onun gözündə böyük nüfuz qazandınız.
Heç demə, əriniz sizin haqqınızda ona xeyli yaxşı şeylər
danışıbmış; heç demə, o, sizi fikirləşdiyinizdən daha yüksək qiymətləndirirmiş. Elə buna görə də siz
Başqa qadına yüngülcə işarə verən kimi o, dərhal gəldi. Bu, məzəli, maraqlı dəyişikliklərə gətirib
çıxartdı.
İşdən qayıdanda və Başqa qadını öz evində görəndə əriniz artıq həmin qadının simasında roman
qəhrəmanını deyil, adi həyatda, gündəlik məişətdə işlənən nəsə bir əşya görməyə adət elədi. Ona elə
gəlirdi ki, hər ikinizin üzərində ağalıq edir. Lakin çox tezliklə sizinlə Başqa qadın arasında olan
yaxınlıq ərinizlə onun arasındakı əlaqədən daha sıx oldu. İki qadın daha tez dil tapa bilir. Başqa qadın
çərənçi idi və bunun ucbatından da səhvə yol verdi. O, özünü saxlaya bilmədi və ərinizdə məhz nələri,
hansı cəhətləri xoşlamadığını sizə söylədi, üstəlik, onu da əlavə etdi ki, ərinizin ötəri şıltaqlıqlarındansa
sizinlə dostluğa daha böyük önəm verir. Sizin ağlınız yetərincə idi ki, Başqa qadının dediklərini öz
Jakınıza çatdırmayasınız, bu barədə ona heç bir söz deməyəsiniz – əlbəttə, bu sözlər ərinizə əzab verər
və onun mənliyinə toxunardı. Onda bu artıq sizin tərəfinizdən təkcə eyib bir hərəkət deyil, həm də
taktiki səhv olardı. Əriniz sizə inanmazdı, Başqa qadına şikayətini bildirərdi və o da qəzəb donuna
bürünüb hamısını danardı.
Yeni münasibətlərin yetişməsini təmkinlə gözlədiniz. Yalnız bir məsələdə siz Başqa qadının
məsləhətinə qulaq asdınız və onun təcrübəsindən yararlandınız. O, sizə lazımi ünvanlar verdi və geyimi
haradan almağı, saçlarınızı harada düzəltdirməyi sizə başa saldı. Siz isə artıq burada onu yamsılamağa
çalışmadınız, öz şəxsi üslubunuzu, sizə yaraşan tərzi tapmağa çalışdınız. Sizə də, eynən onun kimi,
təkmilliyə canatma hakim idi və siz öz təkmilliyinizi əldə etdiniz. Təsvirəgəlməz bir xoşbəxtliklə siz
ərinizin gözlərinin məmnunluqla sizin üzərinizdə dayandığını gördünüz və adamların arasında sizdən
qürur duyduğunu hiss etdiniz.
Təqdirəlayiq bir inadkarlıqla siz Başqa qadını dəvət etməkdə və öz yanınızda saxlamaqda davam
etdiniz. Onun nüfuzunu həlledici surətdə sarsıtmaq lazım idi. Bu, çox vaxt aparmadı. O, tezliklə öz
hekayətlərini danışıb tükəndi və özünü təkrarlamağa başladı. Başqa qadın sizin ərinizlə təklikdə
görüşməkdə davam edirdimi? Əsla inandırıcı görünmürdü, çünki nə işlər görməsi, günü necə başa
vurması barədə danışarkən əriniz artıq yalanlar quraşdırmırdı. Sizin təntənəniz xəlvəti olsa da, çox
parlaq idi: bir dəfə siz öz ərinizə üçlükdə maşınla turist gəzintisinə çıxmağı təklif edəndə mübarizəniz
həlledici qələbə ilə başa çatdı. Sizin sevinciniz gizlincə aşıb-daşırdı. Əriniz əsəbi halda dedi:
– Yox bir!.. Yenə bu qadınla!.. Başa düşmürəm, sən onda nə tapmısan belə!
– Bəyəm sən özün demirdin ki, o xoşagələndir?
– Xoşagələn, – o mızıldandı, – xoşagələn… Yaxşı şərabı xoşlamaq olar, amma daha onunla günaşırı
ağız yaxalamaq nəyə lazımdır… Sonra da ki, düzünə qalsa, səninlə ikilikdə olmağımız mənim daha çox
ürəyimə yatır.
Bundan sonra Başqa qadın sizin həyatınızdan yavaş-yavaş uzaqlaşıb itdi. Görüşləriniz az-az, nadir
hallarda olurdu; görüşlərarası məsafə getdikcə uzanırdı. Başqa qadın, olsa-olsa, yalnız kölgəyə
çevrilmişdi. Sonra isə, ümumiyyətlə, mövcudluğunu itirdi.
Sizin ailə yuvanız xilas edilmişdi. Əlvida.
KİTAB SEÇİMİ HAQQINDA
Ey qəlbimin yad qadını, siz məndən soruşursunuz ki, nələri, hansı kitabları oxumaq lazımdır. Yəqin ki,
mənim məsləhətlərim sizi təəccübləndirəcək. Mənim müəllimim Alen deyirdi ki, bizim hər birimizə
heç də o qədər çox kitab oxumaq lazım deyil və bu prinsipin şəksiz üstünlüyünü öz şəxsi nümunəsində
təsdiq edirdi. Onun kitabxanası başlıca olaraq bir neçə görkəmli müəllifin – Homerin, Horatsinin,
Tasitin, Sen-Simonun, Retsin, Russonun, Napoleonun (onun Las Kazla söhbətləri), Stendalın, Balzakın,
Jorj Sandın, Viktor Hüqonun və aydındır ki, filosofların – Platonun, Aristotelin, Dekartın, Spinozanın,
Kantın, Hegelin, Ogüst Kontun əsərlərindən ibarət idi. Sonrakı illərdə bu müəlliflərin əsərlərinə o,
Romen Rollanın, Valerinin, Klodelin, Prustun, həmçinin Kiplinqin əsərlərini də əlavə etmişdi.
Seçim son dərəcə təvazökar bir seçim idi, lakin bu dahiyanə əsərlərin hamısını o çox əla mənimsəmişdi.
Onları daim, təkrar-təkrar oxuyur, hər dəfə özü üçün yeni gözəlliklər kəşf edirdi. O, belə fikirləşirdi ki,
kitabı açan kimi lazımi səhifəni tapa bilməyən adam müəllifi tanımır. Votrenlə Rübamprenin ilk görüşü
Balzakın hansı romanında təsvir olunub? Hansı romanda oxucu Feliks de Vandeneslə yenidən, artıq
onun evli vaxtında görüşür? Venteylin septeti barədə birinci dəfə Prustun hansı romanında söhbət açılır?
Bu və bu kimi suallara cavab verə bilməyən adamları həqiqi oxucu adlandırmaq olmaz. «Tapmaq yox,
tapdığını öz nailiyyətinə çevirmək vacibdir», – Valeri belə deyirdi. Bir neçə ölməz əsəri diqqətlə
oxuyub mənimsəmiş qadın özünü gün ərzində üç təzə kitabı fikri dağınıq halda tələsik gözdən keçirən
qadından daha savadlı saya bilər.
Bundan belə bir nəticə çıxırmı ki, müasir müəlliflərə diqqət yetirmək lazım deyil? Əlbəttə ki yox;
üstəlik də, yaddan çıxartmayın ki, sabah həmin müəlliflərdən bəziləri çox məşhur ismə çevriləcək.
Amma həddən artıq pərakəndəliyə də lüzum yoxdur. Bəs necə hərəkət etməli? Hər şeydən əvvəl, ilin
ədəbi məhsuluna özünü «tutmaq» üçün bir az vaxt vermək lazımdır. Nəşriyyatlar, yaxud ədəbi
dərnəklər tərəfindən şedevr elan edilən və altı ay keçməmiş büsbütün unudulan nə qədər əsərlər, nə
qədər kitablar var! Yaddaşımızı hədər yerə yükləməyək. Bir az gözləyək. Dünyada tüğyan eləyən kitab
bolluğunu diqqətlə müşahidə edərək onların arasından özümüzə dostlar seçməyə çalışaq. Bizim
istənilən birimizin çağdaş müəlliflər arasında öz sevimlilərimiz var. Qoy hər kəs onların yaradıcılığını
izləsin! Mən qələminə ümid bəslədiyim, inandığım bir neçə cavan yazıçının dərc etdirdikləri yazıların
hamısını oxuyuram. Əlbəttə, özümçün başqa müəlliflər «kəşf» etməyin də əsla əleyhinə deyiləm, amma
onların həddən çox olmasını istəmirəm. Yoxsa boğularam.
Elə ki kitabın mənəvi, yaxud bədii dəyərə malik olduğuna əmin olduq – həmin kitabı əldə etmək
lazımdır. Yalnız hər zaman əlimizin altında saxladığımız əsərlərlə yaxından və hərtərəfli tanış olmaq
olar. Müəlliflə elə ilk görüşdəcə onun kitabını oxumaq üçün müvəqqəti borc götürmək münasib və
hətta ağıllı hərəkətdir. Əgər tezliklə həmin kitabı «oğulluğa» götürmək qərarına gəliriksə, ona
vətəndaşlıq hüququ vermək lazımdır. Eyni zamanda, yalnız bütün ömrün boyu yaşamaq istədiyin
kitablarla «evlənmək» və yalnız onları almaq lazımdır.
Bəs necə oxumaq lazımdır? Əgər kitab bizi «tutursa», birinci dəfə onu tez, sürətlə və maraqla oxuyuruq.
Biz, sadəcə, səhifələri gözümüzə təpir, onları birnəfəsə uduruq. Amma onu sonradan oxuyarkən (yaxşı
kitabı dəfələrlə, təkrar-təkrar oxuyurlar) əlində karandaş, yaxud qələm olmalıdır. Xoşagələn parçaları,
yaxud dərin fikirləri qeyd etməkdən yaxşı vərdiş yoxdur – zövqü və mühakimə düzgünlüyünü başqa
heç nə bu cür formalaşdıra bilməz. Özünə söz verməlisən ki, ürəkdən qiymətləndirdiyin yazıçıların
əsərlərini oxuyarkən heç nəyi ötürməyəcəksən. Balzakın əsərlərində küçələrin, yaxud evlərin uzun
təsvirlərini buraxan adam onun həqiqi sərrafı sayıla bilməz.
Son dərəcə səmərəli mütaliə üsulu – «ulduzşəkilli» oxudur: oxucu əsas kitabdan, yaxud süjetdən
başlayaraq müxtəlif istiqamətlərdə (sanki, ulduzların şüaları üzrə) hərəkət etməklə öz maraq dairəsini
genişləndirir; misal üçün: mən Prustu oxuyur və ona heyran qalıram. Onun kitablarına dərindən baş
vurmaqla öyrənirəm ki, Prust özü Reskinin, Jorj Sandın vurğunu olub. Reskini və Jorj Sandı oxumağa
girişirəm: Prust kimi bir yazıçının yaxşı hesab etdiyinə mənim də biganə qalmağım mümkün deyil.
Şatobrianın sayəsində mən Juberlə tanış oldum. Şarl Dyu Bo isə məni «İki dəfə itirilmiş Evridik»ə
doğru itələdi. Vaxtilə Moris Barinq məni Çexovla, Qoqolla qovuşdurmuşdu. Mənəvi dostluq telləri
məhz bu şəkildə yaranır. Sizin də öz yerinizi müəyyənləşdirməyinizin vaxtıdır. Əlvida.
YUXUSUZLUQDAN ƏZAB ÇƏKƏN GƏNC
QADINA MƏSLƏHƏTLƏR
Sizə bu məktubu Marsel – Nitsa qatarında, dizimin üstündə yazıram. Səma gömgöy, tərtəmizdir; göy
üzündə bir əlcə də bulud yoxdur. Haçansa insanlar sarasinlərdən qorunmaq üçün
təpələrin üstündə
özlərinə balaca, möhkəm, keçilməz şəhərlər tikir, küçələri plitələrdən düzəldirdilər. Günəşin qızılı
rəngə boyadığı təpələrin qayalıq yamacları yalnız Provansda və Yunanıstanda rast gəlinən ciddi
geometrik xətlərlə seçilir. Seyr etmək üçün çox gözəl bir mənzərədir, amma mənimlə bir kupedə olan