ORFEY QUYUDAN ÇIXANDAN SONRA NƏ GÖRDÜ...
Oktyabr inqilabı Leninin xalqa vəd etdiyi cənnəti verməyəndən sonra, o «Yeni iqtisadi siyasət»
adı ilə xalqı -fəhlə və kəndliləri ikinci dəfə aldatdı.
Əzablar çəkmiş sadədil xalq ikinci dəfə Leninə inanaraq, xüsusi təsərrüfatları ilə məşğul olmağa
başladı. Kimi alverlə, kimi öz xüsusi əkinçiliyi ilə, kimi xırda-kustar peşəsi ilə məşğul olub,
güzəranını düzəltməyə girişdi.
Mənim atam da üç-dörd həmkarı ilə Təbrizlə ticarət əlaqəsinə girmişdi. On birinci ordu
Azərbaycanı istila edəndə, atamın mağazaları, bütün var-yoxu əlindən çıxmışdı. Biz qorxub,
Qaryagin şəhərindən kəndə qaçmışdıq. Evlərimiz xalça-gəbəylə, mebellə dolu qalmışdı. On
birinci ordunun bir batalyonu bizim evlərdə yerləşmişdi. Aralıq düzələndə, biz şəhərə - öz
evimizə qayıdanda gördük ki, var-yoxumuzdan heç nə qalmayıb. Əsgərlər atamın Peterburqdan
gətirdiyi mebelləri sındınb, taxtalarmı ocaqda yandırmış, məxmərlərini da atlara çul etmişdilər.
Bütün bunlara baxmayaraq, «Yeni iqtisadi siyasət» sayəsindəki yalançı azadlıqdan istifadə
eləyən atam təsərrüfatını yoluna qoyaraq, bağımızda dərin su quyusu qazdırırdı. Quyunun ağzı
üçün mədəndən iri daş gətirib ortasını dəldirmişdi.
Su quyusunu iki adam qazırdı: biri düsərlə qazıb torpağı torbaya doldurur, yuxarıda - quyunun
başında duran adam da onu çəkib kənara boşaldırdı.
Yaz vaxtı idi. Anamla atam ikinci mərtəbənin eyvanında əyləşib çay içirdilər. Onların yanında iri
dibçəkdə gur çiçək açmış oleandr gülü var idi. 0 zaman bizim yerlərdə oleandr gülü olmazdı.
Gülü atam haradansa gətirmişdi. Yəqin ona görə də, o gül indi də yaddaşımda qalıb: cavan, gözəl
bir qadm olan anamın əynindəki mavi atlas paltarının rəngi ilə o oleandrın təravətli çəhrayı rəngi
bir-birinə qəribə, zərif ahəng verirdi.
Aşağıda - bağçada qazılmaqda olan quyunun başında ortayaşlı bir kişi dayanıb qazılan torpağı
çəkib kənara tökürdü.
Birdən, sanki qeybdən gələn bir səs kimi, bir muğam eşidildi. Kimsə olduqca şirin, həzin bir
ahənglə oxuyurdu. Şeirə, musiqiyə qarşı çox həssas bir qadın olan anam təəccüblə atama baxaraq
soruşdu:
- Harada oxuyurlar bunu? Atam xoş ifadə ilə:
- Quyunun içində! - dedi.
Və quyunun başında dayanıb torpaq çəkən kişiyə işarə ilə əlavə etdi:
- O kankanın oğludur. Quyunu o qazır.
Mən də, anam kimi, musiqiyə qarşı çox həssas olduğumdan o muğama heyranlıqla qulaq
asırdım.
Mən, o on altı-on yeddi yaşında sağlam, qaraqaş, qaragöz oğlanı, o gənc kankanı hər gün gəlib
quyuya girəndə görürdüm.
Anam dedi:
- Gozəl səsi var. Nə əcəb xanəndə olmaq istəmir? Atam:
- Bunlar Cənubi Azərbaycandan gəliblər, - dedi. - Mən də kişidən soruşdum ki, oğlunun belə
gözəl səsi var, nə əcəb ustad xanəndələrdən birinə qoşmursan? Kişi dedi ki, əvvəl öz sənətimi
öyrədirəm, sonra özü bilər.
O gecə uzun zaman gözümə yuxu getmirdi. O yaz gecəsinin səssizliyi içində quyunun qaranlıq
dibindən gələn o səsi sanki mən hey eşidirdim... Bəzən Arazın o tayından gələn və bu cür qəribə
bir yanğı ilə oxuyan o gənc xəyalında donüb zülmət dünyasına düşmüş Məlik Məmməd olurdu.
Bəzən də anamın nağıl elədiyi «Yusif və Züleyxa» dastanının quyuya atılmış Yusifı olurdu.
Qəribədir ki, mən onu oxuduğu muğam ilə birlikdə adi, yəni, bu işıqlı dünyada təsəvvür eləyə
bilmirdim... Elə bil ki, o məhz qaranlıq quyuda, o zülmət dünyasında hansı bir kədərli hekayəti
isə oxumaq üçün yaranmışdı...
Anam soruşdu:
- Çox təsirli səsi var, adı nədir o oğlanın? Atam dedi:
- Deyəsən, Ağabaladır...
O zaman bizim o balaca Qaryagin şəhərində (o şəhərin əsl adı «Qarabulaq» olub; sonra Qarabağı
istila eləyən rus qoşununun polkovnikini yerli əhali öldürdüyü üçün, çarın əmri ilə oranın adını
«Qaryagin» qoyublar) kiçik, amma maraqlı, sevincli bir dram dərnəyi var idi. Bu dərnəyi Sovet
hökumətinin qurulması ilə yoxsullaşmış yerli bəylərdən olan Şamxal bəy Vəzirov təşkil etmişdi.
Şamxal bəy uca-boylu, arıq, uzunsov, xoşsifət bir kişi idi. Onun bütün hərəkətlərində,
danışığında, bəlkə, özünün də fərqinə varmadığı təbii bir komizm var idi. Onunla qarşılaşan,
salamlaşan hər kəsin üzündə bilaixtiyar xoş bir ifadə, bir təbəssüm peyda olurdu. O yaranışından
hərtərəfli istedada malik bir artist idi. Uşaq vaxtımda bir dəfə mən onu Süleyman Saninin «Laçın
yuvası» pyesinin tamaşasında Əmiraslan bəy rolunda görmüşdüm. 0 qədər canlı, o qədər təbii
oynayırdı ki, obraz bütün faciəsilə birlikdə indi də gözümün qabağındadır.
Bizim balaca şəhərimizdə hamı onu sevirdi. Hamı ona hörmət edirdi. O inqilabdan əvvəl də,
sonra da, heç kəslə işi olmayan, həqiqi mənada «yaxşı adam» kimi tanınan bir insan idi. Onun
şəhərimizdə düzəltdiyi və özünün rejissorluq etdıyi o dram dərnəyində istedadlı gənclər də var
idi. Şamxal bəy onların köməyi ilə «Məşədi İbad», «Arşın mal alan», «Zorən təbib» (Molyer),
«Müfəttiş» (Qoqol), «Dağılan tifaq» kimi tamaşalar qoyurdu və bu tamaşalar hər dəfə şəhər
əhalisinin şadlığına səbəb olurdu.
Lakin ona da Sovet hökuməti deyərdilər! Ola bilməzdi ki, onun quruluşunda bir sevinc, bir xalq
şadlığı axıra qədər davam eləsin. Şamxal bəyin qardaşı Surxay bəy Vəzirovu məhz bəy olduğu
üçün iyirminci illərin o dəhşətli sovet terroru dövründə günün günortaçağı ikən NKVD işçisi
aldillə evdən küçəyə çağırıb, oradaca güllələyib getmişdi. Ömründə bir sərçəyə də güllə atmayan
zavallı artisti isə, gecənin bir çağı aparıb, Sibirin buzlu cəhənnəmində clə itirdilər ki, «gördüm»
deyən olmadı.
Mən Şamxal bəyin oğlu Əsədlə məktəbdə bir sinifdə oxuyurdum (Əsəd bəy sonralar Bakının
ləyaqətli həkimlərindən biri olmuşdu). Biz tez-tez onların şəhərin kənarındakı üçmərtəbəli
evlərinin bağına gedərdik. Hər dəfə də mən Şamxal bəyin anası Şəkər xanımı bağda, ağaclar
arasında hərlənən görərdim. Oğlanları kimi ucaboylu, yaşına baxmayaraq, çox yaraşıqlı bir qadın
idi. O əvvəllər məni görəndə, həmişə anamın, qoca nənəmin keflərini soruşardı. Lakin indi sanki
bizi heç görmürdü. Sükut içində olan ağacların arasında elə gəzirdi ki, elə bil, fıkri, xəyalı,
yaddaşı ondan tamam uzaqlaşmışdı. Bəzən dodaqları səssizcə tərpənirdi. Görünür, nə isə,
deyirdi. Ancaq lal bir sükutla işıqlanmış üzündə heç bir ifadə - nə inciklik, nə kədər, nə hüzn
sezilmirdi. Ananın o şəkli hər dəfə gozümün qabağına gələndə, ani bir vahimə ilə öz-özümə
deyirəm: «İlahi, insanın nə dəhşətli iztirabları olur?» Və bu zaman gah belində gümüş qəbzəli
xəncər, əynində gümüş vəznəli çuxa, ayaqlarında parlaq uzunboğaz çəkmə, cavan, gözəl Surxay
bəy, gah da zavallı artist Şamxal xəyalımda sürətlə bir-birini əvəz edir...
Sovet hokuməti, dərd içində, əlacsız dolaşdığı o bağı da, ərinin tikdirdiyi o evi də Şəkər xanıma
çox gördü. Vəzirovlar ailəsini (vaxtilə, bizim kimi) çölə tökərək, üçmərtəbəli evlərini kolxoz
sədrləri üçün təbliğat məktəbi eləyib, dəlisov, qırmızı bir kommunisti də ora direktor qoydular.
Şamxal bəyin tutulub itirilməsi ilə, onun düzəltdiyi dram dərnəyi də dağıldı. Lakin Qarabağ
camaatı musiqisiz, zarafatsız, qaravəllisiz, toysuz-düyünsüz yaşaya bilməz. Neçə illər idi ki, teatr
sənəti də onun həyatına daxil olmuşdu.
Ölkədə sovet terrorunun hökm sürməsinə, günahsız adamların, sorğusuz-sualsız, orda-burda
tutulub güllələnməyinə baxmayaraq, yerli cavanlar yığılıb şəhərdəki yeganə klubda xırda
məzhəkələr, birpərdəli tamaşalar təşkil edirdilər və bunlara Bakıdakı teatr texnikumunu bitirib
gəlmiş Cəmil Vəzirov adlı oğlan başçılıq edirdi.
Cəmil Vəzirov Şamxal Vəzirovun kiçik qardaşı idi. Çox yaraşıqlı, elastik bədənli, təbii yumor
qabiliyyətinə malik bir oğlan idi. Gözəl səsi var idi. Sonra onun təşkil etdiyi dram dərnəyində
Mürşüd Həşimli, Təhməz, Savalan, Qəmzə, Mələksima kimi gənc istedadlı artistlər öz gözəl
oyunları ilə tanınmağa başladılar. Və az zaman içində klub şəhər əhalisinin yeganə sevinc yeri
oldu. Gənc artistlərin hərəsinin parlaq bir yaradıcılıq xüsusiyyəti meydana çıxırdı: paxlava-
peşmək satan Mehdi kişinin oğlu Mürşüd Həşimli şəhərin məşhur tragiki olub, Oqtay Eloğlu,
Aydın, Əmiraslan bəy rollarını xüsusi məharətlə oynayırdı. Evlərdə günəmuzd iş görən, xeyirdə-
şərdə fəal iştirak edən Xeyrənsə xalanın oğlu Təhməz, məsələn, «Hacı Qara»da Kərəməli,
«Məşədi İbad»da hambal rollarını oynamaqla şöhrət qazanmışdı. Aşbaz Məmmədəli əminin oğlu
Səfər komik rollarda səhnəyə çıxanda tamaşaçılar gülməkdən qəşş edirdilər.
Truppanın rejissoru olan Cəmil Vəzirov özü Məcnun, Kərəm, Aşıq Qərib kimi rolları məharətlə
oynayırdı. Yanıqlı, şirin səsi ilə ürəkləri riqqətə gətirirdi. Tərəkəmə qəssab Xanlar əminin oğlu
Savalan təmkinli obrazlar yaradırdı. Şəhər əhli klubun tamaşalarını həmişə böyük maraqla
gözləyirdi. Zalda boş yer olmurdu. Kişilər, qadınlar təzə libaslarını geyib gəlirdilər. Tamaşa
zalına bahalı ətirlərin qoxusu dolurdu. Bu gənc teatr dəstəsi kəndlərdə, hətta, qonşu rayonlarda
da gedib tamaşalar verirdi. Təbii məsələdir ki, teatr binasında onların nə paltar-filan sexi, nə də
dərziləri-zadı vardı. Tamaşa üçün paltar tikdirməyə də maddi imkanları yox idi.
Artistlər səhnə üçün lazım olan paltarları, məsələn, keçmiş xanın-bəy paltarlarını çox zaman
keçmiş adamlardan müvəqqəti alıb, sonra da qaytarardılar. Şəhər əhli səhnəyə lazım olan
paltarlarını məmnuniyyətlə verirdilər. Bu gənc incəsənət dəstəsiylə şəhər əhalisi arasında səmimi
bir ünsiyyət yaranmışdı, elə bil ki, xalq on birinci ordunun gətirdiyi böyük qəddarlığı, terror
dəhşətini bu kiçik artistlər dəstəsinin mehribanlığı ilə, yaratdıqları tamaşaların sadə dili ilə təsəlli
tapıb unudurdu. Hamı yeni tamaşaların afışalarını böyük həvəslə oxuyurdu, izləyirdi. Rəngli
qələmlərlə çəkilmiş afışaların başında həmişə yazılardı: «Həyat müvəqqəti, incəsənət daimidir».
Bir gün də «Əsli və Kərəm» tamaşası üçün afışada oxuduq ki, Kərəm rolunda İrandan gəlmiş
Ağabala Abdullayev oynayacaq. Hamı elə bilirdi ki, yəqin bu İran artistidir. Ancaq atam
gülümsəyərək, anama dedi ki, bu bizim quyunu qazan həmin cavan oğlandır.
Bu əhvalat mənə qəribə təsir eləmişdi. Axı, uşaqlıqda mən, bir növ, əllamə idim. Heç kəsin
ağlına gəlməyən qəribə şeylər mənim ağlıma gəlirdi. Məsələn, mənə elə gəlirdi ki, Kars
mahalından gəlmiş ulu babamız Əhməd xocanı, hətta, onun üzündəki qılınc yarasını da
görmüşəm. Və ya anamın babası, yəni, istəkli Bayram babamın atası, tərəkəmə Məşədi
Gülməmmədin cavan vaxtı İran qaçaqları ilə vuruşduğu zaman qaçaq başçısının gorda ilə
(qılıncla) vurub sağ əlini bir anda biləyindən üzdüyünü, anası məşhur el anası Səkinə qocamızın
onun əli üzülmüş biləyini necə dağ yağa salmaqla qanını kəsdiyini görmüşəm. Yəqin belə
ağlasığmaz şeyləri (hətta təkidlə) danışdığım üçün çox ciddi bir adam olan rəhmətlik atam bəzən
mənə bir cür baxırdı.
... Səkkiz-doqquz yaşlarında olduğum zaman biz Yağlıvənd tərəkəmələri ilə yazda Kirs
yaylağına gedirdik. Gecə Ziyarət deyilən dağın ətəklərində düşüb dincəlirdik. Anam atama dedi:
- Buracan gəlmişik, səhər çıxaq Ziyarətin başındakı Pirə də dəyək.
Mən hövlnak dedim:
- Gedək, gedək Pirə! Ora yaman gözəldi.
Atam soruşdu:
- Nə bilirsən gözəldi?
Mən dedim:
- Niyə bilmirəm. Buralarda olmuşuq da. Mən bu dəvəyə oxşayan qayalara minib oynayırdım
də!..
Atam dedi:
- Biz burda olanda sən anayın qarnında idin. Orda da pəncərə-zad yox idi ki, sən buraları
görəsən.
Atamın sözləri məni xeyli pərt elədi. Mən and içib təkid etmək istəyirdim ki, bu yerləri
görmüşəm, dostum Yəqubla bu dəvəyə oxşayan qayalara minib oynamışıq...
Indi atamdan kankan oğlanın bizim böyük (o zaman mənim üçün çox böyük idü), işıqlı
klubumuzda gözəl Əslinin sevgilisi Kərəm olacağını eşidəndə sevinclə dedim:
- Allah Yusifı quyudan çıxardı! Atam təəccüblə mənə baxaraq:
- Nə Yusif, - dedi, - bu yenə nə danışır?
Atamın mənim sözlərimə lıəmişə bir cür, şübhə ilə baxması bu dəfə mənə bərk toxımdu. Və mən
üsyanla dedim:
- Həzrət Yusif hamıdan gözəl olduğu üçün qardaşları onu paxıllıqla aldadıb salmışdılar quyuya.
Allah da onu quyudan çıxardı.
Atam soruşdu:
- Bunları hardan bilirsən?
Mən dedim:
- Anam «Yusif və Züleyxa» nağılını mənə danışıb. O oğlan da Yusif peyğəmbərə oxşayır.
Atam bu dəfə mülayim ifadə ilə dedi:
- Bu oğlanı ki, heç kəs quyuya salmayıb? Quyu qazır, pul qazanır.
Mən dedim:
- Pul qazanmaq üçün elə əzab çəkir. Birdən o quyu başına uça bilər. Heyf ki, o cür gözəl oxuyur,
amma qırx arşın quyunun dibində işləyir?!
Sonra mən öz otağıma keçəndə eşitdim ki, atam anama deyir:
- Bu uşaq eyzən yaşından böyük danışır... Anam dedi:
-Nə olar... danışsın... Atam:
- Uşaq uşaq olmalıdır! - dedi.
Orası da çox qəribədir ki, mən özüm də özümü uşaq kimi hiss etmirdim. Bəzən mənə qəribə bir
hiss hakim olurdu. Mənə elə gəlirdi ki, çox-çox uzaq zamanlardan yaşayıb gəlirəm. Cırcıramalar
min il bundan qabaq da qızmar günəş altında elə beləcə oxuyurdular...
İndi Allahın qırx arşın quyunun dibindən işıqlı dünyaya çıxarıb gətirdiyi kankan oğlunun taleyi
mənə fövqəladə bir hadisə kimi həzrət Yusifın quyudan çıxarılması kimi müqəddəs görünürdü.
Deyirlər, həqiqi istedad Allah vergisidir. Və indi mən o kankan oğlanın quyudan çıxıb,
adamların gözü qabağında əsrlər yola salrmş Kərəm rolunu necə oynadığını, mıığamları necə
oxuduğunu təkrar-təkrar xatırladıqca, təkrar-təkrar inanıram ki, bəli, istedad Allah vergisidir!
Lakin onu insana verən böyük Yaradan nə üçün bəzən o insanın özünü unudur? Nə üçün insana
bəxş etdiyi böyük istedadı meydana çıxarmağı yalnız onun öz öhdəsinə buraxır? Nə üçün onun
taleyinin insafsız dönüklüyünə imkan verir?
Cənubi Azərbaycanın uzaq bir kəndindən gəlmiş kimsəsiz, pulsuz cavan bir oğlan Stalin
cəhənnəminin dəhşətləri içində öz istedadına necə yol aça bilərdi?! Necə oldu Ağabalaya - o
kimsəsiz oğlana bəxş olunan böyük istedad? Ona verilən həzrət Yusif yaraşığı nə üçün idi? Axı,
yəqindir ki, Allah o dilsiz-ağızsız oğlanı yalnız qırx arşınlıq quyuda həyatın amansızlıqları ilə
vuruşmaq üçün yaratmamışdı...
Ağabalanın Kərəm rolunu oynadığı o gecə ağzına qədər dolu olan zalda dərin bir sükut vardı. Elə
bil ki, Kərəmin dərdi hamının xəyalını özü ilə haralara isə uzaqlara aparmışdı. Əlbəttə, əslində
Kərəmin dərdi elə fovqəladə bir hadisə deyildi. Xan Kərəm, Qara keşişin qızı Əsliyə aşiq olmuş,
öz dininə sadiq Qara keşiş də qızını müsəlmana vermək istəməyərək götürüb qaçmışdı. Kərəm
də bu hicranın dərdi ilə, atəşi ilə yanırdı... Lakin o hicran və onu o qədər dərin, o qədər niskilli
ifadə eləyən o səs, o zaman sanki göylərin sonsuzluğundan enib gələn o həzrət Davud avazı
bütün ürəklərin dərdini, niskilini bu çətin, bu anlaşılmaz dünyanın dərdi ilə birləşdirmişdi. Sanki
qırx arşınlıq quyunun dibindən çıxmış Ağabalanın oxuduğu muğamlar insan ruhunun əbədi
təsəllisi idi. Bəlkə bu təsəlli özü də, Ağabalanın istedadı kimi, o zaman insanlara göndərilmiş bir
hədiyyə idi.
İndi, o gecədən keçən çox uzun-uzun illərdən sonra o rəhmətliklər haqqında düşünərkən
fıkirləşirəm ki, insan qəlbinin dərinliklərində nə qədər gizli hisslər, nə qədər deyilməmiş qəmli
əhvalatlar olarmış... Əlbəttə, bu barədə soruşsaydılar, yəqin ki, Ağabala özü heç nə deyə
bilməzdi. Çünki özü də bilmirdi... Bir də ki, axı, biz insanlardan kim onu idarə edən, ona qəmli
muğamlar oxudan duyğuların dilini, mahiyyətini dərk edib?
İlk dəfə səhnəyə çıxan Ağabalanın Kərəm oyunu ilə sanki bütün teatr kollektivinə bir canlanma
gəlmişdi. İndi teatrın məşhur tragiki Mürşüd Həşimli qara ləbbadəli, uzun ağsaçlı, ağsaqqallı
Qara keşiş idi. Türk paşası rolunu ifa eləyən Savalan qızını Kərəmə verməyi elə qəzəblə Qara
keşişə əmr edirdi və Mürşüd də elə gurultulu səslə cavab verirdi ki, deyərdin, bu elə həyatın
özüdür...
Əsli rolunu Savalanın arvadı, boylu-buxunlu, yaraşıqlı bir gəlin olan Qəmzə xanım ifa edirdi.
Mən sonralar «Əsli və Kərəm»i çox məşhur, mahir oxuyanlarımızın ifasında gördüm. Lakin heç
birində Kərəm surəti mənə o gənc kankanın oynadığı Kərəm qədər təsir etmirdi. Bunu mənim o
zaman uşaq olmağımla izah etmirəm. Çünki o qədər də sadəlövh uşaq deyildim. İndi o barədə
düşünərkən, xatırlayıram ki, onun oyununda fövqəladə dərəcədə təbii yanğı var idi. Onun
oxuduğu mənada insan dərdinin, nakam insan iztirabının sonu, nəhayəti yox idi, zaman və
məkanı yox idi...
Gənc Ağabala sonra Məcnun rolunu da o qədər təbii, o qədər təsirli oynadı. Bu yanğı, bu sonu
görünməyən insan iztirabı, bu sözsüz insan dərdi sonralar məşhur bir xanəndə olduğu zaman
toylarda oxuduğu muğamlarda da ürəkləri yandırırdı.
O balaca teatr yalnız Füzuli şəhərinin deyil, bütün Araz boyu Qarabağın sevinci olmuşdu. Onun
rəhbəri Cəmil Vəzirovun da, dediyim kimi, gözəl səsi var idi. Lakin Ağabalanın daha güclü səsi
olduğu üçün meydanı ona vermişdi. Ümumiyyətiə, truppanın bütün üzvləri müəyyən istedada
malik, teatr sənətini sevən səmimi gənclər idi. Müharibə vaxtında gecə-gündüz kəndlərdə
tamaşalar verirdilər. Xalqa, heç olmazsa, öz sənətləri ilə təskinlik vermələri ilə fəxr edirdilər.
Lakin, kim deyə bilər ki, sovet hökuməti, o quruluş insanların hansı xeyir işinə rövnəq verib,
kömək eləyib?! Müharibə zamanı Füzuli rayonuna bir raykom katibi qoymuşdular, bütün
raykom katibləri kimi, o da şüarlarına, yalançı, saxta fəaliyyətinə görə irəli çəkilmiş töhfə
təbərcehi kommunistlərdən idi. Bir gün nəyə görə isə gənc artistlərə acığı tutub. Hərbi komissara
tapşırıb ki, «Müharibə vaxtı nə teatrbazlıqdır? Bunları bas fronta!» Komissar da artistlərin
hamısını basıb fronta!
Beləliklə, hörmətli kommunist katib, xalqın yeganə sevinc ocağını söndürdü. Cəmil Vəzirov,
Savalan Zülfuqarov, Təhməz müharibədən qayıtmadılar. Ağabala səhnədən, teatrdan uzaqlaşdı.
Əgər, səhnə fəaliyyəti davam etsəydi, onun böyük opera artisti olacağına şübhə yox idi.
Sonra mən Bakıya geldim. Ağabalanı uzun müddət görmədim. Ancaq haqqında eşidirdim ki,
hərdən kənd toylarına gedir. Kefi o qədər də yaxşı deyil. Neçə il bundan qabaq bizi Füzulinin
Kürdmahmudlu obasına -yaxın qohumumuz Şəfanın toyuna dəvət etmişdilər (Şəfa Əliyev indi
Bakının tanınmış cərrahlarındandır). Biz də yığışıb getmişdik. Oğlanın atası - mənim anamın
əmisi oğlu Xanoğlan müəllimin bağçasında böyük mağar qurulmuşdu. Oba adətinə görə, toyun
musiqi dəstəsi hörmətli qonaqların qabağına çıxıb, onları musiqi ilə qarşılayır. Bizi də elə
qarşıladılar. Mən, çalğıçılar içində əlində qaval Ağabalam gördükdə, ürəyimə ani bir kədər
çokdü. O cavan kankan oğlanın, Allahın qırx arşınlıq quyudan çıxarıb, insanlar arasına
buraxdığı, insan dərdinin nəhayətsizliyini hekayə eləyən muğamları ilə xəyalları çəkib
əbədiyyətə aparan həzrət Yusifin yaraşığından çox az şey qalmışdı... Üzünün ifadəsi də, Kərəmi,
Məcnunu oynadığı zamanlarda olduğu kimi deyildi. Çörəkpulu qazanan adi bir cəfakeş adam
ifadəsi idi. Lakin gecə «Segah» oxuduğu zaman o uzaq mükəddər, mütəəssir ifadə yenidən
çöhrəsində, gözlərində zühur olmuşdu. Əlbəttə, soruşsaydın ki, o nədən kədərlənir? Nəyə təəssüf
edir? Ağabala yəqin cavab verə bilməzdi. Çünki bu onun öz taleyi idi. İnsan öz taleyindən nə
vaxt baş açıb ki?!
O gecə biz Ağabala ilə xeyli söhbət elədik. Keçən günləri, Ağabalanın Kərəmi, Məcnunu, Aşıq
Qəribi oynadığı vaxtları xatırladıq...
Ağabala bir az susub sonra kədərlə əlavə etdi:
- Opera tamaşalarına çox həvəsim vardı... Heyf ki, baş tutmadı... 0 zaman o raykom katibi
artistləri müharibəyə basdırıb, o teatrı dağıtmasaydı, iş başqa cür olardı. Cəmil... Təhməz...
Savalan... Neçə başqa oğlan, yəqin ki, yadındadı, qalsaydılar
,
indi məşhur artist idilər... Teatr da
dağılmazdı...
Mən soruşdum:
- Nə əcəb sonra sən Bakıya gedib opera sənətinin dalına düşmədin?
- İmkanım olmadı - dedi... - Pul lazım idi... Ev lazım idi... Bakıda da heç bir yaxın adamımız yox
idi... Atam da qocalmışdı. Daha quyuda işləyə bilmirdi. Ailə mənim üstümdə idi.
O danışdıqca, mən fıkirləşirdim ki, ilahi, pis adamlarla, o raykom katibi kimi «hüquqlu»
canilərlə dolu bu həyat böyük istedadları, böyük xəyalları necə adiləşdirir, necə
məhdudlaşdırır?..
- Bu yaxınlarda mənim dostum, gözəl şairimiz Qasım Qasımzadənin sözlərinə yazılmış «0lmaz...
olmaz» adlı bir mahnı eşitdim, sonra bildim ki, müəllifı sənin oğlun Zöhrabdır. Çox istedadlıdır.
- Pəsdən oxuyur da.
Mən onun səsində, nə isə, gizli bir ümid, bir sevinc duydum. Ancaq taleyin amansızlığına bax ki,
Ağabalanın vəfatından sonra, istedadlı bəstəkar və müğənni oğlu Zöhrab da qəflətən rəhmətə
getdi. Mən Ağabalanı Şəfanın toyunda görəndə səhhətindən şikayət edirdi. Dedim ki, nə üçün
sanatoriyalardan birinə gedib müalicə olunmursan?
Ailəni qoyub getmək olmur... Çörəkpulu qazanmaq lazımdır.
Mən Ağabalanı başa düşürdüm. Axı, pulsuz, adamsız rayon Orfeyi məhz o zamankı lənətə
gəlmiş sovet quruluşunda qırx arşınlıq quyunun dibindən necə çıxa bilərdi?! Axı, o quruluş özü
yalnız Orfey üçün deyil, bütün insanlar üçün dəhşətli quyu deyildimi?!
Mən vaxtilə öz istedadlı komizmi ilə xalqı şənləndirən balaca boylu artist Səfəri soruşdutn:
- Əh!.. - deyə Ağabala kədərlə cavab verdi. - Səfərin o gördüyün keyfindən əsər-əlamət
qalmayıb. Yazığın dünya gözəli bir qızı qəfil xəstəiəndi. Rayon həkimləri baş tapa bilmədi.
Dedilər gərək Bakıya aparsınlar. Onun üçün yazıq Səfərin pulu nə gəzirdi? Qız rəhmətə getdi...
Yazıq Səfərə o qədər təsir eləyib ki, görsən, tanımazsan...
O toydan bir neçə il sonra Ağabalanın Füzulidə vəfat etdiyini eşitdim. Allahın qüdrətli istedad
verdiyi o böyük müğənnidən vala, lentə yazılmış muğamlar yadigar qaldı...
Sonralar mən yalnız Mürşüd Həşimlini - Füzuli teatrının məşhur tragikini tez-tez görürdüm.
Bakıya yolu düşəndə həmişə bizə gələrdi. Rəhmətlik anam da ona çox hörmət edərdi. Çiyninə
tökülən saçları ağarmış, həmişə təravətli üzü qırış-qırış olmuşdu, amma daxili cavanlığını
itirməmişdi.
Bir dəfə soruşdum ki, az təqaüdlə necə dolana bilirsən? Əlli ildən artıq səhnədə sevdiyi
tamaşaçılarına xidmət etmiş o əməkdar sovet artisti cavab verdi ki, yarım kilo qoyun əti alıram.
Arvad iki gün bişirir, bizi görür...
Yazıq əməkdar artist bu sözləri elə bir ifadə ilə deyirdi ki, elə bil ona da şükür edirdi...
1991
Dostları ilə paylaş: |