2
Respublikanın ümumtəhsil məktəblərinin
11-ci sinifləri üçün “Azərbaycan dili” dərsliyi
Müəlliflər: Tofiq Hacıyev
Nizami Cəfərov
Nizami Xudiyev
Bakı: Aspoliqraf, 2012.
Dərsliklə bağlı TQDK-ya daxil olmuş və açıq
müzakirələrdə bildirilmiş qeydlər, iradlar və təkliflər
əsasında hazırlanmış
YEKUN RƏY
3
Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:
1. Məzmunun işlənməsi baxımından;
2. Dil və yazı üslubu baxımından;
3. Dizayn və bədii tərtibat baxımından;
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından.
1. Məzmunun işlənməsi baxımından
Respublikanın ümumtəhsil məktəblərində qüvvədə olan tədris proqramına
uyğun hazırlanmış dərslik 160 səhifədən, proqram və mündəricatdan ibarətdir.
Dərslik proqramın tələblərinə uyğun olaraq, 10-cu sinifdə keçilmişlərin təkrarı,
“Dilin quruluşu”, “Üslubiyyat”, “Rabitəli nitqin inkişafı”, “İl ərzində
keçilmişlərin təkrarı” mövzularını özündə əks etdirir. Dərslikdə şagirdlərdə mövcud
proqrama uyğun bilik, bacarıq və vərdişlərin formalaşdırılması ilə bağlı elmi-nəzəri,
metodik tələblər, əsasən, gözlənilmiş, şagirdlərin yaş səviyyəsi nəzərə alınmışdır.
Dərsliyin məzmunu gənc nəslin təlim-tərbiyəsi vəzifələrinə xidmət edir.
Xüsusən çalışmaların məzmunu vətənpərvərlik, mənəvi-estetik tərbiyə imkanlarını
reallaşdırmağa zəmin yaradır.
Bununla yanaşı, dərslikdə müəyyən qüsurlar, təkmilləşdirməyə ehtiyac duyulan
məsələlər var. Bunlar aşağıdakılardır:
Dərsliyin əvvəlində şagirdlərə kursun məzmunu, öyrəniləcək məsələlərin
əhəmiyyəti ilə bağlı giriş səciyyəli müraciətə ehtiyac var.
Səhifə 3-4. “Mənim dövlət dilim” başlıqlı giriş səciyyəli mətndə Azərbaycan
Respublikasının dövlət dilinin Azərbaycan dili olması barədə Konstitusiyanın 21-ci
maddəsi, Ulu öndər H.Əliyevin, N.Nərimanovun, Ö.F.Nemanzadənin, Azərbaycan
dili haqqında ibrətamiz fikirləri verilmişdir. Daha sonra O.Sinanoğlundan sitat
gətirməklə bir alman aliminin türk dili haqqında fikri verilmişdir. Amma nə
O.Sinanoğlu, nə də alman alimi haqqında heç bir məlumat verilməmişdir. Bu barədə
kiçik qeyd şəklində olsa da, məlumat verilməsi yaxşı olar.
10-cu sinifdə keçirilmişlərin təkrarına proqram üzrə 2 saat ayrılsa da,
qazanılmış biliklərin təkrarı ilə bağlı işin məzmunu dərslikdə açıqlanmamış,
şagirdlərə bu barədə heç bir sual və tapşırıq verilməmişdir.
Proqram üzrə “Dilin quruluşu. Morfoloji quruluş” fəslində aşağıdakı
məsələlərin aydınlaşdırılması nəzərdə tutulur: “Morfologiya. Morfologiya nitq
4
hissələri haqqında təlim kimi. Əsas nitq hissələrinin qrammatik mənası,
morfoloj əlaməti və sintaktik vəzifələri. Köməkçi nitq hissələri və onların
qrammatik məna və vəzifələri. Sintaksis, söz birləşməsi və cümlə sintaktik
vahidlər kimi”.
Şagirdlər əsas və köməkçi nitq hissələrinin qrammatik xüsusiyyətlərini, söz
birləşməsi və cümlənin sintaktik vahid olmasını bilməli, sözün qrammatik məna və
rolunu izah etməyi, söz birləşməsi və cümlələrdən nitqində sintaktik vahid kimi
istifadə etməyi bacarmalıdırlar (səh. 157).
Səhifə 5. Adlardan isim düzəldən şəkilçilər içərisində -laq şəkilçisi də qeyd
edilir və “yaylaq, qışlaq” sözləri misal gətirilir. Halbuki bu sözlər yay-la-q, qış-la-q
tərkibinə malikdirlər. Yaxud mübahisəli olduğu üçün bu kimi məqamları qeyd
etməmək tövsiyə edilir.
Səhifə 5. Köməkçi nitq hissələrinin təsnifatı 6-7-ci siniflər üçün dərslikdəkindən
fərqli verilir ki, bu da şagirdin mövzunu dəqiq mənimsəməsinə mane olur.
Səhifə 7. Verilmiş təsnifatda prinsip pozulması halları var. Beləki, mürəkkəb
isimlərin yaranması yollarının doqquzu struktura, ikisi mənaya əsaslanır ki, bu da
dolaşıqlıq yaradır.
Həmin səhifədə isim düzəldən bir çox məhsuldar və çox işlənən şəkilçilər qeyd
edilməmişdir: -gil, -gər, -keş, -i, -vi, -ıq,-ik,-uq,-ük və s.
Səhifə 7. Mücərrəd isimlərə nümunə olaraq yalnız düzəltmə isimlər göstərilir:
yoldaşlıq, dostluq, sevgi. Halbuki mücərrəd isimlər quruluşca sadə də olur: arzu,
xəyal, fikir və s. Dərslikdə bu cəhətin nəzərə alınıb mürəkkəb mücərrəd isimlərlə
yanaşı, sadə mücərrəd isimlərə də nümunə göstərilməsi yaxşı olar.
Səhifə 7. Əks mənalı sözlərin birləşməsindən yaranan mürəkkəb sözlər
içərisində “daş-kəsək” qeyd edilir ki, bunları əks mənalı sözlər hesab etmək olmaz.
Səhifə 9. İsmin hallarının cümlədə rolundan danışılanda təyin ola bilməsi
göstərilir. Səhifə 12-13-də hansı halın təyin olduğu göstərilmir.
Səhifə 14-15. Düzəltmə isimlərdən danışarkən onların həm milli, həm də alınma
şəkilçilərlə yarandığı bildirilir və onlar ayrı-ayrı təsnif olunur. Lakin sifətlərdə bu
barədə danışılmır.
Sifətin dərəcələrini əmələ gətirən şəkilçilərin hansı şəkilçidən olduğu (leksik,
yoxsa qrammatik) vurğulansa idi, daha yaxşı olardı.
Səhifə 15. Sifət düzəldən leksik şəkilçilərdən bəziləri göstərilməyib. Məsələn,
-qan, -kən, -yı (xurmayı) və s.
5
Səhifə 16. Çoxaltma dərəcəsinin morfoloji üsulla yaranması ilə bağlı nəzəri
məlumatda deyilir ki, sifətin ilk hecasının sonuna müvafiq olaraq m,p,r samitləri
artırılır. Bu zaman s samitinin də qeyd edilməsi məqsədəuyğundur: “dosdoğma”.
Səhifə 16. “Gödərək” sözü “gödə-rək” tərkibi şəklində təqdim olunur, halbuki
müasir Azərbaycan dilində “gödə” sözü yoxdur. İltisaqilik prinsipi və şəkilçi
ayrılarkən kökün müstəqil məna bildirməsi qaydasına əsasən, kökü dəyişmiş sözlər
tərkibinə görə təhlil edilmir. Məsələn: lüğəvi, kimyəvi. Bu baxımdan müəyyən
dolaşıqlıq yaranır.
Səhifə 22. “O, bu” sözləri sinonim əvəzlik kimi verilir, halbuki onlar başqa-
başqa mənalara malikdir. Onlar qrammatik-funksional cəhətdən bir bölgüyə daxildir.
Səhifə 23. “Kim isə, nə isə” qeyri-müəyyən əvəzliklərinin birinci
komponentinin hal və mənsubiyyət şəkilçisi ilə işləndiyi göstərilir. Halbuki bu fikir
artıq köhnəlib, şagirdlərdə dolaşıqlıq yarada bilər. Əslində indi bu fikir “kimsə,
nəsə” əvəzliklərinə aid edilməlidir.
Səhifə 23. “Bəzi” sözü doğru olaraq təyini əvəzlik içərisində verilsə də, 6-cı
sinif dərsliyində qeyri-müəyyən əvəzlik hesab edilir.
Səhifə 25. “Xudahafizləş” sözü mürəkkəb fel kimi təqdim edilir, halbuki
“hafiz” müasir dilimizdə ümumi söz kimi yoxdur.
Səhifə 26-da yazılır: “Bəzən cümlə daxilində təsirli fellər təsirlik halda olan
sözlə bərabər işlənmədiyindən, yalnız həmin cümlə daxilində təsirsiz felə
çevrilir: “Mən Bakıda oxuyuram”. Fikir səhvdir, çünki “oxumaq” sözü omonim
söz olaraq, həm də “təhsil almaq” mənasına malikdir. Birinci halda təsirli (kitab
oxumaq), ikinci halda təsirsiz feldir.
Səhifə 27. Şəxssiz növ ayrıca təqdim olunur, proqramda və 8-ci sinif dərsliyində
ayrıca növ kimi verilmir, məchul növün daxilindədir.
Səhifə 28-də yazılır: “Felin əmr şəkli hərəkətin icrasını indiki, eləcə də
gələcək zamanla bağlayır”. Əmr şəklindəki işi indiki zamanla bağlamaq düzgün
deyil, çünki istənilən səviyyədə əmrdə iş göstərişdən sonra olur.
Səhifə 30. “-ıb” nəqli keçmiş zaman şəkilçisinin ancaq üçüncü şəxsdə işlənidiyi
qeyd olunur, halbuki bu şəkilçi II şəxs tək və cəm də işlənir: Vaxtında gəlibsən.
Səhifə 38. “Yavaşca” düzəltmə söz kimi təqdim olunur, amma buradakı -ca
leksik şəkilçi yox, ədatdır. Məlumdur ki, leksik şəkilçi yeni söz yaradır, amma
burada qüvvətləndirmə funksiyasında işlənib. Digər tərəfdən “yavaşca” sözü sifət
kimi işlənə də bilir və bu zaman bir qayda olaraq, o çoxaltma dərəcəli sifət kimi
6
qəbul olunur: “Yavaşca bir hərəkətlə uşağı kənara çəkdi”. Mürəkkəb zərflərdən
danışarkən ayrı yazılan (tərkibi) zərflərdən danışılmır. Məlum olmur ki, bu an, bu
gün, hər zaman və s. tipli birləşmələr nitq hissəsi (zərf) sayılır, yoxsa yox.
Səhifə 41. -kimi, -qədər, -can, -dək qoşmaları yalnız məsafə bildirən qoşmalar
kimi təqdim edilir, 8-ci sinif dərsliyində isə bu qoşmalar həm də zaman qoşması kimi
verilir.
Səhifə 47. Səs təqlidi sözlərin nida olduğu göstərilir, hətta arqument kimi
nidaların düzəltmə söz yaradıcılığında iştirakı önə çəkilir. Səs təqlidi söz nida
olmadığı kimi, nidaların söz yaradıcılığında iştirak etməsi fikri də səhvdir (yalnız
“uf” nidası istisnadır).
Nümunələrin təqdimində müəyyən səhvlər var.
Səhifə 47-49. Nida haqqında məlumat digər köməkçi nitq hissələrinə nisbətən
çoxdur.
Səhifə 48-49. Hiss-həyəcanı ifadə etmək üçün istifadə edilən bəzi əsas nitq
hissəsinə aid sözlər də nida kimi təqdim olunur: Allah-Allah, haray, aman, ədə
(vokativ söz), Rəb, dədə, səni, dəhşət, nə deyəsən, bəs belə və s.
Səhifə 51. II növ təyini söz birləşməsinin tərəfləri arasında həm idarə, həm
uzlaşma əlaqəsinin olduğu qeyd olunur, 8-ci sinif dərsliyində isə yalnız uzlaşma
əlaqəsi göstərilir.
Səhifə 55. Mübtədanın ifadə vasitəsindən danışarkən onun nitq hissələri və
sərbəst söz birləşmələri ilə ifadə olunduğu bildirilir. Halbuki sabit söz birləşmələri–
frazeoloji birləşmələr də mübtəda ola bilir: Mənəm-mənəm demək yaxşı əlamət deyil.
Səhifə 66. Nəzəri məlumatda xitabların cümlə üzvü olmaması və bunun
sintaktik təhlil zamanı diqqət mərkəzində saxlanılmasının zəruriliyi qeyd edilməli idi.
Səhifə 76. “Üslubiyyat” haqqında nəzəri məlumatın dili, üslubu şagirdlərin
yaş və qavrama səviyyəsinə uyğun deyil, ali məktəb dərsliyindəki mətni xatırladır.
Sadələşdirmələrə ehtiyac var. Məsələn, dərslikdə yazılır: “Funksional üslublar milli
ictimai təfəkkürün müxtəlif sahələrini əks etdirir, dil vahidləri də həmin
sahələrin tələbi ilə seçilib sistemləşir”. Məktəb təcrübəsində bu cümləni oxuyan
şagird belə bir sualla qarşılaşır: Milli ictimai təfəkkür nədir? Dil vahidlərinin seçilib
sistemləşməsi nə deməkdir? Buna görə də, həmin fikri şagirdlərin bilik və qavrama
səviyyəsinə uyğun şəkildə daha aydın şərh etmək məqsədəuyğundur.
Bu fikri “Üslubiyyat haqqında məlumat” mətnindəki ictimai təfəkkürdə
diferensiasiya və inteqrasiya prosesi ilə bağlı cümlələrə də aid etmək olar.
7
Səhifə 84. 115-ci çalışmada M.Arazın “Azərbaycan-dünyam mənim”
şeirindən verilmiş nümunədə ixtisar düzgün aparılmayıb. İxtisar olunmuş əvvəlki
bəndin son misrasının saxlanılması şeirin ahəngini pozur. Bu misra çıxarılmalıdır:
“Biz Bakının ilk səadət carçılarıyıq”.
Səhifə 87. § 17-nin adı “ Bədii təsvir və ifadə vasitələri” olmalıdır.
Səhifə 115-118. Rəsmi və işgüzar sənədlərə konkret nələrin aid edilməsinin
göstərilməsi məqsədəuyğundur.
2. Dil və yazı üslubu baxımından
Dərslik dil və üslub baxımından ənənəvi dərsliklərə verilən tələblərə əsasən,
uyğundur. Bununla yanaşı, müasir tələbləri nəzərə alaraq, dil qaydalarına dair nəzəri
məlumatlarda, eləcə də bəzi çalışmaların şərtində şagirdlərin yaş və bilik səviyyəsi,
qavrama xüsusiyyətləri nəzərə alınaraq, müəyyən sadələşdirmələr aparmağa ehtiyac
vardır. Xüsusən dil qaydaları dil-üslub baxımından ali məktəb dərsliklərindən
fərqlənmir. Məsələn, Publisistik üslub (səh. 98), Məişət üslubu (səh.105), Məişət
üslubunun yaranma şəraiti (səh.109) və s.
Səhifə 7. “Zir-zibil” sözü orfoqrafiya lüğətində bitişik verilib.
Səhifə 9. Aşağıdan ilk iki sətirdə “həkimim, həkiməm” sözlərindəki şəkilçi
qrammatikdir, ancaq leksik şəkilçi işarəsi qoyulub.
Səhifə 13. “Yiyəlik halda olan isim başqa sözlə əlaqəyə girib, hər hansı
cümlə üzvü olur” cümləsinə “ birlikdə” sözü əlavə olunmalıdır ki, fikir düzgün
anlaşılsın.
Yenə həmin səhifədə ikinci qeyddə “həmişə” sözü əvəzinə, “bir qayda olaraq”
yazılmalıdır. Çünki qeyri-müəyyən yiyəlik halda olan söz istisna halda aid olduğu
sözdən aralansa da, müəyyən təsirlik hala düşmür (Bir kitab sənə almışam).
Səhifə 22. “O, bu” əvəzliklərindən sonra fel və köməkçi nitq hissələri gəldikdə
(modal söz istisnadır) vergül işarəsinin qoyulmaması göstərilir. Halbuki feli sifət də
istisna təşkil edir.
Səhifə 37. Səhvən “göndərilmiş” sözünün son şəkilçisinin (-miş) üstündə leksik
şəkilçinin işarəsi qoyulmuşdur.
Səhifə 46-47. “Müstəqil lüğəvi məna ifadə edən, qrammatik kateqoriyalara
malik olan əsas nitq hissələrindən, cümlədə həmin sözlər arasında qrammatik
əlaqələr yaradan köməkçi nitq hissələrindən fərqli olaraq nidalar nə leksik, nə
də qrammatik məna daşıyır” cümləsi çətin anlaşılır.
8
Səhifə 62. Çalışma 92-də “Qız getdi, amma mənim ürəyimi də özüylə
apardı” cümləsinin başqa bir cümlə ilə əvəz olunması daha məqsədəuyğundur.
Səhifə 64. Vasitəsiz nitqə aid verilmiş nümunədə dırnaq işarəsi qoyulmamışdır.
Səhifə 66. “Xitab” bəhsində “Gözəl qız, hara yollanırsan?” cümləsinin başqa
bir cümlə ilə əvəz olunması daha məqsədəuyğundur.
Səhifə 73. “Qeyd 3-də” düzəliş olmalıdır: “Qarşılaşdırma budaq cümləli
tabeli mürəkkəb cümlə xüsusiləşmiş zərfliklər vasitəsi ilə sadə cümləyə çevrilə
bilir”.
Səhifə 84. M.Arazın “Azərbaycan-dünyam mənim” şeirinin “Azərbaycan
qatarı yollara çıxdı” misrasında da ədatı düşüb. Şeirin qeyd olunan
misrası“Azərbaycan qatarı da yollara çıxdı” kimi olmalıdır.
Səhifə 85. “Poetizm-bədii sözdür” cümləsində tire artıqdır. Belə vəziyyət bir
neçə dəfə təkrar olunur.
Səhifə 91. “Qədim” sözü ilə başlayan abzasda çətin, anlaşılmayan cümlələr var.
Səhifə 105. “Məişət dili, dediyimiz nitq təzahürü də yazılı dilə qarşı durur”
cümləsində vergül artıqdır.
Səhifə 106. Üç nöqtədən sonrakı hissə bütünlükdə anlaşılmazdır.
“Adətən” modal sözündə vergül işarəsindən hər yerdə istifadə etmək lazımdır,
halbuki bəzi yerlərdə qoyulur (səh.47, 71, 77).
3. Dizayn və bədii tərtibat baxımından
Dərsliyin bədii tərtibatı və dizaynı qənaətbəxşdir. Tədris proqramına uyğun
olaraq, dil qaydaları fərqləndirilmiş şəkildə verilmişdir. Dil qaydalarına aid
çalışmaların şərtləri də göy rənglə fərqləndirilmişdir. Lakin dərslikdə dil qaydalarına
aid illüstrativ materiallardan, cədvəllərdən, rəsmlərdən istifadə olunmamışdır. Belə
cədvəl və sxemlərin, rəsmlərin verilməsi əyanilik, dil qaydalarının mənimsənilməsi
baxımından məqsədəuyğun olar.
Çalışmalardakı şeir nümunələri nəsrdən fərqli olaraq, kiçik şriftlərlə verilmişdir.
4. Tapşırıqların elmi-metodiki uyğunluğu baxımından
Dərslikdəki tapşırıqlar elmi-metodiki tələblərə müvafiqdir. Şagirdlərin dil
qaydaları üzrə mənimsədiyi biliklərin praktikada tətbiqinə, nəticə etibarilə nitq
9
mədəniyyətinin formalaşdırılmasına zəmin yaradır. Müxtəlif formatlı tapşırıqlardan,
çalışmalardan, test tapşırıqlardan istifadə olunub.
Bununla yanaşı, tapşırıqlarda elmi-metodiki baxımdan təkmilləşdirilməyə
ehtiyacı olan məsələlər də var.
Səhifə 8. İsmə aid 1-ci çalışmada şagirdlərə mətndəki mücərrəd mənalı isimləri
seçib yazmaq tapşırığı verilir. Həmin mətn üzrə digər tapşırıqlarda isə felin
qrammatik məna növləri, sinonimlər, tələffüzü ilə yazılışı bir-birindən fərqlənən
sözləri seçib tələffüz formasında yazmaq tələb olunur. Beləliklə, isim mövzusu bir
növ kənarda qalır, digər mövzular üzrə tapşırıqlar şagirdi əsas hədəfdən yayındırır.
Səhifə 63-65. Vasitəli və vasitəsiz nitq haqqında nəzəri məlumat əsasən, orta
əsrlərə aid bədii nümunələr əsasında şərh olunur, klassik ədəbiyyatdan (məsələn,
M.Füzulinin “Şikayətnamə”, “Meyvələrin söhbəti” əsərlərindən) nümunələr
verilib. Müasir şagirdin söz birləşməsi və cümlənin sintaktik vahid olmasını bilməsi
üçün klassik ədəbiyyatdan nümunələrin verilməsi məqsədəuyğun deyil. Məsələn,
dərslikdə klassik şeir dilində dialoq tipində vasitəsiz nitqin yığcamlığa xidmət
etməsinə sübut kimi aşağıdakı nümunə göstərilir:
“Dilbər aydır: ey Nəsimi, sabir ol, qılma fəğan,
Mən bu gün səbr eyləsəm, danla, fəğanı neylərəm?”
Dil dərslərinin başlıca məqsədi şagirdlərin nitq mədəniyyətini formalaşdırmaq
olduğundan, müasir nitq modellərinə üstünlük verilməlidir.
Səhifə 66. Xitab haqqında nəzəri məlumatdan sonra “a, ey, ay” vasitəsilə
yaranan xitablara aid tapşırığın verilməsi faydalı olar.
Səhifə 67. Çalışma 97-nin şərti şagird üçün aydın ifadə edilməyib: “Xitabların
bədii rəmzini açın”. Şagirdin müstəqil şəkildə bu tapşırığın şərtini başa düşməsi
mümkün deyil.
Fənn üzrə proqramda rabitəli nitqin inkişafına 16 saat ayrılmışdır. Bu bölmədə
aşağıdakıların mənimsədilməsi nəzərdə tutulur:
Nitq.
Nitq
fəaliyyətinin növləri: başqasının nitqini qavramaqla
bağlı(dinləyib anlama, oxu), öz fikrini ifadə etməklə bağlı ( danışma, yazı).
Bədii və elmi üslublarda təsviri və mühakimə xarakterli yazılı və şifahi
mətnlər (inşalar).
Əməli yazı: hesabat, protokol, iş planı.
Verilmiş tapşırıqların icrası şagirdlərin mətnin təhlili, tərtibi, təkmilləşdirilməsi
üzrə bacarıqlara yiyələnməsini nəzərdə tutur. Lakin proqramda 16 saat ayrılsa da,
10
dərslikdə rabitəli nitqin inkişafı ilə bağlı çalışma və tapşırıqlar verilməmiş, təsviri və
mühakimə xarakterli yazılı və şifahi inşalar, hesabat, protokol, iş planı yazılması kimi
əməli yazı növləri üzrə iş, demək olar ki, nəzərdə tutulmamışdır.
Fənn proqramında (səh.158) il ərzində keçilmişlərin təkrarına 5 saat ayrılmışdır.
Dərsliyin son bölməsində isə 5-11-ci sinifdə keçilənlərin təkrarı və sistemə salınması
üçün çalışma və tapşırıqlar nəzərdə tutulmuşdur.
Dərsliyin gələcək nəşrlərində fənn proqramı ilə dərslik arasındakı bu kimi
uyğunsuzluqların aradan qaldırılması zəruridir.
Nəticə
1. Dərslikdəki materiallar şagirdlərdə qüvvədə olan tədris proqramına uyğun
bilik, bacarıq və vərdişlərin formalaşdırılması ilə bağlı elmi-nəzəri, metodik tələblərə
əsasən, cavab verir.
2. Tədris materiallarının təqdimatında şagirdlərin yaş səviyyəsi əsasən, nəzərə
alınmışdır.
3. Şagirdlərin nəzəri materialı daha yaxşı mənimsəməsi, yaradıcı tətbiqetməsi
üçün biliklərin tətbiqini tələb edən, müəyyən qədər məntiqi düşüncəyə əsaslanan
tapşırıqların sayının və çeşidliliyinin artırılması tövsiyə edilir.
4. Aşağı sinif dərsliklərindəki nəzəri məlumatlar ilə ziddiyyət yaradan, elmi
mübahisə doğuran məqamların ixtisar olunması tövsiyə edilir.
5. Bir çox mövzuların izahı zamanı cümlələrin şagirdlərin yaş və bilik
səviyyəsinə uyğun olaraq redaktə edilməsi təklif edilir.
Dostları ilə paylaş: |