«Xəbərlər» - İctimai və humanitar elmlər seriyası.-2009.-№1.-S.20-26.
NAXÇIVAN MƏTBUATININ YARANMA TARİXİNƏ
DAİR BƏZİ MÜLAHİZƏLƏR
(1920-1940-cı illər)
MƏMMƏD MƏMMƏDOV
AMEA Naxçıvan Bölməsi
Naxçıvan diyarında ilk dəfə qəzet çıxarmaq ideyası hələ XIX əsrin 90-cı illərində dövrün mütərəqqi ziyalıları
tərəfindən irəli sürülüb. Bu zaman artıq böyük maarifpərvər Məhəmmədtağı Sidqinin yenicə açmış olduğu
"Məktəbi-tərbiyə" təhsil ocağı xalqın savadlanması, təhsil alması yolunda fəaliyyətə başlamış, Cəlil
Məmmədquluzadə, Eynəli Sultanov, Məhəmmədağa Şahtaxtlı kimi milli demokratik düşüncəli ziyalılar
mədəniyyətimizin inkişafı istiqamətində artıq bir sıra addımlar atmışdılar.
Filologiya elmləri namizədi, Prezident təqaüdçüsü Lətif Hüseynzadənin fikrincə hələ 1894-cü ildən yerli
ziyalılar qəzet nəşrinə icazə almaq üçün Peterburqa, ərizə və məktublarla müraciət etmiş, lakin bu müraciətlərə
cavab verilməmişdi. Bu məsələ yalnız 1918-ci ildə ölkəmiz müstəqillik əldə etdikdən sonra qəzet nəşri yenidən
gündəmə gəldi. O dövrdə Naxçıvanda Araz-Türk Respublikası deyilən bir qurum mövcud idi. Məhz bu dövrdə -
Naxçıvanın düçar olduğu olduqca ağır və gərgin ictimai-siyasi dövrdə yenidən qəzet çıxarmağa cəhdlər göstərildi
(1, 2006, 3 noyabr). Nəhayət, Naxçıvanda ilk qəzet sovet hakimiyyətinin ilk illərində, daha doğrusu, 1921-ci ildə
işıq üzü gördü (3, 1 noyabr, 1921). O da bolşevik rejiminə məxsus mətbuat nümunəsi oldu. Müxtəlif dövrlərdə
mövcud olan ideoloji, iqtisadi çətinliklər, bəzi hallarda yaradılan süni maneələr isə qəzetin fəaliyyətini dayandıra
bilmədi.
Naxçıvanda ilk əvvəl rus dilində "Naxrespublika" adlı qəzet çıxıb, lakin, onun cəmi 2-3 nömrəsi işıq üzü
görüb. Sonra isə türk dilində "Cavanlar həyatı" adı ilə gənclər ittifaqının "Cümlə cahan füqərayi-kasibəsi toplantı"
şüarı ilə ərəb əlifbası ilə bir vərəqə şəklində qəzet çap olunub. Qəzetin ilk sətrində isə "1921-ci il 1 noyabr, həm də
hicri tarix 1340" sözləri yazılmışdı ki, bu tarix də Naxçıvanda mətbuatın yaradılış günü kimi qəbul olunmuşdur.
Nömrənin baş məqaləsi olan " 1 noyabr" adlı yazıda isə onun məramı açıqlanır: "Bu gündən etibarən Naxçıvanda
Azərbaycan Gənclər İttifaqının Naxçıvan Ölkə Komitəsi tərəfindən bu ruznamənin (qəzetin-M.M.) nəşrinə iqdam
olundu. Bu ruznamə gələcəkdə cavanlar ittifaqının nə olduğunu, cavanların gələcəkdə ümumdünya sahəsində nə
kimi rol oynamalı olduqlarını fəhlə və kəndli cavanlarına bəqədri imkan bildirəcək. Əminik ki, qeyrətli və məharətli
cavanlarımızın məhəbbət və məvəddətindən tutduğu yol, boynumuza aldığımız vəzifə gələcəkdə ifa olunar".
Bu qəzet Naxçıvan Ölkə Gənclər İttifaqının orqanı olduğundan həmin ictimai təşkilatın rəhbəri olan Həmid
Mahmudov o dövrdə həm də qəzetin redaktoru olmuşdu. Onu da deyək ki, Naxçıvanda gənclər ittifaqı, o dövrkü ad
ilə desək, Naxçıvan Kommunist Gənclər İttifaqı Qəza Komitəsi 1921-ci il martın 27-də yaradılmış, onun təşkilat
bürosuna H. Mahmudovla yanaşı, Əkbər Rzayev və Səməd Allahverdiyev də rəhbərlik etmişlər.
Əyalətdə 1921-ci ilin sonunda nəşr olunan qəzetlərdən biri də "Füqəra səsi" adlanıb. Bu qəzetin başında
Azərbaycan K(b)P Naxçıvan Ölkə Komitəsinin, Naxçıvan İctimai Şura Cümhuriyyətinin, Mərkəzi İcraiyyə
Komitəsinin və Naxçıvan Həmkarlar İttifaqları Şurasının naşiri-əfkarı olan, həftədə bir dəfə çıxan türk qəzetidir"
sözləri yazılmışdı. 1925-ci ildən sonra isə o, Naxçıvan Vilayət K(b)P-nın orqanı kimi nəşr olunmağa başlayıb (9,
1925, 31 mart).
"Şərq qapısı" qəzeti heç də "Cavanlar həyatı"nın varisi olmayıb. Çünki bu qəzetlərdən birisi ictimai təşkilatın
- Gənclər ittifaqının orqanı hesab olunsa da, digəri yerli hakimiyyət orqanlarının rəsmi mətbu nömrəsi olub. 1921-ci
ilin payızından nəşr olunan və 4-5 ay ərzində fəaliyyət göstərən "Füqəra səsi" adlı qəzetin bir nüsxəsi də bu gün
arxivlərdə qalmadığından onun yaranış günü barədə dəqiq mühakimə yürütmək çətindir. Mətbuatda dərc olunan bir
çox yazılarda "Füqəra səsi"nin "Şərq qapısı" üçün təməl daşı rolu oynadığı bildirilib. Məsələn, qəzetin ilk
müxbirlərindən biri olan Qasım Tağıyev qəzetin 50 illik yubileyinə həsr olunmuş məqaləsində yazırdı: "Əvvəllər
vərəqə şəklində buraxılan "Füqəra səsi" bu gün 50 illiyini qeyd etdiyimiz "Şərq qapısı"nın ilk rüşeymi oldu". (9,
1972, 14 iyul)
Qocaman alim Lətif Hüseynzadə isə "Cavanlar həyatı" ilə həyata vəsiqə almasından danışanda xatirələrinin
birində belə bir fikir də işlədib: "Cavanlar həyatı" bir müddət fəaliyyət göstərəndən sonra maddi və mənəvi səbəblər
üzündən qapanmağa məcbur oldu" (9, 1981, 26 dekabr). Təbii ki, qapanmağa məcbur olan qəzet "Şərq qapısı" üçün
təməl daşı ola bilməzdi. Qəzetin ilk müxbirlərindən biri olan Müzəffər Nəsirli "Şərq qapısı"nın 50 illik yubileyinə
həsr etdiyi "Mübarək" şeirində onun "Füqəra səsi" adı altında meydana gəldiyinə işarə vuraraq yazır:
Şərqin qapısında günəş doğanda,
Əridib zülməti, nurla boğanda,
Ucaldı göylərə "Füqəra səsi"...
1922-ci ilin aprelindən «Füqəra səsi» qəzeti "Şərq qapısı" adı ilə çıxmağa başladı. Qəzet öz səhifələrində
müntəzəm olaraq partiyanın, hökumətin, komsomolun və həmkarlar ittifaqları təşkilatlarının qarşıya qoyduqları
vəzifələri hərtərəfli işıqlandırır, sovet hökumətinin həyata keçirdiyi tədbirləri qızğın müdafiə edirdi. Qəzet o dövrün
rəsmi mətbu orqanı olduğundan orqanlar - Azərbaycan K (b)P Naxçıvan Ölkə Komitəsi və Naxçıvan İctimai Şura
Cümhuriyyəti Mərkəzi İcraiyyə Komitəsi onun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə məşğul olurdular.
Qəzetin mətbəə və onun avadanlıq məsələsi 1922-ci il dekabr ayının 9-da Naxçıvan Xalq Komissarları Sovetinin
iclasında müzakirə olunmuş və müvafiq qərar qəbul edilmişdir. Bu barədə qəbul edilmiş qərarın birinci bəndində
göstərilir ki, köhnə mətbəə maşınlarını saz, işlək hala salmaq üçün mətbəənin məsrəflərinə 70 manat qızıl pul
ayrılsın. İkinci bənddə isə mətbəə binasının təmirinə 60 manat qızıl pul buraxılması qət edilmişdi (1, 2006, 3
noyabr).
1923-cü ildə Bakı şəhərindən Naxçıvana daha mükəmməl mətbəə avadanlıqları gətirildi. O vaxta qədər qəzet
"Amerikanka" adlı ayaqla işləyən çap maşını ilə vurulurdu (9, 1931, 25 iyul). Yeni avadanlıqların əldə olunması
qəzetin müntəzəm nəşrinə imkan yaratdı. Əvvəllər 100-150 nüsxədən çox olmayan qəzet bu dövrdən 600-700 nüsxə
tirajla çap olunmağa başladı.
1924-cü ildə qısa dövr ərzində «Şərq qapısı» qəzeti «Qızıl Şərq» adı altında nəşr edilsə də bu müddətdən
sonra qəzetin əvvəlki adı bərpa edilirdi. 1925-ci ilin mart ayında qəzetin 100-cü nömrəsi işıq üzü görürdü. Qəzetin
bu yubiley nömrəsi böyük təntənə ilə qeyd edilirdi. Həmin nömrədə dərc olunan baş yazıda deyilirdi: "Əsrlərdən
bəri maarif və mədəniyyətin parlaq ziyasından məhrum olaraq cəngavərlər, cəlladlar pəncəsində inləyən Naxçıvan
torpağında bu gün göstərilməmiş bir bayram, gələcək nəslə şərəfli bir yadigar buraxacaq həmin bir yadigar, şərqin
qapısında yaşayan Naxçıvan ölkəsinin türk əməkçiləri tərəfindən mövhumat və cəhalətə qarşı vuraraq 100 ədəd
maarif qurşunu və 100 nömrəyə varmış olan bir türk qəzetəsidir". Yubileylə bağlı "Şərq qapısı" qəzetinə Naxçıvan
Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Şurası tərəfindən təbrik məktubları göndərilmişdi. Xalq
Komissarları Şurasının sədri Həmid Sultanovun və Mərkəzi İcraiyyə Komitəsinin katibi Ələkbər Quliyevin
imzaladığı məktubda deyilirdi: "Mətbuat insanların həyatında həmişə böyük rol oynamışdır. Qırmızı mətbuat
zəhmətkeşlərin könlünü açmağa, onlara səadət yolunu göstərməyə çalışmaqdadır. Həqiqətdə "Şərq qapısı" qəzetəsi
şurədar şərqinin əhəmiyyətli qəzetlərindən olub, gələcəkdə bütün şərq zəhmətkeşlərinin öz tutduğu doğru yola cəlb
edəcəyinə əminiz". Dərc olunan yazılarda qəzetin keçdiyi kəşməkeşli və mübariz yol öz əksini tapırdı (9, 2006, 4
noyabr).
Qəzetin ilk mühərrirlərindən, korrektorlarından biri olan Lətif Hüseynzadənin "Naxçıvanda mətbuat" adlı
yazısı da qəzetin həmin sayında dərc olunub. Onun sözlərinə görə də "Füqəra səsi"nin nəşri o qədər də asan
olmayıb. Mətbəədə iri şriftlər olmadığından qəzetin adı üçün ayrıca klişe hazırlanmışdır. Qəzet üçün avadanlıqların
alınması, mətbəəyə işçi qüvvəsinin toplanması, onların əmək haqları və sair məsələlər Naxçıvan Ölkə Xalq Maarif
Komissarlığı tərəfindən ödənilirdi.
20-ci illərin ikinci yarısından "Şərq qapısı" Azərbaycan Kommunist (bolşevik) Partiyasının Naxçıvan Vilayət
Komitəsinin orqanı kimi çıxmağa başlayır.
1931-ci ildə "Şərq qapısı" qəzeti özünün 10 illik yubileyini qeyd etdi. Qəzetin 25 iyul 1931-ci il tarixli sayı
bu yubileyə həsr olunub. Bu münasibətlə Bakıda çıxan "Kommunist", Tbilisidə çıxan "Zarya Vostoka", İrəvanda
çıxan "Qızıl şəfəq" qəzetləri yubilyarı təbrik etmiş və ona uğurlar arzulamışdılar. "Kommunist" qəzeti onu "Şərqin
üfüqlərində parlayan bir qızıl ulduz" adlandırmışdı.
1933-cü il dekabrın 30-u qəzet üçün yaddaqalan günlərdən birinə çevrildi. Həmin gün qəzetin 1000-ci
nömrəsi rəngli formatda çapdan çıxır. Yubiley nömrəsi nəşr olundu. Həmin nömrənin birinci səhifəsində
Azərbaycan Mərkəzi İnqilab Komitəsinin sədr müavini Məmmədxanovun və Naxçıvan Əyalət Firqə Komitəsinin
katibi Əli Məhəmmədovun redaksiya kollektivinə təbrik məktubları da dərc olunmuşdu.
Təbii ki, ötən əsrin ziddiyyətlərlə dolu olan 20-30-cu illərində qəzet çıxarmağın olduqca çətin tərəfləri də var
idi. Bu illərdə müxbirlik etmək olduqca ağır və məsuliyyətli bir iş idi. Bu dövrdə qəzetlə əməkdaşlıq edən
fəhlə-kəndli müxbirlər, ziyalılar arasında Məhəmməd Rəsizadə, Tofiq Fikrət, Fərəməz Mahmudbəyov, Əli
Həsənzadə kimi dövrün tanınmış ziyalıları da var idi.
XX əsrin otuzuncu illəri məmləkətimizdə kollektivləşmə, kolxoz quruculuğu və sovet hakimiyyətinin
qolçomaqlarla mübarizə dövrü kimi xarakterizə olunur. Ölkədə kollektivləşmə siyasətinin həyata keçirilməsi, birgə
ictimai və dövlət təsərrüfatlarının yaradılması, onların iqtisadi cəhətdən möhkəmləndirilməsi, texnika ilə təchiz
edilməsi başlıca məsələlərdən birinə çevrilir. Belə bir dövrdə mətbuatın üzərinə xüsusi missiya düşürdü. Məhz bu
illərdə bir çox rayonlarda da yerli mətbuatın təməli qoyuldu. Muxtar respublikanın Şərur, Şahbuz, Ordubad
rayonlarında da yerli qəzetlər nəşrə başladı. 1932-ci ildə AK(b)P Noraşen PK və PZD İK-nin orqanı olan «Noraşen
kolxozçusu» qəzeti nəşr edilməyə başladı. Qəzet 1944-54-cü illərdə «Pambığa doğru», 1966-cı ildən isə «İşıqlı yol»
adı altında çap edilmişdi (1, 2006, 3 noyabr).
Otuzuncu ilin əvvəllərindən "Şərq qapısı" qəzeti öz fəaliyyətini daha da genişləndirirdi. Qəzetə qüdrətli
qələm sahibi, sonralar Azərbaycanın xalq yazıçısı Əli Vəliyevin redaktorluğu böyük şöhrət gətirdi (7, II c, s. 304).
Məhz bu dövrdə Naxçıvan MTS siyasi şöbəsində "Sürət" adlı qəzet də nəşrə başlanır. Mirzə İbrahimov kimi
istedadlı və qüdrətli qələm sahibinin Bakı şəhərindən "Sürət" qəzetinə redaktor göndərilməsi də regionda mətbuat
mühitinin canlanmasına xidmət etdi.
Əli Vəliyevlə Mirzə İbrahimovun yaxın dostluqları, birgə əməkdaşlıqları bu qəzetlərin ideya-siyasi və mədəni
səviyyəsinin yüksəldilməsində də mühüm rol oynadı. O, Naxçıvanda gənc yazıçı və şairlərin ilk ədəbi ocağına
çevrildi.
"Şərq qapısı" qəzetinə məxsus müsbət ənənələrin formalaşmasında da bu dövr əhəmiyyətli rol oynadı.
Qəzetin "Ədəbiyyat səhifəsi" gənc yazıçılar üçün sınaq meydanına çevrilmişdi. Yazıçı Ə. Şəkilinin, Ə. Lahutinin
şeir kitabları da bu dövrdə qəzetin mətbəəsi tərəfindən işıq üzü görmüşdü, Qəzetin mətbəəsində ilk dəfə olaraq
müstəqil "Ədəbiyyat" qəzeti də nəşr olunmuşdu, onun 2-3 nömrəsi işıq üzü görmüşdür (9, 1981, 26 dekabr).
Azərbaycanın xalq yazıçısı Əli Vəliyev sonralar xatirələrində yazırdı: "Mənim redaktor olduğum 30-cu
illərdə qəzetin səhifələrində Mirzə İbrahimov, Abbas Gülməmmədov, Qurban Yusifzadə, Əyyub Abbasov,
Məmmədəli Tarverdiyev, Lətif Hüseynzadə kimi qabaqcıl ziyalılar yeni həyatı təqdir və tərənnüm edən, nöqsanları
cəsarətlə açıb göstərən yazılarla müntəzəm olaraq çıxış edirdilər" (9, 1972, 14 yanvar).
Ədəbiyyata qaynar yaradıcılıq istedadı ilə gələn Mirzə İbrahimov üçün də Naxçıvan sözün əsl mənasında
ciddi həyat məktəbi və tükənməz ilham mənbəyi oldu. O, burada təkcə qəzetçilik fəaliyyəti ilə məşğul olmamış,
ədəbi yaradıcılığında xüsusi rol oynayan "Həyat" pyesinin mövzusunu da yerli həyatdan alaraq onu bitkin formada
tamamlaya bilmişdir (9, 1971, 16 noyabr).
Əli Vəliyevdən sonra qəzetə Məsudə Nuriyeva adlı bir qadın rəhbərlik etmişdir. Düzdür, ondan əvvəlki
illərdə də qəzetlə əməkdaşlıq edənlər arasında qadın ziyalılar az olmamışdır. Buna misal olaraq Səkinə Rzalının,
Səlbi İsgəndərovanın və başqalarının adlarını göstərmək olar. Məsudə Nuriyeva isə qəzetin ilk qadın redaktoru
oldu. Məsudə xanım xatirələrinin birində yazır: "Məndən soruşsalar ki, redaktorluq necə vəzifədir, dərhal deyərəm:
narahat və olduqca çətin bir vəzifədir. Axı, "qəzetin çapma icazə verirəm" sözlərini yazıb altından qol çəkən
redaktor hər gün, həm də minlərlə, on minlərlə oxucu qarşısında hesabat verir. Yanlış bir faktın, yerində
deyilməyən bir sözün qəzet səhifəsinə düşməməsi üçün redaktor həmişə narahat, həmişə həyəcanlıdır. Mən bunu öz
təcrübəmdə görmüşəm; 1934-35-ci illərdə "Şərq qapısı"nın redaktoru olduğum zaman. O vaxt "Şərq qapısı" kiçik
formatda buraxılırdı. Bununla belə işimiz olduqca ağır idi. Redaksiyada və mətbəədə ixtisaslı kadrlar yox idi.
Elektrik olmadığından qəzet səhifələrini çox vaxt şam işığında oxuyurduq..." (9, 1972, 14 yanvar).
1936-cı ildə Naxçıvanda məktəbin yaradılması mətbuatın inkişafında mühüm yer tutur.
"Şərq qapısı" ilə bağlı öyrəniləsi, hələ də qaranlıq qalan məqamlardan biri də 1937-38-ci illərlə bağlıdır. Bu
dövrdə ölkədə baş qaldıran repressiya dalğası bu qəzetin redaksiyasından yan ötmədi. Qəzetin o dövrə aid «Əmrlər
kitabı» ilə tanışlıq bunu aydın göstərir. Məsələn, 1937-ci il 19 fevral tarixdən ilin sonunadək qəzetə 5 nəfər
redaktorluq edib: Hüseyn Mahmudov, Şirəli Şirəliyev, Ə. Hacızadə, Musa İsmayılov, Xəlil Əmirov. Ə. Hacızadənin
redaktorluq fəaliyyəti cəmi 13 gün çəkib. Xəlil Əmirovun redaktorluq fəaliyyəti isə bir qədər uzun çəksə də, sonu
yaxşılıqla bitməyib. 01 dekabr 1938-ci il tarixində o, Naxçıvan Vilayət Partiya Komitəsinin qərarı ilə tutduğu
vəzifədən azad olunub. Həmin tarixdən redaktor təyin olunan şəxs isə 1939-cu ilin 5 fevralında öz vəzifəsi ilə
vidalaşıb (6, s. 347).
Qəzetin Böyük Vətən müharibəsi dövründəki fəaliyyəti də maraqlıdır. Müharibənin yaratdığı mürəkkəb
şəraitdə "Şərq qapısı" qəzeti cəbhə ilə xalq arasında körpü yaradan mətbu orqan kimi regionda hər evin qapısını
açmış, döyüş cəbhələrinə belə gedib çata bilmişdir. Qəzet müharibə illərində partiya və hökumətin göstəriş və
qərarlarının kütlələrə çatdırılmasında, ön və arxa cəbhədə igidlik göstərən həmyerlilərimizin fəaliyyətinin
işıqlandırılmasında böyük rol oynamışdır. Maraqlıdır ki, müharibə başlanandan iki gün sonra, 1941-ci ilin iyun
ayının 24-də qəzetin redaktoru Hüseyn Ağrılı vətənpərvərlik nümunəsi göstərərək belə bir əmr imzalayıb: "Bu
gündən etibarən ordu sıralarına getdiyimdən məsul redaktorluq vəzifəsindən azad olunub, məsul redaktorluq
vəzifəsini Mirzəliyev yoldaşa tapşırıram" (9, 2006, 22 iyul).
Müharibə başlanmazdan bir neçə il əvvəl qəzetə redaktorluq edən Xəlil Əmirov və Musa İsmayılov, eləcə də
bir neçə nəfər əməkdaş da alman işğalçılarına qarşı mübarizədə qəhrəmancasına döyüşərək həlak olmuşlar (9,2006,
4 noyabr).
Bu faktı da qeyd edək ki, Böyük Vətən müharibəsinə Naxçıvan diyarından 29024 nəfər oğul və qız
yollanmışdır ki, onların da tən yarısı odlu-alovlu döyüşlərdən geri qayıtmamışdır. Sovet İttifaqı Qəhrəmanı fəxri
adını alan soydaşlarımız arasında isə Muxtar Respublikamızın üç oğlu olmuşdur.
Böyük Vətən müharibəsi qalibiyyətlə başa çatdıqdan sonra ölkə miqyasında müharibənin gətirdiyi ağır
bəlaların aradan qaldırılması istiqamətində bərpa işlərinə başlanıldı. Bu dövrdə də sovet hökuməti mətbuatın
səfərbəredici gücündən ideoloji təbliğat vasitəsi kimi istifadə etməyə çalışdı. Bu mənada, 1946-1947-ci illərdə
qəzetin fəaliyyətində böyük canlanma duyuldu. Bu dövrdə kiçik formatda həftədə 3 dəfə dörd səhifə həcmində nəşr
olunan qəzetdə yeni imzalar da görünməyə başladı: İslam Səfərli, Seyid Səbri, Müzəffər Nəsirli, Abbas Rəcəbli,
Hüseyn Razi, Hüseyn İbrahimov, Hüseyn Əzim, Əhməd Mahmudov, Rəşid Qazıbəyov kimi qələm sahibləri bu
dövrdə mətbuat səhifələrində tez-tez çıxışlar edirdi. O dövri mətbuat üçün ən üstün cəhətlərdən biri də qəzetdə
tez-tez mənzum felyetonların dərc olunması, eybəcərliklərə və nöqsanlara qarşı cəsarətlə mübarizə aparılması idi (9,
2006, 4 noyabr).
Onu da qeyd edək ki, qəzet 1930-cu ilə qədər ərəb, 1930-cu ildən 1940-cı ilə qədər latın, 1940-cı ildən
2001-ci ilin iyul ayınadək kiril əlifbası ilə çap olunub. Ondan sonra isə yenidən latın əlifbası ilə nəşrini davam
etdirir (7, s. 304).
ƏDƏBİYYAT
1. "Azərbaycan" qəz.
2. "Azərbaycan gəncləri" qəz.
3. "Cavanlar həyatı" qəz.
4. Məmmədov M. Azərbaycan basının dünü ve bu günü / IX yerel mediya egitim semineri / Ankara, 2002, s.
45-50.
5. Məmmədov M. Mənim qəzetli dünyam, Bakı: Nurlan, 2006, 384 s.
6. Naxçıvan ensiklopediyası, 2 cilddə, Naxçıvan, 2005.
7. "Sovet Naxçıvanı" qəz.
8. "Şərq qapısı" qəz.
Dostları ilə paylaş: |