Qədim dövr və orta əsrlər 15
Tarix və onun problemləri, № 1 2013
HABIL HƏSƏNOV
ADPU-nun Azərbaycan tarixi
kafedrasının baş müəllimi
e-mail: habil_hesenov@bk.ru
XVIII ƏSRIN SONLARINDA AZƏRBAYCANIN ŞIMAL XANLIQLARI
RUSIYANIN STRATEJI MARAQLARINDA
Açar sözlər: Qacarlar dövləti, Rusiya,Quba xanlığı, Bakı xanlığı,Lənkəran xanlığı
Ключевые слова: государство Гаджаров, Россия, Кубинское ханство, Бакинское
ханство, Ленкоранское ханство
Key words: Gajars
,
state, Russia, Guba khanate, Baku khanate, Lankaran khanate
XVIII əsrin sonlarında Azərbaycanda olduqca mürəkkəb sosial-iqtisadi və siyasi şərait
qalmaqda davam edirdi. Ayrı-ayrı feodal hakimlərin ölkəni vahid dövlətdə birləşdirmək
cəhdləri uğursuzluqla nəticələnmişdi. Torpaq və sərvətlərini artırmaq uğrunda bir-biriləri ilə
daimi müharibə aparan feodal hakimlər özlərinin şəxsi mənafelərini ümummilli mənafedən
üstün tuturdular. Hətta Ağa Məhəmməd şah Qacarın bu xanlıqları birləşdirmək cəhdi və V.
Zubovun başçılığı altında rus ordusunun işğalçı yürüşləri belə bu hakimləri vahid dövlət
yaratmaq, öz qüvvələrini birləşdirərək ölkənin ərazi bütövlüyünü qorumaq istiqamətində
fəaliyyət göstərməyə məcbur edə bilməmişdi. Zubovun yürüşləri həm də ölkə iqtisadiyyatına
ağır zərbə vurmuş, onun müdafiə qabiliyyətini daha da zəiflətmişdi. Bu yürüşlər son nəticədə
iflasa uğrasalar da Azərbaycanın Rusiya tərəfindən işğalı təhlükəsi nəinki sovuşmamış, əksinə,
daha da güclənmişdi.
Qacarlar dövləti ilə müqayisədə xeyli güclü olan Rusiya Azərbaycanda daha fəal siyasət
yeridirdi. Bu dövrdə rus diplomatiyası əsas diqqəti Azərbaycanda Qacarlar dövlətinin
hakimiyyətinin bərpa edilməsinə yol verməməyə, Gürcüstanın təhlükəsizliyinin təmin
edilməsinə və Xəzərsahili vilayətlərdə rus tacirlərinin mənafelərinin qorunmasına yönəltmişdi.
Fransa burjua inqilabına qarşı mübarizəyə böyük qüvvə ayıran Rusiya hökuməti bu
məqsədlərə çatmaq üçün daha çox diplomatik vasitələrə üstünlük verirdi. Çar hökuməti bir
çox hallarda özünü Azərbaycan xanlıqlarının təhlükəsizliyinin təminatçısı kimi qələmə verir,
onların arasında yaranan ixtilafların həllində münsif rolunda çıxış edirdi. Ədalət naminə qeyd
edək ki, bu dövrdə bir çox Azərbaycan xanları öz aralarındakı mübahisələri həll etmək üçün
Rusiyaya müraciət edirdilər. Bu isə ona Azərbaycanın daxili işlərinə qarışmaq, burada öz
mövqelərini möhkəmləndirmək üçün əlverişli şərait yaradırdı. Əldə olan məlumatların təhlili
göstərir ki, bu dövrdə özlərinin dar feodal mənafelərindən çıxış edən ayrı-ayrı Azərbaycan
xanları Rusiyaya kömək və himayə xahişi ilə müraciət etməklə özləri üçün necə böyük təhlükə
yaratdıqlarını başa düşmürdülər. Xanlar sadəlövhcəsinə inanırdılar ki, Rusiyadan alınan
kömək və himayə onların müstəqilliklərinə təhlükə yaratmayacaq. Çar hökuməti isə ancaq
bəzi kiçik məsələlərdə güzəştə getməklə onlarda bu fikri daha da möhkəmləndirirdi.
XVIII əsrin sonlarında Bakı və Quba xanlıqları arasındakı gərgin münasibətlər və bu
xanlıqlardan hər birinin daxilində hakimiyyət uğrunda gedən çəkişmələr Rusiyanın bu bölgəyə
müdaxiləsi üçün əlverişli şərait yaradırdı. 1792-ci ildən Bakı xanlığında hakimiyyəti ələ
keçirmiş Hüseynqulu xan uzun müddət həm qubalı Şeyxəli xanla, həm də əmisi Mirzə
16
Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri, № 1 2013
Məhəmməd xanla mübarizə aparmalı olmuşdu.[1.s.175] 1797-ci ilin əvvəllərində Zubovun
başçılıq etdiyi rus işğalçı ordusu Azərbaycanı tərk etdikdən sonra bu mübarizə yeni qüvvə ilə
qızışdı. Tezliklə Bakı və Quba xanlıqlarında gedən proseslərə Şamaxı hakimi Mustafa xanın
qoşulması vəziyyəti daha da gərginləşdirdi.Rus qoşunlarının Azərbaycanı tərk etməsindən
sonra Bakı və Quba xanlıqlarında qısa müddətli ikihakimiyyətlilik yarandı. Hələ 1759-cu ildən
Quba xanlığının tərkibinə qatılmış Dərbənd xanlığında Fətəli xanın kiçik oğlu Həsən xanın
hakimiyyəti bərqərar oldu. Şeyxəli xanın Dərbəndi yenidən Quba xanlığının tərkibinə
qaytarmaq cəhdi uğursuzluqla nəticələndi. Şeyxəli xanın Bakı və Salyanı yenidən itaətə
gətirmək cəhdləri də müvəffəqiyyətsizliyə duçar oldu. Şeyxəli xanın Dərbənd məsələləri ilə
məşğul olmasından və Bakı xanlığının Hüseynqulu xanla Mirzə Məhəmməd xan arasında
bölüşdürülərək daha da zəifləməsindən şamaxılı Mustafa xan istifadə etdi. O, əvvəlcə Salyanı,
sonra isə Bakı xanlığını özündən asılı vəziyyətə saldı. Həmin dövrə aid mənbələrdən birinin
verdiyi məlumata görə Bakı xanı hər il Şamaxı xanlığına 120 min manat həcmində xərac
ödəməyi öhdəsinə götürdü.[2.s. 230]
Göründüyü kimi, XVIII əsrin sonlarında Azərbaycanın Xəzərsahili bölgələrində dərin si-
yasi böhran hökm sürürdü. Müasirlərdən biri yazırdı ki, «qubalılar və dərbəndlilər yaxşı haki-
min olmaması və ara müharibələri nəticəsində tamamilə müflisləşmişlər» [3, s.863]. Vəziyyət-
dən öz gücləri ilə çıxa bilməyən Azərbaycan xanları Rusiyaya müraciət etməyə başladılar.
1798-ci ildə qubalı Şeyxəli xan öz elçisi Mədəd bəyi Rusiyaya göndərdi. Tədqiqatçı C.M.
Mustafayev yazır ki, Mədəd bəy Rusiya hökuməti qarşısında aşağıdakı üç məsələni qaldırıb
həll etməli idi: 1.Rus ordusunun 1796-cı il yürüşü zamanı Həştərxana aparılmış Quba və Dər-
bənd sakinlərinin geri qaytarılmasına və xanlığa vurulmuş maddi ziyanın ödənilməsinə nail
olmaq; 2.Şeyxəli xanın və onun təbəələrinin ehtiyacları üçün gömrük haqqı ödənilmədən 6
min pud dəmir tədarükünə icazə almaq; 3.Quba xanlığının Rusiyanın himayəsinə qəbul olun-
ması üçün məsələ qaldırmaq.[4.s.105]
Şeyxəli xan birinci məsələnin həll edilməsinə daha böyük diqqət verirdi. Onun elçisinin
Rusiya hökumətinə təqdim etdiyi məktubdan aydın olur ki, rus ordusunun 1796-cı il yürüşü
zamanı Quba xanlığına vurulmuş ziyanın ümumi məbləği 200 min tümnədən artıq idi. Bu
məbləğin xeyli hissəsini rusların özləri ilə apardıqları xristian kəniz və qulluqçularının dəyəri
təşkil edirdi.
Şeyxəli xanın bu məsələ ilə əlaqədar olan müraciəti Rusiyanın Xarici İşlər Kollegiyasın-
da müzakirə edildi və faktiki olaraq onun yerinə yetirilməsindən imtina olundu. Xanlığa dəy-
miş maddi ziyanın əsas hissəsinin məhz Şeyxəli xanın rus ordusuna göstərdiyi müqavimət
nəticəsində baş verdiyi bildirilirdi. Quba xanlığından aparılmış xristianların geri qaytarılması
məsələsinə gəldikdə isə, hökumətin qərarında göstərilirdi ki, onlar Rusiyaya könüllü getmişlər
və geri qayıtmağı arzulamırlar.[5.s.189-190]
Şeyxəli xanın Rusiya hökuməti qarşısında qaldırdığı ikinci məsələ–onun və təbəələrinin
ehtiyacları üçün dəmir buraxılması məsələsi müsbət həll edildi. Onu da göstərmək lazımdır ki,
Rusiya hökuməti bütün XVIII əsr ərzində şərq ölkələrinə, o cümlədən Azərbaycana dəmir
ixracını ciddi nəzarət alıtnda saxlayırdı. Azərbaycanın dəmirə olan tələbatının böyük hissə-
sinin Rusiya hesabına ödənildiyini yaxşı bilən çar hökuməti bundan siyasi məqsədlər üçün
istifadə edirdi.[6.s.110] Azərbaycan xanlıqlarının Rusiya dəmirindən istifadə etməklə öz mü-
dafiə qabiliyyətlərinin gücləndirəcəklərindən ehtiyat edən çar hökuməti 1785-ci ildə onun
bölgəyə ixracını tamamilə dayandırmışdı. Yalnız müəyyən hallarda, daha doğrusu Rusiyanın
siyasi maraqlarının ödənildiyi hallarda ayrı-ayrı hakimlərə dəmir buraxılmasına icazə verilirdi.
Elə bu səbəbdən də, çar hökuməti Şeyxəli xanın xahişini yerinə yetirmək qərarına gəldi. I
Qədim dövr və orta əsrlər 17
Tarix və onun problemləri, № 1 2013
Pavelin şəxsi göstərişinə əsasən Quba xanlığına birdəfəlik 6 min pud dəmir buraxılması
haqqında qərar qəbul edildi [7, v.12].
Rusiya hökuməti Şeyxəli xanın üçüncü xahişini daha böyük həvəslə yerinə yetirirdi. I
Pavelin 1799-cu il 1 sentyabr tarixli sərəncamında göstərilirdi : «Bİz Sizi və Sizin bütün
vilayəti həvəslə əvvəlki təbəəliyimizə və himayəmizə götürürük».
Öyrənilən dövrdə Rusiyanın Bakı xanlığı ilə münasibətləri daha mürəkkəb və gərgin
xarakter daşıyırdı. Bu bir çox cəhətdən xanlığın düşdüyü ağır vəziyyətlə bağlı idi. Çox əlve-
rişli coğrafi mövqeyə və zəngin təbii ehtiyatlara malik olan bu xanlıq uğrunda Rusiya və
İranla yanaşı Quba və Şamaxı xanlıqları da mübarizə aparırdılar. Bakı hakimi öz müstəqilliyi
üçün Qacarlar dövlətinin yaratdığı təhlükənin aradan qaldırılmasına nail olsa da, bunu digər
qüvələr haqqında söyləmək olmaz. Yuxarıda göstərildiyi kimi, bakılı Hüseynqulu xan hər il öz
gəlirinin xeyli hissəsini Şamaxı xanlığına verməyə məcbur olmuşdu. Rusiya hökumətinin
Xəzər dənizi hövzəsində həyata keçirdiyi müstəmləkəçilik siyasəti Bakı xanlığının bu dövlətlə
münasibətlərinə ciddi təsir göstərirdi.
Rus ordsunun 1796-cı il yürüşünün iflasa uğramasından sonra Rusiyanın Bakı xanlığı ilə
münasibətləri açıq düşmənçilik xaraketri almağa başladı. Rusiya kimi nəhəng bir dövlətdən
çəkinməyən Hüseynqulu xanın atdığı addımlar da bu məsələdə az rol oynamamışdı. Belə ki,
1797-ci ildə Azərbaycanı tərk edən rus ordusu Bakı xanlığına xeyli maddi ziyan vurmuşdu.
Yüzlərlə gənc oğlan və qız əsir götürülmüş, neft anbarları yandırılmış, Bakı xanının və
əyanların əmlakı müsadirə edilmişdi.[8.s.129]
Rusiya hökumətinin Azərbaycanda ticarət sahəsində yeritdiyi hegemonluq siyasəti onun
Azərbaycan xanlıqları ilə, ilk növbədə isə Bakı xanlığı ilə münasibətlərinin pisləşməsində az
rol oynamamışdı. Bu dövrdə Rusiya–Azərbaycan ticarətinin qeyri-bərabər xarakter daşıması
özünü tam aydınlığı ilə göstərirdi. Ölkədə vahid mərkəzləşmiş dövlətin olmaması Azərbaycan
tacirlərini Rusiya bazarlarında tam hüquqsuz vəziyyətə salırdı. Ayrı-ayrı Azərbaycan
xanlarının vəziyyəti dəyişdirmək istiqamətində atdıqları addımlar isə heç bir nəticə vermirdi.
Bakı xanlığından olan tacirlərin Rusiya bazarlarında döyülməsi, öldürülməsi, mallarının
müsadirə edilməsi, onlardan müəyyən olunmuş miqdardan artıq gömrük haqqı toplanılması
geniş miqyas almışdı.[9.v 463-465]
Bundan fərqli olaraq, Rusiya hökuməti öz tacirlərinin Azərbaycan xanlıqlarındakı
vəziyyətini ciddi nəzarət altında saxlayır, onların mənafelərinin qorunması üçün hərbi qüvvə
tətbiq etməkdən belə çəkinmirdi. Məlumdur ki, 1732-ci ildə bağlanmış Rəşt müqaviləsinə
görə rus tacirləri Səfəvilər dövlətinin ərazisində gömrük haqqı ödəməkdən azad edilmişdilər.
Səfəvilər dövlətinin çoxdan süqut etməsinə baxmayaraq, Rusiya Azərbaycan xanlarından bu
müqavilənin şərtlərinə əməl etməyi tələb edir, özü isə hətta xanların özlərinə məxsus olan
mallardan gömrük haqqının toplanılmasında heç bir güzəştə getmirdi.[10.s.199-200]
Rusiya hökumətinin yeritdiyi bu hegemonluq siyasəti Azərbaycan xanlarına, ilk növbədə
isə Rusiya – Azərbaycan ticarətinin mühüm mərkəzi olan Bakı xanlığına böyük ziyan vururdu.
Bu ziyanın həcmini qismən azaltmağa çalışan bakılı Hüseynqulu xan müxtəlif bəhanələrlə rus
tacirlərindən və gəmi sahiblərindən pul toplamağa çalışırdı. Rus tacirlərində bununla əlaqədar
yaranmış narazılıqlara isə çar hökuməti çox kəskin reaksiya verirdi. Qarşılıqlı sıxışdırmalar və
ittihamlar ona gətirib çıxardı ki, Rusiya hökuməti Bakı xanlığına qarşı hərbi güc tətbiq etməyə
əl atdı. Xəzər dənizindəki rus hərbi donanmasının komandanının əmrilə Bakı şəhəri top
atəşinə tutuldu. Müqavimət göstərə bilməyən Hüseynqulu xan geri çəkilməyə məcbur oldu.
Rusiyanın hərbi güc tətbiq etməsi bakılı Hüseynqulu xanı kömək üçün Qacarlar dövlətinə
müraciət etməyə məcbur etdi. Azərbaycan xanlarının Qacarlar dövlətinə münasibətlərini diq-
18
Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri, № 1 2013
qətlə izləyən Həştərxan qubernatoru Knorinq bu müraciətin nəticələri haqqında maraqlı məlu-
mat verir. O, yazır ki, Hüseynqulu xanın Cənubi Azərbaycan tacirləri ilə davranışından narazı
olan Fətəli şah ona yardım göstərməkdən imtina etdi.[11.s.262] Başqa çıxış yolu qalmayan
Bakı xanı Rusiya ilə danışıqlara başlamağa məcbur oldu.
Yaranmış münaqişə ilə əlaqədar Ənzəlidən Bakıya gəlmiş rus konsulu M.Skibinevski
1800-cü il fevralın 21-də bakılı Hüseynqulu xanla danışıqlara başladı. Rusiyanın ciddi təzyiqi
altında olan Bakı hakimi ona diqtə edilən şərtlərlə razılaşmağa məcbur oldu. Əldə olunmuş
razılığa əsasən bütün mübahisəli məsələlər bundan sonra ancaq Rusiya qanunları əsasında həll
edilməli idi. Qazanılmış bu uğurla kifayətlənməyən çar hökuməti Hüseynqulu xanı imza-
lanmış müqaviləni daha yuxarı dairələrdə təsdiq edirmək üçün addımlar atmağa vadar etdi.
Həmin ilin yazında Bakı xanının Peterburqa gələn elçisi Mirzə Hadi bəy danışıqlara başladı.
Danışıqların əsas mövzusunu Bakı xanlığının Rusiyanın himayəsi altına qəbul olunması və
ticarətdə olan mübahisəli məsələlərin həll edilməsi təşkil edirdi. Əsas diqqət rus və Azərbay-
can tacirlərinin qarşılıqlı şəkildə sıxışdırılmalarının qarşısının alınmasına, rus tacirlərinin
gömrük haqqı ödəməsinə, rus gəmilərinin Bakı tacirləri tərəfindən icarəyə götürülməsi qay-
dalarının müəyyənləşdirilməsinə, rus odusunun, eləcə də tacirlərinin Bakı əhalisinə vurduqları
ziyanın ödənilməsinə və s. məsələlərə yönəldilmişdi [12.s.65-66]. Qeyd etmək lazımdır ki, bu
məsələnin əksəriyyətini öz xeyrinə həll edən çar hökuməti cüzi güzəştlərə getməklə Bakı
xanlığını Rusiya himayəsinə keçməyə təhrik etməyə çalışırdı. Bakı xanlığını öz himayəsinə
götürməyi onun üçün böyük güzəşt kimi qələmə verən rus diplomatiyası bunu rəsmiləşdirmək
məqsədilə tərtib edilmiş andlı öhdəliyin mətnini təsdiq etmək üçün Hüseynqulu xana göndərdi
[13.s.763-767]. Lakin Hüseynqulu xan andlı öhdəliyi təsdiq etmək üçün tələsmirdi.
Bu dövrdə rus diplomatiyasının diqqət mərkəzində olan Azərbaycan xanlıqlarından biri
də Lənkəran xanlığı idi. Əlverişli coğrafi mövqeyə malik olan bu xanlıqda möhkəmlənmək
həm Rusiya, həm də Qacarlar dövləti üçün mühüm əhəmiyyət kəsb edirdi. Təsadüfi deyil ki,
hakimiyyətini yenicə möhkəmləndirən Fətəli şah Lənkəran xanlığını «nigah diplomatiyası»nın
köməyilə öz təsiri altına almağa cəhd göstərmiş, lakin uğursuzluğa düçar olmuşdu. Lənkəranlı
Mir Mustafa xan öz hakimiyyətinin və xanlığının təhlükəsizliyinin təmin edilməsini Rusiya
himayəsinə sığınmaqda görürdü. Bu isə çar hökumətinin Xəzər dənizi hövzəsində öz işğalçılıq
planlarını həyata keçirməsi üçün əlverişli şərait yaradırdı. Elə bu səbəbdən də, lənkəranlı Mir
Mustafa xanın himayə üçün etdiyi xahiş Rusiyanın hakim dairələri tərəfindən böyük
məmnuniyyətlə qarşılandı. I Pavel 1800-cü ildə Lənkəran xanlığının Rusiya himayəsinə qəbul
edilməsinə razılığını bildirmiş və bu haqda imzaladığı fərmanı Mir Mustafa xana göndərmişdi.
Lənkəran xanlığının gözlənilən Qacarlar dövləti təhlükəsindən qorunması üçün də müvafiq
addımlar atılmışdı. I Pavelin 14 fevral 1800-cü il tarixli sərəncamına əsasən xanlığın yaxın-
lığında yerləşən Sarı adasında rus hərbi gəmisi keşik çəkməyə başlamışdı [14.s.5].
Əldə olan məlumatların təhlili göstərir ki, I Pavel özünün Qafqaz siyasətində diplomatik
vasitələrə daha üstünlük verirdi. O, hər vasitə ilə bölgə hakimlərini Rusiyanın himayəsi altına
keçməyə şirnikləndirirdi. Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycan və Dağıstan hakim-
ləri rus diplomatiyasının qurduğu bu tələyə asanlıqla düşür və himayə xahişi ilə rus çarına mü-
raciət edirdilər. Bu baxımdan, 1800-cü il daha «məhsuldar «olmuşdu. A. Bakıxanov yazır ki,
həmin il dərbəndli Həsən xanın, qubalı Şeyxəli xanın, Dağıstan hakimlərindən şamxal Mehdi
xanın, Usmi Rustəm xanın, Avarlı Ümmə xanın, Tabasaran qazısı Rüstəmin elçiləri Peterburq-
da olmuş, Rusiya himayəsinə keçməyi arzuladıqlarını bildirmişdilər. Onun verdiyi məlumat-
dan aydın olur ki, I Pavel bu hakimlərdən hər birinin adına xüsusi buyruq vermiş və onlara öz
Qədim dövr və orta əsrlər 19
Tarix və onun problemləri, № 1 2013
aralarında ittifaq yaratmağı məsləhət görmüşdü. Şübhəsiz ki, bu ittifaqın yaradılması Qacarlar
dövlətinin Cənubi Qafqaza gözlənilən hücumunun qarşısını almaq üçün nəzərdə tutulurdu.
I Pavelin hakimiyyətinin ilk günlərindən başlayaraq Azərbaycan xanlıqlarına münasibət-
də yeritdiyi siyasətin mahiyyəti onun elə həmin il yanvarın 5-də Qafqazdakı rus qoşunlarının
komandanı İ. Qudoviçə ünvanlanmış buyruğunda daha aydın əks olunmuşdu. Buyruqda
konkret olaraq yazılırdı: «İşi o səviyyəyə çatdırmaq lazımdır ki, bizə xeyirxah münasibət
bəsləyən hakimlərdən bizdən asılı olan federativ dövlət təşkil edilsin. Onların ali hökmdarı və
himayədarı kimi bizim hakimiyyətimiz onlar üçün elə də ağır olmayacaq, çünki biz onlardan
nə xərac, nə də digər mükəlləfiyyətlər tələb etmək niyyətində deyilik».[15.s.34] I Pavel höku-
mətinin Qafqaz siyasətindən bəhs edən T.T.Mustafazadə haqlı olaraq yazır ki, bu dövrdə
«Rusiyaya ayrı-ayrı xanlıqlar deyil, birləşmiş Azərbaycan xanlıqlarından ibarət bir dövlət-
ittifaq lazım idi, çünki belə bir ittifaqın olmaması onun öz xarici siyasətini yürütmək xəttini
çətinləşdirirdi».Burada əsas məqsəd Cənubi Qafqazdakı siyasi vəziyyəti dondurulmuş halda
saxlamaqdan, işğal üçün əlverişli vəziyyət yaranana qədər vaxt qazanmaqdan ibarət idi.
ƏDƏBIYYAT
1.Бакиханов А.А. Гюлистан-и Ирам. Баку, «Элм», Редакция, комментарии, примечания
и указатели академика З.М. Бунятова. 1991, 304 с.
2.Ахвердов А.И. Два рапорта о Дагестанских делах. //История, география и этнография
Дагестана XVIII-XIX вв. М., 1958
3.АКАК. Под ред Ад.Бержед.1. Тифлис, 1866, д.,863
4.Мустафаев Дж.М. Северные ханства Азербайджана и Россия (конец XVIII - начало
XIX в). Баку, 1989,127 с.
5.Mustafazadə T.T. Quba xanlığı. Bakı, «Elm», 2005, 457 s
6.Mustafayev C. Xanlıqlar dövründə Azərbaycanda sənətkarlıq. Bakı, «Elm», 2002, 272 s.
7.РГАДА, ф.476, оп.1, д.738
8.Искендерова М. Бакинское ханство. Баку, «Чашыоглу», 1999, 212 с.
9.АВПРИ, ф.77, оп.6, д.473
10.Юзефович Т. Договоры России с Востоком, политические и торговые. СПб., 1869,
294 с.
11.АКАК, т.1, ч.И, Тифлис, 1867, д.262
12.Искендерова М. Бакинское ханство. Баку, «Чашыоглу», 1999, 212 с.
13.Полное собрание законов российской империи, т. XXVI,1830, №11489, с.763-767.
14.Астраханский порт с 1783 по 1827 год. //Морской сборник, т.5., 1851
15.АКАК. Под ред Ад.Бержед.1. Тифлис, 1866, д. 34
ГАБИЛЬ ГАСАНОВ
Старший преподаватель кафедры
истории Азербайджана АГПУ
СЕВЕРНЫЕ НАРОДЫ АЗЕРБАЙДЖАНА
В СТРАТЕГИЧЕСКИХ ИНТЕРЕСАХ РОССИИ
В статье на основе документов освещены вопросы политического кризиса Прикас-
пийских областей, взаимоотношения России с Бакинским, Кубинским и Ленкоранскими
20
Qədim dövr və orta əsrlər
Tarix və onun problemləri, № 1 2013
ханствами Азербайджана, контроль Россией положений в Азербайджане с помощью
купцов, а также обращение ханов и Дагестанских правителей к России за помощью, для
удержания у власти.
HABIL HASANOV
Principal teacher of Azerbaijan
History chair of ASPU
AZERBAIJAN NORTHERN KHANATES IN THE STRATEGICAL
INTERESTS OF RUSSIA AT THE END OF XVIII CENTURY
Political crisis at Caspian regions, the relations of Russia with Azerbaijan north khanates
- Baku, Guba and Lankaran, struggle between Gajar state and Russia for hegemony in
Caucasus, control of a state in Azerbaijan by Russia by means of merchants, and finally,
addresses of khans who strived to protect their dominions and Daghistan sovereigns for
patronage to Russia at the end of XVIII centuries were commented in the article under the
documents.
Rəyçilər: t.e.d. M.Əmrahov, t.e.d.S.A.Məmmədov
ADPU Tarix fakultəsinin “Azərbaycan tarixi” kafedrasının 28.11.2012-ci il tarixli ic-
lasının qərarı ilə çapa məsləhət görülmüşdür (pr.№07).
Dostları ilə paylaş: |