1
Zelofiliya
Şahin Böyükağa oğlu Əlibəyli
Zelophilia
Shahin Boyukaga oglu Alibeyli
Зелофилия
Шахин Боюкага оглы Алибейли
İnsana xas olan və kifayət qədər güclü hesab edilən hisslərdən biri qısqanclıq
adlanır. Mütəxəssislərin fikrincə, nikah-ailə münasibətlərinin möhkəmlənməsi üçün cüzi
«dozada» arabir qısqanclıq olması zəruridir. Əlbəttə, intellekti kamil olan partnyor azacıq,
«fizioloji» qısqanclığı heç də inamsızlıq əlaməti kimi deyil, əksinə, qeydinə qalmağın və
qeyrətini çəkməyin bariz nişanəsi olaraq qəbul edir, onu qiymətləndirir və hətta buna
müəyyən mənada bəraət qazandırır, beləsinin qəlbinin dərinliyində pis fikirlər
formalaşmasına daha ehtiyac qalmır. Hətta insanların bir qismi öz partnyorunun ona heç
qısqanmamasını bir diqqətsizlik əlaməti, qeydinə qalmama nişanəsi, vecinə almama işarəsi
kimi qəbul edirlər. Əbəs yerə demirlər ki, «qısqanırsa, deməli, sevir». Amma qısqanclıq
«patoloji» məzmun kəsb etməyə başladıqda – əsassız olduqda, sistematik xarakter
daşıdıqda, süni olaraq törədildikdə artıq partnyor bundan təngə gəlir.
Qısqanclıq özlüyündə müxtəlif səbəblərdən qaynaqlanır. Bəzi hallarda
qısqanclıq seksual arzunun əmələ gəlməsi üçün bir stimul olur.
Qısqanclıq halına seksual meyl zelofiliya (zelophilia) adlanır. «Zelofiliya»
termini yunan mənşəli «zelo» və «filiya» sözlərinin birləşdirilməsindən əmələ gəlmişdir.
Yunanca zeloo – həsəd aparıram, qibtə edirəm, qısqanaraq fikrini çəkirəm, qısqanıram,
paxıllıq edirəm, yaxud zelor – həsəd aparmaq, qibtə etmək, qısqanaraq fikrini çəkmək,
qısqanmaq, paxıllıq etmək və philia – irrasional məhəbbət, normal olmayan sevgi
deməkdir.
Belarusiyanın ilk professional seksoloqu, Belarusiya Seksologiya
Assosiasiyasının və Minsk şəhər seksoloji mərkəzinin yaradılmasının ilk təşəbbüskarı və
dəyişilməz prezidenti Dmitri Zinovyeviç Kapustin 2009-cu ildə «Seksoloji lüğət. Yeni
baxış» adlı elmi-kütləvi kitabında yazır: «Zelofiliya – qısqanclıq halına (özünün və yaxud
partnyorunun) elə cinsi meyldir ki, onsuz seksual oyanma və təminedilmə ləngiyir və
yaxud heç baş vermir» [2].
Rus psixiatrları Viktor Stanislavoviç Pervıy, Vasili Fyodoroviç Suxoy,
Yevgeniya Gennadiyevna Qrineviç və Marianna Vladislavovna Markova 2013-cü ildə çap
etdirdikləri «Psixiatrik lüğət»də yazırlar: «Zelofiliya – partnyorun qısqanclıq hissindən və
yaxud özünün ona qarşı qısqanclığından seksual oyanma və ehtiraslanmaqla təzahür edən
parafiliya növüdür» [3].
Dünyanın müxtəlif dillərinə tərcümə olunmuş bestsellerlər müəllifi kimi
məşhurlaşan Avstraliya alimi, Berkli Universitetinin antropologiya doktoru, pedaqoq,
jurnalist və teleaparıcı Stiven Juan (Stephen Juan) «Bizim seksin qəribəlikləri» adlı
kitabında cəmiyyətdə qəbul edilmiş seksual davranış qaydalarından «qeyri-adi
2
kənarlanma» kimi təsvir etdiyi 113 parafiliya arasında zelofiliyaya xüsusi diqqət
yetirmişdir [1].
Zelofiliya qısqanclıq hissindən insanda seksual oyanmanın meydana çıxmasıdır.
Belə meylə mübtəla olan individin özü zelofil (zelophil) adlanır.
Zelofiliyanın başlıca xüsusiyyəti insanda seksual-erotik duyğuların qısqanclıqla
əlaqəli surətdə yaranması və güclənməsidir. Buna görə qısqanclıq vəziyyəti olmadan
zelofildə seksual oyanma və təminedilmə ləngiyir, yaxud tamamilə baş vermir.
Oyandırılan qısqanclıq hissinin hansı şəxsə doğru istiqamətlənməsindən asılı
olaraq zelofiliyanın iki növü ayırd edilir: 1) birtərəfli zelofiliya; 2) qarşılıqlı zelofiliya.
Əgər zelofiliya yalnız bir xətt üzrə təzahür edərsə, onun gedişi boyu qarşılıqlı
cavab tələbi qoyulmazsa, belə parafiliya birtərəfli zelofiliya adlanır. Məhz hansı tərəfin
qısqanclığının arzu edilməsindən asılı olaraq birtərəfli zelofiliyanın özünün iki növü ayırd
edilir: 1) autozelofiliya; 2) allozelofiliya.
Əgər individ yalnız özünün qısqanclığını arzulayırsa və bundan seksual həzz
alırsa, həmin hadisəyə autozelofiliya (autozelophilia) deyilir. Belə hal başqa sözlə məxsusi
zelofiliya da adlanır. Partnyoruna qarşı özündə qısqanclığın yaranmasına əmin olan şəxs
bundan olmazın məmnunluq hissi keçirir. Bunun səbəbi çox böyük ehtimalla belə izah
edilir ki, sevimli insanın itirilməsinin mümkün olacağına görə keçirilən qorxu adrenalin
hasilatının artmasına, bununla yaşanan duyğuların kəskinliyinin çoxalmasına, onların
şiddətliliyinin yüksəlməsinə gətirib çıxarır. Ədəbiyyatda olmazın dərəcədə güclü
qısqanclıq hiss etməyin mümkün olduğu şəraitə düşmək üçün qadının öz məşuqunu
qəsdən svinqerlər klubuna çəkməsindən ibarət hadisə təsvir edilmişdir. Belə qadında yalnız
bu kluba baş çəkmək faktından orqazm baş verə bilər [1].
Bəzi hallarda patoloji meyl seksual partnyorun qısqanc olmasına münasibətdə
yarana bilər ki, buna allozelofiliya (allozelophilia) deyilir. Belə meyl başqa sözlə partnyor
zelofiliyası da adlanır. Partnyorunda qısqanclıq duyğusunu müşahidə edən şəxs bundan
son dərəcə məmnun olur və onda güclü seksual oyanma yaranır. Allozelofiliya zamanı
qarşı tərəfdə qısqanclıq oyadılması başlıca şərtdir. Buna görə allozelofiliyaya mübtəla olan
individ bilərəkdən, qərəzli surətdə seksual partnyorunda qısqanclıq duyğusunu yaradır, onu
qızışdırır. Partnyorun özünün xəbəri olmadan bunu həyata keçirməyin bəxş etdiyi anlar
çox həyəcanlandırıcı və ruhlandırıcı olması ilə uzun müddət yadda qalır. Sonra yenidən
oxşar situasiya yaradılması arzusu oyanır və həllini tapana qədər şiddətlənməkdə davam
edir. Zelofil məqsədinə çatmaq üçün daim partnyorunun qısqana biləcəyi şərait yaradır,
bunu tez-tez söhbətlərində qabardır, sanki ona «qısqanclıq quyusu» qazıyır, qarşı tərəfin
qısqanclıq ruhuna köklənməsinə çalışır, bunun üçün əlindən gələni edir.
Nadir hallarda zelofiliyanın gedişi boyu qarşılıqlı cavab tələbi qoyulur ki, belə
parafiliya qarşılıqlı zelofiliya adlanır. Bu zaman partnyoruna münasibətdə özündə
qısqanclıq hissinin formalaşdığını duyan məmnun individ qarşı tərəfdə də belə bir
duyğunun yaranmasını arzulayır. Buna görə individ çox vaxt seksual partnyorunu
qısqanclıq hissi doğura bilən situasiyaya sürükləyir, yaxud onun heç olmasa belə şeylər
danışmasına çalışır.
Ümumiyyətlə, sistematik xarakterli qısqanclıq nikah-ailə münasibətlərinə ciddi
zərbə endirən qüvvələr arasında öndəki yerlərdən birini tutur. Bu baxımdan zelofiliya
3
xüsusən ciddi narahatlıq doğurur. Zelofiliya yaxşı gələcək vəd etməyən bir meyl
formasıdır. Çünki partnyorunun istəyindən təngə gələn qarşı tərəf ona xoş gəlməsindən
ötrü qısqanclıq törədə biləcək hərəkətləri reallaşdıra, bununla nikah-ailə münasibətlərini
ciddi təhlükə qarşısında qoya bilər. Digər tərəfdən ailəsinin dağılmasını istəməyən tərəf
zaman keçdikcə özünü mövcud şəraitə uyğunlaşdırmağa çalışır, zelofiliyaya mübtəla
olmuş partnyorunun tələblərinin yerinə yetirildiyi təəssüratı yaratmaq üçün qeyri-səmimi
davrana bilir. Münasibətlərdə səmimiliyin götürülməsinin yaxşı əlamət olmadığını uzun-
uzadı izah etməyə ehtiyac yoxdur. Daha bir təhlükə zelofiliyanın partnyorları svinqinqə
(qrup seksində iştiraka) sürükləyə bilməsindədir. Həqiqətən svinqinqin reallaşmasını
doğuran səbəblər arasında qarşılıqlı zelofiliyanın özünəməxsus payı vardır.
«Zelofiliya» anlayışını «zelopatiya» və «zelotizm» terminlərilə qarışıq salmaq
olmaz. Görkəmli bolqar psixiatrları Yordan Aleksandrov Stoimenov, Maya Yordanova
Stoimenova, Pravda Yordanova Koyeva, Georgi Mixaylov Koyev, Plamen Lyubenov
Popov və Lilyana Sanova Stoimenovanın bir yerdə ərsəyə gətirdikləri və 2003-cü ildə rus
dilində çap etdirdikləri «Psixiatrik ensiklopedik lüğət» adlı kitabda «zelofiliya» istilahı
olmasa da, ancaq «zelopatiya» və «zelotizm» anlayışları verilmişdir. Paxıllıq və yaxud
qısqanclıq nəticəsində baş verən nevrotik və yaxud psixotik xəstəlik zelopatiya (zelopathia)
adlanır. Yunanca zeloo – paxıllıq etmək, həsəd aparmaq, qibtə etmək, qısqanmaq və pathos
– əzab, xəstəlik deməkdir. Paxıllıq və yaxud qısqanclığın xəstəlik dərəcəsində
güclənməsinə zelotizm (zelotismus) deyilir [4].
Sonda bir məsələni qeyd edək ki, «zelofiliya» anlayışının antonimi kimi
«zelofobiya» termini işlənir. Qısqanclıqdan sarışan xarakterli qorxu zelofobiya
(zelophobia), ondan əziyyət çəkən individin özü isə zelofob (zelophob) adlanır.
Zelofobiyaya başqa sözlə qısqanclıq qorxusu da deyilir. «Zelofobiya» termini yunan
mənşəli «zelo» və «phobia» sözlərinin birləşdirilməsindən əmələ gəlmişdir. Yunanca zelor
– qısqanmaq, qısqanaraq fikrini çəkmək və phobos – əsassız qorxu, normal olmayan qorxu
deməkdir.
İstifadə olunmuş mənbələr
1. Джуан Стивен. Странности нашего секса [Текст] / Перевод с
английского, Москва, издательство «Рипол классик», 2009, 400 стр.
2. Капустин Дмитрий Зиновьевич. Сексологический словарь. Новый
взгляд [Текст]. Научно-популярное издание. Минск, издательство «Мет», 2006, 304
стр.
3. Первый Виктор Станиславович, Сухой Василий Фёдорович, Гриневич
Евгения Геннадиевна, Маркова Марианна Владиславовна. Психиатрический
словарь. Более 8000 слов и словосочетаний (серия «Медицина») [Текст]. Ростов-на-
Дону, издательство «Феникс», 2013, 640 стр.
4. Стоименов Йордан Александров, Стоименова Мая Йорданова, Коева
Правда Йорданова, Коев Георги Михайлов, Попов Пламен Любенов, Стоименова
Лиляна Цанова. Психиатрический энциклопедический словарь [Текст]. София,
академическое
издательство
имени
профессора
М.
Дрирова,
Киев,
Межрегиональная Академия управления персоналом, 2003, 1200 стр.
Dostları ilə paylaş: |