10
baş vermişdir ki, onların geniş miqyası təkcə iqtisadi və siyasi sahələri deyil, həm də insanın təkrar
istehsalının, təhsil və təfəkkür sistemlərinin fundamental əsaslarını əhatə etmişdir. Artıq çoxları dərk
etmişdir ki, yeni dövr, beynəlsivilizasiya inkişaf erası başlanmışdır”. [76, s. 11]
İqtisadi, siyasi və mədəni-mənəvi proseslərdə özünü göstərən dərin qloballaşma təmayülü iqtisadi
qloballaşmada daha böyük sıçrayışla gedir və digər prosesləri də öz arxasınca aparır. Təsadüfi deyildir
ki, artıq siyasət getdikcə daha çox iqtisadiləşmişdir. İqtisadi qloballaşma isə iqtisadiyyatın yalnız
beynəlmiləlləşməsi demək deyildir, həmin prosesin yeni və yüksək mərhələsidir.
Keçid iqtisadiyyatı ölkələri müstəqillik uğrunda mübarizəni iki mühüm prosesin: iqtisadi
transformasiya və qloballaşma proseslərinin təsiri altında aparırlar. İqtisadi transformasiya prosesləri
artıq başa çatmaq üzrə olduğu halda, qloballaşma onların iqtisadiyyatına və iqtisadi
siyasətinə getdikcə
daha çox təsir göstərir.
Ona görə də ictimai inkişafın müasir təmayülləri ictimai-iqtisadi inkişaf problemlərinə getdikcə
daha çox qlobal yanaşma tərzini tələb edir. Hər hansı bir ölkədə gedən daxili proseslər özünün
məzmunu və forması baxımından çoxsaylı səciyyəvi cəhətlərinə baxmayaraq, təcrid olunmuş şəkildə
cərəyan etmir. Qloballaşmanın planetar mahiyyət kəsb etdiyi və dönməz xarakter aldığı bir dövrdə
həmin proseslər insan cəmiyyətinin müasir tarixi inkişafı gedişinin aparıcı istiqamətini təşkil edir. Ona
görə də həyat bütün kəskinliyi ilə tələb edir ki, ölkənin spesifik xüsusiyyətləri qloballaşmanın
doğurduğu yeni şəraitlə sıx sürətdə əlaqələndirilsin. Müasir iqtisadi, sosial və siyasi problemlərə qlobal
yanaşma tərzinin üstünlüyü onda deyil ki, belə yanaşma tərzi bütün qoyulan suallara dərhal düzgün
cavab verməyə çalışır, həm də ondadır ki, bu sualları düzgün qoymağa imkan verir.
Beləliklə, hər hansı bir ölkədə konkret iqtisadi və sosial transformasiyaların konkret bir ərazidə
daxili sosial-iqtisadi qüvvələrin və proseslərin təsiri altında baş verdiyinə baxmayaraq, həmin
transformasiyaları doğuran səbəblərə, onların mahiyyəti və inkişaf perspektivlərinə, milli və dünya
problemlərinin çulğaşdığı müasir dövrdə, yalnız həmin ölkənin daxili prizmasından baxılması kifayət
deyil və yanlış nəticələrə gətirib çıxara bilər.
İstehsal və mübadilənin müasir xarakteri, miqyası və onların nəticələrinin ölkələrarası bölgüsü
tələb edir ki, ayrıca götürülmüş hər bir ölkədə geniş təkrar istehsalının zəruri və ilkin şərtlərinin həmin
ölkənin beynəlxalq maliyyə-iqtisadi mühitdə iştirakı, həmin mühitə uyğunlaşma mövqeyindən nəzərdən
keçirilsin. Müasir ümumdünya təsərrüfatı vahid istehsal sferası kimi, yalnız bu və ya digər təsərrüfat
sahəsinin iqtisadi səmərəliliyi hesablanarkən nəzərə alınmır, həmçinin ümumbəşəri xarakter almış
ərzaq, xammal, enerji, demoqrafiya, ekologiya və s. kimi ciddi problemlərin həll edilməsi məqsədilə də
daim diqqət mərkəzindədir.
Müstəqillik əldə etmiş ölkələrin siyasi, sosial-iqtisadi və mədəni-mənəvi inkişaf problemləri xarici
iqtisadi əlaqələri, onların dünya bazarı ilə inteqrasiyası ilə iqtisadi inkişaf mexanizmi arasındakı
qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq qloballaşma dövründə xüsusi aktuallıq kəsb etmişdir.
Qloballaşmanın və meqacəmiyyətin yaranması cəmiyyətin uzun tarixi dövr ərzində modernləşmə
prosesinin məhsulu və məntiqi nəticəsidir. Qloballaşma eyni zamanda bəşəriyyətdə mövcud olan ən
perspektivli modernləşmə təmayüllərini seçib təşviq edir. Akademik Ramiz Mehdiyevin səlis ifadəsilə
desək: “Hazırda sosiomədəni transformasiyanı milli tranzitin iki aspekti - iqtisadi və siyasi
modernləşmə təşkil edir”. [77]
Başlıca məzmununu qloballaşma təşkil edən postsənaye cəmiyyətinin əsas əlamətləri aşağıdakılar
hesab edilir: 1) istehsal və istehlakın strukturunun dəyişməsi (xidmət sahəsinin rolunun artması); 2)
təhsilin səviyyəsinin yüksəlməsi; 3) əməyə yaradıcı münasibətin aparıcı amilə çevrilməsi; 4) ətraf mühitə
yüksək diqqət verilməsi; 5) iqtisadiyyatın humanistləşməsi (sosial yönümlülüyünün artması); 6)
cəmiyyətin informasiya cəmiyyətinə çevrilməsi; 7) kiçik biznesin renessansı. Bu o deməkdir ki, əvvəlki
biliklərin qısa bir zamanda köhnəlməsi və yenilərinin sürətlə yayılması və təbəqələşmə nəticəsində
əhalinin bir qrupunun gəlirlərinin sürətlə artması buraxılan məhsulların da sürətlə yenilənməsini, bir-
birini əvəz etməsini tələb edir. İri şirkətlərə nisbətən kiçik biznes bu baxımdan çox çevikdir və istehsalın
profilini qısa müddət ərzində dəyişə bilir. Məhz buna görədir ki, inkişaf etmiş sənaye ölkələrində
DMM-in yarısından çoxu kiçik biznesin payına düşür.
Bu ölkələrdə iqtisadiyyatın modernləşdirilməsi vəzifələrindən biri - sovet dövründə uzun müddət
qapalı şəraitdə mövcud olmuş təsərrüfatın texnoloji və struktur cəhətdən yenidən qurulmasıdır. Bu
proses isə iqtisadiyyatın o sahələrinin üstün inkişafını nəzərdə tutur ki, həmin sahələr öz məhsullarını
daxili və xarici bazarlarda müvəffəqiyyətlə sata bilirlər. Beynəlxalq əmtəə, maliyyə və işçi qüvvəsi
axınlarının şərtlərini müəyyən edən qlobal maliyyə-iqtisadi mühitə inteqrasiya imkan verir ki, qüvvələr
istehsalın uduşlu sahələrinə yönəldilsin, zəif iqtisadi səmərə verən məhsul istehsalından imtina edilsin
və investisiyanın strukturunu dəyişdirməklə səmərəli inkişaf modeli seçilsin. Ölkənin seçdiyi yol
11
beynəlxalq əmək bölgüsünün üstünlükləri ilə uzlaşdırılmadıqda isə həmin ölkədə istehsal özünün aşağı
səmərəliliyi və zəif inkişaf sürəti ilə xarakterizə edilir.
Ölkənin beynəlxalq əmək bölgüsündə iştirakı vəziyyətinin adətən ən gözəçarpan göstəricisi xarici
ticarətdir. Azərbaycan kimi müstəqillik əldə etmiş ölkələrin xarici ticarətinin səmərəliliyinin (onların
ixrac etdikləri məhsulların istehsalı və satışı xərclərinin əldə edilən valyuta gəlirlərinə nisbəti) təhlili
göstərir ki, həmin əməliyyatlar belə ölkələr üçün əhəmiyyətli dərəcədə sərfəlidir. Bu onunla əlaqədardır
ki, onlar öz məhsullarını dünya bazarlarında beynəlmiləl dəyərlər əsasında formalaşan qiymətlərlə
reallaşdırırlar. Bu dəyərlər isə adətən həmin ölkələrin milli dəyərlərindən aşağı olur. Lakin bu ölkələr
xaricdən aldığı məhsulları da milli dəyərlərdən aşağı olan beynəlmiləl dəyərlər əsasında formalaşan
qiymətlərlə əldə edirlər. Dünya qiymətlərinin səviyyəsi bu ölkələrin ixracatında, xüsusən bu ixracatda
xammal üstünlük təşkil etdiyi hallarda səmərəliliyi təmin etməyə bilir. Bununla yanaşı, həmin ölkələr
əgər texnologiyanı özləri istehsal etsəydilər, bu onlar üçün çox baha başa gələrdi. Ona görə də, həmin
ölkələr istehsalın yeni texnika, texnologiya və informasiya vasitələri ilə yeniləşdirilməsi üçün xaricdən
onları sərfəli qiymətlərlə idxal edirlər. Bu isə inkişaf üçün böyük perspektivlər açır.
Əsrin son onilliyində SSRİ-nin dağılması ilə dünyanın yeni siyasi xəritəsində özünə layiqli yer
tutmuş müstəqil Azərbaycan dünya birliyinin bərabərhüquqlu üzvü olmuşdur. Kəskin mübarizə
şəraitində əldə edilmiş siyasi müstəqillik ölkənin sovet dövründə 70 il ərzində yığılıb qalmış ciddi siyasi,
iqtisadi və sosial problemlərinin həlli yolunda geniş perspektivlər açmışdır. Sovet «dəmir pərdələri» ilə
uzun illər boyu dünya birliyindən siyasi və iqtisadi cəhətdən təcrid olunmuş Azərbaycanda açıq
cəmiyyət yaradılması, dünya dövlətləri ilə bərabərhüquqlu hərtərəfli əlaqələrin inkişaf etdirilməsi
ölkəmizdə mövcud olan sosial-iqtisadi problemlərin həlli yolunda, sözün əsl mənasında, açar rolunu
oynayır. Özünün üçrəngli bayrağında əksini tapmış müasirləşmə ideyası və istəyi, bir ideya
və istək kimi
qalmayıb, həm də gələcəyə doğru böyük bir hərəkatın rəmzidir, Azərbaycan cəmiyyətinin mühüm
fərqləndirici xüsusiyyətlərindən biridir. Bu hərəkat Azərbaycanın ictimai inkişafının bütün
istiqamətlərində (siyasi, iqtisadi, mənəvi) bariz şəkildə görünməkdədir. Ümumdünya İqtisadi
Forumunun 1995-ci ildə Londonda (29-30 noyabr) təşkil etdiyi «Azərbaycan investisiya imkanları»
adlı Beynəlxalq Sərgi və Konfransda Ümummilli lider H. Əliyev qeyd etmişdir: «Bizim strateji
kursumuz dünya iqtisadi birliyi ilə sıx inteqrasiya edən, bazar iqtisadiyyatına əsaslanan, müstəqil,
demokratik hüquqi dövlət qurmaqdır. Buna uyğun olaraq biz artıq konkret nəticələr vermiş olan
genişmiqyaslı siyasi və iqtisadi islahatlar həyata keçiririk». [17, s. 34]
Azərbaycan bir çox həyati əhəmiyyət kəsb edən siyasi və iqtisadi məsələlər baxımından dünyanın
yaxın və uzaq, böyük və kiçik dövlətlərinin, beynəlxalq və regional təşkilatların diqqətini özünə cəlb
edən təbii bir məkandır. İki qitənin qovşağında və mühüm strateji əhəmiyyətli ərazidə yerləşən
respublikamızda dünyanın nəhəng dövlətlərinin mənafeləri toqquşur, onlar arasında nüfuz dairəsi
uğrunda dərin rəqabət mübarizəsi gedir. Belə bir şəraitdə siyasi istiqlaliyyət əldə edilməsi, inzibati-
amirlik sistemindən bazar iqtisadiyyatı sisteminə keçilməsi uzun müddət xarici aləmlə mövcud olmuş
köhnə əlaqələr sisteminə yenidən baxılması və bərabərhüquqlu, qarşılıqlı faydalı münasibətlərin
yaradılması üçün mühüm zəmin təşkil etdi. Kommunist imperiyasının süqutu böyük bir ərazidə
geosiyasi vəziyyəti kökündən dəyişdirərək, Azərbaycanın beynəlxalq aləmdə müstəqil subyekt kimi yer
tutması, qloballaşma şəraitində xarici əlaqələrinin səmərəliliyinin artırılması və intensivləşdirilməsi,
beynəlxalq əmək bölgüsünün üstünlüklərindən respublikanın mənafeyinə uyğun olaraq istifadə edilməsi
üçün geniş perspektivlər açdı.
İqtisadi və ictimai həyatın beynəlmiləlləşməsi, Azərbaycanın ağır şərtlər altında gedən müasir
dünya ilə inteqrasiyasının bütün istiqamətləri yeni imkanlar yaratmaqla yanaşı, yeni problemlər, bəzən
də təhlükələr yaratmaqdadır. Bu imkanlardan səmərəli istifadə edilməsi, mövcud problem və
təhlükələrin vaxtında aşkara çıxarılması bu gün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən
məsələlərdəndir. Bu zaman qarşılıqlı vəhdət şəklində olan: 1. Müstəqil modern dövlət aparatının
yaradılması və təkmilləşdirilərək inkişaf etdirilməsi; 2. Onun bazası əsasında demokratik proseslərin və
radikal bazar islahatlarının reallaşdırılması kimi iki çətin problem həll edilir.
Lakin dünya dövlətlərinin minilliklərdə əks olunmuş tarixi təcrübəsi göstərir ki, hər bir xalqın
gələcəyi əhəmiyyətli dərəcədə həmin xalqın malik olduğu imkanları, zamanın tələblərini düzgün
qiymətləndirməyi bacaran, uzaqgörən, müstəqil dövlətçilik konsepsiyasını formalaşdıran və
reallaşdıran xarizmatik liderlərin adı ilə bağlıdır. Xüsusən indiki mürəkkəb bir dövrdə bəşər
cəmiyyətində yaranmış olan yeni inkişaf meyillərini dərindən bilən, onları vaxtında nəzərə alan,
qarşısına qoyduğu ideallara doğru xalqı arxasınca apara bilən liderləri olan ölkələr tarixin sınağından
uğurla çıxmağı bacarırlar. Belə liderlər xalqların indiki və gələcək yaşayış fəlsəfəsini formalaşdırırlar.