BAHAR DUYĞULARI
Uşaqlıqda bir bahar səhəri biz üzümüzə çilənən sərin sudan diksinərək gözümüzü açıb, əlində
balaca gümüş lüləyən tutmuş atamızı başımız üzərində dayanmış gördük. Kişi gülümsəyərək:
- Bu səhər, - dedi, - ilk bahardandır. Bayramdır.
Biz də sevinə-sevinə qalxıb təzə paltarımızı geyinərək aşağıya - bağçaya qaçdıq. İndi bu sətirləri
yazarkən, qəribə bir aydınlıqla xatırladığım o yaz səhəri bir nağıla bənzəyirdi. Alça ağaclarının
ağ çiçəkləri, qızılgül kolları dibində təzə açılmış bənövşələrin üzərindəki şeh damcıları günəş
işığında parlayırdı. Kiçik quşların səs-küyü aləmi başına götürmüşdü. Ərik ağaclarının çəhrayı
çiçəkləri sanki yuxudan yenicə ayılırdı. Yarpız və yoncaların arasından incə şırıltı ilə axan balaca
arxın almaz kimi şəffaf suyu gömgöy səmanı gülümsəyərək əks etdirirdi.
Nahardan sonra biz Quruçayla Köndələnçay arasında ucalan «Qara köpək» təpəsinə qaçardıq.
İndi altından neçə min il bundan qabaqkı Azərbaycan mədəniyyətinin qalıqları çıxarılan «Qara
köpək» təpəsi təzə-təzə qalxan bahar otları, ağ danaqıran, sarı qatırdırnağı çiçəkləri ilə örtülü
olardı. Biz təpənin zirvəsinə dırmaşaraq, oradan uzaqlara baxardıq. Əsli Cənubi Azərbaycandan
olan uşaqlıq dostum Əmin ağ bir şərid kimi görünən Arazdan xeyli o yanda, uzaqlarda - ağ
buludlar altında bir əfsanə, bir xəyalmış kimi Savalanı, mən isə, qərb tərəfdə yaşıl meşələr içində
nəhəg bir məbəd kimi qalxan Ziyarət dağını tərifləyərdik... Nə mən Savalanı görmüşdüm, nə də
Əmin Ziyarəti...
Bizim o tərəf-bu tərəfımizdən axan daşmış çaylar isə bahar gurultusu ilə gedib Araza,
babalarımızın qürurla adlandırdıqları Xan Araza tökülürdü.
İndi o günləri xatırladıqca, bir an mənə elə gəlir ki, Azərbaycan xalqı Bahar bayramı ilə bir
yaranmışdır. Elə bil ki, bu gözəl bayramla bizim nəcib xalqımızın qəlbi arasında nə isə bir
yaxınlıq, bir ünsiyyət vardır. Elə bil ki, bizim musiqimiz, şerimiz də bu Bahar bayramı ilə
ekizdir. Ele bil ki, bu Bahar bayramı elin ölməz mahnıları ilə birlikdə gəlir.
Bizitn igidlərin at çapıb tüfəng tutmaq kimi qəhrəmanlıq ənənələri bu Bahar bayramının zinəti
olmuşdur. Bu bayram həmişə həqiqi insan
səmimiliyinin rəmzi olmuşdur. Bu bayramda
qardaşlıq, dostluq duz-çörəyi kəsilmişdir. Bu bayram nəcib hisslərin, xeyirxah diləklərin
təntənəsidir. İllər, əsrlər dolanıb keçir. Yeni-yeni nəsillər gəlib gedir, lakin xalqın gözəl adətləri,
gözəl ənənələri daim yaşayır. Onları xalq özü yaşadır. Onların himayədarı xalqın təmiz, nəcib
hissləridir.
Bahar bayramı, eyni zamanda, elm və mədəniyyətimizin, istedadımızın təntənəsidir. Azərbaycan
xalqı nəcib olduğu qədər də istedadlıdır, cəsurdur, mərddir. İndi bu əziz bayram günündə bir an
qayıdıb geriyə baxdıqda, xalqımızın çətin yolları necə qəhrəmanlıqla, necə dözümlülüklə
keçdiyi, necə yüksək zirvələrə qalxdığı insanlıq qürurumuzu artırır, biz öz şərəfimizlə fəxr edirik
və bu böyük hiss bizim bayramımızın gözəlliyinin mənasını artırır. Sanki Nizaminin, Füzulinin,
M.F.Axundovun, Üzeyir bəyin, Mirzə Cəlilin dühası geri qayıdaraq yeni sənət abidəiəri yaradır.
Sanki Tusi yenidən dünyaya gələrək Dədəgünəşdən ulduzlara baxır. Sanki vaxtilə Mil düzünə su
çəkdirib, camaatın əlini çörəyə çatdırmaq istəyən, zərif şerlər yazan xan qızı Natəvan indi həmin
Mil düzündə əmələ gəlmiş bağlara-bağçalara, yeni salınmış şəhərlərə baxıb sevinir.
Xalqların dostluğu, qardaşlığı şəraitində Azərbaycan xalqı hər il yeni-yeni nailiyyətlərə çatır.
Daim tərəqqi etmək, daim irəliləmək xalqımızın əsas devizidir. Onun inkişafındakı gözəllik,
səmimiyyət, xeyirxahlıq bizim bayram süfrəmizin bərəkətidir. Bizdə olan xalqlar sevgisinin
aynasıdır.
Bu Bahar bayramında Azərbaycan torpağı dünyanın ən nadir çiçəkləri ilə bəzəndiyi kimi, onun
çörəyi, suyu ilə yetişən insanlar da ən təmiz, ən saf hisslərlə fərəhlənirlər. Evlərdə qoyulan
səməni xeyir-bərəkətin, halal əməyin bir timsalı kimi goyərib qalxır.
Bizim bayramımız xalq yaradıcılığının bir nümayişidir, gözəlliyidir. Çöllərdə bənövşələr,
nərgizlər bitir, könüllərdə ləyaqətli arzular, Nizaminin, Füzulinin mirasına layiq hisslər baş
qaldırır. Heç bir işğal, heç bir zülm xalqın nəcib ənənələrini korlaya bilməmişdir. Xalqın gözəl
sifətləri ölməzdir.
Bahar bayramı zəhmətkeş insanın bayramıdır, halal əməyin bayramıdır, mərd və cəsur insanın
bayramıdır.
Bu Bahar bayramı dünyanın ən zəngin, ən səfalı guşələrindən olan respublikamızın, onun nəhəng
fabrik-zavodlarının, böyük elm, mədəniyyət ocaqlarının, son texnika ilə təchiz olunmuş
tarlalarının bayramıdır. Qoy hər Bahar bayramı vətənimizə, elimizə, xalqımıza yeni sevinc, yeni
yaradıcılıq nailiyyətləri gətirsin!
«Bakı» qəzeti, 20 mart 1968-ci il