«Qarapapaqlar».-2010.-№1(31).-S.8-16.
QARABAĞ XV - XVII ƏSRLƏRDƏ
Tofiq NƏCƏFLİ
, tarix elmləri namizədi,
AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutu
I yazı
(ardı gələn sayımızda)
Azərbaycanda geniş ərazini əhatə edən Qarabağ mənbələrdə əksər hallarda «Arran Qarabağı» kimi verilir.
«Arran Qarabağı» termininə ilk dəfə Fəzlullah Rəşidəddinin «Came ət-təvarix» əsərində 1284-cü ilin hadisələrindən
bəhs olunarkən təsadüf olunur [36,170; 35,98]. Dövrün tarixçiləri bu ərazini «Arran Qarabağı» adlandırmaqla onu
başqa Qarabağlardan, ilk növbədə Türkmənistanın cənub-şərq və Əfqanıstanın şimal-qərb ərazilərində mövcud olan
«Baqdis Qarabağı»ndan fərqləndirmək istəmişlər [35,98]. Qarabağın tarixən bir-biri ilə sıx, iqtisadi və mədəni
əlaqədə olan dağlıq və düzən əraziləri coğrafi baxımdan Arranın tərkib hissəsi idi. Qaynaqlarda bəzən Qarabağ ilə
Arran eyniləşdirilib vahid ərazi kimi də təqdim olunurdu. Arran daha geniş ərazini əhatə edən inzibati-coğrafi vahid
olub, Azərbaycanın bir hissəsi hesab olunmuşdu. Qarabağ Azərbaycan tarixçisi Əbu Bəkr əl-Qütbi əl-Əhərinin
təbiri ilə desək «Arranın paytaxtı», daha doğrusu onun mərkəzi hesab olunurdu [12,57]. «Qarabağ» istilahı XIV
yüzilliyin sonu - XV yüzilliyin əvvəllərində «Arran» termini ilə yanaşı işlənmiş, bəzən onu əvəz etmiş və inzibati
ərazi baxımından isə Arranın mərkəzi sahələrini əhatə etmişdi. Qarabağ dağlıq və dağətəyi yerləri birləşdirən vahid
ərazidən ibarət olmuşdu. Mirzə Camal Cavanşir «Qarabağ tarixi» əsərində Qarabağın sərhədləri barədə yazır:
«Qədim tarix kitablarının yazdığına görə, Qarabağ vilayətinin sərhədləri belədir. Cənub tərəfdən
Xudafərin körpüsündən Sınıq körpüyə qədər - Araz çayıdır. İndi Sınıq körpü Qazax, Şəmşəddil və Dəmirçi
Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahı ilə Krasnı most, yəni Qızıl körpü
adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndində Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür.
Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhəddi Kür çayına qədər - Goran çayıdır və Kür çayı çox yerdən keçib
Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı, Ərikli adlanan uca Qarabağ dağlarıdır» [17,107-108].
Qarabağ Arranm tərkib hissəsi kimi XIV-XV yüzilliklərdə Azərbaycanda baş vermiş ictimai-iqtisadi
hadisələrin mərkəzlərindən biri idi. Elxanların daim Qarabağda qışlamaları, bir sıra dövlət səviyyəli hadisələrin
burada baş verməsinə səbəb olmuşdu. Elxani hökmdarlarından üçü - Qazan xan, Arpa xan və Ənuşirəvan səltənət
taxtına Qarabağda çıxmış, ikisi isə - Arqun xan və Əbu Səid Qarabağda vəfat etmişlər [35,101-102].
1335-ci ildə Elxani hökmdarı sultan Əbu Səidin ölümündən sonra Elxanilər dövlətinin tənəzzülə uğraması,
parçalanması və nəhayət süqut etməsi Qarabağa da öz təsirini göstərmişdi. Qarabağ hakimi Əmir Surğan və anası
Satıbəy Xatun Hülakulər dövlətində şiddətlənən feodal ara müharibələrinin fəal iştirakçılarına çevrildilər. 1338-ci
ildə hakimiyyət uğrunda mübarizə aparan feodal qrupları ilk növbədə çobanilərlə cəlairilər arasında bağlanan
müqaviləyə əsasən Arranın tərkib hissəsi kimi Satıbəy Xatun və Əmir Surğanın sərəncamında qaldı. Çox keçmədən
Qarabağ hakimi Satıbəy Xatunun Hülakulər dövlətinin padşahı seçilməsindən başlayaraq Qarabağ uzun müddət
Çobanilərin fəaliyyəti ilə bağlı tarixi hadisələrin mərkəzində durmuşdu [18,32; 35,103].
XIV yüzilliyin II yarısında Azərbaycan Cəlairilər dövlətinin tərkibinə daxil olduqdan sonra Qarabağ ərazisi
də bu dövlətin nəzarətinə keçdi. Sultan Əhmədin hakimiyyətinin ilk vaxtlarında Qarabağ Cəlairi əmirləri tərəfindən
idarə olunurdu. Əmir Teymurun Azərbaycana yürüşlərindən sonra Qarabağ demək olar ki, tamamilə onun buradakı
canişinlərinin tabeliyində olmuşdu. Qarabağ Əmir Teymurun qış iqamətgahına çevrilmişdi. Dövrün mənbələrində
Teymurun və eləcə də ondan əvvəlki Hülaku və Cəlairi şahzadələrinin Qarabağda qışlamaları barədə çoxsaylı
faktlara təsadüf olunur. Əmir Teymur Qarabağ ərazisindən özünün qərbdəki düşmənlərinə qarşı mübarizəsində
başlıca istinadgah kimi istifadə edirdi.
XV yüzilliyin əvvəllərində tərkibinə Qarabağın da daxil olduğu Cəlairilər dövləti Əmir Teymurun yürüşü
nəticəsində dağıldı. Sultan Əhməd Bağdada qaçdığı üçün Azərbaycanı Əmir Teymurun oğlu Miranşah idarə edirdi.
1404-cü ilin matında Əmir Teymur Qarabağ qışlağından Səmərqəndə dönən zaman Hülaku ulusuna daxil olan
ərazilərin idarəsini nəvəsi Ömər Mirzəyə tapşırmışdı [37,70]. 1405-ci ildə Teymurun vəfatı onun imperiyasında
sülalə ixtilaflarına, övladları arasında hakimiyyət uğrunda arasıkəsilməyən toqquşmalara zəmin yaratdı. Azərbaycan
yeni müharibələr meydanına çevrildi. Əlverişli siyasi vəziyyətdən faydalanan yerli hakimlər xalq kütlələrinin
yardımı ilə müstəqillik uğrunda mübarizəyə başladılar [6,78]. Bu mübarizəyə Şirvanşah İbrahim (1382-1417)
rəhbərlik edirdi. Ölkənin ayrı-ayrı vilayətlərində yadelli ağalığına qarşı başlanan mübarizədən istifadə edən I
İbrahim 1406-cı ildə Kür çayını keçərək Gəncəni və Qarabağın böyük bir hissəsini nəzarət altına almışdı. Bu dövrdə
qaynaqların qeyd etdiyinə görə, Qarabağ hakimi Qaramanlı tayfasından olan Yar Əhməd olmuşdu [4,394]. Bu
zaman Gəncə və Qarabağ hakimi Yar Əhməd
Qaraman, Şirvanşah I İbrahim, Ərdəbil hakimi Bistam Cagir, Şəki hakimi Seydi Əhməd Teymuri Ömər
Mirzəyə qarşı mübarizədə öz qüvvələrini birləşdirdilər. Ömər Mirzə birləşmiş qüvvələrlə döyüşə girməkdən
çəkinərək geri döndüyü üçün Azərbaycanın şimal torpaqları Teymurilərdən tamamilə azad edildi. 1406-cı ilin
mayında Şirvanşah I İbrahim Təbrizi ələ keçirsə də, Cəlairi Sultan Əhmədin yürüş xəbərini eşidərək geri dönmək
məcburiyyətində qaldı. Şirvanşah I İbrahimin Azərbaycan torpaqlarını birləşdirmək təşəbbüsü bir nəticə vermədi.
Bu dövrdə Cənubi Azərbaycan torpaqları Teymuri Əbu Bəkrin hakimiyyəti altında qalmışdı. Qaraqoyunlu
Qara Yusif 1406-cı ildə Naxçıvan və 1408-ci ildə isə Sərdrud döyüşlərində Teymuri Əbu Bəkri məğlub edərək
Teymurilərin Azərbaycandakı ağalığına son qoydu. 1410-cu ildə Qara Yusif Təbriz yaxınlığında keçmiş müttəfiqi
Sultan Əhmədi məğlub edərək Cəlairi dövlətinə son qoydu və mərkəzi Təbriz şəhəri olan Azərbaycan Qaraqoyunlu
dövlətini yaratdı. Bu dövlətin tərkibinə Qarabağ, Cənubi Azərbaycan, Şərqi Anadolunun bir hissəsi, Ərəb İraqı və
Əcəm İraqı daxil oldu [6,81; 25,56; 11,62-63].
Qarabağın Qaramanlı tayfaları Qaraqoyunlu tayfa ittifaqına daxil olaraq bu dövlətin siyasi tarixində
əhəmiyyətli rol oynadılar. 1412-ci ilin dekabrında Qara Yusifin Şirvanşah I İbrahim, Şəki hakimi Seydi Əhməd və
gürcü çan Konstantinin birləşmiş qüvvələrinə qarşı döyüşdə Yar Əhmədin rəhbərliyi altında «Qaraman əsgərləri»
yaxından iştirak etmişdi. Kür çayının sahilində baş vermiş bu döyüşdə Qara Yusif Qarabağ dəstələrinin yardımı ilə
qələbə qazanmışdı [32,160; 25,58-59; 11,62].
1420-ci ildə Qara Yusifin ölümü Teymuri Sultan Şahruxun Azərbaycanı işğal etməsinə şərait yaratdı. Arran
Qarabağında qışlayan Sultan Şahruxun hüzuruna gəlmiş qonşu hakimlər arasında Qarabağ hakimi Yar Əhməd
Qaramanla yanaşı qardaşı Şirzad da olmuşdu [15,188]. 1421-ci ilin aprelində Sultan Şahruxun Qarabağı tərk etməsi
ilə teymurilərə qarşı Gəncə və Bərdədə Yar Əhməd Qaramanlının üsyanı başladı. Teymuri tarixçisi Fəsih Xəvafi
yazır ki, bu zaman Qara köpəkdə olan Sultan Şahrux oğlu Baysunqur Bahaduru Yar Əhmədə qarşı göndərdi
[15,190]. Faruk Sümer yazır ki, Yar Əhməd Qaramanlı Gəncə-Qarabağ ətrafında olan Cağatay ulusundan vergi
toplamış olan təhsildarlara hücum edərək mallarını əllərindən almışdı. Buna görə də Şahrux Baysunquru Yar
Əhmədin üzərinə göndərdi. O, Gəncəni tərk edərək Gürcüstan torpağındakı Esfərzən qalasına sığınsa da, aman
verilərək Şahruxun hüzuruna gətirildi və əhf olundu [37,118; 9,226-227]. Fəsix Xəvafiyazırki, Sultan Şahrux
Qaraqoyunlu İsgəndərlə Aləşgərd döyüşündə vuruşan zaman Yar Əhməd Qaramanlı Bərdə qalasından gətirilərək
edam olundu [15,190]. Qaraqoyunlu İsgəndər Sultan Şahruxun Azərbaycanda möhkəmlənməsinə ciddi müqavimət
göstərmişdi. Qaraqoyunlular arasında ara müharibələrinin başlanmasına baxmayaraq İsgəndər dövlətin bütövlüyünü
qoruyub saxlamışdı. 1429-cu ildə Sultan Şahrux Azərbaycana II yürüşü zamanı Səlmas döyüşündə İsgəndəri
məğlub edərək Azərbaycana yiyələnmiş və ölkəni tərk edən zaman hakimiyyəti İsgəndərin qardaşı Əbu Səidə versə
də, az sonra İsgəndər hakimiyyəti qardaşından geri almışdı. 1435-ci ildə Sultan Şahrux Azərbaycana yenidən yürüş
etmiş və Qarabağda qışlamışdı. O, 1436-cı ilin yazında Azərbaycanın idarəsini İsgəndərin digər qardaşına,
Teymurilərin asılılığını qəbul edən Cahanşaha tapşırmışdı. İsgəndər bununla razılaşmayaraq hakimiyyətini qəsb
edən qardaşına qarşı mübarizəyə başlamışdı. Lakin 1438-ci ildə «dövlətinin əsas əmirlərindən» olan Piri bəy
Qaramanlının Cahanşahın tərəfinə keçməsi nəticəsində Həftçeşmə yaxnlığında qardaşı ilə döyüşə girməyən
İsgəndər Əlincə qalasına qaçdı və orada öldürüldü [40,90; 37,139; 11,62].
Güman etməyə əsas vardır ki, Piri bəy Qaramanlı Gəncə və Bərdə hakimi olmuş və görünür Yar Əhməd
Qaramanlını əvəz etmişdi. Cahanşahın dövründə də Qarabağ Qaraqoyunlu dövlətinin tərkibində qalmışdı. Lakin
1467-ci ildə Cahanşahın Uzun Həsənlə döyüşdə öldürülməsindən sonra Qarabağ qaraqoyunluların digər torpaqları
kimi yeni dövlətin tərkibinə daxil olmuşdu. Cahanşahın oğlu Həsən Əli atasının öldürülməsindən sonra ordu
toplayaraq vəziyyətdən çıxmağa çalışmışdı. Lakin 1468-ci ildə Mərənd yaxınlığında Uzun Həsənlə döyüşdə məğlub
olaraq xilas olmaq üçün Qarabağa qaçmış və Bərdəyə gəlmişdi. Əbubəkr Tehrani yazır ki, Cahanşahın ölümündən
sonra həmin vilayətin hakimi olmuş Piri bəy Qaramaninin övladları əvvəlcə onu tutub Uzun Həsənin hüzuruna
göndərmək istədilər, lakin sonra bu fikirdən daşınıb ona imkan verdilər ki, Ərdəbilə getsin və böyük şeyxlərin
hüzuruna pənah aparsın [40,250; 11,62].
Dövrün qaynaqlarında Qarabağ Sultan Şahrux ordusunun ənənəvi qışlaq yeri kimi xatırlansa da, bu vilayət
haqqında konkret məlumatlar çox azdır. Uzun Həsənin oğlu Sultan Yaqubun hakimiyyəti dövründə (1478-1490)
Gəncə və Bərdə vilayətləri mərkəzi hakimiyyətin yerli tayfa başçılarından təyin etdiyi rəhbərlərin idarəsi altında
qalmaqda davam etmişdi. Ağqoyunlu tarixçisi Fəzlullah ibn Ruzbehan Xuncinin qeyd etdiyinə görə, Gəncə və
Bərdə vilayətləri Sultan Yaqub tərəfindən oğlu Baysunqura həvalə olunmuşdu [22,87; 11,63].
F.R. Xunci Səfəvi Şeyx Heydərin 1488-ci ildə Şirvan və Dağıstana yürüşü zamanı Qarabağ haqqında
müəyyən məlumat verir. Müəllif yazır ki, Şeyx Heydər «Bərdə vilayətində olan Çalabert dairəsinə çatan zaman baş
qazinin mülkü olan bu ərazini qarət etdi və zimmilər icmasının əmlakını müsadirə etdi. Bu zimmilər (yəni xristian
albanlar -T.N.) sülh şəraitində yaşayaraq cizyə və uşr vergisini ödəmiş, əzabdan və zülmdən azad olmuşdular»
[22,86].
F.R.Xunci Sultan Yaqubun hakimiyyəti dövründən danışarkən yazır ki, o qış dövrünü ya Təbrizdə, ya da
Qarabağda Qaraağacda keçirirdi [22,119; 11,63]. Ağqoyunlu tarixçisinin sözlərinə görə, Qaraağac «Tall Sultanın
ətəklərində yerləşirdi və zirvəsi düşərgənin ortasında ulduzlara yüksəlirdi. Təəccüblüdür ki, meşənin ortasında
ətrafı düzənlik olan belə bir zirvə necə yüksəlmişdi» [22,101; 11,63]. Ağqoyunlu tarixçisi F.R.Xuncinin
məlumatlarından məlum olur ki, bu ərazi Sultanbud torpaqlarında yerləşmişdi. Çün-ki, Qaraağaca gələn hökmdarı
«Sultanbud torpaqları yenicə çiçək açmış gül-çiçəkləri ilə salamlamışdı» [22,120]. Nəzərə almaq lazımdır ki,
Ağqoyunlu tarixçisinin xatırlatdığı Sultanbud torpaqları Bərdə-Ağdam yolundan şərqdə yerləşirdi.
Dövrün qaynaqlarında Qarabağ Sultan Yaqubun oğlu Baysunqurun qısa hakimiyyəti dövrünün hadisələri şərh
olunarkən yenidən xatırladılır. 1492-ci ildə Eybə Sultan Bayandurla Baysunqur arasındakı döyüş Gəncə və Bərdə
arasında baş vermişdi. Dövrün qaynağının verdiyi məlumata görə, Eybə Sultan öz bayrağı altında Qarabağ
Qacarlarını birləşdirə bilmişdi. Buna görə də, baş vermiş doyüşdə Baysunqur məğlub olmuş və 1493-cü ilin
avqustunda Bərdə ətrafındakı ikinci döyüşdə də öldürülmüşdü [22,143-144].
Bu fakt bir daha təsdiq edir ki, artıq bu dövrdə Qacar tayfası Qarabağda yaşayırdı. Azərbaycan Səfəvi
dövlətinin yaranmasında əsas rol oynayan Qızılbaş tayfalarından biri olan Qacarların mənşəyi və Azərbaycanda
məskunlaşması tarixilə bağlı tarixşünaslıqda müxtəlif yanaşma mövcuddur. Türk tarixçisi Z.V.Toğanın qənaətinə
görə, Qacarlar Azərbaycana Oğuz xanın İran səfərlərində gəlib yerləşmiş və monqolların Azərbaycana yürüşləri
vaxtı Xalxal ətrafında yaşamışdılar. Qacarlar Hülaku ordusuna yardım edərək onlarla birlikdə Şam tərəflərinə
göndərilmiş, Əmir Teymur və Qaraqoyunlular dövründə isə oradan təkrar Azərbaycana qayıtmışdılar [41,56;
27,137-138]. «Qızılbaşlar tarixi» müəllifinin təsdiq etdiyinə görə, Qacarlar qədimdən Gəncə və Bərdədə yaşamışlar
və onların bir qismi Şamdan gəlmişdir [19,36].
Bu faktlar bir daha təsdiq edir ki, Oğuz boylarından olan Qacarlar hələ monqol yürüşləri ərəfəsində
Azərbaycanda yaşamış və monqol hücumları qarşısında digər türkmənlərlə yanaşı Şərqi Anadoluya çəkilməli
olmuşdu. Qacarlar XV yüzillikdə Ağqoyunlu tayfa birliyinə daxil olmuşdu. XV yüzilliyin 90-cı illərində
Ağqoyunlu taxt-tacı uğrunda şiddətli mübarizədə Qarabağda yaşayan Qacarların yaxından iştirak etdiyini dövrün
qaynaqları təsdiq edir. F.Sümerin yazdığı və dövrün qaynağının təsdiq etdiyi kimi Uzun Həsənin nəvəsi Rüstəm
Mirzənin Əlincə qalasından azad edilərək taxt-taca gətirilməsində Gəncə ətrafında yaşayan Qacarlar əsas rol
oynamışdı [38,53]. Rüstəm Padşah 1497-ci ildə Gödək Əhməd tərəfindən məğlub edildiyi zaman, yenə də Gəncə
ətrafındakı Qacar bəyinə sığınmış və ondan yardım istəmişdi. Qacar bəyi Rüstəmə yardım etsə də o, 1497-ci ilin
yazında baş vermiş döyüşdə məğlub olmuş və ələ keçirilərək öldürülmüşdü. F.Sümerin qənaətinə görə, bu zaman
Qacar tayfasının başında Ziyad bəy olmuşdu [38,54].
XV yüzilliyin son rübündə Şeyx Heydərin ətrafında toplanmış Qızılbaş tayfaları arasında Qarabağ Qacarları
da xüsusi yer almışdı. İ.P.Petruşevskinin fikrincə, XV yüzilliyin sonunda qızılbaş tayfalarına vaxtilə Ağqoyunlu
tayfa birliyində olan Qacar (Ağcaqoyunlu Qacar) türk tayfası da qoşulmuşdu [33,91].
XV yüzilliyin sonunda Azərbaycan Ağqoyunlu dövlətində daxili ziddiyyətlər daha da kəskinləşmiş və
1500-cü ildə dövlət Ağqoyunlu əmirləri arasında parçalanmışdı. Cənubi Azərbaycan, Arran (Qarabağ), Naxçıvan və
Diyarbəkr Sultan Əlvəndin, Ərəb İraqı, Fars və Kirman Sultan Muradın əlində qalmışdı [32,179; 8,84].
Qacarların Azərbaycanın yerli tayfalarından olduğunu F. Sümerin belə bir fikri də təsdiq edir ki, 1499-cu ildə
Ərzincanda İsmayıl Səfəvinin ətrafında toplanan Qızılbaş tayfa əmirləri sadalanarkən onlardan Bayram bəy
Qaramanlının, Piri bəy Qacarın və Hadim bəy Talışın Anadolulu olmadığının göstərilməsidir [38,21]. Buna görə də,
F. Sümer əsərində Şah İsmayıl dövrünün böyük Qızılbaş tayfaları ilə bağlı siyahıya qacarları daxil etməmişdir.
1499-cu ildə İsmayıl Lahicanı tərk edib Ərdəbil istiqamətində hərəkət edən zaman onun yanındakı sadiq
müridləri arasında Qara Piri bəy Qacar da olmuşdu. Zeynəlabdin Əli «Təkmilətül-əxbar» əsərində yazır ki,
göstərdiyi igidliyinə görə «Toxqoparan» ləqəbini alan Qara Piri bəy Qacar İsmayıl tərəfindən 1501-ci ildə
Ağqoyunlu Əlvəndə qarşı göndərilən avanqard qüvvələrə rəhbər təyin edilmişdi [8,146].
XVI yüzilliyin başlanğıcında Qarabağ Azərbaycan Səfəvilər dövlətinin tərkibinə mərkəzi Gəncə olan Qarabağ
bəylərbəyliyi kimi daxil olmuşdu. Tarixşünaslığımızda Qarabağ bəylərbəyliyinin Şah İsmayıl dövründə
(1501-1524) deyil, Şah Təhmasib dövründə yarandığı və Ziyadoğlulardan Şahverdi xanın bəylərbəyi olduğu fikri
əsaslı yer tutmuşdur. Şah İsmayıl dövründə Qarabağ hakiminin kim olduğu məlum olmasa da, O.Əfəndiyevin
yazdığı kimi, bu dövrdə Qarabağı Qacar tay-fa əmirləri idarə etmişdi. Görünür, məhz bu dövrdə Qarabağda
üstünlük Qaramanlılardan Qacarlara keçmişdi [11,64]. Anonim azərbaycanlı müəllif tərəfindən qələmə alınmış
«Tarix-i aləmarayi Şah İsmayıl» adlı əsərdə İraqi-Ərəbin qızılbaş ordusu tərəfindən fəth olunması və Şah İsmayılın
Xadim bəy Xüləfanı Bağdad hakimi təyin etməsi ilə əlaqədar olan 1508-ci il hadisələrindən bəhs edərkən əlavə edir
ki, Səfəvi şahı aparılan mübarizədə fədakarlıq göstərmiş qızılbaş əmirlərini yüksək qiymətləndirmiş və onların
övladlarını müxtəlif yüksək vəzifələrə təyin etmişdi. Anonim müəllif buna misal olaraq qeyd edir ki, Şah İsmayıl
«Qarabağın və o sərhəddin bəylərbəyiliyini Qara Pirinin oğlu Rüstəm bəyə inayət etmişdi» [3,170; 24,166]. Bu
məlumatdan aydın olur ki, Şah İsmayıl dövründə yaradılmış olan Qarabağ bəylərbəyiliyi ilk vaxtlar Qara Piri bəy
Qacarın oğlu Rüstəm bəy Qacar tərəfindən idarə edilmişdi. Osmanlı müəllifi Heydər Çələbi öz «Rüznamə»sində
Çaldıran döyüşündə öldürülən qızılbaş əmirləri arasında Gəncə və Bərdə valisi olan Sərdar bəy Qacarın admı çəkir
[38,37]. Güman etməyə əsas vardır ki, Sərdar bəy Qacar da həmin nəslin nümayəndəsi olmuşdur. Çünki, Ziyadoğlu
Qacar nəsli Qarabağ bəylərbəyiliyinə Şah Təhmasib dövründə bəylərbəyi təyin olunmuşdur. F.Sümerin fikrincə,
Qacar boyunun başlıca obaları Ağcaqoyunlu, Axçalu, Şam Bayatı, Yivə və İyirmidördlü olmuşdu [38,183-184].
1547-ci ilin əvvəllərində Gürcüstan səfərindən dönən Şah Təhmasib Yevlaxda dayanmışdı. O.Əfəndiyev
«Xülasət ət-təvarixin» verdiyi məlumata əsaslanaraq yazır ki, Gürcüstan yürüşündən qayıdan zaman Şah Təhmasib
Şahverdi Sultan Ziyadoğlu Qacarın evinə düşmüşdü. Buradan o, Şirvanda üsyan qaldırmış olan Əlqas Mirzəyə qarşı
Şahverdi Sultan Ziyadoğlunu digər əmirlərlə birlikdə göndərmişdi [10,84]. 1537-ci ildə Şahverdi xan öz qüvvələri
ilə Qəndəhar yürüşünə qatılmış və bundan sonrakı mühüm hərbi səfərlərdə də yaxından iştirak etmişdi. Görünür, bu
dövrdə Şahverdi Sultan Qarabağ bəylərbəyi olmuşdu. Çünki, 1552-ci ildə Ərzurumda Osmanlı hakimi İsgəndər
paşaya qarşı döyüşdə o, Qarabağ bəylərbəyi kimi xatırlanmışdı [10,93; 28,232].
Qarabağ Ziyadoğlu Qacarların irsi bəylərbəyliyi kimi Qarabağ xanlığının yaranmasına qədər, kiçik fasilə ilə
300 ilə qədər onların nəzarətində qalmışdı. Qarabağ bəylərbəyləri olan Ziyadoğlu Qacarlar haqqında ən mühüm
məlumat II Şah Abbas dövründə Qarabağ bəylərbəyi Murtuzaqulu xan Qacarın vəziri olmuş Məhəmməd Məsumun
«Xülasət əs-siyar» əsərində verilmişdir. M. Məsum Ziyadoğlu Qacar nəslinin XVI yüzilliyin 40-cı illərindən XVII
yüzilliyin 60-cı illərinə qədər, təxminən yüzillik tarixini öz əsərində işıqlandırmışdır. O, Ziyadoğlu nəslindən
Şahverdi Sultan, İbrahim xan, Yusif Xəlifə, Məhəmməd xan, Mürşüdqulu xan, Məhəmmədqulu xan və
Murtuzaqulu xanın fəaliyyətinə geniş yer vermişdir. Nəzərə almaq lazımdır ki, Ziyadoğlu Qacar nəslinin Qarabağ
bəylərbəyliyindəki fəaliyyəti yalnız M.Məsumun əsərində ətraflı şəkildə işıqlandırılmışdır. Müəllif Ziyadoğlu nəsli
ilə bağlı mühüm məlumat verərək yazır ki, Lahicanda olan Xəzər bəy Şah Təhmasibə öz oğlu Ümmət xanı təqdim
etmişdi. Şah dövlətə xidmətdəki sədaqətini nəzərə alaraq ona «Ziyadoğlu» ləqəbini bağışlamışdı. Ümmət xanın
ölümündən sonra onun oğlanları şahın sərəncamında olmuşdu. Onun oğlu Şahverdi Sultan Qarabağ bəylərbəyi təyin
olunmuşdu [31,59].
Şahverdi Sultan Səfəvi sarayının siyasi həyatında əhəmiyyətli rol oynamışdı. Şah Təhmasib 1547-ci ildə
göstərdiyi tarixi xidmətləri nəzərə alaraq Şahverdi xana Sultan titulu vermişdi. M. Məsum yazır ki, XVI yüzyilliyin
40-50-ci illərində Osmanlı-Səfəvi hərbi əməliyyatları zamanı Şahverdi Sultanın hərbi hissələri Ərzurumu
mühasirəyə alan İsgəndər paşanın qüvvələrini məğlub etmişdi. Düşmənin məğlub edilməsi Qızılbaş ordusuna
növbəti qələbə qazanaraq İrəvanı öz əlində saxlamağa imkan vermişdi. Şah Təhmasib bu xidmətinə görə, Şahverdi
Sultana «müsahib» titulunu vermiş, həm də Qarabağın dörd mülkü ilə yanaşı, Şəki əyalətinə daxil olan Danəki adlı
yeri də ona bağışlamış və öz ehtiyacını daha yaxşı təmin etmək üçün Şirazdan lazım olan şeyləri alıb gətirmək üçün
min tümən illik məvacib verilməsini əmr etmişdi [31,59-60].
Şahverdi Sultanın şahın əhatəsindəki yüksək zümrəyə daxil edilməsi və torpaq bəxşişləri alması (indi artıq
onun 5 mülkü və xamesalə vergisini toplamaq hüququ vardı), Qarabağ hakiminin şah sarayında mühüm nüfuz
sahibi olduğunu qeyd etməyə imkan verir. Şahverdi Sultan 1568-ci ildə ölmüşdü. Şahverdi Sultanın 3 oğlu olmuşdu.
Onlardan biri olan Xəlil xan hələ atasının sağlığında Astrabad bəylərbəyi və buradakı Qacar tayfasının başçısı
olmuşdu. M.Məsum yazır ki, hazırda Astrabadda yaşayan qacarların bir hissəsi onun nəslindən olan mülazimlərdir.
Şahverdi Sultanın ölümündən sonra onun digər iki oğlu - İbrahim xan və Yusif Xəlifə 1576-cı ilə kimi ardıcıl olaraq
Qarabağ bəylərbəyi və buradakı qacarlara rəhbərlik etmişdi. II Şah İsmayıl Qarabağ qacarlarlını, o cümlədən
Ziyadoğlu nəslini özünün şəxsi düşməni hesab etmişdi. Çünki, Şahverdi Sultanın təlqinləri nəticəsində İsmayıl
Mirzə atasına şübhəli bilinmiş və Şah Təhmasib tərəfmdən Qəhqəhə qalasında 20 ildən artıq siyasi məhbus kimi
saxlanılmışdı [31,60].
1576-cı ildə Şah Təhmasibin ölümü zamanı başlıca Qacar əmirlərindən biri Şahverdi Sultanın oğlu Yusif
Xəlifə olmuşdu. O, Qarabağ bəylərbəyi və Sultanəli Mirzənin lələsi təyin edilsə də, şahın ölümü ilə bağlı hələ də
Qəzvində qalmışdı. 1576-cı ildə Səfəvi taxt-tacı uğrunda mübarizə zamanı Yusif Xəlifə Ziyadoğlu II İsmayılın
rəqibi olan Heydər Mirzənin tərəfini saxlamışdı. Buna görə də, II Şah İsmayıl Yusif Xəlifəni Qarabağ bəylərbəyi və
Qacar tayfasının rəhbəri vəzifəsindən azad etsə də, Qarabağ bəylərbəyliyini digər Qızılbaş tayfasına verməyi
qərarlaşdırmamışdı. Yusif Xəlifə qardaşı oğlu Peykər Sultan tərəfindən öldürülmüşdü. Şah bəylərbəyliyi ilk öncə
Peykər Sultana, sonra isə İmamqulu xan Qacara vermişdi. Məhəmməd Xudabəndə dövründə 1580-ci ildə Peykər
Sultan Şirvan bəylərbəyi təyin edilmiş və nəticədə Qacar əyanlarının bir hissəsi Şirvana köçərək orada torpaq
mülkləri almışdı [33,122; 10,138,150].
Səfəvi-Osmanlı müharibəsi (1578-1590) dövründə İmamqulu xan Qarabağ qoşunu ilə Azərbaycan uğrunda
mübarizədə fəal iştirak etmişdi. Lakin 1588-ci ildə qızılbaşlar Arazın cənub sahillərinə çəkilmək məcburiyyətində
qalmışdı. Bu zaman onlar arasında Qacar və İyirmidördlü tayfası da olmuşdu [10,150-151-158-160,197-199; 11,65
].
F.Sümer yazır ki, II Şah İsmayıl və Məhəmməd Xudabəndə dövründə Qacarlar yenə Qarabağ bölgəsindəki
yurdlarında yaşayırdılar. Bu zaman Qarabağ bəylərbəyi olan İmamqulu xan Osmanlı qüvvələri ilə vuruşaraq
yurdunu qorumuş, Fərhad paşa ordusunun Qarabağı işğal etməsindən sonra tayfasının bir qismi ilə Arazbara
çəkilmişdi. O, Qacarların Yivə obasından idi. Osmanlı işğalı zamanı Qarabağda Qacarlar, Otuziki, Qazaxlar,
İyirmidördlü, Qaramanlı və digər tayfalar yaşayırdı. Qarabağın Osmanlı idarəçiliyinə keçməsi nəticəsində
qacarların bir hissəsi Osmanlı hakimiyyəti altında qalmaq istəməyərək Arazın cənubundakı Səfəvi torpaqlarına köç
etdilər [38,145].
İmamqulu xan Qacar özünün böyük hərbi sərkərdəlik qabiliyyəti nəticəsində Osmanlı ordusuna qarşı on ildən
artıq mübarizə aparmışdı. Onun 1587-ci ildə Gəncədə ölümündən sonra Məhəmməd xan Ziyadoğlu Qacar Qarabağ
bəylərbəyi təyin olundu. Şərəf xan Bidlisinin yazdığına görə, 1588-ci il sentyabrın 1-də Fərhad paşa Gəncəni ələ
keçirən zaman Məhəmməd xan Ziyadoğlu ətrafdakı 40-50 min evdən ibarət olan ulusunu Araz çayının kənarına
köçürmüşdü. Fərhad paşa qacarları burada da rahat buraxmamış və sentyabrın sonunda Arazbara yürüş edərək,
onları və qoyun sürülərini qarət etmişdi [7,294; 20,370; 26,50].
M.Məsumun verdiyi məlumat bir daha təsdiq edir ki, Qarabağ bəylərbəyliyini irsi olaraq Ziyadoğlu Qacar
nəsli idarə etmişdi. Şahverdi Sultanın nəvəsi Astrabadlı Xəlil xanın oğlu Məhəmməd xanın dövründə Ziyadoğlu
nəsli Osmanlı ordusu tərəfindən təkcə Şirvandan deyil, həm də Qarabağdan çıxarılmışdı. Beləliklə, Qacarlar
Qarabağı tərk edərək Ərdəbil bölgəsində məskunlaşmışdılar [33,122-123].
Ziyadoğlu Qacarlar Qarabağın Osmanlı ordusu tərəfindən işğal edilməsi ilə uzun müddət barışmamışdılar.
Məhəmməd xan Qacar 1589-cu ildə Qarabağa yürüş edərək Gəncə şəhərini mühasirəyə almışdı. Bundan xəbər tutan
Təbriz mühafizi Cəfər Paşa Şah Abbasa elçi göndərərək sülh danışıqlarının başlandığı bir dövrdə bu hadisənin yol
verilməz olduğunu bildirməsi öz nəticəsini vermişdi. Səfəvi şahı III Sultan Muradla sülh danışıqlarının başlandığını
nəzərə alaraq Məhəmməd xan Qacarı Gəncə mühasirəsindən geri çağırmışdı [20,378].
Şah Abbas 1603-cü ildə Osmanlı ordusu tərəfindən tutulmuş əraziləri geri almaq üçün hərbi əməliyyatlara
başlayan zaman Hüseyn xan Qacarı da Qarabağ üzərinə yürüşə göndərmişdi. Osmanlı idarəsində qalmış olan
qacarların demək olar ki, hamısı Hüseyn xan Qacara qoşulmuşdu. 1606-cı ildə qızılbaşlar tərəfindən Gəncənin ələ
keçirilməsilə Qarabağ ərazisi osmanlılardan tamamilə azad edilmişdi. Lakin Hüseyn xan Qacar Qarabağ əhalisinin
şikayəti nəticəsində gözdən düşdüyünə görə, Qarabağ bəylərbəyliyi yenə Ziyadoğlulardan Xəlil xanın oğlu
Məhəmməd xana verilmişdi.
Qarabağın Ziyadoğlu nəslinin irsi mülki olduğunu bu fakt bir daha təsdiq edir ki, Şah Abbas tərəfindən
Qarabağ azad edildikdən sonra onun idarəsi yenidən Ziyadoğlu nəslinə vermişdi. Bu nəsildən olan Hüseyn xan
Qacar, sonra isə Məhəmməd xan Qacar ikinci dəfə bəylərbəyi təyin edilmişdi. 1614-cü ildə Kartli-Kaxetidə şah
rejiminə qarşı üsyana Gəncə rəiyyətləri də qoşulmuş və Məhəmməd xan üsyançılar tərəfindən öldürülmüşdü.
Bundan sonra Qarabağı Məhəmməd xanın oğlanları Mürşüdqulu və Məhəmmədqulu xan idarə etmişdi. M.
Məsumun yazdığına görə, Şah Abbasın hakimiyyətinin son illərində Məhəmmədqulu xan Ziyadoğlu Qacar
iftiraların qurbanı olmuş və o, bəylərbəyi vəzifəsindən azad olunmuşdu. Bu hadisə təkcə Məhəmmədqulu xan
Qacara qarşı yönəlmiş bir akt olmamışdı. Burada Şah Abbasın qüdrətli Qızılbaş hərbi-köçəri əyanlarına qarşı
yönəlmiş siyasətini də göz önünə almaq lazımdır. 1627-ci ildə Şah Abbas tərəfindən Məhəmmədqulu xan tutduğu
vəzifədən azad edilmiş, Ziyadoğlu nəsli Qarabağ bəylərbəyliyindən uzaqlaşdırılmış və onu şah qulamlarından olan
sərkərdə Allahverdi xanın oğlu Davud xan əvəz etmişdi. Mənşə etibarilə qacarlara yad olan Davud xan, həm də
Qarabağdakı Qacar tayfasının başçısı təyin olunmuşdu [33,123]. Görünür bu tədbir Qacar tayfa əyanlarını
zəiflətmək məqsədi güdmüş və bu tayfaya məxsus qoşunu mərkəzi şah hökumətinin itaətkar alətinə çevirməyə
yönəldilmişdi. Şah Abbasın ölümü ərəfəsində vəzifədə iki Qacar əmirinin olması onların nə qədər gözdən düşmüş
olduğunu göstərir. Bunlardan biri Çuxursəd bəylərbəyi Əmirgünə oğlu Təhmasibqulu xan və digəri Bərdə valisi
iyirmidördlü Peykər xan idi.
M.Məsumun verdiyi məlumata görə, 1632-ci ildə Şah Səfi Davud xanı mərkəzi hakimiyyətə qarşı qiyam
qaldırmış Teymurazı müdafiə etdiyinə görə hakimiyyətdən uzaqlaşdırmış və Qarabağ bəylərbəyliyini yenidən
Ziyadoğlu nəslindən olan Məhəmmədqulu xana qaytarmışdı. Məhəmmədquluxan şahın hüsnü-rəğbətini qazanaraq
1633-cü ildə kürdlərin qiyamının yatırılmasında yaxından iştirak etmiş və 1635-ci ildə isə İrəvan yaxınlığındakı
hərbi əməliyyatlar zamanı şah ordusuna uğurla rəhbərlik etmişdi. Məhəmmədqulu xan ölümünə kimi Qarabağ
bəylərbəyliyini idarə etmişdi. Ondan sonra bəylərbəyliyi qardaşı Murtuzaqulu xan idarə etmişdi. Murtuzaqulu xan
1664-cü ildə ölmüş və onu qardaşı oğlu I Uğurlu xan əvəz etmişdir [33,123-124; 31,61; 26,51]. Şah Abbas
dövründə Qacarların İyirmidördlü obasından Hüseyin Əli bəy ilə Peykər xanı tanıyırıq. Bərdə valisi olan Peykər
xanı Şah Səfi dövründə İbrahim xan əvəz etmişdi. İbrahim xan sonra Bərdə valiliyindən azad edilmiş və elçi kimi
İstanbula göndərilmişdi [33,188].
Yuxarıda qeyd etdiyimiz kimi, Qarabağ Qacarları Azərbaycanın milli dövlətçilik tarixində çox böyük
xidmətləri olan qədim türk tayfalarından biri olmuşdu. Tarixi qaynaqlar göstərir ki, XVI yüzilliyin əvvəllərindən
başlayaraq Nadir xan Əfşarın şah seçilməsinə kimi Qacarlar demək olar ki, fasiləsiz olaraq Gəncə-Qarabağ
bəylərbəyliyində bəylərbəyi vəzifəsini tutmuşdular. Bəzi vaxtlarda Gəncə-Qarabağ bəylərbəyləri hətta, Şərqi
Gürcüstanın idarəsini də öz əllərinə almışdılar [1,30]. Səfəvi şahı Süleyman (1666-1694) Kaxeti çarlığının idarəsini
özünün etibarlı adamlarından olan Gəncə bəylərbəyi Abasqulu xan Qacara (1688-1695) tapşırmışdı. Abasqulu xanı
isə Kəlbəli xan Qacar (1695-1710) əvəz etmişdi. Abasqulu xanın atası Həbib, Kəlbəli xanın atası isə Uğurlu xan
Qacar olmuşdu [13,69]. Şah Hüseynin hakimiyyəti dövründə də (1694-1722) Qacar tayfa əmirləri Kaxetiyə hakim
təyin edilmiş və 8 il oranı idarə etmişdilər [2,586,588].
Qarabağ ərazisi öz təbii şəraiti, əlverişli iqlimi, şəffaf suları, meşə örtüyü, yeraltı sərvətləri və eyni zamanda
nadir otlaqları, ovlaqları ilə zəngin olan tarixi bir vilayət olmuşdu. Kür və Araz çayları ilə suvarılan Qarabağ
torpaqlarında bol taxıl, meyvə-tərəvəz, bostan bitkiləri, üzüm və s. becərilirdi. XV yüzilliyin əvvəllərində Əmir
Teymurun Qarabağda abadlıq işləri aparması, ilk növbədə Beyləqana su arxı çəkdirməsi burada təsərrüfatın daha da
inkişaf etməsinə səbəb oldu. Ov zamanı xarab olmuş qədim kanala rast gələn Əmir Teymur onun təmizlənməsi
barədə göstəriş verdi və kanal bir ay ərzində bərpa edilib istifadəyə verildi. Bu kanal öz başlanğıcını Araz çayından
alıb Beyləqanda Sərcəbil adlı yerdə Pirkamar məzarı yaxınlığında qurtarırdı. Uzunluğu təxminən 60-70 km olan
həmin kanal Teymurun göstərişi ilə «Bərlas nəhri» adlandırıldı [35,106-107]. Qarabağın dağlıq və dağətəyi əraziləri
heyvandarlığın inkişafı üçün geniş imkanlar açırdı. Qarabağ öz ipəyi ilə də məşhur idi. Səyyah İohann Şiltberger
Qarabağda Kür çayının sahillərində dünyada ən yaxşı ipəyin istehsal olunduğunu yazır [39,67].
Qarabağ Azərbaycanın mühüm ticarət mərkəzlərindən biri hesab olunurdu. XV-XVII yüzilliklərdə
Azərbaycan ərazisindən keçən baş ticarət yolunun mühüm qolu Qarabağdan keçirdi. Qarabağ ticarət yolu Bəkrəbad
kəndindən keçərək Araza çatır, sonra isə Qarabağ ərazisinə daxil olurdu. Araz sahilindən Gəncəyə kimi olan 34
fərsəxlik (210-220 km) yol Xar, Qark, Ləmbəran, Bazarcıq, Bərdə, Cuzbuq, Xanəgah-Şutur kimi ticarət mərkəzləri
və yaşayış məskənlərindən keçirdi. Daha sonra bu yol Şəmkir, Yurt-Şadakban, Ağstafanı keçib Tiflisə çatırdı.
Qarabağ yolunun ümumi uzunluğu 45 fərsəx (280-300 km.) olmuşdu [35,107].
(ardı gələn sayımızda)
Mənbə və ədəbiyyat.
1. Adıgözəl bəy M. Qarabağnamə, - Qarabağnamələr. Birinci kitab. Bakı, 1989.
2. AKAK, Тифьлис, 1868, t.2, c. 586, док. 166; c, 588, док.172.
3. Aləmara-ye şah Esmail (ba moqəddeme-yo təshih-o təliq-e Əsğər Montəzer Saheb). Tehran, 1349.
4. Али-заде A.A. Социально-экономическая и политическая история Азербайджана XIII-X1V вв. Баку,
1956.
5. Аракел Даврижеци. Книга историй. М., 1973.
6. Azərbaycan tarixi. Yeddi cilddə. Ucüncü cild, Bakı, 1999.
7. Бидлиси Шараф хан Шамсаддин. Шереф-наме. Перевод, предисловие, примечание, приложение
Е.И.Васильевой, т.1, М, 1967.
8. Эфендиев О.А. Образование азербайджанского государства Сефевидов в начале XVI в. Баку, 1961.
9. Эфендиев О.А. «Всеобщая история Хафиза Абру как источник по истории Закавказья первой
четверти XV в. - Источниковедческие разыскания 1979. Тбилиси, 1984.
10. Эфендиев О.А. Азербайджанское государства Сефевидов в XVI в. Баку, 1981.
11. Эфендиев О.А. Карабах в составе государств Каракойунлу, Аккойунлу и Сефевидов (XV-XVII
вв.).-Карабах. Очерк истории и культуры. Баку, 2004.
12. Əbu Bəkr əl-Qütbü əl-Əhəri. Tarix-e Şeyx Uveys. Fars dilindən tərcümə və müqəddimə, şərhlər və
qeydlər M.D.Kazımov və V.Z.Piriyevindir. Bakı, 1984.
13. Həmidova Ş. Gürcü mənbələri Gəncə haqqında.-Azərb. EA Xəbərləri, Tarix, fəlsəfə və hüquq seriyası,
1999, №2.
14. Harimi R.İ. Osmanlı qoşunlarının Azərbaycana yürüşləri (XVI əsrin sonu). Bakı, 2007.
15. Фасих Хавафи. Муджмали Фасихи. Перевод, предисловия и указатели Д.Ю.Юсуповой, Ташкент,
1980,
16. Gəncə - Qarabağ əyalətinin müfəssəl dəftəri. Ön söz, tərcümə və şərhlərin müəllifi Hüsaməddin
Məmmədov (Qaramanlı). Bakı, 2000.
17. Qarabağnamələr. Birinci kitab. Bakı, 1989.
18. Qəzvini Həmdullah Mustofi. Zeyl-e Tarix-e qozide. Giriş, tərcümə, şərhlər və göstəricilər
M.D.Kazımovun və V.Z.Piriyevindir, Bakı, 1986.
19. Kırzıoğlu F. Osmanlıların Kafkaz ellerini fethi (1451-1590), Ankara, 1976.
20. Kırzıoğlu F. 1593 (H.1001) yılı Osmanlı vilayet Tahrir Defterinde anılan Gence-Karabağ sancakları
«Ulus» ve «Oymakları»- Edebiyat Fakültesi Araştırma Dergisi Ahmet Cafaroğlu Özel Sayısı, sayı 10, Ankara, 1979.
21. «Qızılbaşlar tarixi». Tərcümə və şərhlər M.Ə.Məhəmmədinindir, Bakı, 1993.
22. Хунджи Фазлуллах ибн Рузбехан. Тарих-и алам -ара-йи Амини. Перевод с английского на руский
ТА. Минорской. Баку, 1987.
23. Mirza Səmia. Təzkirətul-muluk (be kuşeş-e dr. S.M.Dəbirseyadqi). Tehran, 1368.
24. Musalı N. Səfəvilər zamanında Qarabağ bəylərbəyiliyinin yaradılması və onun inzibati quruluşu.
«Qarabağ Dünən Bu Gün və Sabah» V Elmi-əməli konfransın materialları. Bakı, 2006.
25. Nəcəfli T.H. Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tarixi müasir türk tarixşünaslığında. Bakı, 2000.
26. Nəcəfli T və Nəcəfli G. XVI-XVIII yüzilliklərdə Qacarların Azərbaycanın siyasi həyatında rolu. // Şah
İsmayıl Xətai. Elmi-praktik konfransın materialları, Bakı, 2006, s. 47-54.
27. Najafli T, Najafli G. Role of Qajars in Azerbayjans politikal life in XVI-XVII centuries. // Азербайджан
и азербайджанцы. Баку, 2006, №1-4, p.137-147.
28. Nəcəfli T. Ziyadoğlu Qacarlar Qarabağda. «Qarabağ Dünən Bu Gün və Sabah» V Elmi-əməli konfransın
materialları. Bakı, 2006, s.230-235.
29. Nəcəfli T. Qarabağ XV yüzillikdə. // «Qarabağ dünən, bu gün və sabah» 6-cı elmi-əməli konfransının
materialları. Bakı, 2007, s. 309-319.
30. Nəcəfli T. Qarabağ XVI əsrdə. // «Qarabağ dünən, bu gün və sabah» 7-ci elmi-əməli konfransının
materialları. Bakı, 2008, s. 237-248.
31. Павлова И.К. Хроника времен Сефевидов. Москва, 1993.
32. Петрушевский И.П. Государства Азербайджана в XV в. - Сб. статей по истории Азербайджана,
вып.1, Баку, 1949.
33. Петрушевский И.П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI
- начале XIX в.в., Л., 1949.
34. Петрушевский И.П. Государство Азербайджана в XVI-XVII вв. Сб. статей по истории
Азербайджана. Вып. 1, Баку, 1949
35. Piriyev V.Z. Azərbaycan XIII-XIV əsrlərdə. Bakı, 2003.
36. Рашид ад-дин Фазлуллах. Джами ат-таварих. т.Ш. Составитель научно-критического текста на
персидском языке - А.А. Али-заде. Первод с персидского языка А.К.Арендса. Баку, 1957.
37. Sumer F. Kara Koyunlular. I cilt, Ankara, 1967.
38. Sumer F. Safevi devletinin kurulusu ve gelişmesinde Anadolu türklerinin rolu. Ankara, 1976.
39. Щильтбергер Иоганн. Путешествие по Европе, Азии и Африке с 1394 года по 1427 год. Баку, 1984.
40. Tehrani Əbubəkr. Kitab-i Diyarbəkriyyə. Fars dilindən tərcümə edən, ön söz, şərhlər və göstəricilərin
müəllifi Rəhilə Şükürova, Bakı, 1998.
41. Togan Z.V. Azerbaycan etnografisine dair, «Azerbaycan Yurt Bilgisi», с. II, sayi 14, İstanbul, 1933.
Dostları ilə paylaş: |