Xəbər bülleteni №11


Dövlət başçısı idarəetmə sistemində dəyişikliyə ehtiyac duyur



Yüklə 479,53 Kb.
səhifə5/21
tarix08.01.2018
ölçüsü479,53 Kb.
#20004
1   2   3   4   5   6   7   8   9   ...   21

Dövlət başçısı idarəetmə sistemində dəyişikliyə ehtiyac duyur


13.10.2015

iclasda
Prezident İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin iclasında dövlət idarəetmə sisteminin təkmilləşdirilməsinə böyük ehtiyac olduğunu vurğulayıb. O bildirib ki, bu sahəyə yenidən baxmalıyıq: “İndi Azərbaycan iqtisadiyyatı yeni situasiyada inkişaf edir. Vaxt var idi bizim iqtisadi artım ildə 20-30 faiz təşkil edirdi. Bu, əlbəttə ki, neft hasilatının kəskin şəkildə artması və neft qiymətlərinin qalxması ilə bağlı idi. İndi o dövr arxada qaldı. İndi neft hasilatı Azərbaycanda sabitləşib və əminəm ki, uzun illər bundan sonra sabit olaraq qalacaq. Əlbəttə ki, biz indi böyük qaz layihəsi üzərində işləyirik. Bu da bizə əlavə gəlir gətirəcək. Bununla bərabər, hesab edirəm ki, inkişafa mane olan, xüsusilə idarəetmə sahəsində problem yaradan amillər də aradan qaldırılmalıdır. Burada da çox ciddi islahatlara ehtiyac var. Bəzi strukturlar bir-birinin fəaliyyətini təkrarlayır, biz buna da yol verməməliyik, burada optimallaşdırma siyasəti aparılmalıdır və bu sahəyə də diqqət verilməlidir”.

Nəqliyyat sektorunun ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb etdiyini deyən dövlət başçısı qeyd edib ki, bu sektorun gələcək inkişafı daha da düşünülmüş şəkildə olmalıdır: “Bu gün yüklər uğrunda mübarizə gedir. Bu gün yeni tranzit marşrutları açılır. Bölgə ölkələri rəqabət aparır. Bu da təbiidir, o vaxta qədər ki, bu, sağlam rəqabətdir. Azərbaycan da burada passiv bir müşahidəçi olmamalıdır. Bəzi hallarda gözləyirik kimsə gəlib bizim qapımızı döysün ki, gəlin biz sizdən yük keçirək. Biz özümüz təşəbbüs göstərməliyik, yükləri müəyyən etməliyik, yaxşı şərtlər ortaya qoymalıyıq. Ona görə, bu, çox ciddi məsələdir”.

İlham Əliyev bildirib ki, bu il Azərbaycanın tranzit imkanlarını genişləndirmək üçün çox əlamətdar hadisələr baş verib: “Avqust ayında Çindən Qazaxıstan ərazisindən keçməklə Azərbaycana birinci konteyner qatarı gəlib. Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə Azərbaycanın məsuliyyət daşıdığı hissəsi artıq istifadə üçün hazırdır. Bildiyimə görə, Türkiyə ərazisində son işlər aparılır. Verilən məlumata görə, gələn il Türkiyə ərazisində də bu xətt hazır olmalıdır. Belə olan halda bütün müvafiq qurumlar, əlbəttə ki, koordinasiya şəklində işləməlidir və bu xətt bizə çox böyük xeyir gətirəcək. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı çox yaxşı nəticələr var və bu da Azərbaycanın geosiyasi, geoiqtisadi önəmini daha da artıracaq”.

Çıxışında dövlət başçısı nəqliyyat sektoruna aid qurumlar arasında ciddi  koordinasiya işləri aparılmalı olduğunu bir neçə dəfə vurğulayıb. Prezident deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi hələ başa çatmayıb: “Halbuki bu layihənin başlamasından səkkiz il keçir. 2007-ci ildə biz üç ölkə bu layihəyə start verdik. Qeyd etdiyim kimi, Azərbaycanın məsuliyyəti çərçivəsində olan məsələlər öz həllini tapdı. İndi Türkiyə ərazisində qalan işlər də görüləcək. Biz bu yolu tezliklə işə salmalıyıq. Çünki indi həm ölkələr, həm şirkətlər arasında yüklər uğrunda mübarizə, rəqabət gedir. Amma biz burada oturmuşuq, nəyisə gözləyirik. Gözləyirik ki, kimsə gəlib bizdən xahiş edəcək. Xahiş edəndə də elə şərtlər qoyulur ki, o xahiş edən üz döndərib gedir. Bu, dözülməz haldır. Bu məsələ ciddi təhlil edilməlidir və burada vahid tarif siyasəti aparılmalıdır. Çünki bizdə Xəzər Gəmiçiliyinin, Dəmir Yolunun, limanın hərəsinin öz korporativ maraqları var. Amma bunlar ölkənin maraqları ilə uzlaşır? Yox, uzlaşmır! Dövlətin maraqları bu dəhlizi elə etməkdir ki, daha yükü göndərənin başı ağrımasın, daha 10, 20 ünvana getməsin, bunu elektron yollarla, e-maillə, müasir üsullarla həll etsin. Bu, məsələnin bir hissəsidir. Bunu biz yaratmalıyıq və artıq göstərişlər verilib. Burada çox ciddi koordinasiya işləri aparılmalıdır. Yaxın vaxtlarda mənə konkret təkliflər veriləcək”.


Prezident: “Düşmənə sarsıdıcı zərbələr vururuq”


13.10.2015

ilham aliyev 11- 1

“Azərbaycan müharibə şəraitində yaşayır, müharibə bitməyib və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil. Bunu artıq hamı görür, o cümlədən bu məsələ ilə məşğul olan vasitəçilər”. Bu sözləri prezident İlham Əliyev oktyabrın 12-də Nazirlər Kabinetinin iclasında söyləyib.

Dövlət başçısı vurğulayıb ki, bu səbəbdən ordu quruculuğu daim diqqət mərkəzində olan sahədir: “Biz bu sahəyə daim böyük diqqət göstəririk. Bu da təbiidir”.

Ordu quruculuğunun gələn il də prioritet sahə olaraq qalacağını bildirən prezident İlham Əliyev deyib: “Bu sahəyə nə qədər lazımdırsa vəsait ayrılacaq. İndi həm yeni texnikanın, silah-sursatın alınması, istehsalı prosesi gedir, eyni zamanda, hərbi hissələr üçün ən yüksək səviyyədə şəhərciklər, hərbi bazalar tikilir. Bu il Hərbi Dəniz Qüvvələrinin böyük bazası istifadəyə verilib. Təmas xəttinə yaxın olan bölgələrdə yeni infrastruktur yaradılır və bizim döyüş qabiliyyətimiz artır. Təmas xəttindəki vəziyyət Azərbaycan ictimaiyyəti üçün sirr deyil. Biz tam üstünlüyü əldə etmişik, düşmənə sarsıdıcı zərbələr vururuq, düşmənin bütün təxribatlarına layiqli cavabımızı veririk.

Keçən ay düşmənin növbəti təxribatının qarşısı alındı. Bizə qarşı böyük təxribat hazırlanırdı, çoxsaylı diversantlar artıq təşkil olunmuş və səfərbər edilmişdi ki, Azərbaycanın mövqelərinə hücum çəksinlər. Bizim ordumuz o təxribatın qarşısını aldı. Preventiv zərbə vurmaqla düşmənə çox böyük ziyan yetirdi və bir çox işğalçı məhv edildi. Əlbəttə ki, Ermənistan tərəfi dərhal həmişə olduğu kimi, hay-haray qaldırdı. Ancaq burada təbii sual yaranır, işğalçılar hansı ərazidə həlak oldular? Ermənistandamı? Xeyr, bizim torpağımızda. İşğal edilmiş torpaqlarda. Sual olunur, onların orada nə işi var? Özü də orada ölənlərin mütləq əksəriyyəti Ermənistan vətəndaşlarıdır, heç Dağlıq Qarabağ sakinləri deyil. Yəni Ermənistan ordusu bizim torpaqlarımızda işğalçılıq siyasəti aparır. Bu, gün kimi aydın bir məsələdir. Əfsuslar olsun ki, bunu beynəlxalq ictimaiyyət, vasitəçilər görmək istəmirlər və işğalçıya ciddi siqnallar göndərilmir. Ona görə, onlar azğınlaşıblar və bizə qarşı müxtəlif təxribatlara əl atırlar. Ancaq hər dəfə onların təxribatları iflasa uğrayır. Necə ki keçən ilin noyabrında bizim mövqelərimizə hücum edən helikopter məhv edildi. Bu ilin sentyabr ayında böyük itkilər verdilər və hər dəfə biz onların cəzasını verəcəyik.

Biz ölkəmizin ərazi bütövlüyünü bərpa etməliyik və edəcəyik. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri əsasında öz həllini tapmalıdır. Ölkəmizin ərazi bütövlüyü heç bir başqa ölkənin ərazi bütövlüyündən əhəmiyyətsiz deyil. Məsələ beynəlxalq hüquq çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və tapacaq. Biz isə iqtisadiyyatımızı gücləndiririk, ordumuzu gücləndiririk və istənilən vaxtda lazımi tədbirləri də görəcəyik.

Erməni diktatoru hətta Ermənistanın rəsmi mövqeyinə tamamilə zidd olan bəyanatlar verir. Bəyan edir ki, Dağlıq Qarabağ Ermənistanın ayrılmaz hissəsidir. Birincisi, Dağlıq Qarabağ Azərbaycanın tarixi, əzəli torpağıdır və beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz hissəsidir. Bunu bütün dünya ictimaiyyəti, BMT belə qəbul edir və heç bir ölkə Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi qəbul etmir, müstəqil qurum kimi də qəbul etmir və qəbul etməyəcək. Ona görə, bu, çox qəribə, yumşaq desək, qeyri-adekvat və görünür ki, çox gərgin psixoloji durumda verilən bəyanat həm Ermənistanı işğalçı ölkə kimi ifşa edir, həm də rəhbərliyini biabır edir. Çünki indi hər bir insan danışdığının məsuliyyətini daşımalıdır, xüsusilə böyük vəzifə sahibləri. Ancaq xunta rejimindən bundan artığını gözləmək də çətindir. Çünki Ermənistanın bugünkü hakimiyyəti hərbi canilərdir, Xocalı soyqırımını törədənlərdir. Azərbaycan torpaqlarının işğalında dinc əhaliyə qarşı aparılan etnik təmizləmə siyasətində fəal iştirak edənlərdir. Onlardan bundan artığını gözləmək mümkün deyil.

Ancaq o da həqiqətdir ki, bu gün Ermənistanda hökm sürən xunta və diktatura rejimi Ermənistan xalqı üçün də təhlükəyə çevrilib. Ermənistan xalqı da artıq buna dözə bilmir, bu kriminal, korrupsioner rejimdən bezib. Ermənistandan köç gedir. Vəziyyət o həddə çatıb ki, onlar indi Azərbaycana pənah gətirirlər, Azərbaycana gəlirlər. Görün bu rejim nə dərəcədə azğınlaşıb, əhaliyə qarşı nə qədər çirkin əməllər görür ki, hətta bu gün Azərbaycana Ermənistandan insanlar köçür və burada rahat yaşayır. Çünki Azərbaycanda nəinki milli, dini zəmində heç bir qarşıdurma, heç bir anlaşılmazlıq da ola bilməz.

Azərbaycan bu gün güclü ölkədir, iqtisadi və siyasi sahədə böyük uğurlara imza atıb. Regional təhlükəsizlik məsələlərində Azərbaycan çox müsbət rol oynayır. Azərbaycan sabitləşdirici amildir. Bizim iştirakımız, razılığımız olmadan bölgədə heç bir layihə icra edilə bilməz. İqtisadi və hərbi potensialımız bizim gücümüzü daha da artırır və biz bu gün təmas xəttində vəziyyətə nəzarət edirik. Getdikcə bizim gücümüz artacaq, Ermənistan daha da zəifləyəcək. Çünki inkişaf üçün Ermənistanda heç bir imkan yoxdur. Heç bir obyektiv amil yoxdur ki, Ermənistan bu diktatura rejimi altında inkişaf etsin”.


Yüklə 479,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə