«Geo Strategiya».-2011.-№3(03).-S.38-44.
XƏZƏRYANI GEOSİYASİ MƏKAN:
Maraqların toqquşması və transformasiya meylləri
ÇİNGİZ İSMAYILOV
Coğrafiya elmləri doktoru, professor
Sovet İttifaqının süquta uğraması və yeni müstəqil ölkələrin yaranması Xəzər regionuna marağın artmasına
(ilk öncə zəngin karbohidrogen ehtiyatların olması ilə əlaqədar) və bölgədə yeni beynəlxalq münasibətlər
arxitekturasının yaranmasına zəmin yaratdı.
Xəzəryanı ölkələrdə aparılan sosial-iqtisadi islahatlar və bunun nəticəsində yaranan struktur dəyişikliklər
təbii ki bu məkanın əhəmiyyətini qaldıraraq yeni geosiyasi mənzərənin formalaşmasına səbəb olmuşdur. Regionda
cərəyan edən geosiyasi və geoiqtisadi proseslər dünyanın iri inkişaf etmiş ölkələrinin bu bölgəyə maraqlarının
artmasına gətirib çıxartmışdır. Nəticədə, beynəlxalq transmilli neft şirkətləri regiona böyük həcmdə investisiya
yatırımları qoymuş və bölgə ölkələrin iqtisadi əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yarandı.
Xəzəryanı regionda yerləşən ölkələr (Azərbaycan, Qazaxıstan, Türkmənistan, Rusiya və İran) öz milli
maraqlarına uyğun olaraq, hər biri ayrılıqda, Xəzər bölgəsində geosiyasi məkan palitrasının formalaşmasında
mühüm rol oynayırlar. Bölgə ölkələri arasında regionun geosiyasi gələcəyinə dair fikir ayrılıqlarının yaranması
aydındır ki, ölkələrarası münasibətlərin gedişindən birbaşa olaraq asılıdır. Son 20 il ərzində bölgədə cərəyan
edən siyasi proseslər bu fikri bir daha təsdiq edir. Xəzəryanı ölkələrin fərqli insan potensialı, siyasi, iqtisadi və
hərbi imkanları təbii ki, onların dünya aləmində yerini və əhəmiyyətini müəyyənləşdirir. Əsasən bundan irəli
gələrək, hər bir ölkə özünün gələcək inkişaf strategiyasını hazırlamalıdır. Təbii ki, burada öz ölkəsinin dünya
aləmində "yerini" bilmək (qəbul olunmuş müxtəlif iqtisadi və sosial göstəricilər əsasında) və düzgün
dəyərləndirmək vacibdir. Bunula yanaşı dünyada cərəyan edən qlobal proseslərin gedişi və onların ölkənin
gələcək inkişafına nə dərəcədə təsiredici olacağını müəyyənləşdirmək nəzərdən qaçmamalıdır. Bundan irəli
gələrək bəzi hallarda ölkələr arasında yaranan maraqların toqquşması heç də təəccüblü deyil. Lakin bundan
sonrakı mərhələdə münasibətlər ziddiyyətli xüsusiyyətə çevrilərək münaqişələrin yaranmasına səbəb ola bilər.
Düşünülmüş və beynəlxalq hüquq normalarına söykənən siyasətin yeridilməsi ölkələrarası münasibətlərdə
yaranan ziddiyyətlərin aradan qaldırılmasına imkan verir. Normal şəkildə bu, məhz belə olmalıdır, lakin bəzi
hallarda (əsasən geosiyasi maraqlardan irəli gələrək) yaranmış ziddiyyətlərin dərinləşməsinə və hərbi
münaqişəyə çevrilməsinə maraqlı tərəflər öz təsirini göstərirlər. Bir misal kimi, Dağlıq Qarabağ münaqişəsində
Ermənistanın qonşu iri ölkələr əlində "oyuncağ"a çevrilməsini göstərmək olar.
Xəzəryanı ölkələrin geosiyasi və və geoiqtisadi maraqlarının nə dərəcədə fərqli olduğunu açıqlaması üçün
hər birinin ayrılıqda son illər bölgədə yeritdiyi siyasətə nəzər salmaq fikrimizcə məqsədə uyğundur.
Azərbaycanın apardığı uğurlu siyasət
Respublikamız müstəqillik qazandıqdan sonra, digər Xəzəryanı ölkələrdən fərqli olaraq, ən ağır
sosial-iqtisadi və siyasi vəziyyətə düşmüşdür. Belə ki, Ermənistanın təcavüzü nəticəsində Dağlıq Qarabağ və onu
əhatə edən respublikanın yeddi inzibati rayonu (xarici ölkələrin hərbi və iqtisadi köməyinə arxalanaraq) zəbt
olunmuş və 700 mindən çox insan öz ana yurdunu tərk etməyə məcbur olmuşlar. Müharibə vəziyyətində olan
respublikamızın iqtisadiyyatı demək olar ki, tam tənəzzülə uğramış və onun belə vəziyyətdən çıxarılmasıda
beynəlxalq əməkdaşlığın təşkili və inkişaf etdirilməsi ölkənin gələcəyi üçün ən vacib məsələlərdən biri idi.
Xəzər dənizində zəngin neft və qaz ehtiyatlarının mövcudluğu və kəşf edilmiş yataqlar haqda kifayət qədər
məlumatların toplanması potensial xarici investorların diqqətinin regionda ilk öncə Azərbaycana yönəlməsini izah
edir. Buna uyğun olaraq, ölkəmizin rəhbərliyi tərəfindən aparılan siyasət xarici sərmayədarların respublikamıza
cəlb edilməsinə yönəlmişdir. Xarici investorlar üçün əlverişli biznes mühitinin yaradılması qısa müddət ərzində öz
bəhrəsini verməyə başladı. Belə ki, nəinki regionda, bütün keçmiş sovet məkanında, xarici transmilli neft
şirkətlərilə ilk ən iri beynəlxalq kontrakt məhz bizim ölkəmizdə imzalanmışdır. Söhbət 1994-cü ildə, tarixə "Əsrin
kontraktı" adı altında düşmüş, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft və qaz ehtiyatlarının
mənimsənilməsinə dair müqavilədən gedir. Ölkə rəhbərliyinin müdrik siyasəti nəticəsində, münaqişə vəziyyətində
yaşayan respublikamıza iri xarici investorları cəlb etmək mümkün oldu. Dünyanın iri neft şirkətləri respublikamıza
böyük həcmdə sərmayə yatıraraq neft sənayesinin və o cümlədən bütün iqtisadiyyatın dirçəlməsində həlledici rol
oynadılar. Təbii ki, xarici neft şirkətləri də bunun hesabında öz dividentlərini əldə etdilər. Artıq kəşf edilmiş və
hərtərəfli öyrənilmiş yataqlara ayrılan vəsaitlər, əsasən onların istismarına və hasil olunan xammalın nəqlinə
yönəldi. İstehsalda istifadə olunan yeni texnologiyalar (avadanlıqlar, cihazlar, qurğular və s.) və yaradılan yeni
infrastruktur şəbəkəsi bütövlüklə respublikanın neft sənayesinin inkişafına öz təsirini göstərdi. Daha güclü bu təsir
neft sənayesinin müxtəlif xidmət sahələrinin inkişafına özünü büruzə verdi. Məlum olduğu kimi, neft sənayesinə
qoyulan hər bir dollar sərmayə xidmət sahələrində 7 dollarlıq gəlir əldə edilməsinə imkan verir.
Xarici investisiyalar nəticəsində qısa müddətdə respublikada neft hasilatı xeyli artdı. Yalnız son on il
ərzində ölkədə neft hasilatı 3,5 dəfə artaraq ildə 50 mln.tona çatdı. Neft və qaz hasilatının artması xammalın dünya
bazarına çıxardılması məsələsini aktuallaşdırdı. Keçmiş sovet dövründə istifadə edilən boru kəmərləri
(Bakı-Qroznı neft və Mozdok-Bakı qaz kəmərləri) respublikanın artmaqda olan ixrac tələbatını heç də təmin edə
bilməzdi. Nəzərdən qaçırmaq lazım deyil ki, bu kəmərlər Rusiyanın "qaynar ocağı" olan Çeçenistan istiqamətinə
yönəlmişdir. Digər tərəfdən, 90-ci illərin ortalarında, Rusiya müxtəlif bəhanələrlə (Çeçenistandakı hərbi
döyüşlərlə istinad edərək) bir müddət ərzində Azərbaycanla bağlı bütün nəqliyyat növlərinin əlaqələrini (hava
nəqliyyatı istisna olunmaqla) blokada vəziyyətinə salmışdır. Bütün bunlar şimal istiqamətdə istismar edilən
kəmərlərin gələcək istifadəsinin səmərəliliyinə şübhə ilə baxılmasına səbəb oldu. Aydındır ki, yaranmış
vəziyyətdən çıxış yolunun tapılması respublikamız üçün xüsusi əhəmiyyət kəsb edirdi. Məhz bu kimi səbəblərə
görə, ölkəmizdə çoxşaxəli boru kəmərlərinin salınması strategiyası realizə edilməyə başlandı. Qeyd etmək
lazımdır ki, yaranmış vəziyyətə belə yanaşma, eyni zamanda, regionda fəaliyyət göstərən iri transmilli neft
şirkətlərinin maraqları ilə üst-üstə düşürdü. Respublikaya iri həcmli sərmayələr yatıraraq xarici şirkətlər hasil
olunan karbohidrogen xammalı daha qısa və təhlükəsiz marşrutla Avropa bazarına çıxartmaq arzusunda idilər. Bu
səbəbdən bir çox Avropa ölkələri tərəfindən dəstəklənən Beynəlxalq nəqliyyat dəhlizi layihələrin böyük
əksəriyyəti məhz Azərbaycanla bağlı idi. Bura SİLK WAY, TRASECA, İNOGATE, AGRI və başqa layihələri aid
etmək olar. Regionda nəqliyyat dəhlizlərin yaradılması ilk öncə Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa,
Bakı-Tbilisi-Ərzrum boru kəmərlərinin salınması ilə bağlıdır. Boru kəmərlərin nisbətən qısa müddət ərzində inşa
edilməsi və istifadəyə verilməsi Xəzər regionunda respublikamızın geosiyasi mövqeyini daha da gücləndirdi.
Azərbaycan, eyni zamanda, Rusiya tərəfi ilə iqtisadi, siyasi və humanitar əlaqələrin əhəmiyyətini nəzərə
alaraq, iqtisadi baxımdan ölkəmiz üçün heç də əlverişli olmayan, şimal istiqamətinə yönəlmiş Bakı-Novorossiysk
boru kəməri ilə neft ixracını davam etdirir.
Respublikada neft hasilatının artması ilə yanaşı perspektivli qaz yataqların istismara verilməsi bu sahənin
əhəmiyyətinin artmasına səbəb oldu. Yalnız son on il ərzində ölkəmizdə qaz hasilatı 5 dəfədən çox artaraq ildə 27
mlrd.kub metrə çatdı. 2020-ci ilə bu göstəricinin təxminən iki dəfə artması gözlənilir (1). Qaz hasilatının artımı
Transxəzər qaz kəməri xəttinin və bütövlüklə Nabukko layihəsinin reəlizə etmək imkanlarını xeyli artırır. Məlum
olduğu kimi, bu layihənin əleyhinə ilk öncə Rusiya və İran çıxış edirlər. Buna görə hər iki tərəf Azərbaycan
qazının idxal etmək arzusunda olduqlarını bildirərək, xammalın Avropa bazarına çıxarılmasına maneçilik etməyə
çalışırlar. Dəniz dibinə salınan boru kəmərinin ətraf mühit üçün təhlükə yaradacağı fikirləri həddən dərəcə
şişirdilir. Tanınmış xarici mütəxəssislər və ekspertlərin fikrincə, Transxəzər qaz kəmərinin istismarı ətraf mühit
üçün təhlükə yaratmır. Bölgədə təbii qazın boru kəmərləri ilə nəqli (sıxılmış qazın tankerlərlə daşınılmasından
fərqli) daha təhlükəsiz hesab olunur.
Azərbaycan həyata keçirdiyi neft strategiyasına uyğun olaraq, çoxşaxəli boru şəbəkəsi sistemindən istifadə
edir. Şimal və cənub qonşu ölkələrinin təlabatını nəzərə alaraq 2010-cu ildən başlayaraq respublikamızdan
Rusiyaya ildə 1 mlrd.kub metr (sonrakı illər bu həcmin artırılması nəzərdə tutulur) və İrana - 0,5 mlrd.kub metr
təbii qaz ixrac edilir. Beləliklə, Azərbaycan şimal, cənub və qərb istiqamətlərində karbohidrogen xammalını ixrac
edərək, iqtisadi əlaqələrinin genişləndirilməsi əsasında, regionda strateji əməkdaşlığı inkişaf etdirir. Təbii ki, belə
siyasətin yeridilməsi heç də asan deyil. Bəzi qonşu ölkələrin təzyiqi və hətta etdiyi təxribatlara baxmayaraq,
dövlətimiz bu siyasətin uğurla davam etdirməyə nail olmuşdur. Məsələn, yaxın keçmişdə Rusiya və İranda,
Bakı-Tbilisi-Ceyhan boru kəmərinin inşası ilə bağlı, yerli siyasətçilərin, müxtəlif səviyyəli dövlət nümayəndələri
və ekspertlərin layihənin əksinə yönəlmiş KİV-də qərəzli çıxışlarını yada salmaq kifayətdir. Qeyd etmək lazımdır
ki, Azərbaycanın iqtisadi və siyasi maraqlarının əksinə yönəlmiş bu kimi cəhdlər hələ də davam etməkdədir. İndi
isə hədəf kimi Nabukko layihəsi seçilmişdir.
Azərbaycanın yerləşdiyi coğrafi məkan geosiyasi baxımdan həddən dərəcə mürəkkəb olduğu üçün çoxşaxəli
nəqliyyat dəhlizlərinin mövcudluğu onun iqtisadi əlaqələrinin çevrik olmasına zəmin yaradır. Nəzərə almaq
lazımdır ki, respublikanın şimal bölgəsi ilə həmsərhəd olan Dağıstan ərazisində silahlı toqquşmalar 10 ildən
artıqdır ki davam edir. Rusiyanın bu bölgədə yeritdiyi siyasət hələ ki, istənilən nəticələr vermir və irəli sürülən
təkliflər (2) ("Rusiya-ruslar üçün" adlı çağırışlar) Dağıstanın yaxın gələcəkdə sakit regiona çevrilməsinə zəmin
yaratmır. Məsələn, Rusiya tərəfindən tez-tez Dağıstana tamamilə iqtisadi yardımın dayandırılmasına (hətta,
demoqrafik artımın qarşısını almaq üçün "analıq kapitalın'' ləğv edilməsi təklif olunur) dair fikirlər səslənir. Zəngin
intellektual potensiala malik olan Rusiya, əgər kiçik ərazi və az sayda əhalisi olan (bu göstəricilərə görə ölkədə
xüsusi çəkisi 0,1 və 0,2 % təşkil etdiyi halda) Dağıstanı idarə edə bilmirsə, deməli ölkə rəhbərliyi buradakı
vəziyyəti hələ də düzgün qiymətləndirməyə qadir deyil, yaxud da, respublikanın ərazisini hərbi bazaların
dislokasiya zonasına çevrilməsi üçün bölgədə məqsədyönlü siyasət aparır. Bu səbəbdən, Dağıstanda mövcud
vəziyyətin dəyişilməsində stabilləşmə əlamətləri müşahidə olunmur. Aydındır ki, Dağıstanın nə vəziyyətdə qalması
Azərbaycanın şimal istiqamətinə yönəlmiş iqtisadi əlaqələri üçün təhlükələr yaradır və bunu nəzərdən qaçırmaq
olmaz.
Təxminən oxşar çətinlikləri respublikanın cənub həmsərhəd bölgəsinə aid etmək olar. İranla həmsərhəd
ərazilər geosiyasi baxımdan heç də əlverişli hesab olunmur. İranın mürəkkəb iqtisadi və siyasi durumu bu ölkə
ilə iqtisadi əlaqələrin perspektivlərinə skeptik baxılmasını müəyyən edir. İrana qarşı yönəlmiş beynəlxalq
sanksiyalar da həmçinin ölkə ilə iqtisadi əlaqələrin məhdud şəkildə aparılmasına öz təsirini göstərir.
Qazaxıstanın regionda tarazlaş dırılmış siyasəti
Qazaxıstanın Xəzər regionunda mövqeyi özünəməxsusluğu ilə fərqlənir. Ölkə ərazisində əhalinin
qeyri-bərabər məskunlaşması və burada cərəyan edən mürəkkəb etnosiyasi proseslər ölkənin gələcəyi üçün
təhlükələr yaradırdı. Eyni zamanda, şimal və cənub qonşuların (Rusiya və Çin), bəzi siyasi dairələri
tərəfindən, yaranmış vəziyyətdən öz maraqlarına uyğun istifadə etmək cəhdləri nəzərdən qaçmadı. Ölkə
rəhbərliyi tərəfindən ardıcıl və balanslaşdırılmış siyasətin aparılması nəticəsində siyasi və iqtisadi vəziyyəti
tədricən ələ almaq mümkün oldu. Bu baxımdan, ölkə paytaxtının Astana şəhərinə keçirilməsi dövlətçilik
baxımından həddən dərəcə müdrik addım kimi qiymətləndirilir.
Digər postsovet respublikalarında olduğu kimi, Qazaxıstanda sosial- iqtisadi vəziyyət çox ağır olaraq qalırdı.
Belə şəraitdə, respublikanın iqtisadi inkişafı üçün xarici investorların ölkəyə cəlb edilməsi ən başlıca məsələlərdən
biri idi. Bu baxımdan diqqət ilk öncə Xəzər regionunun iri neft və qaz ehtiyatlarının mənimsənilməsinə yönəldi.
Qazaxıstan, sanki Azərbaycanın müsbət təcrübəsini istifadə edərək, bir tərəfdən iri neft şirkətlərinə sərmayə
qoyuluşu üçün əlverişli şərait yaratdı, digər tərəfdən isə - çoxşaxəli boru kəmərlərinin inşasını dəstəklədi. Rusiya
istiqamətinə yönəlmiş iki neft kəməri ilə yanaşı (Atırau-Samara və Tengiz-Novorossiysk) Çin istiqamətində də
boru xətti inşa olundu. Nəticədə, ölkədə neft strategiyasının əsası formalaşmağa başladı.
Qazaxıstana və ilk öncə onun zəngin təbii sərvətlərinə (münbit torpaq, neft, qaz, daş kömür, polimetal,
tikinti materialları və s) bir çox ölkələrin maraqlarını nəzərə alaraq, ölkədə düşünülmüş beynəlxalq əməkdaşlıq
siyasəti həyata keçirilməyə başlandı. Bunun nəticəsi kimi, Qazaxıstan regional əhəmiyyətli bir çox birliklərin və
beynəlxalq ittifaqların (Avrasiya təşkilatı, ŞƏT, Kömrük İttifaqı, MDB, Kollektiv Təhlükəsizlik təşkilatı, Mərkəzi
Asiya ölkələrinin Əməkdaşlıq təşkilatı və s) üzvü oldu.
Qazaxıstanın Xəzər bölgəsində əsas neft və qaz ehtiyatları Atrau vilayətində cəmləşmişdir. Bu səbəbdən
Atrau vilayəti respublikanın neft paytaxtı hesab olunur. Son onillik dövründə yalnız bu vilayətə təxminən 60
milyon dollar xarici investisiya qoyulmuşdur. Qeyd etmək lazımdır ki, Qazaxıstan sektorunda yerləşən ən nəhəng
neft-qaz ehtiyatları hesab olunan Qasağan və Qurmanqazı yataqları hələ ki, istifadəyə verilməmişdir. Çox güman
ki, bu yataqların istismara verilməsi ölkə iqtisadiyyatının inkişafında əlavə təkanverici rol oynayacaq.
Qazaxıstanın neft sənayesinin inkişafında yeritdiyi çoxşaxəli əlaqələr siyasətinə uyğun olaraq ölkədən qərb
və cənub istiqamətlərdə də xammal neft və neft məhsullarını ixrac edir. Daha dəqiq olaraq, Qazaxıstandan
Azərbaycana - BTC boru xəttinə və İrana, "swap" sistemi əsasında, xammal neft nəql edilir. Energetika sahəsində
Türkmənistanla əməkdaşlıq hələ ki, yalnız Xəzəryanı qaz kəmərinin salınmasına dair razılaşma sənədinin
imzalanması ilə məhdudlaşır.
Türkmənistan həlledici seçim qarşısındadır
Türkmənistan iqtisadi əlaqələrdə, bitərəf siyasi inkişaf seçiminə baxmayaraq, əsasən postsovet iqtisadi
məkanda qalmaqdadır. Bunu ölkənin iqtisadi-coğrafi mövqeyi və müvafiq infrastruktur şəbəkəsinin quruluşu ilə
izah etmək olar. Ölkənin iqtisadi durumu başlıca olaraq təbii qazın ixracından asılıdır. Hasil olunan xammalın çox
hissəsi istismar edilən dörd "Orta Asiya-Mərkəz" (Sovet dövründə inşa olunmuş) qaz kəməri vasitəsi ilə Rusiya və
Avropaya ixrac edilir. Bu kəmərlərlə ildə 52-53 mlrd.kub.m Türkmənistan qazı xaricə nəql olunurdu. Lakin,
2009-cu ildə Rusiya tərəfinin günahından, boru kəmərində baş vermiş qəza Türkmənistanı alternativ nəqliyyat
dəhlizlərin axtarışına və yeni qaz xətlərinin salınmasına vadar etdi. Qaz ixracı ilə bağlı Türkmənistan- Rusiya
münasibətlərində bu dövrdə yaranmış gərginlik bir tərəfdən Xəzəryanı qaz kəməri layihəsini zərbə altında qoydu,
digər tərəfdən - cənub, şərq və qərb istiqamətlərində qazın ixrac edilməsi imkanlarını xeyli artırdı. Türkmənistan
tərəfi yenidən Transxəzər qaz kəməri layihəsinə maraqlarının olduğunu bildirdi.
Transxəzər qaz kəməri layihəsi Türkmənistandan Azərbaycan istiqamətinə dəniz dibi ilə uzanaraq Avropa
bazarına yönəlmişdir. 2010-cu il noyabr ayında Bakıda keçirilmiş Xəzəryanı ölkə başçılarının III Sammitində
Türkmənistan prezidenti Q. Berdimuhəmmədov öz çıxışında dedi: "Xəzər dənizində yaradılan boru xətləri yalnız
kəmərin keçdiyi sektorlara aid olan ölkələrin qarşılıqlı razılığı əsasında olmalıdır. Bu məsələ yalnız hüquqi
müstəvidə müzakirə oluna bilər və ona siyasi rəng vermək yersizdir". Belə yanaşma Nabucco layihəsində iştirak
edən tərəflərin maraqlarını tam əks etdirir. Buna baxmayaraq, Rusiya və İran layihəyə siyasi don geydirməyə can
atırlar.
Cənub və şərq istiqamətlərdə artıq 2010-ci ilin sonunda İrana və Çinə uzanmış yeni qaz kəmərləri istismara
verildi. Nəticədə, Türkmənistan Rusiyanın ixrac kəmərlərindən istifadə etmək məcburiyyətindən azad oldu. Bu isə
öz növbəsində, Nabukko layihəsinin realizə edilmə ehtimalını artırdı. Qaz sahəsində Rusiya-Türkmənistan
münasibətlərinin gərginləşməsi, təbii ki, Türkmənistan-Qazaxıstan-Rusiya Xəzəryanı qaz kəməri layihəsinin
gündəlikdən çıxmasına səbəb oldu.
Şərq istiqamətində digər perspektivli nəqliyyat xətti Türkmənistan-Özbəkistan-Qazaxıstan-Çin marşurutu
üzrə 7000 km-ə qədər uzanan Transasiya qaz kəməridir. Hal-hazırda uzunluğu 188 km olan Malay-Baxtıryarığ qaz
kəməri Türkmənistandan Özbəkistan sərhəddinə qədər hissədə istifadəyə verilmişdir. Bu kəmərlə ildə 30
mln.kub.m qaz ixrac etmək mümkün olacaq.
Cənub istiqaməti üzrə 2010-cu ilin sonunda Türkmənistandan İrana Dövlətabad-Sənqbəst boru xətti üzrə
qaz ixrac edilməyə başlandı. Boru kəməri vasitəsilə ildə 12 mlrd. kub m. qaz nəql olunacaq. Beləliklə,
Türkmənistandan İrana ildə 18-20 mlrd kub m. həcmində təbii qazın ixracı gözlənilir.
Türkmənistanın Azərbaycana aid olan dəniz neft və qaz yataqlarına iddiası ölkələrarası münasibətlərə öz
təsirini göstərmişdir. Neft sənayesi sahəsində beynəlxalq əməkdaşlıq üçün yaranan əlverişli imkanların istifadə
olunmaması, başlıca olaraq, Türkmənistan tərəfinin mübahisəli məsələlərin müzakirəsində qeyri-konstruktiv
mövqeyinin tutması ilə izah oluna bilər. Hələ 10 il öncə Transxəzər boru kəməri layihəsinin Türkmənistan
tərəfindən qəbul olunmaması, ona daha baha başa gələn şərq istiqamətində qaz kəmərinin inşasına gətirib çıxartdı.
Türkmənistanın geosiyasi vəziyyəti digər Xəzəryanı ölkələrdən fərqlidir. Belə ki, Türkmənistanın şərq
istiqamətində iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, xüsusən yeni boru kəmərlərinin salınması imkanları daha
genişdir.
2010-cu ilin sonunda Türkmənistan, Əfqanıstan, Pakistan və Hindistan Transəfqan qaz kəmərinin (TƏPH)
inşa edilməsi haqda razılaşma əldə edildi. Bu razılaşmaya əsasən 2015-ci ildən başlayaraq Cənubi Asiyaya ildə 33
mlrd.kub m Türkmənistan qazı nəql edilməsi nəzərdə tutulur. Bununla belə, TƏPH layihəsinin realizə edilməsi
Nabukko qaz kəmərinin inşasına yeni maneələr yarada bilər. Lakin TƏPH qaz kəmərinin marşrutunun təhlükəli
hesab olunan Əfqanıstan və Pakistan ərazilərindən keçməsi onun yaxın gələcəkdə salınmasını şübhə altına qoyur.
Türkmənistan dünya bazarına qaz ixrac etmək imkanlarından tam istifadə edilməsi üçün bu istiqamətdə
"axtarışlarını" davam etdirir.
Misal olaraq, 2011-ci ilin aprel ayında Aşqabadda Beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasına dair
Türkmənistan, Özbəkistan, Onam, İran və Qatar arasında beştərəfli razılaşma sənədin imzalanmasını göstərmək
olar. Bütün yaranan yeni imkanlar, nəhayət Türkmənistanı qazın ixracı və bununla bağlı iqtisadi əməkdaşlığın
inkişafında prioritet istiqamətləri müəyyən etməsini tələb edir.
Xəzər regionunda Rusiya və İranın geosiyasi maraqlarının oxşarlığı
İran və Rusiya dünyanın aparıcı karbohidrogen ehtiyatlarına sahib olan ölkələrdir. Bu iki ölkənin
payına dünyanın 42% nefti və 20% təbii qazı düşür. Bu ölkələr qaz ehtiyatlarına görə dünyada birinci yerləri
tuturlar. Dünyada neft hasilatına görə Rusiya son iki il ərzində öz əlində birinciliyi saxlayır. Rusiya və İran
energetika sahəsində əməkdaşlığı inkişaf etdirirlər. 2008-ci ildə bu ölkələr "qaz OPEK"i yaradılması
təşəbbüsünü irəli sürdülər. Lakin bu addım digər aparıcı qaz hasil edən ölkələr tərəfindən dəstək tapmadı.
Rusiyanın "LukoyI" şirkəti İranın "Cənubi Pars" qaz yatağının mənimsənilməsində iştirak edir, "Qazprom"
konserni isə ölkənin Milli Neft Şirkəti ilə İranda neftayırma zavodunun tikilməsinə dair razılaşma əldə
etmişdir. Bütün bunlar energetika sahəsində Rusiya-İran münasibətlərinin inkişaf səviyyəsini əks etdirir.
Xəzər regionunda realizə olunan hər bir iri infrastruktur layihə, Rusiyanın iştirakı olmadığı halda, bu ölkədə
onun maraqlarının qarşısına yönəlmiş kimi təqdim olunur. Məhz bu səbəbdən KİV-ində və yerli ekspertlərin
təhlillərində boru kəmərlərinin marşrutları "Rusiyanı kənardan keçən" xətləri kimi qələmə verilir. Belə çıxır ki,
regionda layihələşdirilən bütün tranzit boru xətləri "mütləq olaraq" Rusiya ərazisindən keçməlidir. Nəzərə almaq
lazımdır ki, hər üç Xəzəryanı "neft və qaz" ölkələri (Azərbaycan, Qazaxıstan və Türkmənistan) enerji daşıyıcılarını
ilk öncə Rusiyanın boru kəmərləri vasitəsi ilə Avropa bazarına ixrac edirdilər. Lakin Rusiyanın boru sistemləri
vasitəsi ilə qonşu ölkələrə iqtisadi və siyasi təziq etmə cəhdləri Xəzər regionunda neft və qaz kəmərlərinin
coğrafiyasının köklü şəkildə dəyişilməsinə səbəb oldu. Buna görə Azərbaycan, Qazaxıstan və Türkmənistan
xammal neft və qazın ixracında yeni, daha əlverişli, imkanlar əldə etdilər.
Xəzər regionunda iqtisadi əməkdaşlığın inkişafını nəzərə alaraq İran öz bölgəsində iqtisadi fəallığını
artırmağa çalışır. Bu sahədə tərtib olunan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin realizə edilməsi İran üçün
mühüm əhəmiyyət kəsb edir. Layihəyə əsasən, Rusiya-Azərbaycan-İran dəmir yollarının birləşdirilməsi üçün
Qəzvin-Rəşt-Astara(İran)-Astara(Azərbaycan) xəttinin inşa edilməsi tələb olunur. 10 il sürən danışıqların davam
etdirilməsinə baxmayaraq bu sahədə işlər çox ləng gedir. İran tərəfinin iqtisadi çətinlikləri bu istiqamətdə işlərin
aparılmasına imkan yaratmır. Buna baxmayaraq, artıq 2011-ci ildə İran şimal istiqamətdə dəmiryol xəttinin inşası
üçün 118 mln. dollar vəsait ayırmışdır. İnşa işlərində texniki yardımı Rusiya tərəfi edəcəkdir. Azərbaycan tərəfi
Astara rayonunda 8.4 km-lik dəmir yolu və 101 m-lik körpünün inşasını nəzərdə tutur. İran dəmir yolunun
Azərbaycan sərhəddinə qədər uzadılması üçün 350 km olan Qəzvin-Rəşt-Astara xətti çəkməlidir. İran tərəfi Astara
şəhristanında azad iqtisadi zona yaradaraq bölgənin iqtisadi dirçəlməsi üçün səylər göstərir. Xüsusi olaraq Astara
limanının inkişafına diqqət verilir. İran, keçmiş balıq limanı sayılan Astaranı, iri yük limanına çevirmək
arzusundadır. Qeyd olunur ki, Astara limanında yük dövriyyəsi yaxın gələcəkdə, Rusiyanın Xəzərdə ən iri hesab
olunan, Həştərxan limanından 3 dəfə çox olacaq (3).
İran tərəfi eyni zamanda Mərkəzi Asiya ölkələrindən, xüsusən Türkmənistan və Qazaxıstandan, enerji
daşıyıcılarını Cənub dəhlizi ilə Avropaya yönəltməyə israrlıdır. Lakin buna qarşı ABŞ kəskin çıxış edir.
Xəzər dənizinə dair aparılan dövlətlərarası müzakirələrə nəzər saldıqda bir çox məsələlərdə Rusiya və İran
tərəflərinin geosiyasi maraqlarının oxşar olduğu gözə çarpır. Təbii ki, digər dövlətlər bunu nəzərə alaraq müvafiq
addımlar atırlar.
Xəzər İqtisadi Əməkdaşlıq Təş kilatının yaradılması cəhdləri
Xəzər regionunun iqtisadi və siyasi əhəmiyyətinin artması bölgədə bəzi ölkələrin maraqlarının kəsişməsinə
səbəb olaraq müxtəlif formatda əməkdaşlıq birliklərin formalaşmasına zəmin yaratdı. Bir misal kimi, regionun qərb
hissəsində GUAM təşkilatının, şərqində - Mərkəzi Asiya respublikalarının birliyinin və Şimal-Cənub nəqliyyat
dəhlizi istiqamətində Rusiya-Azərbaycan-İran ölkələri arasında iş birliyini göstərmək olar. Lakin bununla yanaşı,
Xəzəryanı ölkələri arasında, bölgədə birgə əməkdaşlıqla bağlı, fikir ayrılıqlarının mövcudluğu bu sahədə ümumi
bir strategiyanın hazırlanmasında əsas maneçilik yaradan amil hesab oluna bilər.
Xəzər regionunda ümumi əməkdaşlıq konsepsiyasının hazırlanması üçün tərəflər qarşılıqlı maraqları nəzərə
alaraq, komrpomis yanaşma əsasında, ümumi anlaşmaya gəlməlidirlər. Əks halda belə təşkilatın yaradılması
istiqamətində hər hansı bir cəhdlər cavabsız qalacaq. Bir misal kimi, Xəzəryanı ölkələr arasında Xəzər dənizinin
statusuna dair danışıqların 15 il ərzində uğursuz nəticəsini göstərmək olar. Bu müddət ərzində yalnız bir sənəd
üzrə ümumi razılaşma əldə etmək mümkün olmuşdur. Bu sənəd, Xəzər dənizinin təbii mühitinin mühafizəsinə
dair, hər bir Xəzəryanı dövləti tərəfindən qəbul olunmuş, Tehran Konvensiyasıdır (2003-cü il). Ancaq bununla
yanaşı, regionda əməkdaşlığa və qarşılıqlı kompromisə getməyə hazır olan ölkələr də diqqəti cəlb edir.
Azərbaycan, Rusiya və Qazaxıstan arasında, bir müddət fikir ayrılıqları olmasına baxmayaraq, Xəzərin
delimitasiyasına dair müvafiq razılaşmaların əldə edilməsi bunun bariz nümunəsi hesab oluna bilər. Xəzər
"üçlüyü"nün əməkdaşlıq sahəsində etdiyi uğurlu addımı digər Xəzəryanı ölkələr üçün nümunə ola bilər. Lakin İran
və Türkmənistanın regionda əməkdaşlıqla bağlı bəzi məsələlərdə destruktiv mövqeləri bu istiqamətdə pozitiv
dəyişikliklərə maneçilik edir. İran və Türkmənistanın regionda realizə edilən bəzi layihələrdən kənarda qalmaları
yuxarıda qeyd olun səbəblə izah oluna bilər.
İran tərəfinə beynəlxalq sanksiyaların tətbiq edilməsi onun iqtisadi əlaqələrinin inkişafına bilavasitə təsir
göstərir. Xəzər regionunda yeni iqtisadi əməkdaşlıq məkanın formalaşması, təbii ki, İranın bu sahədə apardığı
diplomatiyasının gücləndirilməsini tələb edir.
Xəzər regionunda iqtisadi əməkdaşlıq təşkilatının yaradılması təklifi ilk dəfə olaraq, 2007-ci ildə, İran
rəhbərliyi tərəfindən irəli sürülməsi məhz bu istiqamətdə atılan addımlardan biridir. Bununla belə, İranın Xəzər
məsələləri ilə bağlı müzakirələrdə sərt və dəyişməz mövqeyi (Xəzər dənizinin beş bərabər hissəyə bölünməsi,
Azərbaycana və Türkmənistana aid perspektiv dəniz yataqlarına iddiaları və s.) və beynəlxalq aləmdəki vəziyyəti
onu iqtisadi əməkdaşlıq baxımından diqqətə layiq etmir. İranla iqtisadi əməkdaşlığın inkişafı Xəzəryanı ölkələr
üçün (Rusiya istisna olmaqla) xüsusi maraq doğurmur. Qafqaz regionunda İranla iqtisadi əlaqələrin inkişafı yalnız
Ermənistan üçün xüsusi önəm daşıyır. İki ölkə arasında regionla bağlı siyasi maraqların üst-üstə düşməsi iqtisadi
əlaqələrin inkişafını müəyyən edir. Bu isə öz növbəsində İranın Qafqazda yeritdiyi strategiyasında siyasi
meyarların həlledici rol oynadığını təsdiqləyir (4).
2009-cu ildə Rusiya prezidenti tərəfindən Xəzər regionunda İqtisadi Əməkdaşlıq təşkilatının
yaradılmasına dair fikrin yenidən səsləndirilməsi ilk öncə onun geosiyasi maraqlarından irəli gəlirdi. Lakin bu
müraciət də cavabsız olaraq qalmaqdadır. Yuxarıda qeyd olunduğu kimi, bunun əsas səbəbi ölkələr arasında
mövcud olan fərqli siyasi baxışlar və fikir ayrılıqların əsas maneə kimi qalmasıdır. Bunun aradan qaldırlması
üçün Xəzəryanı ölkələr arasında qarşılıqlı maraqların önə çəkilməsi vacibdir. Əfsuslar ki, hələ bu haqda
danışmağa kifayət qədər əsas yoxdur. Bu səbəbdən Xəzər regionunda yaxın illərdə hər hansı bir İqtisadi
Əməkdaşlıq birliklərinin yaranması və yaxud fəaliyyət göstərməsi reallıqdan uzaqdır.
Maraqlı məqamlardan biri odur ki, Rusiya regionda iqtisadi əməkdaşlıq təşkilatının yaradılması təklifini
dəstəkləyərək, heç özünün Xəzəryanı subyektləri arasında iqtisadi əlaqələri normal qura bilməmişdir. Burada
nisbətən inkişaf edən Həştərxan vilayəti ilə yanaşı, demək olar ki, təcrid olunub. Dağıstan və Kalmıkiya,
sosial-iqtisadi vəziyyətinə görə, Rusiyanın ən geridə qalmış əraziləri olaraq qalır.
Xəzər regionunda yaranmış geosiyasi mənzərəni nəzərə alaraq, region ölkələri arasında qarşılıqlı
maraqların nə dərəcədə uyğun olmasını təhlil etmək üçün aşağıdakı cədvələ nəzərə salmaq olar:
Xəzəryanı ölkələrin qarşılıqlı geosiyasi maraqlarının səciyyəsi
Ölkələr
Azərbaycan
Qazaxıstan
Türkmənistan
Rusiya
İran
Azərbaycan
xxxxxxxxxx
BDK
AB
BCƏDK
BƏD
Qazaxısan
BD
xxxxxxxxxx
BD
BƏDK
BD
Türkmənistan
AB
В
xxxxxxxxxxxx
В
BD
Rusiya
ABD
ABDK
AD
xxxxxxxx
CƏD
İran
ABƏD
ABƏD
ABƏD
ƏDK
xxxxxxx
A-neft və qaz ehtiyatları; B-neft və qazın tranziti; C- investisiyalar; Ə-əmək bazası;
D-əmtəə bazarı; K-birgə müəssisələr
Seçilmiş əsas indikatorlar ölkələrin regionda əməkdaşlıqla bağlı maraqlarını əks etdirir. Burada, bir
tərəfdən Rusiya və İranın region ölkələrinin neft-qaz ehtiyatlarına və xammalın tranzitinə diqqət, digər tərəfdən
- qalan ölkələrin tranzit etmə maraqlarının üstünlük etməsi gözə çarpır. Bununla yanaşı, Rusiya və İranın
regionda iqtisadi əməkdaşlığın inkişaf etdirilməsinə dair çağırışları onların region ölkələrinə investisiya
qoyuluşların yönəldilməməsi ilə müşahidə olunur. Bütün yuxarıda qeyd olunanlar, Xəzər regionunda cərəyan
edən geosiyasi proseslərin gedişini əks etdirir.
QEYDLƏR
1.http://www.gisher.ru/zamministra-k-2020-godu-dobicha-gaza-v-azerbaydzhane-uvelichit-t22412.html
2."KABKA3-2011: РУССКИЙ ВЗГЛЯД" - http://www.vnatio.org/arhiv-nomerov/node88/
3.www.iran.ru/news_iran.id=73652
4.www.iran.ru_iran.id/=72628
Dostları ilə paylaş: |