12
böyük nümunəsidir. Böyük sənətkarın adı ilə bağlı olan realizmin
mahiyyətini görkəmli ədəbiyyatşünas Yaşar Qarayev doğru olaraq
elmi şəkildə aşağıdakı kimi ifadə etmişdir: «Ədəbiyyatımızın tarixi
inkişaf yoluna nəzər salarkən Azərbaycan realizminin beşiyi başında
hamıdan əvvəl… Vaqifin silueti görünür… Yazılı və şifahi xalq poezi-
yası arasındakı ənənəvi səddi dağıtmaq, … milli, dünyəvi, nikbin bir
şeirin tam qələbəsini təmin etmək mənasında Vaqifin tarixi-ədəbi xid-
məti misilsizdir. Vaqif şeiri bu mənada Zakirlə birlikdə Axundov
realizminin həndəvərini, astanasını təşkil edir… Odur ki, biz Vaqif
poeziyasını realizmə hazırlıq dövrü kimi «predrealizm», «erkən realizm»,
«ilkin realizm» kimi saxlamağı mümkün hesab edirik…» [5, s. 45-46].
Molla Pənah Vaqif Məhəmməd Füzulidən sonrakı və Mirzə Fə-
təli Axundovdan əvvəlki dövr Azərbaycan realizminin yaradıcısıdır.
Molla Pənah Vaqifin adı həm də Azərbaycanın tarixi taleyində
özünəməxsus yeri olan ictimai-siyasi xadimlərdən biri kimi çəkilir. O,
Azərbaycanın xanlıqlar dövrünün tanınmış dövlət xadimlərindən biri
kimi ölkə əhəmiyyətli məsələlərin həllində, xüsusən xarici əlaqələrin
genişlənməsində və zəhmətkeş xalqla saray arasında münasibətlərin
tənzimlənməsində mühüm rol oynamışdır. Qarabağ xanlığının siyasi
tarixində Molla Pənah Vaqifin böyük xidmətləri olmuşdur. Dövlət
işlərində də Vaqif elmi-helmi və uzaqgörənliyi və xalqa yaxınlığı ilə
Molla Pənah Vaqif ola bilmişdir. Vaqif – Azərbaycan ədəbiyyatı tari-
xindəki həm də hakimiyyətdə olmuş Qazi Bürhanəddin, Cahanşah
Həqiqi, Şah İsmayıl Xətai, Şah Qasım Ənvar və başqa şah-hökmdar
ənənəsinin yeni şəraitdəki davamı olub, dövlət işinə də, ədəbiyyat
amalına da yüksək dərəcədə xidmət etməyin nümunəsini göstərmişdir.
Qarabağ xanlığının baş vəziri kimi Vaqifin
siyasi fəaliyyətindən Qacar
şahın hücumlarından Şuşanın qorunması, Rusiya ilə diplomatik əla-
qələrin genişləndirilməsi, xalq ilə münasibətlərin tənzimlənməsi ilə
əlaqədar hadisələr tarixdə iz salmışdır. Şair olaraq isə Molla Pənah
Vaqif Azərbaycan ədəbiyyatı tarixində yeni tarixi mərhələ, xüsusi
ədəbi məktəb, təzə istiqamət yaratmış sənətkar olaraq əbədiyyət qa-
zanmışdır.
Molla Pənah Vaqif Azərbaycan ədəbiyyatında heca vəznli şeir
məktəbi yaratmışdır. Böyük sənətkarın adı ilə bağlı olan şeir-sənət
ənənələri yaşamış, ədəbiyyatımızın sonrakı inkişaf mərhələlərində ya-
radıcılıqla davam etdirilmişdir. Azərbaycan ədəbiyyatında heca vəznli
xalq şeiri üslubunun möhkəmlənib aparıcı mövqe tutmasında Molla
Pənah Vaqifin mühüm rolu olmuşdur. Onun adı və sənəti həmişə uca
tutulmuş, yüksək ehtiramla yad olunmuşdur. Xalq şairi Səməd Vurğu-