“Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının
hazırlanması və qəbul edilməsi Qaydası”nın təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il
16 fevral tarixli 384 nömrəli Fərmanının 1.3.4-cü yarımbəndinin icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. “Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının
hazırlanması və qəbul edilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Bakı şəhəri,
11 noyabr
2011-ci il
№ 184
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 11 noyabr
tarixli 184 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikası Mərkəzi Bankının normativ xarakterli aktlarının
hazırlanması və qəbul edilməsi
Q A Y D A S I
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının
Konstitusiya Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 16 fevral tarixli 384 nömrəli Fərmanının 1.3.4-cü yarımbəndinin
icrası məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Mərkəzi Bankının
(bundan sonra - Mərkəzi Bank) normativ xarakterli aktlarının hazırlanması və qəbul
edilməsi məsələlərini müəyyən edir.
1.2. Mərkəzi Bankın normativ xarakterli aktı Mərkəzi Bank tərəfindən qəbul
edilmiş, məhdud subyektlər dairəsi (bütün banklar, bank olmayan kredit təşkilatları,
habelə digər şəxslər) üçün məcburi davranış qaydasını əks etdirən və dəfələrlə tətbiq
olunmaq üçün nəzərdə tutulan müəyyən formalı rəsmi sənəddir.
1.3. Mərkəzi Bankın normativ xarakterli aktları qərar formasında qəbul edilir.
1.4. Mərkəzi Bankın normativ xarakterli aktları “Normativ hüquqi aktlar
haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra -
Konstitusiya Qanunu) 4.3-cü maddəsinə uyğun olaraq, normativ hüquqi akt əsasında
qəbul edilməlidir və onun müvafiq normasına istinad etməlidir.
1.5. Konstitusiya Qanununun 4.4-cü maddəsinə uyğun olaraq, Mərkəzi Bankın
normativ xarakterli aktları Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə
ziddiyyət təşkil etməməlidir.
1.6. Konstitusiya Qanununun 4.2-ci maddəsinə uyğun olaraq, Mərkəzi Bankın
normativ xarakterli aktları onların icra olunmamasına görə məsuliyyət müəyyən edə
bilməz.
2. Mərkəzi Bankın normativ xarakterli aktlarının hazırlanması
2.1. Mərkəzi Bankın normativ xarakterli aktları Konstitusiya Qanununun 50-ci
maddəsinin tələblərinə uyğun olaraq hazırlanır.
2.2. Mərkəzi Bank normativ xarakterli aktın layihəsini aidiyyəti struktur
bölmələrinin iştirakı ilə müstəqil surətdə hazırlaya, habelə layihələrin hazırlanmasına
müvafiq mütəxəssisləri cəlb edə, bunun üçün xüsusi yaradılmış işçi qruplarına tapşırıq
verə bilər.
2.3. Konstitusiya Qanununun 45.3-cü maddəsinə əsasən normativ xarakterli aktın
layihəsi Mərkəzi Bankın hüquq xidmətinin mütləq iştirakı ilə hazırlanır.
2.4. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında”
Azərbaycan Respublikası Qanununun 17.8-ci maddəsinə əsasən qəbul edilməli olan
normativ xarakterli aktlar Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin
təklifləri nəzərə alınmaqla hazırlanır.
2.5. Konstitusiya Qanununun 46.1-ci maddəsinə uyğun olaraq, Mərkəzi Bankın
normativ xarakterli aktının layihəsinin razılaşdırılması müvafiq qanunvericiliyə əsasən
məcburi olduqda, habelə normativ xarakterli aktda digər dövlət orqanları ilə bağlı
müddəalar olduqda, layihə həmin dövlət orqanları ilə razılaşdırılmalıdır.
3. Mərkəzi Bankın normativ xarakterli aktlarının qəbul edilməsi
3.1. Mərkəzi Bankın normativ xarakterli aktları İdarə Heyəti tərəfindən qəbul edilir
və Mərkəzi Bankın sədri tərəfindən imzalanır.
3.2. Mərkəzi Bankın normativ xarakterli aktları Azərbaycan Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinə (bundan sonra - Dövlət Reyestri) daxil edilmək
məqsədi ilə həmin aktların qəbul edildiyi gündən 3 gün keçənədək Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyinə göndərilir.
3.3. Mərkəzi Bankın normativ xarakterli aktları, həmin aktlarda qüvvəyə
minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, Dövlət Reyestrinin elektron
variantında dərc edildiyi gündən qüvvəyə minir.
3.4. Zəruri hallarda, o cümlədən yeni hüquqi aktın qəbul edilməsi ilə əlaqədar
Mərkəzi Bank qüvvədə olan normativ xarakterli aktlarında müvafiq dəyişikliklər edir.
Normativ xarakterli aktlarının yeni qəbul edilmiş hüquqi akta uyğunlaşdırılması
zərurəti olmadıqda, Mərkəzi Bank Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə
müvafiq məlumat verir.
4. Yekun müddəalar
4.1. Mərkəzi Bankın normativ xarakterli aktlarının rəsmiləşdirilməsi, dərc
edilməsi, qüvvədə olması, şərh edilməsi və sistemləşdirilməsi ilə bağlı digər məsələlər
Konstitusiya Qanununa uyğun olaraq tənzimlənir.
4.2. Bu Qaydanın 4.1-ci bəndində qeyd edilən, Mərkəzi Bankın normativ xarakterli
aktlarının hazırlanması və qəbul edilməsi ilə bağlı digər məsələlər həmçinin
Azərbaycan Respublikasının “Banklar haqqında” və “Azərbaycan Respublikasının
Mərkəzi Bankı haqqında” qanunlarına uyğun olaraq tənzimlənir.