ŞƏRQ EKSPRESSINDƏ QƏTL
(roman)
I HISSƏ
FAKTLAR
I fəsil
Toros ekspressində önəmli yolçu
Şaxtalı bir qış səhəri idi. Yerli vaxtla saat beşdə dəmiryol kitabçalarında təntənəli
surətdə “Toros” adlandırılan ekspress Hələb stansiyasının platforması boyunca
düzülmüşdü. Ekspress vaqon-restorandan, yataqlı vaqondan və iki daxili xətt
vaqonundan ibarət idi.
Yataqlı vaqonun pilləkənləri önündə əynində Fransa ordusunun qəşəng uniforması
olan gənc bir leytenant dayanmışdı, qatbaqat şərf və kaşneylə qulaqlarına qədər
bərk-bərk bürünmüş qısaboylu bir adamla söhbət edirdi, bu adamın qızarmış
burnuyla bığının yuxarı qıvrılan sivri uclarından başqa heç bir tərəfi görünmürdü.
Dondurucu bir ayaz vardı. Bu hörmətli qonağı ötürmək işi bir o qədər ürəkaçan
deyildi, ancaq leytenant Dübosk vəzifəsini mərdliklə yerinə yetirməyə çalışırdı.
Ağzından fransızca bəlağətli kəlmələr daşıb-tökülməkdəydi. Əslində, nə baş
verdiyini dərindən bilmirdi. Düzdür, adətən, belə hallarda olduğu kimi, qarnizonda
cürbəcür söhbətlər dolaşırdı. Generalı, leytenant Düboskun tabeçiliyində olduğu
həmin o generalı razı salmaq get-gedə çətin olmağa başlamışdı. Sonra haradansa,
bəlkə də, İngiltərənin özündən, həmin bu belçikalı durub gəlmişdi. Tam bir həftə
ərzində bütün qarnizon anlaşılmaz gərginlik içərisində olmuşdu. Sonra bir-birinin
ardınca qəribə hadisələr baş vermişdi. Çox tanınmış bir zabit intihar etmişdi, bir
başqası da birdən-birə istefa vermişdi. Həyəcanlı anlar geridə qalmış, bəzi ehtiyat
tədbirlərindən vaz keçilmişdi. Düboskun əmrində olduğu həmin o general da,
sanki, birdən-birə on yaş gəncləşmişdi.
Təsadüfən Dübosk naməlum adamla “öz” generalı arasında gedən söhbətin bir
azını eşitmişdi. General həyəcanla: “Siz bizi xilas etdiniz, dostum, – demişdi.
Danışarkən çal bığları titrəyirdi. – Siz fransız ordusunun şərəfini qorudunuz. Qan
tökülməsinə mane oldunuz! Çağırışıma qulaq asdığınız üçün sizə necə təşəkkür
edəcəyimi bilmirəm. Durub ta buralara qədər gəldiniz...”
Bu sözlərə Erkül Puaro adlı əcnəbi uyğun bir şəkildə cavab vermişdi: “Nə
danışırsınız, general, məgər sizin bir dəfə həyatımı xilas etdiyinizi unuda
bilərəmmi?” General da öz növbəsində, adətən, belə hallarda işlədilən söz
birləşmələrini dilə gətirmiş, sonra Fransa və Belçika, şərəf və şöhrət kimi şeylərdən
söz açaraq qucaqlaşmışdılar. Söhbət bununla da tamamlanmışdı.
Leytenant söhbətin nədən getdiyini hələ də bilmirdi, ancaq hər halda, heç olmasa,
müsyö Puaronu “Toros” ekspressinə mindirmək vəzifəsi ona tapşırılmışdı. O da
bunu gələcəyi parlaq gənc bir zabitə yaraşacaq bir həyəcanla və şövqlə yerinə
yetirirdi.
Leytenant Dübosk:
– Bu gün bazar günüdür, – dedi. – Sabah, yəni bazar ertəsi axşam İstanbulda
olacaqsınız.
Bu sözləri ilk dəfə söyləmirdi. Ancaq, adətən, qatar tərpənməzdən öncə stansiyada
edilən söhbətlərdə eyni şeylər beləcə təkrarlanır.
Müsyö Puaro:
– Tamamilə doğrudur, – deyə onun söylədiyini təsdiq etdi.
– Yəqin ki, İstanbulda bir neçə gün qalacaqsınız.
– Mais oui1. İstanbulu heç vaxt görməmişəm. Oradan belə tez-tələsik keçmək
heyif olar. – Sürəti ifadə etmək üçün barmaqlarını şaqqıldatdı. – Onsuz da, heç
yerə tələsmirəm. Orada turist kimi bir neçə gün qala bilərəm.
– La Sainte Sophie2 çox gözəldir, – leytenant Dübosk dedi, halbuki həyatı boyu bir
dəfə də olsun, bu məbədi görməmişdi.
Soyuq bir külək vıyıldayaraq perronda dolaşdı, onları daha da büzüşməyə vadar
etdi. Leytenant xəlvətcə saatına göz atdı. Beşə beş dəqiqə qalmışdı. Yəni qatarın
yola düşməsinə cəmi beş dəqiqə qalırdı! Qonağın onun saata baxdığını hiss
edəcəyindən təlaşa düşüb tez-tələsik arada yaranmış səssizliyi pozmağa çalışdı:
– Bu mövsümdə çox az yolçu olur, – deyərək arxadakı yataqlı vaqonun
pəncərələrinə baxdı.
Müsyö Puaro da onunla eyni fikirdə olduğunu bildirdi.
– Həqiqətən, elədir.
– Toros dağlarında qar fırtınasına tutulmayacağınıza ümidvaram.
– Belə şeylər də olur?
– Olur, əlbəttə. Ancaq bu il hələ ki olmayıb.
Müsyö Puaro:
– Elə isə, yenə də olmayacağına ümid edək, – dedi. – Avropadan gələn hava
xəbərlərində nə deyirlər, ürəkaçan bir şey var?
– Çox pis xəbərlər var. Balkanlarda dəhşət qar yağıb.
– Eşitdiyimə görə, Almaniyada da eləymiş.
Yenə aralarında bir səssizlik olacağını hiss edən leytenant Dübosk tələsik:
– Boş şeydir, – dedi. – Sabah axşam səkkizə iyirmi dəqiqə qalmış İstanbulda
olacaqsınız.
Müsyö Puaro:
– Bəli, – mızıldandı. Sonra da tez-tələsik sözlərinə davam etdi.
– Müqəddəs Sofiya məbədi... Eşitdiyimə görə, qeyri-adiymiş.
– Bəli, çox gözəl olduğunu deyirlər...
Elə bu zaman arxalarındakı yataqlı vaqon kupelərindən birinin pərdəsi aralandı və
gənc qadın çölə baxdı. Mari Debenham cümə axşamı Bağdaddan ayrıldığı vaxtdan
bəri, demək olar, yatmamışdı. Nə Kərkükə gedərkən qatarda, nə Mosuldakı
sərnişinlər üçün ayrılmış istirahət otağında fərli-başlı yata bilmişdi. Bir gecə
bundan əvvəl qatarda da eləcə. İndi həddən artıq qızdırılmış kupenin boğucu
istisində yarıoyaq yatmaqdan sıxılaraq qalxıb çölə baxmışdı.
Bura Hələb olmalı idi. Ancaq görməyə bir şey yoxdu. Sadəcə, uzun, yaxşı
işıqlandırılmamış bir perron; haradasa, yaxınlıqda ərəbcə acıqlı söyüşmə səsləri
eşidilirdi. Pəncərəsinin düz aşağısında isə iki adam fransızca danışırdı. Bunlardan
biri fransalı zabit, o biri isə yekəbığlı bir adamdı. Mari Debenham xəfifcə
gülümsədi. İndiyə qədər belə sıx-sıx sarınıb-bürünmüş birini görməmişdi. Hər
halda, bayır çox soyuq idi. Qatarı da bu üzdən hədsiz isidirdilər. Pəncərəni aşağı
endirməyə çalışdı, ancaq gücü çatmadı.
Yataqlı vaqonun bələdçisi həmin iki adama yaxınlaşdı.
– Qatar indi tərpənəcək, – dedi. – Cənablar, qatara minmək vaxtıdır.
Arıq-uruq adam şapkasını çıxardı. Mari Debenham : “Başı da eynilə
yumurta kimidir”, – deyə düşündü, kefi olmasa da yenə özünü saxlaya bilməyib
güldü. Gülünc görünüşlü, arıq bir adam. Adətən, belələrini heç kim ciddi qəbul
etmir. Leytenant Dübosk son sözlərini söyləyirdi. Bunları öncədən hazırlamış və
son ana saxlamışdı. Çox gözəl, parlaq, qısa bir nitq idi bu.
Müsyö Puaro söz altda qalmamaq üçün ona eyni şəkildə cavab verdi.
Yataqlı vaqonun bələdçisi: “Qatara minin, lütfən”, – dedi.
Puaro bütün varlığıyla gənc zabitdən ayrılmağın onun üçün nə qədər çətin
olduğunu göstərərək ayağını pilləkənlərə qoydu. Bələdçi də onun ardınca gəldi.
Puaro əlini yellədi. Leytenant Dübosk hərbi salam verdi. Qatar şiddətlə
silkələnərək yavaş-yavaş tərpəndi.
– Enfin1, – deyə mızıldandı Puaro.
– Oooff... – deyərək leytenant Dübosk soyuqdan büzüşdü – ayazın nə qədər kəskin
olduğunu yalnız indi hiss etmişdi.
– Baxın, müsyö. – Bələdçi ifadəli bir hərəkətlə Puaroya kupenin gözəlliyini və
çamadanlarının nə qədər nizamla yerləşdirildiyini göstərdi. – Müsyönün kiçik
çamadanını buraya qoydum.
Əlini mənalı bir tərzdə uzatmışdı.
Dostları ilə paylaş: |