“Səs”.-2014.-16 yanvar.-№ 7.-S.8-9.
Müstəqilliyimizə gedən yol 20 yanvardan keçir
“Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi
qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara
sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin Qanlı
Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən
övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq səlnaməsinə parlaq səhifə
yazdılar”.
Heydər Əliyev
“Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar günü
respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və
iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi
terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş
verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini
bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın
qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Azərbaycan xalqı öz igid övladlarının
fədakarlığını yüksək qiymətləndirərək, hər il 20 Yanvarda onların əziz xatirəsini böyük ehtiramla
yad edir”.
İlham Əliyev
XX əsr tarixində totalitarizmin həyata keçirdiyi ən qəddar terror aktlarından biri olan 20 Yanvar
faciəsi Azərbaycan xalqına qarşı yönəldilmiş ən dəhşətli cinayətdir. Hara gəldi yağdırılan güllələr hərəni
bir yerdə yaxaladı, kimisini küçədə, avtobusda, xüsusi minik maşınlarında, kimisini öz eyvanında,
qapısının ağzında, evinin içində qətlə yetirdi. Neçə-neçə vətən övladları düşmən gülləsinə tuş gəlib həlak
oldu, ömürlük əlil oldu, yaralanıb həmişəlik sağlamlığını itirdi. Minlərlə, milyonlarla insanların
mənəviyyatına, mənliyinə, vüqarına, milli hisslərinə vurulan zərbələrin ağrı-acısının həddi-hüdudu yox
idi.
Silahsız vətənpərvər insanlar qətiyyət, cəsarət və qəhrəmanlıq göstərib, mərkəzin böyük ordusu ilə üz-
üzə durdu, təcavüzün qarşısını almağa qalxdı. Lakin qeyri-bərabər qarşıdurmada 137 Azərbaycan
vətəndaşı həlak oldu, canını vətən yolunda qurban verdi, yüzlərlə insan yaralandı, şikəst oldu və itkin
düşdü. O gecə xalqımızın ən ləyaqətli övladları ölkəmizin azadlığı, tarixi torpaqlarımızın bölünməzliyi
yolunda şirin canlarından keçdilər.
20 Yanvar gecəsində xüsusi hazırlıqlı rus əsgərləri azadlıq istəyənlərin ürəklərinə, müstəqillik
haqqında düşünən beyinlərə, həqiqəti deyən dillərə, təcavüzə etiraz edən səslərə atəş açdılar. O gecə neçə-
neçə cavan, qoca, uşaq, qadın qətlə yetirildi, ata-ana övladsız qaldı, bacılar qardaşını, gəlinlər ərini
itirdilər, sinəsinə düşmən gülləsinə sipər çəkən övladlarımız Şəhidlər Xiyabanında daşlaşıb
heykəlləşdilər, əbədiyyətə qovuşdular.
Heydər Əliyevin 20 yanvar faciəsi ilə bağlı imzaladığı sərəncamında deyilirdi: “...ayağa qalxan xalqın
inam və iradəsini qırmaq, milli mənafeyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək
məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı
hərbi təcavüzü və cinayəti idi ”
20 Yanvar məzmunca terror aksiyası, qanlı faciə, bəşəriyyət qarşısında cinayət olsa da, xarakter
etibarilə açıq hərbi təcavüz idi. Vahid ölkə daxilində mərkəz, ittifaqın müstəqil hüquqlu subyektinə elan
etmədən gecə vaxtı 170 minlik ordu yeritdi, özünün “vətəndaşlarına” amansız divan tutdu.
Sovet imperiyasının 1990-cı ilin yanvar ayının 20-də Azərbaycanda törətdiyi hərbi təcavüz
beynəlxalq hüququn “Yus Çodens” prinsipinə, hər bir dövlətin və bütünlükdə dünya dövlətlər birliyinin
mənafelərinə xidmət edən, icrası hamı üçün məcburi sayılan beynəlxalq hüquq normalarına ziddir.
İmperiya hərbi təcavüzlə BMT-nin Nizamnaməsinin 1,55 və 56-cı maddələrini, 1948-ci il insan hüquqları
haqqında Ümumi Bəyannamənin, insan hüquqlarının və azadlıqlarının qorunması və onların təmin
edilməsi barədə öhdəliklərinin yerinə yetirilməsi prinsipini kobud şəkildə pozdu.
İmperiya 20 Yanvar faciəsini törədərkən öhdəsinə götürdüyü bütün beynəlxalq öhdəlikləri pozaraq,
BMT-yə, onun TŞ-yə, dünyanın demokratik ictimaiyyətinə meydan oxudu, özünün totalitar rejimə 1966-
cı il “ Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakta” qoşulmuş və onun prinsiplərinə əməl
edəcəyini öhdəsinə götürmüşdür. Lakin, mərkəz həmin paktın 6-cı maddəsində təsbit edilmiş “yaşamaq
hüququ hər bir insanın ayrılmaz hüququdur” prinsipini pozaraq, Bakıda yüzlərlə insanı vəhşicəsinə məhv
etdi.
Paktın 7-ci maddəsində qeyd edilmiş “Heç kəs işgəncələrə, qəddar, qeyri-insani, yaxud ləyaqəti
alçaldan davranışa və ya cəzaya məruz qalmamalıdır” prinsipini pozan sovet imperiyasının hərbi hissələri
əliyalın, silahsız insanları tankların altında əzdi, yerlə-yeksan etdi, ömürlük şikəst qoydu.
Demokratik dünya təcrübəsində qəbul edilmiş meyara görə “heç kəs qanunsuz cəzalandırılmamalıdır,
heç bir cinayətkar cəzasız qalmamalıdır” . Bu meyar ən demokratik ənənələrə, sivil dövlətçilik
prinsiplərinə söykənir. Lakin sovet imperiyası bu demokratik prinsipi kobud pozaraq, Paktın 9-cu
maddəsinə məhəl qoymadan günahsız insanları həbs etdi, işgəncələrə məruz qoydu, onlara qeyri-qanuni
əzablar verdi, yaxınlarına məlumat vermədən gizli yerlərdə saxladı.
70 illik əsarət zəncirini qırıb tullamaq arzusu ilə yaşayan insanlar qəzəbini qılınca çevirərək qatı
millətçi erməni separatçılarının və SSRİ-nin ermənipərəst rəhbərliyinin mənfur niyyətlərinə baş əymədi
və azadlıq əzmindən dönmədi. Nə qırmızı imperiyanın tankları, ölümsaçan güllələri, nə də törədilmiş
qırğınlar, dəhşətli qətl hadisələri Azərbaycan xalqının iradəsini qıra bilmədi. İmperiyanın müxtəlif cəza
tədbirləri ilə müşayiət olunan hərbi təcavüzü Azərbaycan xalqının iradəsini, mübarizə əzmini sarsılda
bilmədi, azadlığı uğrunda ayağa qalxan millətimizi düz çökdürmək niyyətləri puça çıxdı. Tarixi
qəhrəmanlıq ənənələrinə sadiq qalan vətən övladları bu dəfə də millət qarşısında vətəndaşlıq borcunu
ləyaqətlə yerinə yetirdi.
Xalqın əzmi göstərdi ki, Azərbaycanı silah gücünə əsarətdə saxlamaq,70 il ərzində sürgünlər,
qadağalar, haqsızlıqlar rəmzinə çevrilmiş fövqəl dövlətin süqutunu dayandırmaq mümkün deyil. İmperiya
iddialarından doğan bu qərəzli, faciəli aksiya ittifaqın dayaqlarını sarsıtdı, onun süqutunu yaxınlaşdırdı,
xalqın müstəqilliyinin labüdlüyünü təsdiq etdi, onun milli şüurunda inqilabi keyfiyyət dəyişikliyi yaratdı.
Cəsarət, qətiyyət, vətənpərvərlik nümayiş etdirən xalq bir daha sübut etdi ki, onun mübarizə və azadlıq
əzmini qırmaq mümkün deyil.
Azadlığa, müstəqilliyə qovuşmaq üçün bütün təzyiqləri dəf etməyə hazır olan xalqımızın arzularının
və məhkum olduğu əsarətdən qurtuluşunun reallığı aydın görünürdü. Heç bir məkrli niyyət, qara əllər
azadlıqsevər xalqın müqəddəs arzularını, azadlıq ideyalarını boğa bilmədi, xalqımız müstəqilliyə daha da
yaxınlaşdı.
20 Yanvar günü xalqımız böyük itkilər versə də o, öz namusunu və şərəfini qoruya bildi və sübut etdi
ki, onun iradəsini qırmaq olmaz. 20 Yanvar faciəsi Sovet imperiyasının Azərbaycana və bütün insanlığa
qarşı törətdiyi ən ağır cinayət idi. 20 Yanvar faciəsi qırğını Azərbaycan xalqının qəddini əysə də, onu
sındıra bilmədi, əksinə daha da mətinləşdirdi, mübariz etdi, daha böyük əzmlə azadlıq uğrunda döyüşə
qovuşdurdu. Xalq özünün qəhrəmanlıq səlnaməsini yazdı, tarixi mübarizlik ənənələrini daha da
gücləndirdi, onun vətənpərvər övladları vətənin azadlığı yolunda şəxsi həyatını şəhidlik zirvəsinə
yüksəltmək əzmini təsdiq etdilər.
Qanlı-qadalı 20 Yanvar faciəsi xalqımızın azadlıq iradəsini, müstəqillik əzmini əzmək, söndürmək
məqsədi güdsə də, Azərbaycan tarixinə matəm günü kimi düşdü, müstəqilliyimiz yolunda yeni mərhələ
oldu.
Qədim tariximizdə çoxsaylı müharibələrə, fəlakətlərə, faciələrə düçar olmuş Azərbaycan xalqı heç
zaman zorakılığa, təcavüzə baş əyməmiş, ədalətsizliklə barışmamış, yeni qüvvə toplamış, mübarizlik
göstərmiş , qalib gəlmişdir. Erməni mafiyasının fitvası ilə törədilən imperiyanın qanlı 20 Yanvar faciəsi
də belə oldu. Mərkəzin 20 Yanvar faciəsi Azərbaycan xalqının nifrətini, etirazını, mübarizə əzmini daha
da gücləndirdi, müstəqillik tariximizin mühüm mərhələsinə çevrildi.
Təəssüflə deməliyik ki, sovet imperiyasının Azərbaycan xalqına qarşı törətdiyi bu təcavüz aktına uzun
müddət hüquqi-siyasi qiymət verilməmişdir. Yalnız faciədən dörd il sonra Heydər Əliyevin təşəbbüsü ilə
Milli Məclis 1994-cü ildə 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarlarının hüquqi, siyasi və
mənəvi məsuliyyətini ətraflı müzakirə etmiş, onların konkret adlarını ictimaiyyətə çatdırmışdır.
Araşdırmalar zamanı məlum olmuşdur ki, mərkəzin hərbi müdaxiləsi ermənilərin məkrli planı, sovet
imperiyasının geostrateji siyasəti, respublika rəhbərliyinin qətiyyətsizliyi, müti mərkəzçilik mövqeyi,
müxalifətin hakimiyyət hərisliyi, təcrübəsizliyi sayəsində reallaşmaq imkanı əldə etdi.
Çaş-baş qalan xalqın bu ağır günündə Heydər Əliyev 1990-cı ilin yanvar ayının 21-də, faciənin ertəsi
günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəlib ittifaq rəhbərliyini və onun vəhşi ordusunu
cəsarətlə ittiham etdi, xalqımıza mənəvi və siyasi dayaq verdi, onu yeni qüvvə ilə mübarizəni davam
etdirməyə çağırdı. Heydər Əliyevin imperiya qarşısında, onun paytaxtında mərkəzin ünvanına söylədiyi
cəsarətli ittihamları xalqın mübarizə əzmini daha da gücləndirdi, qətiyyətli addimlar atmağa ruhlandırdı.
Yalnız Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin ciddi-cəhdi nəticəsində 1994-cü ildə
bütün sənədlər üzə çıxarıldı, 20 Yanvar faciəsi öz hüquqi-siyasi qiymətini aldı və onun törədilməsində əli
olmuş şəxslər ifşa edildi. Azərbaycan itirdiklərinin müqabilində azadlıq, müstəqillik qazandı. Xalq bu
müstəqilliyi göz bəbəyi kimi qoruyur, möhkəmləndirir, şəhidlərimizin xatirəsini yad edir, firavan həyat
uğrunda əzmlə çalışır, işğal edilmiş torpaqlarımızın azad edilməsi üçün mübarizə aparır.
Qanlı 20 Yanvar faciəsi mahiyyət etibarı ilə qəddarlıq, vəhşilik baxımından yaddaşlardan silinməyən,
beyinlərdə min illərlə yaşayan, şüurlara qanla yazılan tarixi hadisədir.
Qərəzli meyarlarla silahsız, günahsız insanların böyük qəddarlıqla kütləvi qətlə yetirilməsi beynəlxalq
cinayət kimi unudulmazdır, bağışlanmazdır. Şəhidlər xiyabanında uyuyan, əbədiyyətə qovuşan qəhrəman
övladlarımızın .şəhərin ən yüksək nöqtəsindən boylanan qəzəbli baxışları, nifrəti, ünvanları bəlli olan qan
içən cəlladlara, xəyanətkarlara və vəzifə hərislərinə yönəlib. Şəhidlərin nifrət dolu ruhu, haqq, ədalət,
qanun gec-tez cinayətkarların əli ilə dünyasını dəyişənlərin qanına bulanmış məmurları, hərbiçiləri
məhşər ayağına çəkəcək, onlara dar ağacı quracaqdır.
Bütün faciəli nəticələri ilə birlikdə 20 Yanvar Azərbaycan xalqının yaddaşına, tarixinə milli azadlıq,
dövlət müstəqilliyi uğrunda mübarizəsinin zirvəsi kimi daxil olmuşdur. 20-si yanvarda itirdiklərimizlə
yanaşı, bu faciədə xalqımız vahid birliyini, qəhrəmanlıq əzmini bir daha nümayiş etdirdi. Silahlı imperiya
ordusuna qarşı əliyalın, silahsız çıxan, qorxub qaçmayan, cəsarətli insanlar ölkəmizin ərazi birliyinin və
suveren hüquqlarının müdafiəsinə qalxdı və şəxsi həyatı ilə hesablaşmadı.
Hərbi, siyasi, mənəvi təcavüzə məruz qalan xalqımız, vətənin suverenliyi və azadlığı naminə ən ağır
sınaqlara tab gətirdi, millət, torpaq uğrunda şəhid olmaq əzmini bütün dünyada nümayiş etdirdi.
Vətənimizin istiqlalı yolunda şəhidlik zirvəsinə ucalan qeyrətli övladlarımız xalqımızın şanlı tarixinə daha
bir qəhrəmanlıq salnaməsi yazdılar. 20 yanvardan 24 il keçsə də biz o müdhiş gecəni, şəhidlərimizin
qəhrəmanlığını min illərlə unutmayacaq, ürəklərimizdə yaşadacayıq. Ulu öndər Heydər Əliyevin dediyi
kimi xalqımız o günü heç vaxt unutmayacaqdır. Çünki 20 Yanvar ayrı-ayrı insanlara edilən qəsd, təcavüz
deyildir, bu bütün Azərbaycan xalqına, Azərbaycan millətinə, Azərbaycan ölkəsinə edilən hərbi təcavüz
idi. Bu təcavüz nəticəsində həlak olanlar xalq qəhrəmanlarıdır , onlar millətimizin qəhrəmanlarıdır.
24 il bundan əvvəl baş verən qanlı 20 Yanvar faciəsi xalqımızın azadlıq iradəsini, əzmini qırmaq,
sındırmaq məqsədi güdsə də, Azərbaycan tarixinə qəhrəmanlıq günü kimi düşdü, müstəqilliyimizin
yolunda yeni mərhələ oldu. Qədim tarixində çox saylı faciələrə düçar olmuş Azərbaycan xalqı heç zaman
zorakılığa, təcavüzə baş əyməmiş, ədalətsizliklə barışmamış, yeni qüvvə toplamış, mübarizlik göstərmiş,
qalib gəlmişdir. İmperiyanın və ermənilərin fitvası ilə törədilən qanlı 20 Yanvar faciəsi Azərbaycan
xalqının nifrətini, etirazını, mübarizə əzmini daha da gücləndirdi, müstəqillik tariximizin mühüm
mərhələsinə çevrildi.
Ulu öndər Heydər Əliyev demişdir: “1990-cı ilin 20 Yanvarı Azərbaycan xalqının tarixinin ən faciəli,
qara səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir. Biz o günlərdən nə qədər uzaqlaşsaq, həmin
günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər dərk edəcəyik və bəlkə də
gələcək nəsillər buna daha dolğun daha düzgün qiymət verəcəklər.” 1993-cü ilin oktyabr ayında Prezident
seçilən Heydər Əliyev 20 Yanvar hadisəsinin səbəblərini və nəticələrini araşdırmaq üçün xüsusi dövlət
komissiyası yaratdı, faciəyə siyasi-hüquqi qiymət verilməsini Milli Məclisə tövsiyyə etdi. 1994-cü ilin
yanvar ayının 18-də Milli Məclis 20 Yanvar faciəsinin səbəblərini və nəticələrini müzakirə etməyə
başladı, hüquqi və mənəvi məsuliyyət daşıyan günahkarların siyahısını elan etdi.
20 Yanvar faciəsi Sovet imperiyasının Azərbaycana və bütün insanlara qarşı törətdiyi ən ağır cinayət
idi. 20 Yanvar qırğını Azərbaycan xalqının qəddini əysə də, onu sındıra bilmədi, əksinə daha da
mətinləşdirdi, mübariz etdi, daha böyük əzmlə azadlıq uğrunda döyüşə sövq etdi. Xalq özünün
qəhrəmanlıq səlnaməsini yazdı, tarixi mübarizlik ənənələrini özünə qaytardı, onun vətənpərvər övladları
Vətən, azadlıq yolunda şəxsi həyatlarını qurban verib şəhidlik zirvəsinə yüksəlmək əzmini təsdiq etdilər.
Müxtəlif vəziyyətlərdə şüurlu surətdə şəhidlik taleyini seçən övladlarımız arasında respublikamızın ali
məktəblərinin 12 tələbəsi olmuşdur.
Şəhid tələbələrimizin dünyasını dəyişdiyi vaxtdan xeyli müddət keçsə də onların cəsarəti, qətiyyəti,
vətənə bağlılığı bu gündə bizi düşündürür, sevindirir, hər birimizdə qürur hissi doğurur. Şəhidlərimizin
vətən, millət sevgisi onların genində, ana südündə, ata qeyrətindədir. Çünki, nakam həyatını vətən
yolunda fəda etmək qeyrət, cəsarət, ürək tələb edir. Vətənin taleyi təhlükə qarşısında qaldıqda bizim şəhid
tələbələrimiz vətəndaşlıq duyumu ilə miskin yaşamaqdansa, qeyrətli ölümə üstünlük verdilər.
Əbədi qəhrəmanlıq dünyasına qovuşarkən şəhidlərimiz kişi cəsarəti göstərib demişlər: “ təki vətən
yaşasın, təki azadlığımız bərpa edilsin, təki müstəqilliyimiz qorunsun”. Bizim övladlarımız bu amalla
canlarını qurban verdilər, şəhid oldular, əbədiyyətə qovuşdular, işğalçıların top-tüfəngindən çəkinmədilər,
vətən yolunda ölümə hökm oxudular, müstəqilliyimiz uğrunda ölərək ölməzlik, əbədiyyət səviyyəsinə
yüksəldilər. Şəhidlərimiz ölməklə vətən, torpaq uğrunda ölməyi bizə öyrətdilər, hər birimizə millət, vətən
yolunda ölümə hazır olmağı vəsiyyət etdilər. Çünki, yalnız bu yolla müstəqilliyimizi, azadlığımızı qoruya
bildik, qaldırdığımız üçrəngli bayrağı enməyə qoymadıq.
Bizim şəhidlərimizin qəhrəmanlığı göstərdi ki, Azərbaycanın müstəqilliyi əbədidir və onu heç bir
qüvvə döndərə bilməz.
Prezident Heydər Əliyev cənablarının dediyi kimi müstəqilliyimiz yolunda faciəli mərhələ olan qanlı
20 Yanvar günü və onun qurbanları heç bir zaman unudulmayacaq və xalqın tarixində əbədi
yaşayacaqdır.
Böyük qürur hissi ilə qeyd edirik ki, həyatını vətən üçün, xalq üçün qurban verən qəhrəman, cəsarətli,
qeyrətli övladlarımız yetişmişdir. Onlar şərəfli ölümü miskin həyatdan üstün tutdular. Bu qətiyyətin, milli
qeyrətin, mənəvi yetkinliyin, vətəndaşlıq hissinin zirvəsidir. Bu milli qeyrət üçün biz şəhidlərimizin
valideynlərinə minnətdarıq.
Biz inanırıq ki, qəhrəmanlıq mücəssəməsinə çevrilmiş şəhidlərimiz haqqında gələcəkdə çoxsaylı
kitablar yazılacaqdır. Bununla belə 20 Yanvar şəhidləri haqqında oxuculara təqdim edilən bu xatirə kitabı
hələlik ilk təşəbbüsdür. Əminik ki, həyatını vətən və müstəqilliyimiz yolunda qurban vermiş
şəhidlərimizin xatirələrini əbədiləşdirmək məqsədi ilə gələcəkdə daha çox iş görüləcək, onların qeyrətli
həyat yolunun bütün çalarları daha ətraflı qələmə alınacaq, bütün xalqımıza çatdırılacaqdır.
Şəhidlərimizin qəhrəmanlığı xalqımızın yaddaşında əbədi yaşayacaq, həmişə xatırlanacaq, gənclərə
nümunə olacaqdır. Şəhidlərimizin valideynləri, övladları onların vətəndaşlıq qeyrəti ilə fəxr edə bilərlər.
Onların buna mənəvi haqqı vardır. Çünki Azərbaycanın müstəqilliyinin qazanılmasında bu qəhrəmanların
övladlarının xidmətləri böyükdür.
Allah şəhidlərimizə rəhmət eləsin, onların məzarı nurla dolsun!
Eldar Qəhrəmanov
Azərbaycan Universitetinin rektoru.
Dostları ilə paylaş: |