AZƏRBAYCANÇILIQ HAQQINDA DÜŞÜNCƏLƏR
(1999-cu ilin noyabr ayında Bakıda
Amerika Universitetində oxunan mühazirə)
Bir ay və bir neçə gün keçəcək - təqvimlərimiz dəyişəcək. Yanvarın 1-də ilk dəfə
olaraq təqvimlərimizdə 2000 rəqəmini görəcəyik, yəni son əsrdə ilk dəfə dörd rəqəmlik
tarixin ikinci ədədi 9 yox, 0, son min ildə ilk dəfə birinci rəqəm 1 deyil, 2 yazılacaq.
Gözümüzün hələ alışmadığı bu 2000 tarixi çoxlarını çaşdırır, yeni yüz illiyin, yeni min
illiyin gəldiyini zənn edirlər. Belə deyil. 1999-cu ildə də, 2000-ci ildə də hələ XX
əsrdəyik. XXI əsr - Üçüncü Minillik 2001-ci il yanvarın 1-də başlayacaq. Doğrudur,
bütün planeti nəzərə alsaq, bu tarix də şərtidir. Bir çox müsəlman ölkələri hicri tarixiylə
yaşayır, çinlilərin və neçə-neçə başqa xalqın öz təqvimi var. Amma hər halda
bütünlükdə dünya miladi təqvimiylə hesablaşır və gələn il əsrin də, minilliyin də
dəyişməsini qəbul edir.
Tarixin başqa bir şərtiliyi də var. Təqvim öz yerində, hər əsrin mənası, siması,
ruhu müəyyən təqvim günlərinə, illərinə bağlı deyil. XX əsr saydığımız zaman kəsiyinin
tarixi tutumu 1905-06-cı illərdə yüz ilin sifətini müəyyənləşdirən inqilablar dövründə,
ya da 14-cü ildə - ilk cahan hərbinin top səsləriylə başladı, 1991-ci ilin dekabrında SSRİ
adlanan bir məmləkətin, sosialist düşərgəsi deyilən bir dünyanın süqutuyla bitdi. Bəlkə
buna görə mənə elə gəlir ki, XX əsr artıq on ildir bitib-tükənib, amma XXI əsr hələ
başlanmayıb, tarixdə yeri baxımından 2001-ci il yanvarın birində başlanıb-
başlanmayacağı da hələ məlum deyil.
Tarix özü müəyyən mənada şərti anlayış deyilmi? Müxtəlif ictimai-siyasi
hadisələr baş verir, liderlər ortaya çıxır, ucalır, parlayır və sönüb gedirlər. Müharibələr,
çaxnaşmalar, üsyanlar, qiyamlar, inqilablar, çevrilişlər, elmi ixtiralar, sənət kəşfləri -
bütün bu pərakəndə, dağınıq, çox vaxt insan şüuruyla və məntiqlə anlaşılmayan
ardıcıllığı tarixçilər bir sistem üzrə düzməyə, bu, ya digər ideolojiyə əsaslanaraq dərk və
izah etməyə çalışırlar. Bu anlamda Tarix elə bir növ tarixçilərin əsəridir.
Bəlkə də heç Tarix yoxdur, müəyyən hadisələr haqqında tarixçilərin kitabları var.
Fəqət hadisələrin müəyyən zaman ardıcıllığına tarix deyilirsə, onda Tarix, doğrudan da
Allahın səbridir. Yaşadığımız zaman bizə məntiqsiz, ədalətsiz, haqsız görünən bir çox
olayların cavabları illər, bəzən əsrlər keçəndən sonra verilir, Allah tarixdə hər şeyi
yerbəyer edir. Allahın yalnız tək bir özünə məlum olan hökmünün, səbrinin
gerçəkləşmiş bəlirləri insanları Tarixə, onun məntiqinə və insafına inandırır. İnsan
Tarixin mövcudluğunu qəbul edir. Və tarixçilər bu yolda bizim bələdçimiz olur.
Hər insanda, tarixçi olsa da, olmasa da qanrılıb geriyə baxmaq ehtiyacı var - həm
özünün yaşadığı həyatı, həm içində ömür sürdüyü zaman kəsiyini, həm də mənsub
olduğu xalqın, millətin keçmişini yada salmaq, bilmək, anlamaq istəyir.
Mən də özümdən qabaqkı və sonrakı neçə-neçə nəsillər kimi XX əsrin övladıyam.
Azərbaycan türküyəm. Yüz illiyin sonunda, ömrümün son aşırımında, xalqımın bir
minillikdən başqa minilliyə keçid məqamında istər-istəməz xatirələr və düşüncələr
aləminə dalıram: mənim sinnimdə xatirələr elə düşüncələrdir və düşüncələr də yalnız
xatirələrə, olub keçənlərə dayanır. Eyni zamanda ömrümün bu axır çağı - ağır çağı
əsrlərin, minilliklərin yol ayrıcına düşdüyündən fikirlərim öz həyatımın xatiratından
daha artıq xalqımın taleyi və tarixi haqqında düşüncələrə çevrilir.
Azərbaycan xalqının taleyi və tarixi haqqında düşünərkən, çeşidli illərin çeşidli
olaylarını xatırlayarkən gözlərim önündə ayların Qara təqvimi canlanır.
Yanvar, 1990-cı il - 19-dan 20-sinə keçən qanlı gecə.
Fevral, 1988-ci il - Əskəranda iki gəncin - Əlinin və Bəxtiyarın öldürülməsi -
Qarabağ faciəsinin ilk qurbanları. Ermənistandan azərbaycanlıların qovulmağa
başlanması, Sumqayıt hadisələri və 1992-ci ilin Xocalı müsibəti.
Mart, 1918. Daşnakların Bakıda xalqımıza qarşı törətdikləri soyqırımı.
Aprel, 1920-ci il. Ayın 28-i. XI ordunun müstəqil Azərbaycan cümhuriyyətini
yerlə yeksan etdiyi gün.
May, 1992. Şuşanın ermənilərə xaincəsinə verilməsi.
İyun, 1992. Laçının işğalı.
İyun, iyul, avqust, sentyabr, oktyabr (1990-1993). Baqanis-Ayrım qətliamı.
Kəlbəcərin, Qubadlının, Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın işğalı, Gəncə
qiyamı, vətəndaş müharibəsi həddi, Talış-Muğan respublikası yaratmaq, Azərbaycanı
parçalamaq cəhdi.
Noyabr, 1991. Qarabağ səmasında dikuçarın (helikopterin) vurulması, Tofiq
İsmayılovun başçılıq etdiyi bütün dəstənin həlak olması.
Dekabr, 1988. Ermənistanın Qukark rayonunda azərbaycanlıların vəhşicəsinə
qətlə yetirilməsi.
Bu hələ mənim yaddaşımda yaşayanlardır. Tarixi araşdırmalara, sənədli əsərlərə,
qəzetlərə, məlumat, soraq kitablarına bir də baxsam, bu Qara təqvimi xeyli genişləndirə
bilərdim.
Tarixi varlığının müxtəlif dövrlərində başı bəlalar çəkməmiş xalq yoxdur və mən
də azərbaycanlıların bu cəhətdən müstəsna fəlakətzədə olduğunu iddia etmək niyyətində
deyiləm. Özlərini ən çox iztirab çəkmiş xalq kimi qələmə vermək ermənilərin milli
xüsusiyyətidir. Əlbəttə, ermənilər də, bütün başqa xalqlar kimi tarix boyu az əziyyət
çəkməyiblər. Amma məsələn, min illər boyu təqiblərə, mənəvi işgəncələrə, həqiqi
soyqırımına qat-qat artıq dərəcədə məruz qalmış yəhudilər heç də yeri gəldi-gəlmədi
bəlalarından, müsibətlərindən gileylənmirlər. Biz də tarix boyu başımıza gələn bəlaları
heç vəchlə unutmadan, onlara ağlamaqla, yas tutmaqla, müxtəlif janrlarda ağı deməklə
yetinməməliyik, bu bəlaların səbəbləri haqqında düşünməliyik, onların qarşısını almaq
üçün yollar aramalıyıq.
Azərbaycanın başına gələn bəlaların səbəbləri bir deyil, beş deyil, çoxdan da
çoxdur. Təbiətin bizə bəxş etdiyi nemət - torpağımızın cənnət gözəlliyi - meşələr,
dağlar, dərələr, vadilər, çaylar, çəmənliklər, bağ-bağat, dəniz - doqquz iqlimin səfası və
şəfası. Torpağımızın, dənizimizin üstündəki və altındakı sərvətlər və ilk növbədə
əlbəttə, neft… Bütün bunlardır uzaq və yaxın tamahkarların iştahlarını qıcıqlandıran.
Başqa bir cəhət Azərbaycanın Asiyayla Avropa arasında geostrateji mövqeyi, yollar
ayrıcında yerləşməsidir. Quzeydən Güneyə, Doğudan Batıya açılan qapıların bir açarı
da Azərbaycandır. Hər bir qolu zorlu bu açarı öz cibində saxlamağa hərisdir. İskəndər
Kəbirin dövründən,İran-yunan müharibələrindən, İran-Turan savaş-larından, ərəb,
monqol istilalarından ta XVIII əsrə, - I Pyotrun cənuba, isti dənizlərə, Qafqaza tamah
salmasına qədər Azərbaycan adlanan ərazi daima yad basqınlarına məruz qalmış və
Dostları ilə paylaş: |