Con Maksvel KUTZEE.
RÜSVAYÇILIQ.
I.
Əlli iki yaşlı, boşanmış bir kişi kimi seks problemini pis həll eləmədiyini düşünür. O, hər cümə axşamı
Qrinpointə getməyə vərdiş edib, düz saat ikidə Vindzor Mansiondakı çoxmənzilli evin giriş qapısındakı
zəngi basır, adını deyib içəri keçir. Soraya 113 nömrəli otağın qapısında dayanıb onu gözləyir. O, birbaşa
gözəl ətirli zəif işıqlandırılmış otağa keçib, soyunur. Soraya vanna otağından peyda olur, xələtini çıxarıb
onun yanına soxulur:
-
Mənim üçün darıxmısan?
O: sənin üçün həmişə darıxıram. – deyib, Sorayanın tünd bal rəngindəki bədənini sığallayır, arxası üstə
uzandırıb döşlərini öpür, sevişirlər.
Soraya ucaboy və qamətli qadındır, uzun qara saçları, qara nəmli gözləri var. Əslində o, Sorayanın atası
ola biləcək yaşdadır: on iki yaşında da ata olmaq olar. Bir ildən artıqdır ki, o, Sorayanın müştərisidir;
Soraya onu tamamilə qane edir. Əgər həftəni səhralığa bənzətsək, cümə axşamı onun üçün naz-nemətlə
və cah-calalla dolu bir vahədir.
Soraya yataqda təmkinlidir. Ümumiyyətlə o, sakit təbiətli qadındır, sakit və üzüyola. Fikirləri isə
təəccüblü dərəcədə mühafizəkardır, çimərliklərdə döşlərini (Sorayanın dili ilə “əmcək”lərini) açan turist
qadınları görməyə gözü yoxdur. O, hesab eləyir ki, bütün avaraları bir yerə topalayıb küçələri
süpürtdürmək lazımdı. Devid ondan bu fikirləri ilə məşğuliyyətini necə uyğunlaşdıra bildiyini soruşmur.
Sorayadan daim həzz aldığına görə, ona qarşı meyli get-gedə artır. O bu bağlılığın müəyyən
dərəcədə
qarşılıqlı olduğuna inanır. Bağlılıq isə məhəbbət olmasa da, onunla qohumdur. Əvvəllər bu əlaqənin
onlar üçün heç nə vəd etmədiyini düşündüklərini nəzərə alsaq, bir-birlərini tapdıqlarını görə bəxtlərinin
gətirdiyini demək olar.
Devid öz duyğularında bir qədər özündən razılıq, bir az da ər-arvad bağlılığı sezsə də, bu hissləri özündən
uzaqlaşdırmağa çalışmır.
O, Sorayaya doxsan dəqiqə üçün dörd yüz rand ödəyir, məbləğin yarısı “müdrik himayəçi”yə çatır. Heyif
ki, ona çox pay düşür. Amma 113 nömrəli və Vindsor Mansionsdakı bütün otaqlar onundu. Müəyyən
mənada Soraya, yəni onun bu hissəsi, bu funksiyası da ona məxsusdur.
Bəzən Devid Soraya ilə işdən sonra da görüşmək barədə düşünür. Onunla bir axşamı, hətta bütün gecəni
keçirmək istərdi. Səhəri isə yox. Özünü çox yaxşı tanıdığına görə, Sorayanı həmin səhərin işgəncələrinə
məruz qoymaq istəmir. Səhər o soyuq, qaşqabaqlı olacaq, nəhayət tək qala bilmək üçün səbirsizlənəcək.
Xasiyyəti belədir. Dəyişmək ehtimalı isə yoxdur, artıq gecdir. Onun xasiyyəti artıq formalaşıb, bərkiyib.
İnsanın bir skeletini, bir də xasiyyətini dəyişdirmək müşkül məsələdir.
“Öz təbiətinə tabe ol”. O, bu fikrə fəlsəfə demək istəmir. “Fəlsəfə” həddən artıq böyük sözdür. Bu,
sadəcə qaydadır, Müqəddəs Benediktin qaydaları kimi.
Səhhəti əladır, başı yaxşı işləyir. Peşəcə filoloqdur, daha doğrusu, filoloq idi. Filologiya hələ də arabir
varlığına hakim kəsilir. O öz gəlirinin, xasiyyətinin, emosional imkanlarının dar çərçivəsində yaşayır.
Xoşbəxtdirmi? Bəli, bir çox baxımdan xoşbəxt olduğuna inanır. Lakin o, “Edip” faciəsinin son xorunu
yadından çıxarmamağa çalışır: “Ölməyincə heç kimə xoşbəxt demə”.
O, cinsi istəkdən məhrum olmasa da, heç vaxt ehtiraslı bir kişi olmayıb. Özü üçün totem seçməli olsaydı,
ilanı seçərdi. Soraya ilə onun arasındakı əlaqəni iki ilanın cütləşməsinə bənzətmək olardı: uzunmüddətli,
gərgin, lakin ən qızğın məqamlarda belə soyuq və laqeyd.
Görəsən, Sorayanın totemi də ilandırmı? Şübhəsiz, başqa kişilərin yanında o tamam fərqli bir qadına
çevrilir: la danno e mobile. Yüngül əxlaqlı qadın olmasına baxmayaraq, o, (əlbəttə, həddi aşmamaq
şərtilə) Sorayaya etibar edir. Seanslar zamanı onunla sərbəst
söhbət edir, bəzən hətta ürəyini də
boşaldır. Bu qadın onun həyatındakı faktlardan xəbərdardır. Soraya Devidin iki dəfə evləndiyini bilir, qızı
haqqında eşidib, onun taleyinin eniş və çıxışlarından xəbərdardır, hətta həyata baxışına da yaxşı bələddir.
Soraya Vindsor Menşnz xaricində necə bir həyat sürdüyü haqda danışmır. Şübhəsiz ki, onun əsl adı
Soraya deyil. Bədənindən bir və ya bir neçə uşaq dünyaya gətirdiyi bilinir. Gərək ki, bu işdə peşəkar deyil.
Bəlkə də həftənin yalnız bir və ya iki gününü agentlik üçün işləyir, o biri günlər isə Reylend və ya Atlonda,
şəhərkənarında namuslu həyat sürür. Müsəlman qadınlar üçün adəti hal olmasa da, indiki zəmanədə hər
şey mümkündür .
Soraya üçün darıxdırıcı olacağını düşündüyündən işi barədə çox danışmır. O, Keyp Texniki
Universitetində, keçmiş adı ilə Keyp- Taun Universitet kollecində çalışır. Bir vaxtlar müasir dillər üzrə
professor olsa da, böyük təkmilləşdirmə prosesi nəticəsində Klassik və Müasir dil kafedrası bağlandıqdan
sonra, kommunikasiya kafedrasında adtyunkt professor işləməyə başlayıb. Bütün təkmilləşdirilmiş
kadrlar kimi həvəsdən düşməməsi üçün ona da, kursa yazılan tələblərin sayından asılı olmayaraq, əvvəlki
ixtisasına uyğun bir fənni tədris etməyə icazə verilib. Bu il o tələblərinə romantik poeziya haqqında
mühazirələr oxuyur. Qalan vaxtlarda isə “Kommunikasiya 101”, “Kommunikasiya bacarığı”,
“Kommunikasiya bacarığının inkişaf etdirilməsi” dərslərini keçir.
İş gününün xeyli hissəsini yeni
dərslərə həsr etsə də, 101 kursunun dərsliyinin müqəddiməsi ona mənasız
görünür: “İnsanlar dili fikir, duyğu və niyyətlərini bir- birlərinə çatdıra bilmək üçün yaradıblar” Devidin
heç kimlə bölüşməyib özünə saxladığı şəxsi qənaəti isə budur, nitq əslində nəğmələrdən yaranıb.
Nəğmələr isə, hədsiz dərəcədə geniş və boş insan ruhunu səslərlə doldurmaq ehtiyacından yaranıb. Artıq