QİYMƏTLI ƏSƏR
İmran Qasımov və Həsən Seyidbəylinin «Uzaq sahillərdə» povesti az zaman içində
oxucularımızın hüsn-rəğbətini qazanmışdır. Povestdeki hadisələr, əsasən, Böyük Vətən
müharibəsi illərində cərəyan edir. O zaman sovet ordusu bəşəriyyət tarixində misli görünməmiş
bir qəhrəmanlıqla ölkəmizi azğın faşist qəsbkarlarından təmizləyirdi. Avropa xalqlarına azadlıq
və istiqlaliyyət gətirirdi. Partizan hərəkatı getdikcə güclənərək böyük bir qüvvəyə çevrilir,
düşmənə arxadan zərbə endirirdi.
Əsərin qəhrəmanı Mehdi Hüseynzadə müəlliflərin fantaziyasında yaranmış bir şəxsiyyət
deyildir. O, Bakıda doğulub böyümüş, rəssamlıq məktəbini qurtarmış, sonra Leninqradda xarici
dillər institutunda təhsil alarkən faşist qəsbkarlara qarşı vuruşan ordu sıralarına daxil olmuşdur.
Mehdi Hüseynzadə 1942-ci ildə Stalinqrad cəbhəsindəki vuruşmalardan birində yaralanaraq,
düşmən mühasirəsində qalır və əsir düşməmək üçün özünü həlak etməyə təşəbbüs edir. Lakin
onun gənc və möhkəm səhhəti ölümə qalib gəlir. Nəhayət, Mehdi Hüseynzadə böyük bir
qəhrəmanlıqla faşistlərin əlindən xilas olub qaçır, Triest yaxınlığındakı İtaliya partizanlarına
qoşulur. Bu zamandan etibarən onun bir əfsanə kimi dillərə düşən fəaliyyəti başlayır.
Biz povestdə Mehdi Hüseynzadəni ilk dəfə, öz yaxın döyüş yoldaşı Vasya ilə birlikdə,
əyinlərində alman libası, Triestin küçələrilə gedən görürük. Onlar faşist zabitlərinin məkanı olan
«Doyçe Saldaten hayın» binasına girib, özlərilə gətirdikləri partlayıcı maddəni böyük bir
məharətlə orada yerləşdirərək çıxıb gedirlər. Bir az sonra bina partlayaraq içərisindəki faşistlərlə
birlikdə göyə sovrulur. Həmin bu vaxt bir nəfər naməlum şəxs Mehdiyə yaxınlaşaraq,
partizanlarla görüşmək istədiyini ona bildirir. Mehdi həmin şəxsi partizanların qərargahına
gətirir. Qərargah rəisi Karranti heç gözlənilmədiyi halda bu naməlum şəxsi güllələyir. Daha
sonra Karranti, Mehdi tərəfindən tanınıb ifşa olunduğunu hiss edərək, onu ağır surətdə yaralayıb
qaçır.
Beləliklə, əhvalat getdikcə qızışaraq daha gərgin və daha mürəkkəb bir hal almağa başlayır.
Povestdə oxucunun nəzər-diqqətini hər kəsdən çox cəlb edən Mehdidir. Müəlliflər Mehdi
surətini ustalıqla yarada bilmişlər. Oxucu onun taleyini böyük bir maraqla izləyir, düşdüyü
çətinliklərdən necə qurtaracağını həyəcan və səbrsizliklə gözləyir. Oxucu onu sevir, hər bir
vuruşdan salamat qurtarmağını arzu edir.
Mehdi Azərbaycan gənclərinə məxsus mətinlik, cəsurluq, təhlükədən qorxmamaq, lazım
gəldikdə, misilsiz fədakarlıqlar göstərmək kimi nəcib sifətlərə malikdir. Əsərdə onun bir surət,
bir xarakter olaraq inkişafı çox düzgün verilmişdir. Mehdi əvvəllər həddindən artıq qızğınlıq
göstərir, tələsir, özünü yersiz təhlükələrə məruz qoyur. Lakin zaman keçdikcə, Mehdinin
xarakteri də mübarizə alovları içində bərkiyir. O, hər şeyi ağlı və səbrlə görən, ən çətin anlarda
belə ruhi müvazinətini itiraıəyən, gələcəyin uzaq üfüqlərini aydm surətdə seçən, özünün və özü
kimi milyonlarla döyüşçünün taleyini dərindən hiss edən kamil bir qəhrəman olur. Ölümündən
bir az əvvəl onun İtaliya kəndlisi Tinti ilə olan söhbəti nə qədər təsirlidir.
Əsl sənəti rəssamlıq olan Mehdi əsgərin müharibədən qələbə ilə evə döndüyünü təsvir edən bir
şəkil yaratmaq fikrindədi. Povestin əvvəllərində o, həmin qəhrəmanın evə qayıtmağını olduqca
şən, işıqlı boyalarla rəsm etməyi düşünürdü. Sanki bu qəhrəman öz yolundakı bütün maneələri
ləğv edərək qayıdırdı. Lakin povestin axırlarında Mehdi öz əsərini tamamilə başqa cür yaratmaq
qərarına gəlir. Mehdi hiss edir ki, mübarizə hələ qurtarmamışdır. Sülhün bütün dünyada
möhkəmlənməsi üçün hələ çox iş görmək lazımdır. Uzaq sahillərdə vuruşan Mehdi öz vətənini
ən qızğm, ən incə bir məhəbbətlə sevir. Onun öz xalqına məxsus istiqanlılığı, səmimiyyəti,
dostluqdakı etibarı oxucunu dərindən mütəəssir edir. Onun həlak olması oxucunun gözlərini
yaşardır.
Əsərdəki Vasya və Ancelika surətləri də oxucuda səmimi məhəbbət hissləri oyadır. Onlar
Mehdinin ən yaxın döyüş yoldaşlarıdır. İtaliyalı Ancelika hərarətli qəlbə malik, şən, fədakar bir
qızdır. O, Mehdini sevir. Sadə, səmimi, zarafatcıl və cəsur bir döyüşçü olan gənc Vasya da
Ancelikanı sevir. Bir gün təhlükəli bir tapşırığı icra etmək üçün getdikləri zaman Vasya öz
qəlbini Ancelikaya açır. Bu çətin səfərdə Vasyanı ölüm qorxusu gözlədiyini bilən Ancelikanın
ürəyi kövrəlir və qız gənc Vasyanın boynunu qucaqlayaraq onu öpür. Vasya isə həmin səfərdə
qəhrəmanlıqla həlak olur.
Mehdi ilə Vasya və Ancelikanın dostluğu bir vəhdət təşkil edir. Sanki onlar bir ürəyin ayrı-ayrı
hissələridirlər, bir yerdə doğulub böyümüşlər. Onların bu mübariz dostluğunda unudulmaz bir
həyat sevgisi, vətən və azadlıq sevgisi var.
Povestdə düşmən cəbhəsindən olan adamlar Amerika kəşfıyyatçısı Karranti, Uoll-stritin
nüməyəndəsi Stoun, gestapo rəisinin köməkçisi Şults, amerikalıların Triestdəki rezidenti Mazeli
və başqalarından ibarətdir.
Müəlliflər bu quldur dəstəsinin iyrənc sifətini bacarıqla açıb göstərirlər. Lakin bunların içərisində
ən güclü surət, heç şübhəsiz ki, Karrantidir. Agent olan Karranti insanlıq simasını çoxdan itirmiş,
hissiz, duyğusuz bir cavandır. O, öz murdar niyyətinə çatmaq üçün heç bir rəzalətdən çəkinmir.
Onun üçün vicdan deyilən şey yoxdur. Müəlliflər Karrantinin yırtıcı təbiətini çox real ştrixlərlə
açırlar. Karranti nə qədər hiyləgər, nə qədər xəbis bir vəhşi də olsa, yenə də, Mehdinin qarşısında
məğlub olur. Müəlliflər tələyə düşmüş bu quduz canavarın ölüm səhnəsini çox gözəl və orijinal
təsvir etmişdir.
Povestdə iki alman əsgəri - Erix və Hans da təsvir edilmişdir. Erix öz vətənində piano kökləyən,
Hans isə bənna idi. Onların hər ikisi faşistlər tərəfindən zorla müharibəyə gətirilmişdir. Onlar
müharibənin dəhşətləri içində faşizmin nə demək olduğunu daha yaxından görüb dərk edir,
həqiqətin harada olduğunu bütün aydınlığı ilə başa düşürlər. Ona görə də, baş götürüb qaçaraq
partizanların yanına gəlirlər.
Müəlliflər Erix ilə Hansın şəxsində Almaniyanın namuslu, zəhmətkeş vətəndaşlarını təsvir
etmişlər.
«Uzaq sahillərdə» povesti bədii macəra əsərləri ruhunda yazılmışdır. Müəlliflər bəzən
hadisələrin maraqlı və cəlbedici olmasına uyaraq, xarakterlərin dərindən açılmasına, psixolqji
anlara az fikir vermişlər. Bunun nəticəsində də, yuxarıda qeyd etdiyim kimi, bəzi partizan
surətləri arzu olunan dərəcədə tamamlanmamışdır. Buna baxmayaraq, «Uzaq sahillərdə» dəyərli
bir əsərdir və ədəbiyyatımızda müsbət hadisədir. Əsəri oxuyarkən, İtaliyanın gözəl mənzərələri,
İtaliya şəhərlərinin, kəndlərinin quruluşu, oradakı binaların arxitekturası gözlərimiz qarşısından
gəlib-keçir. Müəlliflər hər bir detalın düzgün və həqiqətə uyğun olmasına diqqət etmişlər.
Qəhrəman Mehdi Hüseynzadənin şərəfli həyatından bəhs edən «Uzaq sahillərdə» əsəri
oxucularımıza gözəl bir hədiyyədir.
«Ədəbiyyat və incəsənət» qəzeti, 13 fevral 1954-cü il.