2008-cı ilin I yarımilinin yekunları üzrə pul siyasətinin
yerinə yetirilməsi vəziyyəti haqqında
1. Makroiqtisadi durum və qlobal iqtisadi proseslər
Makroiqtisadi vəziyyət. Azərbaycan iqtisadiyyatı son illərdə nümayiş
etdirdiyi yüksək dinamikliyini 2008-ci ilin ötən dövrü ərzində də saxlamış, bu artım
həm neft, həm də qeyri-neft sektorlarında müşahidə edilmişdir.
2008-ci ilin ilk
yarımilinin yekunu üzrə ölkədə iqtisadi artım 16.5%,
o cümlədən neft sektorunda
17.4%, qeyri-neft sektorunda isə 15.6% təşkil etmişdir. Yüksək artım qlobal
iqtisadiyyata sürətli inteqrasiya,
masştablı modernizasiya və bazar münasibətlərinin
institutlaşması fonunda baş verir.
Dövr ərzində sənaye məhsulunun 13.8%, kənd təsərrüfatı məhsulunun 10.7%,
əsas kapitala investisiya qoyuluşunun 31.6%, nəqliyyatda yük daşınmasının 13.2%,
poçt və rabitə xidmətlərinin 37.3%, əmtəə dövriyyəsinin 14.9%, əhaliyə göstərilən
pullu xidmətlərin 29.5% artımına nail olunmuşdur.
Bazar iqtisadiyyatlı ölkə statusu ücün vacib şərt olan özəl sektorun
iqtisadiyyatdakı rolu da artmaqdadır. Dövr ərzində ÜDM-in 80%-dən coxu, o
cümlədən sənaye məhsulunun 81.7%-i, kənd təsərrufatı məhsulunun demək olar ki,
hamısı qeyri-dövlət bölməsinin payına düşmüşdür.
2008-ci ilin yanvar-iyun ayları ərzində inflyasiya ötən ilin müvafiq dövrünə
nəzərən 20.2% təşkil etmişdir. Yanvar-iyun aylarında ötən ilin yanvar-iyun ayına
nəzərən ərzaq məhsulları 28%, qeyri-ərzaq məhsulları 10.6%, xidmətlər isə 11.2%
bahalaşmışdır.
Son illər Azərbaycanın xarici ticarət balansında müşayiət olunan müsbət
meyllər davam etməkdədir. Dünya bazarında neftin qiymətinin rekord səviyyəyə
çatması, eyni zamanda qeyri-neft sektorunun dinamik inkişafı ölkənin xarici
balansının daha da yaxşılaşmasına zəmin yaratmışdır. Xarici ticarət dövriyyəsi 2008-
ci ilin yanvar-may aylarında 17331.7 mln.$ təşkil etmişdir ki, bunun da 14869.3 mln.
$-ı ixracın, 2462.4 mln. $-ı isə idxalın payına düşür.
Əhalinin sosial vəziyyətinin də yaxşılaşması bu il də davam etməkdədir. Belə
ki, orta aylıq əmək haqqı 250.4 manata çatmış və onun artım tempi 23.8% təşkil
etmişdir.
Dünya maliyyə və əmtəə bazarlarında baş verən meyllər.
Aparıcı ölkələrin
iqtisadiyyatında baş verən proseslər onların maliyyə bazarlarının indikatorlarında öz
əksini tapmışdır.
Altı ay ərzində ABŞ dollarının məzənnəsi dünyanın aparıcı valyutalarına
nəzərən əsasən azalmaq istiqamətində dəyişmişdir. Belə ki, 2008-ci ilin II yarımilinin
yekunu üzrə ABŞ dollarının məzənnəsi avroya nəzərən 6.7%, Rus rubluna nəzərən
4.2%, İsveçrə frankına nəzərən 10%, İngilis funt sterlinginə nəzərən 1.1%, Yapon
yeninə nəzərən 2.5% dəyərdən düşmüşdür.
Qeyd edək ki, dövr ərzində Federal Ehtiyat Sistemi uçot dərəcəsini 4 dəfə
dəyişərək 4.25%-dən 2%-ə endirmiş, Avropa Mərkəzi Bankı isə 1 dəfə dəyişərək 4%-
dən 4.25%-ə qaldırmışdır.
Yarımillik ərzində əsas fond indekslərinin səviyyəsi azalmışdır. Belə ki, Nyu
York Fond Birjasında hərraca çıxarılan 30 ən iri sənaye şirkətinin orta qiymətini əks
etdirən Dou Cons indeksi 11.5%, ABŞ-ın 100 ən iri yüksək texnoloji şirkətinin
səhmlərinin qiymətləri əsasında hesablanmış Nasdaq indeksi 7.4%, Avropanın 100 ən
iri şirkətinin səhmlərinin qiymətləri əsasında hesablanmış FTSE eurotop 100 indeksi
19.1%, Almaniya Fond Birjasında hərraca çıxarılan 100 ən iri şirkətin səhmlərinin
orta qiyməti-DAX indeksi 17.8%, Tokio Fond Birjasında hərraca çıxarılan 225 ən iri
şirkətin səhmlərinin qiymətləri əsasında hesablanmış Nikkey indeksi isə 5.8%
zəifləmişdir.
2008-ci ilin 6 ayında dünya bazarında Brent markalı neftin orta qiyməti 109.9
ABŞ dolları təşkil etmişdir. Bu da ilin əvvəli ilə müqayisədə (94.9$) 15.7% çoxdur.
Dövr ərzində dünya bazarlarında qızılın qiymətinin artması davam etmişdir.
Belə ki, beynəlxalq bazarda qızılın unsiyasının qiyməti ilin əvvəlində 862 ABŞ
dolları olduğu halda, iyun ayının sonuna 7.4% (və ya 64 ABŞ dolları) artaraq 926
ABŞ dolları səviyyəsinə yüksəlmişdir.
2
2. Pul siyasəti
Pul siyasətinin hədəflərinə nail olunması vəziyyəti. Yüksək iqtisadi artım ilə
əlaqədar pula tələbin sürətlə genişlənməsi şəraitində 2008-ci il ərzində Milli Bankın
pul siyasəti qarşısında məzənnə sabitliyinin qorunması, iqtisadiyyatın pula olan
tələbatının ödənilməsi, habelə bank-maliyyə sistemində sabitliyin qorunması kimi
vəzifələr qoyulmuşdur.
Son dövrlər dünyanın aparıcı valyutalarının məzənnələrinin kəskin tərəddüdləri
bir çox ölkələrdə, o cümlədən Azərbaycanda məzənnə siyasəti amilinin əhəmiyyətini
daha da artırmışdır. Belə ki, dünyanın aparıcı valyutalarının məzənnələrində
müşahidə edilən əhəmiyyətli tərəddüdlər ölkədə inflyasiya idxalına şərait yaratmaqla
bərabər iqtisadi subyektləri müəyyən dərəcədə məzənnə riskinə həssas edir. Bundan
başqa, Azərbaycanda milli valyutanın məzənnəsinin ABŞ dollarına nəzərən
formalaşması bu valyutanın dünyanın digər aparıcı valyutalarına qarşı kifayət qədər
dəyişkən olması şəraitində Milli Bankın əsas operativ hədəfi olan nominal effektiv
məzənnə üzrə hədəfə nail olunması, son nəticədə isə milli iqtisadiyyatın beynəlxalq
rəqabət qabiliyyətinin qorunması kimi vəzifələrin yerinə yetirilməsini
mürəkkəbləşdirir. Qeyd olunanları nəzərə alaraq Milli Bankın İdarə Heyəti “2008-ci
il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanat”ına uyğun olaraq 11 mart
2008-ci il tarixindən manatın dəyərinin valyuta səbətinə nəzərən sabit saxlanılması
konsepsiyasının reallaşdırılmasına başlamaq haqqında qərar qəbul etmişdir. Hal-
hazırda, səbətdə ABŞ dollarının payı 70%, avronun payı isə 30% təşkil edir.
Məzənnə siyasətinin tətbiqinin yeni mexanizminə keçid Milli Bankın nominal
effektiv məzənnəyə təsir imkanlarını artırmışdır. Ticarət partnyoru olan ölkələrin
valyutalarına nəzərən ikitərəfli nominal məzənnələrinin dəyişiminin ticarət xüsusi
çəkiləri nəzərə alınmaqla həndəsi ortasını əks etdirən manatın nominal effektiv
məzənnəsi 2008-ci ilin iyununda 2007-ci ilin dekabrına nəzərən ümumi ticarət
dövriyyəsi üzrə 0.9%, ixrac çəkili isə 2.6% ucuzlaşmış, idxal çəkili isə 1.1%,
bahalaşmışdır.
3
Ölkənin qeyri-neft sektoru üzrə rəqabət qabiliyyətini qiymətləndirmək üçün
nominal və real məzənnə indekslərinin neft sektoru çıxılmaqla ticarət dövriyyəsi,
idxal və ixrac göstəricilərindən istifadə edilir. Hesablamalar göstərir ki, 2008-ci ilin
yanvar-iyun ayları ərzində 2007-ci ilin dekabrına nəzərən qeyri-neft sektoru üzrə
nominal effektiv məzənnə ümumi ticarət dövriyyəsi üzrə 0.7%, idxal üzrə 0.6%, ixrac
çəkili 1.1% bahalaşmışdır.
Ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli real
məzənnələrinin dəyişiminin ticarət xüsusi çəkiləri nəzərə alınmaqla həndəsi ortasını
əks etdirən manatın real effektiv məzənnəsi isə (neft sektoru daxil olmaqla) 2008-ci
ilin yanvar-iyun aylarında ötən ilin dekabrına nəzərən ümumi ticarət dövriyyəsi üzrə
8.4%, idxal çəkili 9.5%, ixrac çəkili isə 7.1% bahalaşmışdır.
Qeyri-neft sektoru üzrə real effektiv məzənnə 2008-ci ilin yanvar-iyun
aylarında ötən ilin dekabrına nəzərən ümumi ticarət dövriyyəsi üzrə 8.3%, idxal çəkili
8.5%, ixrac çəkili isə 7.3% möhkəmlənmişdir.
Effektiv məzənnə indeksləri ölkənin rəqabət qabiliyyətini uzunmüddətli dövrdə
qiymətləndirmək üçün daha məqsədəuyğundur. Bu baxımdan effektiv məzənnə
indekslərinin 2000-ci ilin dekabrından etibarən olan dinamikasına nəzər yetirmək
məqsədəuyğun olardı.
2008-ci ilin yanvar-iyun aylarında 2000-ci ilin dekabrına nəzərən manatın neft
sektoru da daxil olmaqla ümumi ticarət çəkili nominal effektiv məzənnəsi aşağı
düşmüşdür.
Belə ki, dövr ərzində nominal effektiv məzənnə ümumi ticarət dövriyyəsi üzrə
15.4%, idxal çəkili 6.9%, ixrac çəkili 21.3% ucuzlaşmışdır.
Qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə isə bu dövrdə ümumi ticarət
dövriyyəsi və idxal üzrə ucuzlaşdığı halda, ixrac çəkili möhkəmlənmişdir.
2000-ci ilin dekabrına nəzərən qeyri-neft sektoru üzrə nominal effektiv
məzənnə ümumi ticarət dövriyyəsi üzrə 2.2%, idxal çəkili 4% azalmış, ixrac çəkili isə
7.8% artmışdır.
4
2008-ci ilin yanvar-iyun aylarında 2000-ci ilin dekabrına nəzərən real effektiv
məzənnə neft sektoru da daxil olmaqla ümumi ticarət dövriyyəsi üzrə 3%, ixrac üzrə
2%, idxal üzrə isə 3.4% bahalaşmışdır.
Qeyri-neft sektoru üzrə də real effektiv məzənnənin aşağı düşməsi baş
vermişdir. Belə ki, neft sektoru istisna olmaqla 2000-ci ilin dekabrına nəzərən real
effektiv məzənnənin aşağı düşməsi tempi ümumi ticarət dövriyyəsi üzrə 3.5%, idxal
üzrə 0.9%, ixrac üzrə isə 16.5% təşkil etmişdir.
Uzunmüddətli dövrdə qeyri-neft sektoru üzrə real effektiv məzənnənin
azalması onunla əlaqədardır ki, bu dövrdə ticarət partnyoru olan ölkələrdə inflyasiya
tempi Azərbaycandakı inflyasiyanı üstələmişdir.
Milli Bankın sərəncamında olan valyuta ehtiyatlarının həcmi 2008-cı ilin I
yarımilinin sonuna ilin əvvəli ilə müqayisədə (4015,3 mln. ABŞ dolları) 30% və ya
1207 mln. ABŞ dolları artaraq 5223 mln.ABŞ dollarına çatmışdır.
2008-ci ilin I yarımilinin sonuna manatla geniş pul kütləsi (M2) ötən ilin
müvafiq dövrünə nəzərən 79.8% artaraq 4933.2 mln.manat təşkil etmişdir.
Yüksək makroiqtisadi dinamika və bank sisteminin sıçrayışlı inkişafı maliyyə
sabitliyinin diqqət mərkəzində saxlanmasını daha da aktuallaşdırmışdır. Milli Bankın
valyuta sabitliyinə yönəldilmiş pul və məzənnə siyasəti ölkədə maliyyə sabitliyinin
qorunmasına yardım etmişdir. Maliyyə sabitliyinin möhkəmləndirilməsi məqsədilə
Milli Bank eyni zamanda bankların sağlamlaşdırılması və rəqabət qabiliyyətinin
artırılması üçün onların ardıcıl kapitallaşması, maliyyə və inzibati idarəetmə
sistemlərinin təkmilləşdirilməsi istiqamətində məqsədli tədbirlər həyata keçirmişdir.
Nəticədə, ötən dövr ərzində iqtisadiyyatda artan pul kütləsi ev təsərrüfatları və
korporativ sektorun yığımlarına çevrilmiş, bu yığımlar qeyri-neft sektorunda
investisiyalara sürətlə transformasiya olunmuşdur. Bank aktivlərinin keyfiyyəti
yüksəlmiş, bankların sağlamlığı daha da güclənmiş, onlar risklərinə adekvat
səviyyədə kapitala, müştərilərin tələblərini vaxtında və tam həcmdə yerinə yetirmək
qabiliyyətinə malik olmuşdur.
5
Pul siyasətinin alətləri. Milli Bank nəzərdə tutduğu hədəflərə nail olmaq üçün
açıq bazar əməliyyatları, faiz dərəcələri, habelə məcburi ehtiyat normaları kimi
alətlərdən istifadə etmişdir.
Pul kütləsinin inflyasyon potensiala malik hissəsini sterilizasiya etmək üçün
Milli Bank özünün qısamüddətli notlarından istifadəni 2008-ci ilin ötən dövrü ərzində
də davam etdirmişdir. Cari ilin yanvar-iyun ayları ərzində notların yerləşdirilməsi
üzrə Milli Bank tərəfindən 25 auksion keçirilmişdir. Emissiyanın ümumi həcmi
1345 mln. AZN, yerləşdirilmiş notların həcmi isə 949,4 mln. AZN (emissiya
həcminin 70,6%-i) təşkil etmişdir.
Cari ilin I yarımilliyi ərzində Milli Bankın
qısamüddətli notları üzrə orta ölçülmüş gəlirlilik azalaraq dövrün əvvəlində
keçirilmiş ilk auksiondakı 10,89%-dən sonuncu auksionda 9,45%-dək enmisdir.
Notlar üzrə təkrar bazarın həcmi 169,8 mln. AZN təşkil etmişdir ki, bu da 2007-ci ilin
muvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.
Bankların likvid vəsaitlərə ehtiyacını, onların müştərilər qarşısında
öhdəliklərinin vaxtında icrasını təmin etmək məqsədilə dövr ərzində
aparılmış REPO əməliyyatlarının həcmi 2282,1 mln. AZN təşkil etmişdir. 2008-ci
ilin yanvar-iyun ayları ərzində 1 əks-REPO (1 günlük) əməliyyatı keçirilmişdir.
Keçirilən əməliyyatın həcmi 10 mln. AZN təşkil etmişdir. Əks-REPO üzrə orta
faiz dərəcəsi 19% təşkil etmişdir.
Milli Bank bankların xarici öhdəliklərinin yüksək templə artaraq valyuta
bazarında və kredit ekspansiyasında əlavə gərginlik yaratmaq təhlükəsini qabaqcadan
neytrallaşdırmaq məqsədilə bu öhdəliklərin məcburi ehtiyata cəlb edilməsinə dair
qərar qəbul etmişdir. Bu tədbir mühüm sterilizasiya effekti verməklə yanaşı,
bankların xaricdən cəlb etdiyi vəsaitlərin maya dəyərinin daxili resursların maya
dəyərinə yaxınlaşmasına xidmət edir. Eyni zamanda manatla və xarici valyutada
depozitlər üzrə məcburi ehtiyat norması da 12%-ə artırılmışdır.
Eyni zamanda Milli Bank iqtisadiyyatın müəyyən hərarətlənməsini nəzərə
alaraq pul siyasətini bir qədər sərtləşdirmək məqsədilə faiz dəhlizinin əsas göstəricisi
olan uçot dərəcəsini yarım il ərzində 2 dəfə dəyişərək 15% səviyyəsinə
yüksəltmişdir.
6
3. Maliyyə bazarları
Kredit qoyuluşları.
2008-ci ilin II rübünün sonuna kredit qoyuluşlarının
həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 78.3% artaraq 6166.5 mln. AZN
təşkil etmişdir. Yeni verilmiş kreditlərin həcmi 2008-cı ilin yanvar-iyun aylarında
5482.5 mln. AZN təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövründə olduğundan
1.9 dəfə çoxdur. Son bir ildə yeni verilmiş kreditlərin məbləği kredit borcları üzrə
ödənişlərin məbləğini üstələmişdir. Bunun nəticəsidir ki, kredit qoyuluşlarının xalis
artımı 2708 mln. AZN təşkil etmiş və beləliklə kredit qoyuluşlarının qalığı
01.07.2008 tarixinə 6166 mln. AZN-ə yüksəlmişdir.
Kredit qoyuluşunun ÜDM-də xüsusi çəkisi (qeyri-neft sektorunun ÜDM-i
üzrə) 7 faiz bəndi artmışdır.
2008-ci ilin ilk yarımilliyi ərzində cəmi kredit qoyuluşunun 97.7%-ni banklar
tərəfindən verilən kreditlər, 2.3%-ni isə qeyri-bank kredit təşkilatlarının kreditləri
təşkil etmişdir. Son bir ildə banklar tərəfindən kredit qoyuluşları 79%, qeyri-bank
kredit təşkilatlarının kreditləri isə 46.2% artmışdır. Ölkədə həyata keçirilən geniş
iqtisadi layihələrlə əlaqədar olaraq banklar tərəfindən kreditlərin 97.7%-i real sektora,
2.7%-i isə maliyyə sektoruna yönəldilmişdir.
Son illər həyata keçirilən iqtisadi islahatların nəticəsi kimi özəl sektorun
iqtisadiyyatda rolunun artması kredit qoyuluşlarının strukturunda da özəl sektorun
payının yüksəlməsi ilə müşaiyət olunmaqdadır. Belə ki, özəl sektora kreditlərin
məbləği son bir ildə 94% artaraq 01.07.2008-ci il tarixinə 5641 mln. AZN təşkil
etmiş və kredit qoyuluşlarında onun xüsusi çəkisi 91.5%-ə yüksəlmişdir.
Qeyri-maliyyə müəssisələri olan hüquqi şəxslərə kredit qoyuluşları ötən ilin
müvafiq dövrünə nəzərən 75.8% artmış və onun cəmi kredit qoyuluşunda xüsusi
çəkisi 63.2% təşkil etmişdir. Son bir il ərzində sənaye və istehsala yönələn kreditlərin
məbləği 55.3% artaraq 365mln. AZN, ticarət və xidmətə verilən kreditlərin məbləği
86.4% artaraq 1501.3 mln. AZN, kənd təsərrüfatı və emala yönələn kreditlərin
məbləği 58.8% artaraq 242.5 mln. AZN, nəqliyyat və rabitə sektorlarına verilən
kreditlərin məbləği isə 35.4% artaraq 360 mln. AZN təşkil etmişdir.
7
Fiziki şəxslərə verilən kreditlərin məbləği 91.1% artaraq 2171.3 mln.AZN
təşkil etmişdir ki, bunun da 3.2%-i plastik kartlarla əməliyyatlar üzrə kreditlərin
payına düşür. Cəmi kredit qoyuluşlarında fiziki şəxslərə verilən kreditlərin xüsusi
çəkisi 35.8%-ə çatmışdır.
Manatın sərbəst dönərli valyutalara nəzərən məzənnəsinin möhkəmlənməsi,
eləcə də denominasiya nəticəsində milli valyutaya inamın daha da artması kredit
qoyuluşlarının valyuta strukturuna da təsir göstərməkdədir. 2008-cı ilin iyun ayında
ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici valyuta ilə kredit qoyuluşları 76.3%
artdığı halda, manatla kredit qoyuluşları 80.1% artmışdır.
Nəticədə milli valyuta ilə
kredit qoyuluşlarının cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 0.5 faiz bəndi
artmışdır. Rübün sonuna kredit qoyuluşlarında xarici valyuta ilə verilən kreditlərin
xüsusi çəkisi 46.8% təşkil etmişdir. Qısamüddətli kreditlərin 31.7%-i, uzunmüddətli
kreditlərin isə 53.3%-i xarici valyutada verilmişdir.
Milli valyutada kreditlərin 96.9%-ni banklar tərəfindən verilmiş kreditlər,
qalanını isə qeyri-bank kredit təşkilatlarının kreditləri təşkil edir. Xarici valyuta ilə
verilən kreditlərin 98.6%-i bankların, 1.4%-i isə qeyri-bank kredit təşkilatlarının
payına düşür.
Depozit bazarı. Əmanət və depozitlər 79.5% artaraq keçən ilin iyunındakı
2436.3 mln AZN-dən 4372.5 mln AZN-a çatmışdır.
Belə ki, iyun ayının yekunu
üzrə manatla tələb olunanadək əmanət və depozitlər ötən ilin iyunına nəzərən 62.4%,
müddətli əmanət və depozitlər isə 80.7% artmışdır. Nəticədə, manatla cəmi əmanət
və depozitlərin strukturunda müddətli əmanət və depozitlərin xüsusi çəkisi ötən ilin
iyun ayındakı 44.2%-ə qarşı cari ilin iyun ayında 46.9%-ə yüksəlmişdir.
Manatla fiziki şəxslərin əmanətləri manatla hüquqi şəxslərin depozitlərinə
nisbətən daha yüksək templə artmışdır. Hüquqi şəxslərin (dövlət və özəl)
depozitlərinin manatla cəmi əmanət və depozitlərdə xüsusi çəkisi ötən ilin iyunındakı
63%-dən cari ilin iyun ayının sonuna 51.6%-ə düşmüşdür.
Fiziki şəxslərin manatla uzunmüddətli əmanətlərinin artımı il ərzində 2.6 dəfə
təşkil etmişdir. Qeyd edək ki, qeyri-rezident fiziki şəxslər tərəfindən də manatla
əmanət qoyuluşları yüksək templə artmaqdadır. Belə ki, 2008-ci ilin iyun ayı ərzində
8
ötən ilin iyunu ilə müqayisədə qeyri-rezident fiziki şəxslərin manatla qısamüddətli
əmanətləri 2 dəfə, həm də uzunmüddətli əmanətləri 4.9 dəfə artmışdır.
01.07.2008 tarixinə ötən ilin müvafiq dövrü ilə müqayisədə xarici valyuta ilə
əmanət və depozitlərin artım tempi 84.3%, milli valyuta ilə əmanət və depozitlərin
artım tempi isə 70.5% olmuşdur. Cəlb olunan əmanətlərin 48.8%-i milli valyuta ilə,
51.2%-i isə xarici valyutada olmuşdur.
Fiziki şəxslərin manatla əmanətlərinin artım tempi xarici valyuta ilə
əmanətlərinin artım tempini üstələmişdir.
Belə ki, son bir ildə əhalinin manatla
əmanətləri 2.2 dəfə, xarici valyutada əmanətləri 27.4% artmışdır.
Fiziki şəxslərin əmanətlərinin strukturunda xarici valyutada olan əmanətlərin
xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 63%-ə qarşı 01.07.2008 tarixinə 49.3%
təşkil etmişdir.
Banklararası pul bazarı.
Cari ilin I yarımilliyi ərzində Mütəşəkkil
Banklararası Kredit Bazarında əqdlər manat, ABS dolları və avroda bağlanmışdır.
Manatla bağlanmış əqdlərin ümumi həcmi 85,7 mln. AZN təşkil etmişdir. Bağlanmış
əqdlər üzrə orta illik faiz dərəcəsi 14,51% təşkil etmişdir. Dövr ərzində ABŞ
dolları ilə bağlanmış əqdlərin ümumi həcmi 42,3 mln. ABŞ dolları və orta illik
faiz dərəcəsi 14,9% təşkil etmişdir. Hesabat dövrü ərzində avro ilə bağlanmış 3
əqdin həcmi 1,5 mln. avro, orta illik faiz dərəcəsi isə 13,3% təşkil etmişdir. Verilmiş
kreditlərin müddəti 1-360 gün diapozonunda olmuşdur.
2008-ci il I yarımilliyi ərzində dövlətin qiymətli kağızları ilə “bank-bank”
sxemi üzrə banklararası REPO əməliyyatlarının ümumi həcmi 291,6 mln. manat
təşkil etmişdir. Banklararası REPO əməliyyatları üzrə orta ölçülmüş gəlirlilik
5,98% təşkil etmişdir. Aparılmış əməliyyatların müddəti 1-10 gun diapozonunda
olmuşdur.
Dövlət qısamüdətli istiqrazlar bazarı.
2008-ci ilin I yarımilliyi ərzində
Maliyyə Nazirliyi tərəfindən Dövlət qısamüddətli istiqrazların yerləşdirilməsi üzrə 33
hərrac keçirilmişdir. Elan olunmuş buraxılışların həcmi 177 mln. AZN, yerləşdirilmiş
DQİ-lərin həcmi isə 101,5 mln. AZN təşkil etmişdir. Orta ölçülmüş gəlirlilik ilk
9
hərracda 10,99% təskil etdiyi halda, son hərracda 10,19% səviyyəsinə enmişdir.
DQİ-lər üzrə təkrar bazarın həcmi 16 mln. AZN təşkil etmişdir.
Beləliklə, 2008-ci ilin ötən dövrü ərzində yüksək iqtisadi artım və ölkənin
sosial-iqtisadi inkişafında neft gəlirlərindən aktiv istifadə şəraitində Milli Bank
makroiqtisadi sabitliyin dəstəklənməsinə və maliyyə sabitliyinin qorunmasına
yönəldilmiş pul siyasətini davam etdirmişdir.
10
Dostları ilə paylaş: |