1
Azərbaycan Respublikası Mərkəzi Bankının
2016-cı il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə
BƏYANATI
2015-ci ildə dünya iqtisadiyyatında qeyri-müəyyənliklər və qlobal maliyyə bazarlarında
qeyri-sabitlik artmış, inkişaf etməkdə olan və iri iqtisadiyyatlara malik bır sıra ölkələrdə iqtisadi
artım zəifləmiş və qlobal risklər yüksəlmişdir. Bu şəraitdə dünya əmtəə qiymətlərinin, o
cümlədən neftin qiymətinin azalması prosesləri güclənmiş, bir sıra valyutaların, o cümlədən
xammal ixrac edən ölkələrin milli valyutalarının ucuzlaşması daha da sürətlənmişdir.
Qlobal və regional səviyyədə gedən mürəkkəb iqtisadi proseslər dünya iqtisadiyyatına sıx
inteqrasiya olunmuş Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərmişdir. Neftin qiymətinin
kəskin aşağı düşməsi xarici valyuta gəlirlərinin və tədiyə balansının profisitinin əhəmiyyətli
azalmasına gətirib çıxarmışdır. Bununla əlaqədar milli iqtisadiyyatın dayanıqlığının
gücləndirilməsi çağırışları daha da aktuallaşmış, bu çağırışlara uyğun olaraq büdcə-vergi və
pul-məzənnə siyasətində adekvat manevrlər həyata keçirilmişdir. Qeyri-neft sektorunda iqtisadi
artımın əsas amili olan daxili tələbin əsas komponentləri isə əhəmiyyətli dərəcədə dəyişməyə
başlamışdır.
Bütün bunlar yüksək neft qiymətləri dövründə valyuta bazarında formalaşmış balansı
prinsipial olaraq dəyişdirmiş, manatın məzənnəsinə təzyiqlər artmışdır. Eyni zamanda tərəfdaş
ölkələrdə baş verən silsilə devalvasiyalar milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyəti
üçün ciddi risklər yaratmışdır. Yaranmış yeni vəziyyət məzənnə rejiminə yenidən baxılmasını
zəruri etmişdir. Uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə
alaraq tədiyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə
qorunması, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin təmin olunması məqsədilə Mərkəzi Bank
“üzən məzənnə rejiminə”nə keçid barədə qərar qəbul etmişdir. Bu keçid taktiki olaraq
makroiqtisadi manevr xarakterini daşımış, strateji olaraq isə milli iqtisadiyyatın
şaxələndirilməsi strategiyasının dəstəklənməsinə yönəlmişdir.
Yeni qlobal və daxili iqtisadi şəraitdə bank sektorunda risklərin artması maliyyə
sabitliyinin qorunması vəzifəsini daha da kəskinləşdirmişdir. Mərkəzi Bank bank sektorunun
restrukturizasiya prosesinə başlamış, sektorun maliyyə dayanıqlığının gücləndirilməsi və
risklərin idarə edilməsi tədbirlərini daha da gücləndirmişdir. Eyni zamanda ölkədə maliyyə
infrastrukturunun inkişafı davam etmiş, o cümlədən ödəniş sistemlərinin fəaliyyəti
genişləndirilmişdir.
2
MƏRKƏZİ BANKIN FƏALİYYƏTİ
1.1. MAKROİQTİSADİ MÜHİT
QLOBAL İQTİSADİ ŞƏRAİT. 2015-ci il dünya iqtisadiyyatında qeyri-müəyyənliklərin
artması, qarşılıqlı asılı olan ölkə qrupları üzrə zəif və kövrək iqtisadi artım, əmtəə qiymətlərinin
kəskin aşağı düşməsi, məzənnələrin qeyri-sabitliyi, bir sıra inkişaf etməkdə olan ölkələrdə
maliyyə və əmlak “köpükləri”nin boşalması ilə səciyyəvi olmuşdur.
Mövcud meyilləri nəzərə alaraq Beynəlxalq Valyuta Fondu (BVF) qlobal artım
proqnozlarını azaldılma istiqamətində dəyişmişdir. Son proqnoza görə cari ildə qlobal real
iqtisadi artımın 3.1% olacağı gözlənilir ki, bu da öncə verilmiş proqnozdan 0.2 faiz bəndi
aşağıdır. İqtisadi artım proqnozu inkişaf etmiş ölkələr (İEÖ) üzrə 2%-ə, inkişaf etməkdə olan
ölkələr (İEOÖ) üzrə isə 4%-ə endirilmişdir. BVF-nun proqnozları bazasında aparılan
hesablamalara görə Azərbaycanın əsas ticarət tərəfdaşı olan 15 ölkə üzrə (qeyri-neft ixrac çəkili)
0.64%, o cümlədən MDB üzrə 2.7% ressesiya gözlənilir.
BVF dünya Ümumi Daxili Məhsulunun (nominal ÜDM) 2009-cu ildən etibarən ilk dəfə
olaraq azalacağını proqnozlaşdırır. Qiymətləndirmələrə görə ÜDM nominal ifadədə ötən illə
müqayisədə təxminən 5% azalaraq 73.5 trilyon ABŞ dolları təşkil edəcək. Bu isə əksər ölkələrin
valyutalarının dollara qarşı ucuzlaşması nəticəsində həmin ölkələrin nominal ÜDM-nin dollar
ifadəsində azalması və əmtəə qiymətlərinin ucuzlaşması ilə izah olunur.
Qlobal iqtisadi artımın mühüm amillərindən olan qlobal ticarətin artımı zəif olaraq qalır.
2015-ci ilin sonuna qlobal əmtəə və xidmət ticarətinin cəmi 3.2% artacağı gözlənilir.
Zəif iqtisadi fəallıq dünyada məşğulluğun bərpasını çətinləşdirir. Beynəlxalq Əmək
Təşkilatının qiymətləndirməsinə görə hazırda dünyada 204 milyon işsiz var ki, bu da qlobal
böhran öncəsi səviyyədən 34 milyon nəfər çoxdur.
Qlobal maliyyə və investisiya axınları coğrafiyasının İEÖ-lərə doğru istiqamətlənməsi
2015-ci ildə davam etmişdir. BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD)
qiymətləndirmələrinə əsasən birbaşa xarici investisiyaların artımı 2015-ci ildə İEÖ üzrə 23.8%,
İEOÖ üzrə isə 3.3% səviyyəsində olacaq.
ABŞ dollarının əksər ölkələrin valyutalarına qarşı məzənnəsinin möhkəmlənməsi baş
vermişdir. Cari ilin əvvəlindən ABŞ dolları Avroya qarşı 11%, Çin yuanına qarşı 4%, Türkiyə
lirəsinə qarşı 26%, Rus rubluna qarşı 22%, Qazaxıstan tengesinə qarşı 86%, Norveç kronuna
qarşı isə 17% möhkəmlənmişdir. Dolların bahalaşması ABŞ-da yumşaq pul siyasətindən tədrici
imtina olunması, habelə bir sıra ölkələrə xarici valyuta daxilolmalarının azalması ilə izah olunur.
2015-ci il dünyanın bir çox ölkələrində valyuta ehtiyatlarının azalması da müşahidə
olunmuşdur. BVF-nun məlumatına görə 2015-ci ilin təkcə ilk yarısında mərkəzi bankların
valyuta ehtiyatları 121 mlrd. ABŞ dolları azalmışdır. Azalma əsasən İEOÖ üzrə baş vermişdir
3
ki, bu da kapital daxiolmaları və cari hesabın vəziyyəti, mərkəzi bankların valyuta bazarına satış
yönlü müdaxilələr etməsi və dolların digər valyutalara qarşı möhkəmlənməsi ilə izah olunur.
Qlobal əmtəə qiymətlərinin azalma meyili 2015-ci ildə davam etmişdir. Ötən 11 ayda
qlobal əmtəə qiymətləri 25.5%, o cümlədən ərzaq qiymətləri 15.7%, metal qiymətləri isə
26.6% azalmışdır.
Cari ilin ilk 5 ayında neftin dünya qiyməti artıma meyil göstərərək 1 barrelə görə 68 ABŞ
dollarınadək yüksəlsə də, sonradan yenidən kəskin azalaraq 1 barrelə görə 37 ABŞ dollarına
enmişdir. Bu son 11 ilin ən aşağı səviyyəsidir. Neft qiymətlərində kəskin azalmanın səbəbləri
kimi son vaxtlar dünya neft bazarında təklifin artması, xüsusən Neft İxrac Edən Ölkələr Birliyi
(OPEC) tərəfindən təklifin yüksək olması, son 40 ildə ilk dəfə ABŞ-dan neft ixracına
məhdudiyyətlərin götürülməsi, sanksiyaların aradan qaldırılması nəticəsində İranın bazara çıxma
ehtimalı və digər amillər göstərilir. ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcəsinin
artırılmasına dair qərarı isə ABŞ dollarını bahalaşdırmaqla dolayısı ilə neftin qiymətinə azaldıcı
təsir etmişdir. Əsas neft istehlakçısı olan bir sıra inkişaf edən ölkələrdə iqtisadi artımın
zəifləməsi də neftin ucuzlaşmasında fundamental amillərdən biridir.
Ümumilikdə, 2014-cü ilin iyun ayından neftin qiyməti 3 dəfədən çox aşağı
düşmüşdür. Neftin ucuzlaşması bir sıra neft ixrac edən ölkələrdə dövlət xərclərinin ixtisarları və
milli valyutaların dəyərdən düşməsi ilə müşaiyət olunmuşdur.
XARİCİ İQTİSADİ MÖVQE. 2015-ci ildə Azərbaycanın xarici iqtisadi mövqeyi dünya
əmtəə bazarındakı konyunktur və ticarət tərəfdaşlarındakı vəziyyətin təsiri altında
formalaşmışdır.
2015-ci ilin 9 ayında tədiyə balansının cari hesabında 241 mln. ABŞ dolları həcmində
profisit yaranmışdır. Bu profisitin ötən ilin eyni dövrünə nəzərən əhəmiyyətli azalması əsasən
neftin ucuzlaşması ilə izah olunur. Qeyri-neft sektoru üzrə əmtəə və xidmət balansı isə tərəfdaş
ölkələrdəki iqtisadi proseslərdən təsirlənmişdir.
2015-ci ilin sonuna tədiyə balansının cari hesabının pik ilində (2011) olan 17 mlrd. ABŞ
dolları həcmində profisitinin təxminən 0.5 mlrd. ABŞ dollarına düşməsi proqnozlaşdırılır.
Cari ilin 11 ayda ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 48.7% azaldığı halda, idxal
demək olar ki, dəyişməmişdir. İxracda azalma əsasən neft-qaz sektoru üzrə baş vermişdir.
Xarici ticarət balansının profisiti 5 dəfədən çox azalaraq 2.4 mlrd. ABŞ dolları təşkil etmişdir.
İqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət daxil olan pul baratlarına da təsir etmiş,
ilkin rəqəmlərə görə pul baratları ötən ilin eyni dövrü ilə müqayisədə 30%-dən çox azalmışdır.
2015-ci ildə ölkənin strateji valyuta ehtiyatlarının zəruri həcmdə qorunması təmin
edilmişdir. Hazırda strateji ehtiyatlar 39 mlrd. ABŞ dolları təşkil etmişdir ki, bu da 26.5 aylıq
mal və xidmət idxalına kifayət edir və xarici dövlət borcunu 5 dəfədən çox üstələyir.
İQTİSADİ ARTIM. 2015-ci ildə iqtisadi artım davam etmiş və bu artımın başlıca
mənbəyi qeyri-neft sektoru olmuşdur.
4
Cari ilin 11 ayında real ÜDM 3.1%, o cümlədən qeyri-neft iqtisadiyyatında 4% artmışdır.
ÜDM-in 69.3%-i qeyri-neft sektorunun payına düşmüşdür. İqtisadi artımda daxili tələb, o
cümlədən istehlak tələbi və investisiya qoyuluşları mühüm rol oynamışdır.
2015-ci ilin 11 ayında ölkə iqtisadiyyatına investisiyaların həcmi 14.4 mlrd. manat təşkil
etmişdir. Əvvəlki illərdə olduğu kimi cari ildə də dövlət investisiyaları ölkədə investisiya
aktivliyi mühüm rol oynamışdır. 2015-ci ilin 11 ayında ev təsərrüfatlarının istehlak xərclərinə ilk
növbədə gəlirlərin artımı təsir göstərmişdir. Dövr ərzində əhalinin nominal pul gəlirləri 5.7%,
orta aylıq əmək haqqı isə 4.6% artmışdır.
1.2. PUL SİYASƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ
İNFLYASİYA. Qiymətlərin sabitliyinin təmin edilməsi, inflyasiyanın təkrəqəmli
səviyyədə saxlanması hesabat dövründə də Mərkəzi Bankın və hökumətin başlıca vəzifələrindən
biri olmuşdur.
2015-ci ilin 11 ayında orta ilik inflyasiya 3.7% təşkil etmişdir. Ərzaq qiymətlərinin
artımı isə 5.9% olmuşdur. Nominal effektiv məzənnə, inflyasiya gözləntiləri və ticarət
tərəfdaşlarında yüksək inflyasiya qiymətlərə artırıcı, pul təklifi və dünya qiymətlərinin dəyişimi
isə azaldıcı təsir göstərmişdir. Bundan başqa bir sıra sosial əhəmiyyətli məhsulların
qiymətlərinin tənzimlənməsi inflyasiya səviyyəsini azaldan amillərdən olmuşdur.
İnflyasiya tempi əhalinin nominal gəlirlərinin artım tempindən aşağı olmuş, nəticədə
əhalinin sərəncamında qalan gəlirlər real olaraq 11 ayda 2% artmışdır. 2015-ci ilin 11 ayında
ticarət tərəfdaşı olan ölkələrdə inflyasiya orta hesabla 8.3% təşkil etmişdir ki, bu da
Azərbaycandakı inflyasiyadan 4.6 faiz bəndi çoxdur. Ötən ilin eyni dövrü ilə müqayisədə sənaye
məhsullarının istehsalçı qiymətləri indeksi 32% azalmış, kənd təsərrüfatı məhsullarının istehsalçı
qiymət indeksi isə 2.3% artmışdır.
MƏZƏNNƏ. 2015-ci ildə xarici valyutaya tələbin kəskin artması şəraitində Mərkəzi
Bankın məzənnə siyasəti makroiqtisadi dayanıqlığın təmin olunması və milli iqtisadiyyatın
beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsi məqsədləri çərçivəsində həyata keçirilmişdir.
2015-ci ildə valyuta bazarında xarici valyuta təklifinin əhəmiyyətli azalması, xarici
valyutaya tələbin isə kəskin artması müşahidə edilmişdir. Bu, valyuta bazarının həm nağd, həm
də qeyri-nağd seqmentləri üzrə baş vermişdir.
Tədiyə balansının profisitinin aşağı düşməsi səbəbindən başlanılmış büdcə xərclərinin
yığcamlaşdırılması siyasəti çərçivəsində neft gəlirlərinin büdcəyə transfertlərinin azaldılması
da xarici valyuta təklifinin əhəmiyyətli məhdudlaşmasına gətirib çıxarmışdır. Transfertlərin
həcminin azalması şəraitində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta
satışları ötən illə müqayisədə 33% azalmışdır. Xarici valyutaya tələbin kəskin artması isə əsasən
yüksək dollarlaşma ilə izah olunur.
5
Bütövlükdə, yaranmış yeni situasiyada neftin yüksək qiyməti (100 ABŞ dolları) dövründə
formalaşmış makroiqtisadi göstəricilərin əhəmiyyətli korreksiyasına zərurət yaranmışdır.
Valyuta bazarına və manatın məzənnəsinə ciddi təzyiqlərin yaranmasını nəzərə alaraq cari ilin
fevralında manatın devalvasiyası həyata keçirilmiş, valyuta bazarı və manatın məzənnəsi neftin
50-55 dollar qiymətinə adaptasiya olunmağa başlamışdı. Cari ilin may-iyul aylarında Mərkəzi
Bank müəyyən həcmdə valyuta alışları da həyata keçirmişdi.
Lakin, iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi valyuta
bazarına və məzənnəyə təzyiqi yenidən əhəmiyətli artırmışdır. Eyni zamanda tərəfdaş ölkələrdə
davam edən devalvasiyaların milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinə mənfi təsirləri
güclənmişdir. Son aylarda volatilliyin daha da artması nəzərə alınmaqla 2014-cü ilin əvvəlindən
bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötmüşdür.
Bütün bunlar xarici valyutaya tələbatı artırmaqla manatın məzənnəsinə güclü təzyiq
yaratmış, manatın məzənnəsinin dəyişməsi gözləntilərini yüksəltmişdir. Bu proseslərin təsiri
altında valyuta bazarında kəskin dizbalans yaranmışdır. Mərkəzi Bankın valyuta bazarında
satışları 8 mlrd. ABŞ dollarını ötmüş, valyuta ehtiyatları isə 5 mlrd.ABŞ dollarınadək
düşmüşdür. Bununla da Mərkəzi Bank neftin yüksək qiymətlərində iqtisadiyyatdan topladığı
xarici valyutanı yenidən iqtisadiyyata qaytarmış, nəticədə iqtisadi subyektlərin balanslarının
valyuta strukturu dəyişmişdir. Əhalinin xarici valyutada əmanətləri (ABŞ dolları ifadəsində) ilin
əvvəlindən bəri 40%-dən çox artaraq 5 mlrd.ABŞ dollarını ötmüşdür.
Yaranmış şərait valyuta bazarının və manatın məzənnəsinin yeni neft qiymətlərinə
uyğunlaşmasını zəruri etmişdir. Bunu nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti 21 dekabr
2015-ci il tarixində “üzən məzənnə” rejiminə keçilməsi barədə qərar qəbul etmişdir. Bu qərar
manatın məzənnəsinin valyuta bazarındakı konyunktura uyğun yeni səviyyədə formalaşmasını
şərtləndirmişdir. Nəticədə manatın bütün tərəfdaş ölkələrin valyutalarına nəzərən nominal
ikitərəfli məzənnəsi əhəmiyyətli ucuzlaşmış, onun nominal effektiv məzənnəsi 40%-dən çox
ucuzlaşmışdır. Effektiv məzənnənin ucuzlaşması idxalı əvəzləyən və ixrac sahələrinin inkişafını
stimullaşdıran amildir.
MONETAR VƏZİYYƏT. Pul kutləsinin dinamikası əsasən valyuta bazarında gedən
proseslərin təsiri altında formalaşmışdır.
Cari ilin 11 ayda manatla geniş pul kütləsi (M2 pul aqreqatı) 48% azalmışdır ki, bu da
əsasən iqtisadi subyektlərin öz nağd və qeyri-nağd yığımlarını xarici valyutaya konvertasiya
etmələri ilə əlaqədardır. Xarici valyutada əmanət və depozitlərin cəmi əmanət və depozitlərdə
xüsusi çəkisi ilin əvvəlindəki 36.2%-dən dövrün sonuna 68.4%-ə yüksəlmişdir.
Pul siyasəti alətləri ilə bağlı qərarların qəbulu zamanı Mərkəzi Bank inflyasiya hədəfini
nəzərə almışdır. İnflyasiyanın məqbul səviyyədə qalmasını və pul kütləsinin dəyişimindəki
6
meyilləri nəzərə alaraq, Mərkəzi Bank məcburi ehtiyat normasını 2%-dən 0.5%-ə, uçot
dərəcəsini isə 3.5%-dən 3%-ə endirilmişdir.
İqtisadi artıma dəstək vermək və maliyyə sabitliyini qorumaq üçün Mərkəzi Bank cari ildə
iqtisadiyyata müxtəlif kanallarla (bankların yenidən maliyyələşdirilməsi, hökumət zəmanəti ilə
mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən layihələrin maliyyələşdiriləməsi, məcburi
ehtiyatların azaldılması, banklardan və qeyri-bank kredit təşkilatlarından qiymətli kağızların
alınması, “SVOP” əməliyyatları və s) likvidlik vermişdir.
1.3. MALİYYƏ SABİTLİYİ VƏ BANK SİSTEMİNİN İNKİŞAFI
PRUDENSİAL NƏZARƏT. 2015-ci ildə prudensial tənzimləmə bank sektorunun
dayanıqlığının qorunmasına yönəldilmiş, bankların fəaliyyətinə təsir edən daxili və xarici
amillərin monitorinqi əsasında müvafiq preventiv tədbirlər görülmüşdür.
Mərkəzi Bankın bank nəzarəti və prudensial tənzimləmə sisteminin çevikliyinin
artırılması təmin edilmişdir. Həyata keçirilən tədbirlər bank sektorunda riskləri adekvat
səviyyələrdə idarə etməyə imkan vermişdir. Bankların məzənnənin korreksiyasına adaptasiyası
məqsədilə məzənnə riskinin tənzimlənməsi üçün istifadə olunan açıq valyuta mövqeyi
normativi çevik tənzimlənmişdir. Məzənnə korreksiyasının borcalanların borc yükünə təsirinin
minimallaşdırılması məqsədilə Mərkəzi Bank bank aktivləri üzrə ehtiyatlanma tələblərini
yumşaltmışdır. Eyni zamanda bank sektorunda maliyyə dayanıqlığının qorunmasına yönəlmiş
əlavə tədbirlər görülmüşdür. Kəmiyyət xarakterli requlyativ tələblər yüngülləşdirilmiş, kapital
adekvatlığı əmsalı 10%-ə, leverec əmsalı 5%-ə endirilmişdir. Nəticədə bank sistemində əlavə
kapital və kreditləşmə imkanları yaradılmışdır.
Bank sisteminin restrukturizasiyası çərçivəsində mühüm qərarlar qəbul edilmişdir.
Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli Fərmanı ilə “Azərbaycan Beynəlxalq Bankı”
ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırma
tədbirləri müəyyənləşdirilmişdir. Fərmanın icrası çərçivəsində bankın problemli aktivlərinin
“Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına (“Aqrarkredit”
QSC) ötürülməsi təmin edilmişdir. Eyni zamanda qeyri-sağlam 2 bank sektordan
kənarlaşdırılmışdır (onların aktivlərinin sektorun aktivlərində payı cəmi 0.3% olmuşdur).
2015-ci ildə Mərkəzi Bank tənzimləmə çərçivəsinin Bazel tövsiyələri və Avropa
Direktivlərinə uyğunlaşdırılması işlərini davam etdirmişdir. “Kontr-tsiklik” idarəetmə çərçivəsi
inkişaf etdirilmiş, erkən xəbərdarlıq potensialı gücləndirilmişdir. Bank kapitalının gözlənilməz
itkiləri absorbsiya etmək potensialının gücləndirilməsi məqsədilə kapitallaşma tələblərinin
mərhələli qaydada Bazel standartlarına uyğunlaşdırılması tədbirləri davam etdirilmişdir.
Banklarda korporativ idarəetmənin inkişafı, xüsusilə kompensasiya və mükafatlandırma
siyasətinin tənzimlənməsinə dair yeni təşəbbüslər irəli sürülmüşdür. Banklarda və bank olmayan
7
kredit təşkilatlarında “məsuliyyətli kreditləşdirmə”nin təşviqi üzrə metodoloji baza
yaradılmışdır. Bankların konsolidasiyasının tənzimlənməsinin normativ bazasının yaradılması
üzrə son tamamlama işləri aparılmışdır.
Dünya
Bankı
(DB)
və
BVF
tərəfindən
Azərbaycan
maliyyə
sektorunun
qiymətləndirilməsi üzrə ikinci Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP)
həyata keçirilmişdir. Bank sisteminin strukturu və maliyyə sabitliyi, maliyyə xidmətlərinə çıxış
imkanları proqramla əhatə edilmiş, nəzarət çərçivəsinin Bazel prinsiplərinə uyğunluğu
qiymətləndirilmişdir.
Görülmüş prudensial nəzarət tədbirləri başlıca maliyyə sabitliyi göstəricilərinin
qənaətbəxş səviyyədə qorunmasına imkan vermişdir.
Hesabat dövrünün sonuna bank sektoru üzrə kapital adekvatlığı 12%-lik normaya qarşı
17.8% təşkil etmişdir. Bankların kapitalının böyük hissəsini səhmdar kapitalı təşkil edir ki, bu da
potensial şoklara qarşı müqavimətin artırılması üzrə qlobal meyillərə uyğundur.
Bank sektorunun likvidliyi qənaətbəxş səviyyədə olmuş, öhdəliklərin və hesablaşmaların
icrası fasiləsiz həyata keçirilmişdir. Sektorun ani likvidlik əmsalı (68.6%) Mərkəzi Bankın
minimum tələbindən (30%) 2 dəfədən yüksək olmuşdur.
Bank aktivlərinin keyfiyyəti qənaətbəxş səviyyədədir. Dövrün sonuna real sektorun və
əhalinin vaxtı keçmiş kredit borclarının ümumi portfeldə xüsusi çəkisi cəmi 7% təşkil edir.
Ölkədə maliyyə savadlılığının artırılması məqsədilə Maliyyə Savadlılığı Portalı fəaliyyətə
başlamışdır.
MALİYYƏ VASİTƏÇİLİYİ. 2015-ci ildə bank sisteminin inkişaf dinamikasının
qorunması və iqtisadi subyektlər üçün kreditlərin dəyərinin optimallaşdırılması istiqamətində
tədbirlər davam etdirilmişdir.
Mərkəzi Bank Bank ictimaiyyəti ilə fəal dialoq şəraitində kredit faizlərinin azaldılması
istiqamətində kompleks tədbirlər görmüşdür. Bankların fiziki şəxslərin kreditləşdirilməsi ilə
əlaqədar sosial məsuliyyətinin gücləndirilməsi çərçivəsində komisyon haqqlarının 1%-lə
məhdudlaşdırılmasına dair qərar qəbul olunmuşdur. Bankların əməliyyat xərclərinin aşağı
salınması üçün milli ödəniş sistemi vasitəsilə aparılan banklararası ödənişlər üzrə xidmət
haqqları və nağd pulun məxarici üzrə tariflər də azaldılmışdır.
Hesabat dövrünün sonuna kreditlər üzrə orta faiz dərəcəsi 13.4% (inflyasiya səviyyəsi
nəzərə alınmaqla real faiz 9.7%), o cümlədən kommersiya kreditləri üzrə 9 % (real faiz 5.3%)
təşkil edir.
Bank aktivləri 10% artaraq 27.8 mlrd. manata çatmışdır ki, bu da qeyri-neft ÜDM-in
75%-nə bərabərdir. İqtisadiyyata kredit qoyuluşlarının həcmi 18.7 mlrd. manata çatmışdır ki,
bunun da 77%-ni uzunmüddətli kreditlər təşkil edir. Portfelin çox hissəsi (72%-i) biznes
kreditlərinin payına düşür.
8
Ev təsərrüfatlarına kreditlər üzrə riskləri nəzərə alaraq Mərkəzi Bank bu sahədə
qabaqlayıcı tənzimləyici tədbirləri 2015-ci ildə də davam etmişdir. Ev təsərrüfatlarına kreditlər
2.3%, avtomobil kreditləri isə 42% azalmışdır.
İpoteka kreditləşdirilməsi davam etdirilmiş, 2000 nəfərdən çox şəxsə 96 mln. manat
ipoteka krediti verilmişdir. İpoteka Fondunun kredit portfeli 789 mln. manata çatmış, ipoteka
alanların sayı isə 18 mini ötmüşdür. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan
İpoteka Fondu” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında 27 oktyabr 2015-ci il tarixli
Fərmanı ilə ölkədə ipoteka kreditləşməsinin yeni əsaslarla inkişafına start verilmişdir.
Hesabat dövründə əhalinin əmanətləri bankların başlıca resurs mənbəyi olmuşdur.
Hesabat dövrünün sonuna əhalinin bank əmanətləri 7 mlrd. manatdan çox olmuşdur. Cari ildə
Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə faizlərin yuxarı həddinin
9%-dən 12%-ə qaldırılması da bank sistemində əmanətlərin qorunmasında mühüm rol
oynamışdır. Hazırda Əmanətlərin Sığortalanması Fonduna üzv banklar tərəfindən xidmət olunan
7.3 mln. nəfər əmanətçinin 91% hissəsi qorunan əmanətçilərdir.
ÖDƏNİŞ SİSTEMLƏRİ. Ödəniş sistemlərinin sabit və təhlükəsiz fəaliyyətinin təmin
edilməsi və inkişafı Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən biri olmuşdur.
Milli Ödəniş Sistemi (MÖS) ilə 2015-ci ildə həyata keçirilən ödənişlərin sayı 13%-dən
çox artmış, ödənişlərin həcmi isə ÜDM-in 2.4 mislini təşkil etmişdir.
Davamlı və sabit fəaliyyəti təmin etmək üçün milli ödəniş sistemlərinin fəaliyyəti lokal
telekommunikasya şəbəkəsi üzərindən yenidən qurulmuşdur. Bu milli valyutada hesablaşmaların
kənar təsirlərdən və xarici risklərdən tam qorunmasına imkan verir. Ödəniş-kart
infrastrukturunun təhlükəsizliyinin artırılması və aparılan əməliyyatlar üzrə məlumatların
ölkədən kənara ötürülməsinin qarşısının azaldılması istiqamətində də kompleks tədbirlərə
başlanılmışdır.
Hesabat ilində "Hökumət Ödəniş Portalı"nın (HÖP) genişləndirilməsi davam
etdirilmişdir. Artıq 13 dövlət qurumu və 12 kütləvi xidmət təşkilatı "Hökumət Ödəniş Portalı"na
inteqrasiya olunmuşdur. Eyni zamanda HÖP infrastrukturu “Elektron Hökümət” dövlət
informasiya resursu ilə tam şəkildə inteqrasiya edilmişdir. ASAN ödəniş sistemi vasitəsi ilə
ödənişlərin, habelə “ASAN xidmət” mərkəzlərində göstərilən dövlət xidmətləri üzrə ödənişlərin
HÖP üzərindən aparılması təmin edilmişdir.
HÖP-ə inteqrasiya olunmuş təşkilatlar üzrə 330-dan çox növdə xidmətlərlə bağlı
ödənişlərin 2000-ə yaxın ödəniş məntəqələrində həm nağd, həm də nağdsız formada həyata
keçirilməsi imkanları mövcuddur. Digər ödənişlərlə yanaşı təhsil haqqlarının da bu sistem
vasitəsilə ödənilməsinə başlanılmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sistemdə
emal olunan əməliyyatların həcmi 35% artmışdır.
9
2015-ci ildə poçt sisteminin 63 filialı və onların tərkibində sayı 1104-ə çatan poçt şöbələri
tərəfindən iqtisadiyyata maliyyə xidmətlərinin göstərilməsi davam etmişdir. Ödəniş kartlarının
sayı 5.7 mln. ədədə, bankomatların sayı 2695 ədədə, POS-terminalların sayı isə 76210 ədədə
çatmışdır. Bankomatların sayı 4.2%, POS-terminalların sayı isə 11% artmışdır. Ölkə daxilində
ödəniş kartları ilə aparılmış nağdsız ödənişlərin həcmi 29%, ödəniş kartları ilə elektron ticarət
vasitəsilə aparılmış ödənişlərin həcmi isə təxminən 2 dəfə artmışdır. İctimai nəqliyyatda kütləvi
surətdə nağdsız ödənişlərdən istifadəyə başlanmışdır.
II. 2016-CI İL ÜÇÜN PUL VƏ MALİYYƏ SABİTLİYİ SİYASƏTİ
Orta müddətli dövrdə milli iqtisadiyyatın “yenidən balanslaşdırılması,” özəl
investisiyalara və ixraca arxalanan iqtisadi artım modelinə (“təklif iqtisadiyyatı”) keçidin
sürətlənməsi və bu əsasda daha dayanıqlı və şaxələndirilmiş iqtisadi artımın təmin edilməsi
iqtisadi siyasət qarşısında duran strateji çağırışdır. Bu çağırışa uyğun olaraq milli
iqtisadiyyatın yeni makroiqtisadi dayanıqlıq müstəvisinə keçirilməsi, bu əsasda iqtisadi siyasətin
bütün istiqamətlərinin daha effektiv sinxronlaşdırılması vasitəsilə makroiqtisadi və maliyyə
sabitliyinin təmin edilməsi istiqamətində Mərkəzi Bank hökumətlə birlikdə kompleks tədbirlər
həyata keçirəcəkdir.
2016-cı ildə Mərkəzi Bank pul siyasətinin çevikliyinin artırılmasına, milli iqtisadiyyatın
maliyyə dayanıqlığının və beynəlxalq rəqabət qabiliyyətinin təmin olunmasına imkan verən
siyasət həyata keçirəcəkdir. Mərkəzi Bankın məzənnə siyasəti “üzən məzənnə rejimi”nin
tələblərinə uyğun olaraq məzənnədə kəskin tərəddüdlərin hamarlanmasına yönələcəkdir. Eyni
zamanda hökumətlə birlikdə valyuta bazarının tarazlaşırılmasına yönəlmiş əlavə tədbirlərin də
görülməsi nəzərdə tutulur.
Eyni zamanda bank sektorunda maliyyə sabitliyinin qorunması da mühüm hədəflərdən
biridir. Banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi
məqsədilə bank sektorunun maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin
gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi istiqamətində
kompleks tədbirlər görüləcəkdir. Maliyyə infrastrukturunun inkişafı, nağdsız hesablaşmaların
və elektron ödəniş sistemlərinin genişləndirilməsi istiqamətində fəaliyyət davam etdiriləcəkdir.
2.1. QLOBAL İQTİSADİ MÜHİT VƏ PROQNOZLAR
DÜNYA İQTİSADİYYATI. Yüksələn qlobal risklər fonunda 2016-cı ildə də dünya
iqtisadiyyatında artımın zəif və kövrək olacağı, beynəlxalq əmtəə və maliyyə bazarlarında isə
qeyri-müəyyən şəraitin qalacağı proqnozlaşdırılır.
10
BVF-nun son proqnozlarına görə 2016-ci ildə qlobal iqtisadi artımın 3.8% olacağı
gözlənilir. Bu cari illə müqayisədə yüksək olsa da son qlobal iqtisadi böhrandan öncəki 10 illə
müqayisədə (4.2%) aşağıdır. İEÖ üzrə 2.4%, İEOÖ üzrə isə 4.7% artım proqnozlaşdırılır.
2016-cı ildə də inkişaf etmiş ölkələrin qlobal iqtisadi artımda iştirak payının artacağı
proqnozlaşdırılır. Növbəti ildə ABŞ-da iqtisadi artımın cari illə müqayisədə yüksələrək 3% təşkil
edəcəyi proqnozlaşdırılır. Bu şəraitdə ABŞ-ın Federal Ehtiyatlar Sisteminin yumşaq monetar
siyasətindən tədricən imtina edilməsi siyasətinin davam edəcəyi gözlənilir. Yumşaq monetar
siyasətin təsiri altında 2016-ci ildə Avrozonada iqtisadi artımın 1.7% olacağı gözlənilir.
Maliyyələşmə şərtlərinin sərtləşməsi, struktur islahatların ləng aparılması və geosiyasi
gərginliyin qalması ilə əlaqədar növbəti ildə inkişaf etməkdə olan ölkələrdə iqtisadi artımın
kövrək olacağı gözlənilir. Bu ölkə qrupu üzrə 2016-cı il üçün artım proqnozu son on ilin orta
göstəricisindən 1.1 faiz bəndi aşağıdır. BVF-nun proqnozları əsasında aparılmış hesablamalara
görə 2016-cı ildə Azərbaycanın 15 ticarət tərəfdaşı üzrə (qeyri-neft ixrac çəkili) cəmi 1.2%
iqtisadi artım gözlənilir.
Növbəti ildə qlobal ticarətin 4.1% artacağı proqnozlaşdırılır ki, bu da 1990-2014-cü
illərin orta göstəricisindən 1 faiz bəndi azdır. Mövcud qlobal konyunktur kapital
daxiolmalarının növbəti ildə də İEÖ üzrə daha çox artacağını proqnozlaşdırmağa əsas verir.
UNCTAD-ın proqnozuna görə 2016-cı ildə birbaşa xarici investisiya axınları İEÖ-lərə 13.9%,
İEOÖ-lərə isə 3.9% artacaqdır. Bununla belə, İEOÖ-in birbaşa xarici investisiya
daxilolmalarında payı yüksək (50%-dən çox) olaraq qalacaq.
Aparıcı ölkələrdə iqtisadi fəallıq və mərkəzi bankların monetar siyasəti qlobal maliyyə
bazarlarına da təsirsiz qalmayacaq. Valyuta axınlarındakı qeyri-müəyyənliklər Azərbaycanın
ticarət tərəfdaşı olan ölkələrin valyutalarının məzənnələrindəki dəyişkənliyi artıra bilər. ABŞ-da
monetar siyasətin sərtləşməsi və dünya əmtəə qiymətlərinin azalması şəraitində inkişaf etməkdə
olan ölkələrdə yeni devalvasiya dalğalarının yaşanacağı istisna deyil.
Gözlənilən qlobal iqtisadi mühitdə əmtəə bazarlarında qiymətlərin dəyişkən dinamikaya
malik olacağı proqnozlaşdırılır. BVF 2016-ci ildə əmtəə qiymətlərinin 13.6%, ərzaq
qiymətlərinin isə 4.7% aşağı düşəcəyini proqnozlaşdırır.
2016-cı il üçün dünya bazarında neftin orta qiyməti ilə bağlı müxtəlif proqnozlar verilir.
Dünya neft bazarında təklifin tələbi üstələməsi şəraitində əksər analitik mərkəzlər neftin
uzuclaşmaqda davam edəcəyini proqnozlaşdırırlar.
MİLLİ İQTİSADİYYAT. 2016-cı ildə Mərkəzi Bankın siyasəti milli iqtisadiyyata təsir
edən xarici və daxili iqtisadi amillər, ortamüddətli proqnozlar nəzərə alınmaqla həyata
keçiriləcəkdir.
11
2016-cı ildə də qeyri-neft sektoru iqtisadi artımın başlıca mənbəyi olacaqdır. Milli
iqtisadiyyatın və ixracın şaxələndirilməsinə yönəlmiş əlavə tədbirlər qeyri-neft sektorunda
iqtisadi artıma müsbət təsir edəcəkdir.
Neftin qiyməti tədiyə balansının profisitinə təsir göstərən başlıca amildir. Müxtəlif
qiymət ssenariləri üzrə hökumətin və Mərkəzi Bankın adekvat siyasət reaksiyaları mövcuddur.
Neftin 30 ABŞ dolları qiymətinə düşməsi perspektivləri nəzərə alınmaqla makroiqtisadi
siyasətin yeni şəraitə adaptasiyası təmin ediləcəkdir.
Manatın formalaşmış yeni əlverişli məzənnəsi neftin daha aşağı qiymətində belə idxalın
əhəmiyyətli azalmasını və yerli istehsalla əvəzlənməsini, qeyri-neft ixrac potensialının
reallaşmasını təmin etməklə tədiyə balansının tarazlaşmasına, habelə strateji valyuta
ehtiyatlarının yüksək səviyyədə (hazırda ÜDM-in 100%-indən çox) qorunub saxlanmasına
gətirib çıxarmalıdır.
2.2. 2016-CI İL ÜÇÜN PUL SİYASƏTİ
PUL SİYASƏTİNIN HƏDƏFİ VƏ ÇƏRÇİVƏSİ. 2016-cı ildə pul siyasəti qərarları
iqtisadi artım və inflyasiya riskləri balansının qiymətləndirilməsi əsasında qəbul ediləcəkdir.
Başlıca mandatına uyğun olaraq Mərkəzi Bank səlahiyyətləri daxilində qiymət sabitliyinə
dəstək verməyə çalışacaqdır. Mərkəzi Bank başlıca olaraq baza inflyasiyanın idarə olunmasına
yönəlmiş siyasət həyata keçirəcəkdir.
Xarici ticarət tərəfdaşı ölkələrində inflyasiya və manatın çoxtərəfli məzənnəsində baş
verən dəyişikliklər inflyasiyaya təsir edən mühüm amillər olacaq. İnflyasiyanın səviyyəsinə
daxili tələbin dinamikası və xarici amillər təsir edəcəkdir.
2016-cı ildə Mərkəzi Bank iqtisadi tsikldən asılı olaraq pul bazarında likvidlik
alətlərindən adekvat istifadə edəcəkdir. Mərkəzi Bankın likvidlik alətləri üzrə faiz dərəcələri
“faiz dəhlizi konsepsiyası”na uyğun olaraq müəyyənləşdiriləcəkdir. 2016-cı ildə faiz dəhlizinin
parametrləri iqtisadi mühitə çevik şəkildə uyğunlaşdırılacaq, bunun üçün pul siyasətinin
iqtisadiyyata ötürücülük qabiliyyətinin xüsusiyyətləri də nəzərə alınacaqdır.
Mərkəzi Bank pul siyasətinin çərçivəsini inflyasiyanın birbaşa hədəflənməsi rejiminə
uyğunlaşdırmaq istiqamətindəki fəaliyyətini davam etdirəcəkdir. İnflyasiyanın hədəflənməsi
rejiminə keçid şərtlərinin reallaşdırılması ilə yanaşı pul siyasəti dizaynında baş verən
dəyişikliklər, mərkəzi bankların hədəf perimetrinin və alət arsenalının genişləndirilməsi ilə bağlı
son meyillər nəzərə alınacaqdır.
“Üzən məzənnə” rejiminə keçdikcə Mərkəzi Bank alternativ operativ hədəflər
(“lövbərlər”) vasitəsilə inflyasiyanın monetar amillərinə təsir göstərməyə çalışacaqdır. Pul
siyasətinin faiz dəcərələrinə və iqtisadiyyata ötürücülük qabiliyyətinin gücləndirilməsini təmin
etmək üçün bu siyasətin effektiv həyata keçirilməsinin əsas mexanizmi olan banklararası pul
12
bazarının inkşafının sürətləndirilməsi diqqət mərkəzində saxlanacaq, buradakı faiz dərəcələrinin
faiz dəhlizi mexanizminə inteqrasiyası imkanlarına baxılacaqdır.
Eyni zamanda pul siyasətinin makroprudensial siyasətlə sıx əlaqələndirilməsinə diqqət
artırılacaqdır.
MƏZƏNNƏ SİYASƏTİ. 2016-cı ildə manatın məzənnəsi başlıca olaraq valyuta
bazarında tələb və təklif nisbətini müəyyən edən fundamental amillərin təsiri altında, “üzən
məzənnə rejimi” çərçivəsində formalaşacaqdır.
Üzən məzənnə iqtisadiyyatın mənfi xarici şoklardan etibarlı qorunmasını, onun orta və
uzunmüddətli dayanıqlığının gücləndirilməsini, iqtisadiyyatın və ixracın şaxələnməsinin
sürətləndirilməsini, yerli istehsalın beynəlxalq rəqabət qabiliyyətinin daha da artırılmasını təmin
etməlidir. Məzənnə rejiminin çevikliyinin artırılması valyuta ehtiyatlarının zəruri həcmdə
qorunmasına imkan verən ən mühüm amildir.
Eyni zamanda üzən məzənnə inflyasiyanın hədəflənməsi rejiminə keçidin başlıca
şərtlərindən biridir. Növbəti ildə iqtisadi subyektlərin üzən məzənnə rejiminə adaptasiyasının
tamamlanması gözlənilir.
2016-cı ildə xarici iqtisadi şoklar, neftin qiyməti, xarici ticarətdə tərəfdaş ölkələrin,
xüsusən neft amilinin güclü təsir etdiyi ölkələrin milli valyutalarının dəyişməsi dinamikası
valyuta bazarına və manatın məzənnəsinə təsir göstərən əsas amillər olacaqdır.
Digər tərəfdən, fiskal siyasət, o cümlədən dövlət investisiya siyasəti, xarici borcun idarə
olunması, beynəlxalq hesablaşmalar mexanizminin təkmilləşdirilməsi tədbirləri və digər
institusional məsələlərin həlli valyuta balansına təsir edəcək mühüm amillərdir.
Bütün bunları nəzərə alaraq, 2016-cı ildə Mərkəzi Bank hökumətlə birgə sərəncamında
olan imkanlardan istifadə etməklə valyuta bazarının tarazlaşdırılmasına və bu əsasda kəskin
məzənnə tərəddüdlərinin hamarlanmasına çalışacaqdır.
2.3. MALİYYƏ SABİTLİYİ VƏ MALİYYƏ VASİTƏÇİLİYİ
MALİYYƏ SABİTLİYİ. 2016-cı ildə Mərkəzi Bank dəyişkən iqtisadi mühitdə bankların
risklərə qarşı dayanıqlığının yüksəldilməsi istiqamətində səylərini artıracaqdır. Stress-testlər
əsasında Mərkəzi Bank müxtəlif iqtisadi şoklara qarşı bank sektorunun vəziyyətini preventiv
qaydada simulyasiya etməklə maliyyə sabitliyini qorumaq və effektiv idarə etmək üçün zəruri
hallarda sektora müvafiq intervensiyaların həyata keçirilməsini diqqət mərkəzində
saxlayacaqdır.
Bank sisteminin sağlamlaşdırılması çərçivəsində ilk növbədə Azərbaycan Respublikası
Prezidentinin “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus
səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında
Fərmanının icrası təmin olunacaqdır.
13
Bank sektorunun aktivlərinin keyfiyyətinin qorunması çərçivəsində problemli
aktivlərlə iş xüsusi diqqətdə saxlanılacaqdır. Kreditorların hüquqlarının müdafiəsi, o cümlədən
girovların realizasiyası mexanizminin təkmilləşdirilməsinə dair təşəbbüslər davam etdiriləcəkdir.
Bankların kredit siyasətinin “məsuliyyətli kreditləşmə” fəlsəfəsi çərçivəsində həyata keçirilməsi
növbəti ildə də hərtərəfli təşviqi olunacaqdır.
Bank sisteminin likvidlik səviyyəsinin məqbul səviyyədə qorunması və onun səmərəli
idarə olunması mexanizmlərinin yaradılması xüsusi diqqətdə saxlanılacaqdır. Mərkəzi Bankın
qısamüddətli likvidlik pəncərəsi, habelə zəruri hallarda orta və uzun müddətli likvidlik alətləri
arsenalı bank sisteminin likvidliyinin qorunmasında mühüm rol oynayacaqdır. Bundan başqa
dövlət qiymətli kağızlarının həcminin genişlənməsi və banklararası kredit bazarının inkişafı da
banklar tərəfindən likvidlik mövqeyinin çevik tənzimlənməsinə müsbət təsir edən amillər olacaq.
Bazel prinsipləri və Avropa Direktivləri nəzərə alınmaqla bank nəzarəti çərçivəsinin
təkmilləşdirilməsi, risk əsaslı və kontr-tsiklik prudensial tənzimləmənin tətbiqi üzrə işlər 2016-
cı ildə də davam etdiriləcəkdir. Mərkəzi Bank bankların əməliyyat risklərinin prudensial
tələblərlə əhatə edilməsinə başlayacaqdır.
Bankların risklərin idarə edilməsi üzrə daxili potensialının yüksəldilməsi 2016-cı ildə də
dəstəklənəcəkdir. Banklarda korporativ idarəetmə standartlarının tətbiqi, stress-testləşmə və
modelləşdirmə potensialının yüksəldilməsi üzrə yeni tədbirlər həyata keçiriləcəkdir.
Bank sisteminə etimadın artırılması çərçivəsində qorunan əmanətlərin əhatə dairəsinin
genişləndirilməsi, differensial sığorta sisteminə keçid məsələsi diqqətdə saxlanılacaqdır. Zəruri
hallarda beynəlxalq təcrübəyə uyğun olaraq əmanətlərə tam məbləğdə təminat verilməsi
məsələsinə də baxıla bilər. Maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi
sisteminin gücləndirilməsi və əhalinin maliyyə savadlığı səviyyəsinin yüksəldilməsi
istiqamətində fəaliyyət də bank sisteminə etimadın yüksəldilməsinə xidmət edəcəkdir. 2016-cı
ildə müxtəlif hədəf qruplarından olan əhali arasında maliyyə savadlılığının artırılması
istiqamətində geniş marifləndirmə tədbirləri davam etdiriləcək.
MALİYYƏ VASİTƏÇİLİYİNİN İNKİŞAFI. İqtisadi artımın dəstəklənməsində bank-
maliyyə sektorunun rolunun gücləndirilməsi, iqtisadi subyektlərin kreditə çıxış imkanlarının
daha da genişləndirilməsi istiqamətində fəaliyyət 2016-cı ildə davam etdiriləcəkdir.
Maliyyə vasitəçiliyinin inkişafı istiqamətində Mərkəzi Bankın fəaliyyəti iqtisadi artımın
effektiv maliyyələşməsini təmin edən, bütün iqtisadi subyektləri geniş çeşidli maliyyə məhsulları
ilə əhatə edən səmərəli maliyyə sisteminin formalaşdırılmasına hədəflənəcəkdir.
Real sektor müəssisələrinin, xüsusən də orta və kiçik sahibkarlıq subyektlərinin ucuz və
uzun müddətli maliyyə resurslarına çıxış imkanlarını artırmaq üçün hökumətlə birgə yeni
proqramların işlənməsi təşəbbüsləri göstəriləcək. Qeyri-maliyyə sektorunda korporativ
14
idarəetmənin geniş tətbiqi, kreditorların hüquqlarının qorunması mexanizminin gücləndirilməsi
növbəti ildə də biznes kreditləşməsinin genişlənməsinin mühüm şərtlərindən olacaqdır.
Faiz dərəcələrinin azaldılması tədbirləri ilə bağlı 2016-cı ildə də Mərkəzi Bankla bank
ictimaiyyəti arasında fəal dialoq davam etdiriləcəkdir. Ölkədə nağdsız ödənişlərin genişlənməsi
ilə kreditləşmənin resurs mənbələrinin artırılması, maliyyə bazarlarının bütün seqmentlərinin
davamlı inkişafı, banklarda əməliyyat xərclərinin optimallaşması növbəti ildə də faiz
dərəcələrinə azaldıcı təsir göstərən amil olacaqdır.
Kredit institutlarının regional şəbəkəsinin genişləndirilməsi 2016-cı ildə də təşviq
olunacaqdır. Bankların, habelə poçt sistemi daxil olmaqla bank olmayan kredit təşkilatlarının
regional xidmət şəbəkəsi vasitəsilə bank xidmətlərinə çıxışın artırılması istiqamətində tədbirlər
davam etdiriləcəkdir. O cümlədən innovativ maliyyə alətlərinin tətbiqinin regionlarda da
genişlənməsinə xüsusi diqqət yetiriləcəkdir.
Maliyyə Sektorunun Qiymətləndirilməsi Proqramı (FSAP) çərçivəsində Beynəlxalq
Valyuta Fondu və Dünya Bankı tərəfindən tövsiyələrin icrası qarşıdakı illərdə prudensial nəzarət
çərçivəsinin təkmilləşdirilməsi və maliyyə vasitəçiliyinin genişləndirilməsində mühüm rol
oynayacaqdır.
ÖDƏNİŞ İNFRASTRUKTURUNUN İNKİŞAFI. Nağdsız ödənişlərin inkişafı, elektron
ödəniş xidmətlərinin və innovativ ödəniş texnologiyalarının tətbiqinin genişləndirilməsi növbəti
ildə də Mərkəzi Bankın fəaliyyətinin prioritet istiqamətlərindən olacaqdır.
Yeni xidmətlərin tətbiqi ilə elektron ödəniş infrastrukturu inkişaf etdiriləcəkdir. Bu
məqsədlə kütləvi ödənişlər qəbul edən dövlət qurumlarının daxili informasiya sistemlərinin,
Hökumət Ödəniş Portalına inteqrasiyası, təhsil haqlarının, bələdiyyə vergilərinin toplanılması,
habelə notarial xidmətlər, vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı və “Elektron
Məhkəmə” sisteminin Hökumət Ödəniş Portalına inteqrasiyası istiqamətində işlər davam
etdiriləcəkdir. Aylıq əsasda təkrarlanan ödənişlərin (kommunal, internet, telefon haqları kimi)
müştərinin hesabından avtomatik silinməyə imkan verən yeni ödəniş alətinin istifadəsi üçün
imkanlar yaradılacaqdır.
Ödəniş sistemlərində informasiya təhlükəsizliyinin beynəlxalq standartlar əsasında təmin
olunması məqsədilə yaradılmış elektron imza infrastrukturundan maliyyə sektorunda istifadə
genişləndiriləcəkdir. Cari ildə başlamış işlərin davami olaraq ölkədə prosessinq fəaliyyəti
göstərən bütün kart təşkilatlarının infrastrukturlarını əlaqələndirən, onlar arasında aparılan
əməliyyatları emal edən yeni sistemin yaradılması təmin ediləcəkdir.
Ödəniş xidmətlərinin effektivlyinin artırılması və xidmət haqlarının aşagı salınması
istiqamətində banklar ilə işlər davam etdiriləcəkdir.
Elektron ödəniş xidmətlərinin hüquqi və institusional bazası gücləndiriləcəkdir. Bu
məqsədlə ödəniş xidmətləri üzrə hüquq və vəzifələri, bank olmayan ödəniş xidməti
15
təchizatçılarının və elektron pul təşkilatlarının yaradılması və fəaliyyətlərinin əsaslarını müəyyən
edən normativ-hüquqi bazanın yaradılması istiqamətində işlər davam etdiriləcəkdir.
Elektron bankçılığın inkişafı, nağdsız ödənişlərdə innovativ texnologiyaların tətbiqinin
genişləndirilməsi diqqətdə saxlanılacaqdır. Bu məqsədlə banklarla internet və mobil bankçılıq
xidmətlərinin inkişaf etdirilməsi, məsafədən təqdim edilən xidmətlərin çeşidinin artırılması,
təmassız ödəniş texnologiyalarına əsaslanan ödəniş alətlərindən istifadənin genişlənməsi
istiqamətində işlər davam etdiriləcəkdir. Vergilər Məcəlləsinə edilən son dəyişikliklərlə ölkədə
aksiz markası ilə markalanmalı malların alqı-satqısı zamanı hesablaşmaların yalnız nağdsız
qaydada aparılması tələbinin qoyulması da nağd dövriyyənin azalmasına xidmət edəcəkdir.
Elektron ödəniş xidmətlərinin istifadəsi üzrə maarifləndirmə səviyyəsinin yüksəldilməsi
istiqamətində səylər gücləndiriləcəkdir. Aidiyyatı dövlət qurumları ilə əməkdaşlıqda tədris
müəssisələrində şagird və tələbələrə elektron ödəniş xidmətlərindən istifadə üzrə zəruri biliklərin
öyrədilməsi istiqamətində işlər davam etdiriləcəkdir.
Dostları ilə paylaş: |