danışmağın
plyuralizmindən yox, NECƏ danışmağın plyuralizmindən alınır: məsələn,
Ermənilərlə konflikt müstəvisində Qarabağ mövzusu yasaq olanda bu mövzuya həsr olunmuş ən
zay şeir də heyranlıq doğurur, adamların ürəyini və sırasını vəlvələyə salırdı. Ancaq bu yasaq
yoxdursa, mövzunu NECƏ vermək məsələsi önəm qazanır. Sən Qarabağdan elə film çəkə
bilərsən ki, mən həmişəki sevgimin, filan ermənilərə həmişəki qəzəbimin, bütün bu mövzu ilə
bağlı stereotipləşmiş həmişəki düşüncələrin “quru” təkrarını görüm. Bu təkrar məni
genişləndirmir, bu təkrar məni özümlə və ya başqa nələrləsə konfliktə salmır, bu təkrar məndə
bilmədiyim düşüncə və duyğu rəqsini, oynaşmasını yaratmır.Belə filmlərin sistematik olaraq
çəkilməsinə nə gərək var!? Belə filmlər mövzunu sistematik olaraq murdarlayır, mövzunu
bezikdiriciləşdirir.
Bax, plyuralizmi belə açandan sonra söyləmək olar ki, Azərbaycan sənətində NECƏ DEMƏK,
NECƏ EŞİTDİRMƏK, NECƏ GÖSTƏRMƏK məsələsində kasadlıq var. Bir dəmir qazana ayrı-
ayrı ağacı, daşı döyəcləyəndə ayrı-ayrı səslər çıxır. Eləcə də sənət bir mövzunu necəlikdə
fərqlənən “taxta-tuxta” ilə döyəcləməlidir ki, başqa-başqa “səslər” alınsın. Bax, bizdə belənçi
plyuralizm problemi var. Bizdə NƏLƏRİN yox, NECƏLİKLƏRİN qıtlıq problemi var. Özü də
sənətdə plyuralizmin yoxa çatan azlığına tən gəlir azərbaycanlı resipientlərində, yəni sənət
qavrayıcılarında analoji azlıq. Yəni deyə bilərikmi ki, bizdə musiqi avanqardının minlərlə dəlisi
var ki, hətta bilet baha olsa belə, pul tapıb qulaq asmağa gedəcəklər? Deyə bilərikmi ki, bizdə ən
əcaib estetik axtarışlarda bulunan teatrların salonunu dolduracaq qədər tamaşaçı var?
İndisə sənətdə NƏYƏ göstərməkdən az önəmli olmayan, bəlkə də daha önəmli olan NECƏ
göstərmək məsələsi ilə bağlı bir incəliyi söyləyim. Günümüzün gerçəkliyi “gözəl qadın” deyil ki,
göstərən kimi hamı hayıl-mayıl olsun. Bizim Azərbaycan gerçəkliyi çox bayağı, çox sıyıq, çox
dayaz bir dünyadır. İşə bax ki, bizim pullularımız, bizdəki yüksək vəzifəlilər də yaman
darıxdırıcıdırlar. Ancaq ola bilməz ki, onlar milyonların sayəsində titanik şəxsiyyətlərə
çevrilməsinlər, çünki tarix boyu pul nə qədər pislənibsə, o qədər də öyülüb və bu pislənən və
öyülən pul milyonlara çatanda yiyəsinə verdiyi imkanlarla onu elə dəyişdirib ki, o bizlərə
oxşamayıb. Nə qədər keyfiyyətsiz adam olsa da, pulun qaldırdığı mərtəbədən o elə perspektivləri
görür ki, biz görəmmirik və ona görə də bizə titanik görünürlər. Onlar siyasi, iqtisadi və kültür
dünyasında elə non-liniarlıqda, elə çalarlarda oyunlara girişirlər ki, biz “ölərilər” üçün bu,
titanların savaşı kimi görünür (düzdür, cırtdanı titan edən pulun canı bizim pul qarşısında
miskinliyimiz, başıaşağılığımız olur, olmayanda pul birdən birə kağız-kuğuza çevrilir).
Bəs onda nədən pullularımız da belə darıxdırıcı görünürlər?! İndilik bilmirəm. Bəlkə də ona görə
ki, onlar ictimai fiqur deyillər, cəmiyyətə qapalıdırlar.
Bütün bunları mən nədən dedim? Dediyim odur ki, bizim gerçəkliyimiz elə deyil ki, onu yaxşı
göstərən kimi gözəl sənət əsəri alınsın. Bəlkə də bütün dünyada gerçəklik elə deyil. Ona görə də
Umberto Eko, Orxan Pamuk mistik labirintlər cızmalı olurlar. Ona görə də Dostoyevski detektiv
süjetlərə əl atırdı. Ona görə də ədəbiyyatda, kinoda qəzalar, seks, qan belə çox olur. Görünür,
onlarsız sənət üçün gerçəkliyi ilginc, gərgin, dərin etmək nadir hallarda mümkün olur.
Beləliklə! Əski aldanışdır ki, realist göstərməyi, görməyi bacardın, yaxşı əsər yapacaqsan.
Gerçəklik bizim dörd yanımzdadır, heç bitrimiz də özümüzü axmaq saymırıq və ona görə də bu
inamda bulunuruq ki, onu bilirik və ona görə də onu bizə göstərən əsərlərlə darıxırıq. Buradan
çıxan sonuc, bizim sənətin baş problemi gerçəkliyin azlığı deyil, gerçəkliyin sıyıqlığıdır. Bax,
əgər o bu gerçəıkliyi labirint, mistika strukturunda, aurasında, seks, qan, savaş, qəza
gərginliyində mənə göstərə bilsəydi və ya intellektual oynaşmaların sayrışmasında aça bilsəydi,
olardı aləm. Ancaq bir şərtlə. Elə etsəydi ki, bu labirint, bu qan, bu seks, bu qəza Qərb
tapıntılarının suyunun suyu olmasın. Fırt edib Batının burnundan düşməsin!
3
Konfutsinin sayğı fəlsəfəsi, kültür dəyərləri və kulturoloji həyasızlıq
Dünyanı NECƏ verməklə bağlı bir açıqlamanı da yapım. Mədəniyyət “tikilisinin” aşağıların
yuxarılara sayğısı üstündə durmasını hamı həmişə sezib. Ancaq ilk dəfə Konfutsi “övlad sayğısı”
fəlsəfəsi ilə bu sezilənləri aydın anlayışlar dilinə çevirib. Kamal Abdullanın “Yarımçıq əlyazma”
romanını düşünəndə bəzi nəsnələri Konfutsi sayəsində anladım. Kamal “Kitabi-Dədə Qorqud”
qarşısında piyeteti, heyranlığı - bir sözlə, sayğını öldürmə aktı ilə dekonstruksiya edir. Ancaq bu
sayğısızlıq Rafiq Tağıda, Ələkbər Əlidə, Seymur Baycanda olan sayğısızlıq deyil. Onlarda
sayğısızlıq - indi kəskin səslənən sözü deməli olacam - həyasızlıq həddinə çatmış sayğısızlıqdır
(özü də Rafiq Tağıdan Seymuracan həyasızlıq artan xətlə gedir). Qoy bu yazarlar sözlərimi
oxuyanda hirslənməyə tələsməsinlər, mən elmi söhbət edirəm. Neçə dəfə yazmışam ki, Batıda
Frankfurt məktəbinin, Mişel Fukonun, Rolan Bartın sayəsində ideya tapılmışdı ki, hakimiyyət
iradəsi təkcə Dövlət, hökumət və insanlar arasında deyil. Bizə necə düşünməyi diktə edən
modalar, ideyalar, dilin qrammatikası da bizim üzərimizdə hakimlik edir. Ona görə də toplumda
insanların azadlığının, özgürlüyünün yüksək dərəcəyə çatması üçün təkcə Dövlətin hakimiyyət
zonasını daraltmaq azdır. Repressiv, yəni səni basan modaların, dil qrammatikasının, əxlaq
normalarının və sairənin də hakimiyyət zolağını daraltmaq gərəkdir. Buradan da Batıda
qrammatikanı pozan şeir və romanlar, montaj qrammatikasını pozan Qodar filmləri və s. ortaya
çıxmışdı ki, hamısını dədə-baba qaydalarına sayğısızlıq əlamətlərində kvalifikasiya etmək olar.
Sayğı-sayğısızlıq-həyasızlıq ilişgiləri tarixdə çox müxtəlif biçimlərə düşüb. Bütün milli
mentalitetlər, bütün əxlaq modelləri sayğı üstündə qurulub və bu sayğını göstərməyənləri
cəzalandırmaq üçün dürlü vasitələri də hazır saxlayıb (məsələn, sayğı göstərməyənə “utanmaz
adam” damğasını vurub). Əski Yunanıstanda Sokrata bu sayğısızlığa görə ölüm kəsmişdilər.
Ancaq belə cəzalara baxmayaraq Avropada Sofistlər də peyda olmuşdu ki, hörmətsizliklərinə
görə cəzasız qala bilmişdilər. Beləcə, Avropa necə yaranıb, Avropa nədir, suallarının cavabında
söyləməliyik ki, Avropa mədəniyyətə, əxlaqa, dini, fəlsəfi dəyərlərə sayğı ilə sayğısızlığı bir
arada saxlamaq genişliyini ilk dəfə əldə etmiş qitə, yeganə ideyadır. Buddizm Hindistanda
Hinduizmə sayğısızlıq dozasından yaranmışdı, ancaq Hindistan həmin sayğısızlığa dözəmməyib
özündən yad ünsür kimi onu atmışdı. Hərçənd yenə də biz bütün yerdə qalan mədəniyyətlərdə
görə bilərik ki, çoxluğun sayıb uca tutduğu dəyərlərə müəyyən dərəcədə hörmətsizlik göstərən
ərənlər tapılmışdı - məsələn, Molla Nəsrəddin, Sabir, Mirzə Cəlil. Ancaq nədən bu
sayğısızlıqlarına görə onları həyasız sayan bəzi çağdaşlarına baxmayaraq bütünlükdə onlar
həyasızlar kimi qavranılmamışlar? Səbəb odur ki, onların sayğısızlığında bir “daha yaxşı gələcək
uğrunda” istəyi, ideyası vardı. Total sayğısızlıqda, bax, bu olmur, ona görə də total sayğısızlıq
həm sinizm, həm də həyasızlıq kimi qavranılır. Onu da söyləyim ki, mənə psixoloji olaraq, nə
qədər çətin olsa da, bu həyasızlıq həddinə çatmış sayğısızlığı mədəniyyətimiz üçün konstruktiv
sayıram. Öncələr neçə dəfə yazmışam ki, Azərbaycanın dirilməsi, çiyinlərini silkələyib qalxması
üçün millət həyasızlaşmalıdır, yəni öz haqlarını bilib, öz haqlarını tələb etməyə əngəl olan
utancaqlıqla, abır-həya ilə sağollaşmalıdır.
Millətin həyasızlaşması böhrandır. Ancaq Azərbaycan hələ yetərincə həmin böhrana düşməyib.
Bax, bütün
bu girişdən sonra deməliyəm ki, adlarını çəkdiyimi yazarların hamısı total
sayğısızlığın törətdiyi həyasızlıq pafosuna tutulmuşlardır. Ona görə də Seymurun romanında nə
ata, nə ana, nə əxlaq, nə millət, nə ədəb simvolları sayğısızlıq aksiyalarından canını qurtara
bilmir. Bu romanda total həyasızlıqdır oxucunu güldürən, miskin Azərbaycan gerçəkliyini bir az
da olsa sənət üçün ilginc edən. Beləcə, mən Seymurgili bu cür öydüm. Ancaq ədəbiyyat tarixi
üçün onların rolunu görsəm də, söyləməliyəm ki, bir məsələdə uduzurlar. Azərbaycana nifrət
etmək asan işdir, hər küçədə qarşına çıxan yaramaz buna əsas verir. Belə-belə nəsnələrə görə
Nitsşe almanlara, Bodler fransızlara nifrət etmişdi. Çətin məsələ Azərbaycanı sevməkdir. Səni
psixi xəstə edən yaramazlıqlara qalib gəlib sevmək - çətin məsələ budur. Sənət isə yendiyi,
4