“Fəlsəfə və sosial-siyasi elmlər”.-2010.-№4.-S.108-123.
ŞƏRQ VƏ QƏRB:
TARİX VƏ MÜASİRLİK
Könül Bünyadzadə
Giriş
Təqribən yeni dövrdən başlanan Şərq və Qərb bölgüsünü əsaslandırmağa çalışan alimlər, tədqiqatçılar daha
inandırıcı təsir bağışlamaq üçün hətta qədim dövrlərə də müraciət edirlər. Bu bölgü artıq özünü kifayət qədər
təsdiqlədiyindən tarixin əsl mahiyyətini bilənlər də istər-istəməz bu faktla hesablaşmağa məcburdurlar. Yəni məcazi
mənada deyilsə, dünən Şərq-Qərb bölgüsü olmasa da, bu gün, o, nəinki var, hətta az qala bütün qlobal problemlərin
başında dayanır. Və belə görünür ki, artıq dərinlərə kök atmış bu ağac hələ uzun müddət meyvə verəcək.
Problemin əsl mahiyyətini dərk etmək, düzgün nəticə çıxartmaq, başqa sözlə desək, bu ağacın meyvəsinin
nə olacağını bilmək üçün onun təhlilinə kökündən başlamaq lazımdır.
İlk əvvəl onu qeyd edək ki, Qərblə müqayisə olunacaq Şərq deyəndə biz əsasən İslam Şərqini nəzərdə
tuturuq. Maraqlıdır ki, Uzaq Şərq uzun illər boyu Qərbin fiziki təzyiqinə (işğalçı müharibələr, illərlə davam edən
müstəmləkəçilik siyasəti və s.) məruz qalsa da, təfəkküründəki müstəqillik, mədəniyyətindəki orijinallıq, millilik
özünü daha yaxşı qoruyub saxlaya bilmişdir. Bunun bariz nümunəsini Hindistanda, Çində, Yaponiyada görmək
mümkündür. Məsələn, yaponlar öz dinlərinin insanlara verdiyi mənəvi zənginlikdən və özlərinin bu dinə ruhən sıx
bağlı olmaqlarından o dərəcədə əmindirlər ki, hətta cavanlarının müəyyən bir şəraitdə, bir zaman kəsiyində
avropalaşmasından belə narahat deyillər. Çünki bilirlər ki, mənəviyyatlarındakı həmin əlaqə, qəlblərindəki həmin
müqəddəslik duyğusu bir gün onları mütləq öz kökünə, öz dininə qaytaracaq. Və onlar yanılmırlar. Bu da danılmaz
faktdır ki, Şərq deyəndə beyinlərdə mexaniki bir bölgü aparılır: Uzaq Şərq və İslam Şərqi. Bunun səbəblərinin
araşdırılması ayrıca bir tədqiqat mövzusudur. Qərb və İslam Şərqinini isə bir çox cəhətdən oxşar inkişaf yolu
keçmiş, daha yaxından təmasda olmuş, bir-birinə qarşılıqlı təsir etmiş və müəyyən şərtlərin diktəsi ilə inkişaf yolları
ayrılmış vahid bir düşüncə məkanının iki tərəfi hesab etmək olar. Bu baxımdan, Qərb və İslam Şərqinin də
müqayisəsini məhz İslamın təşəkkülü dövründən başlamağımız daha doğru olar. Düzdür, Səlahəddin Xəlilov haqlı
olaraq irad tutur ki, «əgər «sivilizasiya» anlamı dini dəyərlərlə sıx bağlı olsaydı, onda müxtəlif dinlərə uyğun olaraq
müxtəlif sivilizasiyalardan danışmaq olardı».
1
Lakin biz bölgələrə xas sivilizasiyalardan deyil, ümumiyyətlə
təfəkkürlərin, düşüncə tərzlərinin inkişaf xəttindən və bunun cəmiyyətdə, bölgələrarası münasibətlərdəki təsirindən
və nəticəsindən danışmaq niyyətindəyik.
Dünən...
Orta əsrlər Şərq və Qərb fəlsəfi təfəkküründə əhəmiyyətli bir dövrdür. Belə ki, qədim ənənənin davam
etdiyi digər bölgələrdən (məs., Cin və Hindistandan) fərqli olaraq, yaranmış yeni səmavi dinlər - xristianlıq və islam
- həm Qərbdə, həm də Yaxın Şərqdə insanların düşüncəsinə, əxlaqına, həyat tərzinə, ümumiyyətlə dünyagörüşünə
güclü təsir göstərmiş, fəlsəfi təfəkküründə yeni istiqamətlərin qərarlaşmasına imkan yaratmışdır. Maraqlıdır ki, bir
çox fəlsəfi sistemlər, nəzəriyyələr məhz orta əsrlərdə təşəkkül tapmış, bəziləri isə rüşeym halında da olsa
filosofların baxışlarında özünü göstərmiş və sonralar digərləri tərəfindən inkişaf etdirilərək sistemləşdirilmişdir.
Xristian və islam dinlərinin yaranma tarixi arasında zaman fərqi təqribən 7 əsr olsa da, təməl olaraq onların
üzərində təşəkkül tapmış həm Qərb, həm də Şərq fəlsəfi təfəkkürün formalaşması və inkişafı arasında müəyyən
paralellər aparmaq, hər iki bölgədə oxşar inkişaf qanunauyğunluqları müşahidə etmək mümkündür. Belə ki, dinlərin
yaranması və fəlsəfi təfəkkürə təsiri nəticəsində təşəkkül tapmış və formalaşmış dünyagörüşlərin, fəlsəfi
cərəyanların inkişaf proseslərini nəzərdən keçirərkən onları, bəzi spesifik cəhətlər istisna olmaqla, təqribən eyni
mərhələlərə ayırmaq olar:
1. Xristian və islam dininin təşəkkülü və onun dünya fəlsəfi fikirləri ilə qarşılaşması dövrü: dinin
özünümüdafiəsi və dini doqmaların fəlsəfi terminlərlə təhlili.
2. Xristian və islam fəlsəfəsinin sistemləşməsi və qarşılıqlı təsiri dövrü.
3. Dinin fəlsəfədən ayrılması: fəlsəfi təfəkkürdə elm və texnikanın həlledici qüvvəyə (Qərbdə) çevrilməsi
və ya dinin yenidən hakim mövqe (Şərqdə) tutması dövrü.
Hər dövrü ayrılıqda qısaca nəzərdən keçirək.
Hər şeydən əvvəl qeyd edək ki, dinlərin yaranma tarixləri arasındakı zaman fərqi böyük olduğundan (təqr.
7 əsr) birinci dövrün konkret müddətini təyin etmək çətindir. Qərbdə
o, təqribən III - VIII əsrləri, Şərqdə isə VII -
X əsrləri əhatə edir.
Səmavi dinlərin nazil olması artıq kifayət qədər inkişaf yolu keçərək zəngin irsə malik xalqların fəlsəfi
1
Xəlilov S. Şərq və Qərb. Ümumbəşəri ideala doğru (fəlsəfi etüdlər). Bakı, «Azərbaycan Universiteti», 2004, s. 142.
Erkən orta əsrlərdə Şərq-Qərb bölgüsü olmasa da, təfəkkür formalarının təşəkkülü və inkişafının qanunauyğunluğunu açmaq üçün biz bu
terminlərdən istifadə edirik.
düşüncəsinə də güclü təsir göstərmiş və yeni istiqamət vermiş oldu. Əvvəla, yeni bilik mənbəyi - Müqəddəs Kitab
meydana gəldi. Bu bilik mənbəyi açıq hikmətləri öyrətməklə yanaşı, ezoterik elmlərə də imkan açır, onların
əhəmiyyətini vurğulayırdı. İkincisi, peyğəmbərin şəxsiyyəti həm cəmiyyətin, həm də ayrılıqda fərdlərin həyatında
bir nümunəyə çevrildi. İnsan fenomeninə müxtəlif aspektli yanaşmalar yarandı: İnsan Allahın ən aşağı və ən
günahkar məxluqudur, İnsan - Allah kəlamıdır, İnsan - Allahın yer üzündə xəlifəsidir, İnsan - İlahi əmanətin
daşıyıcısıdır və nəhayət, İnsan - Yaradanın özüdür.
İlk dövr Şərq və Qərbdə fərqli zaman kəsiyində davam etsə də, hər ikisində, demək olar ki, eyni inkişaf
yolunu müşahidə etmək mümkündür. Hər ikisində yeni din ilk növbədə özünümüdafiə və özünütəsdiq mərhələsi
keçməklə yanaşı, həm də düşüncədə hakim mövqeni tutmağa başlayırdı. İkinci tərəfdən, varislik prinsipi özünü
göstərirdi. Bu, həm qədim düşüncələrə yeni rəngin qatılması, həm də ehkamlara rasional baxışın yaranması demək
idi. Nəhayət, qədim köklərə malik, fərqli təqdimata, bəzi spesifikliklərə baxmayaraq mahiyyətcə dəyişməyən, ilk
iki fikir formalarının özlərinə də təsir göstərən irrasional idrak bu dövrdə müstəqil fikir istiqaməti kimi
formalaşmağa başlayırdı.
İlk dövr həm də fəlsəfi düşüncənin sistemləşməsi və daha bitkin şəkildə təqdimi üçün (II dövr) kifayət qədər
zəmin hazırlamış oldu. Həm Şərqdə, həm də Qərbdə dəyərli traktatlar yazılmış, böyük filosof və mütəfəkkirlər
yetişdirəcək fəlsəfi məktəb və cərəyanlar yaradılmışdı.
Qərbdə sxolastik fəlsəfənin təşəkkülü və inkişafı ilə üst-üstə düşən ikinci dövr əsasən (IX - XVI əsrlər)
Patristika fəlsəfəsinin sistemləşdirilməsi və əksər filosofların dünyagörüşündə elminin, biliyin imana qulluq etməsi
ilə səciyyələnir. Bu dövr həmçinin Qərb fəlsəfəsinin İslam mütəfəkkirlərinin və onlar vasitəsilə Qədim Yunan
filosoflarının əsərləri ilə daha yaxından tanış olması və bu faktorun Qərb fəlsəfi düşüncəsinə fərqli bir istiqamət
verməsi ilə xarakterikdir.
İkinci dövrdə (təqribən XI-XIII əsrlər) Şərq fəlsəfi fikri də daha mürəkkəb və zəngin inkişaf yolu keçmişdir
və bəzi fəlsəfə tarixçiləri tərəfindən İslam Şərqinin Renessans dövrü kimi xarakterizə edilir.
Dövrün fəlsəfi mənzərəsinin tədqiqindən belə aydın olur ki, həmin zaman kəsiyində rasional təfəkkürün
istiqamətini əsasən «yad düşüncə» - Qərbdə bu təsir Qədim Yunan və İslam fəlsəfəsi, Şərqdə isə Qədim Yunan
fəlsəfəsi - təyin etmişdir. Bir faktı da vurğulayaq ki, məhz Qədim Yunan fəlsəfəsi ilə daha tez və yaxından tanışlıq
İslam Şərqində fəlsəfi düşüncənin qısa müddətdə nəinki formalaşıb sistemləşməsinə, hətta onun özündən bir neçə
əsr «böyük» Qərb fəlsəfəsinin istiqamətini təyin edəcək qüvvə səviyyəsinə qalxmasına səbəb olmuşdur.
Üçüncü dövr fəlsəfə tarixi kitablarında Qərb fəlsəfə tarixinə müvafiq olaraq Renessans dövrü adlandırılır və
onun başlanması orta əsrlərin sonu hesab edilir. Lakin bir sıra səbəblərdən biz bu zaman kəsiyini də araşdırma
dövrümüzə aid etmək qərarına gəldik. Əvvəla, bu dövrləşmə yalnız Qərbə aid olub Şərq fəlsəfəsini kölgəyə
çəkilməyə məcbur edir. Deməli, əgər eyni prinsiplə Şərq fəlsəfə tarixinə görə bölgü aparsaq, Qərb fəlsəfəsinin uzun
əsrlərini dərsliklərdən çıxartmalı olardıq, necə ki, hazırda Şərq fəlsəfəsini çıxardırlar. Digər tərəfdən, məhz bu
dövrdə Şərq və Qərb arasındakı qütbləşmənin əsas kökləri yaranmış, Şərq və Qərbin həm fəlsəfi təfəkküründə, həm
elmə münasibətlərində, həm də cəmiyyət quruculuğundakı fəaliyyətləri bir-birindən fərqlənməyə başlamışdır.
Nəhayət, yaratmağa çalışdığımız orta əsrlərin fəlsəfi mənzərəsinin tamamlanması üçün üçüncü dövrə də ehtiyac var.
Bu səbəbdən biz bəzi şərtilikləri kənara qoyaraq bu illəri də tədqiqat dövrümüzə aid etməyi məqsədəuyğun hesab
edirik.
Qeyd etdiyimiz kimi, sonuncu dövr Qərb fəlsəfə tarixində Renessans illərini - XVI-XVII əsrlər, İslam
Şərqində isə XIV-XVII əsrləri əhatə edir.
Üçüncü dövr bir neçə spesifik cəhətlə xarakterizə edilə bilər. Əvvəla, həm Qərb, həm də Şərq fəlsəfi
düşüncəsində dinin fəlsəfədən daha çox ayrılması müşahidə edilir və hər iki regionda dinin «islahatlaşması» prosesi
aparılır. Qərbdə bu, fəlsəfənin, Şərqdə isə dini düşüncənin müstəqil şəkildə irəliləməsinə səbəb olurdu. Qərbin bu
dövrünü Rassel belə təsvir edir: «Çap maşınının yaranması ilə yeni ideyaların yayılması miqyası dəfələrlə artdı.
Məhz bu, nəhayət ki, köhnə hakimiyyətin gücünü sındırmağa kömək etdi. Bibliya adi dillə çatdırılmaqla, çap
olunmaqla hər kəs üçün əlçatan oldu və kilsə artıq möminlərin əqllərinə avtoritetcəsinə rəhbərlik edə bilmədi»
1
.
Elm və dinin qarşılıqlı əlaqəsi ilə bağlı olan ikinci fakt daha əhəmiyyətli və əvvəlkinin bir növ davamıdır,
onu tamamlayır. S.Xəlilov yazır: «Elmlə dinin arasında ziddiyyət o zaman yaranır ki, elm öz yolundan kənara
çıxaraq inamı əvəz etmək istəyir... Din də o zaman elmə qarşı çıxır ki, özünün bir inam hadisəsi olduğunu unudaraq
idrak hadisəsi kimi çıxış etməyə çalışır və dünyada gedən proseslərin izahını vermək iddiasına düşür».
2
Qərbdə
məhz elm dini, Şərqdə isə din elmi əvəz etmək iddiasına düşdü və ziddiyyət yarandı. Müvafiq olaraq da, Şərqdə
fəlsəfi təfəkkür dinin, Qərbdə isə elmin müstəvisində qərarlaşmağa başladı. Onu da əlavə edək ki, xristianlığın elm
üçün boğucu bir mühit verməsini, İslamın isə, əksinə, elm üçün geniş imkanlar yaratmasını nəzərə alsaq, həmin
dövrdə atılan bu addımları proqressiv qiymətləndirmək olardı. Lakin... Bir Tibet atalar sözündə deyilir:
«Barmağımla ayı göstərdim, hamı barmağıma baxdı». Qərbli elmi gördü, onun mənəviyyatla əlaqəsini unutdu;
şərqli dini gördü, onun elmə çağırışını eşitmədi.
Yeri gəlmişkən, qeyd edək ki, İslam Şərqində elmi dinlə əvəz etmək, yaxud elmi dini aspektdən izah etmək
həvəsləri bu gün də mövcuddur. Buna misal olaraq Qərb alimlərinin kəşflərinin hansı isə işarələrini Qurani
1
Pacceл Б. Myдрость Запада. M., «Pecпублика», 1998, c. 264.
2
Xəlilov S. Adı çəkilən əsər, s. 147.
Kərimdə axtarmaq və İslamın müsbət, üstün keyfiyyətlərini bununla əlaqələndirmək, izah etmək cəhdlərini
göstərmək olar.
Həm Qərb, həm də Şərq uzun sürən müharibələr vasitəsilə öz ərazilərini genişləndirmək, maddi nemətlərini
artırmaq istəyirdilər. Ərazisinin kiçikliyi, təbiətinin nisbətən əlverişsizliyi Qərb üçün böyük bir stimul oldu. Eyni
zamanda, Qərbin elmdə əldə etdikləri nailiyyətlər burda da özünü göstərdi: güclü silahlar ixtira edilir, gəmilər
vasitəsilə daha uzaq dənizləri qət edib özləri üçün yeni müstəmləkələr işğal edir, həmin ərazilərin yeraltı və yerüstü
sərvətlərini öz ölkələrinə gətirirdilər. Bunların hamısı ölkənin maddi durumunu gücləndirməklə yanaşı, yeni tələblər
də qoyurdu: yeni silahlar, yeni nəqliyyat növləri, yeni yaşayış tərzi, gələn sərvətlərin ağılla xərclənməsi, sərf
edilməsi siyasəti və s. Dediklərimizin təsdiqinə Rasselin də fikirlərində rast gəlmək olar: «Bütün tarix boyu texniki
inkişafa xüsusi təkan verən iki əsas qüvvə olub: ticarət və müharibələr»
1
. Bütün bunlar Qərbi sürətlə irəli aparır,
onun hökmranlığını şərtsiz qəbul etdirirdi.
Təbii ki, yeni şəraitə uyğun da təfəkkür formalaşırdı: qərblinin həmişə haqlı olması, hakimlik iddiası və
şərqlinin dindən gəlmə mütiliyi, itaətkarlığı (onu da mütləq əlavə edək ki, İslamda Allahdan başqasına itaət ən
böyük günah sayılsa da, şərqlinin mütiliyi qərbliyə münasibətinə də sirayət etdi).
Bu gün...
Tarixə baxanda Şərqin bir çox «ilk»lərə imza atdığını görsək də, onun daha geniş tətbiqi, inkişaf etdirilməsi,
təkmilləşdirilməsi məhz Qərbə məxsusdur. Bu, Şərqin bir düşünən, ideya verən «baş» olmasına qədər davam
etmişdir. Lakin Şərq dinin çərçivəsində qaldı, daha doğrusu, onun çərçivələrini olduğundan daha artıq daraltdı və
ondan kənara çıxmaq istəmədi. Toşihiko İzutsu yazır: «...Şərq fəlsəfəsi... yaşadığımız günlərin gerçəklərindən
qaynaqlanan problemlər qarşısında sahib olduğu mənəvi dəyərləri keçmişdə olduğu kimi qoruya bilən qüdrətdə
görünmür. Bu halı ilə Şərq fəlsəfəsi özünü çağdaş problemlər qarşısında tamamilə gücsüz görəcək. Çünki
texnologiya artıq Qərbdə qalan bir hadisə deyil. Hakimiyyətini sürətlə dünyaya yaymaqdadır».
6
Qərb Renessans
dövründə dini hakimiyyətin həqiqətən boğucu şəraitindən güc-bəla ilə qurtarandan sonra Şərqdən gələn hər hansı
(nə qədər tərəqqipərvər olsa da!) bir kəşfi, yeni ideyanı, gözəl fikri «dini» damğası altında orta əsrlərin uzaq illərinə
atdı. Fəlsəfə tarixində də Şərqin tarixini orta əsrlərdəcə dayandırdılar. Qərb illərdən bəri mənimsədiyi bir siyasətlə
Şərq düşünməyə qadir olmayan baş kimi «kəsdi».
Elmin, texnikanın inkişafı, çoxsaylı kəşflər, informasiya bolluğu Qərbi ağuşuna aldı getdi. «Köhnə
sosiumun dağıldığı», «məişət həyatında belə tələblərin mürəkkəbləşdiyi» XIX əsrin sonunu təhlil edən Rassel
yazır: «Bütün bunlar əqli sferada da özünü göstərir. ...İxtisaslaşmanın tələbləri və təzyiqi cavanlan onlarda daha
geniş maraq dairəsi və idrak yaranmamış ixtisasın dar çərçivəsinə yönəldir. Bunun nəticəsində özlərini tədqiqatın
müxtəlif sahələrinə həsr etmiş adamlar arasında ünsiyyət də olduqca çətinləşir».
1
Artıq XIX əsrdə elmin, texnikanın fəlsəfəni, insan Mənini arxa plana keçirtməsi filosofları narahat etməyə
bilməzdi. Rasselin fikrinə görə, «XIX əsrin intellektual həyatının daha bir yeni parçalanması bədii və elmi fəaliyyət
arasında baş verdi. ...Elmi həyat tərzi öz laboratoriyaları və eksperimentləri ilə sanki rəssamdan tələb olunan
azadlıq və axtarış ruhunu əzir».
2
Bu deyilənlər yalnız başlanğıc idi. Freyddən, Nitsşedən, A. Smitdən, Ç.Darvindən,
Marks və Engelsdən, Oqüst Kontdan, Pirsdən və b.-dan keçib gələn fəlsəfənin, psixologiyanın, milli təfəkkürün,
ictimai-siyasi elmlərin, texnikanın inkişafı XX əsrdə iki dağıdıcı müharibəyə və bütün bəşəriyyətin mövcudluğuna
təhlükə yaradan atom bombasının yaradılmasına gətirib çıxartdı.
Qərbdə bu qədər pozitiv və neqativ hadisələrin getdiyi bir vaxtda Şərqdə nə baş verirdi? Doğurdanmı,
yalnız miniatürlər çəkilir, lirik şeirlər yazılır, dini-mistik təriqətlərin sayı artırılır, Qurani Kərimə yeni şərhlər
yazılır, yeni hədislər düşünülüb tapılırdı? İslam insanları elm öyrənməyə, maariflənməyə çağırdı, dininə, xalqına
ağılla, düşüncə ilə qulluq etməyə dəvət etdi, müsəlman isə yalnız dini öyrənməklə, dünyaya bu pəncərədən
baxmaqla kifayətləndi. Cəmaləddin Əfqani yazır: «Qəribə burasıdır ki, bizim alimlər elmi iki yerə bölmüşlər:
müsəlman elmləri və Avropa elmləri. Buna görə də, onlar camaatı xeyirli elmlərin mənimsənilməsindən
çəkindirirlər. Onlar başa düşmürlər ki, şərafətli elm heç bir millətin malı deyil, kim ona yiyələnsə, onundur.. .».
3
Əlbəttə, hər xalqın öz tarixini götürsək, çox əhəmiyyətli hadisələrin baş verdiyini görmək olar. Dövlətlər
müstəqillik qazanır, Qərbin sayəsində, yəni orada alınan təhsillərin, gətirilən texnikanın köməkliyi ilə xalqlar
maariflənir, iqtisadiyyat inkişaf edirdi. Məsələn, bir çox tədqiqatçılar XIX əsrin sonunu - XX əsrin əvvəllərini
Azərbaycanın tarixində qızıl dövr kimi qiymətləndirirlər. Bunlar bir həqiqətdir, qürurverici faktlardır. Lakin söhbət
ayrı-ayrı mütəfəkkirlərdən, xalqlardan getmir. Söhbət əzəmətləri Şərqə sığmayan, müdrikliyi yalnız bir xalq üçün
deyil, bütün bəşəriyyət üçün nəzərdə tutulan ideyalardan, nəzəriyyələrdən gedir. Söhbət Şərqin özünü yenidən
təsdiqləməsindən gedir. Bu gün Qərb təfəkkürünün bütövlüyü qarşısında Şərq nə qoyur? Yada italyan tənqidçisi
Cuzeppe Matsininin bir fikri düşür: «Bizim keçmişimiz var - nəhəng və əhəmiyyətli bir keçmiş, amma yaxşı
tariximiz yoxdur ki, onu fəlsəfə nuruna bürüsün.»
1
1
Rassel B. Adı çəkilən əsər, s. 447.
6
İzutsu T. İslamda varlıq düşüncəsi. Tərs. İ.Kalın, İstanbul, 2003, s. 49.
1
Rassel B. Adı çəkilən əsər, s. 427.
2
Yenə orda.
3
Əfqani C. Seçilmiş əsərləri. Bakı, 1998, s. 32.
1
Маццини Дж. Эстетика и критика. Избранные статьи. М., искусство, 1976, с. 199.
Eyni sualı XIX əsrin sonlarında Cəmaləddin Əfqani də qoyur: «Hikmət elmi ətrafımızdakı mövcud
səbəblərdən və əlaqələrdən bəhs edir. Qəribə burasıdır ki, bizim alimlər «Səbri» və «Şəmsü'l-bariə» oxuyurlar və
fəxrlə özlərini hikmət sahibi hesab edirlər. Di gəl, ...soruşmurlar ki, biz kimik və nəyik? Elektrik, buxar gəmisi,
dəmir yolu nədir?»
2
Mütəfəkkir uzun illər ərzində həm Avropa, həm də islam ölkələrini gəzmiş, ikincilərin istər
cəmiyyət quruculuğunda, istərsə də elmin inkişafında geri qalmasının səbəblərini araşdırmış, öz təklifləri ilə
qəzetlərdə, konfranslarda çıxış etmişdir. Problemin mahiyyətini dərindən dərk edən Əfqani bildirir ki, «bir
müsəlman ziyalısı və alimi Avropa demokratik məfkurələrinə tamam aşina olsa o, Quranın təlimlərinə əsaslanaraq
xalqı müasir mütərəqqi demokratik məfkurələrlə tanış edə bilər».
3
Yəni o, ruhu Şərq, ağlı Qərb olan bir orqanizmin
yaradılmasını təklif edirdi.
İslam ölkələrinin taleyini düşünən digər bir filosof kimi Məhəmməd İqbalın adını çəkmək olar. Avropa
təhsili görmüş, öz doğma vətəni olan Pakistanın müstəqil ölkə kimi təşəkkül tapmasında müstəsna rolu olan, yəni
Qərb təhsilli, milli təfəkkürlü bu mütəfəkkir yalnız Şərqin deyil, ümumiyyətlə bəşəriyyətin düşdüyü vəziyyəti
düşünür, çıxış yolu arayır. «Qərbin müvazinətsiz, birtərəfli inkişafının əxlaq və mənəviyyatdan məhrum olması,
Şərqin dindarlığının isə aldadıcı bir güc olması» qənaətinə gələn mütəfəkkir anlayır ki, «ruh ölkəsi həm Şərq, həm
də Qərb tərəfindən yenidən kəşf edilməlidir»
1
. Xüsusilə onu da bildirək ki, Avropa təhsilli olması Məhəmməd
İqbala Şərqlə yanaşı, Qərbin də probleminə içindən bələd olmağa imkan vermişdir. Bəlkə də bu səbəbdəndir ki, o,
Avropada daha yaxşı tanınır və qəbul edilir. Özünün fəlsəfi görüşlərini daha sistemli şəkildə təqdim etdiyi «İslamda
dini düşüncənin yenidən doğuluşu» əsərində o, nə misirli mütəfəkkir Məhəmməd Abduh kimi əxlaqi islahatların, nə
də Əfqani kimi elmdə, ictimai həyatda avropalaşmanın, Qərbə bənzəməyin, onun yolu ilə getməyin tərəfdarı
olmuşdur. Yəni Məhəmməd İqbal Şərq ruhunun, İdeyasının yenidən canlandırılması təklifi ilə çıxış edir. Çünki
buna həm Şərqin özünün, həm də Qərbin ehtiyacı var.
Bu gün Qərb də tənəzzüldədir - düşüncə tənəzzülündə. Onun «düşünən başa», mənəviyyata ehtiyacı
günü-gündən artır. Bunu Qərb artıq dərk etməkdədir, Şərq isə hələ də Qərbə heyranlıqla altdan yuxarı
baxmağındadır. Qərb çalışaraq öz-özü üçün elə bir cəmiyyət qurub ki, hazırda cəmiyyət onu idarə edir. Qərb bu gün
hazır binadır və S.Xəlilovun bildirdiyi kimi, «adamlar bu mükəmməl strukturun yaradılmasında vasitədir. Lakin
şüurlu vasitələrdir. Şərqdə isə insanlar kərpicdən fərqli olaraq, müstəqil və orijinal struktura malik mükəmməl sənət
abidələrini xatırlatdığından onlardan nə isə tikmək çox çətindir... Şərqdə kərpiclər yoxdur. Ya çay daşlan və
daş-kəsək var, ya sal qayalar və sənət əsərlərinə çevrilmiş unikal abidələr - fərdi fəaliyyətlər var».
2
Cəmiyyət
müəyyən struktura malik, stabilləşmiş qaydaları, ənənələri olan bir «qurumdur». Bu, təfəkkürlərin, dünyagörüşlərin
yonulub, rəndələnib həmin tələblərə uyğunlaşması deməkdir. Onu da əlavə edək ki, bu qismət həm yüksək inkişaf
etmiş, həm də yarımçıq, hələ formalaşmaqda olan cəmiyyətin üzvlərinə aiddir. Hazır tikilinin kərpiclərini «sarayın»
divarında qərarlaşıb sabitləşmək, yarımçıq tikilinin və ya uçuntunun kərpiclərini isə mamırın altında itib-batmaq
qisməti gözlədiyi kimi.
«Cansızlaşma» təhlükəsinin təbili bir çox Qərb filosofu tərəfindən artıq çalınıb. Rassel yazır: «Müasir
həyatın təşkilatlanmasının təzyiqi fəlsəfədə irrasional təfəkkürün yaranmasına səbəb oldu. ...Bu, həm də güman
etdikləri kimi, insan azadlığına elmdən gələn təhlükəyə qarşı üsyandır»
3
. Qərbin özündə bu istiqamətdə bir sıra
cərəyanlar, fəlsəfi məktəblər yaransa da, əsas ideya mənbəyi kimi yenə Şərqə üz tutuldu. S.Xəlilov yazır: «Qərb
idrakın, özünüdərkin elə məqamına çatıb ki, özünü şüurlu surətdə idarə edə bilir. Ona görə də bir böyrəyi çatmırsa
və ya xəstədirsə, onu sağlam bədənlərdən transfer edir. ...Bu mənada Qərb dünyası Şərqdən nə isə götürürsə, buna
heç bir etiraz ola bilməz. Lakin öz xəstə mənəviyyatını Şərqə transfer edirsə, o, artıq yolverilməzdir».
1
Qərb yalnız
Şərqdən ehtiyacı olduğunu götürüb, yerinə öz naqisliyini verməklə kifayətlənmir. Onun müraciəti özünəməxsusdur.
Əvvəla, burada S.Xəlilovun dediyi kimi, Şərqə məxsus «fərdilik itir, müxtəliflik itir və dünən gözəllik sayılan
özünəməxsusluq bu gün çatışmazlıq kimi ortaya çıxır. Bir qranit parçası, bir çay daşı kərpic və ya blok-beton kimi
düzgün həndəsi biçimdə olmadığı üçün dəyərsizləşir, təhqirlərə məruz qalır»
2
. Digər tərəfdən, Qərb ona lazım olanı
dərk etmək, onu olduğu kimi qəbul etmək əvəzinə, onu mənimsəyir, özününküləşdirir, bu alınmayanda isə kənara
atır. Məsələn, bu gün Qərbin sufi mütəfəkkirlərə marağı artıb. 2007-il YUNESKO tərəfindən Mövlana ili elan
edildi, bütün dünya Mövlanadan danışdı. Yaxud, yalnız Avropada İbn Ərəbi yaradıcılığı ilə məşğul olan onlarla
tədqiqat mərkəzləri, nəşriyyat orqanları mövcuddur. Səbəb nədir? İslama günü-gündən artan mənfi münasibətin
yanında onun özək xətti olan təsəvvüfə bu qədər böyük dəyərin mahiyyətində nə durur? Təsəvvüfə xas liberallıq,
ülviyyət, insanlığa məhəbbət və ədalət. Adətən xristianlığın adına yazılan prinsiplər. Qərbli Mövlananı, yaxud İbn
Ərəbini bir müsəlman mütəfəkkiri kimi deyil, xristianlığın gözəl prinsiplərinin tərənnümçüsü kimi öyrənir. Amma
təsəvvüfün İslamın özək xətti olmasını, bütün deyilən prinsip və keyfiyyətlərin də məhz İslamdan qaynaqlandığını
qəbul etməyə isə ehtiyac hiss etmirlər.
Bu bir həqiqətdir ki, fəlsəfə tarixinə nəzər salanda bir qanunauyğunluğun şahidi olmaq mümkündür:
2
Əfqani C. Adı çəkilən əsər, s. 31.
3
Yenə orada, s. 43.
1
Əbdülkərim X. Məhəmməd İqbal // İslam düşüncəsi tarixi. 4-cü cild, red.: M.M.Şərif. İstanbul, 1991, s. 405.
2
Xəlilov S. Adı çəkilən əsər, s. 170
3
Rassel B. Adı çəkilən əsər, s. 448
1
Xəlilov S. Adı çəkilən əsər, s. 174
2
Yenə orda, s. 171
irrasional təfəkkür şəraitindən, məkanından və zamanından asılı olmayaraq bəzən rasional təfəkkürün yanında arxa
plana çəkilsə belə, öz mövcudluğunu saxlamışdır. Və məhz bu təfəkkür növü hər iki bölgənin insanı arasındakı
bağların tam qırılmamasına şərait yaratmışdır. Lakin bu da həqiqətdir ki, bu gün Qərb təsəvvüfü nə qədər geniş
ürəklə qarşılayırsa, İslamı da bir o qədər sərtliklə geri itələyir.
Hazırda həm Qərbdə, həm də Şərqdə zahirilik ifrat dərəcəyə qədər yüksəlmişdir və münasibətlər də məhz
bu müstəvidə qurulur. Lakin elmi, texniki, siyasi və iqtisadi üstünlük Qərb tərəfdə olduğu üçün tərəzinin gözü də
məhz o tərəfə əyilir. Şərq «qərbləşmək» istəyir. Bu gün Şərq insanı Qərb cəmiyyətinə - sabitliyə, müəyyənliyə can
atır, Qərb isə - yeni ideyaya. Qərbin hazır binası yeni daşlan - yonulmamış, hörgüyə gəlməyən «çay daşlarını» qəbul
edə bilmir. Ancaq Şərqin səpələnmiş daşları arasında hamıya yer tapılır. Bu səbəbdən Qərbə üz tutan şərqli orada
özünü yad, ikinci dərəcəli insan kimi, qərbli isə Şərqdə özünü öz evindəki kimi hiss edir. Bu gün Şərqin «kiçik
miqyaslı fərdi abidələri» Qərb tikililəri üçün «daş karxanasına» çevrilib. Cavan istedadların Qərbə getməsi, daha
doğrusu, onların Qərbə cəlb edilməsi buna gözəl nümunədir. Bu günün təhlükəsini görən Əbu Turxan hələ illər
əvvəl söyləmişdi ki, «əvvəl yalnız Şərq var idi, Qərb yox idi. İndi yalnız Qərb var, Şərq yoxdur».
Sabah...
Xilas yolu hardadır? S.Xəlilovun fikrinə görə, «Şərq özünü itirmişdir. O, özünü tapa bilsə, xilas yolunu da
tapacaq».
1
Bu gün Şərqin əvvəlki möhtəşəmliyinə, qüdrətinə verilişlər həsr edilir, kitablar yazılır, konfranslar
keçirilir, amma bunlar bir çıxış yolu ola bilmir. Qərbin artıq yüksək zirvələrə çatmış elminin yanında Şərq alternativ
bir elm qoya bilmir. Buna heç ehtiyac da yoxdur. Qərbin öz-özünü tənzimləyən normal cəmiyyətinə alternativ bir
cəmiyyət quruluşu da qoya bilmir. Bax, buna ehtiyac var. Qərbin tənəzzülə uğramaqda olan təfəkkürünün
qarşılığında isə yeni bir təfəkkür sistemi qoymaq artıq zərurətə çevrilib. Həm Şərq, həm də Qərb üçün.
Məsələ burasındadır ki, problem artıq şərqli və ya qərbli təfəkkürünün çərçivəsindən çıxıb. Çıxmaza düşən
ümumiyyətlə bəşəriyyətdir. Bu gün dünyanın mənzərəsinə baxsaq ərəb tədqiqatçı Taha Cabir əl-Əlvaninin
sözlərinin necə haqlı olduğunu görərik: «Bəşər təkəbbürləşəndə o dərəcədə qəddarlaşır ki, ətraf təbii mühiti
dağıtmağa, torpağı, dənizi və havanı çirkləndirməyə başlayır. Təbii nizam pozulduqda, Yer ifratçılıq və
əxlaqsızlığın doğurduğu xəstəliklərlə dolur. Bütöv kontinentlər aclıq, ehtiyac, epidemiyalar və dağıntılara məruz
qalır, insanların çoxu əzablı həyat sürməyə məhkum olurlar: "Hər kəs Mənim öyüd-nəsihətimdən üz döndərsə,
güzəranı daralar" (Quran 20:124)».
1
Bəli, bu gün bəşəriyyət bütövlükdə mənəviyyat, düşüncə tənəzzülü yaşayır və
söhbət onun yenidən dirçəldilməsindən, canlandırılmasından gedir. Biz təsadüfən məsələnin araşdırılmasını onun
kökündən başlamamışıq. Qərb və İslam Şərqi bir çox cəhətdən bir-birini tamamlayan bir medalın iki üzüdürlər və
problemin həllində bu vacib amil mütləq diqqət mərkəzində saxlanmalıdır. Əslində Şərq və Qərbin sabahını
düşünən çoxdur, bunu nəşr edilən kitablardan, yaradılan cəmiyyətlərin, tədqiqat mərkəzlərinin sayından bilmək elə
də çətin deyil. Lakin bu işdə düzgün istiqamətdə olan mütəfəkkirlər azdır. Sözlərimizin mənası Cəmaləddin
Əfqaninin kəlamı ilə daha da aydın olar: «Bir millətdə fəlsəfə yoxdursa, əgər o millətin hamısı alim olsa da, o
millətdə elmlər inkişaf tapa bilməz və həmin millət ayrı-ayrı elmlərdən lazımi nəticə çıxartmaqda çətinlik çəkər».
2
Yəni söhbət problemi məhz fəlsəfi aspektdən həll etməyə çalışanlardan gedir.
Yapon mütəfəkkiri İzutsu bildirir ki, «Kəskin qənaətim budur ki, bu fəlsəfə (Şərq fəlsəfəsi - K.B.) növündə
olan yaradıcı gücə yenidən həyat verməyimizin vaxtı gəlib. Bu vəzifə ənənəvi fəlsəfədəki ruhu addım atdığımız
tarixi dönəmə xas yeni bir fəlsəfi dünyagörüşü olaraq yenidən canlandırmağı mümkün edə biləcək bir tərzdə
edilməlidir. Üzərimizdəki intellektual vəzifə budur. Və biz şərqlilər bu vəzifəni yerinə yetirərkən çağdaş Qərb
ekzistensializminin qeyri-insani modern toplum strukturu içərisində insan oğlunun varlıq problemlərini həll etmək
üçün verdiyi mübarizədən də əhəmiyyətli dərslər almaq məcburiyyətindəyik. Şərq və Qərbin həsrəti çəkilən
yaxınlaşması bu tip intellektual işbirliyi ilə mümkün olacaq»
3
.
Deyilənlərdə əsas bir məqamı bir daha vurğulamaq istərdik. Söhbət ayrıca Qərbin və ya Şərqin deyil,
ümumiyyətlə bəşəriyyət üçün çıxış yolundan gedə bilər. Və bu yolun hər iki bölgənin problemini ehtiva etməsi ən
birinci və əhəmiyyətli şərtdir. Və bu da, S.Xəlilovun bildirdiyi kimi, təəssüfləndirici bir haldır ki, «qərbçilər və
islamçılar bir araya gələ bilmədiyindən, fəlsəfənin ümumdünya tarixi inkişaf prosesi vahid bütöv bir hadisə kimi
deyil, alternativ üsullarla, iki fərqli baxış bucağından təqdim olunur».
4
Belə məlum olur ki, təqdim ediləcək həll yolu hər iki bölgənin problemini nəzərə almaqla yanaşı, hər iki
bölgənin sahib olduğu nemətlərin, nailiyyətlərin düzgün tətbiqini də ehtiva etməlidir.
İnsan elmin, texnikanın inkişafı üçün, eyni zamanda öz mənəviyyatının kamilləşməsi üçün müxtəlif
vasitələr axtarıb tapmış, hələ də axtarmaqdadır və heç şübhə yox ki, yenə də tapacaq. Fəlsəfə tarixinin, o cümlədən,
bugünün düşüncə tənəzzülünün tədqiqindən belə məlum olur ki, bütün biliklər əsasən üç mənbəyə əsaslanmalıdır:
Allahın kitabı, təbiət və insan özü. Məhəmməd İqbal, Seyid Hüseyn Nəsr, Şeyx Taha Cabir əl-Əlvani kimi bir sıra
müasir mütəfəkkirlər ilk iki kitabdan danışırlar: Allahın kitabı və təbiət. Azərbaycanlı filosof Səlahəddin Xəlilov isə
bura həm də əql dünyasını, insanı əlavə edir.
1
Xəlilov S. Adı çəkil. əsər. s. 174.
1
Al-Alwani. Issues in Contemporary Islamic Thought. London-Washıngton. 2005, p.32.
2
Əfqani C. Adı çəkilən əsər, s. 29
3
İzutsu T. Adı çəkilən əsər, s. 49-50.
4
Xəlilov S. İslam dünyasında milli fəlsəfi fikir və onun tədrisi məsələləri. Bakı, Adiloğlu, 2008, s. 4.
Bu gün İslam tez-tez Şərqi geri qoymaqda günahlandırılır. Sanki buna cavab olaraq Cəmaləddin Əfqani
yazır: «Əgər müsəlmanlardan bir adam desə ki, mənim dinim bütün bu elmlərə ziddir, onda o öz dininə qarşı çıxmış
olur. İnsanın ilk tərbiyəsi onun dini tərbiyəsidir, fəlsəfi dünyagörüş sonra yaranır».
1
Əslində, məsələnin daha
dərindən və müqayisəli şəkildə tədqiqindən belə məlum olur ki, istər Şərqin, istərsə də Qərbin tənəzzülünün
kökündə onların məsələyə birtərəfli münasibət bəsləmələri durur. Bəli, bu bir həqiqətdir ki, ikinci kitabın
oxunmasında, yəni təbiət elmlərinin öyrənilməsi, onların əlverişli istifadəsində Qərb Şərqdən xeyli irəli gedib.
Lakin bu da bir faktdır ki, bütün nailiyyətləri kölgədə qoya biləcək nöqsanların yaranmasına səbəb məhz birinci
kitabın lazımınca oxunmaması, unudulmasıdır.
Vəhy və təbiəti nəzərdə tutaraq Əlvani yazır: «İki kitab hökmən uzlaşdırılmalıdır, zira onlar bir-birini
tamamlamadıqda gerçəkliyin həqiqi dərki itirilmiş olur. Bu səbəbdən də, idrakın islamlaşdırılması bunca
epistemoloji və sivilizasyon əhəmiyyət kəsb edir və bütövlükdə bəşəriyyət üçün müasir təfəkkürün böhranını aradan
qaldıracaq bir çıxış yolu kimi nəzərdən keçirilə bilər».
2
Eyni mövqeyə Məhəmməd İqbalda da rast gəlmək olar:
«İslamın yenidən intibahı ilə Avropanın nələr haqqında düşündüyünü və hansı nəticələrə gəldiyini müstəqil bir
ruhla tədqiq etmək və İslam düşüncəsində aparılacaq islahatda və lazım gələrsə yenidənqurma prosesində bundan
necə istifadə edəcəyimizi düşünmək yerinə düşər. ...İslamiyyətin əsaslarını tədqiq etmək zamanı çoxdan
gəlmişdir».
1
S.Xəlilov da sələfləri ilə eyni fikri bölüşməklə yanaşı, həm də Şərqin özünü bu nemətdən yararlanmağa
çağırır: «Şərqdə təbliğ və təlqin olunan əxlaqi-fəlsəfi doktrinalar hələ də aktuallaşdırılmamış, sosiallaşmamışdır və
sanki hansı isə abstrakt fərdlər üçündür. Halbuki, məhz islam dini bütün dinlər içərisində daha çox həyatiliyi,
realistikliyi, elmi axtarışlara və əməli həyata yönəli olması ilə seçilir. Görünür, biz öz dinimizin üstünlüklərini də
kifayət qədər mənimsəyə bilməmişik».
2
Bu, dinlərin bir-birindən üstünlüyünün qeydi deyil, vahid dini prinsiplərin (bu, Bibliyadan da ola bilər,
Qurani Kərimdən də) şəraitə uyğun mənimsənilməsi və yararlanmasıdır. Bəli, məhz birinci kitabın düzgün oxunuşu
ikinci kitabın da nəinki düzgün oxunuşuna, həm də onun düzgün istifadəsinə şərait yaradır. Bunu nəzərdə tutan
Əlvani yazır: «İdrakın islamlaşması əsas etibarı ilə metodoloji problem olub, vəhylə real mövcud olan arasındakı
yaxınlığı tanımaq və onu ifadə etməyə xidmət edir.
3
Hər iki kitabı tamamlayan üçüncü kitab isə insandır. İnsan özü müstəqil bir kitab olmaqla yanaşı, həm də
digər iki kitabı bir-birilə əlaqələndirən halqadır. S.Xəlilov yazır: «İdeyanın canlanması zamanı insan subyekt kimi
çıxış edir. Lakin insan başqa bir ideyaya qatılarkən... əslində ideyanın obyektinə ...çevrilə bilər... və insan özü
canlandırdığı ideyanın strukturuna daxil olur. Həm tam, həm hissə... Bir struktur səviyyəsində tam, başqa struktur
səviyyəsində hissə!»
4
Əlbəttə, hazırda insanı bir obyekt olaraq öyrənən bir sıra elmlər mövcuddur və yeniləri hələ
də kəşf olunmaqdadır. Məqsəd insanın zahiri, mənəvi tərəflərinin ən kiçik xırdalıqlarına qədər öyrənilməsidir.
Burada isə məsələ fərqli qoyulur. Əvvəla, insan yaradılışın mahiyyətini özündə ehtiva edən bir mikrokosmdur.
Digər tərəfdən, o, ümumiyyətlə Mütləq həqiqətin dərkinə aparan üç əsas kitabdan biri, ikisini tamamlayan üçüncü
əhəmiyyətli «komponentdir». Yəni həm insanın özü digər iki kitabla vəhdət şəklində, onların kontekstində, həm də
həmin ikisinin «oxunmasında» üçüncü də vacib bir tərəf kimi nəzərə alınmalıdır. S.Xəlilovun bildirdiyinə görə, hər
üç kitab yalnız sintez şəklində, bir-birilə əlaqəli şəkildə öyrənildiyi, «oxunduğu» halda ümumiyyətlə yaradılışın
mahiyyətində duran «ideya tam və kamil şəkildə dərk edilir».
1
Bu isə o deməkdir ki, zahiri dünyanı (təbiəti və
səmavi kitabdakı hikmətləri) öyrənməklə insan «əql» kitabını - mənəvi aləmi oxumaq qüdrətində olur, yəni əslində
hər üç kitab vahid həqiqətin bir-birini tamamlayan ayrı-ayrı hissələridir, fərqli «qapıları»dır. Çünki «hissəni (və ya
oxu: kitablardan birini - K.B.) dərk etməyə çalışarkən insan tamdan uzaqlaşır. (Bunun bariz nümunəsi Şərq və
Qərbin hazırda mövcud olduğu vəziyyətdir - K.B.). Həqiqət isə tamda, bütövdədir».
2
Filosof onu da xüsusilə
vurğulayır ki, bu üç mənbədən hər biri digər ikisini gizli, potensial şəkildə özündə ehtiva etsə də, onların hər birinin
öyrənilməsi fərqli metod və yanaşma üsulları tələb edir və məhz hər üçünün kompleks şəkildə öyrənilməsi
sonradan əldə edilən nəticəni də istifadə etmək sahələrini artırır, yəni insanı yalnız fiziki aləmdə, yaxud mənəvi
aləmdə qapanıb qalmaqdan xilas edir və insanın həm bir fərd kimi, həm də yaşadığı cəmiyyətin bir üzvü kimi
yetişməsinə xidmət edir.
Göründüyü kimi, adı çəkilən filosofların hər birinin dediklərinin kökündə məhz islam dini durur. Lakin bu,
islama dini deyil, fəlsəfi baxışdır. Çünki S.Xəlilovun dediyi kimi, «fərdi fəaliyyətləri, səyləri yönəldən maraqlar adi
şüur səviyyəsində müəyyənləşdirildiyi halda, ümummilli və ümumbəşəri maraqların tənzimlənməsi və fəaliyyət
üçün əsas götürülməsi fərdi şüurun strukturunda fəlsəfi təfəkkürün iştirak dərəcəsindən asılı olur.
3
Məsələ
burasındadır ki, Qurani Kərim insanı hər üç kitabın oxunuşuna, onun düzgün dərkinə və tətbiqinə çağırır və İslamın
da həqiqi gücü məhz bundadır.
1
Əfqani C. Adı çəkil. əsər, s. 33.
2
Al-Alwani. Adı çəkilən əsər, s. 32-33.
1
Iqbal M. Knowledge and Religious Experience // The Reconstruction of Religious Thought in Islam // www.allamaiqbal.com
2
Fəlsəfi etüdlər // Fəlsəfə və sosial-siyasi elmlər jurnalı. № 3-4, 2006, s. 119.
3
Al-Alwani. Adı çəkil. əsər, s. 35.
4
Fəlsəfi etüdlər // Fəlsəfə və sosial-siyasi elmlər jurnalı. № 3-4, 2006, s. 125.
1
Yenə orda, s. 121
2
Yenə orda, s. 125.
3
Xəlilov S. İslam dünyasında milli fəlsəfi fikir və onun tədrisi məsələləri, s. 3
Nəticə
Göründüyü kimi, tədqiqat zamanı biz əsasən Şərq filosoflarına və mütəfəkkirlərinə müraciət etmişik. Təbii
ki, səbəb nə tərəfkeşlik, nə də məsələni yalnız bu prizmadan görüb həll etməyə çalışmağımızdır. Bunun səbəblərini
açıqlamaqla həm də tədqiqatımızı yekunlaşdırmağa çalışaq.
Şərq həmişə ideya və yaradıcılıq enerjisinin mənbəyi olub. Tarixin təkrar olunması prinsipini nəzərə alsaq,
bu gün bizim də əsasən Şərq mütəfəkkirlərinə müraciət etməyimiz təsadüfi deyil. Bundan başqa, hazırda Qərbdə o
qədər çox sayda insanlıqdan, müqəddəslikdən uzaq fəlsəfi cərəyanlar yayılıb və dəbə düşüb ki, onların arasında
bəşəriyyətə yararlı ola biləcək bir ideya tapmaq, demirəm mümkün deyil, sadəcə çox çətindir. Nəhayət, istənilən
Qərb filosofunun ən yüksək ideyasının hardasa qaranlıq bir küncündə «avropalaşma» ideyasının gizlənməməsi nə
məlum? Bu, Qərbdir. İdeyası tükənmiş, mənəviyyatı kasıblamış, istədiyi və bəyəndiyi şeyi sorğu-sualsız
mənimsəyən və özünü haqlı sayan Qərb.
Əbu Turxan bir vaxtlar bildirmişdi ki, «bütün dinlər Şərq hadisəsidir». Təsadüfi deyil ki, orta əsr Şərq
fəlsəfəsi uzun illər boyu, hətta bu gün də, Qərb üçün bir ideya mənbəyi, fiziki bədənə can verən ruh olmuşdur. Bu
gün həmin bədən fiziki baxımdan kifayət qədər inkişaf etsə də, özünü hər tərəfli təmin etsə də, ruhu çatmır. Bu ruh
isə bir vaxtlar düşünməyi bacarmayan baş kimi kəsilib atılan Şərqdir. Onu da xüsusilə vurğulayaq ki, biz bütün
tədqiqatımız boyu bir şeyi xüsusilə diqqətə çatdırmağa çalışmışıq: Şərq və Qərbin hər ikisinin xilası onların
vəhdətindədir. Bu, nə avropalaşma, nə də qloballaşmadır. Bu, vəhdətdir.
Восток и Запад: история и современность
(резюме)
В статье рассматривается ряд вопросов, связанных с постановкой проблемы разделения Восток —
Запад, прослеживаются линии развития присущих им мировоззрений и их влияние на межцивилизационные
отношения, анализируются причины нравственного и духовного кризиса, с которым человечество
сталкивается сегодня. При этом автор предлагает пути выхода из этого кризиса, учитывая не только
нынешние проблемы, но и достижения обеих цивилизаций.
Dostları ilə paylaş: |