İ.Seyfullayev. Sahibkarlığın tənzimlənməsinin iqtisadi-psixoloji məsələləri
50
subyektiv maneələrin də artması ayrı-ayrı fərdlərin (təsərrüfat subyektlərinin)
rəqabət aparmaq imkanlarını və rəqabəti məhdudlaşdırır. Bazarda alternativ tək-
liflərin sayı azalır və mübadilə prosesi qeyri-rəqabətli şəraitdə reallaşmağa başlayır.
Nəticədə “görünməz əl”in tənzimləyici mexanizm kimi səmərəliliyi azalır.
İnsanın tələbatları hisslər vasitəsilə ehtiyac və arzulardan qaynaqlanır. Arzuların,
tələbatın və sosial təklifin dialektik nəticəsi olan tələbin hüdudları isə istehsal sis-
teminin məhdudiyyətləri ilə müəyyən edilir. İqtisad elmində belə bir fikir də mövcud-
dur ki, iri şirkətlər insanları idarə etmək və tabeçilikdə saxlamaq üçün “süni” arzular
yaratmaqla onların mənəviyyatına, psixoloji durumlarına və hisslərinə təsir göstərir,
öz iqtisadi güclərini qorumaq üçün insanları arzuların formalaşması üsullarının
köməyi ilə istismar edirlər. Deməli, istehsalın tənzimlənməsinin əsasında tələbin
tənzimlənməsi dayanmalıdır. Kifayət qədər yaxşı səslənən bu ideya aşağıdakı fun-
damental suallara cavab vermir [2,4]:
insanın tələbatlarının və arzularının “həqiqi” və ya “süni” olmasını hansı me-
yarlar və üsullarla müəyyən etmək olar?
arzuların həqiqi və ya süni olmasını kim təyin edəcək (subyektivlik təhlükəsi)?
Göründüyü kimi, istehlakçının seçimi nəzəriyyəsinin “alıcının prioritetliyi” prin-
sipi nə qədər cavabsız suallar doğurursa, arzuları və tələbatları tənzimləyən qurumun
prioritetliyi prinsipi də mürəkkəb problemlərin meydana gəlməsinə şərait yaradır.
Bütün bunları sahibkarların motivlərinin və sosial-psixoloji xüsusiyyətlərinin iqti-
sadi sistemin fəaliyyətinə birbaşa təsirinin təzahürü kimi qiymətləndirmək olar.
4. Sahibkarlıq psixologiyası
Vilfredo Pareto (1848-1923) uğurlu sahibkarların psixikasını yüksək enerjililik
və intellektual səviyyə, mənəvi məhdudiyyətlərin (dəyərlərin) yoxluğu və varlanmaq
instiktinin dominantlığı ilə xarakterizə etmişdir. Alman sosioloqu və iqtisadçısı
Verner Zombart (1863-1941) təxminən 100 il bundan əvvəl kapitalizmin yaranması
və inkişafında sahibkarların xüsusi rolunu qeyd edir və göstərirdi ki, onların
fəaliyyəti yalnız təsərrüfat fəaliyyətində deyil, ictimai həyatda da ciddi dəyişikliklərə
gətirir. Eqoist təbiətli sahibkarlıq fəaliyyəti nəticəsində mənəvi dəyərlər aləmində
çevriliş baş verir. Nəticədə təkəbbür, tamahkarlıq, xəsislik və digər belə xüsusiyyətlər
(həm islamda, həm də xristianlıqda böyük günahlar kimi qəbul olunur - qeyd müəl-
lifindir) ləyaqət göstəricisinə çevrilir [14].
İqtisad elmində institutionalizmin banisi hesab olunan norveç əsilli Amerika iqti-
sadçısı Torsteyn Bunde Veblen (1857-1929) sahibkarın psixikasının yırtıcı psixikası
əsasında formalaşdığını göstərmişdir [15].
Sələflərindən fərqli olaraq sahibkara daha pozitiv mövqedən yanaşan Yozef Şum-
peter yenilikçi sahibkarların təhlükəli (yüksək riskli) fəaliyyətə sövq edən psixoloji
motivlərini aşağıdakı üç qrupda birləşdirmişdir [6, s. 192-194]:
AZƏRBAYCANIN VERGİ XƏBƏRLƏRİ. 8/2011.
51
hakimiyyətə və ətrafdakılar arasında nüfuza ehtiyac;
rəqiblərlə mübarizədə qələbə hissinə ehtiyac;
yaradıcılıqdan doğan sevinc hissinə ehtiyac.
Liberalizm ideologiyası əsasında qurulan iqtisadi sistemdə iqtisadi hakimiyyət
qeyd olunan psixoloji xüsusiyyətlərə malik olan sahibkarların əlinə keçir. Onlar iqti-
sadi münasibətlərə əvvəlcə özlərinin qeyri-formal, sonra isə formal (qanuniləşmiş)
münasibətlərini gətirirlər. 1980-ci illərin sonlarında ABŞ-da gəlirlərin Konqres
tərəfindən tənzimlənməsinin qadağan edilməsi nəticəsində iri şirkətlərin top-
menecerləri və sıravi işçilərin əməkhaqları arasında fərqlər kəskin şəkildə artmağa
başlamış, 1980-ci illərdə orta hesabla 40 dəfəyə bərabər olan bu fərq son illərdə 400
dəfəyə qədər yüksəlmişdir. 1979-1986-cı illərdə ABŞ-ın Federal Ehtiyatlar Siste-
minin rəhbəri olmuş C.Uolker (C.Walker) nəhəng maliyyə təşkilatlarına nəzarəti ələ
keçirmiş gənc sahibkarların psixoloji durumunu “tamahkarlıq”, “qorxu” və “təkəb-
bürlülük” kimi xüsusiyyətlərlə xarakterizə etmişdir [16, s. 109].
A.Qrinspen iqtisadi tənzimləmə və proqnozlaşdırmada istifadə olunan
ekonometrik modellərə psixoloji amilləri əks etdirən dəyişənlərin də əlavə olun-
masını təklif edirdi. O, sahibkarın iqtisadi davranışına təsir göstərən psixoloji amil-
lərə sosiallıq (başqalarından varlı olmaq istəyi), ədalət hissi, düzgünlük və qorxunu
aid edirdi [11].
İnsanlar var-dövləti və istehlakı artırmaq üçün sərmayə qoyuluşları edir, məhsul-
darlığı artırırlar. Bu zaman sahibkara xas olan var-dövlət hərisliyi cəmiyyətin ümumi
intellektual səviyyəsi ilə müəyyən olunan məhsuldarlıq həddini aşa bilər. Müasir
intellektin səviyyəsi məhsuldarlığın uzun müddətli dövr üçün ildə 3,5 faizlik artımını
təmin edə bilir [17, s. 182]. Var-dövlətin və istehlakın artımı bu həddi keçdikdə bazar
mexanizminin fəaliyyəti pozulmağa başlayır. Beləliklə, insanın var-dövlət hərisliyi
(istehlakı artırmağa sövq edən hədsiz psixoloji qüvvə) və məhsuldarlıq məhdudiyyəti
(yaradıcılığa sövq edən məhdud psixoloji qüvvə) arasında ziddiyyət yaranır.
İnsanlar başqalarından varlı olmaq üçün bir-biri ilə yarışır, rəqabət aparır. Yozef
Şumpeterin “konstruktiv dağıdıcılıq” mexanizmi məhz rəqabət nəticəsində yaranır.
İqtisadi fəaliyyətdə rəqabət yeninin (iqtisadi baxımdan daha səmərəli olanın) yaran-
ması üçün köhnənin məhv olmasına - dağılmasına, yeni istehsal və istehlak va-
sitələrinin, yeni texnologiyaların, yeni iqtisadi və ictimai münasibətlərin yaranmasına
gətirir. Rəqabətin yaradıcı tərəfi nə qədər cəlbedicidirsə, onun dağıdıcı tərəfi bir o
qədər ağrılıdır. Rəqabətin dağıdıcı təsiri ilə müxtəlif ölçülü müəssisələr iflasa uğrayır,
iri sənaye sahələri ləğv olur, müvafiq ixtisaslı işçilər iş yerlərini itirir, əmlakın
yenidən bölgüsü prosesi baş verir, əhalinin gəlirlərin səviyyəsi üzrə təbəqələşməsi
dərinləşir. Rəqabət sərtləşdikcə onun dağıdıcı nəticələri də kəskin xarakter alır. Belə
hallarda var-dövlət uğrunda rəqabət insanların təbiətinə xas olan ədalət instinkti ilə
ziddiyyətə daxil olur.
Ədalətlilik instinkti dedikdə, digər insanların həyatına və tələbatlarına hörmət