Azərbaycan.-2012.-7 yanvar.-№ 3.-S.4.
Tolerantlıq Azərbaycan xalqının bəşər sivilizasiyasına töhfəsidir
Aytən MUSTAFAYEVA,
AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru,
Milli Məclisin deputatı,
hüquq elmləri üzrə fəlsəfə doktoru
Bəşəriyyətin tarixi təkamül prosesinin yeni dövrü üçün səciyyəvi olan qloballaşma dalğası bir
sıra mütərəqqi cəhətləri ilə yanaşı, xalqların tarixən formalaşmış etnik düşüncə sisteminin, milli-
mənəvi mədəniyyət arxetiplərinin ciddi təhdidlərə, ideya avtoritarizminə məruz qalması ilə müşayiət
olunur. Bu proses suveren dövlətlər arasındakı sədləri dağıdaraq cəmiyyət daxilində sosial
münasibətləri yeni məcraya yönəldir, milli özünəməxsusluğu xüsusi dünyagörüşü çərçivələrinə
salaraq sərt şəkildə məhdudlaşdırır: mədəniyyət və ənənələrin öncüllüyünü dağıdaraq
özünəməxsusluqdan uzaqlaşmanı gücləndirir, coğrafi və iqtisadi vəziyyətindən, siyasi quruluşundan,
habelə milli mentalitetindən asılı olmayaraq cəmiyyəti qərbləşdirir.
Bu da təsadüfi deyil ki, son onillikdə bütün dünyada milli identikliyin, mental-əxlaqi
xüsusiyyətlərinin qorunub saxlanılması, kütləvi mədəniyyət stereotiplərindən qaçma meyilləri
güclənmişdir. Başqa sözlə, müasir dünyada tranzitar proseslərin nəticəsi kimi ortaya çıxan
sivilizasiyalararası toqquşma və ziddiyyətlər hər bir xalqın milli-mənəvi, dini dəyərlərinin qorunması
zərurətini dövrün aktual məsələlərindən birinə çevirmişdir. Lakin ilk baxışdan təbii və mütərəqqi görünən
bu meyillər bəzi hallarda sivil bəşər cəmiyyətinin minilliklər boyu əxz etdiyi bir fenomen dəyərə –
tolerantlığa kölgə salır, onun etnik, irqi, dini və siyasi dözümsüzlüklə əvəzlənməsinə rəvac verir. Milli
özünəməxsusluğu qoruma instinkti və yaxud da bəhanəsi altında son nəticədə başqa mədəniyyətlərə,
dinlərə, hətta millətlərə münasibətdə dözümsüzlük, ksenofobiya halları artır.
Qloballaşma meyilləri gücləndikcə, xüsusən də bəzi Avropa dövlətlərində milli mövcudluğu
qoruyub saxlamaq cəhdləri aşkar aqressivliklə müşayiət olunur. Dövlətlər səviyyəsində islamın və
müsəlmanların sıxışdırılmasına yönələn cəhdlər son nəticədə “daha çox tolerant olmaq” şüarı ilə çıxış edən
Avropada dözümsüzlük əhval-ruhiyyəsini gücləndirir. Bunun nəticəsidir ki, son zamanlar müsəlman
mühacirlərin kütləvi şəkildə Avropadan çıxarılmasına açıq çağırışlar artır. Belə çağırışların həm də
“islamafobiya” və terror cəhdləri ilə müşayiət olunması çox ciddi təhlükələrdən xəbər verir. 2011-ci il
iyulun 22-də Norveçdə 70 dinc insanın ölümü ilə nəticələnən dəhşətli terror aktı Avropada antiislam
kampaniyasının hələ güclü olduğunu, bu coğrafi arealda müsəlmanlara qarşı tolerant olmayan münasibətin
hökm sürdüyünü bir daha təsdiqləmişdir. Avropanın ən firavan və dinc ölkələrindən birində baş vermiş
dəhşətli faciə postsosialist dövlətlərinə “demokratiya ixracı”na çalışan bəzi Qərb ölkələrində ksenofobiya
meyillərini qabarıq şəkildə təzahür etdirmişdir. Aşkar görünür ki, bir neçə il əvvəl Məhəmməd
Peyğəmbərin müsəlmanların heysiyyətinə toxunan karikaturasının çəkilməsi və hicab qadağasının
genişlənməsi ilə başlanan sivilizasiyalararası qarşıdurma meyilləri yenidən güclənir. Əslində bu, sözügedən
coğrafiyada milli kökə qayıtmaq adı altında qatı millətçilik ovqatının genişlənməsinə işarədir.
Tolerantlıq düşüncəsi – bəşəriyyətin nicatı
Sivil bəşəri cəmiyyət formalaşandan ayrı-ayrı insan cəmiyyətləri həmişə inteqrasiyaya can atmış,
vahid siyasi, iqtisadi, yaxud sosiomədəni məkanın bir hissəsi olmaqla maraqlarını təmin etməyə çalışmışlar.
Tarix belə nümunələr yaradaraq bu və ya digər imperiyaya öz hərbi-siyasi və iqtisadi nüfuz dairəsini iki,
bəzən də üc qitəyə genişləndirmək imkanı vermiş, üc dünya dininin meydana gəlməsi dünya məkanının
qlobal inteqrasiyasının yeni nümunəsini yaratmışdır. İudaizm, xristianlıq, sonra isə islam gercəkliyin
sosiomədəni, siyasi və iqtisadi qavrayışına təsirin hüdudlarını genişləndirərək bu və ya digər dinin
nümayəndələrinin məskunlaşdığı məkanlar formalaşdırmışlar. Fərqli məkanlarda formalaşan etnosların
sivil dialoqu, qarşılıqlı anlaşması isə antik dövrlərdən formalaşaraq mürəkkəb təkamül və inkişaf
mərhələləri keçmiş tolerantlıq düşüncəsi sayəsində mümkün olmuşdur.
Bir qayda olaraq təkcə mənəvi deyil, həm də siyasi və hüquqi tələbat kimi özünü göstərən tolerantlıq
insan hüquq və azadlıqlarının etirafı əsasında formalaşmış düşüncə sərbəstliyidir; o, insanın təbii-başlanğıc
və sonradan qazanılmış hüquqlarının pozulmasına heç bir halda bəraət qazandırmır, eyni zamanda hər kəsin
qanun qarşısında bərabərliyi prinsipini inkar etmir. Məhz dözümlü yanaşma sayəsində cəmiyyətdə sivil
birgəyaşayış normaları, habelə fikir və əqidə müxtəlifliyi, siyasi plüralizm təmin olunur, demokratik
ideyaların praktik şəkildə gerçəkləşməsinə imkan yaranır. Dözümlü davranış tərzi liberal cəmiyyətin nail
olmaq istədiyi əsas nailliyyətdir. Sivilizasiyaların toqquşması nəzəriyyəsinin banisi S.Hantinqton hesab
edir ki, tolerantlıq bir dəyər normativi olaraq kompromisin legitimliyini və həmçinin, sosial və siyasi
qruplar arasında mövcud olan fərqlərə və ziddiyyətlərə dözümlülüyü özündə ehtiva edir.
Tolerantlıq mahiyyətcə insanın ali şüur və düşüncə tərzi ilə bağlı olan fenomenal anlayışdır. Əgər
hansısa bir insanı fiziki cəhətdən ram etmək, onun varlığına hakim kəsilmək, azadlığını məhdudlaşdırmaq
mümkündürsə, onun fikir və düşüncələri, baxışları üzərində qələbə çalmaq qeyri-mümkündür. Orta əsrlərdə
yerin günəş ətrafında fırlandığını iddia edən N.Kopernik, yaxud “Həqq mənəm, həqq məndədir” deyən
hürufi təliminin davamçısı, dahi şair İmaməddin Nəsimi fiziki cəhətdən məhv edilsə də, sonadək öz
fikirlərindən dönməmişlər. Məhz bu və digər mübariz insanların sayəsində plüralizm tarixi inkişafda olmuş,
demokratik cəmiyyətlərin başlıca xüsusiyyəti kimi qəbul edilmişdir.
Araşdırmalar göstərir ki, tolerantlıq ideyası XVI-XVII əsrlərdə Avropada baş verən dinlə əlaqəli
münaqişələr nəticəsində aktuallaşmağa başlamışdır. 1648-ci ildə imzalanmış Vestfal sülhü dini
dözümlülüklə bağlı ilk sənəd sayılır. Tolerantlıq düşüncəsi Qərb dünyasında əsasən, dini təəssübkeşliyin
hakim olduğu ölkələrdə əsrlər boyu formalaşaraq inkişaf etmişdir.
Ağır müharibə və münaqişələr əsri kimi dəyərləndirilən XX yüzilliyin gerçəklikləri bir daha
təsdiqləmişdir ki, tolerantlığı inkişaf etdirmədən ayrı-ayrı xalqların vahid sosium kimi sivil birgəyaşayışı,
habelə insan hüquq və azadlıqlarının etibarlı şəkildə qorunması mümkün deyil. Tolerantlıq düşüncəsinin
inkişafında Birləşmiş Millətlər Təşkilatının 1948-ci il 10 dekabr tarixli “İnsan hüquqlarına dair Ümumi
Bəyannamə”si mühüm əhəmiyyətə malik olmuşdur. Bəyannamədə göstərilirdi ki, “İnsan ailəsinin bütün
üzvlərinə məxsus ləyaqətin etirafı və onların bərabər, ayrılmaz hüquqları azadlıq, ədalət və ümumi
dünyanın əsasını təşkil edir”.
Ötən əsrin 90-cı illərində də tolerantlıqla bağlı bəzi mühüm konsepsiya və sazişlər imzalanmışdır.
Avropa Şurasına üzv dövlətlərinin rəhbərlərinin 1993-cü il oktyabrın 8-9-da Vyanada keçirilmiş zirvə
toplantısında irqçiliyin yüksəlişi; xaricilərə qarşı qərəzli münasibət və antisemitizm; dözümsüzlük
mühitinin inkişafı, əsasən, mühacirlərə və mühacir mənşəli insanlara qarşı zorakılıq aktlarının artması;
aqressiv millətçilik və etnomərkəzçilik formasında xaricilərə qarşı yeni qərəzli münasibətin inkişafı ilə
bağlı həyəcan təbili səslənmişdir. Bunun nəticəsi olaraq irqçilik, xaricilərə qarşı qərəzli münasibət,
antisemitizm və dözümsüzlüyə qarşı mübarizə üzrə Fəaliyyət Planı qəbul olunmuşdur. Fəaliyyət Planı
cəmiyyətin səfərbərliyi, belə halların mübarizəsinə yönəlmiş təminat və siyasətlərin təkmilləşdirilməsi,
habelə səmərəli icrası üçün görüləcək tədbirləri özündə əks etdirmişdir.
1995-ci il noyabrın 16-da keçirilmiş UNESCO baş konfransının 28-ci sessiyasında isə “Tolerantlıq
prinsiplərinə dair bəyannamə” qəbul olunmuşdur. Həmin bəyannamədə göstərilir ki, “Dözümlülük, ilk
növbədə insan azadlıqları və universal hüquqların etirafı əsasında formalaşan fəal münasibətdir”. Sənəddə
həmçinin vurğulanır ki, “Dözümlülük insan hüquqlarına dair beynəlxalq hüquq aktlarında müəyyən
olunmuş normaları iddia edən, həqiqətin mütləqləşdirilməsindən və ehkamçılıqdan imtina edən bir
anlayışdır”.
2001-ci ilin sentyabrında Cənubi Afrikada keçirilmiş ümumdünya konfransının iştirakçıları irqçilik,
ksenofobiya və onlarla bağlı dözümsüzlüyü demokratiyaya zidd hallar kimi qiymətləndirərək bu qənaətə
gəlmişdilər ki, “Demokratik dövlətlər bütün etnik qrupların, mədəniyyətlərin və dinlərin nümayəndələrinə
bərabər həyat tərzi yaratmalıdırlar”.
Tolerantlıq azərbaycanlılar üçün mental dəyərə çevrilib
Tolerantlıq düşüncəsi hər bir xalqın keçdiyi inkişaf yolundan, qarşıya qoyduğu məqsədlərdən, habelə
yerləşdiyi coğrafi məkandan asılı olaraq formalaşaraq inkişaf edir. Bu baxımdan Azərbaycanda tolerantlıq
düşüncəsinin tarixi xalqın və dövlətin formalaşma mərhələləri ilə bilavasitə bağlıdır. Tarixən müxtəlif dinə,
məzhəbə, dilə, mədəniyyətə malik insanların ümumi Vətəninə çevrilən Azərbaycanda tolerantlıq düşüncəsi
getdikcə inkişaf etmişdir.
Tarixçilər yazmışlar ki, Babil hökmdarı II Novuxodonosurun (e.ə. 586 il) Yerusəlimi zəbt etməsi
nəticəsində talan olmuş İudeya çarlığından qaçan yəhudi köçkünləri məhz Azərbaycan torpağında özlərinə
sığınacaq tapmışlar. Eramızın birinci yüzilliyinin ortalarında isə xristianlığın ilk ardıcılları Azərbaycana
pənah gətirmiş və sonradan burada yaranan Alban aftokefal kilsəsinin əsasını qoymuşlar. İslamın
Azərbaycana gəlişi ilə dini dözümlülük ənənələri daha da möhkəmlənmişdir. İslamda tolerantlıq dinin əsas
ünsürü kimi qəbul edilir, müqəddəs “Qurani-Kərimdə” bununla bağlı buyrulur: “Sizin dininiz sizə, mənim
dinim mənə aiddir” (“Kafirun” surəsi, 6). Bu ayədən insanların müxtəlif inamda və fikirdə ola biləcəyi və
həmin insanlara qarşı münasibətin necə formalaşacağı aydın görünür. İslama görə, tolerantlıq güclü
qarşısında dözümlülük nümayş etdirmək deyildir, əksinə, özündən zəifə, yaxud bərabər olana eyni cür
münasibəti bəsləməyi bacarmaqdır.
Azərbaycanda tarixən azsaylı xalqların yaşadığını, onların öz dilini, mədəniyyətini, dinini qoruyub
saxladığını təsdiqləyən mötəbər mənbələrdən biri də şifahi xalq ədəbiyyatımızdır. Xüsusən də epik
folklorun ən mükəmməl nümunələri olan dastanlarımızda azərbaycanlıların digər xalqlarla qarşılıqlı hörmət
şəraitində yaşadığını göstərən çoxsaylı epizodlar mövcuddur.
Azərbaycan fəlsəfi fikrinin görkəmli tədqiqatçısı, Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev rəsmi mətbuatda çap olunan “Müasir milli ideyanı
zənginləşdirən odur ki, vətəndaş özünü dövlətin bir hissəsi hesab edir, özündə dəyişikliklər üçün qüvvə
görür, güclü dövlətin və güclü, iradəli liderin varlığına ehtiyac duyur” adlı müsahibəsində haqlı olaraq deyir
ki, azərbaycanlılar minilliklər boyu bu ərazidə mövcud olmuş dövlətlərin, orada məskunlaşmış xalqların
obyektiv xələfləri və varisləri olan Azərbaycan Respublikasının vətəndaşlarıdır. Akademikin qənaətincə,
əlverişli iqlim şəraiti sayəsində Cənubi Qafqaz insanların qədim məskəni olmuş, müasir Azərbaycanın
ərazisində çoxlu dövlətlər, etnoslar yaranmış və yox olmuş, onların hər biri tariximizdə öz izini qoymuşdur.
Beləliklə, Azərbaycan milləti bu coğrafi məkanda yaşayan bütün etnosların tarixi yolunun vəhdətini əks
etdirən “qaynar qazan” kimi formalaşmışdır. “Burada güclü türk təməli ilə yanaşı, İran, ərəb başlanğıcları,
alban layı, digər qədim etnoslar mövcud olmuş, onlar hamısı əsrlər boyu təbii şəkildə vahid xalq kimi
assimilyasiya olmuş, azərbaycanlıların milli identikliyinə xas cizgilər, komponentlər kəsb etmişlər.
Qətiyyətlə demək olar ki, hər bir azərbaycanlı müasir Azərbaycanın ərazisində yaradılmış qədim dövlətlərin
varisidir. Azərbaycanlıların damarlarında bizim bu qədim əcdadlarımızın da qanı axır. Bu, reallıqdır. Bunu
etiraf etməyi antropologiya – insanın mənşəyi və təkamülü, irqlərin yaranması və insanın fiziki quruluşunun
normal variasiyaları haqqında elm öyrədir” – deyə akademik bildirir.
Fikrimizcə, Azərbaycanda tolerantlıq düşüncəsinin inkişafına ölkəmizin mühüm coğrafi-siyasi
məkanda yerləşməsi və zəngin karbohidrogen ehtiyatlarına malik olması da həlledici təsir göstərmişdir.
Xüsusən də XIX əsrdə Bakıda sənaye üsulu ilə ilk neft quyularının qazılması Azərbaycana müxtəlif
ölkələrdən neft maqnatlarının gəlməsinə stimul yaratmışdır. Nobel qardaşlarının həmin dövrdə Bakıda
həyata keçirdiyi mühüm layihələr buna misal göstərilə bilər. Eyni zamanda, XX əsrin əvvəllərində
Almaniyadan, Polşadan, Türkiyədən, Rusiyadan, İrandan çox sayda tacirlər, neftçilər, habelə fəhlələr
gələrək Bakıda və Azərbaycanın digər bölgələrində çalışmışlar. Beləliklə, ötən əsrin əvvəllərində iqtisadi
fəallığın artması, sənayenin inkişafı, orta burjuaziyanın formalaşması və digər obyektiv tarixi proseslərlə
əlaqədar Azərbaycanda tolerantlıq mədəniyyəti inkişaf etmişdir. Bədnam qonşularımız olan ermənilərdən
fərqli olaraq, azərbaycanlılar başqa xalqlara daim hörmət və qayğı ilə yanaşmış, onların sıxışdırılmasına,
diskriminasiyasına yol verməmişlər.
XX əsrin əvvəllərində çar Rusiyasında cərəyan edən mürəkkəb ictimai-siyasi proseslər, imperiya
daxilində bir araya gətirilmiş xalqların azadlıq uğrunda mübarizəyə qalxması 1918-ci il mayın 28-də
Azərbaycana istiqlaliyyətini elan etmək şansı yaratmışdır. İstiqlal Bəyannaməsində demokratik dövlətə
məxsus atributların – hakimiyyətin xalqa məxsusluğu, vətəndaşların mülki-siyasi hüquqlarının təmini,
bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad
inkişafı üçün şəraitin yaradılması, ən nəhayət, hakimiyyət bölgüsü kimi prinsiplərin əksini tapması suveren,
demokratik, hüquqi dövlət yaradılması istəyinin, habelə tolerantlığın bariz təcəssümü olmuşdur.
Cümhuriyyətin Rusiyanın hərbi müdaxiləsi ilə süqutundan sonra Azərbaycan 70 il sovet
imperiyasının tərkibində yaşamalı olmuşdur. Bu illərdə mərkəzin qondarma “vahid sovet xalqı”
formalaşdırmaq məqsədinə xidmət edən beynəlmiləlçilik ideologiyası digər respublikalarda olduğu kimi,
Azərbaycanda da etnik tolerantlığın güclənməsinə təkan vermişdir. Lakin ateizm siyasəti yürüdən imperiya
ayrı-ayrı xalqların mental dəyərlərinin, mədəniyyətinin, dininin inkişafına yol verməmiş, milli identikliyə
qarşı dözümsüzlük nümayiş etdirmişdir. Həmin illərdə respublikada məscidlər bağlanmış, din xadimləri
sıxışdırılmış, islami dəyərlərin yayılmasına qarşı sərt tədbirlər həyata keçirilmişdir. Bununla belə, 70 illik
totalitar sovet rejimi xalqın tolerantlıq düşüncəsinə hakim kəsilə bilməmiş, onu öz milli-mənəvi, dini
dəyərlərindən, adət-ənənələrindən ayıra bilməmişdir. Onu da xüsusi vurğulamaq lazımdır ki, ötən əsrin 70-
80-ci illərində məhz ulu öndər Heydər Əliyevin himayəsi altında onlarca məscid tarixi abidə adı altında
qorunub saxlanılmış, əsaslı təmir edilib, xalqa qaytarılmışdır.
Yüksək tolerantlıq mədəniyyəti
Müstəqil Azərbaycan son 20 ildə qazandığı bir sıra nailiyyətlərlə yanaşı, həm də regionda və
bütövlükdə Avropa məkanında fərqli dini sivilizasiyaların qovuşduğu tolerant məkan kimi tanınmışdır.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə
dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması
naminə ardıcıl tədbirlər həyata keçirmiş, xalqın milli təhlükəsizlik maraqları baxımından bu sahəyə daim
diqqətlə yanaşmışdır. Heydər Əliyev hesab edirdi ki, yalnız milli zəmin – azərbaycançılıq, Azərbaycanda
yaşayan bütün millətlərin nümayəndələrinin bərabərliyi və əməkdaşlığı, milli həmrəylik, milli-mənəvi
dəyərlərin qorunması, ümumi tarix və ümumi ünsiyyət dili etnik mənsubiyyətindən asılı olmayaraq hər bir
azərbaycanlıya özünü hamı üçün ümumi evin qurulmasına səfərbər edilmiş müstəqil insan kimi hiss etmək
imkanı verəcəkdir.
1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir ölkə
vətəndaşının vicdan azadlığı birmənalı təsbit edilmişdir. “Dünyada bir çox böyük dinlər mövcuddur. Hər
dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa
dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa
xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa
dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu
Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də,
yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır” – deyən ümummilli lider ölkədə mütərəqqi islam
dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin
yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin
formalaşmasına çalışmışdır. Milli-dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın bu torpaq
üçün milli yiyəlik hissini yaşaması tolerantlığın ən bariz nümunəsidir. Xüsusi vurğulamaq lazımdır ki, ulu
öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası eyni zamanda dini tolerantlığın
polietnik mövcudluğunun qarantı kimi çıxış edir.
Müstəqilliyin bərpasının ilk illərində dövlətin maliyyə imkanlarının məhdudluğuna rəğmən, ulu
öndər Heydər Əliyev ölkədə mövcud olan dini ziyarətgahların təmiri və bərpasına, qorunmasına da xüsusi
diqqət yetirmişdir. Ulu öndər hələ 1994-cü ildə Bibiheybət məscidini ziyarət etmiş, onun təmiri və bərpası
ilə bağlı göstərişlərini vermişdir. 1997-ci ildə Heydər Əliyevin göstərişi ilə Bibiheybət məscidinin bərpa
olunmasına vəsait ayrılmış, 1998-ci il iyulun 12-də ümummilli liderin iştirakı ilə ziyarətgahın böyük bir
hissəsinin açılışı olmuşdur. Heydər Əliyev ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət
yetirməklə yanaşı, başqa dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin etmiş, dini
konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. Ulu öndərin
diqqəti və qayğısı ilə Bakı şəhərinin mərkəzində Qafqazda ən böyük Sinaqoqun inşa edilməsi də bunu bir
daha təsdiqləyir.
Roma-katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin 2002-ci ilin mayında ölkəmizə etdiyi tarixi
səfəri zamanı Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir. Eləcə də Rum patriarxı
I Varfolomey 2003-cü il aprelin 16-dan 18-dək Azərbaycanda rəsmi səfərdə olmuşdur. Şərqi Roma
pravoslav kilsəsi başçısının səfərinin əsas məqsədi dinlərarası dialoqu daha irəli aparmaq idi. O da etiraf
etmişdir ki, respublikamızdakı dövlət-dini konfessiyalar münasibətləri, habelə ənənəvi və qeyri-ənənəvi
dini konfessiyalar arasındakı mövcud münasibətlər nümunəvidir.
Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək,
ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail
olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasəti inamla davam etdirən Azərbaycan
Prezidenti İlham Əliyevin milli mədəniyyətin, dini-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması və
inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti bu baxımdan çağdaş dövrün reallıqları ilə
şərtlənir.
Azərbaycan Prezidenti total mədəniyyətin mütərəqqi cəhətlərinin mənimsənilməsi tərəfdarı kimi
çıxış etməklə yanaşı, xalqın özünəməxsusluğunu şərtləndirən etnik-milli dəyərlərin qorunmasını da vacib
məsələ kimi önə çəkir. Prezident İlham Əliyevin konsepsiyasına görə, milli ruhu qorumağın, inkişaf
etdirməyin və yeni nəsillərə çatdırmağın ən mühüm şərti məhz milli dövlətçilikdir. Milli dövlət ancaq
ərazinin, maddi sərvətlərin deyil, həm də milli-mənəvi dəyərlərin qorunmasına xidmət edir. Eyni zamanda,
milli dövlət Azərbaycanın hüdudlarında yaşayan hər bir milli azlığın mənafelərinin azərbaycanlılarla
bərabər səviyyədə təminatını özünün başlıca vəzifəsi sayır, dövlət funksional imkanlarını işə salaraq hər bir
etnosun milli-mənəvi, dini dəyərlərinin, mədəniyyətinin qorunmasının təminatçısı qismində çıxış edir.
Dövlət başçısı cənab İlham Əliyevin tolerantlıq və milli münasibətlər probleminə dair baxışları onun
siyasi portretinin əsas cizgilərini təcəssüm etdirir. Dövlət başçısının bununla bağlı irəli sürdüyü prinsiplər,
müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı həm də sivilizasiyalararası
dialoq, mədəni-intellektual konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək məqsədindən irəli gəlir.
Şübhəsiz, hər bir xalqı milli-mənəvi və dini dəyərlər qədər birləşdirən ikinci qüvvə yoxdur.
Azərbaycanlıları da vahid məqsədlər ətrafında birləşdirən də məhz onların zəngin mədəniyyəti, mənəvi
dəyərləri, adət-ənənələridir.
Azərbaycan Prezidenti həmişə azsaylı xalqlara, milli-dini azlıqların nümayəndələrinə həssaslıqla
yanaşır, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri görür. Dövlət başçısı respublikamızda
bütün milli və dini azlıqların birgə yaşayışı üçün kifayət qədər tolerant mühitin olduğunu məmnunluqla
bildirir. Prezident İlham Əliyev 2011-ci il aprelin 7-9-da Bakıda keçirilmiş “Ümumdünya
mədəniyyətlərarası dialoq forumu”nda bununla bağlı demişdir: “Azərbaycanda milli və dini dözümlülüyün,
tolerantlığın yüksək səviyyədə olması artıq faktdır və bu bizim güc mənbəyimizdir. Hər bir cəmiyyətin
gücü onun dini və milli müxtəlifliyindədir. Biz tam əminik ki, dini və milli amildən asılı olmayaraq,
istənilən cəmiyyətdə normal münasibətlər qurmaq mümkündür. Əlbəttə, bunun üçün ənənələr lazımdır,
eyni zamanda, dövlət siyasəti də lazımi səviyyədə aparılmalıdır. Azərbaycanda hər iki amil mövcuddur.
Həm tarixi keçmişimiz bugünkü şəraiti bizim üçün yaradır, həm də bu sahədə dövlət siyasətimiz
birmənalıdır. Bir daha demək istəyirəm ki, bizim gücümüz birliyimizdədir. Milli və dini mənsubiyyətindən
asılı olmayaraq, Azərbaycanda yaşayan hər bir kəs bizim dəyərli vətəndaşımızdır. Mən şübhə etmirəm ki,
Azərbaycanda milli və dini dözümlülük məsələləri bundan sonra da uğurla öz həllini tapacaq. Azərbaycan
vətəndaşları bundan sonra da bir ailə kimi yaşayacaqlar”.
Hər bir insan hansısa millətə, xalqa, etnosa mənsubluq hissi daşıyır. Bu özünəməxsusluq hissi ilə
səciyyələnən, milli kimliyi ifadə edən mənəvi dəyər xalqın toxunulmaz sərvətidir. Bu reallıqdan çıxış edən
dövlət başçısı İlham Əliyev vurğulayır ki, demokratik prinsiplərlə yaşamaq, bu yönümdə inkişaf etmək
arzusunda olan hər bir dövlət ölkəsində cəmiyyətdaxili tolerantlığın bərqərar olmasını təmin etməlidir. Bu,
regionda, sonda isə bütün dünyada tolerant durumun formalaşmasına olan xidmətdir. Tolerantlıq düşüncə
tərzi, cəmiyyətin tarixi inkişafının nəticəsi, müxtəlif mədəniyyət və lokal insan birliklərinin birgəyaşayışı
nəticəsində əldə olunmuş tarixi nailiyyətidir. Bu, demokratik cəmiyyətin, mədəniyyətlərarası
münasibətlərin təməl prinsiplərindəndir. Tolerantlıq ayrıca götürülmüş bir dövlətin deyil, hazırda bütün
dünyanın qlobal, sosial-mədəni problemi statusunu kəsb etmişdir. Məhz bu baxımdan bu gün tolerantlığa
münasibətin konkretləşməsinə böyük ehtiyac var.
Azərbaycan Prezidenti bu fikirdədr ki, tolerantlıq hər bir ölkənin demokratiklik səviyyəsini müəyyən
edən başlıca amillərdən biridir. Ölkəmizdə tolerantlıq – etnik milli və bəşəri müstəviləri əhatə etmək
baxımından yekcinsliyin təsdiqi deyil, müxtəlifliyin vəhdəti kimi bugünün həm lokal, həm də qlobal
gerçəkliyinin tələblərinə cavab verir. Söhbət, ilk növbədə, dini, milli və siyasi tolerantlıqdan gedir.
Dünyəvi, demokratik, hüquqi dövlət quruculuğunu milli xüsusiyyətlərin nəzərə alınması ilə həyata keçirən
Azərbaycan da bu kontekstdə tolerantlığın gerçəkləşdiyi bir məkandır. Geostrateji mövqeyinə görə çeşidli
dünyagörüşünün, həyat tərzinin, mədəni və mənəvi dəyərlərin, dini konfessiyaların qovuşduğu bu torpaq
milli-etnik tərkibi ilə dünyanın nadir mədəni sivilizasiyalarından birinə çevrilmişdir.
Dövlət başçısı İlham Əliyev son 8 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi,
xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidənqurulmasına da xüsusi diqqət ayırmışdır. Onun
İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs
dini sitayiş və inanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi
nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Son illərdə Bibiheybət, Təzəpir və digər məscidlər
əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır. Bundan başqa, cənab İlham Əliyevin
göstərişi ilə paytaxtın ən gözəl guşələrinin birində Katolik Kilsəsi inşa edilmiş, habelə pravoslav kilsəsi
təmir və bərpa olunmuşdur. Əhalinin əsas hissəsinin müsəlman olmasına baxmayaraq, Azərbaycanda gürcü
pravoslav kilsəsi, rus pravoslav kilsəsinin yepiskopu müstəqil fəaliyyət göstərir. Əhalisinin tərkibi etnik,
dini və məzhəb baxımdan zəngin olan Azərbaycanda indiyədək dini zəmində heç bir qarşıdurma baş
verməmişdir. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə,
6 sinaqoq fəaliyyət göstərir.
Prezident İlham Əliyevin sərəncamı əsasında Bakıdakı Əjdərbəy məscidinin əsaslı təmir və
yenidənqurmadan sonra istifadəyə verilməsi də respublikadakı tolerantlığın təcəssümüdür. Dövlət başçısı
məscidin açılış mərasimindən sonra Qafqaz Xalqları Ali Dini Şurasının üzvləri ilə görüşdə demişdir: “Biz
hamımız Qafqazda sülh, əmin-amanlıq, əməkdaşlıq, inkişaf olmasında maraqlıyıq. Siz hamınız öz
xalqlarınızın parlaq nümayəndələrisiniz və əminəm ki, bütövlükdə bizim regionda əməkdaşlıq da çox
cəhətdən Qafqazın din xadimləri arasında sıx qarşılıqlı əlaqələrdən, əməkdaşlıqdan və dostluqdan asılı
olacaqdır”.
Ölkədə tolerantlıq düşüncəsinin inkişafında Heydər Əliyev Fondunun xidmətlərini də xüsusi
vurğulamaq lazımdır. Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın vətənpərvər fəaliyyəti sayəsində bir-birinin ardınca Azərbaycanın
mənəvi inciləri dünya qeyri-maddi mədəni irs siyahısına salınmış, ölkəmiz sözün, əsl mənasında fərqli
sivilizasiyaların və mədəniyyətlərin dialoqu və ortaq məxrəc axtardığı məkana çevrilmişdir. Tolerantlıq
nümunəsi sayılan Azərbaycan Heydər Əliyev Fondunun xətti ilə Parisdə Versal Sarayının parkında
abidələri bərpa edir, Strasburqda Müqəddəs Məryəm kafedral kilsəsinin yenidən qurulmasına yardım
göstərir, Pakistanda zəlzələdən zərər çəkən qızlar məktəbini yenidən inşa edir, Hollandiya, Rusiya,
Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqlarını müasirləşdirir, Afrika ölkələrinin qeyri-
maddi mədəni irsinin qorunmasına dəstək verir, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarca qlobal
və mükəmməl layihəyə imza atır.
Son 7 ildə Fondun bilavasitə təşəbbüsü və təşkilatçılığı ilə Beynəlxalq Millətlər Təşkilatının, İslam
Konfransı Təşkilatının və digər nüfuzlu qurumların savadsızlığın aradan qaldırılmasına, gender
bərabərliyinə, milli-mədəni müxtəlifliyin, habelə uşaq hüquqlarının qorunmasına, sivilizasiyalararası
dialoqun genişləndirilməsinə, etnik, dini, irqi ayrı-seçkiliyin aradan qaldırılmasına həsr olunmuş tədbirlərin
məhz Bakı şəhərində keçirilməsi buna əyani sübutdur. Hələ 2004-cü il iyulun 6-da Fondun təşəbbüsü ilə
Parisdə UNESCO-nun iqamətgahında “Davamlı inkişaf üçün Azərbaycanda təhsil islahatları” mövzusunda
beynəlxalq konfrans keçirilmiş, 2005-ci ilin avqust ayında isə Bakıda “UNESCO-Azərbaycan:
Azərbaycanın təhsil problemləri və perspektivləri” mövzusunda konfrans təşkil olunmuşdur. Konfransda
çıxış edən Azərbaycanın birinci xanımı ölkəmizdə milli təhsilin problemlərindən söz açmış, həyata
keçirilən islahatlar barədə konfrans iştirakçılarına ətraflı məlumat vermişdir. Konfrans milli təhsilimizin
ümumi vəziyyəti ilə bağlı UNESCO nümayəndələrində tam təsəvvür yaratmaq, onları hərtərəfli
məlumatlandırmaq, habelə perspektivdə müştərək layihələrlə çıxış etmək baxımından uğurlu nəticələrlə
yadda qalmışdır.
Azərbaycanın tarixi ənənələrini, tarixi İpək yolunun regiondakı rolunu nəzərə alan Latın Mədəniyyəti
Akademiyasının hələ 2006-cı il aprelin 19-da Bakıda keçirilmiş XIII konfransı respublikamızın
sivilizasiyalarası dialoq mərkəzinə çevrildiyini nümayiş etdirmişdir. 30-dan artıq latın mənşəli görkəmli
mədəniyyət və ədəbiyyat xadiminin iştirakı ilə Heydər Əliyev Fondunda keçirilən konfransda çıxış edən
Mehriban xanım Əliyeva demişdir: “Bu gün biz sivilizasiyalararası dialoqun keçmişindən söhbət açaraq
xüsusi vurğulamalıyıq ki, qədim və çox zəngin yunan-Roma sivilizasiyasının ilk varisi məhz Şərq olubdur.
2006-cı ildə konfransın məhz Bakı şəhərində keçirilməsi ölkəmizin mədəniyyətlərarası dialoq səviyyəsində
çox müsbət təcrübə toplaması ilə əlaqələndiririk. Həqiqətən də əsrlər boyu Böyük İpək yolu üstündə
yerləşən ölkəmiz çox yüksək tolerantlığa malik və müxtəlif mədəniyyətləri birləşdirən bir məkan kimi
tanınır. Bu bizim qürur duyduğumuz uğurumuz, keçmişimizdir və inanıram ki, gələcəkdə də bu sahədə
Azərbaycan öz müsbət rolunu oynayacaqdır”.
Azərbaycan bu gün paralel olaraq həm Qərbə, həm də Şərqə inteqrasiya etməklə bərabər, hər iki
sivilizasiyanın dialoqu prosesində vasitəçi kimi çıxış edir, mədəniyyətlərarası yaxınlaşmaya töhfəsini verir.
2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli
Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, həmçinin UNESCO-nun və İSESCO-nun dəstəyi
ilə Bakıda keçirilən “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” mövzusunda
Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas
nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə
konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir. 2009-
cu ildə Bakının “İslam sivilizasiyanın paytaxtı” elan edilməsi də məhz Heydər Əliyev Fondunun İslam
Konfransı Təşkilatı ilə qarşılıqlı faydalı əməkdaşlığının nəticəsi sayəsində olmuşdur.
UNESCO-nun “Dünyada savadlılığın dəstəklənməsi” üzrə regional konfransını 2008-ci ildə Bakıda
təşkil olunması da Azərbaycanın təhsil sahəsində mühüm beynəlxalq tədbirlərin mərkəzinə çevrildiyini
göstərmişdir. Belə bir mühüm konfransın keçirilməsi böyük siyasi əhəmiyyət kəsb etməklə, respublikanın
elm və təhsil ictimaiyyətinə Avropa ölkələrinin bu sahədəki müsbət təcrübəsindən bəhrələnmək imkanları
yaratmışdır. Azərbaycanın milli problemlərinə əsl vətəndaş mövqeyi nümayiş etdirən, respublikanın
üzləşdiyi təcavüz və soyqırımı siyasətini vətənpərvərliklə bütün dünyaya çatdıran Mehriban xanım Əliyeva
konfransdakı çıxışında da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə diqqət çəkmişdir.
Təcavüzkar Ermənistandan fərqli olaraq Azərbaycanda mövcud olan etnik-dini tolerantlıq hazırda
bəzi inkişaf etmiş ölkələrə də örnək göstərilir. İnsan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq təşkilatların
hesabatlarında Azərbaycanda müxtəlif dini sivilizasiyalar arasındakı münasibətlərin yüksək səviyyədə
olduğu, dini azlıqların maraq və mənafelərinin qorunduğu razılıqla bildirilir. Respublikamızda rusların,
yəhudilərin və digər milli azlıqların öz ana dillərində təhsil alması üçün çoxsaylı məktəblərin mövcudluğu
da tolerantlığın əyani göstəricisidir. Bütün bunlar isə Azərbaycanı sivilizasiyaların toqquşması deyil,
qovuşması məkanına çevirir, respublikamız regionda iqtisadi əməkdaşlıq, dialoq və dini tolerantlıq mərkəzi
kimi tanınır.
Dostları ilə paylaş: |