçki kampaniyası dövründə MSK və dairə seçki komissiyalarının, apellyasiya məhkəmələri və Ali Məhkəmənin verdikləri qanunazidd qərarların davam etdiyini; seçkilərin azad və ədalətli keçiriləcəyinə heç bir etimadın qalmadığını əsas götürərək bu mərhələdə avtoritarizmə qarşı mübarizə imkanlarının əsasən tükəndiyini bəyan edir və qərara alır:

1. Müsavat Partiyası 1 noyabr 2015-ci ildə keçiriləcək parlament seçkisində iştirakını dayandırsın.

2. Siyasi məhbusların azad edilməməsi, azad və ədalətli seçkilərin keçirilməsi üçün normal mühit yaradılmaması, seçki komissiyalarının hakimiyyətin nəzarəti altında qalması, bərabərhüquqlu təbliğat imkanlarının təmin edilməməsi, ictimai diskussiyaların təşkil edilməsi məqsədi ilə pulsuz efir vaxtının ayrılmaması şəraitində keçirilən seçkilərin nəticələrinin həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən tanınmayacağını vurğulayaraq Müsavat Partiyasının Divanı adından hakimiyyətdən parlament seçkisinin təxirə salınaraq 4 ay sonraya təyin olunması tələb edilsin.

3. Qərardan irəli gələn məsələlərin həlli Müsavat Partiyası Mərkəzi İcra Aparatına tapşırılsın.

Transparency.az bildirir ki, qərar qəbul olunarkən Divan üzvlərindən əleyihinə səs verən olmayıb, 1 nəfər bitərəf qalıb.

Parlament seçkisi 125 dairə üzrə keçiriləcək. Müsavatın 25 namizədi qeydə alınıb.

Seçki yarışına daha 23 siyasi partiya (Yeni Azərbaycan Partiyası, Milli İstiqlal Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Ümid Partiyası, Sosial Demokrat Partiyası, Xalq Partiyası, Ədalət Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Siyasi Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Vətəndaş və İnkişaf Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası və s.) qatılıb.

Tikintiyə icazəni necə asanlaşdırmalı?

28.10.2015



bekir-nerimanoglu21
      Bəkir Nərimanoğlu

Dünya Bankı Qrupunun biznes mühitini qiymətləndirən “Doing Business-2016” hesabatında Azərbaycan 189 ölkə arasında 63-cü yerdə qərar tutur. Ölkənin nisbətən üstün mövqeyi əsasən biznesə başlama, tikinti üçün icazələrin alınması və kiçik investorların müdafiəsi kimi üç sahədə aparılan islahatlarla izah olunur.

Bununla belə, tikinti üçün icazələrin alınması indikatorunda Azərbaycan geridə qalır, 189 ölkə arasında 114-cü yerdədir. Hesabata görə, tikintiyə icazə günlərinin ayı 203-dür. Bu, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının göstəricilərindən 51 gün, Avropa və Mərkəzi Asiyanın göstəricilərindən isə 27 gün çoxdur. Prosedurların sayı da (18) uyğun beynəlxalq göstəricilərdən müvafiq olaraq 6 və 3 prosedur artıqdır.

Azərbaycan hökumətinin tikintiyə icazələrin sadələşdirilməsi ilə bağlı təşəbbüsləri az olmayıb. Məsələn, prezident İlham Əliyevin sahibkarlığın inkişafına yönəlmiş 3 mart 2014-cü il fərmanında tikintiyə icazələrin verilməsi ilə bağlı bənd var: dövlət qurumlarına tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması üçün qanunvericiliyə dəyişikliklər edilməsi barədə təkliflərini hazırlamaq tapşırılıb. Dövlət başçısının 27 oktyabr 2015-ci ildə imzaladığı “Azərbaycan İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması fərmanında da tikintilərə icazələrin verilməsinə toxunulur. Fərmanda hökumətə çoxmənzilli binaların tikintisi üçün tikintiyə icazələrin verilməsi, həmin binaların istismarına icazə verilməsi, habelə yaşayış evlərinin tikintisi üçün məlumatlandırma icraatı prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi ilə bağlı təkliflərini bir ay müddətində hazırlamaq tapşırılıb. Eyni məsələ ilə bağlı iki fərman bu sahədə islahatların yetərli olmadığını göstərir.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsinə aid tədqiqatda deyilir ki, Şəhərsalma və Tikinti Məcəlləsi təkmilləşdirilməlidir: “Tikintiyə icazənin verilməsi normaları tikinti obyektlərinin təsnifatına əsaslanaraq dəqiqləşdirilməli, məcəllənin digər normativ aktlarla (müxtəlif qaydalarla) bağlantısı dəqiq və aydın göstərilməlidir”.

Tədqiqatda qeyd edilir ki, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin siyahısı genişləndirilməlidir: “Tikintiyə icazələrin alınması prosedurları obyektlərin təsnifatına arxalanmalı və müvafiq veb-resursda əks etdirilməlidir. Sahibkar bu və digər obyektin tikintisinə başlayarkən dəqiq məlumatı əldə etmək imkanına malik olmalıdır: hansı prosedurlardan keçmək gərəkdir, bu prosedurlara nə qədər vaxt gedəcək, rüsumlar hansı səviyyədədir… Əgər bu və ya digər layihələndirmə şirkəti bu və ya digər növ tikinti obyektinin layihələndirilməsi üzrə lisenziyaya malikdirsə, hazırlanmış layihə təkrar ekspertizalara məruz qalmamalıdır”.

Tədqiqatda bu təkliflər yer alır:

- Eyni dövlət qurumuna müraciətlərin sayı azaldılmalıdır;

- vahid pəncərə sistemi tətbiq edilməlidir;

- əsassız qiymətlər (rüsumlar) endirilməlidir;

- prosedurlarla əlaqəli günlərin sayı azaldılmalıdır.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri təltif olundu

28.10.2015

settar mehbaliyevPrezident İlham Əliyev 60 yaşı tamam olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevi təltif edib. Oktyabrın 28-də imzalanan sərəncamla Səttar Mehbalıyevə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” verilib. Təltif yubilyarın həmkarlar hərəkatının inkişafında səmərəli fəaliyyəti ilə əsaslandırılıb.

Səttar Mehbalıyev 1955-ci ildə anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1973-cü ildən Bakının müxtəlif müəssisələrində əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləyib. 1980-ci ildən həmkarlar ittifaqı sahəsində çalışır. 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədridir.

2000, 2005 və 2010-cu illərdə Milli Məclisin deputatı seçilən Səttar Mehbalıyev 1 noyabr parlament seçkisində 3 saylı Babək-Kəngərli-Naxçıvan dairəsindən Yeni Azərbaycan Partiyasının namizədidir.

“Şöhrət” ordeni ilə təltif olunub.

Prezident: “Paxıllar uğurlarımızı neftlə bağlayırdılar”

29.10.2015



prezident eliyev
“Bizim işimizə kölgə salmaq istəyənlər uğurlarımızı neftlə bağlayırdılar. İndi neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk”. AZƏRTAC-ın məlumatına görə, oktyabrın 28-i Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin açılışında çıxış edən prezident İlham Əliyev belə deyib.

Dövlət başçısı qeyd edib ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi dünyanın ən böyük təmizləyici infrastruktur obyektidir: “Biz fəxr edirik ki, bu, Azərbaycanda, Bakıda yaradılıb. Burada ən müasir texnologiyalar tətbiq olunur. Dünyanın aparıcı şirkətləri burada öz təcrübəsini bizimlə bölüşüblər. Kompleksin istismarı işində də əminəm ki, heç bir problem olmayacaq.

Azərbaycanda infrastruktur layihələrinin icrası prioritet məsələdir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının əsas məqsədi də Bakıda və bütün bölgələrdə müasir infrastrukturun yaradılmasıdır. Bu infrastruktur layihələrinin içində içməli su layihələri xüsusi əhəmiyyət daşıyır. Çünki içməli su insanların həyatına birbaşa təsir edən amildir. Şadam ki, bu gün Bakıda və bütün bölgələrdə içməli su layihələri icra edilir. Biz artıq bir çox şəhərlərimizdə bu layihələrin açılışlarını etmişik. Bəzi rayonlarda işlər davam edir və qarşıya məqsəd qoyulub ki, Azərbaycanın bütün şəhərlərində təmiz içməli su fasiləsiz və bütün əhaliyə verilsin”.

İlham Əliyev deyib ki, son illər ərzində görülmüş işlər nəticəsində Bakıda fasiləsiz içməli suyun verilməsi təxminən 80 faizə çatıb: “Bu, əvvəlki dövrlə müqayisədə çox böyük nailiyyətdir, ancaq əlbəttə, bizi tam qane edə bilməz. Bakı kimi müasir, gözəl, inkişafda olan şəhərdə əhalinin 100 faizi 24 saat fasiləsiz təmiz içməli su ilə təmin edilməlidir. Əminəm ki, biz buna da nail olacağıq. Buna nail olmaq üçün isə iqtisadi potensial lazımdır və biz son illər ərzində apardığımız iqtisadi islahatlar, düşünülmüş siyasət nəticəsində iqtisadi imkanlarımızı böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan iqtisadiyyatı dünya miqyasında bir nümunə kimi göstərilir, hətta böhranlı illərdə bizim iqtisadiyyatımız artır, bu il də artacaq. Bizim kifayət qədər böyük maliyyə resurslarımız vardır, onlardan qənaətlə istifadə edirik, ölkəyə, xalqa lazım olan bu kimi layihələrə yönəldirik”.

Prezident Bakıda ekoloji vəziyyətin yaxşılaşdığını vurğulayıb: “Vaxtilə Balaxanı zibilxanasından qalxan tüstü şəhərin böyük hissəsini əhatə edirdi. İndi nəhəng, müasir zibilyandırma zavodunun inşasından sonra artıq bu problem aradan götürülüb. Artıq Balaxanı zibilxanası adlı yer yoxdur, orada indi texnopark yaradılır, ərazi abadlaşdırılır.

Böyükşor gölü ekoloji təhlükə mənbəyi idi. Onun yanında dayanmaq mümkün deyildi. Adam üfunətdən boğulurdu. İkinci Dünya müharibəsi zamanı hətta ondan açıq neft anbarı kimi istifadə edirdilər. Ondan sonra, lay, kanalizasiya suları, bütün axıntılar oraya tökülürdü. Böyükşor gölünün reabilitasiyası, abadlaşdırılması layihəsinin birinci hissəsini biz cəmi bir il ərzində həll etdik. Gölün 300 hektarı indi tam təmizlənib, bir kilometrdən də çox uzunluğu olan böyük bulvar salınıb, bənd tikilib və işlər davam etdirilir.

Böyükşor gölünün reabilitasiyasının ikinci mərhələsi həyata keçiriləcək və beləliklə, Bakıda çox gözəl, böyük, haradasa 700-800 hektar sahədə göl yaradılacaq. Gələcəkdə o gölün ətrafında yaşayış yerləri, yeni parklar da salınacaq. Yəni o ölü bir yeri biz insanlar üçün diriltdik və dirildirik. Zığ gölü də yaxın zamanlarda təmizlənəcək. O ərazini də tamamilə yaşıllaşdıracağıq və əhalinin sərəncamına verəcəyik.

100 ildən artıqdır Bakıda neft sənayesinin yaratdığı fəsadları aradan götürməliyik. Bibiheybət neft mədənləri – o bir ekoloji fəlakət mənzərəsi idi. Adam ona baxanda dəhşətə gəlirdi. İndi ora baxanda adam gözəl, abad mənzərə, ağaclar, parklar görür. Orada su idmanı kompleksi tikilib, birinci Avropa Oyunları yarışlarının bir hissəsi orada keçirilib, bulvar, qazonlar, parklar salınıb. Hətta indi buruqlara o qədər gözəl xidmət göstərirlər ki, onlar da artıq gözəl mənzərənin bir elementlərinə çevrilib.

Bakıda vaxtilə fəaliyyət göstərən yod zavodu böyük bir təhlükə mənbəyi idi. Artıq bu zavod oradan köçürüldü, bütün lazımi tədbirlər görüldü və bu təhlükə mənbəyindən də insanların canını qurtara bildik. İçməli su layihəsi bax, bu istiqamətdə görülən işlərin tərkib hissəsidir və bilavasitə insanların sağlamlığına təsir göstərən amildir”.

Dövlət başçısı qeyd edib ki, Azərbaycanda son vaxtlar ərzində güclü sosial siyasət sayəsində insanların ömrünün uzunluğu artır: “Bu, gözəl göstəricidir. Diaqnostika aparılır, hər il dispanserizasiya keçirilir, milyonlarla insan bütün ölkə üzrə pulsuz müayinədən keçir və onlar müalicə edilir. İçməli su, təmiz hava, sağlam ərzaq məhsulları, sağlam qida — bizim prioritetlərimiz bax bunlardır. Bu, çox böyük sosial layihədir, çox böyük infrastruktur layihəsidir və biz bunu icra edirik. Mən çox şadam ki, bu gün Azərbaycan bu istiqamətdə də dünyada birincidir.

Son illər ərzində iqtisadi inkişaf templərinə görə dünyada bizə bərabər ikinci ölkə yoxdur. Vaxtilə paxıllar, bəzi dairələr, bizim işimizə kölgə salmaq istəyənlər uğurlarımızı neftlə bağlayırdılar. İndi neftin qiyməti iki dəfədən də aşağı düşüb, amma biz yenə də inkişaf edirik, yenə də nümunə göstəririk. Bu ilin 9 ayında Azərbaycanda qeyri-neft sənayesi 10 faizdən çox artıb. Ümumi daxili məhsul təxminən 4 faiz, qeyri-neft sektoru təxminən 6 faiz artıb. Bu qurğunun istifadəyə verilməsində də biz liderlik göstərmişik. Heç bir başqa ölkədə bu böyüklükdə və bu səviyyədə təmizləyici qurğu yoxdur. Bunu ancaq müstəqil Azərbaycan edə bilər və edir. Gələcəkdə bütün lazım olan infrastruktur layihələrini icra edəcəyik və əminəm ki, 2018-ci ildə başa çatması gözlənilən üçüncü regional inkişaf proqramının icrası nəticəsində Azərbaycanda bütün əsas infrastruktur layihələri icra ediləcək. İnsanlar daha da yaxşı, daha rahat, təhlükəsizlik, əmin-amanlıq, rifah içində yaşayacaqlar”.

1151 dərman yeni qiymətlərlə satışdadır

29.10.2015

dermanTarif (qiymət) Şurasının 28 oktyabr iclasında daha 827 dərman vasitəsinin qiyməti təsdiqlənib (Dərman vasitələrinin mövcud və təsdiq edilmiş qiymətləri).

Economy.gov.az-ın məlumatına görə, indiyədək şura 3010 dərman vasitəsinin qiymətini tənzimləyib, 1151 dərman vasitəsi təsdiq edilmiş qiymətlərlə satışdadır. Qiymətləri təsdiqlənmiş digər 1110 dərman vasitəsinin qiyməti 1 dekabrdan, 749 dərman vasitəsinin qiyməti isə 21 dekabrdan qüvvəyə minəcək.

İndiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 50%-nin qiyməti 2 dəfədən çox, 26%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilikdə 96%-nin  qiymətləri endirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyindəki MMC ekspertiza tariflərini 30% aşağı saldı

29.10.2015

Tarif (qiymət) Şurasının oktyabrın 28-də keçirilmiş iclasında malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertiza xidmətlərinin tariflərinə yenidən baxılıb. Economy.gov.az-ın məlumatına görə, İqtisadiyyat və Sənaye Nazirliyinin tabeliyində olan “İstehlak Mallarının Ekspertizası Mərkəzi” MMC-nin müraciətinə əsasən, qeyri-neft məhsullarının ixracı zamanı malın mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizanın keçirilməsi xidmətlərinin tarifləri orta hesabla 30% aşağı salınıb.



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə