nundu Buxari Səhihi
ORUC
bölməsi
MÜXTƏSƏR
Tam variantlı “Buxari Səhihi”
toplusundan
Türk dilindən
Fərahim Sələfi
tərəfindən tərcümə və tərtib
edilmişdir
Bakı – 2005
Türk dilindən tərcümə və tərtib edən: Fərahim Sələfi
Redaktor: Pənah Mehdi
Texniki redaktor: İbrahim İman
Dizayn: Azər Qurban
Buxari Səhihi. Oruc. 2005, səh.
Buxari kimi tanınan Əbu Abdullah Məhəmməd b. İsmail əl-Buxari hicri 194 – miladi 810-cu ildə anadan olmuş və 256/870-ci ildə vəfat etmişdir.
Azərbaycan oxucusuna təqdim olunan bu əsər, İslam aləmində və bütün dünyada ən görkəmli hədis alimi sayılan Əl-Buxarinin məşhur “Buxari Səhihi” əsərinin türk dilinə çevrilmiş “müxtəsər tam variantından” əxz edilərək dilimizə ilk dəfə olaraq bu formatda tərcümə edilmişdir.
(Hələ yaşadığı dövrdə imam əl-Buxari İslam dünyasının hədisşünasları (mühəddisləri) arasında tayı-bərabəri olmayan və inkaredilməz nüfuz sahibi kimi tanınmışdır. “Buxari Səhihi” on bir əsrdən çoxdur ki, müsəlmanlar üçün Qurandan sonra bütün məsələlər üzrə ikinci nüfuzlu əsas mənbədir.)
Əsər, “Buxari Səhihi”nin oruc bölməsini özündə əks etdirir.
Kitabda Allahın Elçisi Məhəmməd Peyğəmbərin (s.ə.s.) orucla bağlı hədisləri verilmişdir.
Buxari Səhihindən bu tərcümə İslamın biliklər xəzinəsinə yiyələnmək istəyən bütün oxucular üçün nəzərdə tutulmuşdur.
İslamın ən mühüm mənbəyi
Buxari Səhihi
ORUC
bölməsi
RƏRCÜMƏ EDƏN
FƏRAHIM
BAKI-2006
BİSMİLLƏHİR RAHMƏNİR RAHİM!
Mərhəmətli və Rəhimli Allahın adı ilə!
ÖN SÖZ
Uca Allahın qüdrəti və əzəməti sayəsində gerçəkləşdirdiyimiz səylərimizlə Azərbaycan dilində mütaliə edən oxucular dünya şöhrətli İslam alimi imam əl-Buxari (810-870-ci illər) tərəfindən tərtib edilmiş peyğəmbərimiz Məhəmmədin (ona Allahın salamı və salavatı olsun) hədislər məcmuəsi olan Buxari Səhihinin bir müxtəsər bölməsi olan oruc tutmaqla bağlı hədisləri ilə tanış olmaq imkanı əldə edirlər.
Buxari Səhihindən əxz etdiyimiz bu ikinci1 kitabçamızın əvvəlkindən bir sıra prinsipial fərqləri var – tərcümə bilavasitə türk mətnindən həyata keçirilmiş, hədislərə dair mətndə verilmiş açıqlama və şərhlərlə yanaşı, tərəfimizdən sətiraltı izahlar da əlavə edilmişdir ki, onlar oxucuları hədislər haqqında daha geniş məlumatlandıracaq.
İslamda müsəlmanların həyat fəaliyyəti üçün hədislərin əhəmiyyəti haqqında deyə bilərik ki, onlar, Allahın Sözü olan Müqəddəs Quranla yanaşı dinimizin əsas ikinci qaynağıdır.
İslamın iki mənbəyi – Quran və hədislər – Peyğəmbər Sünnəsi, ilk nəzərdə, müstəqil olaraq təzahür etsələr də, əslində bir-biri ilə ayrılmaz vəhdət təşkil edir. Hədislər Qurana uyğun gəlir, onun ayələrini şərh edir və onlara aid müddəaları açıqlayaraq Allahın Kitabında konkret göstərilmiş məsələləri təfərrüatı ilə mənalandırır.
“Hədis” – sözün dar mənasında Məhəmməd Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) imana, İslam şəriətinə və müsəlmanın yaşayış tərzinə məxsus məsələlərə dair Quran prinsiplərini açıqlayan kəlamlardan ibarətdir. Geniş mənada isə, bu kitabdan göründüyü kimi, “hədislər” kimi qəbul edilən təkcə Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) kəlamları deyil, həm də konkret hallarda onun hərəkət tərzi, ayrı-ayrı səhabələrə, tərəfdaşlarına və düşmənlərinə münasibətidir. Onun müsəlmanlar üçün mühüm həyati əhəmiyyət kəsb edən məsələlərinin həllinə dair göstərişləri, baş vermiş hadisələrə verdiyi izahları və habelə Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) səhabələrinin möminlər üçün davranış nümunəsi rolunu oynaya bilən, onun (rəy söyləmədən bəyəndiyi və) hüzurunda deyilən sözləri və yol verdikləri hərəkətləri də hədis sayılır.
Tamamilə şəriətə, müsəlman hüququna, uyğun gələrək, hədislər müsəlmanlar üçün hüquqi məna daşıyıcıları funksiyasını yerinə yetirir.
Müsəlmanların həm dini və həm də gündəlik həyatda Müqəddəs Quranla bərabər Məhəmməd Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) hədislərinə də əsaslanmasını nə ilə izah etmək olar? Məgər təkcə Quran onlara kifayət deyilmi? Allahın Sözü olan Quranı şərh etmək lazımdırmı?
Quran “müttəqilərə doğru yol göstərən” (Bəqərə, 2/2) Kitabdır. Quran – məhz “hidayətdir” (Fussilət, 41/44), “doğru yolu” (Loğman, 31/3), “Allahın hidayətini” (Zumər, 39/23) göstərir. O, İslam və müsəlmanlar üçün din haqqında, insanın bu dünyadakı həyatının mənası, insanın Allaha yaxınlaşmasının yolları, Yaradanin iltifatına və mərhəmətinə nail olmaq haqqında prinsipial müddəaları müəyyənləşdirir. Quran müsəlmanın həyatında baş verən konkret hadisələr zamanı onun necə davranmasını müəyyən etmir və məhz bu baxımdan onun yığcamlığı, hökmlərinin aforizmi, bu və ya digər məsələlərlə bağlı müddəalarda təfərrüata varılmaması təbiidir.
Təbii ki, müsəlmanlar Quranın bu və ya digər ayələrinin mənalarının şərh edilməsinə, dini məsələlərdə və məişətdə Quranın hökmlərinin yerinə yetirilməsi ilə bağlı aralarında yaranan sualların düzgün həllinə ehtiyac duyurdular. Allah Peyğəmbərə (ona Allahın salamı və salavatı olsun) elə xüsusi səlahiyyətlər vermişdi ki, ölümlü olanlardan heç kimdə onlar olmamış və ola da bilməzdi: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər, şahidlər və salehlərlə bir yerdə olacaqlar” (Nisa, 4/69); “Allaha, Peyğəmbərinə və özünüzdən olan ixtiyar sahiblərinə itaət edin!” (Nisa, 4/59); “... (Məhəmməd Peyğəmbər – F.S.) nəyi qadağan edirsə, ondan əl çəkin” (Həşr, 59/7).
Uca Allah Öz Elçisinin (ona Allahın salamı və salavatı olsun) hərəkətlərini və kəlamlarını, həyat tərzini bütün müsəlmanlar üçün örnək, nümunə etdi: “Allahın Elçisi Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (Əhzab, 33/21). Uca Allah Peyğəmbərə (ona Allahın salamı və salavatı olsun) Quranı izah etmək, İslamın Müqəddəs Kitabında olmayan sualları cavablandırmaq haqqı verdi: “Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) izah edəsən və bəlkə, onlar da düşünüb dərk edələr!” (Nəhl, 16/44); “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır”. Yenə də: “Amma, xeyr! (Ya Rəsulum!) Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən ixtilaflarda səni hakim (münsif) təyin etməyincə və verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan sənə tam bir itaətlə boyun əyməyincə, (həqiqi surətdə) iman gətirmiş olmazlar” (Nisa, 4/65).
Beləliklə, Uca Allah müəyyən etmişdir ki, müsəlmanlar həyatda həm Müqəddəs Quranı – Onun Kəlamını, həm də Sünnəni – Məhəmməd Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) müdriklik təcəssümünü əldə rəhbər tutmalıdırlar.
“Hədis” anlayışı və onun sinonimi olan “sünnə” Müqəddəs Quranın nazil olması və VII əsrin başlanğıcında ərəb cəmiyyətində İslamın bərqərar olması, yeni dinin Ərəbistan hüdudlarından kənara çıxması ilə bağlıdır. Bu ərəb sözləri İslama qədər də mövcud idi. İslamın təşəkkül tapması gedişində isə onlar, dinin özəllikləri kimi, yeni dini dünyagörüşün və ayinlərin düzgün anlaşılması üçün birinci dərəcəli əhəmiyyət kəsb edən istilahlarına çevrildilər. Özü də, “hədis” və “sünnə” sözləri Müqəddəs Quranda həm ilkin (islamaqədərki) və həm də yeni mənada, İslam anlayışı kimi istifadə edilir.
Allahın Kitabının təbliğ etdiyi yeni dini təlim olan Qurana uyğun olaraq, Məhəmməd Peyğəmbərə (ona Allahın salamı və salavatı olsun) İslam təbliğatının ümumi anlaşılmazlıqla qarşılandığı bir dövrdə Məkkədə nazil olan ayədə “hədis” sözünə rast gəlinir. Bu ayədə Uca Allah buyurur ki, Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) hədisə - yeni təlimə inanmayanların rəftarına görə ürəyində təəssüflənməməlidir (Kəhf, 18/6).
Quranda ərəb sözü olan “hədis” nə isə bir yeniliyi ifadə etmək, şərh etmək, bəyan etmək, söyləmək mənalarını bildirir. Deməli, bu mənada “hədis” müsəlmanlara indiyədək məlum olmayan, onların qəbul etmədiyi hansısa bir yenilikdir. Məhəmməd Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) təbliğat fəaliyyəti apardığı dövrdə ərəblər üçün Quran və İslamın məhz belə naməlum və qəbulolunmaz bir nəsnə olması, düşünmək olar ki, təəccüblü deyil. Çünki İslam, kökləri qədim əsirlərin dərinliklərinə aparan ənənəvi dini təlimləri sıxışdırıb aradan çıxarmalı idi.
İslamın təşəkkülü və yayılması onun ardıcıllarının dünyabaxışında və davranışında çox böyük mənəvi-ruhani dəyişikliklərin yaranmasına səbəb oldu. Quran prinsipcə çoxsaylı yeni ənənələr, norma və adətlər təbliğ edirdi. O, özünün, ərəblərə, İslamı qəbul etmiş digər xalqlara xas olmayan xüsusi əxlaq dəyərlərini yaratdı və həyata tətbiq etdi.
Beləliklə, ərəblərin və digər xalqların çoxtanrıçılıqdan vahid Allaha ibadətə keçmələri onların həyatında çoxsaylı kəşflərin – “hədislərin” tətbiqi ilə müşayiət edilirdi. Onlar üçün, yuxarıda qeyd edildiyi kimi, yeni (hədis) olan şey Quran və onun özü ilə gətirdiyi təlim idi. Quran təlimi və normaları müsəlmanların həyatında başlıca yer tutaraq, onlar üçün gündəlik norma rolunu oynamalı, onların adətinə (adət - ərəbcə - sünnə) çevrilməli idi.
İslama qədər sünnə ərəblərin arasında hökm sürən, onların həyat yolunu müəyyənləşdirən adi məişət normaları, qaydaları və üsulları idi. İslam ona qədər olan heç nəyi əsaslandırmadan inkar etmirdi və etmir, öz ardıcıllarının həyat tərzində əsrlər boyu bərqərar olmuş və adətə çevrilmiş dəyərlərə tamamilə etinasız yanaşmaq mövqeyində də durmur.
İslam bu dəyərləri heç avtomatik olaraq da “özününküləşdirmirdi”. İslam, onun əxlaqi təsəvvürlərinə, əxlaqi məqsədlərinə uyğun gəlməyən dəyərlərin qadağan edilməsi prinsipinə əsaslanır. Xalqın həyat fəaliyyətində qalan nə varsa, hətta İslamda nəzərdə tutulmasa belə, hörmətə layiqdir və müsəlmanların gündəlik həyatı və məişətində öz yerini tuta bilər: “Allah sizə (bilmədiklərinizi) bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları (ərəbcə mətndə - “sünnə”) sizə göstərmək... istər” (Nisa, 4/26).
Eyni zamanda, Quran öz dəyərlərinə uyğun gəlməyən keçmişdən qalma nə varsa qətiyyətlə pisləyir və rədd edir. Allah alkoqollu içkilərin qəbulunu, yeni doğulmuş qız uşaqlarının diri-diri basdırılmasını, kişi və qadın arasında qaydasız cinsi münasibətləri, donuz əti yemək kimi adəti və s. pisləyir və qadağan edir.
Bizim, Peyğəmbərə (ona Allahın salamı və salavatı olsun) aid edilən hədislərin həqiqiliyinə inamımız və onlarda bu gün də bizi narahat edən çoxsaylı suallara cavab axtarmağımız bir sıra təkzibolunmaz sübutlara əsaslanır.
Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) Quranın ayələrinin qorunub saxlanmasına, onların dəqiqliklə qeyd edilməsinə böyük diqqət yetirməklə yanaşı, özünün ilk təbliğat fəaliyyəti illərində hədislərin yazıya alınmasını qadağan etmişdi. O hesab edirdi ki, hədislər dindarların diqqətini haqsız olaraq çox cəlb edə və onları Müqəddəs Qurandan yayındıra bilər. Lakin müsəlmanların sayı getdikcə artırdı, İslam artıq Mədinənin hüdudlarından uzaqlara çıxmışdı. Bu, təbii olaraq müsəlmanların adi və dini həyatının hərtərəfli yenidənqurulması gedişində qarşıya çıxan məişət məsələlərinin həlli üçün məsuliyyət daşıyan şəxslərin onları tənzimləyən göstərişlərə olan ehtiyacının artmasına səbəb oldu. Bu tələbatı ancaq Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) təmin edə, dindarların çoxsaylı suallarına cavab verə bilərdi. Onun hədislərinə olan marağın daima artmasına əhəmiyyətli dərəcədə təsir göstərən amillərdən biri də müsəlmanların Quranı öyrənməyə və əzbərləməyə can atmaları idi. Bu isə, öz növbəsində, onların qarşısında çoxlu suallar qoyurdu ki, cavabı da onlara təkcə Peyğəmbər (ona Allahın salamı və salavatı olsun) verə bilərdi.
Bütün bunları görərək, Allahın Elçisi (ona Allahın salamı və salavatı olsun) ətrafındakılara hədisləri yazmağa icazə verdi. Təəccüblü deyil ki, bəzi müsəlmanlar o saat bundan istifadə etdilər. Hədis mətnləri şəxsi istifadə üçün onunla yaxın münasibətdə olan bütün şəxslərdə var idi. Bu barədə çox yəqinliklə şahidlik edə bilən sübutlar ondan ibarətdir ki, məhz Peyğəmbərə (ona Allahın salamı və salavatı olsun) yaxın olan şəxslər hədislərin ötürülməsi və tərtib edilməsində ən başlıca mənbələr olmuşlar.
Hədislər Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) ölümündən sonra müsəlmanlar arasında geniş yayılmağa başladı. Özü də onlar təkcə şifahi formada yayılmırdı. Ona yaxın olan adamların əksəriyyətinin əlində yazıya köçürülmüş hədislər var idi. Ən ilkin hədis toplularını gələcək xəlifə Əli ibn Əbu Talib (hicri 40-cı ildə vəfat edib) və İbn Abbas (Allah onların hər ikisindən razı olsun) (hicri 68-ci ildə vəfat edib) tərtib etmişdilər. Onlar – “Əl-Kədeyyə”1 adlandırılmışdı.
Yazılmış hədis mətnləri, bir də qeyd edək ki, nəinki ərəblərin arasında, həm də nəhəng müsəlman dövlətinin hər tərəfinə yayılmışdı. Onların geniş yayılmasına səbəb Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) onunla birgə din uğrunda mübarizəsində iştirak etmiş səhabələrinin və ya onunla yaxın ünsiyyət saxlamış şəxslərin müsəlman dövlətinin müxtəlif ucqarlarında yaşamağa başlamaları olmuşdur.
Qeyd edək ki, yeni hədis topluları əməli ehtiyaclar üçün, yəni, əzbərləmək və əldə rəhbər tutmaq üçün tərtib edilirdi. Lakin onları toplayanlar qarşılarında yeni, əvvəllər məlum olmayan hədislərin axtarışı məqsədini qoymurdular. Yeni hədislərin yazıya alınması ilə ancaq ayrı-ayrı adamlar məşğul olurdular ki, onlar hədisləri nə təsnifləşdirməyə, nə də onları sistem halına salmağa çalışmırdılar. Bu sırada istisna təşkil edənlər nadir insanlardı. Belə ki, Əbu Hureyrənin (Allah ondan razı olsun) sözlərindən hədislər rəvayət etmiş Həmmam bin Münəbbihin tərtib etdiyi ən səhih hədis toplusu sonralar hədisşünaslar - mühəddislər tərəfindən klassikaya çevrilmiş məcmuələrin tərtib edilməsində istifadə olunmuşdur.
İslam o vaxtlar, təxminən yüz il və ya bir əsr ərzində dünya dininə çevrilmiş, Qərbdə Hibraltardan başlayaraq, Şərqdə Qaşqara qədər yayılmışdı. Dünyada ən nəhəng müsəlman dövləti olan Ərəb xilafətinin tərkibinə çoxsaylı xalqların məskunlaşdığı ərazilər daxil idi. Onlar müxtəlif dillərdə danışır, ən müxtəlif ənənələrə, xasiyyətlərə və adətlərə malik idilər. Onların böyük bir hissəsi müsəlmanlığı qəbul edərək, əksəriyyəti ancaq hədislərdə öz əksini tapmış yeni qanun və qaydalara müvafiq yaşamalıydılar. Kağız üzərinə köçürülmüş və hamı üçün əlverişli olan hədislərə tələbat gün kimi aydın idi.
İlkin olaraq bu tələbatı nəinki dərk etdi, hətta onu təmin etmək məqsədilə bir sıra addımlar atan xəlifə Ömər Əbdüləziz (681-720) oldu. O, Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) ən yaxın səhabəsi ikinci xəlifə Ömər ibn əl-Xəttabın (Allah ondan razı olsun) nəticəsi idi. O hədis bilicilərini xilafətinin bütün ucqarlarına yollayaraq onlara həm Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) kəlamlarını yaymağı, həm də onları toplamağı tapşırırdı. Onun nümayəndəsi imam əz-Zohri (hicri 50-124-ci illər) Sünnəni rəsmi qaydada yazıya köçürməklə məşğul olanlardan birincisidir. O, özündən əvvəl tərtib olunmuş əlyazma hədisləri əhəmiyyətli dərəcədə genişləndirmişdir.
İslam dünyası həm keçmişdə bilirdi və həm də bu günümüzdə bir çox hədis topluları haqqında məlumata malikdir. Amma onlardan ancaq ikisi “Səhih” adlanır və təkcə onlar mötəbər və etibarlı hədislərdən ibarətdir. Bunlar təkcə – imam əl-Buxarinin “Səhihi” və imam Müslimin “Səhihi”-dir.
İmam əl-Buxari (tam adı Məhəmməd ibn İsmail ibn İbrahim ibn əl-Muğirə ibn Bərdizbah Əbu Abdullah əl-Cufi əl-Buxaridir) 810-cu ildə (hicri 194-cü ildə) Buxarada doğulmuşdur. Erkən uşaqlıq dövründən onun dini tərbiyəsi ilə şəhər məscidlərindən birinin imam xətibi olan babası məşğul olmuşdur.
Gələcək dünya şöhrətli hədisşünasın istedadı hələ onun lap erkən yaşlarında özünü biruzə vermişdi. Artıq altı yaşında olarkən o, Quranın bir çox surələrini əzbər oxuyurdu. Onu dinləmək üçün uzaq yerlərdən gəlirdilər.
9 yaşında yeniyetmə Məhəmməd ibn İsmail hədisləri əzbərləməyə və toplamağa başladı və onları mövzular üzrə ayırmağa cəhd göstərdi. Tezliklə o bu məsələdə uğurlar qazanmağa, öz müəllimlərinin səhvlərini və yanlışlıqlarını görməyə başladı.
O, 16 yaşında, həcc ziyarətindən sonra, dörd il Məkkədə məşhur hədisşünas, o zaman üçün ən böyük – 30 min hədis siyahısına malik olan Əhməd ibn Hənbalın rəhbərliyi altında hədisləri öyrənmiş, tanınmış ilahiyyat alimləri ilə görüşmüş, dini mövzular üzrə aparılan diskussiyalarda iştirak etmişdir.
Sonra Məhəmməd ibn İsmail öz müəllimi ilə Ərəb xilafətinin paytaxtı, öz tədris və elmi ocaqları ilə geniş tanınan Bağdadda bir-neçə il keçirmişdir.
Daha sonra o, Misirdə, Suriyada, Səmərqənddə və Nişapurda yaşamışdır. Olduğu bütün yerlərdə o, yeni hədislərin toplanması və onların sistemləşdirilməsi ilə məşğul olmuşdur. O, cəmi 600 min hədis yaza bilmiş və onlardan 200 minini şəxsən özü toplamışdır. 300 min hədisi əzbər bilirdi. Onlardan 100 minini “əsl”, yəni “səhih”, 200 minini isə əsli, həqiqi olmayan, səhihliyi şübhə doğuran sayırdı.
İmam əl-Buxari həyatının əsas hissəsini Səmərqənd yaxınlığındakı Xartanqi kəndində keçirmişdir. Burada o, topladığı bütün hədisləri qaydaya salmış, əzbər bildiklərini isə yazıya almışdır.
İmam əl-Buxari ilk dəfə olaraq özündən əvvəlki hədis toplayanların ümumi çatışmazlığı olan – bütün məlum hədislərin hədis toplularına daxil edilməsini aradan qaldırmışdır. Özü də onlar hədisləri ayrı-ayrı məsələlər və suallar üzrə təsnifləşdirmirdilər. Bu isə öz növbəsində hədislərdən istifadə etməyi olduqca çətinləşdirirdi.
İmam əl-Buxari çoxillik işinin gedişində elə bir metod işləyib hazırladı ki, onun tətbiqi hədislərin toplanması və sistemləşdirilməsi üzrə bütün işləri ciddi elmi əsaslarla aparmağa imkan yaratdı. O ilk dəfə olaraq hədisləri doğru, gerçək (səhih) və qeyri səhih, doğru olmayan, uydurulmuş kimi iki qismə böldü. Onun başlıca metodu isnad oldu. İsnad – konkret hədisi sonuncu ötürücüdən (rəvayətçidən) onun birinci ötürücüsünədək rəvayətçi həlqələrinin müəyyənləşdirilməsidir. Bu zaman o, əsas diqqəti ilk ötürücü qaynağı rolunu oynamış, hədisi yazıya köçürmüş şəxslərin müəyyənləşdirilməsinə, onu sonradan ötürmüş şəxslərin adlarının bir-bir sadalanmasına xüsusi diqqət yetirirdi. Əsli olan, dəqiq, etibarlı hədislərə o hədislər aid edilirdi ki, onları rəvayət edənlər Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) davranışının bilavasitə şahidi və yaxud onun kəlamlarını, şərhlərini şəxsən eşitmiş olsunlar. İmam əl-Buxari üçün istisnasız vacib olan məqam – hədis ötürücülərinin mənəvi-əxlaqi siması idi; yaramaz hərəkətlərlə, sənədi aşınmalarla bağlı olan şəxsdən rəvayət edilən hədis, səhih hədislər sırasından çıxarılırdı.
Bu və digər üsulların, üslubların tətbiqi imam əl-Buxariyə imkan verirdi ki, hədisin həqiqiliyini və ya uydurulmuş (saxtalaşdırılmış) olduğunu aşkar etsin. Onun metodları etibarlı sipər rolunu oynadı ki, onların vasitəsi ilə Allah Sünnəni qorudu. Allah heç kimə istədiyini və Allahın Elçisinə (ona Allahın salamı və salavatı olsun) məxsus olmayanı Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) adından danışmağa yol verməmişdir.
Hədislərin, qaynağına mənsub olmasını nəzərə almaqla təsnifləşdirilməsinə imkan verən prinsiplərin işlənib hazırlanmasında və tətbiqində aparıcı rol imam əl-Buxariyə məxsusdur. O habelə, birincilər sırasında məqbul sayılan və rədd edilən hədislərin və onların rədd edilməsi səbəblərinin bölgü tipologiyasını işləyib hazırlamışdır.
Hədislərin seçilməsi üzrə belə bir həqiqətən nəhəng miqyaslı tənqidi əsər parlaq nəticələr verdi. İmam əl-Buxariyə məlum olan 600000 hədisdən səhih olanların siyahısına ancaq 7275-i daxil oldu ki, bu da 1 faizdən bir az çox idi. Əvəzində isə, bu hədislər Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) onlarla həqiqətən mükalimə apardığı 208 şəxsdən rəvayət edilmişdir.
İmam əl-Buxari səhih hədislər kimi seçdiklərini “Əl-Cəmi əs-Səhih” (“Səhih toplu”) adlandırdığı dörd cildliyə daxil etmişdir. Onlarda, hədislərlə yanaşı fiqh (müsəlman hüququ), müsəlman ənənələri, islam əxlaqı və tərbiyəsi üzrə və həmçinin o zamanın tarixi-etnoqrafik məzmunlu nadir məlumatlar öz əksini tapmışdır.
Hələ yaşadığı dövrdə imam əl-Buxari İslam dünyasının hədisşünasları (mühəddisləri) arasında tayı-bərabəri olmayan və inkaredilməz nüfuz sahibi kimi tanınmışdır. “Əl-Cəmi əs-Səhih” on bir əsirdən (onun müəllifi 870-ci ildə vəfat etmişdir) çoxdur ki, müsəlmanlar üçün Qurandan sonra bütün məsələlər üzrə ikinci nüfuzlu əsas mənbədir.
Bu əsərdən istifadə etməyi əhəmiyyətli dərəcədə asanlaşdıran amil, hədislər toplusunun konkret mövzulara bölünməsi ilə bağlıdır. Bölmələrin adları hədislərin məzmununun çoxcəhətli səciyyəsi, İslam dini və şəriətinin izah edilməsi üçün onların böyük əhəmiyyəti haqqında fikri əyani surətdə təsdiq edir. Onlar, müsəlmanın gündəlik həyatına dinin irəli sürdüyü tələbləri, əldə rəhbər tutmaq üçün zəruri olan təlimatları aydın şəkildə ifadə edir.
Bir-neçə nümunə gətirək.
Toplu, “Vəhyin başlanğıcı” fəsli ilə açılır. Fəsil yeddi hədisdən ibarətdir. Bu fəsillər olmadan biz Məhəmməd Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) vəhyləri Uca Allahdan havaxt və harada almağa başladığını, Quran ayələrinin ona mələk Cəbrail tərəfindən necə verildiyini, bu zaman onun hansı vəziyyətə düşdüyünü, dini təbliğatı fəaliyyətinə başlamasına ətrafdakıların necə münasibət bəsləməsini müəyyənləşdirə bilməzdik.
Buxari Səhihində İslamın Quranda ümumiləşdirilmiş şəkildə verilməmiş beş əsasının tam ifadəsi öz əksini tapmışdır. Quranda müsəlmanların bu əsaslara necə riayət etmələri də göstərilməmişdir. Əvəzində isə onlar Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) hədislərində verilib ki, bunu əsərin “Dəstəmaz kitabı”, “Qüsl kitabı”, “Namazın vaxtı haqqında kitab”, “Azan kitabı”, “Namazın qısaldılması kitabı”, “Zəkat kitabı”, “Həcc kitabı”, “Oruc kitabı” və b. fəsilləri yəqinliklə təsdiq edir.
Hədislərin əhəmiyyətli bir qismi müsəlmanların qarşılıqlı münasibətlərinə, onların davranışına, gündəlik həyati problemlərinə həsr edilmişdir. Bu qəbildən olan hədislər şərti olaraq iki qrupa bölünə bilər: Quranda olan müddəaları şərh edən hədislər; Quranda bəhs edilməmiş, lakin müsəlmanlar üçün böyük maraq doğuran və əhəmiyyət kəsb edən məsələlər haqqında məlumat verən hədislər.
Bəşər fəaliyyətinin ticarətlə bağlı nümunəsinə aid hədis növlərindən ən birincisini qısaca səciyyələndirək. Quranda ticarətə bir-neçə ayə (Bəqərə, 2/276, 282; Cümuə, 62/9-11; Nisa, 4/33) həsr olunmuşdur. Onlar İslamın ticarətin aparılmasına münasibətini ümumi şəkildə ifadə edir. Ticarətə, icazə verilməsinə baxmayaraq, fərz namazları başlayan kimi, ona fasilə vermək tələb olunur. Ticarət nağd pulla aparılmalıdır. Sələm – faizlə pul vermək (sələmçilik) qadağandır. Diqqət, müsəlmanları namazdan sonra Allahın mərhəmətini qazanmağa çağıran, yəni öz dini vəzifələrini unutmadan gündəlik işlərlə məşğul olmağı davam etdirməyi tələb edən Allah Sözünə yönəldilir. Ayələrin məzmunundan görünür ki, onlar müsəlmanların ictimai həyatının belə bir mürəkkəb sahəsi olan ticarətin tənzimlənməsi üçün açıq-aşkar kifayət etmir. Məlum olduğu kimi, ilk müsəlmanların həyat fəaliyyətində ticarət aparıcı yer tuturdu. İslamın gəlməsi ilə ticarətlə məşğul olanlar mürəkkəb vəziyyətə düşmüşdülər: keçmişdəki kimi ticarət münasibətlərinə qoşulmaq olmazdı, ticarət münasibətlərində baş verən çoxsaylı məsələlərə Quranda cavab verilmirdi. Və, təbii ki, yeni şəraitdə meydana çıxan bütün suallarla müsəlmanlar Peyğəmbərə (ona Allahın salamı və salavatı olsun) müraciət edirdilər, alış-veriş məsələlərində onun necə hərəkət etdiyinə diqqət yetirir, onun bəyənməsini və ya pisləməsini gözləyirdilər.
Belə sualların və onlara verilən cavabların səciyyəsi, ticarətə münasibət haqqında Peyğəmbərin (ona Allahın salamı və salavatı olsun) müsəlmanlar qarşısında buyurduqları barədə “Buxari Səhihi” fəsillərinin adlarına görə (“Ticarət sövdələşmələri kitabı”; “Öncədən ödəmə kitabı”; “Muzd və icarə kitabı”; “Borcların köçürülməsi haqqında kitab”; “Borc, borcların ödənilməsi, əşyalara həbs qoyulması və müflis hesab olunma haqqında kitab”; “Şəriklik haqqında kitab”; “Girov kitabı”; “Şəhadət kitabı”; “Vəsiyyətnamələr kitabı” və b.) mühakimə yürütmək olar.
Sonda bir xüsusiyyəti də qeyd etmək lazımdır ki, imam əl-Buxarinin məcmuəsinin əksər hədisləri müsəlmanların gündəlik həyati tələbatlarına cavab verən qayda-qanunlardan ibarətdir ki, onların haqqında Qurani Kərimdə ya birbaşa açıqlama verilməyib, ya da onlara ümumiyyətlə toxunulub (bax: “Yemək haqqında kitab”; “Əqiqə (yeni doğulmuş körpəyə adqoyma) haqqında kitab”1; “Kəsilən heyvanlar və ov haqqında kitab”; “İçkilər haqqında kitab”; “Xəstələr haqqında kitab”; “Tibb kitabı”; “Geyim haqqında kitab”; “Ədəb-ərkan haqqında kitab”; “Əhkamlar haqqında kitab”; “Sınaq kitabı” və b.).
Əvvəlki (rus dilindən çevirdiyimiz) ilk təşəbbüsümüzdən (Buxari, Namaz, Bakı, 2005) fərqli olaraq, Buxari Səhihinin Türk dilindəki nəşrindən azərbaycancaya tərcümə etdiyimiz bu - orucluğa aid hədislər kitabçası bütövlükdə, müəllifinin vəfatından altı əsr keçdikdən sonra, müsəlman ilahiyyatçı alimi əz-Zübeydi tərəfindən, tərtib edilmiş müxtəsər tam variantın bölməsidir.
Xüsusilə vurğulamaq istəyirəm ki, “Oruc” kitabçası adı altında hazırladığımız səhih hədislər toplusunun bu müstəqil fraqmenti bütün müsəlman camaatımız üçün dəyərli və vacib töhfədir.
Bu əsərdə toplanmış Quran ayələrinin türkcədən tərcüməsi üçün Z. Bünyadov və V. Məmmədəliyevin çevirdiyi Quranın mətnindən istifadə edilmişdir.
Buxari Səhihinin Azərbaycan dilində və həm də ayrı-ayrı müstəqil kitablar formatında nəşri ölkəmizdə İslamın elmi əsaslarının, dərindən öyrənilməsinə, Quranla bərabər İslamın ikinci əsas qaynağı olan Sünnənin – hədislər toplusunun daha geniş kütlələr tərəfindən Ana dilimizdə oxunub başa düşülməsinə səbəb olmasını bir olan Allahdan arzu edirəm.
Dostları ilə paylaş: |