Türk xalqları arasında ədəbi-mədəni əlaqələrin qurulmasında ulu öndər Heydər Əliyev
misilsiz xidmətlər göstərmişdir
Hüseyn HƏŞİMLİ
filologiya elmləri doktoru, Əməkdar elm xadimi
Böyük dövlət xadimi, ulu öndərimiz Heydər Əliyevin çoxşaxəli möhtəşəm fəaliyyətində və
mükəmməl nəzəri-ideoloji təlimində ədəbiyyat məsələləri də mühüm yer tutur. Bütün fəaliyyəti boyunca
görkəmli sənətkarlarımızın yubileylərinin qeyd olunması, xatirələrinin əbədiləşdirilməsi, əsərlərinin nəşri,
tədqiqi, təbliği, dünya miqyasında tanıtdırılması, respublikamızda ədəbi-mədəni mühitin əsaslı yüksəlişi
istiqamətində hərtərəfli tədbirlər həyata keçirən dahi rəhbər həm klassik, həm də müasir ədəbiyyatın
məşhur simalarının yaradıcılıqları barədə konseptual qənaətlər, son dərəcə dəyərli fikirlər də irəli
sürmüşdür. Başqa sözlə desək, ulu öndərimiz həm ədəbiyyatın böyük qayğıkeşi, hamisi, həm də
mükəmməl bilicisi olan dahi şəxsiyyətdir.
Geniş mütaliəyə və fenomenal erudisiyaya malik dahi rəhbərimiz Azərbaycan ədəbiyyatı ilə
yanaşı, ümumən dünya söz sənəti, Şərqin və Qərbin görkəmli ədiblərinin yaradıcılığı ilə də yaxından tanış
olmuş, müxtəlif xalqların bir çox şair və yazıçıları, eləcə də ədəbi əlaqələr barədə qiymətli fikirlər
söyləmişdir. Bu baxımdan ulu öndərimiz Heydər Əliyevin türk xalqları ədəbiyyatlarının dünəninə, bu
gününə, qarşılıqlı əlaqələrinə, türk dünyasının məşhur yazarlarının yaradıcılığına verdiyi qiymət də
diqqətəlayiq olub, bütöv bir sistem təşkil edir.
Ümummilli liderin Azərbaycana birinci rəhbərliyi dövründə SSRİ tərkibindəki ayrı-ayrı
respublikalar, o cümlədən türkdilli respublikalar ilə qarşılıqlı ədəbiyyat və mədəniyyət günlərinin
keçirilməsinə mühüm diqqət yetirməsi ədəbi əlaqələrin inkişafına, söz sənətimizin təbliğinə rəvac verən
mühüm addım idi. Ulu öndərin sözləri ilə desək: “Bu cür tədbirlərdə çoxdilli və əlvan dünya
ədəbiyyatının ustaları, öz adları ilə bu ədəbiyyatın şanlı tarixinə zinət verən sənətkarlar burada yenidən
görüşürdülər”. Müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də ulu öndərimiz dünya, o cümlədən türk
xalqları ilə qarşılıqlı ədəbi-mədəni əlaqələrin sağlam əsaslar üzərində inkişafına ardıcıl diqqət
yetirmişdir.
Keçmiş SSRİ tərkibində olmuş bir sıra türk xalqlarının ədəbiyyatları haqqında həm o zaman, həm
də Sovetlər Birliyi dağılandan sonra görkəmli dövlət xadimi Heydər Əliyev çox maraqlı və qiymətli
fikirlər söyləmişdir. Azərbaycanda sovet ədəbiyyatı günləri ilə əlaqədar nitqində (oktyabr, 1975) ulu
öndər “bütün xalqların böyük zəka və qüdrətli istedad sahibləri” sırasında türk xalqlarının Əlişir Nəvai,
Abay, Məhdimqulu, Toktoqul və sair tanınmış nümayəndələrinin də adlarını xatırlatmış, onların
“təravətini itirməyən əsərləri”nin əhəmiyyətini vurğulamışdır. 1980-ci ildə o zamankı sovet yazıçılarının
Bakıda keçirilən ümumittifaq yaradıcılıq konfransında etdiyi məruzə ulu öndər Heydər Əliyevin SSRİ-də
yaşayan xalqların, o cümlədən türk xalqlarının, hətta muxtar qurumlarda yaşayan türklərin
ədəbiyyatlarının məşhur nümayəndələrinin ədəbi irsi ilə yaxından tanış olmasının parlaq təzahürüdür.
Həmin məruzəsində dahi rəhbər “cəmiyyətin mənəvi səviyyəsinin yüksəlməsində” xüsusi xidmətləri olan
rus, ukraynalı, gürcü, eston, moldovan və sair xalqların məşhur ədəbi simaları ilə yanaşı, türk xalqlarının
bir sıra görkəmli sənətkarlarının da adını çəkmiş, yaradıcılıqlarına yüksək qiymət vermişdir: Özbəklərdən
Aybək, Q.Qulam, K.Yaşen, Zülfiyyə, qazaxlardan M.Avezov, C.Cabayev, S.Mukanov, S.Seyfullin,
qırğızlardan Ç.Aytmatov, A.Tokombayev, türkmənlərdən B.Kerbabayev, Q.Qurbannepesov, tatarlardan
Q.Bəşirov, M.Cəlil, başqırdlardan M.Kərim, S.Kudaş, balkar Q.Quliyev və sair.
Türk xalqlarının söz sənətinə hələ o zamanlarda böyük diqqət yetirən dahi şəxsiyyət Heydər
Əliyev sonrakı mərhələlərdə də bu tendensiyanı davam etdirmişdir. Müstəqil Azərbaycanın Prezidenti
kimi onun humanitar sahədə həyata keçirdiyi çoxsaylı tədbirlər sırasında türk xalqlarının ədəbi-mədəni
əlaqələrini daha da genişləndirmək və möhkəmləndirmək mühüm yer tutmuşdur.
Ədəbiyyatımızın böyük ustadı Məhəmməd Füzulinin 500 illik yubileyi üzrə Dövlət
Komissiyasının iclasında çıxışı zamanı (23 iyul, 1996-cı il) türk dünyası yazıçılarının üçüncü qurultayının
Bakıda keçirilməsi təşəbbüsünü dəyərləndirərkən ümummilli liderimiz onun əhəmiyyətini və zərurətini
ayrıca vurğulamış, tədbirin təşkili ilə əlaqədar çox müdrik bir tapşırıq da vermişdir: “Belə bir qurultayı
Azərbaycanda keçirmək lazımdır. Özü də mütləq. Bir halda ki, 1926-cı ildə Bakıda keçirilmiş ilk
qurultayın bu il 70 ili tamam olur, o qurultayı keçirmək vacibdir. Onu Füzulinin yubileyi ilə eyni vaxta
salmaq məqsədəuyğundur”. Beləliklə, iki böyük ədəbiyyat tədbiri Bakıda bir-birinin ardınca keçirilmiş və
hər ikisi də yüksək səviyyədə təşkil olunmuşdur.
Türk dünyası yazıçılarının üçüncü qurultayının 1996-cı ilin noyabrında Bakıda keçirilməsi məhz
Heydər Əliyev dühasının işığında, onun yüksək himayəsi və qayğısı sayəsində gerçəkləşmişdi. Həmin
möhtəşəm ədəbi tədbirdə ulu öndərin dərin məzmunlu çıxışı siyasi-ideoloji və elmi-konseptual
mükəmməlliyi ilə seçilən, əsl fəaliyyət proqramı sayılmağa layiq olan qiymətli sənəddir. Türk dünyasının
ortaq tarixini, ədəbiyyatını və mədəniyyətini dərindən bilən müdrik dövlət xadimi qurultaydakı çıxışında
türk xalqları arasında həmrəyliyin möhkəmləndirilməsi, əlaqələrin dərinləşdirilməsi sahəsində belə
tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Hər bir xalqın tarix boyu yaratdığı mənəvi
dəyərləri, ədəbiyyatı, mədəniyyət abidələrini bütün xalqlar üçün doğma etmək bizim bu görüşlərin
mərkəzində duran prinsiplərdir, vəzifələrdir. Bu sahədə yenə də ədəbiyyatın, mədəniyyətin rolu
böyükdür”. Ulu öndər türk dünyasında milli-mənəvi dəyərlərin, mədəniyyətin qorunmasında,
yaşadılmasında ədəbiyyatın, söz-sənət adamlarının mühüm xidmətlər göstərdiyini ayrıca xatırlatmışdır:
“Bizim dilimizi, mədəniyyətimizi, milli dəyərlərimizi yaşadanlar həmişə, bütün mərhələlərdə yazıçılar
olublar”.
Görkəmli dövlət xadimi Heydər Əliyev qurultaydakı çıxışında türk xalqlarının yaratdığı mənəvi
sərvətlərin şanlı ənənələrindən, bəşəri şöhrətindən danışmış, türk xalqlarının həm folklorunun, həm də
yazılı ədəbiyyatının məşhur nümunələrini dünyanın söz xəzinəsini zənginləşdirən əsərlər kimi önə
çəkmiş, onların ideya-tərbiyəvi əhəmiyyətini xüsusi vurğulamışdır: “Qədim dövrlərdə “Dədə Qorqud”,
“Manas”, “Alpamış”, “Koroğlu” dastanları, xalqlarımızın hamısına mənsub olan dahi şairlərimiz,
yazıçılarımız – Nizami, Yunus İmrə, Əlişir Nəvai, Füzuli, Nəsimi, Məhdimqulu, Abay və digərləri
xalqlarımızın tarixini, mənəvi dəyərlərini əks etdirən, dünyada tanıdan ölməz əsərlər yaratmışlar və
bunlar nəsillərdən nəsillərə xalqlarımızı özünəməxsus milli-mənəvi dəyərlər, o cümlədən ümumbəşəri
dəyərlər əsasında tərbiyə etmiş, hazırlamış, vətənpərvərlik, Vətənə sədaqət hisslərini daim
gücləndirmişdir”.
Dahi rəhbər haqlı olaraq qeyd edirdi ki, türk xalqlarının ədəbiyyatı, mədəniyyəti zəngin, həm də
kəşməkəşli tarixə malikdir. Müxtəlif mərhələlərdə xalqlarımız, onların ədəbiyyatı və mədəniyyəti də
cürbəcür çətinliklərə məruz qalmış, lakin heç bir qüvvə onu öz yolundan döndərə bilməmişdir: “Türkdilli
xalqların ... çətinliklərdən, sınaqlardan keçib gəlmiş mədəniyyəti, ədəbiyyatı, şeri indi dünyada,
bəşəriyyətdə özünəməxsus görkəmli yerini tutubdur”. Keçmiş SSRİ-də yaşayan türk xalqlarına, onların
məşhur ədəbi simalarına qarşı törədilmiş repressiyaları da ulu öndər bu aspektdə yada salmışdır: “Böyük,
dahi şəxsiyyətlərimiz repressiya qurbanları olmuş, onların əsərləri uzun illər qadağan edilmişdir”.
Müdrik şəxsiyyət Heydər Əliyev türk xalqlarının ədəbiyyatlarını Şərq-Qərb kontekstində, dünya
sivilizasiyası fonunda qiymətləndirmək istiqamətində də konseptual fikirlər irəli sürmüşdür. Hərtərəfli və
unikal biliyə, qeyri-adi dərin təfəkkürə malik dahi rəhbərimiz hər bir xalqın ədəbiyyat və mədəniyyətinin
ayrılıqda, təcrid olunmuş halda inkişaf edə bilməyəcəyini qeyd etmiş, yüksəliş üçün qarşılıqlı əlaqələrin
varlığını vacib saymış, dünya sivilizasiyasını da məhz ayrı-ayrı xalqların qarşılıqlı faydalanma və təsir
zəminində inkişaf edən ədəbi-mədəni dəyərlərinin vəhdəti kimi mənalandırmışdır. Görkəmli siyasi
xadimin aşağıdakı qənaətləri bu baxımdan xarakterikdir: “Bütün ümumbəşəri mədəniyyət kimi, dünya
ədəbiyyatı da eləcə olaraq milli mədəniyyətlərin və ədəbiyyatların məcmusu deyildir, ən əvvəl onların
məhz tarixi qarşılıqlı təsir və qarşılıqlı nüfuz prosesində yaranan müəyyən vəhdətidir... Demək olar ki,
bədii ədəbiyyat xalqların mənəvi ünsiyyətinin, onların bir-birini başa düşməsinin, sərvət və nailiyyətlər
mübadiləsinin ən geniş, səmərəli, dərin nüfuz edən vasitəsidir”.
Böyük dahinin türk dünyası yazıçılarının üçüncü qurultayındakı nitqində söylədiyi aşağıdakı fikri
də analitik təhlildən, dərin düşüncədən yoğrulmaqla türk xalqları ədəbiyyatlarının Qərb söz sənətinə
təsirini də önə çəkir: “Eyni zamanda Qərb də Şərqin və xüsusən türkdilli xalqların, müsəlman Şərqinin
yaratdığı böyük, tarixi əsərlərdən istifadə etmişdir. Şərqin və Qərbin mədəniyyətinin, ədəbiyyatının,
incəsənətinin sintezi həm Qərbə, həm də Şərqə çox böyük müsbət nəticələr gətirmişdir. Bu proses XIX-
XX əsrlərdə bizim xalqlarımız üçün çox müvəffəqiyyətli olmuşdur”.
Azərbaycan xalqının möhtəşəm ədəbi abidəsi “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyini
“bizim üçün, bütün türk dünyası üçün, bəşər mədəniyyəti üçün müstəsna əhəmiyyəti olan tarixi bir
hadisə” sayan dahi şəxsiyyət qırğız xalqının məşhur “Manas” eposuna da yüksək qiymət vermişdir. Belə
ki, “Manas”ın 1000 illik yubileyi ilə əlaqədar Bişkekdə 28 avqust 1995-ci il tarixdə keçirilən təntənəli
yubiley tədbirində çıxış edən ümummilli liderimiz Heydər Əliyev bu monumental dastanın mahiyyəti,
ideyası, ədəbi-mədəni dəyəri, dünya sivilizasiyasında yeri barədə sanballı fikirlər söyləmişdir: “Manas”
qırğız xalqının müdrikliyinin rəmzidir, zəkasının, qəhrəmanlığının, cəsarətinin rəmzidir. “Manas” qırğız
xalqının daim vətənpərvər olduğunu, ədalətsevər, azadlıqsevər olduğunu bütün dünyaya nümayiş etdirir.
“Manas” qırğız xalqının böyük mədəni və mənəvi sərvətidir, bütün dünya sivilizasiyasının, bəşəriyyətin
dəyərli sərvətidir, türk dünyasının, türkdilli xalqların, islam dünyasının böyük mənəvi sərvətidir”. Dahi
rəhbər çıxışının davamında “Manas”ın respublikamızda yaxşı tanındığını da önə çəkmişdir: “Şairlərimiz
“Manas”ı Azərbaycan dilinə tərcümə etmişlər. Sənətçilərimiz “Manas”ın sözlərini çox böyük məharətlə
və həvəslə oxuyurlar”. Bu irihəcmli dastanın qırğız xalqı tərəfindən böyük məhəbbət və məsuliyyətlə
qorunaraq yüz illərin sınağından çıxmasını, dövrümüzə çatmasını yüksək qiymətləndirən görkəmli dövlət
xadimi Heydər Əliyev demişdir: “Qırğız xalqı çoxlu çətinliklərə, həyatın kəşməkəşlərinə baxmayaraq,
min il “Manas”ın sözlərini qəlbində qoruyub saxlamış, onun göstərdiyi yolla azadlığa və müstəqilliyə
doğru getmişdir”. Müdrik rəhbərimiz Qırğız Respublikasının Talas bölgəsində “Manas” muzey
kompleksinin açılışında da ürək sözlərini bildirmiş, fikrini belə ümumiləşdirmişdir: “Manasın qəbrini min
illər boyu qoruyub saxlayan talaslılara, Talasın hörmətli adamlarına, o cümlədən Talasın, Qırğızıstanın
hörmətli adamlarından biri olan əziz dostumuz Çingiz Aytmatova xüsusi hörmətimi, məhəbbətimi
bildirirəm”.
Ulu öndərin qazax ədəbiyyatı barədə də dəyərli fikirləri vardır. Böyük qazax ədibi Abay Kunanbayevin
150 illik yubileyi ilə əlaqədar 9 avqust 1995-ci ildə Almatıda keçirilən yubiley tədbirində çıxış edən
xalqımızın böyük oğlu Heydər Əliyev görkəmli sənətkarın öz xalqına başucalığı gətirdiyini, dünya şöhrəti
qazandığını bildirmiş, onun yaradıcılığına yüksək qiymət vermişdir: “Abay, onun yaradıcılığı bütün
bəşəriyyətə, bütün xalqlara məxsusdur. Təbii ki, bu, qazax xalqının fəxri, qazax xalqının xoşbəxtliyidir.
Çünki onun belə görkəmli övladı, alimi, maarifçisi var və o, öz xalqını xoşbəxtliyə və firavanlığa aparan
düzgün yol göstərmişdir”. Abay Kunanbayev irsinin Azərbaycanda da yaxşı tanındığını bildirən
ümummilli liderimiz demişdir: “Biz Azərbaycanda Abayın yaradıcılığının əhəmiyyətini yüksək
qiymətləndiririk... Şairlərimizin, yazıçılarımızın bir çoxu onun əsərlərini tərcümə etmişdir. Onun şeirləri,
poemaları respublikamızda nəşr olunmuşdur”.
Ümummilli liderimiz Heydər Əliyevin türk xalqları ədəbiyyatlarının müasir mərhələdəki istedadlı
nümayəndələri sırasında böyük ehtiram bəslədiyi yazıçılardan biri məşhur qazax ədibi Oljas Süleymenov
idi. 4 mart 1999-cu il tarixdə Bakıda O.Süleymenovu qəbul edən dahi rəhbər onun şəxsiyyətinə, ictimai
mövqeyinə, Azərbaycana sevgisinə, xalqımızın haqq işini müdafiə etməsinə, soydaşlarımıza qarşı
törədilən qəddarlıqları pisləməsinə məxsusi dəyər verdiyini nəzərə çatdırmışdır: “Hesab edirəm ki, siz
Azərbaycan xalqının da dostusunuz, mənim də dostumsunuz. Sizə böyük hörmət hissləri bəslənilir. Həm
yazıçı kimi, həm də siyasi xadim kimi Azərbaycanda böyük nüfuza maliksiniz. Azərbaycanın 1990-cı ilin
yanvarında sovet qoşunları tərəfindən işğalı zamanı sizin fəaliyyətinizi Azərbaycanda yaxşı xatırlayır və
yüksək qiymətləndirirlər, sovet qoşunlarının Bakıya yeridilməsinin ikinci günü sizin buraya gəlişinizi
xatırlayırlar. Siz buraya gəldiniz, çıxış edib baş verənləri pislədiniz”. Həmin görüşdə ulu öndər Heydər
Əliyev Oljas Süleymenovun milli və bəşəri amallara layiqincə xidmət edən bədii və publisistik
yaradıcılığına da ayrıca diqqət yetirərək qazax ədibini hələ gənclik illərindən “öz xalqı haqqında, onun
taleyi, keçmişi, indisi və gələcəyi barədə düşünməyə qadir olan”, “bu məsələlərdə çoxlarına nisbətən daha
böyük yetkinlik nümayiş etdirən” istedadlı və milli ruhlu sənətkar kimi səciyyələndirmişdir.
Ulu öndərimiz Heydər Əliyev Türkiyə türklərinin ədəbiyyatına da yaxından bələd olmuş, onun bir sıra
məşhur simalarının əsərlərini mütaliə etmiş, müxtəlif vaxtlarda həmin ədiblər və əsərlər haqqında maraqlı
fikirlər söyləmişdir.
Ustad Məhəmməd Füzulinin 500 illik yubileyi ilə əlaqədar Türkiyə Böyük Millət Məclisində 2
noyabr 1994-cü il tarixdəki çıxışında ulu öndər Heydər Əliyev türk ədəbiyyatına, mədəniyyətinə hələ
yeniyetməlik dövründən böyük maraq göstərdiyini xatırlamışdır: “Türkiyənin tarixini öyrənirdim,
şairlərini öyrənirdim. Gənclik çağlarımda ... Rəşad Nuri Güntəkinin “Çalıquşu” romanı bizim hamımızı
heyran edən bir əsər idi. Son vaxtlarda “Çalıquşu” yenə yada düşdü, onun əsasında böyük bir film
yarandı. O film təkcə türk ölkələrində yox, məsələn, mən bilirəm, Rusiyada da çox böyük hörmət, çox
böyük şöhrət qazandı. Ancaq mən “Çalıquşu”nu 13-14 yaşımda oxumuşam. O, məni heyran etmişdi.
Bəli, o vaxt yalnız “Çalıquşu”nu oxumaqla kifayətlənmirdik. Türkiyənin böyük şairlərini, yazıçılarını da
öyrənirdik. Əbdülhəqq Hamid, Tofiq Fikrət və bir neçə başqaları bizim o vaxt, orta məktəbdə
oxuduğumuz illərdə ədəbiyyat dərsliklərimizə daxil idi. Ədəbiyyat dərsliklərində Türkiyənin bu böyük
yazıçı və şairlərinin rəsmləri indi də gözümün qabağındadır”.
Göründüyü kimi, ümummilli liderimiz Heydər Əliyev hələ yeniyetməlik dövründən türk
ədəbiyyatı, onun məşhur simalarının əsərləri ilə yaxından tanış olmuş, bu proses sonrakı mərhələlərdə də
davam və inkişaf etmiş, genişlənmişdir.
Ümumiyyətlə, ulu öndər Heydər Əliyev həm türk dünyasında ədəbi-mədəni əlaqələrin
möhkəmlənməsi və inkişafına misilsiz töhfələr vermiş, həm də türk xalqlarının ədəbiyyatının dünəni və
bu günü, zəngin şifahi və yazılı söz sənəti, məşhur ədibləri barədə qiymətli, konseptual fikirlər
söyləmişdir. Bütün bunlar çağdaş nəsillərin klassik ədəbi-mədəni irsə, bəşəri dəyərlərə, türkçülüyün şanlı
ənənələrinə ehtiram ruhunda tərbiyəsində, onlara dərin vətənpərvərlik hisslərinin aşılanmasında böyük
əhəmiyyətə malikdir.
Dostları ilə paylaş: |