18.04.2012:
Mərkəzi Bank maliyyə savadlılığı mövzusunda treninq keçirdi
Mərkəzi Bankın Tədqiqatlar və İnkişaf Mərkəzi Almaniya Əmanət Banklarının Beynəlxalq
Əməkdaşlıq Fondu (AƏBBƏF) ilə birgə “Maliyyə savadlılığı” layihəsi çərçivəsində Milli Qəhrəman
Mübariz İbrahimov adına Biləsuvar Liseyinin bazasında “Banklar məktəblərə-məktəblər banklara”
mövzusunda seminar keçirib. 7-14 aprel 2012-ci il tarixlərində keçirilən seminarın əsas məqsədi
gələcəkdə məktəb kurikulumlarında maliyyə maarifləndirilməsi aspektinin gücləndirilməsi, bankların bu
işə marağının artırılması, onların təkliflərinin öyrənilməsi olub.
Seminar tədbirlərində Respublika Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun məsul
işçiləri, habelə kommersiya banklarının əməkdaşları və Biləsuvar Liseyinin müəllimləri iştirak ediblər.
Almaniyadan dəvət olunmuş ekspert, fəlsəfə doktoru Knut Boykun məşğələləri seminar iştirakçıları
tərəfindən maraqla qarşılanıb.
Seminarda maliyyə savadlılığı, cib xərcliyi, büdcə planlaşdırılması, əmanətlər, bank məhsulları,
sahibkarlıq və sair mövzular üzrə məlumatların müxtəlif fənlərin tədrisi prosesində istifadəsi, həmin
mövzuların müxtəlif fənn kurikulumları və tədris proqramlarına inteqrasiyası barədə təqdimatlar
keçirilmiş, interaktiv müzakirələr aparılıb.
Lisey müəllimlərindən və kommersiya banklarının əməkdaşlarından ibarət yaradılan işçi qrupları
tərəfindən cari ilin avqust ayına qədər əhalinin maliyyə savadlılığının artırılmasında istifadə oluna biləcək
müxətlif alətlərin hazırlanması nəzərdə tutulub.
Seminarın yekununda iştirakçılara Mərkəzi Bankın strateji fəaliyyət istiqamətlərindən biri olan
“Maliyyə savadlılığı” layihəsi barədə qısa məlumat verildi. İştirakçılar seminarda əldə olunmuş uğurlu
nəticələri yüksək qiymətləndirərək məktəb şagirdlərinin maliyyə maarifləndirilməsi işinin gücləndirilməsi
üçün banklar və təhsil orqanlarının birgə fəaliyyətinin əhəmiyyətini xüsusi qeyd ediblər.