45
xoşagəlməz xüsusiyyəti adi bir inadkarlıq, sadəcə qadına inamsızlıq
deyil, obrazın daxili məzmunu və mahiyyəti ilə əlaqədardır. Aktyor
təbii olaraq göstərirdi ki, xaricən bu qədər mədəni, humanist, ağıllı,
işgüzar görünən bir insanın qəlbinin dərinliklərində köhnəliyin iyrənc
xüsusiyyəti özünə möhkəm bir yuva salmışdır” (93, 148).
Pyesdə konfliktin dramatizmi kəskin dialoqlarda daha bariz
görünür. Rejissor obrazların münasibətlərindəki ziddiyyətləri və
konfliktin psixoloji qatlarını qabartmaqdan ötrü Cığatay-Reyhan
xəttini əsas diqqət hədəfi seçmişdi. Aslan arxalı bir ailə ilə qohum
olmaq niyyətilə, oğlu Cığataya Xosrovun qızını almağı məsləhət
görür. Nihalın bacısı Reyhanı sevən Cığatay öz düşündüyü kimi
hərəkət etmək istəyəndə, ata ilə oğul qarşılaşmalı olur, obrazların
dialoqlarında, daxili-mənəvi aləmlərində güclü psixoloji mübarizə
üzə çıxır. Buna baxmayaraq, tamaşaçı ata – oğul arasında məhəbbət
tellərinin qırılmadığını, nə vaxtsa mənəvi ziddiyyətlərin aradan
qalxmasına da ümidlər bəsləyir. Müəllif “Yağışdan sonra” deyərkən
hər iki gəncin - Cığatayla Reyhanın səhər yağışından sonra təmiz
məhəbbətinin qələbəsi fonunda perspektivlərə də boylanmış olur.
Tamaşadan söz açan məqaləsində Məsud Əlioğlu yazır: “Yağışdan
sonra” fikri bədii qaynaqları etibarı ilə psixoloji dramdır, müasir
insanların daha yüksək ideal mövqeyindən ictimai yaramazlığa,
mənəvi puçluq və misikinliyə qarşı apardıqları aramsız, barışmaz
mübarizə ilə əlamətdardır” (85).
Fuad Poladov tamaşada Cığatayı keçmişinə qırılmaz tellərlə
bağlı, həyata baxışlarının müstəqilliyi ilə fərqlənən, mübariz bir gənc
kimi təqdim edə bilmişdi. Obrazın səhnədən-səhnəyə dəyişib
təkmilləşən daxili bütövlüyü, fərdi psixoloji aləminin incəlikləri
aktyorun ifasında məharətlə açılırdı. Ali məktəbin son kurs tələbəsi
olan Reyhan da sevgilisi kimi saf təbiətə malikdir. Böyük bacısı
Nihal kimi o da odlu-alovlu məhəbbətlə sevir, lakin sevgisi daha
təmiz, pak və ülvidir. Reyhan bacısının ərinə xəyanətini, gələcək
qaynatası Aslanın xəbis, riyakar əməllərini gördükdə dəhşətə gəlir,
daxilən sarsılır, əzab çəkir. Bakirə hisslər yaşayan bu qızın mənəvi
aləmini, hiss və həyəcanlarını Amaliya Pənahova təbii lirik boyalarla
açmış,
onun yaddaqalan, canlı portretini yaratmışdı.