«AMEA. Elmi əsərlər.Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu».–2010.-№1.–S.38-42.
DEMOQRAFİK PROBLEMİN BƏZİ ASPEKTLƏRİ HAQQINDA*
Rövşən HACIYEV
AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun "Sosial fəlsəfə" şöbəsinin əməkdaşı, f.e.n.
Müasir dövrün qlobal prosesləri içərisində demoqrafik problem özünəməxsus mühüm yer tutur. Bəzi
tanınmış mütəxəssislər bu problemi hətta müasir dövrün əsas qlobal problemi kimi qəbul edirlər (5, s.207). Belə bir
mövqenin nə dərəcədə doğru olduğunu verifikasiyaya məruz qoymadan qeyd edək ki, demoqrafik problem şübhəsiz
ki, öz aktuallığı ilə müxtəlif elm sahələrini təmsil edən mütəxəssislərin daim diqqət mərkəzində saxlanılmaqdadır.
Son dövrlərdə bu problemin həllinə həmçinin dəqiq elmlərin bəzi nümayəndələrinin də maraq göstərməsi diqqəti
çəkir. Onların demoqrafik problemin çözümü ilə bağlı fikirləri və əhali sayının artım dinamikasının müəyyən
edilməsinə istiqamətlənmiş yanaşmaları orijinallığı ilə seçilir. Yuxarıdakı fikirlərdən irəli gələrək adı çəkilən
məqalədə bir sıra tanınmış mütəxəssislərin demoqrafik problemin bəzi aspektlərinə dair baxışlarının təhlilinə cəhd
ediləcəkdir.
Məlumdur ki, demoqrafik problemi, konkret desək əhali artımı məsələsini ictimai inkişafın ciddi problemi
kimi ilk dəfə ortaya qoyan və onu əsaslandıran (XVIII əsrin sonlarında) ingilis keşişi T. R. Maltus olmuşdur. Onun
məlum nəzəriyyəsinə görə, əhalinin çoxalması həndəsi silsilə ilə, onun qida ilə təmin olunması imkanları ədədi
silsilə ilə artdığı üçün gələcəkdə ortaya çıxacaq qlobal təhlükələrin qarşısını müharibə və digər antihumanist
vasitələrlə almaq olar (8, s.254). Lakin Maltusun qaldırdığı bu problem öz humanist və eyni zamanda qlobal
əhəmiyyətini yalnız XX əsrin ikinci yarısında, xüsusən məşhur "Roma Klubu"nda səsləndirilmiş çıxışlarda
tapmışdır. Bu məsələyə ictimai elmlərin nümayəndələri ilə yanaşı bir sıra təbiətşünas alimlər də böyük maraq
göstərmişlər. Son dövrlərdə bu məsələyə davamlı şəkildə və sinergetik prizmadan yanaşan tanınmış təbiətşünas
alimlərdən S. P. Kurdyumovun, Q. Q. Malinetskinin və xüsusən də S. P. Kapitsanın tədqiqatlarını qeyd etmək olar.
Adları çəkilən müəlliflərin birgə nəşr etdirdikləri kitabda (5, s.206- 277) demoqrafik problemin bir sıra aspektləri
və xüsusən də əhali artımının inkişaf dinamikasını səciyyələndirən riyazi düsturlar çıxarılmış və bu əsasda
bəşəriyyətin sayının keçmişdəki, indiki və gələcəkdəki göstəricilərinin əldə olunmasına cəhd edilmişdir. Həmin
kollektiv monoqrafiyada əldə edilən mühüm nəticələr kimi müasir bəşəriyyətin vahid sistem halında öyrənilməsi
işinin sinergetik yanaşma prizmasından nəzərdən keçirilməsi və əhali sayının artımının xarici deyil, məhz daxili
amillərdən asılı olması ideyasının əsaslandırılması və bu zəmində demoqrafik imperativ prinsipinin irəli sürülməsi
məsələlərini göstərmək olar. Qeyd edək ki, sosiomədəni proseslərin daxili amildən irəli gələrək izah olunması
səyləri bəşəriyyətin intellektual inkişafı ilə bağlı tərəfimizdən irəli sürülən elmi hipotezanın məğzinə də müvafiqdir
(10). İndi isə adlarmı qeyd etdiyimiz müəlliflərə müraciət edək: "Tərəfimizdən irəli sürülən model paradoksal
şəkildə bütün tarix boyu inkişaf prosesinin xarici amillərdən asılı olmamasını göstərir, yəni əhali artımının sistemin
daxili xüsusiyyətləri ilə müəyyən edilməsinə dəlalət edir"(5, s.278).
Monoqrafiyada diqqəti ilk növbədə çəkən mühüm məqamlardan biri demoqrafik inkişaf problemini sistem
yanaşma prizmasından dərk etmək cəhdləri ilə bağlıdır. Bu istiqamətdə fundamental tədqiqatları ilə çıxış edən ilk
mütəxəssislərdən biri tanınmış iqtisadçı-alim A. Q. Vişnevskiy olmuşdur (2). Vişnevskinin sistemli-tarixi
yanaşmasından (2, s.3) irəli gələn S. P. Kapitsa bəşəriyyətin artım dinamikasını riyazi düsturlar vasitəsilə mərhələli
şəkildə təhlil etməyə çalışmış və bu istiqamətdə konkret göstəricilərin əldə edilməsinə səy göstərmişdir. Lakin bu
dəyərli tədqiqat işində, zənnimizcə, bəzi məqamlar lazımı dərəcədə nəzərə alınmamışdır.
Məsələ burasındadır ki, sistem anlayışmı bəşəriyyətə şamil edərkən Kapitsanın özünün də qeyd etdiyi kimi,
sistemi təşkil edən elementlər arasındakı qarşılıqlı əlaqələri zəruri şəkildə nəzərə almaq lazımdır. Bu münasibətlə
Kapitsa haqlı olaraq aşağıdakıları bildirir: "Hamının vahid halda birləşməsini təmin edən nəqliyyat və ticarət
əlaqələri ilə, miqrasiya və informasiya axını ilə şərtlənən müasir dövrümüzün məhz qarşılıqlı əlaqə və qarşılıqlı
asılılıqda olması təkzibedilməz səkildə belə deməyə əsas verir ki, hazırkı dünya qlobal bir sistemdir"(5, s.214-215).
Fikirlərini davam etdirən görkəmli alim daha sonra sistem anlayışının nədənsə qədim dövrlərə şamil edilməsini
məqbul saymışdır. Halbuki, özünün də qeyd etdiyi kimi, daş dövründə ibtidai icmalar bir-birindən təcrid edilmiş
halda yaşamışlar. Bu faktı təsdiq edən çoxlu sayda konkret arxeoloji materiallar vardır (3, s.206). Həmin arxeoloji
materiallardan məlum olur ki, neolit inqilabına qədər ibtidai icmalar arasındakı əlaqələr təsadüfi və epizodik
səciyyə daşımışdır. Belə olan halda daş dövründəki insanların vahid sistem halında öyrənilməsi nə dərəcədə
doğrudur? Axı o dövrdə sistemin elementləri arasında qarşılıqlı təsir və əlaqə yox dərəcəsində olmuşdur. Nəinki
neolit, hətta ilk sivilizasiyalar dövründə belə, yəni yazılı tarixin başlanğıc dövründə mövcud lokal sosiomədəni
supersistemlər arasındakı əlaqələr təsadüfi xarakter daşımış (məs. Çin və Yaxın Şərq) və bəzi hallarda heç baş
tutmamışdır (Avroasiya və Mezoamerika sivilizasiyalar). Bu barədə görkəmli politoloq S. Hantinqtonun məlum
əsərində konkret şəkildə məlumat verilmişdir (9, s.59-62).
*
Məqalə fəlsəfə elmləri doktoru, professor A. Mustafayev tərəfindən çapa məsləhət bilinib.
Zənnimizcə, Kapitsanın nəzərdən qaçırdığı daha bir mühüm məqam "bəşəriyyət" anlayışının məzmunu ilə
bağlıdır. Bəşəriyyət dedikdə, vahid bioloji növ, yəni Homo sapiens və ya neoantropdan ibarət insanlar toplusu
nəzərdə tutulur. Bu barədə Kapitsa özü də konkret və doğru bilgilər verir (5, s.215). Sonrakı mühakimələrində
Kapitsa bəşəriyyətin artım dinamikasını əks etdirən riyazi düsturların çıxarılmasına cəhd göstərir, lakin, bununla
kifayətlənmir. O, daha sonra həmin düsturlardan istifadə edərək, antropogenezin bütün mərhələlərində yaşamış
insan kimilərin, yəni hominidlərin də əhali sayını müəyyən etməyə çalışır. Bu isə, zənnimizcə, metodik baxımdan
doğru yanaşma hesab edilə bilməz. Məsələ burasındadır ki, neoantropun erkən inkişaf dövrlərinə xas həyat tərzini
canlandırmaq üçün, o cümlədən ibtidai icmaların sayını müəyyən etmək üçün arxeoloji materiallarla yanaşı
etnoqrafik tədqiqatlardan da geniş şəkildə istifadə edilir. Lakin, o da məlumdur ki, neoantropdan başqa hominidlər
nəslindən olan digər bioloji növlərin nümayəndələri artıq çoxdandır yer üzündə yaşamırlar. Onların son
nümayəndələri (məs., neandertallar) artıq 30 min il bundan əvvəl tarix səhnəsindən yox olmuşlar. Belə olan
təqdirdə, nəinki Homo habilislərin, hətta neandertalların da sayını adekvat şəkildə üzə çıxarmaq imkan
xaricindədir. Neandertalların icmalarında yaşamış əhali sayının orta göstəricisi yalnız məhdud miqdarda aşkara
çıxarılmış arxeoloji materiallar əsasında müəyyən edilir. Bu zaman neandertalların yaşadıqları mağaralardakı və ya
müxtəlif düşərgələrdəki orta əhali sayı təqribi şəkildə hesablanır (daha çox isə homo sapiensin təşkil olunduğu
icmalardakı əhali sayına müvafiq olaraq). Biz isə bilirik ki, riyazi düsturlar yalnız dəqiq rəqəmlər olduğu təqdirdə
adekvat nəticə verir və ilkin məlumatlardakı cüzi xəta hesablama sayəsində yanlış nəticələrin əldə edilməsinə yol
açır. Bu yanlışlığın ortaya çıxması Kapitsanın əldə etdiyi nəticələrdə də özünü büruzə verir. Bu da təsadüfi deyil,
çünki, Kapitsa tez-tez antropogenez ilə bəşəriyyət anlayışlarını eyniləşdirir. Bu xəta beş saylı cədvəlin adında da
özünü aydın şəkildə büruzə verir. Cədvəlin adında bu sözləri oxuyuruq: "bəşəriyyətin inkişafı toqarifmik
miqyasda" (5, s.244). Halbuki bu cədvəldə ifadə edilən əhali sayının inkişaf dinamikası bəşəriyyəti deyil,
antropogenez prosesini nəzərdə tutur. Yəqin bu səbəbdəndir ki, cədvəldə gostərilən məlumatlar həqiqəti olduğu
kimi əks etdirə bilmir, çünki bəşəriyyətin artım dinamikasını əks etdirən riyazi düsturlar metodik baxımdan yanlış
olaraq antropogenezin digər mərhələlərinə də Şamil edilir. Məsələn, 5 saylı cədvəldə göstərilir ki, mezolit dövrü
29 min il bundan əvvəl başlamışdır və 20 min il davam etmişdir. Halbuki arxeologiya sahəsinə dair sanballı
mənbələrdən məlum olduğu kimi, mezolit dövrü 12 min il bundan əvvəl başlamışdır (7, s.172) və müxtəlif
regionlardan asılı olaraq fərqli zamanlarda başa çatmışdır. О cümlədən neolit dövrünün başlanğıc tarixi düzgün
müəyyən edilsə də (9 min il bundan öncə), onun davam etməsi müddəti 7 min ilə bərabər tutulmuşdur ki, bu da
arxeoloji materiallara uyğun gəlmir. Belə ki, neolit dövrünün davam etməsi müddəti müxtəlif regionlarda təqribən
üç-dörd min ilə bərabər bir dövrü əhatə etmişdir. Eynilə, mezolit həyat tərzi müxtəlif regionlarda fərqli
zamanlarda təzahür etsə də, onun davam etməsi müddəti həmin bölgələrin hər birində 3-4 min ildən artıq
olmamışdır (4, s.255; 6, s. 106, s.132, 154). Bir sözlə, Kapitsanın istifadə etdiyi riyazi düsturlar yalnız homo
sapiensin və ya neoantropun əhali sayına, yəni bəşəriyyətin artım dinamikasının mərhələli şəkildə müəyyən
edilməsinə adekvat şəkildə şamil oluna bilər. Bu isə faktiki olaraq yaxın 40 min illik bir dövrü əhatə edir. Riyazi
düsturların daha dəqiq işləməsi üçün isə yalnız neolit dövründən başlayaraq, yəni 9 min illik bir müddəti nəzərə
alıb əhali sayının artım dinamikasını böyük xətalara yol vermədən müəyyən etmək olar. Öz riyazi
hesablamalarında məhz belə bir doğru yanaşmadan irəli gələn tanınmış alim isə alim yuxarıda qeyd etdiyimiz
Vişnevskiy olmuşdur.
Əhali artımı ilə bağlı Vişnevskinin yanaşması doğru olaraq yalnız homo sapiensin yaşadığı müddəti nəzərdə
tutur və bəşəriyyətin inkişafındakı yaxın 40 min illik bir dövrü əhatə edir. Öz fundamental monoqrafiyasında
Vişnevskiy bir sıra mühüm anlayışları elmi dövriyyəyə daxil edir ki, onlardan demoqrafik sistem anlayışı mühüm
əhəmiyyət kəsb edir. Vişynevskiy haqlı olaraq demoqrafik sistemi cəmiyyətin alt sistemi kimi qəbul edir və onun
digər alt sistemləri ilə (iqtisadi, sosial və b.) qarşılıqlı əlaqələrini hərtərəfli şəkildə nəzərdən keçirir (2, s.8-9).
Vişnevskiy göstərir ki demoqrafik sistem dedikdə yalnız insanların cəmi deyil, həm də onlar arasındakı qarşılıqlı
münasibətlər nəzərdə tutulur. Daha sonra tanınmış alim "demoqrafik homeostaz", "demoqrafik məhdudiyyət" və
digər mühüm anlayışları tədqiqat prosesinə cəlb edərək, əhali artımının tarixi tiplərini müəyyənləşdirməyə nail
olur. Vişnevskiy göstərir ki, əhali artımının tarixən üç əsas tipini ayırd etmək mümkündür. Onlardan birincisini
arxetip, ikincisini ənənəvi və üçüncüsünü rasional və ya müasir adlandıran müəllif ardıcıl şəkildə hər üç tipin
fərqləndirici xüsusiyyətlərini açmağa müvəffəq olur. Vişnevskiy göstərməyə çalışır ki, bir tipdən digərinə keçid
zamanı əhali artımı sıçrayışla baş verir. Bu cür keçidi Vişnevskiy öz sələflərinin müəyyənləşdirdiyi kimi
demoqrafik inqilab kimi dəyərləndirir. Demoqrafik inqilabın baş verməsindən bir müddət sonra əhali artımında
müəyyən qədər stabilişmə meylləri özünü büruzə verir. Vişnevskiy onu da qeyd edir ki, əhali artımının kəskin
xarakter alması müxtəlif regionlarda fərqli zamanlarda mümkün olmuşdur.
Demoqrafik
inqilaba həsr edilmiş xüsusi monoqrafiyasında Vişnevskiy bildirir ki, birinci demoqrafik inqilab
neolit dövründə baş vermişdir (1, s.29) və insanların mənimsəmə təsərrüfatından qidanın istehsal edilməsi
təsərrüfatına keçidi prosesi ilə bağlı olmuşdur (2, s.55). Vişnevskiy göstərir ki, arxetip mərhələsində insanların
yaşadığı ərazinin sahəsinə görə sıxlığı çox aşağı olmuşdur, yəni hər yüz kv. kilometrə təqribən 3-4 nəfər adam
düşmüşdür. İbtidai icmaların əhali sayı müəyyən dərəcədə xarici mühitin təsirindən asılı olsa da (müxtəlif
səbəblərdən uşaq ölümünün yüksək faizlə ölçülməsi), əsas etibarlı sosial amillər vasitəsilə nizamlanmışdır
(müxtəlif tabular, nigah əlaqələrinin nizamlanması, uşaqların öldürülməsi və s.) (2, s.53). Yalnız birinci
demoqrafik inqilabdan sonra, yəni əkinçiliyin aparıcı təsərrüfat sahəsi olması nəticəsində dünya əhalisinin sayı bir
neçə dəfə artmışdır. Vişnevskiy hesab edir ki, əhali artımının baş verməsi həm də ailə institutunun cəmiyyət
həyatında bərqərar olması hadisəsi ilə bağlı olmuşdur (2, s.57- 58). Əhali artımının ənənəvi tipinin bərqərar olduğu
dövrlərdə (bu mərhələ quldarlıq və feodalizm cəmiyyətləri ilə əlaqədardır) aqrar təsərrüfat hökm sürmüşdür.
Nəhayət, kapitalist istehsal üsulunun meydana çıxması ilə ikinci demoqrafik inqilabın baş verməsi mümkün
olmuşdur (2, s.61. Vişnevskiy bildirir ki, ənənəvi tipin dağılması yalnız о halda mümkün ola bilirdi ki, insanları
torpağa təhkimçilik sistemindən azad olsunlar. Bu şəraitin yaranması isə kapitalist istehsal münasibətlərinin
cəmiyyətdə bərqərar olması ilə reallaşmışdır. Vişnevskiy göstərir ki, əgər birinci demoqrafik inqilabın baş verməsi
ilk növbədə əhalinin orta ölüm yaşının artması ilə bağlı olmuşdursa, ikinci demoqrafik inqilabın təzahür etməsi isə
daha çox uşaq ölümü hallarının xeyli aşağı düşməsi səbəbi ilə şərtlənmişdir (1, s.192-193).
Yuxarıdakı fikirləri nəzərə alıb bir daha belə qənaətə gəlmək olar ki, Kapitsanın əhalinin artım dinamikasını
əks etdirən riyazi modelləri yalnız mənsub olduğumuz bəşəriyyətin tarixi inkişafına şamil edildiyi təqdirdə daha
adekvat cavabların əldə edilməsinə imkan verir. Digər tərəfdən, əvvəldə qeyd edildiyi kimi, Kapitsanın
tədqiqatında olduqca dəyərli ideyalar da vardır ki, onlardan biri də tarixi prosesin gedişində sinxron hadisələrin
qeydə alınması məsələsi ilə bağlıdır (5
;
s.277). Qeyd etmək yerinə düşər ki, tərəfimizdən irəli sürülən bəşəriyyətin
intellektual inkişafının yaş dövrləşdirilməsi hipotezasının mühüm məqamlarını əks etdirən tədqiqat işində də tarixi
prosesdə məhz sinxronluq prinsipinin özünü büruzə verməsi xüsusi olaraq göstərilmişdir (10).
İstifadə olunmuş ədəbiyyat
1.
Вишневский А. Г. Демографическая революция, M., «Статистика», 1976,240 с.
2.
Вишневский А. Г. Воспроизводство населения и общество: История, современность, взгляд в будущее,
М, «Финансы и Статистика», 1982, 287 с.
3.
История первобытного общества. Эпоха первобытной родовой общины (под ред. академика
Ю. В. Бромлея), М., Наука», 1986, 574 с.
4.
Кабо В. П. Первобытная доземледельческая община, М., «Наука», 1986, 304 с.
5.
Капица С. П. ,Курдюмов С. П. ,Малинецкий Г. Г. Синергетика и прогнозы будущего, М, «Эдиториал
УРСС», 2001,288 с.
6.
Мезолит СССР. М., «Наука», 1989, 352 с.
7.
Монгайт А. Л. Археология Западной Европы, М., «Наука», 1973, 356 с.
8.
Философский словарь, М., «Политиздат», 1986, 590 с.
9.
Хантингтон С. Столкновение цивилизаций, М., «Аст», 2006, 571с.
10.
Hacıyev R. S. İntellektual inkişafın yaş dövrləşdirilməsinə dair //Dirçəliş - XXI əsr jurnalı (noyabr), Bakı,
2005, s. 164-170.
Ровшан ГАДЖИЕВ
О НЕКОТОРЫХ АСПЕКТАХ ДЕМОГРАФИЧЕСКОЙ ПРОБЛЕМЫ
Резюме
В статье рассматриваются некоторые вопросы глобальной демографической проблемы. В частности,
исследуются такие важные вопросы как проблема демографических революций, понятие исторического
типа воспроизводства населения, а также новая теория по изучению динамики демографического развития,
в которой применяется синергетический подход. В этой связи в статье рассматриваются оригинальные
воззрения таких известных Ученых как С. П. Капица, А. Г. Вишневский и других по изучаемой проблеме. В
то же время в статье уделяется внимание критическому разбору некоторых идей, выдвигаемых со стороны
известного русского ученого С. П. Капицы.
Rovshan HACIYEV
ABOUT SOME ASPECTS OF DEMOGRAPHIC PROBLEM
Summary
Some points of global demographic problems are considered in the article. In particular, there have been
investigated such serious matters as the problems of demographic revolutions, the mean ing of historical type of
population's reproduction and a new theory for studying the dynamics of demographic development to which
synergetic approach is applied. In this connection, some origi nal points of view of such well-known scientists as
A. G. Vishnevskij, S. P. Capitsa and others are considered. At the same time, there is paid attention to the critical
analysis of some ideas put forward by S. P. Capitsa.
Dostları ilə paylaş: |